Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/10 s. 11—15
  • Dilinizi idarə edərək ailədə məhəbbət və hörməti qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dilinizi idarə edərək ailədə məhəbbət və hörməti qoruyun
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • ‘Dil qarşısı alınmaz bəladır’
  • ‘İftiranı kənara atın’
  • ‘Dilinizi yüyənləyin’
  • ‘Kin, hiddət [və] qəzəbi’ bir yana qoyun
  • «E’tibarlı söhbət» vacibdir
  • Sizdə hər şey alınacaq
  • İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
    Allahın məhəbbətindən ayrılmayın
  • Dil yarası vurmayın
    Oyanın! 2013
  • Qoy diliniz insanlara şəfa versin!
    Gözətçi qülləsi 2015
  • «İmanı möhkəmləndirmək üçün yaxşı söz» söylə
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/10 s. 11—15

Dilinizi idarə edərək ailədə məhəbbət və hörməti qoruyun

«Qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin» (EFESLİLƏRƏ 5:33).

1, 2. Evli insanların hamısı özlərinə hansı vacib sualı verməlidirlər və nə üçün?

TƏSƏVVÜR et ki, sənə hədiyyə bağışlayıblar. Hədiyyə qəşəng bir qutunun içindədir və üzərində «Ehtiyatlı olun, içəridə sınan əşya var!» sözləri yazılıb. Sən bu qutu ilə necə davranardın? Yəqin, əlindən gələni edərdin ki, ona bir şey olmasın. Bəs onda qiymətli ən’am olan nikah hansı münasibətə layiqdir?

2 Mənşəcə israilli olan Naomi adlı dul qadın gəlinləri Orpa və Ruta dedi: «Qoy Rəbb sizə xeyirxahlıq etsin. Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız» (Rut 1:3-9). Müqəddəs Kitabda yaxşı arvad haqqında deyilir: «İnsana ev, var-dövlət atalardan miras qalar, ağıllı arvadı isə Rəbb nəsib edər» (Süleymanın məsəlləri 19:14). Əgər sən də ailəlisənsə, həyat yoldaşına Allahın verdiyi bir ən’am kimi baxmalısan. Allahın sənə bəxş etdiyi ən’amla sən necə davranırsan?

3. Ərlər və arvadlar Pavelin hansı məsləhətinə əməl etməlidirlər?

3 Həvari Pavel birinci əsrdə yaşayan məsihçilərə demişdi: «Qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin» (Efeslilərə 5:33). Gəlin görək ərlə arvad söhbət zamanı bu məsləhətə necə əməl edə bilərlər.

‘Dil qarşısı alınmaz bəladır’

4. ‘Dil’ hansı mə’nada insana həm yaxşı, həm də pis tə’sir göstərir?

4 Müqəddəs Kitab yazıçılarından biri Yaqub yazır ki, dil ‘öldürücü zəhərlə dolu qarşısı alınmaz bəladır’ (Yaqub 3:8). Yaqub yaxşı bilirdi ki, dili idarə etməmək əvvəl-axır bir bəlaya gətirib çıxarır. Şübhəsiz, o, düşünülməmiş sözləri ‘qılınc yaralarına’ bənzədən məsəllə tanış idi. Ancaq elə həmin məsəldə də deyilir ki, ‘hikmətlinin dili insanı sağaltmağa’ qadirdir (Süleymanın məsəlləri 12:18). Doğrudan da, sözlər güclü tə’sirə malikdir. Onlar insanın qəlbini həm yaralaya, həm də sağalda bilər. Bəs sənin sözlərin necə? Onlar həyat yoldaşına necə tə’sir edir? Əgər bu sualı həyat yoldaşına versən, o sənə necə cavab verər?

5, 6. Bə’zilərinə dilini saxlamaq nə üçün çətindir?

5 Əgər acıdillik sizin ailənizdə yuva salıbsa, vəziyyəti dəyişmək mümkündür. Amma bunun üçün müəyyən qədər qüvvə sərf etmək lazım gələcək. Nə üçün? Birincisi, ona görə ki, biz qeyri-kamilliyimizlə mübarizə aparmalıyıq. Miras aldığımız günaha görə düşüncə və danışıq tərzimiz pisliyə doğru dəyişib. Yaqub yazır: «Sözündə səhv etməyən, kamil insandır. O bütün bədənini də yüyənləyə bilər» (Yaqub 3:2).

6 Qeyri-kamillikdən əlavə, boya-başa çatdığı ailə də insanın danışıq tərzinə öz tə’sirini göstərir. Bə’zi adamlar gözlərini açandan valideynlərinin «barışmaz... nəfsini saxlamayan, azğın» olduğunu görüblər (2 Timoteyə 3:1-3). Çox zaman bu cür ailədə tərbiyə almış uşaqlar, necə deyərlər, valideynlərinin tökdüklərini yığırlar. Əlbəttə, nə qeyri-kamillik, nə də pis tərbiyə acıdilliyə bəraət qazandırmır. Lakin bu iki amili biləndə bə’ziləri üçün dilini saxlamağın nəyə görə xüsusilə çətin olduğunu daha yaxşı başa düşürük.

‘İftiranı kənara atın’

7. Məsihçiləri ‘hər cür iftiranı kənara atmağa’ təşviq edəndə Peter nə demək istəyirdi?

7 Yuxarıda göstərilən səbəblərdən asılı olmayaraq, ər və ya arvad həyat yoldaşı ilə kobud danışanda onu lazımınca sevmədiyini, hörmət etmədiyini göstərir. Peter də boş yerə məsihçiləri ‘hər cür iftiranı kənara atmağa’ təşviq etmirdi (1 Peter 2:1). «İftira» kimi tərcümə edilən yunan sözünün mə’nası «təhqiramiz nitq» olub, sözlərlə sancmaq deməkdir. Bu ifadə cilovlanmayan dilin insana göstərdiyi tə’siri yaxşı təsvir edir!

8, 9. Danışıqda təhqiramiz sözlərdən istifadə etmək nəyə gətirib çıxara bilər və ərlə arvad nəyə görə belə sözlərdən istifadə etməməlidirlər?

8 Ola bilər, kimsə kobud sözlərə ciddi yanaşmır, amma gəlin görək ər və ya arvad kobud danışanda nə baş verir. Həyat yoldaşını qanmaz, tənbəl və eqoist adlandıranda bu alçaldıcı sözlərlə onun bütün xasiyyətini ümumiləşdirmiş olursan. Bununla onun qəlbinə toxunursan. Elə adamlar da var ki, həyat yoldaşlarının nöqsanlarını şişirdirlər. Doğrudan da, «sən evə həmişə gec gəlirsən», «sən heç vaxt mənə qulaq asmırsan» kimi ifadələr şişirtmə deyilsə, bəs nədir? Bu cür sözlərdən sonra qarşı tərəf özünü müdafiə edir, sonra da qızğın mübahisə başlayır (Yaqub 3:5).

9 Ər-arvad bir-birini acılayanda münasibətləri gərginləşir, bu da öz növbəsində ciddi problemlərə səbəb olur. Süleymanın məsəlləri 25:24 ayəsində deyilir: «Davakar arvadla bir evdə yaşamaqdansa damın bir küncündə yaşamaq yaxşıdır». Sözsüz, eyni şeyi belə ər haqqında da demək olar. Ərin və ya arvadın söylədiyi acı sözlər müəyyən vaxtdan sonra onların münasibətlərini daxildən pozur. Belə şəraitdə onlardan biri sevilmədiyini və yaxud da ümumiyyətlə sevgiyə layiq olmadığını düşünə bilər. Gördüyümüz kimi, dili saxlamaq son dərəcə vacibdir. Bunu necə etmək olar?

‘Dilinizi yüyənləyin’

10. Dili idarə etmək nəyə görə vacibdir?

10 Yaqub 3:8 ayəsində deyilir: «Dili... heç bir insan əhliləşdirə bilmir». Bununla belə, atlı atı yüyənlədiyi kimi, biz də var gücümüzlə dilimizi yüyənləməyə çalışmalıyıq. «Əgər sizlərdən biri düşünürsə ki, dindardır, amma ürəyini aldadıb, öz dilini yüyənləməzsə, onun dindarlığı boşdur» (Yaqub 1:26; 3:2, 3). Bu sözlərdən aydın olur ki, danışığımıza fikir vermək çox ciddi məsələdir. Bundan təkcə həyat yoldaşımızla münasibətimiz yox, ən vacibi Yehova Allahla münasibətimiz asılıdır (1 Peter 3:7).

11. Ərlə arvad xırda bir şeyin qızğın mübahisəyə çevrilməsinin qarşısını necə ala bilər?

11 Yaxşı olardı ki, həyat yoldaşınla necə danışdığına fikir verəsən. Ailədə gərginlik yarananda vəziyyəti yüngülləşdirməyə çalış. İshaqla Rivqanın düşdüyü vəziyyətə diqqət yetirək. Yaradılış 27:46–28:4 ayələrində yazılıb: «Rivqa İshaqa dedi: “Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından — Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?”» İshaq arvadına kobud cavab vermədi. Əksinə, oğlu Yaqubu Allahdan qorxan arvad tapmaq üçün uzaqlara göndərdi ki, yeni gəlin də qayınanası üçün dərd olmasın. İndi təsəvvür et ki, ər-arvad hansısa məsələdə bir-birini başa düşmür. Əgər onlardan biri o birisini günahlandırmaq əvəzinə problemi həll etməyə çalışsa, onda kiçik anlaşılmazlığın qızğın mübahisəyə çevrilməsinin qarşısı alınar. Misal üçün, «sən mənə az vaxt ayırırsan» demək əvəzinə, «bir yerdə daha çox vaxt keçirsəydik, nə yaxşı olardı» demək olar. Kimin haqlı, kimin haqsız olduğunu sübut etməyə çalışmayın. Problemi müzakirə edin. Romalılara 14:19 ayəsində deyildiyi kimi ‘sülh gətirən və bir-birinizi ruhən inkişaf etdirən şeylərə can atın’.

‘Kin, hiddət [və] qəzəbi’ bir yana qoyun

12. Dilimizi cilovlamaq üçün biz nə haqda dua etməliyik və nə üçün?

12 Dili cilovlamağa danışığımıza fikir verməkdən daha çox şey daxildir. Çünki sözlər ağızdan yox, ürəkdən gəlir. İsa demişdi: «Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır; və pis adam ürəyinin pislik xəzinəsindən pis şeylər çıxarır; çünki onun ağzı ürəyindən gələni söyləyir» (Luka 6:45). Buna görə də dili cilovlamaq üçün sənə Davud kimi dua etmək lazım gələ bilər: «Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver» (Məzmur 51:10).

13. Kin, hiddət və qəzəb acı sözlərə necə gətirib çıxarır?

13 Pavel efesliləri nəinki acı sözlərdən çəkinməyə, həm də bu sözlərin arxasında gizlənən hisslərə qalib gəlməyə təşviq edirdi: «Qoy hər cür kin, hiddət, qəzəb, çığırtı, küfr, hər növ pis niyyətlə bərabər sizdən uzaq olsun» (Efeslilərə 4:31). Fikir verdinizsə, ‘çığırtı və küfrdən’ əvvəl, Pavel ‘kin, hiddət və qəzəbi’ xatırladır. Adətən belə də olur: insanın içindəki hirs qaynayıb onu özündən çıxarır, sonra da o, qarşısındakına acı sözlər yağdırmağa başlayır. Özündən soruş: «Ürəyimdə kin, qəzəb saxlayırammı? Hövsələdən tezmi çıxıram?» (Süleymanın məsəlləri 29:22). Əgər sənin də xasiyyətin belədirsə, onda Allaha dua et. Allah sənə hisslərinlə bacarmağa və özünü ələ almağa kömək edəcək. Məzmur 4:4 ayəsində deyilir: «Qorxub-titrəyin, günah etməyin, yataqda ürəyinizdə düşünün, dinləyin». Əgər özündən çıxacağını hiss edirsənsə və özünü idarə edə bilməyəcəyindən qorxursansa, Süleymanın məsəlləri 17:14 ayəsindəki məsləhətə əməl et: «Dava başlanmamış münaqişəni tərk et». Əsəbiləşdiyini hiss edən kimi söhbəti saxla və hirsin soyumayınca onun üstünə qayıtma.

14. Kin-küdurət ailəyə necə tə’sir edir?

14 Ürəkdə «kin» varsa, onda əsəbin, hirsin öhdəsindən gəlmək daha çətin olur. Pavelin istifadə etdiyi «kin» sözü yunanca «küsəyən, barışmaqdan imtina edən» və «səhvlərin hesabını tutan» adamın əhval-ruhiyyəsini bildirir. Ərlə arvad uzun müddət küsülü qalıb barışmırlarsa, münasibətləri soyuyur, aralarında sanki qalın divar əmələ gəlir. Olub-keçənlərə görə ürəyində kin saxlamaqla sən özünə pislik edirsən. Keçmişi qaytarmaq olmur. Yoldaşının səhvini bağışlamısansa, onda onu yadından çıxart. Unutma, məhəbbət «ona edilən pisliklərin hesabını tutmaz» (1 Korinflilərə 13:4, 5).

15. Kobud danışığa öyrəşənlərə nə kömək edə bilər?

15 Ola bilər, böyüdüyün ailədə hamı kobud danışdığından, sən də belə danışığa öyrəşmisən. Ancaq bu vərdişdən azad olmaq mümkündür. Sən artıq həyatda müəyyən şeylərdə özünə sərhəd qoymusan. Bəs danışığa gələndə sərhədi harada qoyacaqsan? Ağzından kobud sözlər çıxmamış özünü saxlayacaqsanmı? Efeslilərə 4:29 ayəsi sənə kömək edə bilər: «Ağzınızdan heç bir çürük söz çıxmasın». Buna nail olmaq üçün ‘köhnə mənliyi və onun əməllərini soyunmaq və yeni mənliyi geymək’ lazımdır. ‘Yeni mənlik onu Yaradanın surətinə bənzər tərzdə təzələnir ki, dərrakə tam olsun’ (Koloslulara 3:9, 10).

«E’tibarlı söhbət» vacibdir

16. Ərlə arvad bir-birini danışdırmayanda nikah üçün hansı təhlükə yaranır?

16 Ərlə arvad küsüb biri-biri ilə danışmayanda, problemin həlli daha da çətinləşir. Amma demək olmaz ki, onlar bu üsulla bir-birini cəzalandırmaq istəyirlər. Çox zaman incikliyin səbəbi ümidlərin doğrulmamasında, ruh düşkünlüyündədir. Bununla belə, ərlə arvad bir-birini danışdırmayanda münasibətləri daha da gərginləşir, problem isə həll edilmir. Ərdə olan bir qadın belə deyir: «Bir-birimizlə barışsaq da, problem həmişə həll edilməmiş qalır».

17. Ailədə çətinlikləri olan məsihçilər nə etməlidirlər?

17 Ailədə müəyyən müddət davam edən gərginliyi asanlıqla aradan qaldırmaq olmur. Süleymanın məsəlləri 15:22 ayəsində deyilir: «Məsləhətsiz [«e’tibarlı söhbət olmazsa», YD] niyyət boşa çıxar, doğru nəsihət verən çoxdursa, uğur qazandırar». Bəli, həyat yoldaşınla oturub məsələni həll et. Ona diqqətlə və qərəzsiz qulaq as. Əgər heç nə alınmasa, məsihçi yığıncağındakı ağsaqqallara müraciət edin. Onlar Müqəddəs Kitabı yaxşı bilirlər və oradakı prinsiplərə riayət etməkdə böyük təcrübələri var. Ağsaqqallar, məcazi dildə desək, ‘küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaqdırlar’ (Yeşaya 32:2).

Sizdə hər şey alınacaq

18. Romalılara 7:18-23 ayələrində hansı mübarizədən söhbət gedir?

18 Dili cilovlamaq da, özümüzü idarə etmək də əsl mübarizədir. Həvari Pavel də həyatda buna bənzər çətinliklə qarşılaşmışdı: «Bilirəm ki, məndə, yə’ni cismani təbiətimdə yaxşı şey yaşamır; yaxşı şey etmək istəyi məndə var, amma tətbiq etməyə gücüm çatmır. İstədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm. Lakin əgər istəmədiyim şeyi edirəmsə, artıq mən yox, məndə olan günah belə hərəkət edir». ‘Üzvlərimizdə olan günah qanununa’ görə biz dilimizdən və bədənimizin digər üzvlərindən düzgün istifadə etməməyə meylliyik (Romalılara 7:18-23). Buna baxmayaraq, mübarizəyə davam etməliyik. Qələbə çalmağımıza Allah Özü kömək edəcək.

19, 20. İsanın nümunəsi ərlə arvada dillərini cilovlamağa necə kömək edə bilər?

19 Məhəbbət və hörmət üzərində qurulmuş münasibətlərdə düşünülməmiş, kobud sözlərə yer yoxdur. İsa Məsihin nümunəsinə fikir verək. O, şagirdləri ilə danışarkən heç vaxt təhqiramiz, kobud sözlərdən istifadə etməzdi. İsanın ömrünün son günü həvarilər aralarında kimin ən böyük olduğu barədə mübahisə edirdilər. Hətta bu vaxt da Allahın Oğlu onları danlamadı (Luka 22:24-27). Müqəddəs Kitab ərlərə buyurur: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efeslilərə 5:25).

20 Bəs qadınlar haqqında nə demək olar? Qadın ‘ərinə ehtiram etməlidir’ (Efeslilərə 5:33). Heç ərinə hörmət edən qadın onun üstünə qışqırar, kobud sözlər deyərmi? Pavel deyirdi: «Bunu... bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Korinflilərə 11:3). Məsih Allaha tabe olduğu kimi, qadınlar da başları olan ərlərinə tabe olmalıdırlar (Koloslulara 3:18). Düzdür, nə qədər ki qeyri-kamilik, İsanı mükəmməl şəkildə heç vaxt təqlid edə bilməyəcəyik. Amma ‘onun izləri ilə getmək’ ərlərlə arvadlara acıdilliklə mübarizədə qalib çıxmağa şübhəsiz kömək edəcək (1 Peter 2:21).

Siz nə öyrəndiniz?

• Dilimizi saxlamamaqla nikaha hansı zərəri vura bilərik?

• Dili cilovlamaq nəyə görə çətin olur?

• Dilimizi idarə etməyə bizə nə kömək edir?

• Ailədə gərgin vəziyyət olanda nə etmək lazımdır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş