-
Ayələrin ifadəli oxunmasıTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 21
Ayələrin ifadəli oxunması
SƏHNƏDƏN, yaxud söhbət edərkən Allahın niyyəti haqqında danışanda dediklərin Müqəddəs Yazılara əsaslanmalıdır. Bunun üçün tez-tez Müqəddəs Kitabdan ayələr oxumaq lazım gəlir. Bunu isə yaxşı etmək gərəkdir.
Hissləri ifadə et. Ayələri hisslərlə oxumaq lazımdır. Gəlin bir neçə nümunəyə baxaq. Məzmur 37:11 ayəsini oxuyanda burada vəd olunan sülhü sevinclə gözlədiyin səsində əks olunmalıdır. Vəhy 21:4 ayəsindəki peyğəmbərliyi oxuyarkən kədər və ölümdən qurtuluşa görə minnətdarlıq səsində öz əksini tapmalıdır. Günaha qərq olmuş ‘Böyük Babildən’ çıxmaq çağırışı yazılan Vəhy 18:2, 4, 5 ayələrini elə oxumaq lazımdır ki, təxirə salmadan hərəkətə keçməyin vacibliyi duyulsun. Hisslər şişirdilmiş yox, səmimi olmalıdır. Nə dərəcədə hisslərlə oxuyacağın mətnin özündən və onu hansı məqsədlə oxumağından asılıdır.
Lazımi sözləri vurğula. Əgər ayənin yalnız bir hissəsini şərh edirsənsə, oxuyan zaman həmin hissəni vurğulamaq lazımdır. Məsələn, Matta 6:33 ayəsindəki ‘əvvəlcə Allahın Səltənətini axtarın’ sözlərinin mənasını izah etmək istəyirsənsə, onda ayəni oxuyarkən «Onun salehliyini» və «bunların hamısı» sözlərini vurğulamaq lazım deyil.
Tutalım, Xidməti görüşdə çıxış edərkən Matta 28:19 ayəsini oxumağı planlaşdırırsan. Ayənin hansı sözlərini vurğulamaq lazımdır? Əgər həmimanlılarını Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün səy göstərməyə təşviq etmək istəyirsənsə, onda vurğunu «şagirdim edin» sözlərinə vur. Yox əgər, Müqəddəs Kitab həqiqətini əcnəbilərlə bölüşmək məsuliyyəti haqda danışmaq və ya bəzi təbliğçiləri daha çox tələbat olan yerlərə köçməyə təşviq etmək istəyirsənsə, onda «bütün xalqları» sözlərini vurğulamaq olar.
Çox vaxt ayələr suala cavab vermək və ya başqalarına ziddiyyətli görünən dəlilləri təsdiq etmək üçün oxunur. Ayədəki bütün fikirləri eyni dərəcədə vurğulasan, dinləyicilər əlaqəni görməyəcəklər. Ayənin nəyə görə oxunduğu sənin üçün aydın olsa da, dinləyicilərinə qaranlıq qalacaq.
Məsələn, Müqəddəs Kitabdan Allahın adı yazılan Yeşaya 12:2 (KM) ayəsini oxuyarkən vurğunu «qurtuluşumdur» sözünə vursan, Allahın adının olmasının aydın bir fakt kimi görünməsinə baxmayaraq, ev sahibi bunu başa düşməyə bilər. Buna görə «Yehova» adını vurğulamaq lazımdır. Ancaq bu ayəni Yehovanın Xilaskar olduğunu göstərmək üçün oxusan, əsas vurğunu «qurtuluşumdur» sözünə vurmaq lazım gələcək. Eyni tərzdə, imanı əməllərlə tamamlamağın vacibliyini göstərmək üçün Yaqub 2:24 ayəsini oxuyanda əsas vurğunu «əməlləri» sözü əvəzinə, «saleh sayılır» ifadəsinə vursan, eşidənlər fikri tutmayacaqlar.
Başqa bir faydalı nümunəni Romalılara 15:7-13 ayələrində tapa bilərik. Bu, həvari Pavelin həm yəhudilərdən, həm də başqa millətlərdən olan məsihçilərdən ibarət yığıncağa yazdığı məktubdan bir parçadır. Burada həvari, ‘digər xalqların Allaha mərhəmətinə görə izzət vermələri’ üçün Məsihin xidmətinin təkcə sünnət olunmuş yəhudilərə yox, həmçinin başqa millətlərdən olan insanlara da fayda gətirdiyinə dair dəlillər gətirir. Sonra Pavel diqqəti başqa millətlər üçün açılan imkana yönəldərək dörd ayədən sitat gətirir. Pavelin nəzərdə tutduğu fikri vurğulamaq üçün həmin sitatları necə oxumaq lazımdır? Əgər vurğulayacağın ifadələri qeyd etmək istəyirsənsə, onda 9-cu ayədə «digər xalqlar» və «millətlər», 10-cu ayədə «ey millətlər», 11-ci ayədə «ey bütün millətlər» və «ey bütün xalqlar», 12-ci ayədə «digər xalqlara», «xalqlar» sözlərini nişanla. Sonra Romalılara 15:7-13 ayələrini ifadəli oxumağa çalış. Belə etsən, Pavelin yürütdüyü mülahizə daha aydın olacaq və onu izləmək asanlaşacaq.
Sözləri vurğulamağın üsulları. Əsas fikri göstərən və nəzərə çarpdırmaq istədiyin sözləri vurğulamağın müxtəlif üsulları var. İstifadə etdiyin üsul ayəyə və vəziyyətə uyğun olmalıdır. Aşağıda üsullardan bəziləri gətirilir.
İntonasiyanın dəyişdirilməsi. Bu zaman əsas fikri göstərən sözlərin cümlənin digər hissəsindən seçilməsi üçün intonasiyanı dəyişmək lazımdır, məsələn, səsi yüksəldib, endirməklə. Bir çox dillərdə tonu dəyişmək vurğulamağa kömək edir. Ancaq bəzi dillərdə bu, mənanı bütünlüklə dəyişə bilər. Əsas ifadələri deyəndə tempi azaltmaq onları sanballı edir. İntonasiyanı dəyişməklə sözləri vurğulamaq mümkün olmayan dillərdə bunu həmin dil üçün məqbul olan istənilən başqa üsulla etmək lazımdır.
Fasilə. Fasiləni ayənin əsas hissəsini oxumazdan sonra, əvvəl, ya da həm sonra, həm də əvvəl etmək olar. Əvvəl edilən fasilə dinləyiciləri intizarda saxlayır; sonra edilən fasilə isə eşitdiklərindən aldıqları təəssüratı gücləndirir. Ancaq tez-tez fasilə etsən, heç nəyi nəzərə çarpdıra bilməyəcəksən.
Təkrar. Hansısa fikri nəzərə çarpdırmağın digər üsulu oxumağına ara verib sözü və ya ifadəni yenidən oxumaqdır. Bir çox natiqlər, adətən, ayəni axıra kimi oxuyub, sonra əsas ifadəni təkrar etməyə üstünlük verirlər.
Jestlər. Jestlər və üz ifadələri sözlərə rəng qatır.
Səs tonu. Bəzi dillərdə müəyyən səs tonları sözü nəinki vurğulayır, hətta onun mənasına da təsir edir. Bu zaman da, xüsusilə kinayə ifadə edərkən, ehtiyatlı olmaq lazımdır.
Ayəni başqası oxuyanda. Ayəni ev sahibi oxuyanda, ola bilər, lazım olmayan sözləri vurğulasın, ya da ümumiyyətlə heç bir sözü vurğulamasın. Bu zaman nə etməli? Ən yaxşısı ayəni izah edərək onun mənasını aydınlaşdırmaqdır. Sonra həmsöhbətinin diqqətini birbaşa olaraq ayədəki əsas fikirləri bildirən sözlərə cəmləmək olar.
-
-
Ayələri düzgün izah etTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 22
Ayələri düzgün izah et
BAŞQALARINI öyrədərkən Müqəddəs Kitabdan ayələri sadəcə oxumaq kifayət etmir. Həvari Pavel əməkdaşı Timoteyə yazmışdı: «Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən» (2 Tim. 2:15).
Həqiqət sözünü doğruluqla öyrətmək ayələri Müqəddəs Kitabın təlimlərinə uyğun izah etmək deməkdir. Bunun üçün konteksti nəzərə almaq lazımdır. Sadəcə xoşumuza gələn ifadələri seçib, öz fikirlərimizi onlara əlavə etmək olmaz. Yeremya peyğəmbər vasitəsilə Yehova Onun adından danışdıqlarını iddia edən, əslində isə «uydurduqları görüntüləri» danışan peyğəmbərlərə qulaq asmamağı tapşırmışdı (Yer. 23:16). Həvari Pavel məsihçiləri xəbərdar etmişdi ki, Allahın Kəlamını insan fəlsəfəsi ilə təhrif etməsinlər. O yazmışdı: «Lakin biz gizli, eyibli üsulları rədd etdik. Hiyləgərlik ilə hərəkət etmirik, Allahın kəlamını təhrif etmirik». O vaxtlar fırıldaqçı şərab tacirləri çox qazanc əldə etmək üçün şəraba su qatırdılar. Biz Allahın Kəlamına insan fəlsəfəsini qataraq onu təhrif etmirik. Pavel deyirdi: «Biz bir çoxları kimi Allah kəlamının xırdavatçıları deyilik, lakin Allahdan göndərilən və Məsihə aid olan adamlar olaraq, Allahın hüzurunda səmimi qəlbdən vəz edirik» (2 Kor. 2:17; 4:2).
Ola bilər, hərdən hansısa prinsipi vurğulamaq üçün ayə oxuyaq. Müqəddəs Kitabda müxtəlif vəziyyətlərdə necə davranmağa dair düzgün rəhbərlik təqdim edən çoxlu prinsiplər var (2 Tim. 3:16, 17). Ancaq əmin olmaq lazımdır ki, ayə düzgün tətbiq edilib. Əks təqdirdə, əslində belə olmadığı halda, elə görünə bilər ki, ayə sənin dediklərini təsdiq edir (Məz. 91:11, 12; Mat. 4:5, 6). Ayəni Yehovanın niyyətinə, eləcə də bütün Müqəddəs Kitaba uyğun şəkildə tətbiq etmək lazımdır.
‘Həqiqət sözünü doğruluqla öyrətmək’ Müqəddəs Kitabda deyilənlərin ruhunu anlamağı da özünə daxil edir. Müqəddəs Kitab insanlara hədə-qorxu gəlmək üçün olan «dəyənək» deyil. İsa Məsihə qarşı çıxan din rəhbərləri Müqəddəs Yazılardan tez-tez sitatlar gətirirdilər, ancaq onlar Allahın tələb etdiyi daha ciddi məsələlərə — ədalət, mərhəmət və sədaqətə barmaqarası baxırdılar (Mat. 22:23, 24; 23:23, 24). Allahın Kəlamını öyrədərkən İsa Atasının xüsusiyyətlərini əks etdirirdi. İsa həqiqətə qarşı şövq duymaqla yanaşı, öyrətdiyi insanları da dərin məhəbbətlə sevirdi. Biz də onun nümunəsini izləməyə çalışmalıyıq (Mat. 11:28).
Ayələri düzgün izah etdiyimizə necə əmin ola bilərik? Müqəddəs Kitabı müntəzəm oxumağın böyük köməyi dəyəcək. Həmçinin Yehovanın ruhla məsh olunmuş məsihçilərdən ibarət «sadiq və ağıllı qul» sinfini qiymətləndirməliyik, belə ki, Yehova onların vasitəsilə xidmətçilərinə ruhani qida verir (Mat. 24:45). Şəxsi öyrənmə, eləcə də müntəzəm olaraq yığıncaq görüşlərinə getmək və orada iştirak etmək, sadiq və ağıllı qul sinfi vasitəsilə verilən təlimdən faydalanmağa kömək edəcək.
Əgər bildiyin dildə «Müqəddəs Yazıların əsasında mülahizə» kitabı varsa və ondan yaxşı istifadə etməyi öyrənirsənsə, xidmətdə tez-tez istifadə etdiyimiz yüzlərlə ayənin düzgün izahını oradan asanlıqla tapa bilərsən. Tanış olmayan ayədən istifadə etməyi planlaşdırırsansa, yaxşı olardı ki, təvazökarlıq göstərərək araşdırma aparasan. Belə etsən, həqiqət sözünü doğruluqla öyrədə biləcəksən (Sül. məs. 11:2).
Ayənin necə tətbiq olunduğunu aydın göstər. Başqalarını öyrədərkən əmin ol ki, onlar müzakirə etdiyin mövzu ilə ayə arasındakı əlaqəni aydın başa düşürlər. Ayəni oxumazdan əvvəl sual versən, dinləyicilər onun suala necə cavab verdiyini görəcəklər. Əgər hansısa fikri təsdiq etmək üçün ayə oxuyursansa, öyrənən adam ayənin həmin fikri necə sübut etdiyini aydın görməlidir.
Ayəni hətta ifadəli olsa belə, sadəcə oxumaq çox vaxt kifayət etmir. Yadda saxla ki, təbliğdə rast gəldiyimiz insanların çoxu Müqəddəs Kitabla tanış deyil və çox ehtimal ki, ayəni yalnız oxumaqla nə demək istədiyini başa düşməyəcəklər. Diqqəti ayənin birbaşa müzakirə etdiyin mövzuya aid olan hissəsinə yönəlt.
Bunun üçün adətən əsas sözləri, yəni müzakirə olunan fikrə bilavasitə aid olan sözləri xüsusi qeyd etmək lazımdır. Ən asan üsul həmin sözləri təkrar etməkdir. Əgər bir nəfərlə söhbət edirsənsə, ona həmin sözləri müəyyən etməyə kömək edəcək sual vermək olar. Auditoriya qarşısında çıxış edərkən bəzi natiqlər bu məqsədə çatmaq üçün sinonim sözlərdən istifadə edir, yaxud fikri bir də təkrar edirlər. Ancaq sən də belə etmək qərarına gəlsən, diqqət yetir ki, dinləyicilər ayənin sözləri ilə müzakirə olunan fikir arasındakı əlaqəni nəzərdən qaçırmasınlar.
Əsas sözləri xüsusi nəzərə çarpdırdıqda sən artıq yaxşı təməl qoymuş olursan. Ancaq bununla kifayətlənmə. Ayəni oxumazdan əvvəl onu gətirməyinin səbəbini aydın göstərmisənmi? Əgər belədirsə, onda dinləyicilərinə eşitmələri üçün hazırladığın fikirlərlə vurğuladığın sözlər arasındakı əlaqəni göstər. Həmin əlaqənin nədən ibərət olduğunu aydın şəkildə bildir. Əgər ayəni oxumazdan əvvəl bunu etməmisənsə, sonra mütləq etmək lazımdır.
Fəriseylər İsaya onların zənnincə çətin olan bir sual verdilər: «Hər səbəbə görəmi qadını boşamaq caizdir?» İsa cavabını Yaradılış 2:24 ayəsinə əsaslandırdı. Fikir ver ki, İsa diqqəti ayənin yalnız bir hissəsinə yönəltdi və sonra onu izah etdi. Kişi ilə qadının «bir bədən» olduğunu vurğuladıqdan sonra İsa sözlərinə belə yekun vurdu: «Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mat. 19:3-6).
Ayənin necə tətbiq olunduğunun aydın başa düşülməsi üçün nə qədər izahat vermək lazımdır? Bu, auditoriyanı təşkil edən adamlardan və müzakirə edilən fikrin vacibliyindən asılıdır. Sadə və konkret olmağı qarşına məqsəd qoy.
Müqəddəs Yazılar əsasında mülahizə yürüt. Həvari Pavelin Salonikdəki xidməti ilə bağlı Həvarilərin işləri 17:2, 3 ayələrində deyilir ki, o, ‘Müqəddəs Yazılara əsaslanaraq söhbət aparırdı’ (YD), başqa sözlə desək, mülahizə yürüdürdü. Yehovanın hər bir xidmətçisi bu bacarığa yiyələnməyə can atmalıdır. Məsələn, Pavel İsanın həyatı və xidməti ilə bağlı faktlar gətirdikdən sonra bunların İbrani Müqəddəs Yazılarında qabaqcadan deyildiyini göstərmiş, sonra isə «Sizə təbliğ etdiyim bu İsa, Məsihdir» deyərək sözlərinə təsirli yekun vurmuşdu.
İbranilərə yazdığı məktubunda Pavel dəfələrlə İbrani Müqəddəs Yazılarından sitat gətirmişdi. Hansısa məqamı vurğulamaq, yaxud aydınlaşdırmaq üçün o, bir sözü və ya kiçik ifadəni ayırıb, sonra onun mənasını açıqlayırdı (İbr. 12:26, 27). «İbranilərə» kitabının 3-cü fəslindən olan parçada Pavel Məzmur 95:7-11 ayələrini sitat gətirmişdi. Diqqət yetir ki, o, üç məqamı ətraflı təhlil etmişdi: 1) ürək mövzusunu (İbr. 3:8-12), 2) «Bu gün» sözünün vacibliyini (İbr. 3:7, 13-15; 4:6-11), 3) «Onlar verəcəyim istirahətə nail olmayacaqlar» sözlərinin mənasını (İbr. 3:11, 18, 19; 4:1-11). Hər dəfə ayənin necə tətbiq edildiyini izah edəndə Pavelin nümunəsini izləməyə çalış.
Luka 10:25-37 ayələrində yazıldığı kimi, İsanın Müqəddəs Yazılar əsasında mükəmməl surətdə necə mülahizə yürütdüyünə diqqət yetir. Bir dəfə, Qanunu yaxşı bilən bir nəfər ondan soruşdu: «Müəllim! Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm?» Əvvəlcə İsa cavab olaraq onu öz fikrini ifadə etməyə təşviq edən bir sual verdi və sonra Allahın Kəlamında deyilənləri yerinə yetirməyin vacibliyini vurğuladı. Aydın olanda ki, həmin adam məsələnin məğzini başa düşmür, İsa ayədən təkcə bir sözü, «qonşu» sözünü təhlil etdi. O, bunun nə demək olduğunu açıqlamadı, əvəzində həmin adamın özünün düzgün nəticəyə gəlməsi üçün məsəl çəkdi.
Gördüyümüz kimi, suallara cavab verərkən İsa konkret, aydın cavab təqdim edən ayələri sadəcə sitat gətirməklə kifayətlənmirdi. O, ayələrdə deyilənləri təhlil edir, sonra onları verilən suala əsasən izah edirdi.
Sadukeylər dirilmə ümidini şübhə altına alanda İsa diqqəti Çıxış 3:6 ayəsinin konkret bir hissəsinə yönəltdi. Ancaq o, ayəni təkcə sitat gətirib sözünü bitirmədi. Dirilmənin Allahın niyyətinin bir hissəsi olduğunu aydın göstərmək üçün onun üzərində mülahizə yürütdü (Mark 12:24-27).
Müqəddəs Yazılar əsasında düzgün və efektiv sürətdə mülahizə yürütmək bacarığına yiyələnmək məharətli müəllim olmaq üçün vacib amildir.
-
-
Məlumatın praktiki faydasını aydın göstərTeokratik Xidmət Məktəbində təlim alırıq
-
-
DƏRS 23
Məlumatın praktiki faydasını aydın göstər
BİR insana və ya böyük auditoriyaya müraciət etməyindən asılı olmayaraq, düşünmə ki, müzakirə etdiyin mövzu sənin üçün maraqlıdırsa, onlara da maraqlı olacaq. Düzdür, çatdırmaq istədiyin məlumat vacibdir, ancaq onun praktiki faydasını aydın göstərməsən, çətin ki, sənə uzun müddət maraqla qulaq assınlar.
Bu, Padşahlıq Zalındakı auditoriyaya da aiddir. Əgər gətirdiyin nümunəni və ya danışdığın hadisəni birinci dəfə eşidirlərsə, onda diqqətlə qulaq asacaqlar. Ancaq artıq bildikləri şeyi danışırsansa, xüsusən də, əgər mövzunu geniş açıqlamırsansa, onların fikri yayınacaq. Dediklərinin onlar üçün nəyə görə və necə faydalı olduğunu görmələrinə kömək etmək lazımdır.
Müqəddəs Kitab bizi hər şeyə sağlam şüurla, başqa sözlə, praktiki müdrikliklə baxmağa çağırır (Sül. məs. 3:21). Yehova Vəftizçi Yəhyanın vasitəsilə insanları «salehlərin hikmətinə», yəni praktiki müdrikliyinə yönəltmişdi (Luka 1:17). Bu, Yehova qarşısında sağlam qorxuya əsaslanan müdriklikdir (Məz. 111:10). Bu hikmət onun dəyərini anlayanlara həm bu həyatın çətinliklərinin öhdəsindən gəlməyə, həm də həqiqi, yəni gələcək əbədi həyata nail olmağa kömək edir (1 Tim. 4:8; 6:19).
Nitqin praktiki olsun. Nitqin praktiki olması üçün təkcə materialı diqqətlə seçmək yox, həm də auditoriyanı nəzərə almaq lazımdır. Onlara sadəcə bir qrup kimi baxma. Həmin qrup ayrı-ayrı insanlardan və ailələrdən ibarətdir. Onların içində uşaqlar, yeniyetmələr, yetkin insanlar və yaşlılar ola bilər. Bəlkə də aralarında həqiqətə yeni gələnlər, eləcə də sən dünyaya gəlməzdən əvvəl Yehovaya xidmət etməyə başlayan insanlar var. Ola bilər, bəziləri ruhani cəhətdən yetkindir, başqaları isə hələ də dünyadakı baxışların və normaların güclü təsiri altındadır. Özünə növbəti sualları ver: «Müzakirə edəcəyim material dinləyicilərimə hansı faydanı gətirə bilər? Onlara faydanın nədən ibarət olduğunu görməyə necə kömək edə bilərəm?» Ola bilsin, əsas diqqəti yuxarıda xatırlanan bir və ya iki qrup insana yönəltməyi lazım biləcəksən. Ancaq digərlərini də tamamilə yaddan çıxarma.
Əgər Müqəddəs Kitabın əsas təlimlərindən birinə aydınlıq gətirməlisənsə, onda necə? Nə edə bilərsən ki, nitqin artıq bu təlimlə razı olanlar üçün də maraqlı olsun? Onların buna inamını möhkəmləndirməyə çalış. Necə? Müqəddəs Yazılardan bu təlimi təsdiq edən sübutları ətraflı təhlil et. Bundan əlavə, dinləyicilərin həmin təlimin dəyərini daha dərindən başa düşmələrinə kömək edə bilərsən. Bunun üçün onun Müqəddəs Kitabın başqa həqiqətləri və Yehovanın xüsusiyyətləri ilə necə uzlaşdığını göstərmək olar. Bu təlimin düzgün başa düşülməsinin insanlara necə fayda gətirdiyini və gələcəyə olan baxışlarına necə təsir etdiyini göstərən nümunələr gətir. Əgər mümkündürsə, həyatdan götürülmüş nümunələr çək.
Elə fikirləşmə ki, praktiki faydanı nitqin sonunda bir neçə sözlə göstərmək kifayət edər. Nitqin lap əvvəlindən dinləyicilərin hər biri müzakirə olunan mövzunun şəxsən ona aid olduğunu hiss etməlidir. Belə təməl qoyduqdan sonra, yekun da daxil olmaqla, nitqin hər əsas bəndini açıqladıqca, müzakirə olunan fikirləri necə tətbiq etməyi göstər.
Müzakirə olunan fikirləri həyatda necə tətbiq etməyi göstərərkən Müqəddəs Kitab prinsiplərini unutma. Yəni bunu məhəbbətlə və şəfqətlə et (1 Pet. 3:8; 1 Yəh. 4:8). Salonik şəhərində yaranmış ciddi problemi həll edərkən belə, həvari Pavel oradakı bacı-qardaşların hansı sahələrdə ruhani nailiyyət əldə etdiklərini qeyd etməyi unutmamışdı. O həmçinin müzakirə etdiyi sualla bağlı onların düzgün davranmaq istədiklərinə əmin olduğunu da bildirmişdi (1 Salon. 4:1-12). Bizim üçün necə də gözəl nümunədir!
Ola bilsin, nitqinin məqsədi təbliğ və təlim işində fəal iştirak etməyə təşviq etməkdir. O zaman çalış ki, onların ürəyində xidmətə həvəs və minnətdarlıq oyadasan. Ancaq belə edərkən, yadda saxla ki, hamının imkanı bu işdə eyni cür iştirak etməyə yol vermir və bu, Müqəddəs Kitabda da nəzərə alınır (Mat. 13:23). Elə danışma ki, həmimanlıların özlərini günahkar hiss etsinlər. İbranilərə 10:24 ayəsi bizi ‘bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq etməyə’ səsləyir. Əgər biz başqalarını məhəbbətə təşviq etsək, bu, düzgün niyyətdən irəli gələn xeyirxah əməllər doğuracaq. Onların itaətkarlıq göstərməsini tələb etmə, unutma ki, Yehova insanları ‘iman gətirib itaət etməyə’ təşviq etməyimizi istəyir (Rom. 16:26). Bunu yadda saxlayaraq, biz həm özümüzün, həm də başqalarının imanını möhkəmləndirməyə çalışırıq.
İnsanlara praktiki faydanı görməyə kömək et. İnsanlara şahidlik edərkən xoş xəbərin praktiki faydasını vurğula. Bunun üçün ərazinizdəki insanları nəyin narahat etdiyini bilmək lazımdır. Bunu necə öyrənmək olar? Televizorda və ya radioda verilən xəbərlərə qulaq as. Qəzetlərin ön səhifələrinə bax. Həmçinin insanları söhbətə cəlb etməyə çalış və onlar danışanda qulaq as. Ola bilsin, onları həmin anda hansı problemlərin narahat etdiyini anlayacaqsan. Bu, işsizlik, kirayə haqqının yüksək olması, xəstəlik, yaxın adamın ölümü, cinayətkarlıq qorxusu, səlahiyyətli şəxslər tərəfindən haqsızlıq, ailənin dağılması, uşaqların sözə baxmaması və sairə ola bilər. Müqəddəs Kitabın bu kimi problemləri olanlara köməyi dəyə bilərmi? Sözsüz.
Çox ehtimal ki, fikrində hansısa konkret mövzunu tutub söhbətə başlayacaqsan. Ancaq hal-hazırda insanı başqa şeyin narahat etdiyini görürsənsə və əgər açıqlaya biləcəksənsə, dərhal onu maraqlandıran mövzunu müzakirə et, yaxud lazımi məlumatı axtarıb yenidən gəlməyi təklif et. Sözsüz ki, biz ‘başqalarının işinə burnumuzu soxmur’, sadəcə böyük məmnuniyyətlə Müqəddəs Kitabdan praktiki məsləhətləri insanlarla bölüşürük (2 Salon. 3:11). Aydındır ki, Müqəddəs Kitabın bilavasitə həyatlarına aidiyyəti olan məsləhətləri insanlara təsir edəcək.
İnsan sözlərimizdə ona aidiyyəti olan heç bir şey görməsə, söhbəti dərhal dayandırar. Hətta söhbəti kəsməsə belə, mövzunun praktiki faydasını açıqlamasaq, dediyimiz sözlərin, çox ehtimal ki, onun həyatına heç bir təsiri olmayacaq. Ancaq çatdırdığımız biliyin gətirdiyi faydanı göstərsək, bu söhbət insanın həyatında dönüş nöqtəsi ola bilər.
Həmçinin Müqəddəs Kitab öyrənməsi keçirərkən alınan biliyin necə tətbiq edilməsini izah etmək lazımdır (Sül. məs. 4:7). Öyrənənə Yehovanın yolları ilə yeriməyə kömək edən Müqəddəs Kitabdakı məsləhətləri, prinsipləri və nümunələri başa düşməyə kömək et. Əsas diqqəti bundan əldə olunan faydaya yönəlt (Yeşaya 48:17, 18). Bu, öyrənəni həyatını dəyişməyə təşviq edəcək. İnsanların ürəyində Yehovaya məhəbbət və Onu razı salmaq arzusu oyandır və qoy Allahın Kəlamındakı məsləhətləri tətbiq etmək onların ürəyindən gəlsin.
-