-
Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol verməGözətçi qülləsi 2013 | 15 yanvar
-
-
Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə
«Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (YEŞUA 24:15).
1-3. a) Həyatda düzgün seçim etmək istəyənlər üçün Yeşua nəyə görə gözəl nümunədir? b) Qərar verərkən nəyi yadda saxlamalıyıq?
«SEÇMƏK» — bu, çox güclü sözdür. Çünki seçim azadlığı olan insanın qarşısında müxtəlif variantlar olur və həyatını hansı səmtə yönəldəcəyi ən çox onun özündən asılı olur. Tutalım, bir nəfər yol gedir və birdən görür ki, yol iki istiqamətə ayrılır. O, hansı yolla gedəcək? Əgər onun konkret getmək istədiyi bir yer varsa, onda bu yollardan biri onu məqsədinə doğru aparacaq, digəri isə tamamilə uzaqlaşdıracaq.
2 Müqəddəs Kitabda oxşar vəziyyətlərlə üzləşən bir çox insanların nümunələri var. Misal üçün, Qabil qəzəbə yol vermək və ya onu cilovlamaq arasında seçim etməli idi (Yar. 4:6, 7). Yeşua da seçim qarşısında durmuşdu: həqiqi Allaha ibadət etməyə davam etsin, yoxsa yalançı allahlara üz tutsun (Yeşua 24:15). Yeşuanın məqsədi Yehovaya bağlı qalmaq idi; beləliklə, o, elə bir yol seçdi ki, bu, ona məqsədinə nail olmağa kömək etdi. Ancaq Qabilin belə bir məqsədi olmadığından onu Yehovadan uzaqlaşdıran bir yol seçdi.
3 Bəzən biz də düzgün yolda qalmaq üçün vacib qərarlar qəbul etməli oluruq. Belə olan halda, etdiyimiz hər şeydə Yehovaya izzət vermək və bizi Ondan uzaqlaşdıracaq hər bir şeydən kənar durmaq məqsədimiz barədə unutmamalıyıq. (İbranilərə 3:12 ayəsini oxu.) Bu və növbəti məqalədə biz həyatın yeddi sahəsinə və bu sahələrdə verdiyimiz qərarların bizi Yehovadan uzaqlaşdırmasına yol verməməli olduğumuza diqqət yetirəcəyik.
İŞ VƏ KARYERA
4. İşləmək nə üçün vacibdir?
4 Məsihçilər özlərini və ailələrini dolandırmalıdırlar. Müqəddəs Kitab göstərir ki, əgər kimsə öz ailəsinin qeydinə qalmaq istəmirsə, o, imansızdan betərdir (2 Salon. 3:10; 1 Tim. 5:8). Aydın məsələdir ki, iş həyatın vacib bir hissəsidir, ancaq əgər diqqətli olmasan, iş və karyera səni Yehovadan uzaqlaşdıra bilər. Necə?
5. İş təkliflərini nəzərdən keçirərkən hansı amillərə diqqət yetirmək lazımdır?
5 Təsəvvür et ki, iş axtarırsan. Əgər sən iş tapmağın elə də asan olmadığı bir yerdə yaşayırsansa, qarşına çıxan ilk işi qəbul etmək istəyəcəksən. Bəs əgər həmin iş Müqəddəs Kitab prinsiplərinə zidd gedirsə, yaxud o qədər vaxtını alır ki, yığıncağa və ailənə kifayət qədər vaxt ayıra bilmirsən, onda necə? İşsiz qalmaqdansa, əlverişli olmayan işdə işləməyin daha yaxşı olduğunu düşünərək qarşına çıxan istənilən işi qəbul edəcəksən? Unutma ki, yanlış yolu seçməyin səni Yehovadan uzaqlaşdıra bilər (İbr. 2:1). Əgər iş axtarırsansa və ya işini dəyişmək istəyirsənsə, düzgün qərar qəbul etməkdə sənə nə kömək edəcək?
6, 7. a) İnsan işlə bağlı qarşısına hansı məqsədləri qoya bilər? b) Hansı məqsəd insanı Yehovaya yaxınlaşdırır və nəyə görə?
6 Artıq qeyd edildiyi kimi, ilk növbədə, əsas məqsədi yadda saxlamaq lazımdır. Özündən soruş: «İş seçimində nəyə üstünlük verirəm?» Əgər sən dünyəvi işə əsas məqsədə çatmaq, yəni Yehovaya xidmət edərək özünü və ailəni dolandırmaq üçün bir vasitə kimi baxırsansa, Allah sənin bütün cəhdlərini xeyir-dualandıracaq (Mat. 6:33). İşini itirəndə və ya maddi çətinlik çəkəndə Yehova sənin vəziyyətinə biganə qalmır (Yeşaya 59:1). O, «sadiq insanları sınaqlardan necə qurtarmağı... bilir» (2 Pet. 2:9).
7 Bəs əgər məqsədin sadəcə varlanmaqdırsa, onda necə? Ola bilsin, sən məqsədinə çatacaqsan. Ancaq unutma ki, buna nail olsan belə, bu cür «müvəffəqiyyət» sənə baha başa gələcək — sənin ona gücün çatmaz. (1 Timoteyə 6:9, 10 ayələrini oxu.) Əgər var-dövlət və karyera həyatında vacib yer tutursa, onlar səni Yehovadan uzaqlaşdıracaq.
8, 9. Valideynlər işə olan münasibətləri ilə bağlı nəyi nəzərə almalıdırlar? İzah edin.
8 Əgər sən valideynsənsə, sənin nümunənin uşaqlarına necə təsir etdiyi barədə düşün. Onlar həyatda sənin üçün nəyin daha vacib olduğunu görürlər — karyeranın, yoxsa Yehova ilə münasibətlərin? Əgər onlar yüksək mövqeyin, prestij və var-dövlətin sənin üçün həyatda birinci yerdə durduğunu görürlərsə, məgər onlar bu cür məhvə aparan yolda sizin nümunənizi izləməyəcəklər? Onların sizə olan hörməti itməyəcək? Bir gənc məsihçi qeyd edir: «Gözümü açandan bəri atamın başı həmişə işə qarışıq olub. Əvvəllər görünürdü ki, atam ailəni dolandırmaq üçün bu qədər gərgin işləyir. Çünki o istəyirdi ki, biz heç nəyin qayğısını çəkməyək. Lakin son bir neçə il ərzində bəzi şeylər dəyişdi. O, durmadan işləyir və bahalı-bahalı şeylər alır, halbuki ailəmizin buna ehtiyacı yoxdur. Nəticədə, biz başqalarını ruhani şeylərə təşviq edən yox, daha çox imkanlı bir ailə kimi ad qazandıq. Ümid edirəm ki, atam nə vaxtsa ailəmizə maddi cəhətdən çox, ruhani cəhətdən dəstək olacaq».
9 Valideynlər, həyatınızda karyeraya həddən çox önəm verməklə onun sizi Yehovadan uzaqlaşdırmasına yol verməyin. Öz nümunənizlə uşaqlarınıza göstərin ki, əldə edə biləcəyiniz ən böyük var-dövlətin maddi yox, ruhani sərvət olduğuna, həqiqətən də, inanırsınız (Mat. 5:3).
10. Karyera seçərkən gənclər nəyi götür-qoy etməlidirlər?
10 Bir gənc kimi, karyera qurmağı planlaşdırırsansa, düzgün yolu necə seçə bilərsən? Artıq öyrəndiyimiz kimi, sənin seçimin həyatını hansı istiqamətə yönəltmək istəyindən asılı olacaq. Seçdiyin sahə üzrə təlim almağın və işləməyin Padşahlığın maraqları üçün daha çox xidmət etməyinə kömək edəcək, yoxsa, əksinə, Yehovadan uzaqlaşdıracaq? (2 Tim. 4:10). Sən də xoşbəxtliyi artan və azalan bank hesablarından və ya qiymətli kağızlardan asılı olan insanlara bənzəmək, yoxsa Davud kimi, Yehovaya güvənmək istəyirsən? O yazmışdı: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Məz. 37:25). Yadda saxla ki, bir yol səni Yehovadan uzaqlaşdırdığı halda, digəri ən yaxşı həyata doğru aparacaq. (Süleymanın məsəlləri 10:22; Malaki 3:10 ayələrini oxu.) Bəs sən hansı yolu seçəcəksən?a
İSTİRAHƏT VƏ ƏYLƏNCƏ
11. Müqəddəs Kitabda istirahət və əyləncə barədə nə deyilir və biz nəyi yadda saxlamalıyıq?
11 Müqəddəs Kitab nə deyib-gülməyi qadağan edir, nə də istirahət və əyləncənin vaxt itkisi olduğunu deyir. Həvari Pavel Timoteyə fiziki məşqin faydası olduğunu yazmışdı (1 Tim. 4:8). Hətta Müqəddəs Kitabda deyilir ki, «gülməyin öz vaxtı» var, «rəqs etməyin öz vaxtı», yəni bu, bizi istirahətə kifayət qədər vaxt ayırmağa təşviq edir (Vaiz 3:4; 4:6). Ancaq diqqətli olmasaq, istirahət və əyləncə bizi Yehovadan uzaqlaşdıra bilər. Necə? Düzgün olmayan əyləncə və istirahət növü seçməklə və onlara həddən artıq vaxt sərf etməklə.
Düzgün seçilmiş istirahət və ona kifayət qədər vaxt ayırmaq insana təravət gətirir
12. İstirahət və əyləncə növü seçərkən hansı amilləri nəzərə almalısan?
12 İlk növbədə, seçməli olduğun istirahətin və əyləncənin növünü müəyyən et. Bunun sənə düzgün seçim etməkdə mütləq köməyi dəyəcək. Qeyd etmək lazımdır ki, çoxları tərəfindən qəbul olunan əyləncə növlərinə Allahın nifrət etdiyi qəddarlıq, spiritizm və əxlaqsızlıq daxildir. Bundan əlavə, seçdiyin istirahət və əyləncə növünü hərtərəfli götür-qoy et. O, sənə necə təsir edir? Səndə qəddarlıq, güclü rəqabət və millətçilik ruhu yaradırmı? (Sül. məs. 3:31). Sənə baha başa gəlir? Başqalarını büdrətmir ki? (Rom. 14:21). Əhatəndə kimlər olacaq? (Sül. məs. 13:20). Səndə pis işlərlə məşğul olmaq arzusu oyatmır ki? (Yaq. 1:14, 15).
13, 14. İstirahətə nə qədər vaxt ayıracağını götür-qoy edərkən nəyə diqqət yetirməlisən?
13 Eyni zamanda, istirahətə və əyləncəyə nə qədər vaxt sərf etdiyini də götür-qoy et. Özündən soruş: «İstirahətə çox vaxt sərf etdiyim üçün ruhani işlərə lap az vaxtım qalır?» Əgər istirahət və əyləncəyə həddən çox vaxt ayırsan, görəcəksən ki, asudə vaxtın bir o qədər də təravətli keçmir. Əslində, insan əyləncəyə lazımi qədər vaxt ayıranda bu, ona daha çox zövq verir. Nəyə görə? Çünki onlar, ilk növbədə, «daha vacib şeyləri» yerinə yetirdiklərinə görə hər hansı əyləncəyə vaxt ayıranda vicdanları onları narahat etmir. (Filipililərə 1:10, 11 ayələrini oxu.)
14 İstirahətə daha çox vaxt sərf etmək cəlbedici görünsə də, bu səni Yehovadan uzaqlaşdıra bilər. 20 yaşı olan Kim adlı bacı öz təcrübəsindən öyrəndikləri barədə belə deyir: «Mən hər həftəsonu — cümə, şənbə və bazar günləri keçirilən böyük şənliklərin hər birində iştirak edirdim. İndi isə başa düşürəm ki, etməli olduğum daha vacib işlər var. Misal üçün, pioner kimi xidmət etdiyim üçün səhər saat 6-da yuxudan durmalıyam, buna görə də gecə saat birə-ikiyə kimi şənliklərdə iştirak etmirəm. Bilirəm ki, şənliklərin hamısı heç də pis deyil, amma onlar diqqəti yayındıra bilər. Digər məşğuliyyətlər kimi, onun da yerini bilmək lazımdır».
15. Əyləncənin uşaqlara təravət gətirməsi üçün valideynlər nə edə bilərlər?
15 Valideynlər özlərinin və uşaqlarının maddi, ruhani və emosional tələbatlarının qayğısına qalmaq məsuliyyəti daşıyırlar. Bir valideyn kimi, bütün əyləncələrin pis olduğunu düşünmə. Eyni zamanda da övladlarını pis təsirlərdən qoru (1 Kor. 5:6). Ailən üçün əsil təravət gətirən istirahət və əyləncə növü seçməzdən əvvəl yaxşıca götür-qoy etb. Belə etməklə, ailəlikcə sizi Yehovaya yaxınlaşdıran bir yolu seçəcəksiniz.
AİLƏ MÜNASİBƏTLƏRİ
16, 17. Hansı vəziyyət bir çox valideynləri məyus edir və haradan bilirik ki, Yehova onların keçirdiyi ağrı hissini başa düşür?
16 Valideynlərlə uşaqların bir-birlərinə dərin məhəbbət bəsləmələri təbiidir. Hətta Yehova xalqına olan məhəbbətini ananın övladına olan məhəbbəti ilə müqayisə edir (Yeşaya 49:15). Bu səbəbdən ailə üzvlərimizdən kimsə Yehovanı tərk edəndə bizim dərin kədər hissi keçirməyimiz təbiidir. Qızı yığıncaqdan kənar edilən bir bacı deyir: «Daxilimdə dərin boşluq hiss edirdim. Mən onun Yehovanı nə üçün tərk etdiyini heç cürə başa düşə bilmirdim. Həmişə özümü günahlandırır və lənətləyirdim».
17 Yehova sənin keçirdiyin ağrı hissini başa düşür. O, Özü də ilk yaratdığı ailənin, eləcə də Daşqından əvvəl yaşamış insanların əksəriyyətinin qaldırdığı qiyama görə ürəyində kədərlənmişdi (Yar. 6:5, 6). Heç vaxt belə itkiylə üzləşməyənlər üçün bunun insana nə dərəcədə ağrı verdiyini başa düşmək çətin ola bilər. Buna baxmayaraq, ailə üzvlərindən kiminsə yığıncaqdan kənar edilməsinin səni Yehovadan uzaqlaşdırmasına yol vermə. Bəs belə olan halda yaşadığın ağrı-acının öhdəsindən necə gələ bilərsən?
18. Uşaqları Yehovanı tərk edən valideynlər nə üçün özlərini günahlandırmamalıdırlar?
18 Baş verən hadisələrə görə özünü günahlandırma. Yehova hər kəsə seçim etmək imkanı verir və ailənin həsr olunmuş hər bir üzvü «öz məsuliyyət yükünü» daşıyır (Qalat. 6:5). Əvvəl-axır, Yehova səni yox, günah işlədən insanı məsuliyyətə cəlb edəcək (Yez. 18:20). Başqalarını da günahlandırmaq lazım deyil. Nizam-intizamı qorumaq üçün Yehovanın qərarına hörmət et. Yığıncağı müdafiə edən ağsaqqallara qarşı yox, İblisə qarşı dur (1 Pet. 5:8, 9).
Sevdiklərimizin Yehovaya qayıdacağına ümid etməkdə pis heç nə yoxdur
19, 20. a) Uşaqları yığıncaqdan kənar edilən valideynlər kədər hissinin öhdəsindən necə gələ bilərlər? b) Həmin valideynlər nəyə ümid edə bilərlər?
19 Digər tərəfdən, əgər Yehovanı kədərləndirən yolu seçsən, Ondan uzaqlaşacaqsan. Ailə üzvlərin Yehovanı hər şeydən, hətta ailə tellərindən belə üstün tutmağa qəti qərarlı olduğunu görməlidirlər. Belə bir vəziyyətlə üzləşəndə əminliklə öz ruhaniliyini qoru. Özünü sadiq məsihçi bacı-qardaşlarından təcrid etmə (Sül. məs. 18:1). Duada Yehovaya «qəlbini açıb boşalt» (Məz. 62:7, 8). Yığıncaqdan kənar edilmiş ailə üzvü ilə, hətta e-mail vasitəsilə olsa belə, ünsiyyət etmək üçün bəhanə axtarma (1 Kor. 5:11). Ruhani işlərlə məşğul ol (1 Kor. 15:58). Yuxarıda sözləri sitat gətirilən bacı deyir: «Bilirəm, Yehovaya xidmətimi davam etdirməli və ruhən möhkəm qalmalıyam ki, qızım Yehovaya qayıdanda ona kömək edə bilim».
20 Müqəddəs Kitabda deyilir ki, məhəbbət «hər şeyə ümid edir» (1 Kor. 13:4, 7). Sevdiyimiz insanın yenidən qayıdacağına ümid etməkdə səhv heç nə yoxdur. Yığıncaqdan kənar edilən xeyli insan hər il tövbə edib yenidən Yehovanın təşkilatına qayıdır. Tövbə edən insana Yehovanın qəzəbi sonsuz deyil. Çünki O, bağışlayan Allahdır (Məz. 86:5).
MÜDRİK SEÇİM EDİN
21, 22. İradə azadlığından necə istifadə etməyə qəti qərarlısan?
21 Yehova yaratdığı insanlara iradə azadlığı verib. (Qanunun təkrarı 30:19, 20 ayələrini oxu.) Amma biz bu azadlıqdan düzgün istifadə etmək məsuliyyəti daşıyırıq. Hər bir məsihçi özündən soruşmalıdır: «Mən hansı yolu seçmişəm? İş və karyeranın, istirahət və əyləncənin, yaxud ailə münasibətlərinin məni Yehovadan uzaqlaşdırmasına yol verirəmmi?»
22 Yehovanın xalqına göstərdiyi məhəbbət heç vaxt tükənmir. Amma əgər yanlış yol seçsək, özümüzü Yehovadan uzaqlaşdıra bilərik (Rom. 8:38, 39). Ancaq bunun bizimlə baş verməməsi üçün heç nəyin bizi Yehovadan uzaqlaşdırmasına yol verməməliyik. Növbəti məqalədə seçim edərkən diqqətli olmalı olduğumuz digər dörd sahə müzakirə olunacaq.
-
-
Yehova ilə yaxın münasibətlərini qoruGözətçi qülləsi 2013 | 15 yanvar
-
-
Yehova ilə yaxın münasibətlərini qoru
«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (YAQ. 4:8).
1, 2. a) Şeytan hansı fəndlərə əl atır? b) Allaha yaxınlaşmaqda bizə nə kömək edəcək?
YEHOVA ALLAH insanları Onunla yaxın münasibətlər qurmaq istəyilə yaradıb. Lakin Şeytan istəyir ki, onun kimi, biz də Yehovaya ehtiyacımız olmadığını düşünək. O, Eden bağında Həvvanı aldatdığı gündən bəri bu yalandan istifadə etməyə davam edir (Yar. 3:4—6). Tarix boyunca insanların əksəriyyəti bu səhvi təkrarlayır.
2 Xoşbəxtlikdən biz onun tələsinə düşməyə bilərik. Çünki «onun fəndlərindən bixəbər deyilik» (2 Kor. 2:11). Şeytanın məqsədi bizi yanlış seçimlər etməyə təhrik edərək Yehovadan uzaqlaşdırmaqdır. Ancaq əvvəlki məqalədən gördüyümüz kimi, bizim karyera, əyləncə və ailə münasibətlərində düzgün seçim etmək imkanımız var. Bu məqalədə isə Şeytanın bizi yoldan çıxarmaq üçün istifadə etdiyi texnologiya, sağlamlıq, pul və qürur kimi digər dörd sahə müzakirə olunacaq. Bu sahələrdə düzgün seçim etməyimiz Allaha yaxınlaşmağımıza kömək edə bilər (Yaq. 4:8).
TEXNOLOGİYA
3. Texnologiyadan hansı yaxşı və pis məqsədlər üçün istifadə etmək olar? İzah edin.
3 Müasir elektron cihazlar bütün dünyada geniş yayılıb. Onlardan düzgün istifadə etsək, bizə çoxlu faydası dəyə bilər. Yanlış istifadə etdikdə isə onlar bizi səmavi Atamızdan uzaqlaşdıran alətə çevrilə bilər. Götürək kompüteri. Hal-hazırda oxuduğunuz jurnal onun vasitəsilə yazılıb və çap edilib. Kompüter bizə axtarış aparmağa, ünsiyyət qurmağa kömək edə bilər, eyni zamanda biz onun sayəsində xoş vaxt keçirə bilərik. Ancaq əgər yol versək, bizdə kompüterdən asılılıq yarana bilər. Satıcılar insanları inandırmağa çalışırlar ki, onlar mütləq ən son texnologiyaları əldə etməlidirlər. Misal üçün, bir oğlan arzusunda olduğu kompüteri almaq üçün gizlincə bir böyrəyini satmışdı. Necə də düşüncəsiz hərəkətdir!
4. Bir məsihçi kompüterdən çox istifadə etmək vərdişinin öhdəsindən necə gəldi?
4 Ən acınacaqlısı isə texnologiyanın Yehova ilə münasibətlərimizə zərər vurmasına yol verməkdir. 28 yaşı olan Cona adlı gənc məsihçi deyir: «Müqəddəs Kitabda ruhani şeylər üçün “əlverişli vaxtı satın alın” məsləhəti verildiyini bilirəm. Ancaq kompüter məsələsinə gəldikdə ən böyük düşmənim özüməm». Çox vaxt Con vaxtını gecəyarısına kimi kompüterin qabağında keçirirdi. O deyir: «Nə qədər çox yorulurdumsa, bir o qədər də yazışmaqdan və videoroliklərə baxmaqdan əl çəkmək çətin olurdu, hətta bəzən zərərli olsa belə». Bu vərdişin öhdəsindən gəlmək üçün Con kompüterini elə proqramlaşdırmışdı ki, yatmaq vaxtı gələndə avtomatik olaraq sönsün. (Efeslilərə 5:15, 16 ayələrini oxu.)
Valideynlər, uşaqlarınıza texnoloji vasitələrdən müdrikliklə istifadə etməyə kömək edin
5, 6. a) Valideynlər uşaqlarına qarşı hansı məsuliyyəti daşıyırlar? b) Valideynlər uşaqlarının faydalı ünsiyyət qurduqlarına necə əmin ola bilərlər?
5 Valideynlər, siz uşaqlarınızın hər bir addımına yox, sadəcə kompüterdən necə istifadə etdiklərinə nəzarət etməlisiniz. Onların əxlaqsız və spiritizmlə bağlı saytlara girmələrinə, zorakı oyunlar oynamalarına və İnternetdə pis insanlarla ünsiyyət etmələrinə yol verməyin. Belə bir şeyə icazə versəniz, onlar fikirləşəcəklər ki, əgər valideynlərimizin vecinə deyilsə, deməli, bunda pis heç nə yoxdur. Bir valideyn kimi, sizin vəzifəniz övladlarınızı, xüsusilə də yeniyetmələri Yehovadan uzaqlaşdıracaq hər bir şeydən qorumaqdır. Diqqət yetirmisinizsə, hətta heyvanlar belə balalarını təhlükədən qoruyurlar. Balaları üçün bir balaca təhlükə yaranan zaman ana ayının nə edəcəyini heç təsəvvürünüzə gətirirsiniz?! (Huşə 13:8 ayəsi ilə müqayisə edin.)
6 Uşaqlarınızın gənc və yaşlı nümunəvi məsihçilərlə faydalı ünsiyyət qurmalarına kömək edin. Və yadda saxlayın ki, övladlarınızın sizin onlarla birgə vaxt keçirməyinizə ehtiyacları var! Buna görə də birlikdə gülmək, oynamaq və Allaha yaxınlaşmağa kömək edən işlərlə məşğul olmaq üçün vaxt ayırın!b
SAĞLAMLIQ
7. Nəyə görə sağlam olmaq hamının arzusudur?
7 «Özünü necə hiss edirsən?» Tez-tez istifadə olunan bu sual acı həqiqəti əks etdirir. Ulu valideynlərimiz Şeytanın onları Allahdan uzaqlaşdırmasına yol verdikləri üçün biz hamımız xəstəliklərə mübtəlayıq. Xəstəliklər Şeytanın məqsədinə xidmət edir, çünki insan xəstələnəndə Yehovaya xidmət etmək onun üçün çətinləşir. Öləndə isə Ona ümumiyyətlə xidmət edə bilmir (Məz. 115:17). Buna görə də biz sağlamlığımızı qorumaq üçün əlimizdən gələni etmək istəyirikc. Biz həmçinin bacı-qardaşlarımızın da sağlamlığının və rifahının qayğısına qalmalıyıq.
8, 9. a) Sağlamlığımızla bağlı həddən artıq narahat olmamaq üçün nə edə bilərik? b) Sevincimizi qoruyub saxlamağın hansı faydası var?
8 Lakin bu məsələdə ifrata varmamaq olduqca vacibdir. Bəziləri pəhrizlər, müalicə üsulları, sağlam və faydalı qida məhsulları barədə söhbətlərə daha çox vaxt sərf edirlər, nəinki Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğinə. Ola bilsin, onlar bununla başqalarına kömək etdiklərini düşünürlər. Ancaq Padşahlıq zallarımızda və ya konqreslərimizdə dərman məhsulları satmaq və müalicə üsulları reklam eləmək düzgün deyil. Nəyə görə?
9 Bizim bir yerə toplaşmağımızın məqsədi ruhani mövzular barədə danışmaq və Allahın müqəddəs ruhunun bəhrəsi olan sevinc xüsusiyyətini inkişaf etdirməkdir (Qalat. 5:22). Bizdən xahiş edib-etməmələrindən asılı olmayaraq, dərman preparatları təklif etmək və ya sağlamlıqla bağlı məsləhətlər vermək diqqəti ruhani şeylərdən yayındıra və başqalarını sevincdən məhrum edə bilər (Rom. 14:17). Hər bir kəs sağlamlığının qayğısına necə qalacağına özü qərar verməlidir. Üstəlik, heç kim xəstəliklərdən tamamilə azad ola bilməz. Hətta ən yaxşı həkimlər belə xəstələnir, qocalır və ölür. Həmçinin sağlamlığımıza görə narahat olmaqla ömrümüzü uzada bilmərik (Luka 12:25). Əksinə, Müqəddəs Kitabda deyilir ki, «ürək sevinci can üçün ən yaxşı məlhəmdir» (Sül. məs. 17:22).
10. a) Yehovanın fikrincə, insanı gözəl edən hansı keyfiyyətlərdir? b) Biz nə zaman tamamilə sağlam olacağıq?
10 Eynilə, xarici görünüşün qayğısına qalmaq da münasibdir. Ancaq biz yaşlılığın bütün əlamətlərini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxmamalıyıq. Onlar yetkinliyin, ləyaqətin və daxili gözəlliyin əlamətləridir. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, «ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır» (Sül. məs. 16:31). Yehova bizim xarici görünüşümüzdən çox, daxili varlığımızın vacib olduğunu düşünür. Biz də özümüzə bu cür baxmağı öyrənməliyik. (1 Peter 3:3, 4 ayələrini oxu.) Buna görə də, sadəcə daha cəlbedici görünmək üçün cərrahi əməliyyatlara və tibbi prosedurlara məruz qalaraq özümüzü lazımsız təhlükələrə atmaq nə dərəcədə müdrik hərəkətdir? Yaşından asılı olmayaraq, əsil gözəlliyin mənbəyi «Rəbbin verdiyi sevinc»dir (Neh. 8:10). Biz yalnız yeni dünyada mükəmməl sağlamlığa qovuşacaq və gözəlləşəcəyik (Əyy. 33:25; Yeşaya 33:24). O vaxtacan biz müdrik seçimlər etməli və Yehovanın vədlərinə iman təzahür etdirməliyik. Bu, hal-hazırda həyatdan həzz almaqda və sağlamlığımıza görə həddən artıq narahat olmamaqda bizə kömək edəcək (1 Tim. 4:8).
PUL
11. Pul necə tələ ola bilər?
11 Pulda və dürüstlüklə pul qazanmaqda pis heç nə yoxdur (Vaiz 7:12; Luka 19:12, 13). Lakin pulpərəstlik sevdasına düşsək, bu, bizi Yehovadan mütləq uzaqlaşdıracaq (1 Tim. 6:9, 10). «Bu dövrün qayğıları» — gündəlik tələbatlarımıza görə həddən artıq narahat olmaq ruhani şeylərə olan marağımızı öldürə bilər. Buna görə də «var-dövlətin aldadıcı qüvvəsi»nə, yəni uzunömürlü xoşbəxtlik və təhlükəsizlik gətirəcəyinə inanmaq ağılsızlıqdır (Mat. 13:22). İsa aydın şəkildə demişdi ki, «heç kim» həm Allaha, həm var-dövlətə qulluq edə bilməz (Mat. 6:24).
12. Bu gün çoxları necə tez bir zamanda çoxlu pul qazanmağa çalışırlar və biz bu tələdən necə qaça bilərik?
12 Pula səhv yanaşma tərzi yanlış hərəkətlərə gətirib çıxara bilər (Sül. məs. 28:20). Tez və asan pul qazanmaq imkanına aldanaraq bəziləri lotereya biletləri alır və çoxsəviyyəli şəbəkə marketinqinə qoşulurlar, hətta yığıncağın üzvlərini də bu işlərə cəlb edirlər. Başqaları isə qoyduqları pullardan ağlasığmaz dərəcədə pul qazanacaqları vədinə aldanırlar. Səni aldatmalarına yol vermə. Uzaqgörən ol. Çünki bir göz qırpımında çoxlu pul qazanmaq xəyaldan başqa bir şey deyil.
13. Yehovanın pula olan nöqteyi-nəzəri dünyanınkından necə fərqlənir?
13 Biz «padşahlığı və Allahın salehliyini» birinci yerə qoyanda Yehova əsas ehtiyaclarımızı ödəmək cəhdlərimizi xeyir-dualandırır (Mat. 6:33; Efes. 4:28). O istəmir ki, biz bütün günü işlədikdən sonra gəlib yığıncaqda ya yuxulayaq, ya da oturub pul barədə fikirləşək. Lakin bir çoxları düşünür ki, bütün vaxtlarını pul qazanmağa həsr etsələr, özlərini təhlükəsiz gələcəklə təmin edəcək və həyatlarını asanlaşdıracaqlar. Onlar çox vaxt uşaqlarına da eyni məqsədlərə can atmağı aşılayırlar. Ancaq İsa bu cür düşüncə tərzinin ağılsızlıq olduğunu göstərdi. (Luka 12:15—21 ayələrini oxu.) Bu düşüncə tərzi bizə Gehazini xatırladır. O həm acgözlüyünü təmin edəcəyini, həm də Yehova ilə yaxşı münasibətlərini qoruyub saxlayacağını düşünürdü (2 Pad. 5:20—27).
14, 15. Nəyə görə pulun bizi müdafiə edəcəyini düşünmək müdriklik deyil? Nümunə çəkin.
14 Deyilənə görə, qartalın caynağına götürdüyü balıq həddən artıq ağır olarsa və onu buraxmazsa, qartal boğula bilər. Buna bənzər bir şey məsihçilərin də başına gələ bilər. Hal-hazırda ağsaqqal olan Aleks adlı bir qardaş deyir: «Adətən, mən çox qənaətcil insanam. Çiməndə əlimə şampun bir az çox tökülərsə, onun yarısını geri qaba boşaldıram». Ancaq bir gün Aleks bir az artıq pul qazandıqdan sonra işdən çıxıb pioner xidmətinə başlaya biləcəyini düşünərək fond birjasında alğı-satqı ilə məşğul olmağa başladı. O hətta müxtəlif təklifləri və bazar qiymətlərini araşdırmağa başladı. Yığdığı və brokerlərdən borc aldığı pullara səhmlər aldı, çünki mütəxəssislər həmin səhmlərin qiymətinin qalxacağını proqnoz vermişdilər. Əfsuslar olsun ki, bu proqnozlar düz çıxmadı, səhmlərin qiyməti birdən-birə düşdü. Aleks deyir: «Mən pullarımı geri qaytarmağa qəti qərarlı idim. Düşünürdüm ki, səhmləri saxlasam, qiymətləri yenidən qalxacaq».
15 Bir neçə ay ərzində Aleks başqa heç nə barədə düşünə bilmirdi. O nə fikirlərini ruhani şeylərə cəmləyə bilirdi, nə də ki onun gözünə yuxu gedirdi. Səhmlərin qiyməti isə qalxmırdı ki qalxmırdı. Aleks yığdığı bütün pullarını itirdi, hətta evini satmaq məcburiyyətində qaldı. «Ailəmə çoxlu əzab-əziyyət çəkdirdim», — deyə o əlavə edir. Ancaq bu, onun üçün vacib bir dərs oldu: «İndi başa düşürəm ki, ümidlərini Şeytan sisteminə bağlayan hər kəs güclü məyusluğa düçar olacaq» (Sül. məs. 11:28). Həqiqətən də, ümidimizi bu sistemdə yığdığımız pullara, səhmlərə və pul qazanmaq bacarığımıza bağlamaq «bu dövrün allahı» Şeytana ümid bağlamaq deməkdir (2 Kor. 4:4; 1 Tim. 6:17). O vaxtdan bəri Aleks «xoş xəbər uğrunda» həyatını sadələşdirib. O deyir ki, bu, ona və ailəsinə xoşbəxtlik gətirdi və Yehova ilə münasibətlərini möhkəmləndirdi. (Mark 10:29, 30 ayələrini oxu.)
QÜRUR
16. Yaxşı və pis şeylərlə qürur duymaq arasında hansı fərq var?
16 Yaxşı şeylərlə qürur duymaq qəbahət deyil. Məsələn, biz Yehovanın Şahidi olduğumuz üçün hər zaman qürur duymalıyıq (Yer. 9:24). Bu səbəbdən biz həmişə yaxşı qərarlar verməyə və Allahın yüksək normalarına əməl etməyə çalışırıq. Ancaq özümüz haqda həddən artıq yüksək fikirdə olsaq, Yehovadan uzaqlaşa bilərik (Məz. 138:6; Rom. 12:3).
Yığıncaqda hər hansı mövqeyə sahib olmadığın üçün həddən artıq narahat olmaq əvəzinə, xidmətdən sevinc duy!
17, 18. a) Müqəddəs Kitabdan təvazökar və təkəbbürlü insanların nümunələrini çək. b) Bir qardaş qürurun onu Yehovadan uzaqlaşdırmaması üçün nə etdi?
17 Müqəddəs Kitabda həm qürurlu, həm də təvazökar insanların nümunələri var. Davud padşah həlimliklə Yehovanın rəhbərliyini axtarırdı, Yehova da onu xeyir-dualandırırdı (Məz. 131:1—3). Ancaq Babil padşahları Navuxodonosorun və Belşassarın isə qürurunu sındırdı (Dan. 4:30—37; 5:22—30). Bu gün də bizim təvazökarlığımızı sınağa çəkən vəziyyətlər yaranır. Yeni yığıncağa təyin edilən və xidməti köməkçi olan 32 yaşlı Rayan qardaş deyir: «Mən tez bir zamanda ağsaqqal təyin ediləcəyimi gözləyirdim; bir il keçdi, ancaq mən hələ də ağsaqqal deyildim». Rayan ağsaqqalların ona lazımi hörmət göstərmədiklərini düşünərək acıqlandımı? O, yığıncaqlara getməyə son qoyaraq qürurun onu Yehovadan və Onun xalqından uzaqlaşdırmasına yol verdimi? Onun yerində olsaydın, sən nə edərdin?
18 Rayan xatırlayır: «Mən nəşrlərimizdən gecikən ümid barədə olan məlumatın hamısını tapıb oxudum» (Sül. məs. 13:12). «Başa düşdüm ki, səbir etməyi və təvazökarlıq göstərməyi öyrənməliyəm, eləcə də Yehovanın mənə təlim verməsinə yol verməliyəm». Rayan özü barədə həddən artıq düşünməkdən əl çəkib bütün diqqətini yığıncaqda və təbliğdə başqalarına kömək etməyə yönəltdi. Çox keçməmiş o, bir neçə nəfərlə Müqəddəs Kitab öyrənməsi başladı və həmin insanlar ruhani cəhətdən yaxşı inkişaf edirdilər. O deyir: «Bir il yarımdan sonra ağsaqqal təyin olunanda bu, mənim üçün gözlənilməz oldu. Çünki xidmətimdən böyük sevinc duyduğum üçün artıq narahatçılıq keçirmirdim». (Məzmur 37:3, 4 ayələrini oxu.)
YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİ QORU!
19, 20. a) Gündəlik məşğuliyyətlərimizin bizi Yehovadan uzaqlaşdırmayacağına necə əmin ola bilərik? b) Yehova ilə yaxın münasibətləri olan hansı insanların nümunəsini təqlid edə bilərik?
19 Bu iki məqalədə müzakirə etdiyimiz yeddi sahənin hər birinin həyatımızda öz yeri var. Biz Yehovaya xidmət etməyimizlə fəxr edirik. Xoşbəxt ailə və sağlamlıq Yehovanın bizə bəxş etdiyi ən böyük ənamlardandır. Başa düşürük ki, iş və pul vacib ehtiyaclarımızı ödəməyə kömək edə bilər. İstirahət bizi təravətləndirə, texnoloji vasitələr isə çox faydalı ola bilər. Ancaq əgər bütün bunlara həyatımızda düzgün vaxt və düzgün yer ayırmasaq, ibadətimizə təsir edəcək və bizi Yehovadan uzaqlaşdıracaq.
Heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə!
20 Əlbəttə, Şeytanın istədiyi də elə budur. Ancaq əlindən gələni edə bilərsən ki, səninlə və ailə üzvlərinlə bu cür fəlakət baş verməsin! (Sül. məs. 22:3). Yehova Allaha yaxınlaş və Onunla münasibətlərini qoru. Müqəddəs Kitabda buna dair çoxlu sayda gözəl nümunələr var. Məsələn, Xanok və Nuh «Allahla bir yol gedirdi» (Yar. 5:22; 6:9). Musa «Gözəgörünməz Allahı görürmüş kimi mətin idi» (İbr. 11:27). İsa Məsih həmişə Allahın bəyəndiyi işləri gördüyü üçün səmavi Atası daim ona dayaq olurdu (Yəh. 8:29). Bu insanlardan özünə nümunə götür və daim onları izləməyə çalış. Həmişə sevin. Daima dua et. Hər şeyə görə minnətdar ol (1 Salon. 5:16—18). Və heç nəyin səni Yehovadan uzaqlaşdırmasına yol vermə!
a Adlar dəyişdirilib.
b «Gözətçi qülləsi»nin 2008-ci il iyul—sentyabr sayının «Özbaşınalıq hökm sürən dünyada uşaqların tərbiyəsi» adlı məqaləsinə bax.
c «Oyanın!» jurnalının 2011-ci il mart sayının «Sağlamlığın beş sirri» adlı silsilə məqalələrinə (rus.) bax.
-