- 
	                        
            
            Pasxa axşamında təvazökarlıq dərsiİsa Məsihin həyatı və xidməti
 - 
                            
- 
                                        
Bir azdan bu yolçular şəhərə girib Pasxa bayramını qeyd edəcəkləri evə tərəf addımlayırlar. İsagil evə çatıb, onlar üçün hazırlanmış üst mərtəbədəki böyük otağa qalxırlar. İsa bu günü səbirsizliklə gözləyirdi. O deyir: «Əzab çəkməzdən əvvəl bu pasxa yeməyini sizinlə yeməyi çox arzulayırdım».
Adətə görə, Pasxa bayramı qeyd edilərkən dörd cam şərab içilirdi. İsa, güman ki, üçüncü camı götürəndə şükür edir və deyir: «Bu camı alıb bir-birinizə ötürün. Çünki Allahın padşahlığı gəlməyincə mən bir daha üzüm meynəsinin məhsulundan içməyəcəyəm».
Bu arada İsa süfrə arxasından qalxıb əbasını soyunur, bir dəsmal götürür və ləyənə su tökür. Adətən, evə qonaq gələndə onun ayağını yumaq məsuliyyəti ev sahibinin üzərinə düşürdü. Bu bayram mərasimində ev sahibi iştirak etmədiyindən İsa bu məsuliyyəti öz üzərinə götürür. Bunu həvarilərdən hər biri edə bilərdi, amma, görünür, ürəklərində rəqabət hissi olduğundan heç biri qabağa çıxmır. İsa onların ayaqlarını yuyanda isə utanırlar.
İsa Peterə yaxınlaşanda o etiraz edir:
— Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan.
— Yumasam, yanımda sənə yer yoxdur.
— Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu.
— Çimmiş adam tərtəmizdir, təkcə ayaqlarını yusa bəsidir. Siz də təmizsiniz, amma hamınız yox. Bunu ona görə deyir ki, Yəhuda İskariotun onu satacağını bilirdi.
İsa, satqın Yəhuda İskariot da daxil olmaqla, 12 həvarisinin ayağını yuyur, sonra əbasını geyib yenidən süfrəyə əyləşir. O, onlardan soruşur: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? Siz mənə “Müəllim”, “Ağa” deyirsiniz və düz edirsiniz, bu, elədir ki var. Əgər mən, Ağa və Müəllim ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın. Bunu bilin, nökər ağasından artıq deyil və göndərilən də onu göndərəndən artıq deyil. Madam ki, bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız».
 
 - 
                                        
 
- 
	                        
            
            Xatirə gecəsiİsa Məsihin həyatı və xidməti
 - 
                            
- 
                                        
Fəsil 114
Xatirə gecəsi
İSA MƏSİH həvarilərin ayağını yuyub qurtardıqdan sonra onlara Müqəddəs Yazılardan Məzmur 41:9 ayəsini sitat gətirir: «Mənimlə çörək kəsən mənə xəyanət etdi». Bu sözlərdən sonra o, daxilən həyəcan keçirir və bəyan edir: «Sizlərdən biri məni satacaq».
Bunu eşidəndə həvariləri qəm-qüssə bürüyür və bir-bir ondan soruşurlar: «Ağa, bu mən deyiləm ki?» Hətta Yəhuda İskariot da bu sualı verir. İsanın yanında əyləşən Yəhya ona tərəf əyilib soruşur: «Ağa, sən kimi deyirsən?»
İsa cavab verir: «O adam mənimlə bir qabdan yeyən on iki həvaridən biridir. Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi, gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı». Bundan sonra Şeytan Yəhudanın ürəyinin korlandığından istifadə edərək yenidən onun qəlbinə girir. Bir qədər sonra İsa yerində olaraq Yəhudanı «həlaka məhkum edilmiş adam» adlandırır.
O, Yəhudaya deyir: «Nə edəcəksənsə, tez elə». O biri həvarilər İsanın nəyi nəzərdə tutduğunu başa düşmürlər. Pul qutusu Yəhudada olduğu üçün bəziləri elə bilir ki, İsa ona: «Bayram üçün lazım olan şeyləri al», — deyir, yaxud da gedib kasıblara bir şey paylamağı tapşırır.
Yəhuda gedəndən sonra İsa sadiq həvariləri ilə yeni bir bayram, Xatirə Gecəsini təsis edir. O, çörək götürür, Allaha şükür edir, çörəyi bölür və həvarilərə verərək deyir: «Götürün, yeyin». Sonra izah edir: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin».
Onların hər biri bu çörəkdən yeyir. Sonra İsa əlinə şərab camını götürür. İsa yenə də Allaha şükür edir, camı həvarilərinə ötürür və xahiş edir ki, ondan içsinlər. O deyir: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir».
Beləliklə, bu, İsanın ölümünün Xatirə Gecəsidir. İsanın dediyi kimi, onu hər il nisanın 14-ü yad etmək lazımdır. Bu hadisə Xatirə Gecəsində iştirak edənlərə İsanın və onun Atasının bəşəriyyəti ölümün pəncəsindən qurtarmaq üçün nələr etdiklərini xatırladacaqdı. İsanın əslən yəhudi olan davamçıları üçün bu mərasim Pasxanı əvəz edəcəkdi.
İsanın tökülən qanı vasitəsilə qüvvəyə minən yeni əhd köhnə Qanun əhdini əvəz edir. İsa Məsih Yehova Allahla 144 000 məsh olunmuş məsihçilər arasında vasitəçi rolunu oynayır. Yeni əhd günahların bağışlanması ilə yanaşı, yeni bir xalqın — padşah-kahinlərdən ibarət səmavi xalqın təşkil olunmasına imkan yaradır. Matta 26:21—29; Mark 14:18—25; Luka 22:19—23; Yəhya 13:18—30; 17:12; 1 Korinflilərə 5:7.
▪ İsa bir yoldaşı ilə bağlı Müqəddəs Yazılardan hansı ayəni sitat gətirir və nəyi bəyan edir?
▪ Həvarilər nəyə görə kədərlənirlər və hər biri nə soruşur?
▪ İsa Yəhudaya nə deyir və o biri həvarilər bunu necə başa düşürlər?
▪ Yəhuda gedəndən sonra İsa hansı mərasimi təsis edir və bu mərasim hansı məqsədə xidmət edir?
▪ Yeni əhd kimlər arasında bağlanır və bunun sayəsində nə mümkün olur?
 
 - 
                                        
 
- 
	                        
            
            Mübahisə qalxırİsa Məsihin həyatı və xidməti
 - 
                            
- 
                                        
Fəsil 115
Mübahisə qalxır
BİR AZ əvvəl İsa həvarilərinin ayaqlarını yumaqla onlara gözəl təvazökarlıq dərsi verib. Bunun ardınca o, yaxınlaşan ölümünün Xatirə Gecəsini təsis edir. İndi, bütün bunların müqabilində, çox qəribə bir hadisə baş verir. Həvarilər arasında kimin ən böyük olduğu barədə qızğın mübahisə düşür. Görünür, bu çoxdankı mübahisənin davamıdır.
Xatırlayaq ki, dağda İsanın görkəminin dəyişməsi hadisəsindən sonra da həvarilər kimin böyük olduğu barədə mübahisə qaldırmışdılar. Bundan əlavə, Yaqubla Yəhya İsadan səmavi Padşahlıqda onlara şərəfli yer verməyi istəmişdilər və bu, həvarilərin arasında böyük mübahisəyə səbəb olmuşdu. Təsəvvür edirsiniz, indi həvarilərlə keçirdiyi bu son gecədə onların bir-biri ilə didişməsini görmək İsa üçün nə qədər ağırdır? Bəs o nə edir?
Bu hərəkətlərinə görə həvariləri danlamaq əvəzinə, İsa yenə də səbirlə onları başa salır: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami kimi göylərə ucaldırlar. Siz isə belə olmamalısınız... Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən? Məgər böyük, süfrədə oturan deyil?» Onlara verdiyi nümunəni xatırladaraq deyir: «Mən isə aranızda qulluq edirəm».
Həvarilər qeyri-kamil olmalarına baxmayaraq, İsanın qarşılaşdığı sınaqlarda ona sadiq qalmışlar. Buna görə də İsa deyir: «Atam mənimlə padşahlığa aid əhd bağladığı kimi, mən də sizinlə padşahlığa aid əhd bağlayıram». İsanın bu sadiq davamçıları ilə bağladığı əhd sayəsində onlar Allahın Padşahlığında onunla birgə hakimiyyət sürəcəklər. Bu padşahlıq əhdinə nəhayətdə 144 000 adam qəbul ediləcək.
Həvarilərə Padşahlıqda Məsihlə birgə hakimiyyət sürmək ənamı bəxş ediləcəyi halda, indi onlar ruhani cəhətdən zəifdirlər. İsa deyir: «Bu gecə başıma gələcək hadisələrə görə hamınız məndən üz döndərəcəksiniz». Bunun ardınca Peterə onun üçün dua etdiyini bildirir və ona tapşırır: «Sən də qayıdanda qardaşlarına ürək-dirək ver».
Sonra İsa həvarilərə deyir: «Balalarım, artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm: siz getdiyim yerə gələ bilməzsiniz. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz».
— Ağa, sən hara gedirsən? — Peter soruşur.
— Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən.
— Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm.
— Mənim yolumda canını verərsən? Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan.
Peter dərhal cavab verir: «Mənə səninlə birgə ölmək lazım gəlsə belə, səni əsla danmaram». Digər həvarilər də belə deyirlər, Peter isə lovğalanır: «Hamı səndən üz döndərsə də, mən əsla səndən üz döndərmərəm!»
İsa həvarilərini Qalileyaya təbliğə göndərəndə onlara kisə və heybə götürməməyi tapşırdığını yadlarına salaraq soruşur:
— Bir şeydə korluq çəkdiniz?
— Xeyr! — onlar cavab verirlər.
— İndi isə pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan əbasını satıb qılınc alsın. Bunu bilin ki, mənim haqqımda yazılmış: «Cinayətkarlara tay tutuldu», — sözləri yerinə yetməlidir. Çünki haqqımda yazılanlar artıq həyata keçir.
İsa cinayətkarlarla birgə dirəyə mıxlanacağı vaxtdan danışır. O həmçinin bildirir ki, bunun ardınca onun davamçıları ciddi təqiblərə məruz qalacaqlar. Onlar deyirlər: «Ağa, burada iki qılınc var».
İsa deyir: «Kifayətdir». Qabaqda görəcəyik ki, yanlarında qılınc olmasından istifadə edərək İsa onlara daha bir mühüm ibrət dərsi verir. Matta 26:31—35; Mark 14:27—31; Luka 22:24—38; Yəhya 13:31—38; Vəhy 14:1—3.
▪ Həvarilərin mübahisəsi nəyə görə qəribədir?
▪ İsa bu mübahisəni necə yoluna qoyur?
▪ İsanın şagirdləri ilə bağladığı əhd sayəsində nə mümkün olur?
▪ İsa hansı yeni əmri verir və bu əmr nə dərəcədə vacibdir?
▪ Peter özünə arxayın olduğunu necə göstərir və İsa ona nə deyir?
▪ Nəyə görə İsa həvarilərinə indi kisə və heybə götürməyi tapşırır?
 
 - 
                                        
 
- 
	                        
            
            Ayrılmaq ərəfəsindəİsa Məsihin həyatı və xidməti
 - 
                            
- 
                                        
Fəsil 116
Ayrılmaq ərəfəsində
ŞAM YEMƏYİ başa çatmaq üzrədir. İsa həvariləri ilə yuxarı otaqdadır. O, tezliklə onlardan ayrılacaq. Ancaq hələ deyiləsi çox sözü var. İsa onlara deyir: «Qoy ürəyiniz narahat olmasın. Allaha da iman edin, mənə də».
«Atamın evində qalmağa yer çoxdur, — deyə İsa açıqlayır. — Mən sizin üçün yer hazırlamağa gedirəm... Siz mənim yanımda olacaqsınız. Siz getdiyim yerin yolunu bilirsiniz». Amma həvarilər İsanın göyə gedəcəyindən bəhs etdiyini anlamırlar. Buna görə də Tomas soruşur: «Ağa, biz sənin hara getdiyini bilmirik, bəs yolu haradan bilək?»
İsa cavab verir: «Yol, həqiqət və həyat mənəm. Mənsiz heç kəs Atanın yanına gələ bilməz». Bəli, yalnız İsanın Allahın niyyətindəki rolunu qəbul edən və nümunəsini izləyən insan onun Atasının evinə girə bilər.
Filip ondan xahiş edir: «Ağa, bizə Atanı göstərsən, bəsimizdir». Qədimdə Allah Musaya, İlyasa və Yeşayaya görüntülərdə görünmüşdü. Yəqin, Filip də istəyir ki, İsa onlara Allahı bu cür göstərsin. Lakin həvarilər daha çox şey görüblər. İsa deyir: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb».
İsa Atasının şəxsiyyətini o dərəcədə mükəmməl əks etdirir ki, onunla olmaq və onu müşahidə etmək Allahı görməyə bərabərdir. Ancaq Ata Oğuldan qat-qat üstündür. İsa özü də bunu etiraf edir: «Sizə dediyim sözləri özümdən demirəm». Bəli, o verdiyi təlimlərin mənbəyinin səmavi Atası olduğunu təsdiq edir.
İsanın növbəti sözləri, şübhəsiz, həvarilərə qol-qanad verir: «Mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək». Bu o demək deyil ki, həvarilər İsanın möcüzələrindən də böyük möcüzələr göstərəcəklər. Xeyr, İsa demək istəyir ki, onlar ondan da çox müddət ərzində, daha çox ərazidə və daha çox insana təbliğ edəcəklər.
İsa gedəndən sonra həvarilərini başlı-başına buraxmayacaqdı. O vəd edir: «Mənim adım naminə nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm». Bundan əlavə, İsa deyir: «Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi verəcək; o, əbədiyyən sizinlə olacaq. Bu köməkçi həqiqət ruhudur». Göyə qalxandan sonra İsa həmin köməkçini, yəni müqəddəs ruhu həvarilərinin üzərinə tökür.
Artıq vaxt yaxınlaşır, bir azdan İsa həvarilərdən ayrılacaq. O deyir: «Bir azdan dünya artıq məni görməyəcək». İsa heç kimin görə bilməyəcəyi ruhani şəxsiyyət olacaq. Bununla belə, o, yenidən sadiq həvarilərinə söz verir: «Siz isə görəcəksiniz, mən yaşadığım üçün siz də yaşayacaqsınız». Bəli, İsa dirildikdən sonra onlara cismani bədəndə görünəcək və vaxtı gələndə onları göydə ruhani varlıqlar kimi yaşamaları üçün dirildəcək.
İndi isə İsa sadə bir düstur verir: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm».
Bu zaman Taday ləqəbli Yəhuda söhbətə qoşulur: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?»
İsa cavab verir: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək... Məni sevməyən isə sözümə əməl etmir». Məsihin itaətkar davamçılarından fərqli olaraq, dünya onun təlimlərini qəbul etmir. Buna görə də İsa özünü dünyaya göstərmir.
Yer üzündəki xidməti ərzində İsa həvarilərinə çox şey öyrədib. Bəs onlar bütün bu şeyləri necə yada salacaqlar? Axı onlar hələ çox şeyi başa düşmürlər. İsa vəd edir: «Köməkçi, yəni Atanın mənim adım naminə göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq».
«Sizə qəlb rahatlığı verirəm, öz qəlbimdəki rahatlığı sizə bağışlayıram, — deyə yenə də onları ruhlandırır, — qoy ürəyiniz narahat olmasın, qorxmayın... Məni sevsəydiniz, Atamın yanına getdiyimə sevinərdiniz, axı Ata məndən böyükdür».
İsanın vaxtına çox az qalıb. O deyir: «Artıq sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur». Bu dünyanın hökmdarı Yəhuda İskariotun ürəyinə girib onu ələ keçirən Şeytan İblisdir. İsanı isə o, Allahdan döndərə bilməz, çünki İsada günaha zərrə qədər də olsun, meyil yoxdur.
Ata-oğul münasibəti
Şam yeməyindən sonra İsa həvariləri ilə dostyana söhbətini davam etdirərək onları ruhlandırır. Ehtimal ki, gecəyarısıdır. Buna görə də İsa həvarilərə: «Durun gedək»,— deyir. Lakin getməzdən əvvəl onlara maraqlı bir nümunə çəkir:
«Mən həqiqi üzüm meynəsiyəm, Atam isə bağbandır». Dahi «bağban» Yehova Allah bu simvolik meynəni eramızın 29-cu ilində İsanı müqəddəs ruhla vəftiz edərkən əkmişdi. Ancaq meynə təkcə İsanı təmsil etmir. İsa deyir: «O, məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır ki, onlar daha çox bar gətirsin... Necə ki, budaq meynənin üstündə olmasa, öz-özündən meyvə verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız, bar gətirə bilməyəcəksiniz. Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız».
Əllinci gün bayramında, düz 51 gün sonra, müqəddəs ruh həvarilərin və başqa şagirdlərin üzərinə tökülür və onlar «meynənin budaqları» olurlar. Nəhayətdə 144 000 insan simvolik üzüm meynəsinin budaqları olacaqdılar. Bu budaqlar üzüm gövdəsini simvolizə edən İsa Məsihlə birləşərək Allahın Padşahlığının meyvəsini gətirən meynəni təşkil edirlər.
İsa həvarilərinə nəyin sayəsində bar gətirə biləcəklərini göstərir: «Kim mənimlə vəhdətdədir, mən də onunla vəhdətdəyəm və o adam çoxlu bar gətirir. Siz məndən ayrı heç nə edə bilməzsiniz». Bar gətirməyən adam isə «budaq kimi kəsilib atılır və quruyur. Belə budaqları yığıb oda atır və yandırırlar». İsa vəd edir: «Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək».
Bunun ardınca İsa həvarilərinə deyir: «Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şöhrətlənir». Allahı şöhrətləndirən bar nədir? İlk növbədə, şagirdlər Məsihin xüsusiyyətlərini, ələlxüsus da məhəbbətini təzahür etdirməlidirlər. Bundan əlavə, şagirdlər Məsih kimi Allahın Padşahlığını təbliğ etməli və şagird hazırlamalıdırlar.
Sonra İsa onları təşviq edir: «Mənim məhəbbətimdə qalın». Bəs həvarilər onun məhəbbətində necə qala bilərlər? «Əmrlərimi yerinə yetirsəniz, mənim məhəbbətimdə qalacaqsınız». İsa deyir: «Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin. Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur».
Bir neçə saatdan sonra İsa öz həyatını həvariləri və ona iman gətirəcək hər bir insan uğrunda qurban verməklə misilsiz məhəbbətini təzahür etdirəcək. Onun davamçıları bu məhəbbət nümunəsini izləyərək bir-birilərini fədakarcasına sevməlidirlər. Bu məhəbbət sayəsində kimlərin İsanın həqiqi davamçısı olduğu bəlli olacaq. Axı İsa demişdir: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz».
İndi İsa öz dostlarını tanıdır: «Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız. Mən artıq sizə qul demirəm, çünki qul ağasının işlərindən bixəbərdir. Lakin mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim».
İsanın yaxın dostu olmaq, həqiqətən də, böyük şərəfdir! Lakin bu dostluğu qoruyub saxlamaq üçün onun davamçıları «daima bar gətirməlidirlər». Bəs bunun mükafatı nə olacaq? İsa deyir: «Atam mənim adım naminə dilədiyiniz hər şeyi sizə [verəcək]». Bəli, Allahın Padşahlığının bəhrəsini gətirənlər üçün bu böyük mükafatdır! İsa yenə də həvarilərini bir-birilərini sevməyə təşviq edir və deyir ki, dünya onlara nifrət edəcək. Sonra onlara ürək-dirək verir: «Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib». İsa dünyanın onlara qarşı nifrətinin səbəbini açıqlayır: «Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi. Mən sizi seçdiyim üçün siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir».
İsa bunun daha bir səbəbini göstərir: «Bütün bunları mənim adıma görə başınıza gətirəcəklər, çünki onlar məni göndərəni [Yehova Allahı] tanımırlar». İsa belə adamlar haqda deyir: «Onların arasında misli görülməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq mənim işlərimi gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər». Başqa sözlə, İsanın göstərdiyi möcüzələr ona nifrət edənləri mühakimə edir. Beləcə, İsanın dediyi kimi, bu peyğəmbərlik yerinə yetir: «Mənə nahaqdan nifrət etdilər».
İsa yenidən həvariləri ruhlandırır, onlara köməkçi, yəni Allahın fəal qüvvəsi olan müqəddəs ruhu göndərəcəyini vəd edir: «Atadan çıxan həqiqət ruhu gələndə mənim haqqımda şəhadət verəcək. Siz də mənim haqqımda şəhadət verməlisiniz».
Həvariləri qabaqda nə gözləyir?
İsagil hələ də bayramı qeyd etdikləri otaqdadırlar. İsa sözünə davam edərək deyir: «Bunları sizə ona görə söylədim ki, imanınız zəifləməsin». Sonra onlara ciddi bir xəbərdarlıq söyləyir: «Sizi sinaqoqlardan qovacaqlar. Elə bir vaxt gəlir ki, sizi öldürən hər kəs bu yolla Allaha xidmət etdiyini düşünəcək».
Şübhəsiz, bu sözlər həvariləri sarsıdır. Hərçənd İsa əvvəllər də demişdi ki, dünya onlara nifrət edəcək, amma öldürüləcəklərini ilk dəfə belə açıq söyləyir. O deyir: «Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim». İsanın ayrılmazdan əvvəl həvarilərinə verdiyi bu xəbərdarlıq lap yerinə düşür.
İsa davam edir: «İndi məni göndərənin yanına gedirəm, amma biriniz də soruşmursunuz ki, hara gedirsən?» Onlar bu axşam artıq bu sualı vermişdilər. Amma İsanın indiki sözləri onları o qədər sarsıdıb ki, daha bu haqda soruşa bilmirlər. İsa bunu başa düşür və deyir: «Bunları dediyimə görə qəm dəryasına batmısınız». Həvariləri təkcə şiddətli təqiblərə məruz qalaraq öləcəkləri yox, həm də Ağalarının onlardan ayrılması kədərləndirir.
Buna görə də İsa deyir: «Getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm». İsa yer üzündə yaşayarkən yalnız müəyyən bir yerdə ola bilir, amma göyə qalxdıqdan sonra davamçıları harada olursa-olsunlar onlara köməkçini, Allahın müqəddəs ruhunu göndərə biləcək. Buna görə də İsa deyir ki, getməyi onların xeyrinədir.
İsa həm də deyir ki, müqəddəs ruh dünyaya «günah, salehlik və hökm haqqında inandırıcı dəlillər gətirəcək». Allahın Oğluna iman gətirməməklə dünyanın törətdiyi günah aşkara çıxacaq; İsanın öz Atasının yanına qayıtması onun saleh olduğunu təsdiq edəcək; Şeytanın və onun əlində olan pis dünyanın İsanı sındıra bilməməsi bu dünyanın hökmdarına hökm kəsildiyinə təkzibedilməz dəlillərdir!
İsa sonra deyir: «Sizə hələ deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz». Buna görə də İsa vəd edir ki, onlara Allahın fəal qüvvəsi olan müqəddəs ruhu verəndə hər bir həvari bu şeyləri bacardığı qədər dərk edə biləcək.
Həvarilər hələ də İsanın öləcəyini və dirildikdən sonra onlara görünəcəyini anlamırlar. Buna görə də bir-birindən soruşurlar: «Görəsən, o: “Bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz, çünki Atamın yanına gedirəm”, — sözləri ilə nə demək istəyir?»
İsa həvarilərin başında sual dolandığını görüb onlara deyir: «Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək; kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək». Həmin gün günortadan sonra İsa edam edildikdə din rəhbərləri sevinirlər, şagirdlər isə kədərə qərq olurlar. İsa diriləndə isə onların kədəri sevincə çevrilir. Əllinci gün bayramında şagirdlər bir daha sevinirlər. Çünki İsa Allahın müqəddəs ruhunu şagirdlərin üzərinə tökməklə onlara onun şahidləri olmaq hüququ verir.
İsa həvarilərin vəziyyətini doğuş sancıları başlamış hamilə qadınla müqayisə edir: «Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib». Lakin İsa onu da qeyd edir ki, uşaq doğulandan sonra qadın bu ağrıları unudur. O, həvarilərinə toxtaqlıq verir: «Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə [mən diriləndə] ürəyiniz sevinəcək və heç kəs sevincinizi əlinizdən almayacaq».
Maraqlıdır ki, həvarilər o günədək İsanın adı naminə Allahdan heç nə diləməyiblər. İndi isə o onlara deyir: «Atadan mənim adım naminə nə istəsəniz, sizə verəcək... Atanın Özü sizi sevir, çünki siz məni sevmisiniz və məni Atanın göndərdiyinə və Onun nümayəndəsi olduğuma inanmısınız. Mən Atanın yanından çıxıb dünyaya gəldim. İndi isə dünyanı tərk edib Atamın yanına gedirəm».
Bəli, İsanın bu sözləri həvariləri çox möhkəmləndirir. Onlar deyirlər: «Buna görə də biz inanırıq ki, səni Allah göndərib». İsa soruşur: «Hələ indi inandınız? Elə bir vaxt gəlir ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız». Bu sözlər nə qədər inanılmaz görünsə də, həmin gecə yerinə yetir.
«Bunu sizə ona görə dedim ki, mənim sayəmdə qəlb rahatlığı tapasınız». İsa söhbətini belə qurtarır: «Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim». Şeytan və onun dünyası İsanı salehlik yolundan döndərməyə nə qədər çalışsa da, İsa Allaha sadiq qalmaqla dünyaya qalib gəldi!
Ayrılmazdan əvvəl son dua
İsa bir azdan həvarilərindən ayrılacaq. O, onları dərin məhəbbətlə sevir və bu son saatlarda onlara zəruri tövsiyələr verir və onları ruhlandırır. İndi isə İsa gözlərini göyə qaldırıb Atasına dua edir: «Oğlunu şöhrətləndir ki, oğlun da Səni şöhrətləndirsin. Axı Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin ki, o, Sənin ona verdiyin adamların hamısını əbədi həyata qovuşdursun».
Əbədi həyat! İsa çox önəmli bir mövzuya toxunur. «Bütün bəşəriyyət üzərində hakimiyyət» alan İsa ölümə məhkum bəşəriyyətin fidyə qurbanlığından bəhrələnməsinə imkan yaradır. Əbədi həyatı isə yalnız Allahın münasib bildiyi adamlara bəxş edir. Bəs əbədi həyata layiq görülmək üçün nə tələb olunur? İsa duasında deyir:
«Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır». Bəli, əbədi həyata qovuşmaq üçün Allah və Onun Oğlu barədə dəqiq biliyə yiyələnməliyik. Amma təkcə bilik kifayət deyil.
Allahı və İsa Məsihi yaxından tanımaq və onlarla dostlaşmaq gərəkdir. Onların baxışlarını mənimsəməli və hər şeyə onlar kimi baxmalıyıq. Üstəlik, başqaları ilə münasibətdə onların misilsiz xüsusiyyətlərini təqlid etməyə çalışmalıyıq.
İsa davam edir: «Mən Səni yerdə şöhrətləndirdim və mənə tapşırdığın işi başa çatdırdım». Həmin dəqiqəyədək İsa ona verilən bütün tapşırıqları yerinə yetirmişdi və axıradək yerinə yetirəcəyinə əmindir. Buna görə də xahiş edir: «İndi isə Ata, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şöhrətlə məni şöhrətləndir». İsa xahiş edir ki, diriləndən sonra Allah əvvəlki şöhrətini ona qaytarsın.
İsa yerdəki işinin məğzini yekunlaşdıraraq deyir: «Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım. Onlar Səninki idilər, Sən onları mənə verdin və onlar Sənin sözünə əməl edirlər». İsa xidmətdə Allahın adını, Yehova adını işlədirdi və bu adın düzgün tələffüzünü göstərirdi. Həvarilərinə isə bu adı bildirməklə yanaşı, Yehova Allahın şəxsiyyəti və niyyəti barədə biliklərini artırırdı.
Yehova Allah İsanın Ali Hökmranıdır və İsa Ona ürəkdən tabe olur. O, təvazökarlıqla deyir: «Mənə verdiyin sözləri onlara çatdırdım. Onlar bu sözləri qəbul etdilər və mənim Sənin yanından gəldiyimi aydın dərk etdilər, inandılar ki, məni Sən göndərmisən».
İsa davamçılarını digər insanlardan ayırır. O deyir: «Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram... Mən onlarla olanda, mənə verdiyin adının xatirinə gözüm onların üstündə idi... Mən onları qorudum, heç biri itmədi. Yalnız həlaka məhkum edilmiş adam [Yəhuda İskariot] məhv oldu». İsa bu sözləri deyən zaman Yəhuda İskariot İsanı satmaq üçün öz mənfur niyyətini həyata keçirirdi. Beləcə, heç özü də bilmədən Yəhuda Müqəddəs Yazılardakı peyğəmbərliyi yerinə yetirir.
«Dünya onlara nifrət edir, — deyə İsa davam edir: — Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən qoruyasan. Onlar da mənim kimi dünyaya məxsus deyillər». İsanın davamçıları dünyada, Şeytanın qurduğu və idarə etdiyi cəmiyyətdə yaşayırlar və həmişə bu dünyanın pis işlərindən kənarda qalmalıdırlar.
İsa deyir: «Onları həqiqət vasitəsilə müqəddəs et; Sənin sözün həqiqətdir». O, «həqiqət» deyərkən dəfələrlə istinad etdiyi İbrani Müqəddəs Yazılarını nəzərdə tutur. Həmçinin şagirdlərinə öyrətdiyi şeylər və sonralar onların ilham alaraq yazdıqları Yunan Müqəddəs Yazıları da «həqiqət»dir. Bu həqiqət insanı pak etməyə, onun həyatını büsbütün dəyişərək bu pis dünyadan ayırmağa qadirdir.
Sonra İsa: «Mən yalnız onlar üçün yox, onları eşidib mənə iman edəcək adamlar üçün də yalvarıram», — deyir. Burada İsa gələcəkdə məsh olunacaq davamçılarını və onlarla «bir sürüdə» birləşəcək digər şagirdlərini nəzərdə tutur. Bəs onlar üçün nə diləyir?
«Aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi,.. onlar da bir olsunlar». Bəli, İsa ilə onun Atası arasında tam yekdillik hökm sürür. İndi İsa duasında: «Qoy dünya bilsin ki, məni Sən göndərmisən və məni sevdiyin kimi, onları da sevirsən», — deyərək davamçıları arasında da bu cür birliyin olmasını istəyir.
Sonra İsa səmavi Atasından məsh olunacaq davamçılarından ötrü xahiş edir: «Mənə verdiyin adamlar mənim yanımda olsunlar və mənə verdiyin şöhrəti görsünlər, çünki Sən məni bəşər nəsli dünyaya gəlməzdən əvvəl sevmisən». «Bəşər nəsli dünyaya gəlməzdən əvvəl» ifadəsi Adəmlə Həvvanın dünyaya övlad gətirməsindən öncəki vaxta aiddir. Bəli, Allah vahid Oğlunu əzəldən sevmişdir və bu Oğul sonralar yerdə İsa Məsih oldu.
Duasının sonunda İsa yenidən vurğulayır: «Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum». Həvarilər üçün Allahın adını bilmək Allahın məhəbbətini dərk etmək deməkdir! Yəhya 14:1—17:26; 13:27, 35, 36; 10:16; Luka 22:3, 4; Çıxış 24:10; 1 Padşahlar 19:9—13; Yeşaya 6:1—5; Qalatiyalılara 6:16; Məzmur 35:19; 69:4; Süleymanın məsəlləri 8:22, 30.
▪ İsa hara gedir və Tomasın sualına necə cavab verir?
▪ Filipin sualının məğzi nədir?
▪ İsanı görən hansı mənada Allahı görüb?
▪ İsanın davamçıları hansı mənada ondan da böyük işlər görəcəklər?
▪ Şeytanın hansı mənada İsanın üzərində hakimiyyəti yoxdur?
▪ Yehova Allah simvolik meynəni nə vaxt əkib və başqaları nə vaxt və necə bu meynənin budaqları olurlar?
▪ Simvolik meynənin nəhayətdə neçə budağı olacaq?
▪ Allah budaqlardan hansı meyvəni gözləyir?
▪ Siz İsanın dostu necə ola bilərsiniz?
▪ Dünya nəyə görə İsanın davamçılarına nifrət edir?
▪ Hansı xəbərdarlıq həvariləri sarsıdır?
▪ Nəyə görə həvarilər İsadan hara getdiyini soruşmurlar?
▪ Həvarilər hələ də nəyi anlamırlar?
▪ İsa həvarilərin kədərinin sevincə çevriləcəyini hansı nümunə əsasında izah edir?
▪ İsanın dediyinə görə, həvarilər həmin gecə nə edəcəklər?
▪ İsa dünyaya necə qalib gəlir?
▪ İsaya hansı mənada «bəşəriyyət üzərində hakimiyyət» verilib?
▪ Allah və Onun Oğlu barədə bilik almaq nə deməkdir?
▪ İsa Allahın adını necə açır?
▪ «Həqiqət» nədir və məsihçiləri necə «müqəddəs» edir?
▪ Allah, İsa Məsih və bütün həqiqi məsihçilər hansı mənada vəhdətdədirlər?
▪ Bəşər nəsli dünyaya nə vaxt gəldi?
 
 -