Fəsil 60
Məsihin padşahlıq calalının görüntüsü
İSA MƏSİH Filippi Qeysəriyyəsinə gəlib orada həvarilərə və camaata təlim verir. Onun dediyi sözlər hamını heyrətə salır: «Eşidin və agah olun, burada duranlardan bəziləri İnsan Oğlunun öz padşahlığında gəldiyini görməyincə əsla ölməyəcək».
Yəqin, şagirdlər düşünürlər: görəsən, İsa nə demək istəyir? Təxminən bir həftə sonra İsa Peteri, Yaqubu və Yəhyanı götürüb uca dağa qalxır. Ehtimal ki, bu gecə vaxtı olur, çünki şagirdləri yuxu basır. İsa dua edir və bu vaxt onların gözü qarşısında onun görkəmi dəyişir: üzü günəş kimi şəfəq saçır, paltarı ağappaq olub par-par parıldayır.
Sonra «Musa və İlyas» olduğu anlaşılan iki kişinin görüntüsü peyda olur. Onlar İsa ilə onun Yerusəlimdə dünyadan ayrılacağı barədə söhbət edirlər. «Ayrılma» İsanın öləcəyini və sonra diriləcəyini bildirir. Bu söhbətdən aydın olur ki, İsanı şərəfsiz ölüm gözləyir. Beləcə, İsanın başına bu işin gəlməyəcəyinə Peterin bəslədiyi ümid boşa çıxır.
Artıq şagirdlərin gözlərindən yuxu qaçıb, onlar baş verənlərə heyrətlə baxır və qulaq asırlar. Hərçənd bu bir görüntüdür, amma elə gerçəkdir ki, Peter söhbətə qoşulub deyir: «Ağa, bizim bura gəlməyimiz nə yaxşı oldu! İstəyirsən, üç çadır qurum: birini sənə, birini Musaya, birini də İlyasa».
Peter hələ danışarkən bir bulud topası onları bürüyür və buluddan bir səs deyir: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın». Şagirdlər bu səsi eşidəndə üzüstə yerə yıxılırlar. Amma İsa onlara deyir: «Durun, qorxmayın». Onlar duranda görürlər ki, İsa təkdir.
Ertəsi gün dağdan enəndə İsa onlara tapşırır: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın». Görüntüdə İlyasın peyda olması şagirdlərdə sual doğurur: «Nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
İsa cavab verir: «İlyas artıq gəlib. Heyf ki, onu tanımadılar». İsa Vəftizçi Yəhyanı nəzərdə tutur. Yəhyaya İlyas peyğəmbərin tapşırığına bənzər bir iş tapşırılmışdı: İlyas peyğəmbər Elişa peyğəmbər üçün yol hazırladığı kimi, Yəhya da Məsih üçün yol hazırladı.
Bu görüntü həm İsanı, həm də şagirdləri çox möhkəmləndirir. O, Məsihin padşahlıq calalını sanki qabaqcadan nümayiş etdirir. İsanın bir həftə əvvəl vəd etdiyi kimi, şagirdlər əslində «insan Oğlunun öz padşahlığında gəldiyini» görürlər. İsanın ölümündən sonra Peter yazmışdı ki, onlar İsa ilə birlikdə dağda olarkən «Məsihin əzəmətinin şəxsən şahidi olublar».
Fəriseylər İsadan Müqəddəs Yazılarda Allahın vəd etdiyi seçilmiş padşah olduğunu təsdiq edən əlamət göstərməsini tələb edirdilər. Onlar heç bir əlamət almadılar. Amma İsanın ən yaxın şagirdlərinə səmavi Padşahlıqla bağlı peyğəmbərlikləri təsdiq edən hadisəni, İsanın görkəminin dəyişməsi görüntüsünü görməyə izin verildi. Buna görə də Peter sonralar yazırdı: «Beləliklə, biz peyğəmbərlik sözünün doğruluğuna daha da əmin olmuşuq». Matta 16:13, 16:28—17:13; Mark 9:1—13; Luka 9:27—37; 2 Peter 1:16—19.
▪ Bəziləri ölümü dadmadan Məsihin «öz padşahlığında gəldiyini» necə görür?
▪ Görüntüdə Musa peyğəmbər, İlyas peyğəmbər və İsa Məsih nə barədə söhbət edirlər?
▪ Nəyə görə bu görüntü İsanın şagirdlərini çox möhkəmləndirir?