Allahın və’d etdiyi yeni dünya
BİZ Allahın yazılı Kəlamı olan Müqəddəs Kitabda növbəti sözləri oxuyanda ürəyimiz ümidlə dolur: “Biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür” (2 Peter 3:13).
“Yeni göylər” nədir? Müqəddəs Kitabda göylər çox vaxt mə’naca hakimiyyətlə bağlıdır (Həvarilərin işləri 7:49). “Yeni göylər” yer üzərində hökmranlıq edəcək yeni hökumətdir. Bu “göylər” o mə’nada yenidir ki, bugünkü hakimiyyət sistemini əvəz edəcək; bu, həmçinin Allahın niyyətinin həyata keçməsində yeni mərhələdir. Bu “göylər”, İsanın bizə haqqında dua etməyi öyrətdiyi həmin Padşahlıqdır (Matta 6:10). Bu Padşahlığı Yaradan Allahın məskəni göylərdə olduğundan, o, “Göylərin Padşahlığı” adlanır (Matta 7:21, İ–93).
“Yeni yer” nədir? Bu, yeni Yer kürəsi demək deyil, çünki Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, yer üzündə həmişə insanlar yaşayacaqdır. “Yeni yer” ifadəsi altında yeni insan cəmiyyəti nəzərdə tutulur. O ona görə yenidir ki, orada yaşayan pis adamlar yox ediləcəklər (Süleymanın məsəlləri 2:21, 22). O zaman hamı Yaradanın tələblərinə müvafiq yaşayaraq Ona həmd edəcək və Ona tabe olacaqlar (Məzmur 22:27). Bütün xalqlardan olan insanlar bu tələbləri öyrənməyə və artıq indidən onlara müvafiq yaşamağa də’vət olunurlar. Sən də belə davranırsanmı?
Allahın yeni dünyasında hər kəs Onun hakimiyyətinə hörmətlə yanaşacaq. Allaha olan məhəbbət səni Ona itaət etməyə təşviq edirmi? (1 Yəhya 5:3). Bu, sənin evdə, işdə və ya məktəbdə davranış tərzindən və hansı məqsədlərə can atmağından görünürmü?
Həmin yeni dünyada insan cəmiyyəti həqiqi Allaha birlikdə ibadət edəcək. Sən Yeri və göyü Yaradana ibadət edirsənmi? Allaha etdiyin ibadət səni başqa xalqlardan, irqlərdən və dillərdən olan həmimanlılarınla həqiqətənmi birləşdirir? (Məzmur 86:9, 10; İşaya 2:2-4; Tsefanya 3:9).
[17-ci səhifədə olan çərçivə]
Bütün bunları və’d edən Allah
O, cismani göylərin və Yer kürəsinin Yaradanıdır. O, İsa Məsihin tanıtdığı ‘vahid həqiqi Allahdır’ (Yəhya 17:3).
İnsanların əksəriyyəti özlərinin icad etdikləri allahlara ibadət edirlər. Milyonlarla adamlar cansız surətlərə pərəstiş edirlər. Digərləri ictimai təşkilatları, materializm fəlsəfəsini və ya öz istəklərini tə’rifləyirlər. Hətta öz ibadətlərini Müqəddəs Kitaba əsaslandırdıqlarını iddia edənlərin hamısı, həmin kitabda haqqında bəhs olunan vahid və həqiqi Allahın adına ehtiram göstərmirlər (Təsniyə 4:35).
Özü haqqında Yaradan belə deyir: “Mən Yehovayam, ismim odur” (İşaya 42:5, 8). Müqəddəs Kitabın yazıldığı orijinal dillərdə bu ada 7 000 dəfədən artıq rast gəlinir. İsa Məsih öz davamçılarına dua etməyi öyrədirdi: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun” (Matta 6:9).
Həqiqi Allah hansı xüsusiyyətlərə malikdir? O Özü haqqında “çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan” və bilərəkdən Onun qanunlarını pozanları cəzasız qoymayan bir Allah kimi danışır (Çıxış 34:6, 7). Bu təsvirin doğruluğu əsrlər ərzində Yehovanın insanlarla necə davranması ilə təsdiq olunur.
Həm Allahın adı, həm də bu adı daşıyan şəxsiyyət müqəddəs tutulmalıdır. Yaradana və Kainatın Ali Hökmdarına itaət etməyə və yalnız Ona ibadət etməyə tam əsasımız var. Sən də belə edirsənmi?
[18-ci səhifədə olan çərçivə və şəkil]
Yeni göylər” və “yeni yer” bəşəriyyətə nə gətirəcək?
Cənnətə çevrilmiş Yer kürəsi
Məhəbbətdə birləşmiş bütün xalqlardan, irqlərdən və dillərdən olan insanların ümumdünya cəmiyyəti
Bütün yer üzündə həqiqi sülh və təhlükəsizlik
Məmnunluq gətirən iş, qida bolluğu
Xəstəliklərin, kədər və ölümün aradan qaldırılması
Həqiqi Allaha ibadətdə birləşmiş dünya
[19-cu səhifədə olan çərçivə və şəkil]
Sən “yeni yerin” bir hissəsi olacaqsanmı?
Allah yalan danışmaz! (Titusa 1:2).
Yehova bizi əmin edir: “Sözüm mənə boş dönməyəcəkdir, fəqət murad etdiyim şeyi edəcək və etsin deyə onu göndərdiyim işi bacaracaq” (İşaya 55:11).
Artıq indidən Yehova “yeni göylər və yeni yer” yaradır. Göylər hökuməti artıq fəaliyyət göstərir. “Yeni yerin” təməli artıq qoyulmuşdur.
“Vəhy” kitabında ‘yeni göylərin və yeni yerin’ bəşəriyyət üçün gətirəcəyi gözəl xeyir-dualar haqqında bəhs edildikdən sonra, Kainatın Ali Hökmdarı olan Allahın sözləri gətirilir: “Budur, Mən hər şeyi yeniləşdirirəm”. O həmçinin deyir: “Yaz, çünki bu sözlər həqiqi və e’timada layiqdir” (Vəhy 21:1, 5).
Vacib məsələ ondan ibarətdir ki, biz “yeni yerin” bir hissəsi olmaq və “yeni göylərin” hökmranlığı altında yaşamağa layiq olmaq üçün həyatımızda lazımi dəyişikliklər edirikmi?