İsanı təqlid et. Allaha Onun istədiyi kimi ibadət et
Allah «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» insanları Ona xidmət etməyə məhəbbətlə dəvət edir (Vəhy 7:9, 10; 15:3, 4). Bu dəvəti qəbul edənlər ‘Rəbbin camalını’ görə bilərlər (Məz. 27:4; 90:17). Onlar məzmurçu kimi uca səslə Allaha həmd edərək deyirlər: «Gəlin Ona səcdə edək, əyilək, bizi yaradan Rəbbin hüzurunda diz çökək» (Məz. 95:6).
Yehovanın yüksək qiymətləndirdiyi ibadət
Allahın vahid Oğlu İsanın öz Atasının düşüncəsini, prinsiplərini və normalarını öyrənmək üçün geniş imkanları vardı. Buna görə də, İsa başqalarını həqiqi ibadətə əminliklə yönəldə bilərdi. O demişdi: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəh. 1:14; 14:6).
İsa Atasına həlimliklə tabe olmaqda mükəmməl nümunə qoymuşdu. O demişdi: «Özümdən bir şey etmirəm, amma bunları Atanın Mənə öyrətdiyi kimi söyləyirəm». Sonra əlavə etmişdi: «Mən daim Onun xoşuna gələn işləri görürəm» (Yəh. 8:28, 29). İsanın hansı əməlləri Atasının xoşuna gəlirdi?
İlk növbədə İsa Atasına tam sadiq idi və Allaha ibadət etməyin əsas məğzi elə bundan ibarətdir. İsa Atasına olan sadiqliyini, çox qurbanlar tələb etsə belə, Ona tabe olmaqla, iradəsini yerinə yetirməklə göstərmişdi (Filip. 2:7, 8). İsanın ibadətinin vacib hissəsindən biri müntəzəm olaraq şagird hazırlamaq işində iştirak etmək idi və buna görə də onu həm öz davamçıları, həm də ona iman gətirməyənlər Müəllim adlandırırdılar (Mat. 22:23, 24; Yəh. 3:2). Üstəlik, İsa başqalarına kömək etmək üçün çox vaxt və güc sərf etmişdi. Fədakar olduğuna görə onun özünə vaxtı qalmırdı, amma başqalarına xidmət etmək ona sevinc gətirirdi (Mat. 14:13, 14; 20:28). Çox məşğul olmasına baxmayaraq, İsa öz səmavi Atası ilə duada söhbət etmək üçün həmişə vaxt ayırırdı (Luka 6:12). Şübhə yoxdur ki, Allah İsanın ibadətini yüksək qiymətləndirirdi.
Allaha məqbul olmaq üçün səy göstərməliyik
Yehova Öz Oğlunun davranışına fikir vermiş və ondan məmnun olduğunu söyləmişdi (Mat. 17:5). İsanın sadiqliyi Şeytan İblisin də nəzərindən yayınmadı. Buna görə də, o, Şeytanın əsas hədəfinə çevrildi. Nə üçün? Çünki hələ heç bir insan Allaha Onun istədiyi və layiq olduğu kimi ibadət edərək tam itaətkarlıq göstərməmişdi. İblis istəyirdi ki, İsanı yalnız Yehovaya məxsus olan ibadətdən uzaqlaşdırsın (Vəhy 4:11).
İsanı yoldan çıxarmağa cəhd göstərərək, Şeytan şirnikdirici təkliflə ona yaxınlaşdı. O, İsanı «çox yüksək bir dağın zirvəsinə gətirdi və Ona dünyanın bütün ölkələrini və onların şan-şöhrətini göstərdi». Sonra dedi: «Əgər yıxılıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verərəm». İsa necə cavab verdi? O dedi: «Rədd ol, şeytan! Çünki yazılmışdır: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et”» (Mat. 4:8-10). Bəli, İsa dərk edirdi ki, Şeytanın təklifləri nə qədər xeyirli görünsə də, ona baş əymək bütpərəstlik olardı. O, Yehovadan başqa bir kimsəyə bir dəfə olsun belə, səcdə etmək fikrində deyildi.
Bizə gəldikdə isə, Şeytan ona ibadət edək deyə dünyanın bütün ölkələrini və onların şan-şöhrətini təklif etməyə də bilər. Amma hələ də səmimi məsihçilərin Allaha ibadətini pozmağa çalışmaqdadır. İblis istəyir ki, biz kiməsə, yaxud nəyəsə ibadət edək (2 Kor. 4:4).
Məsih İsa həyatının sonunadək Allaha sadiq qaldı. Yehovanın qarşısında nöqsansızlığını qoruyaraq, Onu heç bir insanın etmədiyi tərzdə izzətləndirdi. Həqiqi məsihçilər olan bizlər Yaradanımıza ibadəti hər şeydən üstün tutaraq İsanın sadiq həyat yolunu izləməyə çalışırıq. Həqiqətən də, Allahla yaxşı münasibətimiz malik olduğumuz ən dəyərli şeydir.
Allaha məqbul ibadətin gətirdiyi xeyir-dualar
«Allahın yanında təmiz və ləkəsiz» ibadət bir çox xeyir-dualar gətirir (Yaq. 1:27). Biz getdikcə daha çox insanların «xudbin, pulpərəst, lovğa» və «yaxşılığın düşməni» olduğu bir dövrdə yaşayırıq (2 Tim. 3:1-5). Amma Allahın xalqı arasında olan bizlər Allaha ibadət etmək üçün Onun normalarına riayət etməyə çalışan təmiz və əxlaqlı insanlarla ünsiyyət etmək şərəfinə malikik. Məgər bu, təravət mənbəyi deyilmi?
Özümüzü bu dünyadan ləkəsiz saxlamaqla daha bir xeyir-dua alırıq — vicdanımız təmiz olur. Biz Allahın ədalətli prinsiplərinə tabe olaraq və Onun qanunlarına zidd getməyən Qeysərin qanunlarına itaət edərək vicdanımızı təmiz saxlamaq istəyirik (Mark 12:17; Həv. iş. 5:27-29).
Allaha bütün ürəklə ibadət etmək başqa xeyir-dualar da gətirir. Fikrimizi özümüzün deyil, Allahın iradəsini yerinə yetirməyə yönəldəndə həyatımız mənalı və məmnunedici olur. Biz «gəlin yeyək və içək, çünki sabah öləcəyik» demirik, çünki yerüzü Cənnətdə əbədi yaşamağa möhkəm ümidimiz var (1 Kor. 15:32).
«Vəhy» kitabında yazıldığına görə, tezliklə elə bir vaxt gələcək ki, Yehovanın qarşısında təmiz adı qoruyub saxlayan insanlar ‘böyük məşəqqətdən çıxacaqlar’. Orada deyilir ki, «taxtda Oturan... Öz çadırını onların üzərində quracaqdır» (Vəhy 7:13-15). Taxta oturan kainatda ən izzətli Şəxs olan Yehova Allahın Özüdür. Təsəvvür et: O, səni Öz çadırına qonaq alır və qayğına qalaraq müdafiə edir ki, sənə heç bir zərər dəyməsin — bu necə də sevindirici olacaq! Müəyyən mənada Allah bu gün də bizi müdafiə edir və qayğımıza qalır.
Üstəlik, Allaha məqbul şəkildə ibadət edənlər barədə onların ‘həyat sularının qaynaqlarına aparıldığı’ deyilir. Bu təravətli qaynaqlar əbədi həyatı almağımız üçün Yehovanın təqdim etdiyi hər bir şeyi təmsil edir. Bəli, Məsihin fidiyə qurbanlığı sayəsində «Allah onların gözlərindən hər yaşı siləcəkdir» (Vəhy 7:17). Bəşəriyyət kamilliyə aparılacaq, bu isə yer üzündə əbədi yaşamaq ümidi olanlara sözlə təsvir olunmaz sevinc gətirəcək. Hətta bu gün də Allahın xoşbəxt xidmətçiləri sevincdən nida edib, göylərdə: «Ey Küll-İxtiyar Rəbb Allah! Sənin əməllərin böyük və xariquladədir. Ey millətlərin Hökmdarı! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən. Bütün xalqlar gələcək və Sənin önündə səcdə edəcəklər; çünki Sənin adil işlərin izhar olundu», — deyə mahnı oxuyan varlıqlarla birgə Yehovaya ibadət edərək Ona səmimi minnətdarlıqlarını bildirirlər (Vəhy 15:3, 4).
[27-ci səhifədəki şəkil]
Şeytan ona ibadət etməyimiz üçün bizə nə təklif edir?