Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həlledici günün başlanğıcı
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 105

      Həlledici günün başlanğıcı

      İSA MƏSİH həmin gün axşamüstü yenidən Betaniyaya qayıdır. Yerusəlimdəki yekun xidmətinin iki günü artıq arxada qalıb. Şübhəsiz ki, İsa Betaniyada dostu Lazarın evində qalır. Beləliklə, o, dördüncü gecəni də Betaniyada keçirir.

      Ertəsi gün, nisanın 11-i səhər tezdən İsa şagirdləri ilə yola çıxır. Bu gün İsanın xidmətinin ən qızğın və həlledici günü olacaq. Bu gün o, sonuncu dəfə məbədə gedəcək; həbs olunub edam edilməzdən qabaq, sonuncu dəfə adamlara təbliğ edəcək.

      İsagil Zeytun dağının üstündəki yolla Yerusəlimə gedirlər. Yolda Peter İsanın dünən səhər lənətlədiyi əncir ağacını göstərib heyrətlə deyir: «Müəllim, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!»

      Görəsən, İsa bu ağacı nə üçün qurutdu? Bu sualın cavabı onun növbəti sözlərindən məlum olur: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa [Zeytun dağına]: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq. İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız».

      Əncir ağacını qurutmaqla İsa Allaha iman etməyin vacibliyini şagirdlərinə əyani şəkildə göstərir. O deyir: «Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız». Qarşıda duran sınaqları nəzərə alsaq, bu, şagirdlər üçün çox mühüm bir dərsdir! Lakin ağacın quruması ilə həqiqi iman arasında daha bir əlaqə var.

      İsrail xalqı üzdən bu əncir ağacı kimi, aldadıcı görünür. Allahla əhddə olan və zahirən Onun əmrlərinə riayət edən bu xalqın əslində imanı yoxdur və yaxşı bəhrələr gətirmir. İş o yerə çatıb ki, onlar hətta Allahın Oğlunu rədd edirlər! Buna görə də İsa bəhrəsiz əncir ağacını qurutmaqla bu bəhrə gətirməyən və imansız xalqın aqibətini əyani şəkildə göstərir.

      Bir azdan İsagil Yerusəlimə çatırlar və adəti üzrə məbədə gedirlər. Orada İsa təlim verməyə başlayır. Böyük kahinlər və xalqın ağsaqqalları, yəqin ki, İsanın dünən sərrafları məbəddən qovduğunu nəzərdə tutaraq soruşurlar: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»

      İsa cavab verir: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. Deyin görüm, Yəhyaya vəftiz etmə ixtiyarını Allah vermişdi, yoxsa insanlar?»

      Kahinlər və ağsaqqallar öz aralarında götür-qoy etməyə başlayırlar: «Əgər desək ki, “Allah verib”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?” “İnsanlar verib”, — də deyə bilmərik, çünki camaatdan qorxuruq, axı xalq Yəhyanı bir peyğəmbər bilir».

      Rəhbərlər İsaya cavab vermək üçün söz tapmırlar və: «Bilmirik», — deyirlər.

      İsa da onlara belə deyir: «Onda mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm». Matta 21:19—27; Mark 11:19—33; Luka 20:1—8.

      ▪ Nisanın 11-i nə ilə əlamətdardır?

      ▪ İsa əncir ağacını qurutmaqla hansı dərsləri verir?

      ▪ İsa ondan gördüyü işləri hansı ixtiyarla etdiyini soruşanlara necə cavab verir?

  • Rəhbərlərin iç üzü ortaya çıxır
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 106

      Rəhbərlərin iç üzü ortaya çıxır

      İSA MƏSİH məbəddədir. O, öz cavabı ilə din rəhbərlərini çaş-baş qoyub. Onlar hələ özlərinə gəlməmiş İsa: «Buna nə deyərsiniz?» — deyərək onların kimliyini üzə çıxaran bir məsəl çəkir. O danışır:

      «Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb deyir: “Bala, get bu gün üzümlükdə işlə. Baş üstə, ağa, gedərəm”. Amma getmir. Ata kiçik oğluna da həmin şeyi deyir. Bu oğul isə belə cavab verir: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub gedir». İsa din rəhbərlərindən soruşur:

      — İndi deyin görüm, bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?

      — Kiçiyi, — əleyhdarlar cavab verirlər.

      — Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın padşahlığına sizdən qabaq girəcəklər, — deyə İsa onlara bildirir. Vergiyığanlar və fahişələr əvvəlcə Allahın yolundan uzaq idilər. Ancaq sonradan, «kiçik oğul» kimi, peşman olub Allaha xidmət etməyə başladılar. Din rəhbərləri isə «böyük oğula» bənzəyirlər, onlar Allaha xidmət etdiklərini iddia edirlər. Amma İsa onlara deyir: «[Vəftizçi] Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı. Siz isə bunları görə-görə yenə də peşmançılıq çəkib ona inanmadınız».

      Sonra İsa izah edir ki, onların qəbahəti yalnız Allaha xidmət etməmələrində deyil. Onlar həm də bədniyyət insanlardır. İsa məsəl çəkir: «Bir mülkədar var idi. O, üzüm bağı saldı, ətrafını çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı. Məhsul yığımı vaxtı gələndə mülkədar öz payını almaq üçün nökərlərini bağbanların yanına göndərdi. Ancaq bağbanlar nökərləri tutub birini döydülər, o birisini öldürdülər, digərini isə daşa basdılar. Mülkədar ikinci dəfə onların yanına əvvəlkindən də çox nökər göndərdi, amma bağbanlar bunlarla da eyni cür rəftar etdilər».

      Yehova Allahı təmsil edən «mülkədar» «nökərlərini», yəni peyğəmbərləri «üzüm bağına», «bağbanların» yanına göndərir. Bu «bağbanlar» Müqəddəs Kitabda «üzüm bağı» ilə təmsil olunan İsrail xalqının rəhbərləridir.

      Mülkədar bağbanların nökərlərlə pis davranıb onları öldürdüyünü biləndə başqa qərar qəbul edir. İsa nəql edir: «“Yəqin oğluma hörmətlə yanaşarlar”, — deyib [mülkədar] oğlunu göndərdi. Bağbanlar sahibin oğlunu görəndə bir-birilərinə dedilər: “Bu varisdir. Gəlin onu öldürək, mirası bizə qalsın!” Bağbanlar onu tutub bağdan bayıra atdılar və öldürdülər».

      Sonra İsa din rəhbərlərindən soruşur: «Sizcə, bağın sahibi gələndə bağbanlara nə edəcək?»

      Onlar cavab verirlər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Mülkədar üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar sahibin meyvə payını vaxtlı-vaxtında verəcəklər».

      Bu rəhbərlər öz dilləri ilə özlərini məhkum edirlər. Axı onlar da Yehova Allahın «üzüm bağı» olan İsrail xalqının «bağbanları» arasındadırlar. Yehova Allah bu bağbanlardan bəhrə, yəni Onun Oğluna — Məsihə iman gətirmələrini gözləyir. Bu bəhrələri vermədiklərinə görə İsa onları xəbərdar edir: «Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş əsas guşədaşı oldu. Bunu edən Yehovadır və biz buna heyran qalmışıq”, — sözlərini heç oxumamısınız? Buna görə də eşidin və agah olun, Allahın padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək. Həmçinin bunu da bilin ki, bu daşın üstünə yıxılan hər bir kəs əzilib öləcək. Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».

      Mirzələr və böyük kahinlər söhbətin onlardan getdiyini anlayıb «varis» İsanı öldürmək istəyirlər. Buna görə də Allahın Padşahlığında hakimiyyət sürmək imtiyazı bir millət kimi onlardan alınacaq və layiqli bəhrələr yetişdirəcək yeni «bağbanlara» veriləcək. Bu «bağbanlar» yeni xalqı təşkil edəcək.

      Bu dəfə də din rəhbərləri İsanı öldürməyə cürət etmirlər, çünki onu peyğəmbər sayan camaatdan qorxurlar. Matta 21:28—46; Mark 12:1—12; Luka 20:9—19; Yeşaya 5:1—7.

      ▪ İsanın çəkdiyi birinci məsəldə iki oğul kimləri təmsil edir?

      ▪ Növbəti məsəldə «mülkədar», «üzüm bağı», «bağbanlar», «nökərlər» və «varis» kimi və nəyi təmsil edir?

      ▪ «Bağbanların» aqibəti necə olacaq və onlar kimlərlə əvəz olunacaq?

  • Toy ziyafəti məsəli
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 107

      Toy ziyafəti məsəli

      İSA MƏSİH danışdığı iki məsəllə mirzələr və böyük kahinləri ifşa edir, onlar da onu öldürmək istəyirlər. Lakin İsanın sözü bununla bitmir. O, onlara daha bir məsəl danışır:

      «Səmavi padşahlıq oğlu üçün toy edən bir padşaha bənzəyir. Padşah toy ziyafətinə dəvət etdiyi qonaqları çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər».

      «Padşah» — Yehova Allah Öz Oğlu İsa Məsih üçün «toy edir». 144 000 məsh olunmuşdan ibarət gəlin sinfi nəhayətdə İsa ilə göydə birləşəcək. Padşahın təbəələri b. e. ə. 1513-cü ildə Qanun əhdinə daxil olaraq «kahinlər səltənəti» olmaq şərəfinə layiq görülən İsrail xalqıdır. Toya ilk dəvət alanlar da onlardır.

      Həmin dəvət ilk dəfə eramızın 29-cu ilinin payızından, İsa şagirdləri ilə (padşahın nökərləri) təbliğ etməyə başlayan vaxtdan, 33-cü ilə qədər göndərilir. Lakin israillilər bu dəvəti qəbul etmirlər. Onda Allah bu xalqa daha bir imkan verir. İsa deyir:

      «Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: «Naharı hazırlamışam, cöngələr və bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Ziyafətə təşrif buyurun»”». İkinci dəfə bu dəvət eramızın 33-cü ilinin Əllinci gün bayramında İsanın davamçılarının üzərinə müqəddəs ruh enən vaxtdan 36-cı ilə qədər səslənir. Bu, İsrail xalqı üçün sonuncu dəvət olur.

      Ancaq israillilərin əksəriyyəti bu dəvəti də təkəbbürlə rədd edirlər. İsa danışır: «Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi öz tarlasına, kimisi də alverinin dalınca getdi. Qalanları isə nökərləri tutub təhqir etdilər və öldürdülər. Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı». Bu sözlər eramızın 70-ci ilində yerinə yetdi. O zaman Roma ordusu Yerusəlimi darmadağın edib «qatilləri məhv etdi».

      İsa sözünə davam edir: «Sonra isə [padşah] nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar. Buna görə də şəhərdən çıxan yollara gedin və tapdığınız adamların hamısını ziyafətə çağırın”». Nökərlər bu əmri icra edirlər və toyxana qonaqlarla dolur.

      Şəhər kənarındakı yollardan qonaqların toplanması eramızın 36-cı ilində başlayır. Yəhudi olmayanlardan dəvəti ilk qəbul edən romalı zabit Kornili və onun ailəsi olur. Dəvəti rədd edənləri əvəz edən qeyri-yəhudilərin toplanması zəmanəmizə qədər davam edir.

      Məhz bizim zəmanədə toyxana qonaqlarla dolur. İsa sonrakı hadisələri belə təsvir edir: «Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş adam sataşdı. Padşah ona dedi: “Qardaş, sən nə üçün bura toy libasında gəlməmisən?” O dinmədi. Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”».

      «Toy libası geyməmiş adam» Xristian dünyasının üzvlərini təmsil edir. Allah heç vaxt onlarda ruhani İsrailə xas olan keyfiyyətlər görməyib; heç vaxt onları Padşahlığın həmvarisləri kimi müqəddəs ruhla məsh etməyib. Buna görə də onlar çölə, zülmətə atılıb məhv ediləcəklər.

      İsa bu məsəli belə tamamlayır: «Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır». Bəli, İsrail xalqından çoxları Məsihin gəlini sinfinə daxil olmağa çağırıldı, lakin onlardan çox az adam bu dəvəti qəbul etdi. Səmavi dəvəti alan 144 000 nəfərin əksəriyyətini qeyri-yəhudilər təşkil edir. Matta 22:1—14; Çıxış 19:1—6; Vəhy 14:1—3.

      ▪ Toya ilk dəvəti alanlar kimlərdir və onlar nə vaxt bu dəvətə layiq görüldülər?

      ▪ Bu dəvət ilk dəfə nə vaxt səsləndi və onu səsləndirən «nökərlər» kimlərdir?

      ▪ Bu dəvət ikinci dəfə nə vaxt səsləndi və bundan sonra kimlər dəvət olunmağa başladı?

      ▪ «Toy libası geyməmiş adam» kimləri təmsil edir?

      ▪ Çoxlu sayda dəvət edilib, az sayda seçilənlər kimlərdir?

  • İsanı sözdə tutmaq cəhdləri
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 108

      İsanı sözdə tutmaq cəhdləri

      İSA MƏSİH bir-birinin ardınca üç məsəl danışaraq fəriseylərin iç üzünü açıb göstərir. Bu, fəriseyləri bərk qəzəbləndirir və onlar İsanı sözdə tutub həbs etmək üçün aralarında məsləhətləşirlər. Sonra öz şagirdlərini və Hirodun ardıcıllarını öyrədib İsanın yanına göndərirlər.

      Bu adamlar gəlib İsaya deyirlər: «Müəllim, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, heç kəsin fikri sənə təsir göstərmir, çünki insanın hansı vəzifə sahibi olması səni maraqlandırmır. Necə bilirsən, padşaha can vergisi ödəmək düzgündür, ya yox?»

      İsa onların yaltaqlığına uymur. O, çox gözəl bilir ki, «düzgün deyil» desə, onu Roma imperiyasına qarşı qiyam qaldırmaqda təqsirləndirəcəklər; yox, «düzgündür» desə, onda Roma ağalığına nifrət edən yəhudilər ona da nifrət edəcəklər. İsa belə deyir: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? Can vergisi ödənilən sikkəni mənə göstərin».

      İsaya bir sikkə verirlər. O soruşur:

      — Burada kimin surəti və titulu həkk olunub?

      — Padşahın, — onlar cavab verirlər.

      — Elə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin. Onlar İsanın məharətli cavabından pərt olur və çıxıb gedirlər.

      Sadukeylər (onlar dirilməyə inanmırlar) fəriseylərin İsa ilə bacara bilmədiklərini görəndə yaxınlaşıb ondan soruşurlar: «Müəllim, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadına evlənməlidir ki, qardaşının nəsli kəsilməsin”. Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. Hamıdan axırda qadın da öldü. İndi görəsən, dirilmə vaxtı həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadına evlənmişdi».

      İsa onlara belə cavab verir: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız, məgər elə deyil? Axı dirilmə zamanı kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. O ki qaldı ölülərin dirilməyinə, məgər Musanın kitabında, göyəm kolu haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız? O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız».

      Camaat yenə də İsanın cavabına heyran qalır. Hətta mirzələrdən bəziləri deyirlər: «Müəllim, yaxşı dedin».

      Fəriseylər görəndə ki, İsa sadukeyləri də susdurdu, toplaşıb birlikdə ona yaxınlaşırlar. Onların arasından bir mirzə İsanı sınamaq üçün soruşur: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?»

      İsa ona cavab verir: «Ən birincisi budur: “Eşit, ey İsrail! Allahımız Yehovadır; Yehova yeganə Allahdır. Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev”. İkinci əmr isə budur: “Yaxınını özünü sevdiyin kimi sev”. Bunlardan böyük əmr yoxdur». İsa əlavə edir: «Bütün Qanun və Peyğəmbərlərin kitabları bu iki əmrin üzərində durur».

      Mirzə İsa ilə razılaşır: «Müəllim, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur” və Onu bütün ürəklə, bütün düşüncə ilə, var qüvvə ilə sevmək və insanın yaxınını da özü kimi sevməsi, yandırılan və kəsilən qurbanlardan qat-qat qiymətlidir».

      İsa onun bu ağıllı cavabını eşidəndə deyir: «Sən Allahın padşahlığından uzaq deyilsən».

      Artıq üç gündür ki, İsa məbəddə təlim verir. Camaat onu böyük həvəslə dinləyir. Din rəhbərləri isə onu öldürmək istəyirlər, amma cəhdləri hələlik boşa çıxır. Matta 22:15—40; Mark 12:13—34; Luka 20:20—40.

      ▪ İsanı həbs etmək üçün fəriseylər hansı fəndə əl atırlar? Nəyə görə İsa nə müsbət, nə də mənfi cavab verir?

      ▪ İsa sadukeylərin onu sözdə tutmaq cəhdlərini necə boşa çıxarır?

      ▪ Bir mirzə İsaya hansı sualı verir və bunun nəticəsi necə olur?

      ▪ İsa məbəddə neçə gün təlim verir və bu, nə ilə nəticələnir?

  • İsa əleyhdarlarını mühakimə edir
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 109

      İsa əleyhdarlarını mühakimə edir

      ƏLEYHDARLAR artıq İsadan nəsə soruşmağa cürət etmirlər. Onda İsa özü onların cahilliyini ifşa etməyə başlayır. O soruşur:

      — Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?

      — Davudun, — fəriseylər deyirlər.

      Doğrudan da, Məsih Davudun nəslindəndir. İsa bunu inkar etmir. Lakin o soruşur: «Necə olur ki, Davud bu ayədə müqəddəs ruhun təsiri ilə onu “Ağa” adlandırır: “Yehova Ağama dedi: «Düşmənlərini ayağının altına qoyanadək sağımda otur»”? Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»

      Fəriseylər susurlar, çünki Məsihin kimliyini axıradək dərk etmirlər. Əslində, Məsih fəriseylərin düşündüyü kimi sadəcə Davudun nəslindən olan bir insan deyil. O, əvvəllər göydə yaşamışdır və Davuddan böyükdür, onun ağasıdır.

      İsa şagirdlərini və camaatı mirzələrlə fəriseylərdən ehtiyat etməyə çağırır. Mirzələr və fəriseylər «Musanın yerində oturub» Allahın Qanununu öyrətdikləri üçün İsa deyir: «Dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər».

      Onlar ikiüzlüdürlər. İsa bir neçə ay bundan əvvəl fəriseyin evində şam edərkən dediyi sözlərlə onları ittiham edir: «Hər bir işi özlərini camaata göstərmək üçün edirlər». O misal çəkir:

      «Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir». Qutucuq adətən alına, yaxud qola bağlanırdı və onun içinə Qanundan götürülmüş bu dörd parça qoyulurdu: Çıxış 13:1—10, 11—16; Qanunun təkrarı 6:4—9 və 11:13—21. Fəriseylər camaatın gözünə kül üfürüb, guya Qanunu səylə icra etdiklərini göstərmək üçün bu qutucuqları böyüdürlər.

      Sonra İsa deyir: «Əbalarının saçaqlarını uzadırlar». Saylar 15:38—40 ayələrində israillilərə paltarlarının ətəyinə saçaq tikmək əmr edilmişdi. Amma fəriseylər saçaqları başqalarına nisbətən daha uzun tikirlər. Onlar hər şeyi gözə çarpdırmaq istəyirlər. İsanın dediyi kimi, onlar «qabaq cərgələrdə oturmağı sevirlər».

      Əfsus ki, şan-şöhrət düşkünlüyü İsanın şagirdlərinə də sirayət edib. Buna görə də İsa onlara nəsihət verir: «Amma siz özünüzü “Müəllim” adlandırmağa qoymayın, çünki bir Müəlliminiz var, siz isə bir-birinizə qardaşsınız. Həmçinin yer üzündə heç kəsi “ata” çağırmayın, çünki bir Atanız var, O da səmavi Atadır. Özünüzü “rəhbər” adlandırmağa icazə verməyin, çünki bir Rəhbəriniz var, o da Məsihdir». Şagirdlər birinci olmaq istəyini ürəklərindən çıxarıb atmalı idilər. İsa onları təşviq edir: «Sizlərdən ən böyüyü qoy sizə nökərçilik etsin».

      Sonra o, mirzələri və fəriseyləri dönə-dönə ikiüzlü adlandırır, özü də hər dəfə sözünü «vay halınıza» kəlməsi ilə başlayır. Onlar «səmavi padşahlığın qapılarını insanların üzünə bağlayır», «dul qadınların evlərini talayır və özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər».

      İsa deyir: «Vay sizin halınıza, kor bələdçilər!» Fəriseylər ruhani dəyərləri tapdaladıqları üçün İsa onları mühakimə edir. Onlar bunu özlərinə sərf edən fikirləri irəli sürməklə göstərirlər. Misal üçün, onlar deyirlər: «Əgər kimsə məbədə and içirsə, eybi yox; amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir». Onlar məbədin qızılını bu ibadət yerinin ruhani dəyərindən yuxarı tutmaqla əxlaqi cəhətdən kor bələdçi olduqlarını göstərirlər.

      Sonra İsa yenidən fəriseyləri mühakimə edir ki, onlar əhəmiyyəti olmayan otlardan ondabir vergisini ödəməyə böyük diqqət ayırırlar, amma «Qanundakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə məhəl» qoymurlar.

      İsa fəriseyləri «ağcaqanadı süzgəcdən keçirən, amma dəvəni diri-diri udan kor bələdçilər» adlandırır. Onlar şərabı süzgəcdən keçirirdilər ki, onun içinə ağcaqanad düşməsin. Dini ayinlərə görə ağcaqanad murdar sayılırdı. Lakin fəriseylər Qanunun daha vacib tələblərinə laqeyd yanaşırlar, yəni dini ayinlərə görə natəmiz heyvan olan dəvəni sanki diri-diri udurlar. Matta 22:41—23:24; Mark 12:35—40; Luka 20:41—47; Levililər 11:4, 21—24.

      ▪ İsa fəriseylərdən Davud peyğəmbərin Məsih haqqında nə dediyini soruşanda onlar nə üçün susurlar?

      ▪ Fəriseylər nəyə görə «ayə qutucuqlarını» böyüdür və uzun saçaqlar tikirlər?

      ▪ İsa şagirdlərinə nə məsləhət görür?

      ▪ Fəriseylər ruhani dəyərləri necə tapdalayırlar? İsa onları daha ciddi tələblərə laqeyd yanaşdıqları üçün necə ittiham edir?

  • Məbəddə son xidmət
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 110

      Məbəddə son xidmət

      İSA MƏSİH sonuncu dəfə məbəddə təlim verir. Qarşıdakı hadisələri — üç gündən sonrakı həbsini, məhkəməsini və edamını nəzərə almasaq, bu, onun camaat qarşısında son xidmətidir. Bu xidməti zamanı o, mirzələrlə fəriseyləri mühakimə edir.

      İsa daha üç dəfə «vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər!» ifadəsini təkrar edir. Birinci «vay» ona görədir ki, onlar «camın və boşqabın çölünü təmizləyir, amma onların içi qarət və tamahla doludur». Buna görə də İsa ciddi məsləhət görür: «Əvvəlcə camın və boşqabın içini təmizlə, onda onlar çöldən də təmiz olacaqlar».

      Növbəti «vay» isə onların daxildən çürüyüb korlandıqlarını saxta möminlik pərdəsi arxasında gizlətməyə çalışdıqlarına görədir. İsa deyir: «Siz ağardılmış qəbirləri xatırladırsınız. Onlar zahirən yaraşıqlı görünür, amma içəridən ölülərin sümükləri və hər cür natəmizliklə doludurlar».

      Bütün bunlardan əlavə, mirzələrlə fəriseylərin ikiüzlülüyü başqalarının diqqətini cəlb etmək üçün xeyirxah işlərə əl atmalarından görünür. Onlar peyğəmbərlər üçün canfəşanlıqla türbələr ucaldır və onları bəzəyirlər. Ancaq İsa deyir ki, onlar «peyğəmbərləri qətlə yetirmiş adamların övladlarıdır»lar. Bəli, onların ikiüzlülüyünü üzə çıxarmağa cürət edən adamın başı bəladadır!

      İsa onları daha kəskin şəkildə mühakimə edir: «Ey əfi ilanlar, gürzə balaları! Hinnom dərəsinə məhkumiyyətdən canınızı necə qurtaracaqsınız?» Hinnom dərəsi Yerusəlim şəhərinin zibilxanası idi. Belə deməklə, İsa fəriseylərlə mirzələrə pisliklərindən əl çəkmədikləri üçün əbədilik məhv olacaqlarını söyləyir.

      İndi İsa öz nümayəndələri barədə deyir: «Onlardan bəzilərini öldürəcək və dirəyə mıxlayacaqsınız, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız. Beləcə, saleh Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Baraxiya oğlu Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanı sizin boynunuzdadır. Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək».

      Zəkəriyyə İsrail rəhbərlərini kəskin şəkildə mühakimə etdiyi üçün «ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər». Ancaq İsanın söylədiyi kimi, israillilər bu salehlərin qanının əvəzini ödəyəcəkdilər. İsanın bu peyğəmbərliyi 37 il sonra, eramızın 70-ci ilində yerinə yetdi. O vaxt Roma ordusu Yerusəlimi işğal etdi və bir milyondan artıq yəhudi məhv oldu.

      İsa bu dəhşətli hadisə barədə düşünərək qüssələnir və ürək yanğısı ilə təkrar edir: «Eh, Yerusəlim, Yerusəlim!.. Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də neçə dəfə sənin övladlarını bir yerə yığmaq istədim. Heyf, siz istəmədiniz! Buna görə də bu Ev tərk edilib sizə boş qalacaq».

      Sonra əlavə edir: «“Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər bir daha məni görməyəcəksiniz». Bu, Məsihin Padşah kimi iştirakı zamanı olacaq və insanlar onu iman gözü ilə görəcəklər.

      İsa keçib əyləşir. Həmin yerdən məbəddəki xəzinə qabları və onlara pul atanlar yaxşı görünür. Varlılar xəzinə qablarına çoxlu pul salırlar. Ancaq bir dul qadın gəlib dəyəri çox az olan iki xırda pul salır.

      İsa şagirdlərini yanına çağırıb deyir: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qablarına pul atanların hamısından daha çox atdı». Yəqin, bu sözlər şagirdlərin marağına səbəb olur. Buna görə də İsa izah edir: «Onların hamısı var-dövlətlərinin artığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola, dolanmaq üçün nəyi vardısa, hamısını verdi». Bu sözləri deyəndən sonra İsa durub gedir. O, axırıncı dəfə məbədin qapılarından çıxır.

      Şagirdlərdən biri məbədin əzəmətinə və gözəlliyinə heyranlıqla baxıb deyir: «Müəllim, bir bu daşlara, bu binalara bax!» Deyilənlərə görə, daşların uzunluğu 11 metr, eni 5 metr, hündürlüyü isə 3 metr olub.

      İsa deyir: «Bütün bunları görürsünüz? Bunu bilin ki, burada daş daş üstə qalmayacaq, hamısı dağılacaq».

      İsa bundan sonra həvariləri ilə Kidron vadisini keçib Zeytun dağına qalxır. Buradan möhtəşəm məbəd əl içində olduğu kimi görünür. Matta 23:25—24:3; Mark 12:41—13:3; Luka 21:1—6; 2 Salnamələr 24:20—22.

      ▪ İsa məbədə son gəlişi zamanı nə edir?

      ▪ Mirzələrlə fəriseylərin riyakarlığı necə ortaya çıxır?

      ▪ «Hinnom dərəsinə məhkumiyyət» nə deməkdir?

      ▪ Nəyə görə İsa dul qadının varlılardan daha çox ianə etdiyini deyir?

  • Axır günlərin əlaməti
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 111

      Axır günlərin əlaməti

      NİSANIN 11-i, günortadan sonra İsa Məsih Zeytun dağının üstündə əyləşib aşağıda yerləşən məbədə baxır. Bu vaxt Peter, Andreas, Yaqub və Yəhya onun yanına gəlirlər. Bir az əvvəl İsanın məbədlə bağlı dediyi «burada daş daş üstə qalmayacaq» sözləri onların başından çıxmır.

      Görünür, onları narahat edən tək bu deyil. Bir neçə həftə bundan əvvəl İsa onlara özünün «iştirakı»ndan söz açmışdı; həmin vaxt «insan Oğlunun zühur»u olacaq. Daha əvvəl isə o, «dövrün yekunu» barədə onlara danışmışdı. Həvarilər bütün bunlar barədə ətraflı öyrənib bilmək istəyirlər.

      Onlar soruşurlar: «Bizə de, bunlar [Yerusəlimin və məbədin dağıdılması ilə bağlı hadisələr] nə vaxt baş verəcək? Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» Həvarilərin bu sualı özünə üç şeyi daxil edir: əvvəla, onlar bilmək istəyirlər ki, Yerusəlim və məbədin axırı necə olacaq, ikincisi, İsanın padşah kimi iştirakı nə vaxt olacaq və üçüncüsü, dövrün yekunu necə olacaq.

      İsa onlara ətraflı cavab verir. O, yəhudi sisteminin sonunu bildirəcək əlaməti təsvir edir. Üstəlik, İsa gələcəkdəki şagirdlərinə onun iştirakı vaxtında yaşadıqlarını və dövrün sonunun yaxınlaşdığını bildirəcək əlamət barədə də danışır.

      İllər ötdükcə həvarilər İsanın söylədiyi bu peyğəmbərliyin necə yerinə yetdiyinin şahidi olurlar. Bəli, bu sözlər məhz onların sağlığında həyata keçməyə başlayır. Bu səbəbdən eramızın 70-ci ilində yəhudi sisteminin və məbədin dağılması məsihçiləri qəfil yaxalamadı.

      Lakin Məsihin padşah kimi iştirakı 70-ci ildə yox, xeyli sonralar olur. Bəs bunlar nə vaxt olacaq? İsanın söylədiyi peyğəmbərliyi araşdırmaqla bu sualın cavabını tapa bilərik.

      İsa peyğəmbərlik edir: «Yaxın və uzaq yerlərdə gedən müharibələr barəsində eşidəcəksiniz». Həmçinin o deyir ki, millət millətə qarşı qalxacaq, qıtlıqlar, zəlzələlər və epidemiyalar olacaq; onun şagirdlərinə nifrət edəcək və öldürəcəklər; saxta peyğəmbərlər peyda olacaq və çoxlarını aldadacaqlar; hərc-mərclik baş alıb gedəcək və çoxlarında məhəbbət soyuyacaq. Bunlarla bərabər Padşahlıq haqqında xoş xəbər təbliğ ediləcək və bütün millətlərə şəhadət veriləcək.

      İsanın bu peyğəmbərliyi Yerusəlimin 70-ci ildəki süqutundan əvvəl kiçik miqyasda yerinə yetdi, böyük miqyasda isə İsanın iştirakı və dövrün yekunu zamanı icra olacaqdı. 1914-cü ildən bəri dünyada baş verən hadisələri diqqətlə araşdıranda görürük ki, İsanın bu mühüm peyğəmbərliyi həmin ildən başlayaraq böyük miqyasda yerinə yetir.

      İsa əlamətdən danışarkən «viranəlik gətirən iyrənc şey»in peyda olacağını qeyd edir. Eramızın 66-cı ilində Roma qoşunu Yerusəlimi mühasirəyə alıb məbədin divarının altını qazır. Beləcə, «layiq olmadığı yerdə» duran «iyrənc şey» Roma ordusu olur.

      Əlamətin böyük miqyasda yerinə yetdiyi müasir zəmanədə bu «iyrənc şey» Millətlər Liqası və onun davamçısı olan Birləşmiş Millətlər Təşkilatıdır. Dünyada sülhü bərqərar etmək üçün yaradılmış bu təşkilat Xristian dünyasının fikrincə, Allahın Padşahlığını əvəz edir. Bu, əsil iyrənclikdir! Buna görə də BMT ilə bağlı olan siyasi qüvvələr Xristian dünyasına (Yerusəlimin müasir obrazı) qarşı qalxacaq və onu məhv edəcək.

      İsa peyğəmbərlik edir: «O vaxt elə bir böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq». Məlumata görə, 70-ci ildə Yerusəlim darmadağın ediləndə bir milyondan çox insan həlak olub. Bu, doğrudan da, əsil müsibət idi! İsanın söylədiyi peyğəmbərliyin bu hissəsinin böyük miqyasda icrası hələ qabaqdadır.

      Axır günlərdə mətin olmalı

      Gün başa çatmaq üzrədir. İsa həvariləri ilə özünün padşah kimi iştirakının və dövrün yekununun əlaməti barədə söhbətini davam etdirir. O, onlara özlərini saxta məsihlərdən qorumağı tövsiyə edir və deyir ki, bu adamlar «mümkünsə, seçilmişləri də yoldan çıxartmağa» çalışacaqlar. Lakin seçilmişlər, itigözlü qartallar kimi, həqiqi ruhani qidanın üstünə, yəni iştirakı gözlə görünməyən tərzdə başlamış Məsihin yanına toplaşacaqlar. Onları aldatmaq mümkün olmayacaq və onlar saxta məsihlərin başına toplaşmayacaqlar.

      Həqiqi Məsih gözlə görünməyən tərzdə iştirak etdiyi halda, saxta məsihləri görmək mümkün olacaq. İsa deyir ki, müsibət başlayandan sonra «günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq». Bəli, bəşər tarixində ən zülmətli dövr başlayacaq. Həmin dövrü günəşsiz günə və aysız gecəyə oxşatmaq olar.

      İsa həm də deyir ki, «göylərin qüdrəti sarsılacaq». Bununla o göstərir ki, səma qorxunc görkəm alacaq. Bəşər tarixində hələ görünməmiş qorxu və zorakılıq tüğyan edəcək. «Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan millətlər əzab çəkəcək. İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcəklər». Bəli, bəşər tarixinin bu müdhiş dövrü başa çatdığı vaxt «göydə insan Oğlunun rəmzi peyda olacaq, yer üzünün bütün qəbilələri ağlaşıb başlarına döyəcək».

      Amma insan Oğlu bu pis dövrü məhv etmək üçün «qüdrətlə» gələndə hamı «ağlaşmayacaq». Məsihlə birgə Padşahlıqda olacaq 144 000 «seçilmişlər» və onların «başqa qoyunlar» adlanan yoldaşları kədərlənməyəcəklər. Onlar tarixin ən ağır dövründə yaşasalar da, İsanın bu çağırışı onları ruhlandırır: «Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır».

      Axır günlərdə yaşayacaq şagirdlərin sonun yaxın olduğunu müəyyən edə bilmələri üçün İsa əyani nümunə gətirir: «Əncir ağacına və başqa ağaclara fikir verin. Onların tumurcuqlandığını görəndə bilirsiniz ki, tezliklə yay gələcək. Eləcə də bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxındadır. Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil yox olmamış baş verəcək».

      Beləliklə, əlamətin tərkib hissələrindən bir çoxu icra olunmağa başlayanda şagirdlər başa düşməlidirlər ki, dövrün sonu yaxınlaşır və tezliklə Allahın Padşahlığı bütün pisliyi yox edəcək. İsa bu əlamətdar dövrdə yaşayacaq şagirdlərə tövsiyə edir:

      «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəs üçün gələcək. Buna görə də oyaq durun və hər vaxt Allaha yalvarın ki, mütləq baş verəcək hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz».

      Ağıllı və ağılsız qızlar məsəli

      İsa padşah kimi iştirakına dair şagirdlərinə daha üç məsəl danışır. Bu məsəllər əlamətin başqa yönlərini işıqlandırır.

      Onun iştirakı zamanı yaşayanlar bu məsəllərin həyata keçməsinin şahidi olacaqlar. İsa birinci məsəli belə başlayır: «Səmavi padşahlıq çıraqlarını götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir. Onlardan beşi ağılsız, beşi isə ağıllı idi».

      İsa Allahın Padşahlığı «on qıza bənzəyir» deməklə səmavi mükafatı alanların yarısının ağıllı, digər yarısının isə ağılsız olacaqlarını nəzərdə tutmur. O demək istəyir ki, Padşahlıqla bağlı hadisələr bu məsəldə təsvir olunan vəziyyətə oxşar olacaq.

      On qız Padşahlığa layiq görülənləri və ya layiq görüldüyünü iddia edənləri təmsil edir. Bəy, yəni dirilmiş və şöhrətlənmiş Məsih eramızın 33-cü ilinin Əllinci gün bayramında məsihçi yığıncağı ilə məcazi mənada nişanlanır. «Toy» isə gələcəkdə göydə olacaq.

      Məsəldə on qız bəyi qarşılamaq və toy şənliyinə qoşulmaq üçün çölə çıxır. Bu qızlar əllərində çıraq gəlinini evinə gətirməyə hazırlaşan bəyin və onu müşayiət edənlərin yolunu işıqlandıracaq. İsa danışır: «Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər».

      Bəyin yubanması o deməkdir ki, Məsihin padşah kimi iştirakı hələ uzaqdadır. Nəhayət, 1914-cü ildə Məsih taxta çıxır. Bu hadisədən qabaqkı uzun gecə ərzində qızların hamısı yuxuya dalırlar. Ancaq buna görə onlara söz gəlmir. Ağılsız qızlar yağ götürmədikləri üçün mühakimə olunurlar. İsa bəyin gəlişi qabağı qızların necə oyandığını nəql edir: «Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”. Onda qızların hamısı durub çıraqlarını qaydaya saldılar. Ağılsız qızlar ağıllılara dedilər: “Yağınızdan bir az bizə də verin, çünki çıraqlarımız sönmək üzrədir”. Ağıllı qızlar belə cavab verdilər: “Yağ həm sizə, həm bizə çatmaya bilər. Yaxşısı budur gedin, yağ satanlardan alın”».

      Yağ həqiqi məsihçilərin çıraq kimi işıq saçmasına qüvvə verən bir vasitədir. Bu vasitə Məsihin davamçılarının əldə möhkəm tutduqları Allahın Kəlamı və onu başa düşməyə kömək edən müqəddəs ruhdur. Ruhani yağ sayəsində ağıllı qızlar bəyin toy şənliyinə gəldiyi yolu işıqlandıra bilirlər. Ağılsız qızlar sinfini təmsil edənlərdə isə ruhani yağ yoxdur. İsa sonra nə olduğunu danışır:

      «Onlar [ağılsız qızlar] yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı. Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!” — deyə çağırdılar. Bəy onlara dedi: “Mən sizi tanımıram”».

      Məsih Allahın Padşahlığına gəldikdən sonra məsh olunmuş həqiqi məsihçilərdən ibarət ağıllı qızlar sinfi oyanır. Onlar geri qayıdan Bəyin şərəfinə bu zülmət dünyada işıq saçmağa layiq görülürlər. Ağılsız qızlarla təmsil olunanlar isə buna hazır deyillər. Buna görə də vaxt yetişəndə Məsih göydəki toy məclisinin qapısını onlara açmayacaq. O, onları bu dünyanın zülmətli gecəsinin qatı qaranlığında çöldə saxlayır ki, digər qanunsuzluq edənlərlə bərabər məhv olsunlar. İsa bu məsəli belə yekunlaşdırır: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz».

      Talantlar haqqında məsəl

      İsa Zeytun dağında həvariləri ilə söhbətini davam etdirərək növbəti məsəli danışır. O, bir neçə gün bundan əvvəl Yerixoda olarkən Padşahlığın uzaqda olduğunu göstərmək üçün «on mina» məsəlini söyləmişdi. İndi çəkdiyi məsəl bir çox cəhətdən həmin məsələ oxşasa da, burada Məsihin padşah kimi iştirakı zamanı olacaq hadisələr təsvir edilir. Bu məsəl göstərir ki, İsanın şagirdləri yerdə olduqları vaxt ərzində onun «əmlakını» çoxaltmağa çalışmalıdırlar.

      İsa nəql edir: «Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi». «Başqa ölkəyə getməyə hazırlaşan adam» İsadır. O, göyə getməzdən əvvəl «nökərlərinə», yəni səmavi Padşahlığa layiq görülmüş şagirdlərinə öz «əmlakını» həvalə edir. «Əmlak» nəsə maddi bir şey deyil; o, daha çox şagird yetişdirmək üçün İsanın «şumladığı» münbit tarlanı təmsil edir.

      İsa göyə qalxmazdan bir az əvvəl əmlakını şagirdlərinə həvalə edir. Necə? O, onlara şumlayıb hazırladığı sahədə çalışmağı, yəni Allahın Padşahlığı haqqında xoş xəbəri yer kürəsinin ucqarlarınadək təbliğ etməyi tapşırır. İsa belə deyir: «O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant verib yola çıxdı».

      Deməli, İsanın əmlakı olan bu səkkiz talant nökərlərə ruhani cəhətdən bacarıqları nəzərə alınaraq verilmişdi. «Nökərlər» şagirdlərin müxtəlif qruplarını təmsil edir. Birinci əsrdə beş talant almış nökər qrupuna, şübhəsiz, həvarilər daxil idilər. İsa deyir ki, beş və iki talant almış nökərlər Padşahlıq haqqında təbliğ etməklə və şagird hazırlamaqla paylarını ikiqat çoxaldırlar. Bir talant almış nökər isə onu torpaqda gizlədir.

      İsa danışır: «Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi». Məsih düz 19 əsr sonra, 20-ci yüzillikdə qayıtdı və şagirdlərindən hesabat vermələrini tələb etdi. Sonra İsa deyir:

      «Beş talant almış nökər qazandığı beş talantı da özü ilə gətirib dedi: “Ağa, sən mənə beş talant əmanət etmişdin. Bax, mən beş talant da qazanmışam”. Ağası ona dedi: “Afərin, mənim qoçaq, vəfalı nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, ağanın sevincinə şərik ol”». İki talant almış nökər də ona verilmiş talantları ikiqat artırır və ağası onu da tərifləyib mükafatlandırır.

      Bəs bu vəfalı nökərlər ağalarının sevincinə necə şərik olurlar? Ağaları İsa Məsihin sevinci qərib ölkədə, yəni Allahın yanında miras aldığı Padşahlıqdır. Bizim günlərdəki sadiq nökərlərə gəldikdə isə Padşahlıqla əlaqədar onların üzərinə daha böyük məsuliyyət qoyulur və onlar bundan hədsiz sevinc duyurlar. Onların sevinci yerdəki həyatı başa vurduqdan sonra dirilib Padşahlığa daxil olanda birə-beş artacaq. Bəs üçüncü nökər kimdir?

      «Ağa, — deyə bu nökər şikayətə başlayır, — mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyini biçirsən, səpmədiyini yığırsan. Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun». Bu nökər sahədə işləməkdən — təbliğ etmək və şagird hazırlamaq işindən qəsdən boyun qaçırıb. Ağası buna görə onu «yaramaz və tənbəl» adlandırır və cəzalandırır: «Pulu bundan alın... Bu yaramaz nökəri isə bayıra, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq». «Yaramaz nökər» sinfinə daxil olanlar çölə atılıb ruhani sevincdən məhrum edilirlər.

      Bu, özünü Məsihin davamçısı sayan hər bir kəs üçün mühüm ibrət dərsidir. Kim tərif və mükafata layiq görülmək və çölə atılıb axırda məhv olunmaqdan qaçınmaq istəyirsə, təbliğ işində var-gücü ilə iştirak edib Ağanın əmlakını artırmağa çalışmalıdır. Siz bu tapşırığı yerinə yetirməyə can yandırırsınız?

      Qoyunlar və keçilər məsəli

      İsa şagirdlərlə söhbətinə davam edir. İndi o, üçüncü məsəli danışır: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək».

      İnsan Oğlu dövrün sonu başa çatmaq üzrə olanda gəlir. Bu gəlişin məqsədi nədir? İsa aydınlaşdırır: «Bütün millətlər onun önündə yığışacaq və o, çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları saf-çürük edəcək. O, qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq».

      İsa rəğbət qazananları nə gözlədiyini təsvir edir: «Onda padşah sağındakılara deyəcək: “Ey Atamın xeyir-duasını almış bəndələr! Gəlin, əzəldən bəri sizin üçün hazırlanmış padşahlığı miras alın”». Bu məsəldə sözü gedən «qoyunlar» Məsihlə hakimiyyət sürməyəcəklər, onlar səmavi Padşahlığın yer üzündəki təbəələri olacaqlar. Onlar bu mənada Padşahlığı miras alacaqlar. «Əzəldən bəri» deməklə İsa Allahın fidyə tədbirindən bəhrələnə biləcək bəşəriyyətin təməlinin qoyulmasını, yəni Adəmlə Həvvanın dünyaya uşaq gətirməsini nəzərdə tutur.

      Bəs nə üçün padşah qoyunlara rəğbət göstərib onları sağ tərəfinə keçirir? Padşah deyir: «Acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz; çılpaq idim, məni geyindirdiniz; naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz».

      Qoyunlar yerdə olduqlarından təəccüblənirlər ki, görəsən, göydəki padşahlarına necə yaxşılıq edə biliblər. Onlar soruşurlar: «Ağa, biz səni nə vaxt ac görüb yedizdirmişik və ya susuz görüb su vermişik? Haçan qərib olduğunu görüb sənə qonaqpərvərlik göstərmişik, ya da səni çılpaq görüb geyindirmişik? Səni nə vaxt xəstə və ya dustaq görüb yanına gəlmişik?»

      Padşah cavab verir: «Bunu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz». Məsihin qardaşları onunla birgə səmavi Padşahlıqda hakimiyyət sürəcək 144 000 məsh olunmuşun yer üzündəki qalığıdır. İsanın sözünə görə, onlara yaxşılıq edən, sanki, onun özünə etmiş olur.

      Sonra padşah üzünü keçilərə tutub deyir: «İtilin gözümdən, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız».

      Keçilər etiraz edirlər: «Ağa, biz səni nə vaxt ac, susuz, qərib, çılpaq, xəstə və ya dustaq görüb sənə qulluq etmədik?» Keçilər də, qoyunlar da eyni tərəzidə ölçülür. Padşah deyir: «Madam ki, bunu bu kiçiklərdən [qardaşlarımdan] birinə etmədiniz, deməli, mənə də etməmisiniz».

      Beləliklə, Məsihin padşah kimi iştirakı özünə bir hökmü daxil edəcək. Bu hökm, bu pis dünyanın məhvindən azacıq əvvəl, böyük müsibət zamanı olacaq. Keçilər «əbədilik məhv ediləcəklər, salehlər [qoyunlar] isə əbədi həyata qovuşacaqlar». Matta 24:2—25:46; 13:40, 49; Mark 13:3—37; Luka 21:7—36; 19:43, 44; 17:20—30; 2 Timoteyə 3:1—5; Yəhya 10:16; Vəhy 14:1—3.

      ▪ Həvarilərdə nəyə görə sual yaranır? Onlar daha nə barədə düşünürlər?

      ▪ İsanın peyğəmbərliyinin hansı hissəsi eramızın 70-ci ilində yerinə yetdi və nələr gələcəkdə olacaqdı?

      ▪ İsanın peyğəmbərliyi ilk dəfə nə vaxt yerinə yetdi və böyük miqyasda nə vaxt yerinə yetəcək?

      ▪ «İyrənc şey» peyğəmbərliyin birinci və sonuncu icrasında nələri təmsil edir?

      ▪ Böyük müsibət nə üçün Yerusəlimin darmadağın edilməsi ilə qurtarmadı?

      ▪ Məsihin iştirakı zamanı dünyada nələr baş verir?

      ▪ Nə vaxt «yer üzünün bütün qəbilələri ağlaşıb başlarına döyəcək» və Məsihin davamçıları həmin vaxt nə edəcəklər?

      ▪ Gələcəkdəki şagirdlərinin sonun yaxında olduğunu müəyyən edə bilmələri üçün İsa hansı əyani misalı çəkir?

      ▪ Son günlər ərzində yaşayacaq şagirdlərinə İsa nəyi tövsiyə edir?

      ▪ «On qız» kimləri təmsil edir?

      ▪ «Bəy» məsihçi yığıncağı ilə nə vaxt nişanlandı və bəy gəlinini toy şənliyinə aparmaq üçün nə vaxt gəlir?

      ▪ «Yağ» nəyi təmsil edir və ağıllı qızlar onun sayəsində nə edirlər?

      ▪ Toy şənliyi harada keçir?

      ▪ Ağılsız qızlar hansı misilsiz mükafatdan məhrum olurlar və onları nə gözləyir?

      ▪ Talantlar barədəki məsəldən nə öyrənirik?

      ▪ «Nökərlər» kimlərdir və onlara hansı «əmlak» həvalə edilir?

      ▪ Ağa nə vaxt gəlib nökərlərindən hesabat tələb edir və o, nə görür?

      ▪ Vəfalı şagirdlərin qoşulduğu şənlik nədir və yaramaz nökərin başına nə gəlir?

      ▪ Məsih padşah kimi iştirakında hansı hökmü icra edəcək?

      ▪ «Qoyunlar» hansı mənada Padşahlığı miras alacaqlar?

      ▪ İsa «əzəldən bəri» deyərkən hansı vaxtı nəzərdə tutur?

      ▪ İnsanlar nəyin əsasında «qoyunlara» və «keçilərə» ayrılacaqlar?

  • İsanın sonuncu Pasxa bayramı yaxınlaşır
    İsa Məsihin həyatı və xidməti
    • Fəsil 112

      İsanın sonuncu Pasxa bayramı yaxınlaşır

      HADİSƏLƏRLƏ DOLU nisanın 11-i başa çatır. İsa Zeytun dağında həvarilərinə təlim verib qurtarır və yəqin ki, onlar gecələmək üçün Betaniyaya qayıdırlar. Yolda İsa həvarilərinə deyir: «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır, insan Oğlu ələ verilib dirəyin üzərində edam ediləcək».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş