Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 6 s. 57—65
  • Ölənlər haradadırlar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölənlər haradadırlar?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • İNSAN ÖLƏNDƏ NƏ BAŞ VERİR?
  • İSA ÖLÜM HAQQINDA NƏ DEMİŞDİR?
  • İNSANLAR NƏ ÜÇÜN ÖLÜRLƏR?
  • ÖLÜM HAQQINDA HƏQİQƏTİ BİLMƏK TƏSƏLLİ VERİR
  • Öləndən sonra insan hara gedir?
    Müqəddəs Kitab təlimləri
  • Nəyə görə insan qocalır və ölür?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Onlar Şeytana qulaq asdılar. Bunun nəticəsi nə oldu?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Ölən əzizlərimiz üçün hansı ümid var?
    Ölən əzizlərimiz üçün hansı ümid var?
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 6 s. 57—65

Fəsil 6

Ölənlər haradadırlar?

  • İnsan öləndə nə baş verir?

  • İnsanlar nə üçün ölürlər?

  • Ölüm haqqında həqiqəti bilmək insana təsəlli verirmi?

1-3. Ölüm haqqında hansı suallar insanları narahat edir və dinlər bu suallara necə cavab verir?

ARTIQ min illərdir ki, bu suallar insanları narahat edir. Bunlar çox vacib suallardır. Çünki kim olmağımızdan və harada yaşamağımızdan asılı olmayaraq, bu sualların cavabları hər birimizi maraqlandırır.

2 Əvvəlki fəsildə İsa Məsihin fidiyə qurbanlığının əbədi həyata necə qapı açdığını müzakirə etdik. Həmçinin Müqəddəs Kitabın ‘artıq ölümün mövcud olmayacağı’ vaxt haqqında dediklərini də öyrəndik (Vəhy 21:4). Amma insanlar hələ də ölür. Müdrik Süleyman padşah demişdir: «Dirilər öləcəklərini bilir» (Vaiz 9:5). Biz mümkün qədər çox yaşamaq istəyirik. Bununla yanaşı, hər birimizi belə bir sual narahat edir: insan öləndə nə baş verir?

3 Əzizlərimizin ölümü bizə qəm-qüssə gətirir. Ola bilsin, bir çox suallar bizə rahatlıq vermir: «Ölən əzizlərimiz haradadırlar? Onlar əzab çəkirlərmi? Bizi görürlərmi? Biz onlara kömək edə bilərikmi? Onları bir daha görəcəyikmi?» Dinlər bu suallara müxtəlif cavablar verir. Bə’zi dinlər yaxşıların göyə gedəcəyini, pislərin isə cəhənnəm odunda yanacağını öyrədir. Digərləri iddia edir ki, insanlar öləndən sonra əcdadlarının olduqları ruhlar aləminə düşürlər. Başqaları isə, ölülərin yeraltı dünyada mühakimə olunduqlarını və başqa bir varlıq kimi yenidən doğulduqlarını öyrədir.

4. Bir çox dinlər ölümlə əlaqədar hansı oxşar fikirdədirlər?

4 Belə dini tə’limlərin hamısının oxşar bir cəhəti var. Bu tə’limlərə əsasən, insanın müəyyən bir hissəsi bədən öldükdən sonra yaşamağa davam edir. Bütün dövrlərdə dinlərin, demək olar ki, hamısı insanın öləndən sonra yaşamağa davam etdiyini və anlaşılmaz tərzdə görmək, eşitmək və fikirləşmək qabiliyyətini qoruyub saxladığını öyrətmişlər. Bəs bu mümkündürmü? Hisslər və düşüncələr beyinin işləməsi ilə əlaqəlidir. İnsan öləndə beyin öz fəaliyyətinə son qoyur. Beyin öldükdə, xatirələrimiz, düşüncə və hisslərimiz sadəcə yox olur. Onlar beyindən sərbəst şəkildə mövcud ola bilməz.

İNSAN ÖLƏNDƏ NƏ BAŞ VERİR?

5, 6. Ölənlərin vəziyyəti haqqında Müqəddəs Kitabda nə deyilir?

5 Öləndən sonra insanla nə baş verdiyi haqda həqiqət, Yaradanımız Yehova Allah üçün sirr deyil. O Öz Kəlamı olan Müqəddəs Kitabda, ölülərin hansı vəziyyətdə olduqlarını izah edir. Orada deyilir ki, insan öləndə mövcudluğuna son qoyur. Ölüm həyatın əksidir. Ölülər görə, eşidə və fikirləşə bilmirlər. Bundan başqa, bədən öldükdə heç bir ölməz hissə insandan ayrılaraq yaşamağa davam etmir. Bəli, bizim ölməz canımız və ya ruhumuz yoxdura.

Sönmüş şam

Şamın alovu hara yox oldu?

6 Süleyman demişdir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir». O izah etmişdir ki, ölülər nə sevə, nə də nifrət edə bilirlər, çünki ‘ölülər diyarında iş, fikir, bilik və hikmət’ yoxdur (Vaiz 9:5, 6, 10). Həmçinin Məzmur 146:4 ayəsində deyilir ki, insan öləndə ‘niyyətləri bircə anda yox olur’. İnsanlar ölümə məhkumdurlar, bədənləri öldükdən sonra yaşamağa davam etmirlər. Həyatımızı şamın alovu ilə müqayisə etmək olar. Şam sönəndə alov başqa yerdə yanmağa davam etmir, sadəcə yox olur.

İSA ÖLÜM HAQQINDA NƏ DEMİŞDİR?

7. İsa ölümü nə ilə müqayisə etmişdi?

7 İsa Məsihin sözləri ölənlərin hansı vəziyyətdə olduğunu başa düşməyə kömək edir. Əziz dostu Lazar öləndə, İsa şagirdlərinə dedi: «Dostumuz Lazar yuxuya gedib». Lazarın xəstə olduğunu bilən şagirdlər onun qüvvə toplamaq üçün yatdığını düşündülər. Şagirdlərin səhv başa düşdüklərini görüb, İsa onlara açıqca dedi: «Lazar ölmüşdür» (Yəhya 11:11-14). İsanın, ölümü yuxu ilə müqayisə etməsinə diqqət yetirin. Lazar nə göyə getmişdi, nə də ki cəhənnəm odunda əzab çəkirdi. O, mələklərin və ya əcdadlarının yanına da getməmişdi. Həmçinin başqa bir insan kimi də yenidən dünyaya gəlməmişdi. O, dərin ölüm yuxusuna dalmışdı. İsa başqa bir halda da ölümü yuxu ilə müqayisə etmişdi. O, Yairin qızını dirildən zaman qız «ölməyib, ancaq yatıb» dedi (Luka 8:52, 53).

Ər-arvad bağda oturub gülə baxırlar

Yehova insanları yer üzündə əbədi yaşamaq üçün yaradıb

8. Nəyə görə əminliklə demək olar ki, Allah insanların ölməsini istəmirdi?

8 Allah insanların ölməsini istəyirdimi? Əlbəttə, yox! Yehova insanları yer üzündə əbədi yaşamaq üçün yaratmışdı. Artıq bu kitabın ilk fəsillərindən öyrəndiyimiz kimi, Allah ilk insanları gözəl Cənnət bağında yerləşdirmişdi. O, onlara mükəmməl sağlamlıq bəxş etmişdi. Yehova onların xoşbəxtliyini istəyirdi. Məgər sevən valideynlər uşaqlarının qocalıb ölməsini istəyərmi? Əlbəttə ki, yox! Yehova Öz övladlarını sevir və onların yer üzündə xoşbəxt və əbədi yaşamalarını istəyirdi. Müqəddəs Kitabda deyilir ki, Yehova «əbədiyyəti... insanların ürəyinə qoydu» (Vaiz 3:11). Allah bizi əbədi yaşamaq arzusu ilə yaratmış və bu arzunun həyata keçməsi üçün hər şeyi etmişdir.

İNSANLAR NƏ ÜÇÜN ÖLÜRLƏR?

9. Yehova Adəmə nəyi əmr etmişdi və bu əmrə tabe olmaq nəyə görə çətin deyildi?

9 Bəs onda insanlar nə üçün ölürlər? Bu sualın cavabını bilmək üçün, gəlin yer üzündə Adəmlə Həvvanın yaşadığı dövrə qayıdaq. Müqəddəs Kitabda deyilir: «Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi» (Yaradılış 2:9). Lakin Yehova Adəmə bir əmr verdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Bu əmrə tabe olmaq çətin deyildi, çünki Cənnətdə Adəmlə Həvvanın yeyə biləcəkləri çoxlu meyvə ağacları vardı. Bundan əlavə, bu əmr onlara bütün bu şeyləri və kamilliyi bəxş edən Şəxsə minnətdarlıqlarını bildirmək imkanı yaradırdı. Onlar itaətkarlıq göstərməklə, sevən səmavi Atalarının hakimiyyətinə hörmət etdiklərini və Onun əmrinə tabe olmaq istədiklərini göstərə bilərdilər.

10, 11. a) İlk insanlar Allaha qarşı necə itaətsizlik göstərdilər? b) Adəmlə Həvva nəyə görə üzürsüz idilər?

10 Təəssüflər olsun ki, ilk insan cütü Yehovaya itaətsizlik yolunu seçdi. İlan vasitəsilə Şeytan Həvvadan soruşdu: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Həvva cavab verib dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» (Yaradılış 3:1-3).

11 Şeytan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:4, 5). Şeytan Həvvanı inandırmaq istəyirdi ki, qadağan olunmuş meyvədən yeməklə daha xoşbəxt olacaq. Onun sözlərinə görə, Həvva nəyin yaxşı, nəyin pis olduğuna özü qərar verib, istədiyi kimi hərəkət edə bilərdi. Şeytan, həmçinin Yehovanı qadağan olunmuş həmin meyvədən yeməyin nəticələri haqda yalan danışmaqda ittiham etdi. Həvva Şeytana inandı. Buna görə də, ağacın meyvəsindən qopardı və yedi. Sonra isə ərinə verdi, həmin meyvədən o da yedi. Demək olmaz ki, onlar bunu bilmədən etdilər. Adəmlə Həvva Allahın əmrinə zidd davrandıqlarını çox gözəl bilirdilər. Həmin meyvədən yeməklə, onlar sadə və düzgün əmri bilərəkdən pozdular. Onlar səmavi Atalarına və Onun hakimiyyətinə hörmətsizlik göstərdilər. Məhəbbət dolu Yaradanlarına qarşı göstərdikləri bu hörmətsizliyə görə üzürsüz idilər!

12. Adəmlə Həvva itaətsizlik yoluna qədəm qoyan zaman Yehovanın keçirdiyi hissləri başa düşməyə hansı nümunə kömək edir?

12 Böyüdüb boya-başa çatdırdığınız və qayğı ilə əhatə etdiyiniz övladlarınız öz hərəkətləri ilə sizə hörmət etmədiklərini və sizi sevmədiklərini göstərsəydilər, hansı hissləri keçirərdiniz? Dözülməz ağrı, elə deyilmi? Buna bənzər şəkildə, Adəmlə Həvva itaətsizlik yoluna qədəm qoyan zaman Yehovanın necə ağrı hissi keçirdiyini təsəvvür edin!

Adəm torpaqdan yaranır

Adəm torpaqdan yaradılmışdı, torpağa da qayıtdı

13. Yehova Adəmi hesabat verməyə çağıranda nə dedi və həmin sözlər hansı mə’nanı daşıyırdı?

13 Yehovanın itaətsiz Adəmlə Həvvanın əbədi yaşamalarına yol verməsi üçün artıq heç bir səbəb yox idi. Allahın xəbərdarlıq etdiyi kimi, onlar öldülər, yə’ni mövcudluqlarına son qoydular. Onlar başqa bir dünyada yaşamağa davam etmədilər. Bunu, Yehovanın Adəmdən itaətsizliyinə görə hesabat verməsini tələb edəndə, Yehovanın dediyi sözlərdən görürük: «Torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). Allah Adəmi yerin torpağından yaratmışdı (Yaradılış 2:7). O vaxta kimi Adəm mövcud deyildi. Buna görə də, Yehova Adəmə «torpağa qayıdacaqsan» dedikdə, onun yoxluq vəziyyətinə qayıdacağını nəzərdə tuturdu. Adəm yaradıldığı torpaq kimi cansız olacaqdı.

14. Biz nəyə görə ölürük?

14 Adəmlə Həvva Allaha qarşı itaətsizlik göstərib günah işlətməsəydilər, indiyədək yaşaya bilərdilər. Adəm öz nəslinə günah və ölümü miras verdiyi üçün, bütün insanlar ölürlər (Romalılara 5:12). Günahı, irsən hər bir insana keçən xəstəliklə müqayisə etmək olar. Ölüm günahın nəticəsi olan bir lə’nətdir. Ölüm dost deyil, düşməndir (1 Korinflilərə 15:26). Bizi bu amansız düşmənin əlindən xilas edəcək fidiyəyə görə Yehovaya necə də minnətdarıq!

ÖLÜM HAQQINDA HƏQİQƏTİ BİLMƏK TƏSƏLLİ VERİR

15. Ölüm haqqında həqiqəti bilmək nəyə görə təsəlli verir?

15 Müqəddəs Kitab ölülərin vəziyyəti haqqında həqiqəti açıqlayaraq, bizə əsl təsəlli verir. Öyrəndiyimiz kimi, ölülər ağrı və əziyyət çəkmirlər. Ölülərdən qorxmaq lazım deyil, çünki onlar bizə heç bir zərər vura bilməzlər. Onlar bizim köməyimizə ehtiyac duymurlar, eyni zamanda da bizə kömək etmək qüvvəsində deyillər. Biz onlarla danışa və səslərini eşidə bilmərik. Lakin bir çox din rəhbərləri yalandan iddia edirlər ki, ölülərə kömək edə bilərlər. İmanlı insanlar əzizlərinin həqiqətən belə bir kömək alacaqlarına inanaraq, onlara pul ödəyirlər. Ancaq həqiqəti bilməyimiz bizi bu kimi yalanlardan qoruyur.

16. Bir çox dinlərin tə’limlərinə tə’sir göstərən kimdir və o bunu necə edir?

16 Dininizin öyrətdikləri Müqəddəs Kitabda ölüm haqqında deyilənlərə uyğun gəlirmi? Dinlərin çoxu haqqında bunu demək çətindir. Nəyə görə? Çünki onların tə’limləri Şeytanın tə’siri altında yaranmışdır. Yalan dinin köməyi ilə Şeytan insanları inandırmağa çalışır ki, insan öldükdən sonra başqa bir dünyada yaşamağa davam edir. Bu kimi yalan tə’limlər insanları Yehova Allahdan uzaqlaşdırır. Necə?

17. Nəyə görə əbədi işgəncə haqqındakı tə’lim Yehovanı rüsvay edir?

17 Yuxarıda qeyd olunduğu kimi, bə’zi dinlər pis insanların öləndən sonra cəhənnəm odunda əbədi işgəncə çəkdiyini öyrədir. Bu tə’lim Allahı rüsvay edir. Yehova məhəbbət Allahıdır və heç vaxt insanlara işgəncə verməz (1 Yəhya 4:8). Sözə baxmayan uşağının əlini oda tutaraq cəzalandıran insan haqqında nə düşünərdiniz? Siz belə insana hörmət edərdinizmi? Onunla tanış olmaq istəyərdinizmi? Əlbəttə, yox! Çox güman ki, siz onun qəddar bir adam olduğunu düşünərdiniz. Şeytan da məhz buna nail olmağa çalışır. O, Yehovanın insanlara əbədiyyən, milyard illər ərzində işgəncə verdiyinə inanmağımızı istəyir!

18. Ölülərə ibadət hansı yalan tə’limlə bağlıdır?

18 Şeytan, həmçinin bə’zi dinlərdən istifadə edərək, insanın öləndən sonra ruha çevrildiyini öyrədir. Bu tə’limə əsasən, yaşayanlar ölənlərə hörmət və ibadət etməlidirlər, çünki ölənlərin ruhu güclü dosta və ya amansız düşmənə çevrilə bilər. Bu yalana çoxları uyur. Onlar ölülərdən qorxur və onlara pərəstiş edirlər. Müqəddəs Kitab isə öyrədir ki, ölülər ölüm yuxusundadırlar. Biz isə yalnız həqiqi Yehova Allaha — Yaradanımıza və Həyatverənimizə ibadət etməliyik (Vəhy 4:11).

19. Ölüm haqqında həqiqəti bilmək, hansı Müqəddəs Kitab tə’limini başa düşməyə kömək edir?

19 Ölülər haqqında həqiqəti bilmək sizi dini yalanlardan qoruyacaq və Müqəddəs Kitab tə’limlərini daha yaxşı başa düşməyinizə kömək edəcək. Məsələn, axirət dünyasının mövcud olmadığını öyrəndikdə, yerüzü Cənnətdə olacaq əbədi həyat ümidinin nə qədər gözəl olduğunu qiymətləndirəcəksiniz.

20. Növbəti fəsildə hansı sual müzakirə olunacaq?

20 Qədimdə saleh Əyyub soruşmuşdu: «İnsan ölsə, dirilərmi?» (Əyyub 14:14). Ölüm yuxusuna getmiş insan yenidən həyata qayıda bilərmi? Müqəddəs Kitab bizə təsəlli verir. Bu haqda növbəti fəsildən öyrənəcəyik.

a «Can» və «ruh» anlayışının nə demək olduğunu «Əlavələr» bölməsində, 208-211-ci səhifələrdəki mə’lumatdan öyrənmək olar.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Ölülər görə, eşidə və fikirləşə bilmirlər (Vaiz 9:5).

  • Ölümü yuxu ilə müqayisə etmək olar; ölənlər əziyyət çəkmirlər (Yəhya 11:11).

  • İnsanların ölməsinin səbəbi Adəmdən miras aldıqları günahdır (Romalılara 5:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş