-
Məsihin öyrətdiyi duaya uyğun yaşayın. I hissəGözətçi qülləsi 2015 | 15 iyun
-
-
Məsihin öyrətdiyi duaya uyğun yaşayın I hissə
«Qoy adın müqəddəs tutulsun» (MƏT. 6:9).
1. Xidmətdə Mətta 6:9—13 ayələrində yazılmış duadan necə istifadə edirik?
ELƏ insanlar var ki, Məsihin öyrətdiyi duanı əzbər bilir. Xidmət zamanı insanlara Allahın Padşahlığının real hökumət olduğunu, yer üzünü cənnətə çevirəcəyini başa salmaq üçün bu duanın sözlərinə istinad edirik. Yaxud da ki, bu duadakı ilk xahişi oxuyub göstəririk ki, Allahın adı var və bu ad müqəddəs tutulmalıdır (Mət. 6:9).
2. Haradan bilirik ki, İsa öyrətdiyi duanı hər dəfə sözbəsöz təkrar etməyimizi istəmirdi?
2 İsa nəzərdə tutmurdu ki, hər dəfə bu duanı əzbərdən, sözbəsöz təkrar etmək lazımdır. Bu duanı öyrətməzdən əvvəl İsa demişdi: «Dua edəndə... eyni sözləri təkrar-təkrar deməyin» (Mət. 6:7). Sonralar isə yenə də şagirdlərinə dua etməyi öyrədəndə o, bu duanı başqa sözlərlə ifadə etmişdi. (Luka 11:1—4). Beləcə, İsa Məsih nələr haqda dua etməyi bildirmiş, həmçinin xahişləri vacibliyinə görə sıralamışdı. Buna görə də demək olar ki, bu dua nümunə olaraq verilmişdi.
3. Məsihin öyrətdiyi duanı təhlil edərkən hansı suallar barədə düşünməliyik?
3 Bu və növbəti məqalədə bu duanın məzmununu təhlil edəcəyik. Oxuduqca özünüzdən soruşun: «Bu dua mənə öz dualarımı dolğunlaşdırmağa necə kömək edə bilər? Və ən əsası, mən bu duaya uyğun yaşayırammı?»
«GÖYLƏRDƏ OLAN ATAMIZ»
4. «Atamız» sözü bizə nəyi xatırladır və hansı mənada Yehova yer üzündə əbədi yaşamağa ümid edən məsihilərin Atasıdır?
4 Duada «Atam» yox, «Atamız» sözünün işlənməsi bizə xatırladır ki, biz bir-birini sidqi-ürəkdən sevən qardaşlığın üzvüyük (1 But. 2:17). Bu, çox böyük şərəfdir! Yehova Allahın oğulluğa götürdüyü, səmavi ümidə malik olan məsh olunmuş məsihilər Yehova Allaha sözün əsil mənasında «Ata» deyə müraciət edirlər (Rom. 8:15—17). Yer üzündə əbədi yaşamağa ümid edən məsihilər də Yehovanı «Ata» deyib çağıra bilərlər. Belə ki, Yehova onlara həyat verib, məhəbbətlə onların qayğısına qalır. Yerdə əbədi yaşamağa ümid edən məsihilər kamilliyə yetişdikdən və sonuncu sınaqdan üzüağ çıxdıqdan sonra sözün əsil mənasında Allahın övladları olacaqlar (Rom. 8:21; Vəhy 20:7, 8).
5, 6. Valideynlərin övladlarına ən gözəl hədiyyəsi nədir və hər bir övlad bu hədiyyəyə necə yanaşmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)
5 Valideynlərin uşaqlarına ən böyük hədiyyəsi onlara dua etməyi və Yehovaya qayğıkeş səmavi Ata kimi baxmağı öyrətməkdir. Hal-hazırda Cənubi Afrikada rayon nəzarətçisi kimi xidmət edən bir qardaş deyir: «Qızlarım doğulan gündən, evdə olmadığım günlərdən başqa, hər gecə onlarla dua edirdim. İndi qızlarım deyir ki, həmin duaların sözləri yadlarında qalmasa da, o ab-havanı, Atamız Yehova ilə ünsiyyətin ülviliyini, daxili rahatlığı hələ də xatırlayırlar. Qızlar bir az böyüyəndə onlara ucadan dua etdirirdim ki, görüm Yehovaya nə barədə dua edirlər. Bu, mənim üçün, sanki, onların ürəyinə açılan bir pəncərə idi. Belə olanda duaları dolğun olsun deyə Məsihin öyrətdiyi duadakı əsas məqamları dualarına daxil etməyi onlara öyrədirdim».
6 Təəccüblü deyil ki, qardaşın balaca qızları ruhani cəhətdən çox yaxşı inkişaf etdilər. İndi onlar ailəlidirlər və həyat yoldaşları ilə birlikdə tammüddətli xidmətdədirlər. Bəli, valideynlərin övladlarına ən yaxşı hədiyyəsi onlara Yehova Allahla yaxın münasibət qurmağa kömək etməkdir. Amma bu dəyərli münasibəti qoruyub saxlamaq hər kəsin öz öhdəsinə düşür. Bunun üçün Allahın adını sevməyi, Ona dərin ehtiram bəsləməyi öyrənmək lazımdır (Zəb. 5:11, 12; 91:14).
«QOY ADIN MÜQƏDDƏS TUTULSUN»
7. Biz hansı şərəfə malikik və bu, bizim üzərimizə hansı məsuliyyəti qoyur?
7 Allahın adını bilmək, üstəlik, bu adı daşıyan xalq olmaq bizim üçün böyük şərəfdir (Həv. 15:14; Əşy. 43:10). Biz duada səmavi Atamızdan xahiş edirik: «Qoy adın müqəddəs tutulsun». Etdiyimiz bu xahiş bizi təşviq edir ki, Allahın müqəddəs adını ləkələyən sözlərdən və hərəkətlərdən uzaq durmaq üçün Ondan kömək istəyək. Biz birinci əsrdəki bəzi adamlara oxşamaq istəmirik. Belə ki, onların əməlləri təbliğ etdikləri şeylərə uyğun gəlmirdi. Həvari Bulus onlar haqda yazmışdı: «Sizə görə başqa xalqlar arasında Allahın adına küfr edilir» (Rom. 2:21—24).
8, 9. Yehova Onun adını müqəddəs tutmaq istəyənlərə necə kömək edir? Nümunə çəkin.
8 Biz Allahın adını müqəddəs tutmaq istəyirik. Norveçdən olan bir bacı ərinin vaxtsız ölümündən sonra ikiyaşlı oğlu ilə qalmışdı. Bacı deyir: «Çox çətin vaxtlar idi. Mən hər gün, hər saat dua edirdim ki, möhkəm qalım, ağılsız qərarımla, yaxud sədaqətsizliyimlə Şeytanın Yehovaya acıq verməsinə yol verməyim. Mən Allahın adını müqəddəs tutmaq istəyirdim. Həm də istəyirdim ki, oğlum cənnətdə atasına qovuşsun» (Məs. 27:11).
9 Yehova bacının dualarına cavab verdi. Həmimanlılarla tez-tez ünsiyyət etməyin bacıya böyük köməyi dəydi. Beş ildən sonra o, bir ağsaqqalla ailə qurdu. İndi onun oğlunun 20 yaşı var. O, vəftiz olunmuş qardaşdır. Bacı deyir: «Mən çox xoşbəxtəm ki, yoldaşım oğlumu böyütməyə mənə kömək etdi».
10. Allahın adının tam mənada müqəddəs tutulması üçün nə lazımdır?
10 Yehova Öz adının tam mənada müqəddəs tutulması və bütün tənələrdən təmizlənməsi üçün Onun hakimiyyətinə qarşı çıxanları aradan götürməlidir. (Hizqiyal 38:22, 23 ayələrini oxuyun.) Bundan sonra insanlar tədricən kamilliyə yetişəcəklər. O vaxt hamı Yehovanın adını müqəddəs tutacaq. Onda məhəbbətli səmavi Atamız «hər kəs üçün hər şey» olacaq. Həmin vaxtı necə də həsrətlə gözləyirik (1 Kor. 15:28).
«QOY PADŞAHLIĞIN GƏLSİN»
11, 12. XIX əsrin axırlarına yaxın əsil məsihilər nəyi başa düşdülər?
11 İsa göyə qalxmazdan əvvəl həvarilər ondan soruşmuşdu: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?» İsa cavabında onlara bildirmişdi ki, Allahın Padşahlığının nə vaxt idarə etməyə başlayacağını bilməyin hələ vaxtı deyil. O, şagirdlərinə diqqəti öz işlərinə, şahidlik işinə cəmləməyi tapşırmışdı. (Həvarilərin işləri 1:6—8 ayələrini oxuyun.) Bununla belə, İsa davamçılarına Allahın Padşahlığının gəlişini gözləməyi buyurmuşdu. Beləliklə, həvarilərin günlərindən bəri məsihilər Padşahlığın gəlməsi üçün dua edirlər.
12 Məsihin göydə padşahlıq edəcəyi vaxt yaxınlaşanda Yehova xalqına bunun nə vaxt baş verəcəyini anlamağa kömək etdi. 1876-cı ildə «Müqəddəs Kitab tədqiqatçısı» adlı jurnalda Çarlz Teyz Rassel qardaşın məqaləsi dərc olundu. «Başqa xalqların vaxtı nə vaxt bitəcək?» adlı bu məqalədə 1914-cü il haqqında əlamətdar il kimi danışılırdı. Dənyal peyğəmbərin bəhs etdiyi «yeddi dövr» Məsihin dediyi «xalqlara verilən vaxt»la əlaqələndirilirdia (Dən. 4:16; Luka 21:24).
13. 1914-cü ildə nə baş verdi və o vaxtdan bəri dünya hadisələri nəyi təsdiq edir?
13 1914-cü ildə Avropada müharibə qopdu. Tezliklə bu müharibə bütün dünyanı cənginə aldı. 1918-ci ildə müharibənin sonuna yaxın dəhşətli aclıq baş verdi. Üstəlik, epidemiya halını alan qripdən ölənlərin sayı müharibədə həlak olanların sayını ötüb keçdi. Bununla da yer üzünün yeni Padşahı olan İsanın gözəgörünməz hüzurunun əlaməti yerinə yetməyə başladı (Mət. 24:3—8; Luka 21:10, 11). Çoxlu sübutlar göstərir ki, İsa Məsihə məhz 1914-cü ildə «tac verildi» və «o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi» (Vəhy 6:2). Məsih Şeytanla və cinlərlə müharibə edib onları göydən yerin hüdudlarına atdı. O vaxtdan bəşəriyyət bu sözlərin gerçək olduğunu görür: «Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:7—12).
14. a) Nəyə görə hələ də Allahın Padşahlığının gəlməsi barədə dua etmək vacibdir? b) Bizim öhdəmizə hansı vacib iş düşür?
14 Vəhy 12:7—12 ayələrindəki peyğəmbərlikdə izah edilir ki, nəyə görə İsa Məsih Allahın Padşahlığında Padşah olan kimi yer üzündə indiyədək ardı-arası kəsilməyən dəhşətli hadisələr baş verdi. Belə ki, İsa Məsih düşmənləri arasında hökmranlıq etməyə başladı. Nə qədər ki o, qələbəsini başa vurmayıb və yer üzündəki pisliklərə son qoymayıb, biz Allahın Padşahlığının gəlməsi barədə daima dua etməliyik. Eyni zamanda həmin duaya uyğun davranmalıyıq, yəni əlamətin ən möhtəşəm cəhətinin yerinə yetməsində iştirak etməliyik. İsa demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:14).
«QOY SƏNİN İRADƏN... YERDƏ DƏ YERİNƏ YETSİN»
15, 16. Biz Allahın iradəsinin yer üzündə yerinə yetməsi barədə etdiyimiz xahişə uyğun necə yaşaya bilərik?
15 Təxminən 6000 il qabaq Allahın iradəsi yer üzündə tam şəkildə yerinə yetirdi. Buna görə də Yehova demişdi: «Hər şey çox yaxşıdır» (Yar. 1:31). Ancaq sonra Şeytan üsyan etdi və o vaxtdan bəri yer üzündə az adam Allahın iradəsini yerinə yetirir. Lakin yaşadığımız dövrdə təxminən səkkiz milyon Şahid Allahın iradəsinin yerdə yerinə yetməsi üçün həm dua edir, həm də duasına uyğun yaşamağa çalışır. Onlar həm Allaha məqbul həyat yaşayırlar, həm də şagird hazırlamaq işində canla-başla iştirak edirlər.
Övladlarınıza Allahın iradəsinin yerdə yerinə yetməsi xahişinə uyğun yaşamağa kömək edirsiniz? (16-cı abzasa baxın)
16 Misal üçün, 1948-ci ildə vəftiz olunan və xüsusi təyinatlı müjdəçi kimi Afrikada xidmət etmiş bir bacı deyir: «İsanın öyrətdiyi duanın bu hissəsinə uyğun olaraq, mən tez-tez dua edirəm ki, Allahı axtaran bütün insanlar tapılsın və nə qədər ki gec deyil Yehova haqqında öyrənsin. Həmçinin kiməsə şahidlik verməzdən əvvəl dua edib Allahdan müdriklik istəyirəm ki, insanın ürəyinə yol tapa bilim. Eləcə də dua edirəm ki, Allahı axtaran insanlara göstərdiyimiz qayğının bəhrəsini görək». Səksən yaşlı bu bacının xidməti çox məhsuldar olub. O, dindaşlarının köməyilə bir çoxlarına Yehovanın Şahidi olmağa kömək edib. Bəli, bir çox bacı-qardaşlarımız ahıl yaşda olmalarına baxmayaraq, fədakarlıqla Allahın iradəsini yerinə yetirirlər. Bununla da onlar bizim üçün gözəl nümunə qoyurlar. (Filippililərə 2:17 ayəsini oxuyun.)
17. Yehovanın yer üzündə iradəsinin yerinə yetməsi üçün görəcəyi işlər barədə düşünəndə hansı hissləri keçirirsiniz?
17 Nə qədər ki Allahın Padşahlığının düşmənləri yer üzündən yox edilməyib, biz Allahın iradəsinin yerinə yetməsi barədə dua etməliyik. Cənnətdə milyardlarla insan diriləndə isə Allahın iradəsi daha çox yerinə yetəcək. İsa demişdi ki, «buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun [İsanın] səsini eşidəcək» və diriləcək (Yəh. 5:28, 29). İtirdiyimiz doğmalarımız diriləndə onları qarşılamaq necə də gözəl olacaq! Allah gözlərimizdən «bütün yaşları siləcək» (Vəhy 21:4). Dirilənlərin əksəriyyəti qeyri-salehlər olacaq. Bu, o insanlardır ki, Yehova Allah və Onun Oğlu haqqında həqiqəti bilmədən yaşayıb ölüblər. Biz onlara Allahın iradəsi və dirilənlərlə bağlı niyyəti barədə öyrədəcəyik və beləliklə, əbədi həyata layiq olmağa onlara kömək edəcəyik (Həv. 24:15; Yəh. 17:3).
18. Bəşəriyyətin ən böyük ehtiyacları hansılardır?
18 Yehovanın adı Onun Padşahlığı vasitəsilə müqəddəs tutulacaq və o zaman dünyada sülh və əmin-amanlıq bərqərar olacaq. Beləliklə, Məsihin öyrətdiyi duadakı üç xahişin tam yerinə yetməsilə bəşəriyyətin ən böyük ehtiyacları ödəniləcək. Bununla belə, bizim digər zəruri ehtiyaclarımız da var. Həmin duanın digər dörd xahişində bu ehtiyacların adı çəkilir. Bunlar barədə növbəti məqalədə danışacağıq.
a Bu peyğəmbərliyin 1914-cü ildə Allahın Padşahlığının qurulması ilə necə yerinə yetdiyini öyrənmək üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı kitabın 215—218 səhifələrinə baxın.
-
-
Məsihin öyrətdiyi duaya uyğun yaşayın. II hissəGözətçi qülləsi 2015 | 15 iyun
-
-
Məsihin öyrətdiyi duaya uyğun yaşayın II hissə
«Atanız sizin nəyə ehtiyac duyduğunuzu... bilir» (MƏT. 6:8).
1-3. Bir bacı Yehovanın ehtiyaclarımızı bildiyinə necə əmin oldu?
LANA 2012-ci ilin yayında Almaniyada başına gələn hadisəni heç vaxt unutmur. O, Yehovanın onun iki xahişinə necə cavab verdiyini görmüşdü. Lana ilk xahişini qatarla hava limanına uzun yol gedərkən etmişdi. Yehovadan xahiş etmişdi ki, şahidlik verməsi üçün ona fürsət yaratsın. İkinci xahişini isə hava limanında uçuş vaxtının növbəti günə keçirildiyini biləndə etmişdi. Lana pulunun çoxunu xərclədiyini və qalmağa yeri olmadığını duasında Allaha demişdi.
2 Lana ikinci xahişini bitirər-bitirməz: «Salam, Lana. Sən burada nə edirsən?» — deyən bir səs eşitdi. Bu, onun keçmiş məktəb yoldaşı idi. O, anası və nənəsi ilə idi. Onlar onu Cənubi Afrikaya yola salmağa gəlmişdilər. Onun anası Elke Lananın vəziyyətini biləndə onu evlərinə dəvət etdi. Elke və anası Lanaya qonaqpərvərlik göstərdilər, əqidəsi və tammüddətli xidməti ilə bağlı suallar verdilər.
3 Növbəti gün yaxşı səhər yeməyindən sonra Lana onların Müqəddəs Kitabla bağlı başqa suallarına da cavab verdi və onlarla əlaqə saxlanılsın deyə, telefon nömrələrini və ünvanı götürdü. Lana sağ-salamat evinə qayıtdı. İndi o, öncül xidmətini davam etdirir. O, əmindir ki, bu hadisədə «duaları eşidən» Yehovanın əli var idi (Zəb. 65:2).
4. Hansı ehtiyacları nəzərdən keçirəcəyik?
4 Biz qəflətən hansısa problemlə üzləşəndə çəkinmədən dua edib Yehovadan kömək istəyirik. Yehova da sadiq bəndələrinin bu cür xahişlərinə məmnuniyyətlə cavab verir (Zəb. 34:15; Məs. 15:8). Ancaq Məsihin öyrətdiyi dua üzərində düşünsək, görəcəyik ki, bizim daha böyük ehtiyaclarımız var, amma, ola bilsin, bəzən onları nəzərdən qaçırırıq. Məsələn, gəlin görək Məsihin öyrətdiyi duanın son üç xahişində ruhani ehtiyaclarımız necə əks olunur. Eləcə də bugünlük ruzimizlə bağlı dördüncü xahişə uyğun yaşamaq üçün daha nə edə biləcəyimizi nəzərdən keçirək. (Mətta 6:11—13 ayələrini oxuyun.)
«BU GÜN BİZƏ BUGÜNLÜK RUZİMİZİ VER»
5, 6. Heç nədən korluq çəkməsək də, nəyə görə duada bugünlük ruzimizlə bağlı xahiş etmək vacibdir?
5 Diqqət yetirin ki, bu şəxsi xahişdə bugünlük «ruzimi» yox, «ruzimizi» deyilir. Afrikada rayon nəzarətçisi kimi xidmət edən Viktor qardaş deyir: «Mən tez-tez Yehovaya ürəkdən şükür edirəm ki, həyat yoldaşımla mən sabah nə yeyəcəyimiz, kirayə haqqını necə ödəyəcəyimizlə bağlı ciddi narahatçılıq keçirmirik. Bacı-qardaşlar hər gün qeydimizə qalırlar. Mən də bu bacı-qardaşların maddi çətinliklərin öhdəsindən gəlmələri üçün dua edirəm».
6 Əgər biz heç nədən korluq çəkmiriksə, onda kasıb, yaxud fəlakətlə üzləşən bacı-qardaşlarımız barədə düşünə bilərik. Onlar üçün sadəcə dua etməməliyik, həm də dualarımıza uyğun davranmalıyıq. Məsələn, korluq çəkən dindaşlarımıza yardım əlimizi uzada bilərik. Həmçinin ümumdünya təbliğ işi üçün müntəzəm şəkildə könüllü ianələr edə bilərik, çünki bilirik ki, bu ianələr ağılla xərclənir (1 Yəh. 3:17).
7. İsa nümunə əsasında necə göstərdi ki, sabahkı gün üçün narahat olmamalıyıq?
7 Gündəlik ruzimiz deməklə İsa Məsih, ehtimal ki, zəruri ehtiyaclarımızı nəzərdə tuturdu. Allahın çöldə bitən gülləri geyindirdiyini söyləyəndən sonra o demişdi: «Ey az imanlılar, məgər sizi geyindirməyəcək? Buna görə də... “nə geyəcəyik?” deyə heç vaxt narahat olmayın». Sonda isə bu vacib məsləhəti təkrarlamışdı: «Heç vaxt sabahkı gün üçün narahat olmayın» (Mət. 6:30—34). Bu göstərir ki, biz malpərəst olmamalıyıq, yalnız zəruri, gündəlik ehtiyaclarımızı düşünməliyik. Bu ehtiyaclara ev, ailəni dolandırmaq üçün iş və düzgün müalicə daxildir. Amma təkcə bu kimi şeylərə görə dua etmək düzgün olmazdı. Bizim ruhani ehtiyaclarımız da var, bunlar isə daha vacibdir.
8. İsanın gündəlik ruzidən danışması bizə hansı vacib ehtiyacımızı xatırlatmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)
8 İsanın gündəlik ruzidən danışması bizə ruhani qidaya ehtiyac duyduğumuzu xatırlatmalıdır. O demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mət. 4:4). Buna görə də biz Yehovanın vaxtlı-vaxtında bizə ruhani qida verməsi üçün daima dua etməliyik.
«GÜNAHLARIMIZI BAĞIŞLA»
9. Günahlarımız hansı mənada borcdur?
9 İsa demişdi: «Günahlarımızı [hərfən: borclarımızı] bağışla» (Mət. 6:12; Luka 11:4). «Gözətçi qülləsi» jurnalında təxminən altmış il əvvəl bu fikir çox gözəl izah olunmuşdu: «Allahın qanununu pozanda biz Ona borclu oluruq... Günahımızın əvəzində Allah bizim həyatımızı ala bilər... Allah Onunla olan bütün münasibətlərimizə son qoyub, bizi Öz sülhündən məhrum edə bilər... Biz Ona məhəbbət borcluyuq. Bu məhəbbət itaətkarlıqda özünü göstərməlidir. Biz günah edəndə Allaha olan məhəbbət borcumuz ödənilməmiş qalır. Belə ki, günah məhəbbətdən uzaq hərəkətdir» (1 Yəh. 5:3).
10. Yehova günahlarımızı nəyin əsasında bağışlayır və bu, bizə necə təsir etməlidir?
10 Bizim hər gün bağışlanmağa ehtiyac duymağımız Məsihin fidyə qurbanlığını vurğulayır. Bu, Allahın günahlarımızın üstündən keçməsi üçün yeganə hüquqi əsasdır. Fidyə təxminən 2000 il bundan qabaq ödənilsə də, biz bunu bu gün verilən ənam kimi qiymətləndirməliyik. Həyatımızın fidyəsi elə «bahadır» ki, qeyri-kamil insanların bizim üçün etdiyi heç bir şey onu ödəyə bilməz. (Zəbur 49:7—9; 1 Butrus 1:18, 19 ayələrini oxuyun.) Həqiqətən də, biz bu böyük hədiyyəyə görə Yehova Allaha həmişə şükür etməliyik. Həmçinin «günahlarım» yox, «günahlarımız» sözü göstərir ki, bacı-qardaşlarımızın da fidyəyə ehtiyacı var. Aydındır ki, Yehova təkcə özümüzün yox, başqalarının da, hətta bizə qarşı günah edənlərin də ruhani rifahını düşünməyimizi istəyir. Adətən, bizə qarşı edilən günahlar elə də böyük olmur. Biz bu vaxt göstərə bilərik ki, dindaşlarımızı həqiqətən də sevirik və Allah mərhəmət göstərib bizi bağışladığı kimi, biz də onları bağışlamağa hazırıq (Kol. 3:13).
Allahın sizi bağışlamasını istəyirsinizsə, siz də başqalarını bağışlayın (11-ci abzasa baxın)
11. Nəyə görə bağışlamaq vacibdir?
11 Təəssüflər olsun ki, biz qeyri-kamillikdən irəli gələrək bəzən bir-birimizə kin saxlayırıq (Lav. 19:18). Əgər bu barədə başqalarına danışsaq, onlar bizim tərəfimizi tuta bilərlər və nəticədə yığıncaqda parçalanma yarana bilər. Bu vəziyyətin qarşısını almasaq, Allahın mərhəmətini və fidyəni dəyərləndirmədiyimizi göstərəcəyik. Əgər biz başqalarını bağışlamırıqsa, onda Atamız da Oğlunun qurbanlığının dəyərini daha bizə tətbiq etməyəcək (Mət. 18:35). İsa Məsih öyrətdiyi duadan dərhal sonra bu fikri aydın şəkildə demişdi. (Mətta 6:14, 15 ayələrini oxuyun.) Ən nəhayət, Allahın bizi bağışlaması üçün ciddi günahdan qaçmalıyıq. Günahdan qaçmaq istəyimiz bizi növbəti xahişə yönəldir (1 Yəh. 3:4, 6).
«QOYMA YOLUMUZU AZAQ»
12, 13. a) İsa vəftiz olunandan az sonra nə baş verdi? b) Yolumuzu azdıqda məsuliyyət kimin boynuna düşür? c) İsa ölənədək sadiq qalmaqla nəyi sübut etdi?
12 İsa Məsihin öyrətdiyi duada növbəti xahiş budur: «Qoyma yolumuzu azaq». İsa vəftiz olunduqdan dərhal sonra onunla baş verən hadisə bu xahişi başa düşməyə kömək edir. Allahın ruhu İsanı çöllüyə aparmışdı ki, «İblis onu imtahana çəksin» (Mət. 4:1; 6:13). Əgər Allahın Öz Oğlunu yer üzünə göndərməsinin əsas səbəbini dərk ediriksə, bu, bizi təəccübləndirməyəcək. Əsas səbəb Adəmlə Həvva Allahın hakimiyyətini rədd edərkən meydana çıxan məsələni həll etmək idi. Qaldırılan sualların həlli üçün vaxt tələb olunurdu. Məsələn, növbəti suallar yaranmışdı: Allah insanı qüsurlu yaratmışdı? Şəririn hücumlarına rəğmən, kamil insanın Allahın hakimiyyətinə tabe olması mümkündürmü? Bəşəriyyət, Şeytanın iddia etdiyi kimi, Allahın rəhbərliyi altında olmadan daha xoşbəxt yaşayacaq? (Yar. 3:4, 5). Bu kimi suallara aydınlıq gətirilməsi üçün vaxt tələb olunurdu. Amma bunun sayəsində bütün şüurlu varlıqlar görəcəkdi ki, Yehova Öz hakimiyyətini insanların xeyrini düşünərək icra edir.
13 Yehova müqəddəsdir, O, heç vaxt heç kimi pislik etmək üçün yoldan çıxarmır. Əksinə, İblis buna çalışır (Mət. 4:3). İblis bizi yoldan çıxarmaq üçün müxtəlif vəziyyətlər yarada bilər. Bununla belə, yolunu azıb-azmamaq hər kəsin öz əlindədir. (Yaqub 1:13—15 ayələrini oxuyun.) İsaya gəldikdə, o, Allahın Kəlamından yerinə düşən sitatlar gətirərək İblisin hər bir təklifini dərhal rədd etdi. Bununla da İsa Allahın adil hakimiyyətinə sadiq qaldı. Amma Şeytan əl çəkmək fikrində deyildi. Belə ki, o, «başqa bir fürsət tapana qədər» gözlədi (Luka 4:13). İsa isə onun nöqsansızlığını sarsıtmaq istəyən Şeytanın bütün cəhdlərinə usanmadan qarşı durdu. Bəli, Məsih Yehovanın hakimiyyətinin haqq olduğunu müdafiə etdi və sübut etdi ki, kamil insan ən şiddətli sınaq qarşısında da sadiq qala bilər. Lakin Şeytan, siz də daxil olmaqla, İsanın bütün davamçılarını öz toruna salmağa çalışır.
14. Günaha yol verməmək üçün biz nə etməliyik?
14 Yehovanın hakimiyyəti ilə bağlı qaldırılan məsələ hələ də gündəmdədir. Buna görə də Yehova İblisə izin verib ki, bu dünyadan istifadə edib bizi imtahana çəksin. Deməli, bizi imtahana çəkən Allah deyil. Əksinə, O, bizə inanır və bizə kömək etmək istəyir. Ancaq Yehova iradə azadlığımıza hörmət etdiyindən günah edib-etməmək ixtiyarını özümüzə verir. Buna görə də biz iki sahədə əlimizdən gələni etməliyik: ruhani cəhətdən ayıq-sayıq qalmalıyıq və daim dua etməliyik. Bəs Yehova dualarımıza necə cavab verir?
Ruhani cəhətdən möhkəm qalın və xidmətdə fəal olun (15-ci abzasa baxın)
15, 16. a) Özümüzü nələrdən qorumalıyıq? b) İşlədiyimiz günaha görə kim məsuliyyət daşıyır?
15 Yehova bizə qüdrətli müqəddəs ruhunu verir, bu isə günaha qarşı durmaq üçün bizi gücləndirir. Allah həmçinin Öz Kəlamı və yığıncaq vasitəsilə hansı vəziyyətlərdən qaçmalı olduğumuz barədə xəbərdarlıq edir. Məsələn, bizi vaxtımızı, pulumuzu və gücümüzü dünyanın fani işlərinə sərf etməkdən çəkindirir. Espen və Yani Avropanın varlı ölkələrindən birində yaşayır. Uzun illər onlar öz ölkələrinin tələbat olan bir guşəsində öncül kimi xidmət ediblər. Uşaqları olanda onlar bu xidməti saxlamalı oldular. İndi onların iki uşağı var. Espen deyir: «Biz indi ruhani işlərə əvvəlki qədər vaxt ayıra bilmirik. Ona görə də hey Yehovaya dua edirik ki, Şeytana uymayaq. Yehovadan xahiş edirik ki, ruhani cəhətdən möhkəm qalmağa və xidmətdən soyumamağa bizə kömək etsin».
16 Müasir dövrdə Şeytanın bəlalarından biri də pornoqrafiyadır. Əgər biz belə günaha yol vermişiksə, bunda Şeytanı günahlandıra bilmərik. Çünki Şeytan və onun dünyası bizi öz iradəmizə zidd olaraq nə isə etməyə məcbur edə bilməz. Bəziləri ədəbsiz şeylər barədə düşünərək bu tələyə düşmüşlər. Lakin minlərlə bacı-qardaşımız kimi, biz də bu günaha qarşı dura bilərik (1 Kor. 10:12, 13).
«BİZİ ŞƏRİRDƏN XİLAS ET»
17. a) Şərirdən xilas olmaq xahişinə uyğun necə yaşaya bilərik? b) Qarşıda nə gözlənilir?
17 «Bizi Şərirdən xilas et» xahişinə uyğun yaşamaq üçün biz Şeytanın dünyasına məxsus olmamalı, Şeytanın dünyasını və dünyadakı şeyləri sevməməliyik (Yəh. 15:19; 1 Yəh. 2:15—17). Bunun üçün daima mübarizə aparmaq lazımdır. Vaxt gələcək Yehova bu xahişimizə cavab olaraq Şeytanı aradan götürəcək və onun şər dünyasını yox edəcək. Onda biz rahat nəfəs alacağıq. Amma unutmamalıyıq ki, Şeytan yerə atılanda vaxtının az olduğunu bilirdi. Buna görə də qəzəbdən alışıb yanırdı. O vaxtdan Şeytan əlindən gələni edir ki, biz Allaha asi çıxaq. Odur ki, bu düşməndən xilas olmaq üçün daima dua etməliyik (Vəhy 12:12, 17).
18. Şeytan dünyası ilə birlikdə məhv olmamaq üçün nə etməliyik?
18 Həmin vaxtın gəlməsini arzulayırsınız? Onda Allahın Padşahlığının Allahın adını müqəddəs tutması və iradəsini yerdə yerinə yetirməsi üçün dua edin. Yehovadan ruhani və maddi ehtiyaclarınızı təmin etməsini diləyin. Bəli, Məsihin öyrətdiyi duaya uyğun yaşamağa əzmli olun.
-