-
Bəşəriyyət narahatçılığın ağuşundaGözətçi qülləsi 2015 | 1 iyul
-
-
ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI
Bəşəriyyət narahatçılığın ağuşunda
«Mağazaya ərzaq almağa getmişdim, ancaq təkcə şirniyyat qalmışdı, o da od qiymətinə. Səhərisi gün isə orda ümumiyyətlə heç nə tapmadım» (Pol, Zimbabve).
«Ərim məni əyləşdirib dedi ki, bizi atıb gedəcək. Mən bu xəyanətə necə dözəcəyəm? Bəs uşaqlarımın axırı necə olacaq?» (Canet, Birləşmiş Ştatlar).
«Həyəcan təbili çalınanda mən gizlənmək üçün qaçdım və raketlər partlayan zaman yerə uzandım. Üstündən xeyli vaxt keçəndən sonra da əllərim tir-tir əsirdi» (Alona, İsrail).
Bəli, biz narahatçılıqlarla dolu son dərəcə çətin bir vaxtda yaşayırıq (2 Timutiyə 3:1). Kimsə iqtisadi böhrandan əziyyət çəkir, kiminsə ailəsi dağılır, elələri də var ki, müharibələrin, ölümcül xəstəliklərin, təbii və ya insanların törətdiyi fəlakətlərin qurbanı olur. Bu azmış kimi, daxili narahatçılıqlar da insanları rahat buraxmır: «Görəsən, bədənimdə tapdığım şiş böyüyüb xərçəngə çevrilməyəcək ki? Nəvələrim böyüyəndə dünyada vəziyyət nə yerdə olacaq?»
Ancaq müəyyən narahatçılıq keçirmək heç də pis deyil. Məsələn, biz imtahandan, təqdimatdan qabaq və ya işə düzəlməyə gedəndə narahatçılıq keçiririk. Təhlükə qorxusu bizi xata-baladan qoruyur. Lakin həddən artıq və daimi narahatçılıq insanın axırına çıxa bilər. 68 000-dən çox insan arasında keçirilən bir sıra tədqiqatlar nəticəsində məlum olub ki, insanın hətta az da olsa, uzun sürən narahatçılıq keçirməsi vaxtsız ölümə gətirib çıxarır. İsa peyğəmbər əbəs yerə deməyib: «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?» Bəli, narahatçılıq keçirməklə hələ heç kim ömrünü uzatmayıb. Bu səbəbdən İsa peyğəmbər məsləhət görür: «Daha qayğı çəkməyin» (Mətta 6:25, 27). Axı bu, necə mümkündür?
Ağılla davranmağın, Allaha əsil iman yetişdirməyin və gələcəyə ümidlə baxmağın sayəsində narahatçılıqdan azad olmaq mümkündür. Bu gün çətinliyimiz yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Gəlin görək bu addımları atmaq Pol, Canet və Alonaya narahatçılıqdan azad olmağa necə kömək etdi.
-
-
Pul narahatçılığıGözətçi qülləsi 2015 | 1 iyul
-
-
ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI
Pul narahatçılığı
İki uşaq atası Pol bölüşür: «Ölkəmizi bürüyən sürətli inflyasiyadan sonra hər şey bahalaşdı və qida çatışmamazlığı yarandı. Biz saatlarla növbədə dururduq, amma növbə bizə çatana kimi artıq heç nə qalmırdı. Aclıqdan insanlar bir dəri, bir sümük qalmışdı, hətta bəziləri əldən düşüb küçənin ortasında yerə yıxılırdılar. Zəruri şeylərin qiyməti beş-on qat artmışdı. Axırda yerli valyutanın dəyəri tamam öldü. Bank hesabım, sığortam, təqaüdüm, hamısı batdı».
Pol
Pol başa düşürdü ki, ailəsinin acından ölməməsi üçün hikmətli olmalıdır (Məsəllər 3:21). O deyir: «Mən elektrik xətlərinin quraşdırıcısı və təmirçisi idim. Bununla belə, maaşı az olsa da, hər işə razı idim. Bəziləri mənə pul əvəzinə ərzaq və ya məişət əşyaları verirdi. Əgər biri mənə dörd ədəd sabun verərdisə, onun ikisini istifadə edirdim, ikisini isə satırdım. Bu yolla axırda 40 cücəm oldu. Onları böyüdüb satdım, əvəzində isə yenə 300 cücə aldım. Sonra 50 cücəni 50 kiloqramlıq iki kisə qarğıdalı ununa dəyişdim. Bu kisələrlə həm öz ailəmi, həm də bir neçə başqa ailəni xeyli dolandırdım».
Pol həmçinin başa düşürdü ki, belə vəziyyətdə ən ağıllı hərəkət Allaha güvənməkdir. Həqiqətən də, Allahın buyruqlarını yerinə yetirəndə O, köməyimizə çatır. Gündəlik ehtiyaclarımızla bağlı İsa Məsih demişdi: «Həddindən artıq narahat olmağı qurtarın, çünki... sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir» (Luka 12:29—31).
Əfsuslar olsun ki, Allahın qatı düşməni Şeytan insanların əksəriyyətini maddiyyat dalınca qaçmaq tələsinə salıb. İnsanlar lazım oldu-olmadı hər şeyə görə narahat olur və əslində ehtiyac duymadıqları şeyləri almaq üçün «özlərini öldürürlər». Çoxları borca girir və borc alanın borc verənə nökər olduğunu öz acı təcrübələrindən görürlər (Məsəllər 22:7).
Bəzi insanlar faciəvi qərarlar verirlər. Pol deyir: «Qonşularımızın çoxu ailələrini, dost-tanışlarını qoyub “yaxşı həyat” sorağında xarici ölkəyə getdilər. Bəziləri hətta qanuni mühacir sənədləri olmadan getmiş və iş tapa bilməmişlər. Çox vaxt onlar polisdən qaçmalı və küçələrdə yatmalı olurdular. Onlar hər şeyi öz bildikləri kimi etdilər. Biz isə Allahın köməyi sayəsində üzləşdiyimiz maddi çətinliklərin öhdəsindən ailəlikcə gəldik».
İSA MƏSİHİN MƏSLƏHƏTİNƏ ƏMƏL EDİN
Pol sözünə davam edir: «İsa peyğəmbər demişdi: “Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir”. Allahdan çox şey istəmirdim, bircə dua edirdim ki, acından ölməyək deyə, bugünlük ruzimizi versin. İsa Məsihin vəd etdiyi kimi, Allah köməyimizə çatdı. Düzü, həmişə hər istədiyimizi ala bilmirdik. Məsələn, bir dəfə növbəyə durmuşdum, ancaq bilmirdim nə satılır. Yaxınlaşanda gördüm ki, qatıq satılır. Mən qatığı heç sevmirəm. Amma bu da yeməkdir, biz həmin gecə elə onu yedik. Şükür Allaha, bütün bu keşməkeşli vaxt ərzində ailəm heç vaxt acqarına yatmayıba.
Allah söz verir: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm» (İbranilərə 13:5).
İndi babat dolanırıq. Amma başımıza gələnlərdən öyrəndik ki, narahatçılığın ən yaxşı dərmanı Allaha güvənməkdir. Yehovab Allahı razı saldığımız təqdirdə O, hər zaman bizim qeydimizə qalacaq. Biz Zəbur 34:8 ayəsindəki: “Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!” sözlərinin həqiqiliyini öz gözlərimizlə gördük. Bunun sayəsində biz artıq maddi çətinliklərlə üzləşməkdən qoxmuruq.
Allah sadiq bəndələrinə gündəlik ruzi tapmağa kömək edir
İndi biz başa düşürük ki, ölməmək üçün insana pul, iş yox, qida lazımdır. Biz Allahın növbəti vədinin gerçəkləşəcəyi vaxtı səbirsizliklə gözləyirik: “Yerdə çörək bol olacaq”. Hələlik isə “yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq”. Allahın Kəlamındakı növbəti sözlər bizə güc verir: “Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”. Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram”»c.
Polun ailəsi kimi Allahın yolu ilə getmək üçün əsil iman gərəkdir (Yaradılış 6:9). İstər indi, istərsə də gələcəkdə ciddi maddi çətinliklərlə üzləşək, Polun imanından və ağılla davranmasından çox şey öyrənə bilərik.
Bəs narahatçılığımıza ailəmizdəki problemlər səbəb olursa, onda necə?
a Mətta 6:11, 34 ayələrinə baxın.
b Müqəddəs Yazılara əsasən, Allahın adı.
c Zəbur 72:16; 1 Timutiyə 6:8; İbranilərə 13:5, 6 ayələrinə baxın.
-
-
Ailə narahatçılığıGözətçi qülləsi 2015 | 1 iyul
-
-
ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI
Ailə narahatçılığı
«Atamın ölümündən çox keçməmiş ərim mənə dedi ki, başqa qadınla görüşür, — deyə Canet bölüşür. — Bunun üstündən çox keçməmiş o, gözlənilmədən pal-paltarını yığdı və vidalaşmadan və məni iki uşaqla qoyub getdi». Canet iş tapdı, lakin maaşı evin ipoteka kreditini ödəməyə çatmırdı. Amma onun dərdi tək bu deyildi. O deyir: «Üzərimə düşən yeni məsuliyyətlərə görə həddən artıq narahat idim. Özümü günahkar hesab edirdim ki, uşaqlarıma başqa valideynlər qədər baxa bilmirəm. Hətta indiyə kimi narahatam, görəsən, insanlar mənim və uşaqlarım barədə nə düşünürlər. Bəlkə də fikirləşirlər ki, əlimdən gələni etsəydim, ailəm dağılmazdı».
CANET
Dua Canetə hisslərini cilovlamağa və Allahla dostluğunu möhkəmləndirməyə kömək edir. O deyir: «Fikirdən gecələr yata bilmirəm. Çünki sükut çökür, onlarla baş-başa qalıram. Fikirləri başımdan atıb yatmağa mənə dua və Müqəddəs Kitab kömək edir. Ən sevdiyim ayələr Filippililərə 4:6, 7 ayələridir: “Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq”. O qədər gecələri dua ilə keçirmişəm ki! Və hər dəfəsində Allahın verdiyi qəlb rahatlığını duymuşam».
İsa peyğəmbərin dua ilə bağlı dediyi növbəti sözlər hər növ narahatçılığa aiddir: «Atanız sizin nəyə ehtiyac duyduğunuzu Ondan istəməzdən əvvəl bilir» (Mətta 6:8). Lakin biz yenə də Allahdan kömək diləməliyik. Çünki dua Allaha yaxınlaşmağın başlıca üsuludur. Bunun sayəsində «O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
Bəli, dua sadəcə ürəyimizi boşaldıb özümüzü yaxşı hiss etmək üçün bir vasitə deyil. «Duaları eşidən» Yehova Allah həmçinin Onu imanla axtaranlar üçün hərəkətə keçir (Zəbur 65:2). Elə buna görə də İsa peyğəmbər davamçılarını həmişə dua etməyə və ruhdan düşməməyə səsləyirdi (Luka 18:1). Biz Allahdan daima rəhbərlik, köməklik diləməliyik və əmin olmalıyıq ki, O, bizi mükafatsız qoymayacaq. Biz heç vaxt Allahın hərəkətə keçmək istəyinə və buna qabil olduğuna şübhə etməməliyik. Daima dua etməyimiz bizim əsil iman sahibi olduğumuzu göstərir (1 Salonikililərə 5:17).
İMAN SAHİBİ OLMAQ NƏ DEMƏKDİR?
Bəs iman nədir? İman Allahı bir varlıq kimi tanımaq deməkdir (Yəhya 17:3). Biz bunu, ilk növbədə, Müqəddəs Kitabı oxuyub Allahın düşüncə tərzini mənimsəməklə edirik. Oradan biz öyrənirik ki, Allah hər birimizi görür və bizə kömək etmək istəyir. Lakin əsil iman Allah haqda səthi bilik əldə etməkdən daha çox şeyi özünə daxil edir. Buna həmçinin Allahla hörmətcil dostluq münasibətləri də daxildir. Kiminləsə bir günün içində dost olmaq mümkün olmadığı kimi, Allahla da mümkün deyil. Allah haqda daha çox öyrəndikcə, «Onun bəyəndiyi işləri» gördükcə və Onun köməyinin şahidi olduqca imanımız güclənir (2 Korinflilərə 10:15; Yəhya 8:29). Məhz bu cür iman Canetə narahatçılıqlarını dəf etməyə kömək edir.
Canet deyir: «Hər işimdə Yehovanın köməyini gördükcə imanım möhkəmlənirdi. Tez-tez haqsızlıqlarla üzləşirdik və bizə elə gəlirdi ki, onların öhdəsindən gəlmək qeyri-mümkündür. Amma mən çoxlu dua edirdim, hər dəfə Yehova elə yol açırdı ki, yatsam yuxuma da girməzdi. Allaha şükür edəndə Onun mənim üçün nələr etdiyi yadıma düşür. Biz dara düşəndə Yehova Allah həmişə dadımıza çatır. Allah həmçinin mənə Onun əsil xidmətçiləri olan həqiqi dostlar bəxş edib. Onlar həmişə mənə dayaq olur və uşaqlarıma gözəl nümunə qoyurlara.
Başa düşürəm nəyə görə Yehova Məlaki 2:16 ayəsində: “Mən boşanmaya nifrət edirəm”, — deyir. Günahsız tərəf üçün bu, ən ağır xəyanətdir. Ərimin bizi atıb getməsindən illər keçib, ancaq hələ də bəzən daxilimdə boşluq hiss edirəm. Belə anlarda çalışıram başqalarına kömək edim və bunun mənim özümə də böyük köməyi dəyir». Müqəddəs Kitabın tənhalığa qapılmamaq məsləhətinə əməl etməyin sayəsində Canetin narahatçılığı xeyli azaldıb (Məsəllər 18:1).
Allah «yetimlərə ata, dul qadınlara arxadır» (Zəbur 68:5).
«Allahın yetimlərə ata, dul qadınlara arxa olması mənim ən böyük təsəllimdir. Ərimdən fərqli olaraq, O, bizi heç vaxt atmayacaq», — deyə Canet bölüşür (Zəbur 68:5). Canet bilir ki, Allah bizi «pisliklə sınamır». Əksinə, O, narahatçılıqlarımızın öhdəsindən gəlmək üçün bizə səxavətlə hikmət və insan gücündən üstün olan güc verir (Yaqub 1:5, 13; 2 Korinflilərə 4:7).
Bəs əgər həyatımız təhlükədə olduğu üçün narahatçılıq keçiririksə, onda necə?
a 1 Korinflilərə 10:13; İbranilərə 4:16 ayələrinə baxın.
b Narahatçılıqdan azad olmaqla bağlı digər məsləhətləri www.pr2711.com saytındakı «Həyat sizin əlinizdədir, yoxsa siz həyatın?» adlı «Oyanın!» jurnalının 2015-ci il iyul sayından tapa bilərsiniz.
-
-
Təhlükə narahatçılığıGözətçi qülləsi 2015 | 1 iyul
-
-
ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI
Təhlükə narahatçılığı
Alona bölüşür: «Həyəcan təbili çalınanda ürəyim tez-tez döyünməyə başladı. Mən dərhal bomba sığınacağına qaçdım. Ancaq orada da qorxu hissi məni rahat qoymurdu. Ən dəhşətlisi isə gizlənməyə yer tapmayanda olur. Bir dəfə mən küçədə gedərkən həyəcan təbili çalındı və mən ağlamağa başladım, az qalırdı nəfəsim kəsilsin. Neçə saatdan sonra özümə gələ bildim. Sonra yenidən həyəcan təbili çalındı».
Alona
Müharibə üzləşdiyimiz təhlükələrdən yalnız biridir. Misal üçün, kimisə özünün və ya doğmalarının ölümcül xəstəliyə tutulması xəbəri şoka salır. Kimisi isə sabahkı günə görə fikir çəkir: «Görəsən, uşaqlarımız, nəvələrimiz ekologiyanın çirkləndiyi, iqlimin dəyişdiyi, müharibənin, cinayətin, epidemiyaların olduğu bir mühitdə yaşayacaq?» Bəs biz bu cür narahatçılıqlardan necə uzaq ola bilərik?
Bu cür şeylərin baş verdiyini bilən uzaqgörən insan bəlanı duyub gizlənər (Məsəllər 27:12). Biz fiziki sağlamlığımızı qorumağa çalışdığımız kimi, əqli və emosional sağlamlığımızın da qeydinə qalmalıyıq. Qorxunc görüntülərlə dolu zorakı əyləncələr və hətta xəbərlər həm bizim, həm də övladlarımızın narahatçılığını artırır. Əgər biz belə görüntülərə baxmırıqsa, bu o demək deyil ki, biz gerçəkliklərdən gizlənirik. Sadəcə Allah beynimizi pis şeylərlə doldurmaq üçün yaratmayıb. Əksinə, biz «doğru,.. saleh, pak, sevilməli... nə varsa» onlar barədə düşünməliyik. «Sülh Allahı» da, öz növbəsində, bizə qəlb rahatlığı verəcək və bizi narahatçılıqdan uzaq edəcək (Filippililərə 4:8, 9).
DUANIN ÖNƏMİ
Əsil iman narahatçılığın öhdəsindən gəlməyə kömək edir. Müqəddəs Kitab bizi «duaya həmişə önəm» verməyə çağırır (1 Butrus 4:7). Öz vəziyyətimizdən ən düzgün şəkildə istifadə etmək üçün duada Allahdan kömək, hikmət, cəsarət diləməli və əmin olmalıyıq ki, O, «hər bir diləyimizi» eşidir (1 Yəhya 5:15).
Həyat yoldaşı Avi ilə
Allahın Kəlamında deyilir ki, «bu dünyanın hökmdarı» Allah yox, Şeytandır və «bütün dünya... Şəririn əlindədir» (Yəhya 12:31; 1 Yəhya 5:19). Buna görə də İsa peyğəmbər davamçılarına «bizi Şərirdən xilas et» deyə dua etməyi öyrədəndə mücərrəd bir varlıqdan söz açmırdı (Mətta 6:13). Alona deyir: «Hər dəfə həyəcan təbili çalınanda dua edirəm ki, Yehova Allah özümü ələ almağa kömək etsin. Yoldaşım da belə anlarda mənə zəng edir və biz birlikdə dua edirik. Duanın, həqiqətən də, böyük köməyi dəyir». Müqəddəs Kitabda yazıldığı kimi, «Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır» (Zəbur 145:18).
SABAHA ÜMİDİMİZ
İsa peyğəmbər həmçinin «qoy Padşahlığın gəlsin» deyə dua etməyi öyrətmişdi (Mətta 6:10). Allahın Padşahlığı bizi narahat edən bütün şeyləri aradan qaldıracaq. Allah «sülh əmiri» İsa peyğəmbərin əli ilə «yerin bir ucundan o biri ucunadək döyüşləri» kəsəcək (Əşiya 9:6; Zəbur 46:9). «[Allah] çox ümmətlər arasında hakim olacaq... Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər... Onları qorxudan olmayacaq» (Mikə 4:3, 4). Xoşbəxt ailələr «evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək» (Əşiya 65:21). «Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).
Bu gün nə qədər ehtiyatlı davranırıqsa davranaq, yenə də təsadüflərdən və ya yanlış vaxtda yanlış yerdə olmaqdan sığortalanmamışıq (Vaiz 9:11). Əsrlər boyu yaxşı insanlar müharibələrin, zorakılıqların və xəstəliklərin qurbanı olub. Bəs bu günahsız insanların həyatı bununla bitdimi?
Sayı yalnız Allaha məlum olan milyonlarla ölən insanlar yenidən yaşayacaq. Hələ ki onlar ölüm yuxusundadırlar. «Qəbirlərdə olanların hamısı» diriləcəkləri günə qədər Allahın mükəmməl yaddaşında qalacaqlar (Yəhya 5:28, 29). Müqəddəs Kitab dirilməyə olan ümidimizi möhkəmləndirir: «Biz həyatımızı bu ümidə bağlamışıq. Bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir» (İbranilərə 6:19). Allah İsa Məsihi «diriltməklə hamıya zəmanət verib» (Həvarilərin işləri 17:31).
Hələlik isə hamı, hətta Allahın saleh bəndələri belə, narahatçılıq keçirir. Pol, Canet və Alona praktiki addımlar atmağın, Allaha dua vasitəsilə yaxınlaşmağın, Onun vədlərinə imanlarını möhkəmləndirməyin sayəsində narahatçılıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində sizin də ürəyinizi sevinc və sülhlə doldursun (Romalılara 15:13).
-