Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/3 s. 27—31
  • ‘Ayıq olun’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Ayıq olun’
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • İşgüzar təklifləri ölçüb-biçin
  • Subay məsihçilərin üzləşdikləri çətinliklər
  • Xəstələnərkən
  • Çətin şəraitdə olarkən
  • Sağlamlığının qeydinə qalarkən Allahın prinsiplərini nəzərə al
    Gözətçi qülləsi 2008
  • Sıxıntılı anlarda bütünlüklə Yehovaya bel bağla
    Gözətçi qülləsi 2003
  • Allaha ibadət edən insanın tibbi müalicə alması düzgündür?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Sadiqliyinizi sınayan vəziyyətlərdə ayıq olun
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/3 s. 27—31

‘Ayıq olun’

«Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar» (SÜLEYMANIN MƏSƏLLƏRİ 14:15).

1, 2. a) Sodomda Lutun başına gələn hadisədən biz nə öyrənirik? b) «Ayıq olmaq» ifadəsi nə deməkdir?

İBRAHİM torpağı birinci seçmək imkanını Luta verəndə, «Rəbbin bağı kimi» olub, yaxşı suvarılan ərazi Lutun diqqətini cəlb etdi. Bura, ailəsi ilə məskunlaşmaq üçün yararlı yer kimi göründüyündən, ‘Lut özünə İordan çayının kənarındakı düzənliyi seçib, Sodoma qədər öz çadırlarını qurdu’. Lakin zahiri görünüş aldadıcı idi, çünki yaxınlıqda yaşayan «Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi» (Yaradılış 13:7-13). Tezliklə Lut və onun ailəsi çox pis tə’sirlərə mə’ruz qaldılar. Vəziyyət o yerə gəlib çatdı ki, Lut qızları ilə birlikdə mağarada yaşamalı oldu (Yaradılış 19:17, 23-26, 30). Ona yaxşı görünən şey, əslində gözlədiyinin tamamilə əksi oldu.

2 Lutun başına gələn hadisədən Allahın müasir xidmətçiləri ibrət dərsi ala bilərlər. Qərar qəbul edərkən üzləşə biləcəyimiz təhlükələrə qarşı gözüaçıq olmalı və ilk təəssüratın aldadıcı tə’sirinə düşməmək üçün özümüzü qorumalıyıq. Buna görə də Müqəddəs Kitabın bizi ‘ayıq olmağa’ təşviq etməsi təəccüblü deyil (1 Peter 1:13). «Ayıq olmaq» kimi tərcümə edilən yunan sözü, baş verənləri düzgün götür-qoy etməyi və qiymətləndirməyi bacaran, sakit və sabit düşüncə tərzi mə’nasını verir. Onun sayəsində biz düzgün qərar çıxara bilirik. Gəlin ayıq olmağı tələb edən bə’zi halları nəzərdən keçirək.

İşgüzar təklifləri ölçüb-biçin

3. Bizə işgüzar təklif irəli sürüldükdə, nə üçün ehtiyatlı olmaq lazımdır?

3 Təsəvvür et ki, hörmət etdiyin insan, ola bilsin, həmimanlın işgüzar təklif irəli sürür. O, gözlənilən uğurlardan şövqlə danışır və fürsəti qaçırmamaq üçün, səni tez hərəkət etməyə təşviq edir. Sən, bunun sayəsində güzaranını daha da yaxşılaşdırmaq və hətta ruhani işlərə daha çox vaxt ayırmaq imkanının olacağını fikirləşə bilərsən. Bununla belə, Süleymanın məsəlləri 14:15 ayəsi xəbərdarlıq edir: «Cahil hər sözə inanar, uzaqgörən hər addımına nəzər salar». Belə vəziyyətdə oyanmış həvəs çox vaxt idrak «gözünü» qapayır, risklərə, təhlükələrə və qeyri-müəyyənliklərə lazımınca diqqət verilmir (Yaqub 4:13, 14). Belə vəziyyətdə ayıqlığı qorumaq necə də vacibdir!

4. İşgüzar təklifi ölçüb-biçəndə addımlarımıza necə nəzər sala bilərik?

4 Müdrik insan qərar qəbul etməzdən əvvəl, işgüzar təklifi hərtərəfli, diqqətlə nəzərdən keçirir (Süleymanın məsəlləri 21:5). Belə araşdırmalar çox vaxt gizli təhlükələri üzə çıxarır. Təsəvvür et ki, bir nəfər öz işgüzar planını həyata keçirmək üçün borc pul axtarır və əgər ona borc verərsənsə, bundan sənin də böyük fayda əldə edəcəyinə söz verir. Təklif cəlbedici səslənə bilər, lakin bu iş hansı risklərlə bağlıdır? Borc istəyən işinin gedişatından asılı olmayaraq pulu qaytarmağa razıdırmı, yoxsa pulu qaytarmaq işin uğurla baş tutmasından asılıdır? Başqa sözlə desək, iş uğursuzluqla nəticələnərsə, pulunu itirməyə razısanmı? Sən həm də bu sualları verə bilərsən: «O, nə üçün pulu bankdan götürmür? Banklar bu işi həddindən artıq riskli hesab edirmi?» Təklifi ölçüb-biçmək üçün müəyyən vaxt tələb olunur. Bu, sənə təhlükələri nəzərdən qaçırmamağa kömək edəcək (Süleymanın məsəlləri 13:16; 22:3).

5. a) Yeremya tarlanı satın alanda hansı müdrik addımı atdı? b) Bütün işgüzar sazişlərin rəsmi yazılı şəkildə sənədləşidirilməsi nə üçün faydalıdır?

5 Yeremya peyğəmbər Yehovanın xidmətçisi olan əmisi oğlundan tarlanı satın alanda, şahidlərin qarşısında yazılı şəkildə sövdələşmə tərtib etdi (Yeremya 32:9-12). Yehovanın xidmətçisi qohumlarla və ya həmimanlılarla bağladığı bütün işgüzar sövdələşmələri sənədləşdirərsə, müdrik addım atmış olara. Aydın və yaxşı hazırlanmış yazılı saziş anlaşılmazlığın qarşısını almağa və birliyi qorumağa kömək edir. Digər tərəfdən isə yazılı sazişin olmaması, Yehovanın xidmətçiləri arasında işlə əlaqədar müəyyən problemlərin yaranmasına səbəb olur. Təəssüf ki, belə problemlər ürəkağrısı, ədavət və hətta ruhaniliyin itirilməsi ilə nəticələnə bilər.

6. Nə üçün özümüzü tamahkarlıqdan gözləməliyik?

6 Biz özümüzü tamahkarlıqdan da qorumalıyıq (Luka 12:15). Əgər insana böyük maddi mənfəət və’d edilirsə, o, e’tibarlı olmayan əməliyyatın təhlükələrini görməyə bilər. Hətta Yehovaya xidmətdə dəyərli üstünlükləri olanlar belə bu tələyə düşmüşlər. Allahın Kəlamı bizə xəbərdarlıq edir: «Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin» (İbranilərə 13:5). İşgüzar təkliflər üzərində düşünərkən, məsihçi özünə bu sualı verə bilər: «Doğrudanmı bu işə baş qoşmağa dəyər?» Yehovaya ibadət etməyə yönəldilmiş sadə həyat tərzi bizi ‘hər cür pislikdən’ mühafizə edəcəkdir (1 Timoteyə 6:6-10).

Subay məsihçilərin üzləşdikləri çətinliklər

7. a) Subay məsihçilər hansı çətinliklərlə üzləşirlər? b) Həyat yoldaşı seçimimiz Yehovaya sədaqətlə necə bağlıdır?

7 Yehovanın bir çox xidmətçiləri ailə qurmaq arzusundadırlar, lakin onlar özlərinə münasib həyat yoldaşı hələ tapa bilmirlər. Bə’zi ölkələrdə gənclər ailə qurmaq məsələsində ictimaiyyətin güclü təzyiqinə mə’ruz qalırlar. Eyni zamanda, həmimanlılar arasında özünə həyat yoldaşı tapmaq çətin ola bilər (Süleymanın məsəlləri 13:12). Amma məsihçilər başa düşürlər ki, Müqəddəs Kitabın «yalnız Rəbbə bağlı» adamla ailə qurmaq əmrinə ciddi yanaşmaq Yehovaya olan sədaqətimizi göstərir (1 Korinflilərə 7:39). Mə’ruz qaldıqları təzyiqlərə və şirnikdirici tə’sirlərə qarşı dura bilmək üçün subay məsihçilər ayıq olmalıdırlar.

8. Şulam qızı hansı təzyiqə mə’ruz qaldı və məsihçi qadınlar bu gün oxşar çətinliklə necə qarşılaşa bilərlər?

8 Süleymanın «Nəğmələr nəğməsi» kitabında sadə kəndli Şulam qızı padşahın diqqətini cəlb edir. Baxmayaraq ki, qız artıq gənc bir oğlanı sevirdi, padşah var-dövlətini, şan-şöhrətini, gözəlliyini əzəmətlə nümayiş etdirib, onun məhəbbətini qazanmaq istəyirdi (Nəğmələr nəğməsi 1:9-11; 3:7-10; 6:8-10, 13). Əgər sən də məsihçi qadınsansa, kiminsə sənə qarşı arzuolunmaz diqqətini duya bilərsən. İş yerində, ola bilsin ki, yüksək vəzifəli bir şəxs sənə xoş sözlər söyləyə, sənin üçün yaxşı işlər görə və sənin yanında olmaq üçün imkanlar axtara bilər. Belə «xoş» münasibətlərlə ehtiyatlı ol. Ola bilər ki, bu adamın sənə qarşı heç də romantik və ya əxlaqsız fikri yoxdur, lakin əksər hallarda bu belə olur. Şulam qızı kimi sən də «divar» ol (Nəğmələr nəğməsi 8:4, 10, KM). Arzuolunmaz romantik təklifləri qətiyyətlə rədd et. İşə düzələn kimi dərhal Yehovanın Şahidi olduğunu iş yoldaşlarına bildir və hər imkandan istifadə edərək onlara şahidlik et. Bu sənin üçün müdafiə olacaq.

9. İnternet vasitəsilə namə’lum şəxslərlə ünsiyyət yaratmaq hansı təhlükələrlə bağlıdır? (31-ci səhifədəki çərçivəyə də baxın.)

9 Subaylara həyat yoldaşı tapmaqda kömək etmək üçün yaradılan internet səhifələri getdikcə məşhurlaşır. Bə’ziləri buna, əks təqdirdə tanış ola bilməyəcəkləri şəxsləri tanımaq üsulu kimi baxırlar. Lakin tanış olmayan şəxslə kor-koranə münasibətlər yaratmaq özündə real təhlükə gizlədir. İnternetdə həqiqəti yalandan ayırmaq çox çətindir (Məzmur 26:4). Yehovanın xidmətçisi olduğunu iddia edən hər kəs əslində Yehovanın Şahidi deyil. Bundan başqa, internetdə ünsiyyətə girdikdə insanın düşüncə tərzini təhrif edə bilən güclü bağlılıq tez bir zamanda yarana bilər (Süleymanın məsəlləri 28:26). İstər internet, istərsə də başqa vasitələrlə çox az tanış olan adamla sıx münasibətlər inkişaf etdirmək müdriklik deyil (1 Korinflilərə 15:33).

10. Həmimanlılar subay məsihçiləri necə ruhlandıra bilərlər?

10 Yehova Öz xidmətçilərinə qarşı «çox şəfqətli»dir (Yaqub 5:11). O, özünə münasib həyat yoldaşı tapa bilməyən məsihçilərin üzləşdikləri çətinliklərin onları arabir ruhdan saldığını bilir. Yehova belə məsihçilərin sədaqətini yüksək qiymətləndirir. Bəs başqaları onları necə ruhlandıra bilərlər? Biz həmişə bu bacı-qardaşları göstərdikləri itaətkarlıq və fədakarlıq ruhuna görə tə’rifləməliyik (Hakimlər 11:39, 40, YD). Həmçinin onları, faydalı ünsiyyət etmək üçün, dostluq görüşlərinə də’vət edə bilərik. Sən bunu axırıncı dəfə nə vaxt etmisən? Bundan əlavə, öz ruhani müvazinətlərini və xidmətdə sevinclərini qoruyub saxlamaqlarına kömək olmaq üçün Yehovaya dua edə bilərik. Gəlin Yehova kimi biz də səmimi maraq təzahür etdirməklə bu sədaqətli həmimanlılarımızı qiymətləndirək (Məzmur 37:28).

Xəstələnərkən

11. Xəstəliklərlə üzləşəndə hansı ciddi çətinliklər yaranır?

11 Özümüz və ya sevdiyimiz bir adamın xəstələnməsi necə də kədərlidir! (Yeşaya 38:1-3). Effektli müalicə üsulu axtararkən Müqəddəs Kitab prinsiplərini rəhbər tutmaq son dərəcə vacibdir. Məsələn, məsihçilər Müqəddəs Kitabın qandan çəkinmək əmrinə çox ciddi yanaşırlar və spiritizmlə əlaqəsi olan diaqnostik və ya terapevtik proseduralardan qaçınırlar (Həvarilərin işləri 15:28, 29; Qalatiyalılara 5:19-21). Lakin tibbi savadı olmayanlar üçün müalicə üsullarını araşdırmaq çox çətin ola bilər. Ayıqlığı qorumağa bizə nə kömək edə bilər?

12. Məsihçi müalicə üsullarını nəzərdən keçirərkən tarazlığı necə qoruya bilər?

12 «Uzaqgörən» adam Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatları tədqiq etməklə «hər addımına nəzər salar» (Süleymanın məsəlləri 14:15). Həkimlərin və xəstəxanaların az olduğu yerlərdə yeganə müalicə üsulu müalicəvi otlardan istifadə edən xalq təbabəti ola bilər. Əgər biz belə müalicədən istifadə edib-etməməyi düşünürüksə, «Gözətçi Qülləsi»nin 1987-ci il 15 aprel sayının 26-29-cu (ing.) və 1994-cü il 15 dekabr sayının 19-22-ci səhifələrindən (rus.) faydalı mə’lumat tapa bilərik. Orada gizli təhlükələr haqqında xəbərdarlıqlar yazılıb. Məsələn, bizə bu sualların cavabını tapmaq lazım gələ bilər: ara həkimi spiritizmdən istifadə edirmi? Müalicə, qəzəblənmiş allahlara (və ya ulu babaların ruhlarına), yaxud cadu edən düşmənlərə görə xəstəlik və ölümün baş verməsi inancına əsaslanmışdırmı? Dərmanların hazırlanmasında və ya istifadəsində qurbanlar, ovsunlar və ya spiritizmlə bağlı başqa ayinlər keçirilirmi? (Qanunun təkrarı 18:10-12). Belə araşdırma Allahın «hər şeyi tədqiq edin; yaxşılığa bağlı olun» məsləhətinə riayət etməyə və tarazlığı qorumağa kömək edəcəkb (1 Saloniklilərə 5:21).

13, 14. a) Biz fiziki sağlamlığımızın qeydinə qalarkən uzaqgörənliyi necə təzahür etdirə bilərik? b) Başqaları ilə sağlamlıq və müalicə ilə bağlı məsələləri müzakirə edərkən nə üçün uzaqgörən olmalıyıq?

13 Uzaqgörənlik, fiziki səhhətimizin qeydinə qalmaq da daxil olmaqla, həyatın hər sahəsində lazımlıdır. Sağlamlığı qorumaq, qiymətli həyat ən’amına minnətdar olduğumuzu göstərir. Sağlamlıqla bağlı problemlərlə üzləşəndə onlara ciddi yanaşmalıyıq. Lakin Allahın ‘xalqların şəfası üçün’ olan vaxtı gəlməyincə tam sağlam olmaq mümkün deyil (Vəhy 22:1, 2). Ehtiyatlı olmalıyıq ki, fiziki sağlamlığımızın qayğıları daha vacib olan ruhani ehtiyaclarımızı arxa plana keçirməsin (Matta 5:3; Filipililərə 1:10).

14 Başqaları ilə tibbi məsələləri müzakirə edərkən də tarazlı və uzaqgörən olmaq lazımdır. Ruhlanmaq üçün məsihçi görüşlərində və konqreslərdə toplaşanda bu məsələlər söhbətlərimizin əsas mövzusu olmamalıdır. Bundan başqa, müalicəyə dair qəbul etdiyimiz qərarlar çox vaxt Müqəddəs Kitab prinsipləri, insanın vicdanı və Yehova ilə olan münasibətlər ilə bağlıdır. Buna görə də, əgər həmimanlımıza öz vicdanının səsinə qulaq asmamağa təzyiq göstərir və ya öz fikirlərimizi onun beyninə yeridiriksə, bu heç də məhəbbət əlaməti deyil. Yığıncaqdakı yetkin məsihçi kömək məqsədilə məsləhət verə bilər, amma yadda saxlamalıyıq ki, hər məsihçi qərar qəbul edərkən ‘öz məs’uliyyətinin yükünü daşımalıdır’ və «hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (Qalatiyalılara 6:5; Romalılara 14:12, 22, 23).

Çətin şəraitdə olarkən

15. Çətinliklər bizə necə tə’sir edə bilər?

15 Çətinliklər, hətta Yehovanın sadiq xidmətçisini belə düşünülməmiş hərəkətə və ya danışığa təhrik edə bilər (Vaiz 7:7, KM). Şiddətli sınaqlara mə’ruz qalan Əyyub tarazlığını itirdi və ona düşüncə tərzini dəyişmək lazım gəldi (Əyyub 35:2, 3; 40:6-8). Baxmayaraq ki, «Musa yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan idi», bir dəfə əsəbiləşdi və düşünməmiş danışmağa başladı (Saylar 12:3; 20:7-12; Məzmur 106:32, 33). Davud Şaul padşahı öldürməməkdə çox gözəl surətdə özünə hakim olmaq xüsusiyyəti nümayiş etdirmişdi, lakin Nabal onun adamlarını təhqir edib, onların üstünə qışqıraraq söyəndə Davud sağlam düşüncəni itirdi və qəzəblənib özündən çıxdı. Yalnız Aviqail işə qarışdıqda, o, güclə fəlakətli bir səhvdən qaçınaraq yenidən özünə gəldi (1 Şamuel 24:2-7; 25:9-13, 32, 33).

16. Düşünmədən hərəkət etməməyə bizə nə kömək edəcək?

16 Biz də düşdüyümüz çətin şərait ucbatından sağlam düşüncə tərzini itirə bilərik. Davud kimi, biz də başqalarının fikrini diqqətlə ölçüb-biçsək, düşünülməmiş hərəkət etməkdən və günaha batmaqdan özümüzü qoruya bilərik (Süleymanın məsəlləri 19:2). Bundan başqa, Allahın Kəlamı bizi xəbərdar edir: «Titrəyin və suç etməyin; yataqlarınızda öz ürəyinizlə danışıb susun» (Məzmur 4:4, KM). Hərəkət etməzdən və qərar çıxarmazdan qabaq sakitləşənədək gözləmək müdriklik olardı (Süleymanın məsəlləri 14:17, 29). Biz Yehovaya bütün qəlbimizlə duada müraciət edə bilərik ‘və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərimizi və düşüncələrimizi qoruyacaqdır’ (Filipililərə 4:6, 7). Allahın verdiyi sülh bizi möhkəmləndirəcək və ayıqlığı qorumağa kömək edəcəkdir.

17. Ayıq olmaq üçün, nəyə görə Yehovaya e’tibar etməliyik?

17 Təhlükələrdən qaçınmaq və müdrik davranmaq üçün var qüvvəmizlə sə’y göstərsək də, hamımız səhvlərə yol veririk (Yaqub 3:2). Ola bilsin ki, ciddi səhv qarşısında durduğumuzdan bixəbərik (Məzmur 19:12, 13). Bundan əlavə, bir insan kimi, Yehovadan ayrı addımlarımıza istiqamət verməyə nə bacarığımız, nə də ki, haqqımız vardır (Yeremya 10:23). «Sənə tə’lim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» deyərək Onun bizi əmin etdiyi üçün necə də minnətdarıq (Məzmur 32:8). Bəli, biz Yehovanın köməyilə ayıq ola bilərik.

[Haşiyələr]

a Sənədləşdirilmiş işgüzar sazişlər haqqında daha ətraflı mə’lumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Gözətçi Qülləsi»nin 1997-ci il 1 avqust sayının 30, 31-ci səhifələrinə (rus.), 1987-ci il 15 aprel sayının 17, 18-ci səhifələrinə (rus.) və «Oyanın!» jurnalının 1983-cü il 8 fevral sayının 13-15-ci səhifələrinə (ing.) baxın.

b Bu, o cümlədən, bə’zi xəstəliklərin müalicəsinin mübahisəli alternativ üsulları haqqında düşünənlər üçün də yararlı olacaqdır.

Necə cavab verərdiniz?

• İşgüzar təklif irəli sürülərkən,

• Həyat yoldaşı axtararkən,

• Xəstələnərkən,

• Çətin vəziyyətə düşərkən,

• ayıqlığı necə qoruya bilərik?

[31-ci səhifədəki çərçivə]

Buna e’tibar edə bilərsənmi?

Subaylar üçün olan internet səhifələrində bu xəbərdarlıqlar yazılır:

«Əlimizdən gələni etməyimizə baxmayaraq, onların öz şəxsiyyətini düzgün təqdim etməsinə zəmanət yoxdur».

«Biz, internet xidmətində olan hər hansı mə’lumatın dəqiq, tam və ya faydalı olmasına zəmanət vermirik».

«Bu xidmət növü vasitəsilə təqdim edilən fikirlər, məsləhətlər, e’lanlar, təkliflər və başqa mə’lumat onların müəlliflərinə mənsubdur... və onlara heç də həmişə e’tibar etmək lazım deyil».

[29-cu səhifədəki şəkil]

«Uzaqgörən hər addımına nəzər salar».

[30-cu səhifədəki şəkil]

«Hər şeyi tədqiq edin; yaxşılığa bağlı olun».

[31-ci səhifədəki şəkillər]

Məsihçi qadınlar Şulam qızının nümunəsini necə təqlid edə bilərlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş