Yehovanın Kəlamı canlıdır
Yaqubun və Peterin məktublarından diqqətəlayiq fikirlər
ERAMIZIN 33-cü ilinin Pentikost günündən təxminən 30 il sonra İsanın anabir qardaşı şagird Yaqub ruhani İsrailin ‘on iki qəbiləsinə’ məktub yazır (Yaq. 1:1). O, məktubunda həmimanlılarını imanda möhkəm durmağa və sınaqlara təhəmmül etməyə çağırır. Yığıncaqlarda narahatçılıq doğuran problemləri aradan qaldırmağa dair məsləhətlər də verir.
B. e. 64-cü ilində məsihçilər Roma imperatoru Neron tərəfindən təqib olunmazdan öncə, həvari Peter məsihçilərə ünvanladığı ilk məktubunu yazaraq onları imanda möhkəm qalmağa çağırır. Birinci məktubundan tez sonra yazdığı ikinci məktubunda Peter həmimanlılarını Allahın kəlamına diqqət yetirməyə təşviq edir və xəbərdarlıq edir ki, Yehovanın günü yaxınlaşır. Yaqubun və Peterin yazdığı məktublara diqqət yetirməyimiz bizim üçün də faydalıdır (İbr. 4:12).
ALLAH ONDAN ‘İMANLA DİLƏYƏNLƏRƏ’ HİKMƏT VERİR
«İmtahana dözən adam xoşbəxtdir. Çünki sınaqdan uğurla çıxarkən... həyat tacını alacaqdır», — deyə Yaqub yazır. Yehova imanla diləyənlərə sınaqlara tab gətirmək üçün lazım olan hikməti verir (Yaq. 1:5-8, 12).
Yığıncağın ‘müəllimlərindən’ də imanlı və hikmətli olmaq tələb olunur. Yaqub insan dilini ‘bütün bədəni çirkləndirə’ bilən ‘kiçik bir üzv’ kimi təsvir etdikdən sonra xəbərdarlıqlar edir ki, dünyaya xas olan xüsusiyyətlər Allahla münasibətlərimizi poza bilər. O, ruhani cəhətdən xəstə olanların sağalmaq üçün hansı addımları atmalı olduqlarını da yazır (Yaq. 3:1, 5, 6; 5:14, 15).
Müqəddəs Kitab suallarına cavablar:
2:13 — Hansı mənada «mərhəmət hökmə qalib gəlir»? Hər bir insanın özü üçün Allaha hesabat verməsinin vaxtı gələndə Yehova bizim başqaları ilə mərhəmətli davranışımızı nəzərə alacaq və Oğlunun fidiyə qurbanlığı əsasında bizi bağışlayacaq (Rom. 14:12). Məgər bu, mərhəmət təzahür etdirməyimiz üçün bir səbəb deyilmi?
4:5 — Yaqub burada hansı ayəni sitat gətirir? Yaqub müəyyən bir ayəni sitat gətirmir. Bu ilhamlanmış kəlmələr, ehtimal ki, Yaradılış 6:5; 8:21, Süleymanın məsəlləri 21:10 və Qalatiyalılara 5:17 kimi ayələrin arxasındakı ümumi fikrə əsaslanıb.
5:20 — «Günahkarı yanlış yolundan döndərən» kimin ‘günahının üstünü örtür’? Günahkarı pis yolundan döndərən məsihçi tövbə edəni ruhani ölümdən və bəlkə də, əbədi məhvdən qurtarır. Bununla da o, həmin insanın ‘bir çox günahının üstünü örtür’.
Bizim üçün ibrət dərsləri:
1:14, 15. Günaha gətirib çıxaran düzgün olmayan arzulardır. Buna görə də belə arzuları ürəyimizdə saxlamamalı, əksinə, imanı möhkəmləndirən şeyləri ‘düşünməli’, ürək və düşüncələrimizi onlarla doldurmalıyıq (Filip. 4:8).
2:8, 9. «Ayrı-seçkilik» göstərmək «Hökmdarımız Allahın» məhəbbət «Qanununa» ziddir. Bu səbəbdən həqiqi məsihçilər ayrı-seçkilik etmirlər.
2:14-26. Biz Musanın Qanununa icra etməklə, yaxud məsihçi ‘əməlləri’ ilə yox, ‘imanla xilas oluruq’. İman etmək sadəcə Allahın mövcudluğuna inanmaq demək deyil (Efes. 2:8, 9; Yəh. 3:16). İman Allahın iradəsinə uyğun davranmağa təşviq etməlidir.
3:13-17. «Yuxarıdan nazil olan hikmət», əlbəttə ki, ‘dünyəvi, nəfsani və şeytani hikmətdən’ üstündür! Biz onu ‘gizli xəzinə kimi aramalıyıq’ (Sül. məs. 2:1-5).
3:18. Padşahlıq haqqında xoş xəbərin toxumunu ‘sülh yaradanlar sülh içində əkməlidirlər’. Buna görə çox vacibdir ki, biz sülhə can atanlardan olaq və məğrur, davakar və qalmaqal salan olmayaq.
İMANDA MÖHKƏM DURUN
Peter həmimanlılarına göydəki mirasları ilə bağlı ‘yaşayan ümidləri’ barədə xatırladır. Peter onlara deyir: ‘Siz seçilmiş nəsil, Hökmdarın kahin tayfası, müqəddəs millətsiniz’. O, bu məsələyə dair konkret məsləhətlər verdikdən sonra onları ‘həmfikir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, mehriban, təvazökar olmağa’ çağırır (1 Pet. 1:3, 4; 2:9; 3:8).
‘Hər şeyin [yəhudi sisteminin] axırı yaxın’ olduğu üçün Peter qardaşlarına ‘ağıllarını başlarına yığmağı və dua etmək üçün ayıq durmağı’ məsləhət görür. O onlara deyir: «Ayıq durun, sayıq olun. [...] Möhkəm imanla ona [Şeytana] qarşı durun» (1 Pet. 4:7; 5:8, 9).
Müqəddəs Kitab suallarına cavablar:
3:20-22 — Vəftiz bizi hansı mənada xilas edir? Vəftiz xilas olmaq istəyənlər üçün tələbdir. Ancaq vəftiz özlüyündə bizi xilas etmir. Xilasa «İsa Məsihin dirilməsi ilə» nail oluruq. Vəftizə namizəd iman etməlidir ki, xilas ancaq İsanın öz canını fidiyə qurbanlığı kimi verdiyi, dirildiyi, həmçinin bütün dirilərin və ölülərin üzərində hakimiyyətə malik olaraq ‘Allahın sağında’ oturduğu üçün mümkündür. Belə imandan irəli gələrək vəftiz olunmaq ‘səkkiz nəfərin sudan sağ-salamat çıxmasına’ bənzəyir.
4:6 — ‘Müjdə təbliğ edilən’ ‘ölülər’ kimlər idi? Bunlar xoş xəbəri eşitməzdən əvvəl ‘təqsirləri və günahları üzündən’ ölü olanlar, yəni Yehova ilə münasibətləri olmayanlar idi (Efes. 2:1). Amma xoş xəbərə iman gətirəndən sonra onlar ruhani cəhətdən ‘yaşamağa’ başladılar.
Bizim üçün ibrət dərsləri:
1:7. İmanımız çox qiymətli olsun deyə onun keyfiyyəti sınaqdan keçməlidir. Belə möhkəm iman sayəsində ‘canımızın xilasına nail oluruq’ (İbr. 10:39). İmanımızın sınanmasından qaçmamalıyıq.
1:10-12. Qədimdə yaşamış peyğəmbərlərin məsh olunmuş məsihçilərin yığıncağına dair qələmə aldıqları dərin ruhani həqiqətləri mələklər tədqiq etmək və başa düşmək istəyirdilər. Ancaq bütün bunlar məsihçi yığıncağı fəaliyyət göstərməyə başlayanda açıqlanmağa başlandı (Efes. 3:10). Biz də mələklərin nümunəsini izləyib, «Allahın dərin düşüncələrini» araşdırmağa çalışmalı deyilikmi? (1 Kor. 2:10).
2:21. Nümunəmiz olan İsa Məsihi təqlid edərək, ölüm bahasına olsa belə, Yehovanın hökmranlığını dəstəkləmək üçün əzab-əziyyətlərə qatlaşmağa hazır olmalıyıq.
5:6, 7. Qayğılarımızı Yehovanın üzərinə qoyanda O bizə həqiqi ibadəti həyatımızda birinci yerə qoymağa və sabahkı günün nə gətirəcəyi barədə həddindən artıq narahat olmamağa kömək edir (Mat. 6:33, 34).
«YEHOVANIN GÜNÜ... GƏLƏCƏKDİR»
Peter yazır: «Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar». Allahın Kəlamındakı peyğəmbərliklərə diqqət yetirməyimiz bizi «yalançı müəllimlər»dən və pis təsir göstərən digər insanlardan qoruya bilər (2 Pet. 1:21; 2:1-3).
Peter xəbərdarlıq edir: «Axır günlərdə öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər istehza edərək gələcək». «Rəbbin [«Yehovanın», YD] Günü isə, gecə gələn oğru kimi gələcəkdir». Peter ‘Allahın gününün zühurunu gözləyib, onu sürətləndirənlərin’ hamısına dəyərli məsləhət verərək məktubuna yekun vurur (2 Pet. 3:3, 10-12).
Müqəddəs Kitab suallarına cavablar:
1:19 — «Dan ulduzu» kimdir, o nə vaxt peyda oldu və bunun baş verdiyini haradan bilirik? «Dan ulduzu» Padşahlıq taxtına oturan İsa Məsihdir (Vəhy 22:16). 1914-cü ildə İsa, yeni günün başlanğıcından xəbər verərək, bir Padşah kimi, bütün kainat üzərində peyda oldu. İsanın görkəminin dəyişilməsi onun izzətinin və Padşahlıq hakimiyyətində olacağı vaxtın görüntüsü idi və bu, Allahın peyğəmbərlik kəlamının etibarlılığını göstərirdi. Bu kəlama diqqət yetirməyimiz məcazi ürəyimizə nur saçır və bunun sayəsində dan ulduzunun artıq doğduğunu başa düşürük.
2:4 — «Cəhənnəm [«Tártar», YD]» nədir və üsyankar mələklər oraya nə vaxt atılıblar? Tartar insanların yox, yalnız ruhani varlıqların sanki həbsdə olduqları vəziyyətdir. Bu vəziyyətdə olanların zehinləri qaranlıqlaşıb, Allahın ruhani nurunu görə bilmirlər və niyyətlərini anlamırlar, həmçinin gələcəyə heç bir ümidləri yoxdur. Allah itaətsiz mələkləri Nuhun günlərində Tartara atdı və onlar məhv edilənə qədər alçaldılmış vəziyyətdə qalacaqlar.
3:17 — «Qabaqcadan bilərək» sözlərini deməklə Peter nəyi nəzərdə tuturdu? Peter özünün və Müqəddəs Kitabın digər yazıçılarının Allahdan ilham alaraq yazdıqları gələcək hadisələrə istinad edirdi. Bu bilik sonsuz olmadığı üçün belə qənaətə gəlməməliyik ki, erkən məsihçilər gələcək hadisələri bütün təfərrüatı ilə bilirdilər. Onlarda gələcək hadisələrin yalnız ümumi təsəvvürü vardı.
Bizim üçün ibrət dərsləri:
1:2, 5-7. Allah və İsa haqqında dəqiq bilikdə tərəqqi etməklə yanaşı, iman, təhəmmül və Allah qarşısında sadiqlik kimi xüsusiyyətləri səylə inkişaf etdirməyə çalışsaq, onları ‘tanımaqda fəaliyyətsiz və səmərəsiz qalmayacağıq’ (2 Pet. 1:8).
1:12-15. ‘Həqiqətdə sabit’ qalmaq üçün yığıncaq görüşləri, şəxsi öyrənməmiz və Müqəddəs Kitabı oxumağımız vasitəsilə aldığımız aramsız xatırlatmalara ehtiyac duyuruq.
2:2. Diqqətli olmalıyıq ki, davranışımız Yehovanı və Onun təşkilatını rüsvay etməsin (Rom. 2:24).
2:4-9. Yehovanın keçmişdə etdiklərini nəzərə alaraq əmin ola bilərik ki, O «Ona ixlas edənləri imtahandan necə xilas etməyi, saleh olmayanları da... qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir».
2:10-13. ‘İzzətli varlıqlar’, yəni ağsaqqallar bəzən səhvə yol versələr də, onlar barədə təhqiramiz şəkildə danışmamalıyıq (İbr. 13:7, 17).
3:2-4, 12. ‘Müqəddəs peyğəmbərlər tərəfindən qabaqcadan söylənən sözlərə, Rəbb və Xilaskarımızın əmrlərinə’ diqqət yetirməyimiz Yehovanın gününün yaxın olduğunu yadda saxlamağımıza kömək edəcək.
3:11-14. ‘Allahın gününün zühurunu gözləyən və onu sürətləndirən’ bizlər növbəti amillərə diqqət yetirməliyik: 1) fiziki, əqli, əxlaqi və ruhani təmizliyi qoruyaraq ‘müqəddəs həyat yaşamalıyıq’; 2) «Allaha ixlaskar» bir həyata xas olan əməllərlə — təbliğ və şagird hazırlamaq kimi işlərlə məşğul olmalıyıq; 3) davranışımızda və xasiyyətimizdə ‘nöqsan’ olmamalıdır, yəni özümüzü bu dünyadan təmiz saxlamalıyıq; 4) hər şeyi təmiz niyyətlə edərək «ləkəsiz» olmalıyıq və 5) Allahla, həmimanlılarımızla və digər insanlarla «sülh içində» yaşamalıyıq.