Sağlamdüşüncəli ol, müdrik davran
BELƏ səhnəni təsəvvür et: İsa Məsih Yerusəlimdəki dini düşmənlərin ona böyük əzablar verəcəklərini və sonra onu öldürəcəklərini danışır. İsanın yaxın dostu həvari Peter buna inana bilmir. O, hətta İsanı kənara çəkir və onu məzəmmət edir. Şübhəsiz ki, Peterin hərəkəti həqiqi narahatçılıqla izah olunur. Bəs İsa Peterin düşüncə tərzi haqda nə fikirləşir? İsa deyir: “Rədd ol Məndən, şeytan! Sən Mənə mane olursan. Çünki sənin fikirlərin Allahın deyil, insan fikirləridir” (Matta 16:21-23).
Ehtimal ki, bu sözlər Peter üçün böyük zərbə idi! O, bu vəziyyətdə sevimli Müəlliminə dayaq olmaq əvəzinə, ona “mane” oldu. Bu necə baş verdi? Yəqin ki, Peter istədiyi şeyə inanmaq kimi insani meylə təslim oldu.
Özünə güvənməkdən çəkin
Sağlam düşünmək qabiliyyətimizə mane olan təhlükə özünə güvənmək meylidir. Həvari Pavel qədim Korinfdəki məsihçilərə xəbərdarlıq edirdi: “Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın” (1 Korinflilərə 10:12). Pavel bu sözləri nəyə görə dedi? Göründüyü kimi o, insan düşüncəsini təhrif etməyin nə qədər asan olduğunu dərk edirdi, hətta məsihçilərin də düşüncələri ‘Məsihə olan sadə və təmiz sədaqətdən uzaqlaşaraq, pozula’ bilər (2 Korinflilərə 11:3).
Pavelin əcdadlarının bütöv bir nəsli ilə də məhz bu baş vermişdi. O zamanlar Yehova onlara demişdi: “Mənim düşüncələrim sizin düşüncələriniz deyil, sizin yollarınız mənim yollarım deyil” (İşaya 55:8). Həmin insanlar “öz gözlərində hikmətli” olduqlarına görə bədbəxtliklərə düçar oldular (İşaya 5:21). Buna görə düşüncəmizi necə sağlam saxlayacağımızı və bununla da bədbəxtlikdən necə qaçına biləcəyimizi nəzərdən keçirməliyik.
Cismani düşüncədən qorun
Bə’zi korinflilər cismani düşüncələrin pis tə’siri altına düşmüşdülər (1 Korinflilərə 3:1-3). Onlar Allahın Kəlamına deyil, insan fəlsəfələrinə daha çox üstünlük verirdilər. Şübhəsiz, o günlərin yunan mütəfəkkirləri çox ağıllı adamlar olmuşlar. Lakin Allahın gözündə onlar axmaq idilər. Pavel deyirdi: “Yazılmışdır: “Müdriklərin müdrikliyini məhv edəcəyəm, aqillərin ağlını da ləğv edəcəyəm”. Müdrik haradadır? Din alimi haradadır? Bu dövrün filosofu haradadır? Məgər Allah bu dünyanın müdrikliyini ağılsızlığa çevirməmişdirmi?” (1 Korinflilərə 1:19, 20). Belə mütəfəkkirlər Allahın ruhu ilə deyil, “bu dünyanın ruhu” ilə hərəkət edirdilər (1 Korinflilərə 2:12). Onların fəlsəfələri və ideyaları Yehovanın düşüncələrinə zidd gedirdi.
Bu cür cismani düşüncələrin mənbəyi, Həvvanı aldatmaq üçün ilandan istifadə edən Şeytan İblisdir (Təkvin 3:1-6; 2 Korinflilərə 11:3). O, bizim üçün də təhlükəlidirmi? Bəli! Allahın Kəlamında deyildiyi kimi, Şeytan o dərəcədə insanların “zehinlərini kor etmişdir” ki, indi o, ‘bütün dünyanı aldadır’ (2 Korinflilərə 4:4; Vəhy 12:9). Onun hiylələrinə qarşı ayıq olmaq necə də vacibdir! (2 Korinflilərə 2:11).
“İnsanların kələkbazlığı”ndan qorun
Həvari Pavel həmçinin “insanların kələkbazlığı”na qarşı xəbərdarlıq edirdi (Efeslilərə 4:14). O, guya həqiqəti təqdim edən, əslində isə onu təhrif edib “hiyləgərliklə fəaliyyət göstərən” adamlarla qarşılaşırdı (2 Korinflilərə 11:12-15). Belə adamlar məqsədlərinə nail olmaq üçün öz fikirlərini dəstəkləyən sübutlara, təmtəraqlı ifadələrə, cüz’i həqiqətə, dolayı söz atmağa və hətta ağ yalana belə əl ata bilərlər.
Təbliğatçılar çox vaxt başqalarını ləkələmək üçün “təriqət” sözündən istifadə edirlər. Avropa Şurasının Parlament Assambleyasına edilən tövsiyədə yeni din qruplarını öyrənən mə’murlara “bu termindən istifadə etməmək” məsləhəti görülür. Nəyə görə? Çünki “təriqət” sözündə həddindən artıq mənfi mə’na çaları var. Buna bənzər şəkildə, Yunan mütəfəkkirləri haqsız olaraq həvari Paveli “boşboğaz”, yə’ni hərfi mə’nada “toxumları yığan” adlandırırdılar. Bununla onlar Paveli biliyin yalnız zərrəciklərini “yığan” və təkrar edən çərənçi adlandırırdılar. Əslində isə Pavel “İsanı və dirilməni müjdələyirdi” (Həvarilərin işləri 17:18).
Təbliğatçıların əl atdıqları üsullar tə’sir göstərirmi? Bəli. Onlar insanların başqa xalqlara və ya dinlərə qarşı anlayışını təhrif edərək etnik və dini nifrətin yaradılmasında vacib amil olmuşlar. Bir çoxları bu üsullardan geniş tanınmayan kütlələri pis qələmə vermək üçün istifadə edirlər. Adolf Hitler yəhudiləri və başqa insanları “rəzil”, “çox zərərli” və dövlət üçün “təhlükəli” kimi təsvir edərkən belə üsullardan çox effektlə istifadə edirdi. Heç vaxt belə hiyləgərliyin sənin düşüncəni zəhərləməsinə yol vermə (Həvarilərin işləri 28:19-22).
Özünü aldatma
İnsanın özünü aldatması da çox asandır. Əslində bizə ən əziz olan fikirlərdən imtina etmək və hətta onları yoxlamaq çox çətin ola bilər. Nəyə görə? Ona görə ki, bizdə öz nöqteyi-nəzərlərimizə qarşı emosional bağlılıq yaranır. Sonra biz, ehtimal ki, yalan səbəblər uyduraraq — həqiqətən səhv və aldadıcı düşüncələrə bəraət qazandıraraq özümüzü aldadırıq.
Birinci əsrin bə’zi məsihçiləri belə davranırdılar. Onlar Allahın Kəlamını bilir, ancaq Kəlamın düşüncələrinə tə’sir etməsinə yol vermirdilər. Nəticədə onlar “özlərini yalan düşüncələrlə” (YD) aldatmağa başladılar (Yaqub 1:22, 26). Özümüzü aldadıb-aldatmadığımızı necə yoxlaya bilərik? Əqidəmiz kiminsə tərəfindən şübhəyə mə’ruz qaldığı zaman qəzəbləniriksə, özümüzü aldatmış oluruq. Qəzəblənmək əvəzinə qərəzsizliyi qoruyub saxlamaq və hətta fikirlərimizin düzgünlüyünə əmin olsaq da, başqalarının dediyinə diqqətlə qulaq asmaq müdriklik olardı (Süleymanın məsəlləri 18:17).
“Allah bilgisini” axtar
Sağlam düşüncəni qorumaq üçün biz nə edə bilərik? Bunun üçün bizə çox kömək təklif edilir, lakin bizdən sə’ylə çalışmaq tələb olunur. Müdrik Süleyman padşah demişdir: “Oğlum, qulağını hikmətə çevirərək və anlayışa ürəyini meyl etdirərək, sözlərimi qəbul edər və əmrlərimi yanında saxlarsansa; gerçək, əgər idrakı çağırarsan və anlayışa səsini yüksəldərsənsə; əgər gümüş axtarar kimi onu axtararsan və xəzinələr araşdırar kimi onu araşdırarsansa; Rəbb qorxusunu o zaman anlayacaqsan və Allah bilgisini tapacaqsan” (Süleymanın məsəlləri 2:1-5). Bəli, əgər biz zəkamızı və ürəyimizi Allahın Kəlamının həqiqətləri ilə doldurmağa sə’y göstəririksə, onda əsl müdrikliyi, anlayışı və dərrakəni əldə edəcəyik. Nəticədə, biz gümüş və ya başqa qiymətli daş-qaşlardan daha dəyərli şeyləri axtarıb tapacağıq (Süleymanın məsəlləri 3:13-15).
Müdriklik və bilik, şübhəsiz, sağlam düşüncənin ayrılmaz tərkib hissəsidir. Allahın Kəlamında deyilir: “Sənin ürəyinə hikmət girəcək və canına bilgi xoş gələcək; ağıl səni mühafizə edəcək; anlayış səni qoruyacaq; ta ki, səni şər adamın yolundan, əyri sözlü adamdan qorusun; onlar qaranlığın yollarında yerimək üçün, doğruluq yollarını buraxırlar” (Süleymanın məsəlləri 2:10-13).
Mə’yus və ya təhlükədə olduğumuz vaxtlarda Allahın fikirlərinin düşüncəmizə tə’sir etməsinə yol vermək xüsusilə vacibdir. Qəzəb və ya qorxu kimi güclü hisslər sağlam düşünməyə çətinlik törədə bilər. Süleyman demişdir: “Mə’yusluq müdrik insanı ağılsız davranmağa vadar edə bilər” (Vaiz 7:7, YD). Hətta mümkündür ki, insan “ürəyində Rəbbə hiddətlənər” (Süleymanın məsəlləri 19:3, MKŞ). Bu necə ola bilər? Öz problemlərimizdə Allahı günahlandırmaqla və Onun qanun və prinsiplərinə zidd olan əməllərimizə haqq qazandırmaqla. Həmişə hər şeyi yaxşı bildiyimizi fərz etmək əvəzinə, gəlin, Müqəddəs Yazıların vasitəsilə bizə kömək etmək istəyən müdrik məsləhətçiləri həlimliklə dinləyək. Və əgər lazımdırsa, gəlin, fikirlərimizin səhv olduğu göstərildikdə, hətta əqidəmizdən belə vaz keçməyə hazır olaq (Süleymanın məsəlləri 1:1-5; 15:22).
“Allahdan dilə”
Biz qarışıq və təhlükəli bir zəmanədə yaşayırıq. Əgər sağlam düşüncəli olmaq və müdrik davranmaq istəyiriksə, rəhbərlik üçün həmişə Yehovaya dua etmək vacibdir. Həvari Pavel yazırdı: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7). Əgər çətinliklərin və yaxud sınaqların öhdəsindən gəlməyə müdrikliyimiz çatmırsa, onda biz bunu “hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan” diləməliyik (Yaqub 1:5-8).
Həvari Peter həmimanlılarının müdriklik göstərməli olduqlarının vacibliyini dərk edərək, onları “pak düşüncəli olmağa” təşviq etmək üçün imkanlar axtarırdı. O istəyirdi ki, onlar “müqəddəs peyğəmbərlər tərəfindən qabaqcadan söylənən sözləri və Rəbb və Xilaskarın [İsa Məsihin]... vasitəsilə e’lan edilən əmrini” yada salsınlar (2 Peter 3:1, 2). Əgər biz belə davranırıqsa və düşüncələrimizi Yehovanın Kəlamına uyğunlaşdırırıqsa, sağlam düşüncəli olacaq və müdrik davranacağıq.
[30-cu səhifədəki şəkillər]
İlk məsihçilər fəlsəfi düşüncələri deyil, Allahın müdrikliyini əldə rəhbər tuturdular.
[İcazə ilə]
Filosoflar (soldan sağa): Epicurus: Photograph taken by courtesy of the British Museum; Cicero: Reproduced from The Lives of the Twelve Caesars; Plato: Roma, Musei Capitolini
[31-ci səhifədəki şəkillər]
Dua etmək və Allahın Kəlamını öyrənmək çox vacibdir.