Özünü Allahın məhəbbətində saxla!
«Sevimlilər, özünüzü... əbədi həyata gətirəcək... Allahın məhəbbətində saxlayın» (YƏHUDA 20, 21).
1, 2. Özümüzü Allahın məhəbbətində necə saxlaya bilərik?
YEHOVA bəşəriyyəti elə sevdi ki, vahid Oğluna iman edənlərin hamısının əbədi həyatı olsun deyə, onu qurban verdi (Yəhya 3:16). Belə bir məhəbbəti öz üzərimizdə hiss etmək necə də gözəldir! Əgər sən Yehovaya xidmət edirsənsə, əlbəttə ki, Onun məhəbbətini əbədiyyən duymaq istəyirsən.
2 Şagird Yəhuda özümüzü Allahın məhəbbətində necə saxlaya biləcəyimizi izah edir: «Özünüzü son dərəcə müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhla dua edin. Sizi əbədi həyata gətirəcək olan Rəbbimiz İsa Məsihin mərhəmətini gözləyərək, özünüzü Allahın məhəbbətində saxlayın» (Yəhuda 20, 21). Allahın Kəlamını öyrənməyin və xoş xəbərin təbliğində iştirak etməyin sayəsində, biz özümüzü «müqəddəs olan imanınızın», yə’ni məsihçi tə’limlərinin təməli üzərində inkişaf etdiririk. Allahın məhəbbətində qalmaq üçün «Müqəddəs Ruhla», yə’ni onun tə’siri altında dua etməliyik. Əbədi həyat mükafatını almaq üçün, İsa Məsihin fidiyə qurbanlığına da iman etməliyik (1 Yəhya 4:10).
3. Nəyə görə bə’ziləri artıq Yehovanın Şahidi deyillər?
3 İmana malik olanlardan bə’ziləri özlərini Allahın məhəbbətində saxlamamışlar. Çünki onlar günahlı həyat tərzini seçmiş və artıq Yehovanın Şahidi deyillər. Bundan qaçmaq necə mümkündür? Növbəti fikirlərin üzərində düşünmək günahdan qaçmağa və özümüzü Allahın məhəbbətində saxlamağa kömək edəcək.
Allaha məhəbbətini təzahür etdir
4. Allaha itaətkarlıq nə dərəcədə vacibdir?
4 Allaha məhəbbətini Ona itaətkar olmağınla göstər (Matta 22:37). Həvari Yəhya yazırdı: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəhya 5:3). Allaha itaətkar olmağı vərdiş etsən, bu sənə sınaqlara qarşı durmağa güc verəcək və sevincini qorumağa kömək edəcək. Məzmurçu yazırdı: ‘Pislərin məsləhəti ilə getməyən, ancaq Rəbbin qanunundan zövq alan nə bəxtiyardır’ (Məzmur 1:1, 2).
5. Yehovaya məhəbbət bizi nədən çəkindirəcək?
5 Yehovaya məhəbbət səni Onun adına ləkə gətirə bilən ciddi günahlardan çəkindirəcək. Aqur dua edirdi: «Məni nə yoxsul, nə də zəngin et, ancaq mənə gündəlik çörəyimi ver. Varlansam, “Rəbb kimdir?” deyə Sənə küfr edərəm, yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm» (Süleymanın məsəlləri 30:1, 8, 9). ‘Allahın adına ləkə’ gətirməməyə qəti qərarlı ol! Bütün hərəkətlərinlə Yehovanı izzətləndirməyə çalış (Məzmur 86:12).
6. İnsanın bilərəkdən günah işlətməsinin nəticəsi nə ola bilər?
6 Sevən səmavi Atamızın günah işlətmək meylinə qarşı dura bilməkdə sənə qüvvə verməsi üçün müntəzəm dua et (Matta 6:13; Romalılara 12:12). Allahın rəhbərliyinə riayət et ki, dualarına maneçilik törədilməsin (1 Peter 3:7). Bilərəkdən günah işlətsək, acı nəticələr əldə edərik. Çünki Yehova üsyankarlıq ruhu göstərənlərin dualarının qarşısını sanki buludlarla kəsir (Mərsiyələr 3:42-44). Buna görə də, təvazökarlıq göstər və Yehovadan xahiş et ki, əməllərindən heç biri dualarına əngəl törətməsin (2 Korinflilərə 13:7).
Allahın Oğluna məhəbbət təzahür etdir
7, 8. İsanın məsləhətinə riayət etmək günahlı həyat yolunu rədd etməyə necə kömək edəcək?
7 İsa Məsihə məhəbbətini onun əmrlərinə riayət etməklə göstər. Bu sənə günahlı həyat yolunu rədd etməyə kömək edəcək. İsa demişdir: «Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız» (Yəhya 15:10). İsanın sözlərinə müvafiq yaşamaq Allahın məhəbbətində qalmağımıza necə kömək edə bilər?
8 İsanın məsləhətinə ciddi yanaşmaq əxlaqi təmizliyi qorumağına kömək edəcək. Allahın İsrail xalqına verdiyi Qanunda deyilirdi: «Zina etmə» (Çıxış 20:14). İsa isə bu qanunun təməlini təşkil edən prinsipi açıqladı: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:27, 28). Həvari Peterin sözlərinə görə, onun dövründə yığıncaqda bə’zilərinin «gözlərində yalnız zinakar qadınlar vardı» və onlar ‘səbatsız canları yoldan çıxarırdılar’ (2 Peter 2:14). Lakin əgər sən Allahı və İsa Məsihi sevir, onlara itaət edir və onlarla dostluğunu qiymətləndirirsənsə, cinsi əxlaqsızlığa yol verməyəcəksən.
Qoy Yehovanın ruhu səni idarə etsin
9. Günahdan əl çəkməmək nəyə gətirib çıxara bilər?
9 Allahdan müqəddəs ruh dilə və onun sənə istiqamət verməsinə yol ver (Luka 11:13; Qalatiyalılara 5:19-25). Yehova günahından əl çəkməyənləri Öz ruhundan məhrum edir. Bat-Şeva ilə günah işlətdikdən sonra Davud Allaha yalvarırdı: «Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə» (Məzmur 51:11). Şaul padşah günahlarından tövbə etmədiyi üçün Allahın ruhundan məhrum oldu. O, yandırma qurbanı təqdim etdi, mal-qaraya heyfi gəlib onu tamamilə məhv etmədi və amaleqlilərin padşahını öldürmədi. Bu andan Yehova Öz müqəddəs ruhunu ondan aldı (1 Şamuel 13:1-14; 15:1-35; 16:14-23).
10. Nəyə görə günah işlətmək fikri heç ağlımızdan belə keçməməlidir?
10 Günah işlətmək fikri heç ağlımızdan belə keçməməlidir. Həvari Pavel yazırdı: «Həqiqəti dərk edib mənimsədikdən sonra qəsdən günah işləsək, günahlar üçün artıq qurban qalmaz» (İbranilərə 10:26-31). Bizlərdən kiminsə qəsdən günah işlətməyə başlaması necə də kədərli olardı!
Başqalarına əsl məhəbbət göstər
11, 12. Məhəbbət və hörmət cinsi əxlaqsızlıqdan necə çəkindirir?
11 İnsanlara məhəbbət səni cinsi əxlaqsızlıqdan çəkindirəcək (Matta 22:39). Belə məhəbbət, evli bir adamda özünə qarşı sevgi oyatmaq arzusundan ürəyimizi qorumağa təşviq edəcək. Çünki bu, ciddi günaha — zinaya gətirib çıxara bilər (Süleymanın məsəlləri 4:23; Yeremya 4:14; 17:9, 10). Saleh Əyyubdan nümunə götür. O öz arvadına sadiq idi və başqa qadınlara baxmırdı (Əyyub 31:1).
12 Bundan əlavə, nikahın müqəddəsliyinə hörmət ciddi günahdan qaçmağa kömək edir. Allah qanuni nikahı və cinsi əlaqəni dünyaya həyat gətirmək üçün nəzərdə tutub (Yaradılış 1:26-28). Yadda saxla ki, müqəddəs olan həyat cinsiyyət orqanları vasitəsilə ötürülür. Əxlaqsızlar və zinakarlar Allahın qanununu pozur, cinsi əlaqənin rolunu alçaldır, nikahın müqəddəsliyinə hörmətsizlik göstərir və öz bədənlərinə qarşı günah işlədirlər (1 Korinflilərə 6:18). Ancaq insanlara və Allaha məhəbbət, həmçinin Ona itaətkarlıq məsihçi yığıncağından kənar edilməyə gətirib çıxaran əməllərdən saxlayacaq.
13. Hansı mə’nada əxlaqsız adamın ‘var-yoxu əlindən gedir’?
13 Günahlı fikirləri özümüzdən qovmalıyıq ki, sonra doğmalarımıza acı çəkdirməyək. Süleymanın məsəlləri 29:3 ayəsində deyilir: «Fahişələrə aşna olanın əlindən var-yoxu gedər». Həyat yoldaşına xəyanət edən və tövbə etməyən adamın ‘var-yoxu əlindən gedir’, yə’ni o, Allahla dostluq və ailə telləri kimi dəyərli münasibətləri itirir. Həmin adamın arvadının boşanmaq üçün əsası vardır (Matta 19:9). Belə bir günahı ərin və ya arvadın işlətməsindən asılı olmayaraq, boşanma günahsız tərəfə, uşaqlara və başqalarına çoxlu əzablar gətirir. Əxlaqsız hərəkətin acı nəticələri hamıya mə’lumdur. Məgər bu bizi əxlaqi təmizliyimizi qorumağa təşviq etməməlidirmi?
14. Günahlı hərəkətlərə dair Süleymanın məsəlləri 6:30-35 ayələrindən hansı dərsi götürə bilərik?
14 Edilən xəyanətin əvəzinə heç nə vermək mümkün deyil və bu bizi var gücümüzlə belə bir iyrənc və xudbin hərəkətdən qaçmağa təşviq etməlidir. Süleymanın məsəlləri 6:30-35 ayələri göstərir ki, «qarnını doydurmaq üçün ac oğru oğurlarsa, kimsə onu qınamaz». Ancaq zina işlədən adama nifrət edərlər, çünki onun niyyəti pis idi. Zinakar ‘özünü [yə’ni həyatını] məhv edər’. Əgər bu insan Musanın qanununu altında yaşasaydı, onu öldürərdilər (Levililər 20:10). Belə adam öz ehtirasını tə’min etmək üçün, başqalarına əzab verir. Əgər o, tövbə etməsə, Allahın məhəbbətində qalmayacaq və məsihçi yığıncağının təmizliyinin qorunması üçün, ondan kənar ediləcəkdir.
Vicdanını təmiz saxla
15. ‘Sanki dağ basılmış’ vicdanla nə baş verir?
15 Allahın məhəbbətində qalmaq istəyiriksə, vicdanımızın günaha e’tinasız qalmasına yol verməməliyik. Sözsüz ki, biz bu dünyanın korlanmış əxlaq normalarını mənimsəməməliyik. Buna görə də, özümüzə ünsiyyət dairəsi, oxumaq üçün material və ya əyləncə seçərkən ehtiyatlı olmalıyıq. Həvari Pavel xəbərdarlıq edir: «Axır zamanlarda bə’ziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin tə’limlərinə qulaq asacaqlar. Bu tə’limlər yalançıların riyakarlığı ilə yayılır. Onların vicdanlarına sanki dağ basılmışdır» (1 Timoteyə 4:1, 2). ‘Sanki dağ basılmış’ vicdan, damğa basıldıqda həssaslığını itirmiş dəri kimidir. Belə vicdan insanı dönüklərdən və həqiqətdən uzaqlaşdıra biləcək vəziyyətlərdən çəkindirməyəcək.
16. Vicdanımızı təmiz saxlamaq nə üçün bu qədər vacibdir?
16 Xilas olmağımız vicdanımızın təmiz olub-olmamasından asılıdır (1 Peter 3:21). Məsihin tökülmüş qanına iman sayəsində vicdanımız ölüm gətirən işlərdən təmizlənmişdir ki, ‘yaşayan Allaha ibadət edə bilək’ (İbranilərə 9:13, 14). Bilərəkdən günah işlədəndə, vicdanımızı ləkələyir, Allahın gözündə natəmiz olur və artıq Ona xidmət etməyə yararsız oluruq (Titusa 1:15). Ancaq Yehovanın köməyilə biz vicdanımızı təmiz saxlaya bilərik.
Yanlış hərəkət tərzindən qaçmaq daha necə mümkündür?
17. Tamamilə Yehovanın ardınca getmək hansı faydanı gətirir?
17 Qədimdə yaşamış Kalev kimi sən də ‘tamamilə Rəbbin ardınca get’ (Qanunun təkrarı 1:34-36). Allahın tələblərini yerinə yetir və heç vaxt ‘cinlərin süfrəsinə ortaq olma’ (1 Korinflilərə 10:21). Dönüklüyü rədd et. Ruhani qidanı minnətdarlıqla yalnız Yehovanın süfrəsindən qəbul et. Onda yalançı müəllimlər və pis ruhi qüvvələr səni azdıra bilməyəcəklər (Efeslilərə 6:12; Yəhuda 3, 4). Bütün diqqətini ruhani işlərə — Müqəddəs Kitabı öyrənməyə, məsihçi görüşlərinə və təbliğ xidmətinə yönəlt. Tamamilə Yehovanın ardınca getməklə və Rəbbin işində tərəqqi etməklə, sən əsl xoşbəxtlik qazanacaqsan (1 Korinflilərə 15:58).
18. Allah qorxusu bizim davranışımıza necə tə’sir edəcək?
18 ‘Allaha məqbul ehtiram və ixlaskarlıqla xidmət et’ (İbranilərə 12:28). Allah qorxusu səni hər bir yanlış yoldan çəkindirəcək. Həmçinin Peterin məsh edilmiş məsihçilərə verdiyi məsləhətinə riayət etməyə kömək edəcək: «Əgər ayrı-seçkilik etməyərək, hər kəsi öz əməlinə görə mühakimə edən Allahı “Ata” deyə çağırırsınızsa, qürbəti andıran bu dünyadakı vaxtınızı Allah qorxusunda keçirin» (1 Peter 1:17).
19. Allahın Kəlamından öyrəndiklərini daim həyata keçirmək nə üçün lazımdır?
19 Allahın Kəlamından öyrəndiklərini həmişə öz həyatında tətbiq et. Bu sənə ciddi günahlardan qaçmağa kömək edəcək və sən ‘hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilənlərin’ arasında olacaqsan (İbranilərə 5:14). Düşüncəsiz söz və hərəkətlərə yol vermə, ayıq ol və bu pis günlərdə ‘hər fürsətdən istifadə edərək’ hikmətlə davran. ‘Rəbbin iradəsi nədirsə’, daim ‘onu qavra’ (Efeslilərə 5:15-17; 2 Peter 3:17).
20. Nəyə görə tamahkar olmamalıyıq?
20 Başqasına məxsus olan şeyləri acgözlüklə arzulama. On əmrdən birində deyilir: «Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə — heç bir şeyinə tamah salma» (Çıxış 20:17). Bu qanun insana məxsus olan hər şeyi — onun evini, arvadını, nökərlərini və heyvanlarını qoruyurdu. Ancaq ən vacibi isə odur ki, İsanın sözlərinə görə, tamah insanı murdar edir (Mark 7:20-23).
21, 22. Məsihçi günaha batmasın deyə hansı tədbirləri görə bilər?
21 Ehtiyat tədbiri gör ki, heç bir arzun günaha gətirib çıxarmasın. Şagird Yaqub yazmışdı: «Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur. Ehtiras isə boylu qalıb günah doğurur. Yetişən günah da ölüm törədir» (Yaqub 1:14, 15). Məsələn, əvvəllər spirtli içkilərdən sui-istifadə edən adam qərara gələ bilər ki, evində spirtli içki olmasın. Və ya əks cinsdən olan adamla günah işlətməmək üçün insan başqa şö’bəyə keçmək, yaxud da iş yerini dəyişmək qərarına gələ bilər (Süleymanın məsəlləri 6:23-28).
22 Günaha tərəf bircə addım belə atma. Eşqbazlıq və şəhvani xəyallar zinaya və ya əxlaqsızlığa gətirib çıxara bilər. Bir balaca yalan böyük yalana, sonra da yalan danışmaq vərdişinə çevrilə bilər. İnsan xırda oğurluqlara yol verə-verə, öz vicdanını elə kütləşdirər ki, nəticədə daha böyük oğurluğa əl ata bilər. Hətta kiçik bir şeydə belə, dönüklərin fikirlərinə göz yuman adam əvvəl-axır özü də qatı dönük ola bilər (Süleymanın məsəlləri 11:9; Vəhy 21:8).
Günah işlətdiyin halda
23, 24. 2 Salnamələr 6:29, 30 və Süleymanın məsəlləri 28:13 ayələrində hansı təsəlliverici sözlər var?
23 İnsanların hamısı qeyri-kamildir (Vaiz 7:20). Ancaq əgər sən ciddi günaha yol vermisənsə, Süleyman padşahın mə’bədin təntənəli açılış mərasimində etdiyi duadan təsəlli tapa bilərsən: «Kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu mə’bədə tərəf əllərini açsa, o vaxt Sən göydən Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən» (2 Salnamələr 6:29, 30).
24 Bəli, Allah insanın ürəyindəkiləri bilir və bağışlamağa hazırdır. Süleymanın məsəlləri 28:13 ayəsində deyilir: «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu e’tiraf edərək tərk edən mərhəmət tapar». Allahın lütfünü qazanmaq üçün insan tövbə etməli, günahını boynuna almalı və əməlindən dönməlidir. Bəs əgər sən ruhən zəifləmisənsə, Allahın məhəbbətində qalmaqda sənə daha nə kömək edəcək?
Siz necə cavab verərdiniz?
• Özümüzü Allahın məhəbbətində necə saxlaya bilərik?
• Allaha və Məsihə məhəbbət günaha batmamağa necə kömək edir?
• Başqalarına səmimi məhəbbət nəyə görə cinsi əxlaqsızlıqdan çəkindirir?
• Yanlış hərəkət tərzindən necə qaça bilərik?
[11-ci səhifədəki şəkil]
Şagird Yəhuda Allahın məhəbbətində necə qala biləcəyimizi izah edir.
[13-cü səhifədəki şəkil]
Boşanma təqsirsiz tərəfə və uşaqlara böyük zərbə vura bilər.