Sadiq məsihçilər həqiqətdə yeriməyə davam edirlər
“Övladlarımın həqiqətdə yeridiyini eşitməkdən daha böyük sevincim yoxdur” (3 YƏHYA 4, İ–93).
1. “Müjdənin həqiqəti” kimə və nəyə cəmləşdirilib?
YEHOVA yalnız Ona “ruhən və həqiqətən” ibadət edən kəsləri bəyənir (Yəhya 4:24). Onlar, Allahın Kəlamına əsaslanan məsihçi tə’liminin bütün məcmusunu e’tiraf edərək, həqiqətə tabe olurlar. Bu “Müjdənin həqiqəti” İsa Məsihə və Padşahlıq vasitəsilə ilə Yehovanın hakimiyyətinə bəraət qazandırmağa cəmləşdirilib (Qalatiyalılara 2:14). Allah ‘aldadıcı bir gücün’ tə’sirinə yol versə də, hər birimizin xilası xoş xəbərə iman gətirməkdən və həqiqətdə yeriməkdən asılıdır (2 Saloniklilərə 2:9-12; Efeslilərə 1:13, 14).
2. Həvari Yəhya xüsusilə nəyə görə sevinirdi və onun Qay ilə münasibəti necə idi?
2 Padşahlığın təbliğçiləri ‘həqiqətdə həmkardırlar’ (YD). Onlar, həvari Yəhya və onun dostu Qay kimi, həqiqətdə qətiyyətlə durur və onda yeriyirlər. Yəhya, Qayı nəzərdə tutaraq, yazırdı: “Övladlarımın həqiqətdə yeridiyini eşitməkdən daha böyük sevincim yoxdur” (3 Yəhya 3-8, İ–93). Qayı həqiqətlə Yəhya tanış etməsə də, onun ixtiyar olması, məsihçi yetkinliyi və səmimi atalıq hissləri, göründüyü kimi, Yəhyadan cavan olan Qayı onun ruhani övladlarından biri hesab edilməkdə özünü tamamilə doğruldurdu.
Həqiqət və məsihçi ibadəti
3. İlk məsihçilər hansı məqsədlə görüşlərə toplaşırdılar və onlar hansı faydanı əldə edirdilər?
3 Həqiqəti öyrənmək üçün ilk məsihçilər yığıncaq halında görüşürdülər, onların görüşləri çox vaxt şəxsi evlərdə keçirilirdi (Romalılara 16:3-5). Bununla onlar ruhlanır, bir-birlərini məhəbbətə və xeyirli işlərə təşviq edirdilər (İbranilərə 10:24, 25). Özlərini məsihçi adlandıranlar haqqında sonradan Tertullian (təx. 155-ci il, 220-ci ildən sonra) yazmışdır: “Biz bir yerə toplaşırıq ki, Allahdan nazil olan Yazıları oxuyaq... Biz Müqəddəs Yazıların vasitəsilə, şübhəsiz ki, imanımızı qidalandırır, ümidimizi artırır, əminliyimizi möhkəmlədirik” (“Apology”, 39-cu fəsil, ing.).
4. Məsihçi görüşlərində oxunan mahnılar hansı rolu oynayır?
4 Ehtimal ki, ilk məsihçilərin görüşlərdə mahnı oxumaq adətləri vardı (Efeslilərə 5:19; Koloslulara 3:16). Professor Henri Çadvik yazır ki, II əsrdə yaşamış tənqidçi Sels, özlərini məsihçi adlandıran kəslərin ahəngdar dini nəğmələrini “o qədər gözəl” sanırdı ki, “onların hisslərə toxunması onu özündən çıxarırdı”. Çadvik əlavə edir: “İlk məsihçi yazıçılarından biri olan İskəndəriyyəli Kliment, hansı musiqinin məsihçilər üçün müvafiq olduğunu müzakirə edir. O qeyd edir ki, bu cür musiqi erotik rəqslərlə müşayiət edilən musiqiyə bənzəməli deyil” (“The Early Church”, 274, 275-ci səhifələr). Göründüyü kimi, görüşlərində mahnı oxuyan ilk məsihçilərə bənzər tərzdə, Yehovanın Şahidləri də tez-tez Müqəddəs Kitaba əsaslanan mahnılar, o cümlədən Allahı və Padşahlığı izzətləndirən əzəmətli himnlər ifa edirlər.
5. a) İlk məsihçilərin yığıncaqlarında ruhani rəhbərlik necə həyata keçirilirdi? b) Məsihçilər, İsanın Matta 23:8, 9 ayələrindəki sözlərinə necə riayət edirdilər?
5 İlk məsihçilərin yığıncaqlarında nəzarətçilər həqiqəti öyrədir, xidməti köməkçilər isə həmimanlılarına müxtəlif sahələrdə kömək göstərirdilər (Filipililərə 1:1). Rəhbərlik şurası Allahın Kəlamına və müqəddəs ruha e’tibar edərək, ruhani rəhbərliyi həyata keçirirdi (Həvarilərin işləri 15:6, 23-31). Dini titullardan istifadə edilmirdi, belə ki, İsa şagirdlərinə göstəriş vermişdi: “Siz özünüzə “Rabbi” dedirtməyin; çünki sizin Müəlliminiz birdir, o da Məsihdir və siz hamınız qardaşsınız. Yer üzündə kimsəyə ata deməyin; çünki Atanız birdir, səmavi Atadır” (Matta 23:8, 9). Bu və digər sahələrdə ilk məsihçilərlə Yehovanın Şahidləri arasında oxşarlıqlar var.
Həqiqəti təbliğ etdiklərinə görə tə’qib olunurlar
6, 7. Məsihin həqiqi davamçılarının təbliğ etdikləri xəbər sülh məramlı olsa da, onlar hansı münasibətlə qarşılaşırdılar?
6 İlk məsihçilərin təbliğ etdikləri Padşahlıq haqqındakı xəbər sülh məramlı olsa da, İsa kimi, onları da tə’qib edirdilər (Yəhya 15:20; 17:14). Tarixçi Con fon Moshaym birinci əsrin məsihçilərini “heç zaman ağıllarına dövlətə ziyan vurmaq gəlməyən ən zərərsiz insanlar qrupu” adlandırmışdır. Doktor Moshaymın sözlərinə görə, “başqa xalqların dini ayinləri ilə heç bir oxşarlığı olmayan məsihçi ibadətinin sadəliyi romalıları qəzəbləndirirdi”. O əlavə edir: “Məsihçilərdə nə qurban gətirmək, nə mə’bəd, nə dini surətlər, nə falçılıq, nə də kahinlik rütbəsi vardı, elə bu, sadalanan ayinləri olmayan dini əslində din hesab etməyən avam izdiham tərəfindən məzəmmət olunmaq üçün kifayət idi. Məsihçilərə ateist kimi baxırdılar, Roma qanununa görə isə, ateizmdə ittiham olunan insan cəmiyyət üçün təhlükəli hesab olunurdu”.
7 Bütpərəstliyin hesabına yaşayan kahinlər, sənətkarlar və başqa insanlar xalqı, bütpərəst adətlərdə iştirak etməyən məsihçilərə qarşı qaldırırdılar (Həvarilərin işləri 19:23-40; 1 Korinflilərə 10:14). Tertullian yazırdı ki, əleyhdarlar məsihçiləri “cəmiyyətdə baş verən hər bir fəlakətdə, xalqa üz verən bədbəxtliklərdə günahkar hesab edirdilər. Əgər Tiber şəhərin divarlarına çatıbsa, əgər Nil sahələri suvarmırsa, əgər səma yağmur vermirsə, əgər zəlzələ baş verirsə, əgər aclıq və yoluxucu xəstəlik yaranırsa, o saat qışqırırlar: “Məsihçiləri şirlərə atın”. Məsihin həqiqi davamçılarına baha başa gəlsə də, onlar ‘özlərini bütlərdən qoruyurdular’ (1 Yəhya 5:21).
Həqiqət və dini bayramlar
8. Həqiqətdə yeriyənlər nə üçün Milad gününü bayram etmirlər?
8 Həqiqətdə yeriyənlər Müqəddəs Kitaba əsaslanmayan bayramlardan qaçınırlar, axı “işıqla qaranlıq arasında nə şəriklik ola bilər?” (2 Korinflilərə 6:14-18). Məsələn, onlar 25 dekabrda qeyd edilən Milad gününü bayram etmirlər. “Uorld buk” ensiklopediyasında e’tiraf edilir ki, “Məsihin anadan olma tarixini dəqiq bilən yoxdur” (“The World Book Encyclopedia”). Başqa bir ensiklopediyada deyilir: “Dekabrın ortasında qeyd olunan Roma bayramı Saturnaliya, Miladla bağlı olan bir çox əyləndirici bayramların əsasını təşkil edir” (“The Encyclopedia Americana”, 1956-cı ilin nəşri). Makklintokun və Stronqun ensiklopediyasında isə qeyd edilir: “Milad gününün bayram edilməsi Allah tərəfində tə’sis edilməmiş və başlanğıcını Ə[hdi] C[ədiddən] götürməmişdir”. “İsa Məsihin dövründəki gündəlik həyat” adlı kitabda deyilir: “Sürü... qışı örtülü yerdə keçirirdi. Elə yalnız bunun özü ona işarə edir ki, qış fəslinə düşən ən’ənəvi Milad gününün tarixini, çətin ki, doğru hesab etmək olar, çünki Müjdəyə əsasən çobanlar həmin vaxtı sahədə olublar” (Luka 2:8-11) (“Daily Life in the Time of Jesus”).
9. Yehovanın xidmətçiləri Pasxa bayramını nəyə görə nə keçmişdə, nə də indi qeyd etmirlər?
9 Xristian dünyasının kilsələri tərəfindən qeyd edilən Pasxa bayramı, guya Məsihin dirilməsinə əlamətdir, lakin nüfuzlu mənbələr bu bayramı yalan ibadətlə əlaqələndirir. Bir Müqəddəs Kitab lüğətində deyilir ki, Pasxa “əvvəlcə, anqlosaksca Eastra (və ya Eostra) adı ilə məşhur olub, işıq və yazın Tevton ilahəsi şərəfinə qeyd olunan yaz bayramı idi” (“The Westminster Dictionary of the Bible”). Hər necə olsa da, “Britaniya ensiklopediyası”nda (11-ci nəşr) deyildiyi kimi, “Əhdi Cədiddə heç bir şey Məsihin dirilməsinin bayram edilməsinə işarə etmir” (“Encyclopædia Britannica”). Pasxa bayramını ilk məsihçilər bayram etməmişlər və onu Yehovanın Şahidləri də bayram etmirlər.
10. İsa hansı bayramı tə’sis etdi və kimlər bu bayramı lazım olduğu kimi qeyd edir?
10 İsa davamçılarına, özünün anadan olma və ya dirilmə gününü bayram etməyi buyurmadı, əksinə, qurbanlıq ölümünün Xatirə Gecəsini tə’sis etdi (Romalılara 5:8). Bəli, bu, onun şagirdlərinə qeyd etməyi tapşırdığı yeganə hadisə idi (Luka 22:19, 20). İldə bir dəfə keçirilən bu hadisəni Yehovanın Şahidləri indiyədək qeyd edirlər (1 Korinflilərə 11:20-26).
Həqiqət dünyanın hər yerində bəyan edilir
11, 12. Həqiqətdə yeriyən insanlar təbliğ fəaliyyətlərini həmişə necə tə’min edirdilər?
11 Həqiqəti bilən kəslər, vaxtlarını, qüvvələrini və vəsaitlərini xoş xəbərin təbliğ işinə sərf etməyi özlərinə şərəf bilirlər (Mark 13:10). İlk məsihçilərin təbliğ fəaliyyəti könüllü ianələr hesabına tə’min edilirdi (2 Korinflilərə 8:12; 9:7). Tertullian yazırdı: “Bizdə pul qutusuna bənzər qutu olsa da, sanki din hərraca qoyulubmuş kimi, fəxri ad üçün verilən pul hesabına doldurulmur. Hər kəs ayın birinci günündə, yaxud istədiyi vaxt, ancaq əgər istəyi və imkanı varsa, bir az ianə edir, çünki buna heç kim məcbur edilmir, amma hər kəs könüllü olaraq ianə edir” (“Apology”, 39-cu fəsil, ing.).
12 Yehovanın Şahidlərinin də Padşahlıq haqqındakı ümumdünya təbliğ fəaliyyəti könüllü ianələr hesabına tə’min edilir. Nəinki Şahidlər, həmçinin həqiqətlə maraqlanan minnətdar insanlar da bu fəaliyyətə ianə etməyi özlərinə şərəf bilirlər. Burada yenə də ilk məsihçilərlə Yehovanın Şahidləri arasındakı oxşarlığı görürük.
Həqiqət və davranış
13. Davranış məsələsində Yehovanın Şahidləri hansı məsləhətə riayət edirlər?
13 Həqiqətdə yeriyən kəslər kimi, ilk məsihçilər həvari Peterin məsləhətinə tabe olurdular: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12). Yehovanın Şahidləri bu sözlərə ciddi yanaşırlar.
14. Əxlaqsız əyləncələrə qarşı məsihçilərin nöqteyi-nəzəri necədir?
14 Hətta dönüklük başlayan zaman, özlərini Məsihin davamçıları adlandıran kəslər əxlaqsız məşğuliyyətlərdən qaçınırdılar. Kilsə tarixi üzrə professor olan V. D. Killen yazırdı: “II və III əsrlərdə böyük şəhər sakinlərinin sevimli yerləri teatr idi. Aktyorlar olduqca ədəbsiz idilər və onların tamaşası həmişə həmin dövrə xas olan ehtirasları ödəməyə istiqamətlənirdi... Məsihin həqiqi davamçılarının hamısı teatra nifrət bəsləyirdi... Həmin teatrların ədəbsizliyi onlara pis tə’sir bağışlayırdı, durmadan yalançı tanrı və ilahələrə ibadət isə onların dini hisslərinə toxunurdu” (“The Ancient Church”, 318, 319-cu səhifələr). İsanın həqiqi davamçıları ədəbsiz və pozğun əyləncələrdən bu gün də qaçınırlar (Efeslilərə 5:3-5).
Həqiqət və “hakimlər”
15, 16. “Hakimlər” kimlərdir və həqiqətdə yeriyənlər onlara necə münasibət bəsləyirlər?
15 İlk məsihçilərin ədəbli davranışlarına baxmayaraq, Roma imperatorlarının əksəriyyəti onlar haqqında yanlış fikirdə idilər. Tarixçi E. C. Hardinin sözlərinə görə, imperatorlar onları “mənfur fanatiklər” sanırdılar. Bitiniya valisi Kiçik Plini ilə imperator Trayanın məktublaşmalarından görünür ki, idarə edən dairələr ümumilikdə məsihçilik haqqında düzgün təsəvvürə malik deyildilər. Məsihçilər hakimiyyətə necə yanaşırlar?
16 İsanın ilk davamçıları kimi, Yehovanın Şahidləri dövlət “hakimlərinə” nisbi tabe olurlar (Romalılara 13:1-7). Əgər insanların tələbi Allahın iradəsinə zidd gedirsə, Şahidlər növbəti sözlərdə ifadə olunan mövqeyi tuturlar: “İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir” (Həvarilərin işləri 5:29). “İsadan sonra Xristianlığın zəfəri” adlı kitabda deyilir: “Məsihçilər imperatora ibadətdə iştirak etməsələr də, onlar üsyan qaldırmırdılar, onların qeyri-adi sayılan və bə’zən bütpərəstlərin nöqteyi-nəzəri baxımından yol verilməz olan dini isə, imperiya üçün heç bir real təhlükə yaratmırdı” (“After Jesus—The Triumph of Christianity”).
17. a) İlk məsihçilər hansı hakimiyyətə tərəfdar idilər? b) Məsihin həqiqi davamçıları İşaya 2:4 ayəsinə müvafiq tərzdə necə davranırdılar?
17 İlk məsihçilər Allahın Padşahlığının tərəfdarları idilər; tayfa başçıları olan İbrahim, İshaq və Yaqub da “banisi Allah olan” və’d edilmiş bu şəhərə iman edirdilər (İbranilərə 11:8-10). Rəbbləri kimi, İsanın şagirdləri ‘dünyadan deyildilər’ (Yəhya 17:14-16). İnsanlar arasındakı müharibə və münaqişələrə gəldikdə isə, ilk məsihçilər bu işlərdə iştirak etmirdilər, çünki “qılınclarını kotan dəmirlərə” çevirmişdilər (İşaya 2:4). Kilsə tarixi üzrə lektor Ceffri Natall bir maraqlı oxşarlığa diqqət yetirir: “E’tiraf etmək çətin olsa da, ilk məsihçilərin müharibəyə olan münasibətləri, özlərini Yehovanın Şahidləri adlandıran kəslərin münasibətləri ilə çox oxşardır”.
18. Nəyə görə hakimiyyətlərin Yehovanın Şahidlərindən qorxmağa əsası yoxdur?
18 Bitərəfliyi qoruyan və “hakimlərə” tabe olan ilk məsihçilər, heç bir siyasi quruluş üçün təhlükə yaratmırdılar. Bunu Yehovanın Şahidləri haqqında da demək olar. Şimali Amerikada dərc edilən qabaqcıl nəşrlərin müəllifi yazır: “Yehovanın Şahidlərinin hansısa siyasi rejim üçün təhlükə yarada biləcəklərini, yalnız qabaqcadan yaranmış yanlış fikirlər və şübhələrdə batıb qalan kəslər düşünə bilər. Bu, hakimiyyət üçün olduqca təhlükəsiz və sülhsevər dini bir təşkilatdır”. Hakimiyyətin təhsilli nümayəndələri bilirlər ki, Yehovanın Şahidlərindən qorxmağa heç bir əsas yoxdur.
19. Vergilərlə əlaqədar ilk məsihçilər və Yehovanın Şahidləri haqqında nə demək olar?
19 İlk məsihçilərin “hakimlərə” hörməti onların, başqa şeylərlə yanaşı, vergiləri ödəmələrində əks olunurdu. Şəhid Yustin Antoniya Piy adlı Roma imperatoruna (138-161) yazırdı ki, məsihçilər vergiləri “başqa insanlardan daha həvəslə” ödəyirlər (“First Apology”, 17-ci fəsil, ing.). Tertullian isə Roma hökmdarlarına deyirdi ki, onların vergi yığanları vergiləri vicdanla ödədiklərinə görə “məsihçilərə minnətdarlıq etməlidirlər” (“Apology”, 42-ci fəsil, ing.). Məsihçilər “Pax Romana”nın, yə’ni Roma dünyasının qayda-qanunlarından, yaxşı yollarından və dənizdə nisbətən təhlükəsiz səyahət etmək imkanından istifadə edirdilər. Cəmiyyət qarşısındakı vəzifələrini dərk edərək, məsihçilər İsanın sözlərinə diqqət yetirirdilər: “Qeysərinkini qeysərə, Allahınkını Allaha verin” (Mark 12:17). Bu gün Yehovanın xidmətçiləri bu sözlərə müvafiq yaşayırlar və onları dürüst olmalarına, məsələn, vergiləri ödəməkdə göstərdikləri dürüstlüyə görə tə’rifləyirlər (İbranilərə 13:18).
Həqiqət — birliyin bağıdır
20, 21. İlk məsihçilər sülhsevər qardaşlığa malik olduqlarını necə göstərirdilər və bunu Yehovanın müasir xidmətçiləri necə göstərirlər?
20 İlk məsihçilər həqiqətdə yeridiklərinə görə onları sülhsevər qardaşlıq telləri bağlayırdı, bunu, Yehovanın bugünkü Şahidləri haqqında da demək olar (Həvarilərin işləri 10:34, 35). “Moskva vaxtı” qəzetində dərc olunan məktubda deyilirdi: “[Yehovanın Şahidləri] xoşagələn, xeyirxah və həlim insanlar kimi tanınırlar, onlarla iş görmək asandır, onlar heç zaman ətrafdakılara təzyiq göstərmirlər və həmişə istənilən dinə məxsus olan insanlarla sülh münasibətində olmağa can atırlar... Onların arasında rüşvət alan, içki düşkünü və ya narkoman yoxdur, bunu izah etmək çox asandır: onlar, danışıqları və etdikləri hər bir işdə Müqəddəs Kitaba əsaslanan e’tiqadlarını rəhbər tutmağa çalışırlar. Əgər bütün dünyada yaşayan insanlar Yehovanın Şahidləri kimi Müqəddəs Kitaba müvafiq yaşamağa, heç olmasa, cəhd göstərsəydilər, bizim zalım dünyamız tamamilə başqa olardı” (“The Moscow Times”).
21 Bir ensiklopediyada deyilir: “İlk kilsə özünü, əvvəllər düşmənçilik edən yəhudilər və qeyri-yəhudilər arasında sülh və həmrə’ylik içində yaşayan yeganə yeni “bəşəriyyət” sanırdı (“Encyclopedia of Early Christianity”). Yehovanın Şahidləri də özlüyündə sülhsevər beynəlxalq qardaşlığı — həqiqi mə’nada yeni dünya cəmiyyətini təşkil edirlər (Efeslilərə 2:11-18; 1 Peter 5:9; 2 Peter 3:13). Pretoriyada (CAR) “Şou-Qraunds” stadionuna konqresə toplaşan müxtəlif irqdən olan Şahidləri nəzərdən keçirərək, həmin kompleksin mühafizə dəstəsinin rəisi qeyd etdi: “Onların hamısı mülayim idilər, bir-birləri ilə mehriban söhbət edir və gözəl əhval-ruhiyyədə idilər. Burada son bir neçə gün ərzində baş verən hadisələr şəhadət edir ki, sizin cəmiyyətin üzvləri çox gözəl insanlardır və onlar vahid xoşbəxt ailə kimi yaşayırlar”.
Həqiqəti öyrəndiklərinə görə xeyir-dua alıblar
22. Məsihçilərin ‘həqiqəti açıq e’lan etmələri’ sayəsində nə baş verir?
22 Pavel və başqa məsihçilər öz davranış və təbliğ fəaliyyətləri ilə ‘həqiqəti açıq e’lan etmişlər’ (2 Korinflilərə 4:2). Razı deyilsinizmi ki, Yehovanın Şahidləri də eyni işi görür və bütün xalqları həqiqətə öyrədirlər? Bütün dünyada insanlar Allaha həqiqətdə ibadət etməyə başlayır və “Rəbb evinin dağı”na daha çox sayda axışırlar (İşaya 2:2, 3). Hər il minlərlə insanlar özlərini Allaha həsr etdiklərinə işarə olaraq vəftiz olunurlar və nəticədə çoxlu yeni yığıncaqlar yaranır.
23. Bütün xalqları həqiqətə öyrədən kəslərə siz necə yanaşırsınız?
23 Yehovanın xidmətçiləri müxtəlif mənşəli insanlar olsalar da, onlar həqiqi ibadətdə birləşiblər. Göstərdikləri məhəbbət əsasında onları İsanın şagirdləri kimi tanıyırlar (Yəhya 13:35). Allahın həqiqətən də onların arasında olduğunu görürsünüzmü? (1 Korinflilərə 14:25). Bütün xalqları həqiqətə öyrədən kəslərə tərəfdarsınızmı? Əgər elədirsə, onda hər zaman həqiqətə görə minnətdar olun. Arzu edirik ki, siz əbədi olaraq bu yolda yeriməyə layiq olasınız.
Siz necə cavab verərdiniz?
• İlk məsihçilərlə Yehovanın Şahidlərinin ibadəti nədə oxşardır?
• Həqiqətdə yeriyənlər hansı yeganə dini bayramı qeyd edirlər?
• “Hakimlər” kimlərdir və məsihçilər onlara necə münasibət bəsləyirlər?
• Həqiqət birləşdirici tellərə necə çevrilir?
[17-ci səhifədəki şəkil]
Məsihçi görüşləri həqiqətdə yeriyənlər üçün həmişə xeyir-dua olmuşdur.
[18-ci səhifədəki şəkillər]
İsa davamçılarına onun qurbanlıq ölümünün Xatirə Gecəsini qeyd etməyi həvalə etdi.
[20-ci səhifədəki şəkil]
İlk məsihçilər kimi, Yehovanın Şahidləri “hakimlərə” hörmət edirlər.