Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • İsanın iztirabı
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 117

      İsanın iztirabı

      GECƏDƏN xeyli keçib. İsa Məsih duasını bitirir. O və on bir sadiq həvarisi Yehovaya mədhiyyə oxuyur. Sonra onlar evdən çıxır və bu zülmətli gecənin sükutunda Kidron vadisindən keçərək Betaniyaya tərəf yollanırlar. Yolda onlar çox xoşladıqları Getsemani bağında ayaq saxlayırlar. Bu bağ Zeytun dağında, yaxud onun yaxınlığında yerləşir. İsa həvariləri ilə bu zeytunluqda tez-tez yığışardı.

      Ola bilsin, İsa səkkiz həvarisini bağın girişində qoyur və onlara tapşırır: «Siz burada oturun, mən isə gedim dua edim». Peteri, Yaqubu və Yəhyanı isə özü ilə götürüb bağın içərilərinə doğru gedir. İsanı dərin kədər və həyəcan bürüyür. «Ürəyimdən qara qanlar axır, kədərim hədsizdir. Siz burada durun və mənimlə birgə oyaq qalın», — deyə onlara müraciət edir.

      Sonra özü bir az irəliyə gedərək üzüqoylu yerə döşənib hərarətlə dua edir: «Ata, əgər mümkünsə, bu camı məndən kənar et. Lakin qoy mən yox, Sən istəyən kimi olsun». Bu sözlərin mənası nədir? Nəyə görə İsa bu qədər kədərlidir? Bəlkə o, ölümdən və canını qurban verməkdən qorxur?

      Əsla! İsa ölümdən qaçmaq üçün Allaha yalvarmır. Həyatını qurban verməkdən yayınmaq fikrinin özü (bir dəfə Peter də İsanı bu fikirdən daşındırmağa cəhd etmişdi) artıq onda ikrah oyadır. İsanı narahat edən başqa şeydir. O, adi cinayətkar kimi öləcəyinin Atasının adına ləkə vuracağından qorxur. İsa dərk edir ki, bir neçə saatdan sonra o, Allaha küfr edən mənfur bir adam kimi edam olunacaq. Ona əzab verən məhz budur.

      Xeyli dua etdikdən sonra İsa həvarilərin yanına qayıdır və görür ki, onlar yatırlar. O, üzünü Peterə tutub deyir: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz». Lakin sarsıntı keçirdiklərini və gec olduğunu başa düşərək İsa onlara deyir: «Ruh güclü, bədən isə zəifdir».

      Sonra ikinci dəfə dua etməyə gedir və Allahdan «bu camı», başqa sözlə, Allahın onunla bağlı niyyətini ondan kənar etməyi xahiş edir. Geri qayıdanda yenə də görür ki, həvarilər sınağa məruz qalmamaq üçün dua etmək əvəzinə yatırlar. İsa danışanda onlar bilmirlər, nə desinlər.

      İsa üçüncü dəfə dua etmək üçün çəkilir və onlardan bir daş atımı qədər uzaqlaşır. Sonra diz çökür və göz yaşı tökə-tökə uca səslə: «Ata, əgər istəyirsənsə, bu camı məndən uzaqlaşdır», — deyir. Adi cinayətkar kimi öləcəyini və bu ölümün Atasının adına ləkə vuracağını düşündükcə o əzab çəkir və sarsılır. Allaha küfr etməkdə ittiham olunmaq, həqiqətən də, dözülməzdir!

      Bununla belə, İsa duasında deyir: «Qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun». İsa Allaha tabe olaraq həyatını Ona etibar edir. Bu dəm göylərdən bir mələk görünüb onu ruhlandırır. Mələk, ehtimal ki, İsaya Atasının rəğbətini qazandığını söyləyir.

      İsanın çiynində böyük bir məsuliyyət yükü var! Axı söhbət həm onun, həm də bütün bəşəriyyətin əbədi həyatından gedir. Hisslər onu çulğayır, o, çox gərgindir. Buna görə də İsa daha hərarətlə dua edir və onun təri qan damlalarıtək axıb yerə tökülür. Tibb üzrə bir jurnalda bu haqda deyilir: «Belə şeyə çox az hallarda təsadüf olunur. Güclü emosional gərginlik nəticəsində... insanda qanlı tər damlaları yarana bilər» («The Journal of the American Medical Association»).

      İsa üçüncü dəfə də həvarilərin yanına qayıdanda görür ki, onlar yenə yatıblar. Kədər onları lap əldən salıb. İsa uca səslə onlara deyir: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi! İnsan Oğlu günahlıların əlinə verilir. Durun gedək. Xain yaxınlaşır».

      İsa hələ danışarkən əllərində məşəl, çıraq və silah olan bir izdiham onlara yaxınlaşır. Yəhuda İskariot bu izdihamın önündədir. Matta 26:30, 36—47; 16:21—23; Mark 14:26, 32—43; Luka 22:39—47; Yəhya 18:1—3; İbranilərə 5:7.

      ▪ İsa həvariləri ilə hara gedir və orada nə edir?

      ▪ İsa dua edərkən həvarilər nə edirlər?

      ▪ İsaya iztirab verən nədir? O, Allahdan nə diləyir?

      ▪ İsanın tərinin qan damlaları tək axması nəyi göstərir?

  • Xəyanət və həbs
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 118

      Xəyanət və həbs

      YƏHUDA İSKARİOT əsgərlərlə, böyük kahinlərlə, fəriseylərlə və başqaları ilə Getsemani bağına gəlir. Kahinlər İsanı ələ verməyin müqabilində ona otuz gümüş pul vəd etmişdilər.

      Yadınızdadırsa, İsa Xatirə Gecəsini təsis etməzdən əvvəl Yəhudanı otaqdan çıxarmışdı. Görünür, o, birbaşa böyük kahinlərin yanına gedir. Onlar dərhal öz mühafizəçilərini və bir dəstə əsgər toplayırlar. Ola bilsin, Yəhuda əvvəlcə onları İsanın həvariləri ilə Pasxanı qeyd etdiyi evə gətirir. Amma İsagili orada tapmırlar. Sonra Yerusəlimdən çıxıb Kidron vadisini keçirlər. Yəhuda İskariot əllərində məşəl, çıraq və silah olan bu izdihamın qarşısında gedir.

      İzdiham Zeytun dağına qalxır. Onun önündə gedən Yəhuda İsanın harada olduğunu çox gözəl bilir. Keçən həftə boyu İsa ilə həvariləri Betaniyaya və Yerusəlimə gedib-gələndə dincəlmək üçün tez-tez Getsemani bağında ayaq saxlayırdılar. Bəs əsgərlər gecənin qaranlığında, özü də zeytun ağacları arasında İsanı necə tanıyacaqlar? Bəlkə də onlar İsanın üzünü heç vaxt görməyiblər. Buna görə də Yəhuda onlara deyir: «Kimi öpsəm, İsa odur. Onu tutarsınız».

      Yəhuda izdihamla birgə Getsemani bağına girir. O, İsanı həvariləri ilə görüb ona tərəf irəliləyir. İsaya yaxınlaşanda: «Salam, Müəllim!» — deyir və nəvazişlə onu öpür.

      «Sən burada nə gəzirsən? — İsa ondan soruşur. — Yəhuda, insan Oğlunu öpüşlə satırsan?» Artıq bu xəyanətkarla danışmağa dəyməz! İsa məşəllərin və çıraqların işığında qabağa çıxıb izdihamdan soruşur: «Kimi axtarırsınız?»

      Onlar cavab verirlər: «Nazaretli İsanı».

      İsa: «Bəli, mənəm», — deyərək cəsarətlə onların qarşısına çıxır. Camaat onun hünərinə məəttəl qalır. Onlar qorxudan geri atılıb yerə yıxılırlar.

      İsa təmkinlə onlara deyir: «Axı sizə dedim ki, mənəm. Əgər məni axtarırsınızsa, bunları buraxın». Bir neçə saat əvvəl İsa Pasxanı qeyd etdikləri evdə səmavi Atasına duada sadiq həvarilərini qoruduğunu və «həlaka məhkum edilmiş» adamdan başqa heç birinin itmədiyini demişdi. Buna görə də sözünün yerinə yetməsi üçün xahiş edir ki, həvarilərini buraxsınlar.

      Əsgərlər özlərinə gəlib ayağa qalxır və İsanın əl-qolunu bağlamaq istəyirlər. Həvarilər işin nə yerdə olduğunu görüb İsadan soruşurlar: «Ağa, qılıncları işə salaq?» İsa hələ cavab verməmiş Peter özləri ilə gətirdikləri iki qılıncdan birini çəkib baş kahinin Malx adlı nökərinə hücum edir. Peterin zərbəsi onun başından yan keçib qulağını kəsir.

      «Yetər, qurtarın!» — deyə İsa müdaxilə edir və nökərin qulağına toxunub onu sağaldır. Sonra Peterə əmr edir: «Qılıncını qaytar qoy qınına. Çünki qılınc götürən hər kəs qılıncdan öləcək. Yoxsa elə bilirsən, mən Atama yalvara bilmərəm ki, elə bu dəqiqə on iki legiondan da çox mələyi köməyimə göndərsin?» İsa bununla şagirdlərinə mühüm bir dərs verir.

      İsa həbs olunmaqdan qorxmur. O deyir: «Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər?» Sonra əlavə edir: «Deyirsən, Atamın mənə verdiyi camı içməyim?» İsa Allahın onunla bağlı niyyətinə axıradək tabe olur.

      Bunun ardınca İsa izdihama deyir: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub Allahın sözünü öyrədəndə məni həbs etmirdiniz. Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə baş verir».

      Əsgəri dəstə, sərkərdə və yəhudilərin mühafizəçiləri İsanı tutub əl-qolunu bağlayırlar. Bunu görən həvarilər İsanı qoyub qaçırlar. Lakin izdihamın arasında bir cavan oğlan (ola bilsin, şagird Mark) qalır. Ehtimal ki, o, İsagilin Pasxanı qeyd etdikləri evdə idi və sonradan izdihamın dalınca bura qədər gəlmişdi. İndi isə adamlar onu görür və tutmağa cəhd edirlər. Ancaq o, kətan paltarını qoyub qaçır. Matta 26:47—56; Mark 14:43—52; Luka 22:47—53; Yəhya 17:12; 18:3—12.

      ▪ Nəyə görə Yəhuda İsanın Getsemani bağında olduğuna əmindir?

      ▪ İsa həvarilərinin qayğısına necə qalır?

      ▪ İsanı müdafiə etmək üçün Peter nə edir və bununla əlaqədar İsa ona nə deyir?

      ▪ İsa Allahın onunla bağlı niyyətinə axıradək tabe olduğunu necə göstərir?

      ▪ Həvarilər İsanı qoyub qaçanda orada kim qalır və onunla nə baş verir?

  • Qeyri-qanuni məhkəmə
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 119

      Qeyri-qanuni məhkəmə

      İSANI bir cinayətkar kimi, əli-qolu bağlı halda böyük nüfuz sahibi olan sabiq baş kahin Hannanın evinə gətirirlər. İsa 12 yaşlı bir uşaq ikən məbəddə Qanun müəllimlərini heyrətə gətirən zaman Hanna baş kahin idi. Hannadan sonra baş kahin vəzifəsini onun oğlanlarından bir neçəsi, indi isə kürəkəni Kayafa tutur.

      Görünür, Hanna yəhudilərin dini həyatında uzun müddət yüksək mövqe tutduğu üçün İsanı əvvəlcə onun evinə gətirirlər. İsa burada olduğu vaxt baş kahin Kayafa fürsətdən istifadə edib yəhudilərin ali məhkəməsi olan Sinedrionun 71 üzvünü toplayır və yalançı şahidlər tapır.

      Hanna İsanı şagirdləri və təlimləri barədə sorğu-suala tutur. İsa cavab verir: «Mən hər şeyi dünyaya açıq-aşkar söyləmişəm. Mən həmişə yəhudilərin toplaşdığı sinaqoqlarda və məbəddə təlim vermişəm. Heç bir sözü xəlvətdə deməmişəm. Niyə məni sorğu-suala çəkirsən? Danışdıqlarımı eşidənlərdən soruş. Onlar mənim nədən danışdığımı bilirlər».

      İsa bunu deyəndə yanında durmuş bir mühafizəçi onun üzünə sillə çəkib deyir: «Böyük kahinə cavab qaytarırsan?»

      İsa ona cavab verir: «Əgər düz demirəmsə, səhvimi göstər. Yox əgər düz danışıramsa, məni niyə vurursan?» Bundan sonra Hanna İsanı əli-qolu bağlı Kayafanın yanına göndərir.

      Şübhəsiz, bu arada bütün Sinedrion — böyük kahinlər, ağsaqqallar və mirzələr Kayafanın evində toplaşır. Onlar Pasxa gecəsi məhkəmə qurmaqla açıq-aşkar Qanuna qarşı çıxırlar. Lakin bu rəhbərlər heç bir vəchlə öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər.

      Hələ bir neçə həftə bundan əvvəl, İsa Lazarı dirildəndə Sinedrion üzvləri onu öldürməyə qərar vermişdilər. İki gün əvvəl isə din rəhbərləri İsanı hiylə ilə tutub öldürmək üçün öz aralarında danışmışdılar. Təsəvvür edirsiniz, İsa hələ məhkəmə olunmamış artıq ölümə məhkum edilib?!

      İndi isə İsanın əleyhinə dəlil-sübut toplamaq üçün onlar yalançı şahidlər tapmağa çalışırlar. Lakin elə bir şahid tapa bilmirlər ki, sözləri bir-birinə düz gəlsin. Axırda iki nəfər gəlib deyir: «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”».

      Kayafa İsadan soruşur: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?» Lakin İsa susur. Sinedrion lap biabırçı vəziyyətdədir, bu qədər şahidin uydurduğu rəvayətlər bir-birilə uzlaşmır. Buna görə də baş kahin başqa fəndə əl atır.

      Kayafa bilir ki, kiminsə özünü Allahın Oğlu adlandırması yəhudilərin xoşuna gəlmir. Bundan əvvəl onlar iki dəfə tələm-tələsik qərar verərək İsanı küfr danışan adam kimi ölümə layiq saymışlar. Onlarda yanlış təsəvvür yaranmışdı ki, İsa özünü Allaha bir edir. İndi Kayafa hiyləgərcəsinə ondan soruşur: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?»

      Yəhudilər nə düşünürlərsə-düşünsünlər, İsa, həqiqətən də, Allahın Oğludur. İndi İsanın susması onun Məsih olmadığı kimi qiymətləndirilə bilərdi. Buna görə də İsa mərd-mərdanə deyir: «Bəli, mənəm. Siz insan Oğlunun Qüdrətlinin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».

      Kayafa bunu eşidən kimi artistcəsinə yaxasını cırıb qışqırır: «O küfr danışdı! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. Hə, nə deyirsiniz?»

      Sinedrion qərar verir: «O ölməlidir». Onlar İsanı ələ salmağa və ona təhqiramiz sözlər deməyə başlayırlar. Sonra onun üzünə sillə çəkir və tüpürürlər. Bəziləri onun üzünü örtüb yumruqlayır və rişxəndlə deyirlər: «Ey, Məsih! Peyğəmbər deyilsən, de görək, səni kim vurdu?» Beləcə, onlar bu gecə məhkəməsi zamanı İsa ilə qanuna zidd və kobud davranırlar. Matta 26:57—68, 3, 4; Mark 14:53—65; Luka 22:54, 63—65; Yəhya 18:13—24; 11:45—53; 10:31—39; 5:16—18.

      ▪ İsanı əvvəlcə hara gətirirlər və orada nələr olur?

      ▪ Sonra İsanı hara aparırlar və nə üçün?

      ▪ Kayafa Sinedrionun İsanı ölümə layiq bilməsinə necə nail olur?

      ▪ Məhkəmə vaxtı İsa ilə necə qanunsuz və kobud rəftar edilir?

  • Peter İsanı danır
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 120

      Peter İsanı danır

      HƏVARİLƏRİN hamısı qorxudan İsanı Getsemani bağında qoyub qaçır. Birdən Peterlə Yəhya dayanırlar. Onlar, görünür, qayıdıb İsanı Hannanın evinə aparan izdihama çatırlar. Hanna İsanı baş kahin Kayafanın yanına göndərəndə onlar aralıdan onun dalınca gedirlər. Onlar həm öz canları üçün qorxurlar, həm də Ağalarına görə çox narahatdırlar.

      Kayafanın imarətinə çatanda Yəhya onun tanışı olduğundan içəri girə bilir. Peter isə bayırda qalır. Amma Yəhya bir azdan geri dönür və qapıçı qızla danışır, o da Peteri içəri buraxır.

      Hava soyuq olduğundan baş kahinin nökərləri və mühafizəçiləri tonqal qalayıblar. Peter İsanın məhkəməsinin sonunu gözləyir və isinmək üçün tonqala yaxınlaşır. Onu içəri buraxan qapıçı qız tonqalın işığında onun üzünə diqqətlə baxıb ucadan deyir: «Sən də bu qalileyalı İsa ilə bir yerdə idin!»

      Peter tanındığını görüb təlaşa düşür və hamının gözü qarşısında İsanı danır: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm».

      Sonra o, darvazaya tərəf gedir. Orada başqa bir qız da onu tanıyır və yanındakılara deyir: «Bu adam da nazaretli İsa ilə birlikdə idi». Peter and içərək: «Mən o adamı tanımıram!» — deyə növbəti dəfə İsanı inkar edir.

      Peter həyətdə qalır, amma çalışır ki, mümkün qədər gözə çarpmasın. Səhərin alaqaranlığında birdən xoruz banlayır və ola bilsin, o, bu səsdən səksənir. Bu arada İsanın məhkəməsi gedir. Görünür, məhkəmə imarətin həyətə baxan yuxarı otağında keçirilir. Şübhəsiz, Peterlə aşağıda duran başqa adamlar şahidlərin bir-bir girib-çıxdığını görürlər.

      Peterin İsanın dostu kimi tanınmasından haradasa bir saat keçir. İndi həyətdə duranlardan bir neçəsi ona yaxınlaşıb deyirlər: «Bəs necə, sən də onun adamlarındansan. Bu, ləhcəndən də bilinir». Onlardan biri Peterin qulağını kəsdiyi Malxın qohumudur. O deyir: «Mən səni bağda görmüşdüm. Sən də o adamın yanındaydın, yoxsa elə deyil?»

      Peter qəti etiraz edir: «Mən o adamı tanımıram!» Onları yalan danışmadığına inandırmaq üçün özünə lənət yağdıraraq and-aman edir.

      Peter üçüncü dəfə İsanı danar-danmaz xoruz ikinci dəfə banlayır. Görünür, bu an eyvanda olan İsa ona baxır. Bir neçə saat əvvəl Pasxanı qeyd etdikləri evdə İsanın: «Xoruz iki dəfə banlamamış sən məni üç dəfə danacaqsan», — dediyi sözlər Peterin yadına düşür. O, güclü vicdan əzabı çəkdiyindən çölə çıxıb hönkür-hönkür ağlayır.

      Görəsən, Peter nəyə görə İsanı dandı? Axı o, ruhani cəhətdən güclü olduğuna əmin idi, bəs necə oldu ki, qısa vaxt ərzində Ağasını düz üç dəfə inkar etdi? Şübhəsiz, düşdüyü vəziyyət onu qəfil yaxaladı. Həqiqət təhrif edilmiş, İsa adi cinayətkar kimi ittiham olunmuşdu. Doğru yalan kimi, günahsız da günahkar kimi qələmə verilmişdi. Peter bunların təsiri altında müvazinətini qoruya bilməmişdi. Ona xas olan sədaqət hissi ani yox olmuş, insan qorxusu isə onu iflic etmişdi. Ümidvarıq ki, belə şey bizimlə heç bir zaman baş verməyəcək! Matta 26:57, 58, 69—75; Mark 14:30, 53, 54, 66—72; Luka 22:54—62; Yəhya 18:15—18, 25—27.

      ▪ Peterlə Yəhya baş kahinin həyətinə necə daxil olurlar?

      ▪ Onlar həyətdə olarkən evdə nə baş verir?

      ▪ Peter İsanı neçə dəfə danır və xoruz neçə dəfə banlayır?

      ▪ Nəyə görə Peter özünə lənət yağdıraraq and-aman edir?

      ▪ Peter nələrin təsiri altında İsanı danır?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş