Sonun yaxınlaşdığı vaxtda ağıllı olaq
1 Allahın Kəlamında dəfələrlə deyilir ki, Yehovanın günü “oğru kimi”, yə’ni gözlənilmədən, sür’ətlə, hiss olunmadan gələcəkdir (1 Salon. 5:2; Mat. 24:43; 2 Pet. 3:10; Vəhy 3:3; 16:15). İsa demişdir: “Bunun üçün siz də hazır olun; çünki İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir” (Mat. 24:44). Biz, sonun yaxın olduğunu bilərək ruhən necə sayıq qala bilərik? Allahın Kəlamı bizi “ağıllı” olmağa çağırır (1 Pet. 4:7).
2 Ağıllı olmaq özünə, hər şeyə Yehovanın nöqteyi-nəzəri ilə baxmağı daxil edir (Efes. 5:17). Bu, özümüzü indiki sistemdə “qərib və gəlmələr kimi” hesab etməyə, həmçinin ən üstün dəyərləri ayırd edərək, vacib olan şeylərə üstünlük verməyə və düzgün qərarlar qəbul etməyə kömək edir (1 Pet. 2:11; Filip. 1:10).
3 Qarşımıza ruhani məqsədlər qoyaq. Qarşımıza ruhani məqsədlər qoymaq və onlara nail olmaq cəhdi ağıllı olmağımıza kömək edər. Hal-hazırda sən hansı ruhani məqsədlərə can atırsan? Qarşına Müqəddəs Kitabı hər gün oxumaq, bütün yığıncaq görüşlərində iştirak etmək, həmişə olduğundan bir az da artıq təbliğ etmək və ya jurnallarımızın bütün saylarını oxumaq kimi məqsədlər qoyursanmı? Əgər qarşına müvafiq məqsədlər qoyur, onlara nail olmaq üçün sə’ylə çalışır və Yehovadan sə’yinə xeyir-dua verməsini xahiş edirsənsə, əldə olunan nəticələrə təəccüb edə bilərsən.
4 Bir ağsaqqal, gənc ər-arvaddan onların ruhani məqsədləri barədə soruşdu. Ər-arvad onun sualı üzərində düşünüb belə nəticəyə gəldilər ki, həyatlarını sadələşdirsələr və borclarını qaytarsalar pioner xidmətinə başlamaq olar. Bu məqsədə nail olmaq üçün borclarını qaytarmağa çalışdılar və onların vaxtını və gücünü alan lazımsız işlərdən imtina etdilər. Düz bir ildən sonra məqsədlərinə nail oldular. Onlar indi nə düşünürlər? Ər deyir: “Qarşımıza konkret məqsədlər qoymasaydıq, indi heç nəyə nail ola bilməzdik. İndi biz xoşbəxtik. Həyatımız daha sakit və sevinclidir. İndi həyatımız əsl mə’na daşıyır”.
5 Gəlin, Yehovanın gününü gözləyərək ruhən sayıq, o cümlədən, ağıllı olaq və Allahın iradəsini var qüvvəmizlə yerinə yetirək (Tit. 2:11-13).