-
Həqiqi Allah haqqında olan bilik həyata aparırMüqəddəs ibadətimiz 2006 | yanvar
-
-
Həqiqi Allah haqqında olan bilik həyata aparır
1 İsa Atasına etdiyi duada demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəh. 17:3). Bu, necə də gözəl mükafatdır! «Əbədi həyata aparan bilik» kitabının vasitəsi ilə, biz insanlara əbədi yaşamaq üçün nə etməli olduqlarını öyrənməyə kömək edə bilərik. Onlarda «Bilik» kitabını oxumağa maraq və həvəsi necə oyada bilərik?
2 Öz təqdiməndə göstərə bilərsən ki, Müqəddəs Kitab praktiki rəhbərliyin mənbəyidir:
◼ «Biz qonşularımızla həyatda qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün praktiki rəhbərlik mənbəyini haradan tapmağın mümkün olduğunu müzakirə edirik. Keçmişdə bir çox insanlar məsləhət üçün ilk növbədə Müqəddəs Kitaba müraciət edirdilər. İndi isə insanların düşüncə tərzi dəyişib; bir çoxları Müqəddəs Kitabın insan tərəfindən yazılan adi bir kitab olduğunu düşünərək, ona şübhə ilə yanaşırlar. Siz bu haqda nə düşünürsünüz? [Cavab verməsinə izin ver.] Müqəddəs Kitabın bizim günlərdə də praktiki olduğunu söyləməyə əsaslı səbəb var. [2 Timoteyə 3:16, 17.] Müqəddəs Kitabın prinsipləri, Allah tərəfindən ilhamlanaraq yazıldığı dövrdə olduğu kimi, bu gün də tətbiq ediləndir». «Bilik» kitabının 16-cı səhifəsini aç və İsanın Dağüstü təbliğində hansı praktiki rəhbərliyin olduğundan qısaca danış. 11-ci və ya 13-cü abzasdakı sitatı oxu. Kitabı təklif et və Müqəddəs Kitab biliyindən şəxsən necə fayda əldə etməyin mümkün olması haqda suala cavab vermək üçün növbəti görüş barədə danış.
3 Dua çoxları üçün maraqlı mövzudur, ona görə də söhbətə bu sualla başlamaq olar:
◼ «Siz necə düşünürsünüz, bu gün qarşılaşdığımız çətin problemlərin öhdəsindən gəlməkdə, dua həqiqətən də kömək edirmi? [Cavab verməsinə izin ver.] Çoxları hesab edir ki, dua onları Allaha yaxınlaşdırıb və Müqəddəs Kitabın və’d etdiyi kimi, daxili güvvənin möhkəmlənməsinə kömək edib. [«Bilik» kitabının 156-cı səhifəsini aç və Filipililərə 4:6, 7 ayələrini oxu.] Hətta insan dua edəndə hərdən ona elə gəlir ki, o öz dualarına cavab almır. Bu fəsildə Allaha yaxınlaşmağın necə mümkün olmasından bəhs olunur. [Kitabı təklif et və ümumdünya təbliğ işinin necə tə’min olunduğunu qeyd et.] Bu fəsildə həmçinin aydınlaşdırılır ki, Allahla ünsiyyət birtərəfli olmadığı üçün, biz Ona necə qulaq asa bilərik. Bu haqda sizinlə növbəti dəfə danışa bilərik».
4 Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün birbaşa üsuldan istifadə etmək istəyirsən? Bu cür təqdimə müvəffəqiyyətli ola bilər:
◼ «Biz pulsuz Müqəddəs Kitab öyrənməsi təklif edirik. Siz nə vaxtsa Müqəddəs Kitabı öyrənmisiniz? [Cavab verməsinə izin ver.] İcazənizlə, Müqəddəs Kitabı öyrənməyə kömək edən vəsaiti sizə göstərmək istəyərdim». «Bilik» kitabını göstərdikdən sonra mündəricat olan 3-cü səhifəni aç və sonra isə soruş: «Siz nə vaxtsa Müqəddəs Kitabda bu suallara dair nə deyildiyi barədə düşünmüsünüzmü?» Ev sahibini xüsusilə maraqlandıran fəsili aç və sərlövhələri oxu. Bu mə’lumatın köməyi ilə Müqəddəs Kitab öyrənməsini necə keçirdiyimizi qısaca ona göstərmək istədiyini de. Öyrənməyə başlayıb-başlamamağımızdan asılı olmayaraq, ev sahibi oxumaq istəyirsə, kitabı ver.
5 Bu gün həqiqi Allah haqqında dəqiq mə’lumat almaq istəyən insanların sayı çoxdur (Yeşaya 2:2-4). Mümkün olduğu qədər daha çox insana Yehovanı tanımağa və həyata nail olmalarına kömək etmək, bizim üçün üstünlükdür (1 Tim. 2:4).
-
-
Müqəddəs Kitabı ailəvi olaraq öyrənirsinizmi?Müqəddəs ibadətimiz 2006 | yanvar
-
-
Müqəddəs Kitabı ailəvi olaraq öyrənirsinizmi?
1 Ağsaqqalla söhbət edərkən məsihçi ər şikayətləndi: «Ailəvi öyrənməni nə qədər müntəzəm olaraq keçirməyə çalışsam da, bunu etmək çətin olur. Onun keçirilməməsinə bə’zən mən səbəb oluram, hərdən yoldaşımın həvəsi olmur və ya uşaqların işi olur. Həftələr keçsə də, ailəvi öyrənməni müntəzəm keçirmək üçün heç nə edə bilmirəm. Mən başa düşürəm ki, ailəvi öyrənməni mütləq keçirmək lazımdır, ona görə də bu işdə ailəmə kömək üçün verilən hər hansı məsləhətə görə minnətdar olardım». Bu sözlər sənə tanışdırmı? Yəqin ki, tanışdır. Çünki ailəvi öyrənmənin müntəzəm keçirilməsində bir çox ailələr bu və ya digər çətinliklərlə qarşılaşırlar.
2 Yaxşı olar ki, özünə bu sualları verəsən: nə üçün ailəvi öyrənməni müntəzəm keçirmək vacibdir və onun məqsədi nədir? Öyrənmənin keçirilməsində məs’uliyyəti üzərinə kim götürməlidir? Hansı ədəbiyyatlardan istifadə etmək olar? Xüsusilə də uşaqlar müxtəlif yaşlı olduqda, onun canlı və maraqlı keçməsi üçün nə etmək olar? Daimilik və cədvələ sıx bağlı qalmaq ailəvi öyrənmənin müntəzəm olaraq keçirilməsində nəyə görə vacibdir? Bütün bu suallara Müqəddəs Kitabdan cavab tapa bilərik. Həmçinin məsihçi təcrübəsi də kömək edə bilər.
Valideynlərin məs’uliyyəti
3 Uşaqların öyrədilməsində kimin məs’uliyyət daşıdığını Müqəddəs Kitab aydın şəkildə göstərir. «Atalar... onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efes. 6:4). Bəli, atalar üzərlərinə düşən məs’uliyyəti həvəslə yerinə yetirməli, uşaqlarına bilik və məsləhət verməlidirlər. Lakin əgər ata məsihçi deyilsə, bu zaman məsihçi ana uşaqlarını öyrətməli və ailəvi öyrənməni keçirməlidir (2 Tim. 1:5). Və ya başqa səbəblər üzündən bacı uşaqlarını öyrətməkdə məs’uliyyəti tam olaraq öz üzərinə götürə bilər (Sül. məs. 1:8). Digər hallarda, ağsaqqal və ya hər hansı yetkin məsihçi şəraitdən asılı olaraq, öz köməyini göstərə bilər. Lakin bütün bunlar valideynləri, xüsusən ataları, uşaqları öyrətmək, tərbiyə etmək və onların qayğısına qalmaq məs’uliyyətindən azad etmək məqsədilə edilməməlidir, çünki bu məs’uliyyəti onların üzərinə Allah qoymuşdur (Qanun. t. 6:6, 7; 1 Tim. 3:2, 4).
Şəraitə uyğun və sərbəst şəkildə öyrənmə
4 Ailəvi öyrənməni şəraitə uyğunlaşdırdıqda praktiki fayda əldə edilir və o, şövqləndirici keçir. Bunun üçün Müqəddəs Kitabın bə’zi hissələrini birgə oxuyub müzakirə etmək və ya sadiq və ağıllı qulun nəşr etdiyi jurnallardan, yaxud digər ədəbiyyatlardan müəyyən mövzuları və ya məqalələri nəzərdən keçirmək olar. Müzakirə ediləcək material ailənin ehtiyaclarından asılı olaraq seçilməlidir. Gənclərin üzləşdiyi problemlər, məsələn, məktəbdə həmyaşıdların təzyiqi, görüşə çıxmaq, müxtəlif məktəb tədbirlərində iştirak etmək, idman, musiqi seçimi, əyləncələr və natəmiz hərəkətlərdən qorunmağın yolları haqqında danışa bilərsiniz. Xüsusilə şirnikləndirici meyllər və təhlükə ilə üzləşmək ehtimalı olduqda bu məsələlərə dair Müqəddəs Kitab nöqteyi-nəzərinin və prinsiplərin tez-tez xatırlanması çox vacibdir.
5 Ailəvi öyrənmə keçirilərkən daha nə nəzərə alınmalıdır? Öyrənmə, yığıncaq görüşləri kimi rəsmi olmasa da, tə’limverici olmalıdır. Ailəvi öyrənməni uşaqları məzəmmət etmək fürsəti kimi istifadə etmək əvəzinə, çalışmaq lazımdır ki, onlara sevinc gətirsin. Uşaqları öz sözləri ilə cavab verməyə təşviq edin, çünki bu, onlara materialı daha tez qavramağa kömək edəcək. Hətta onlar müzakirə olunan hər məsələni yaxşı başa düşə və ya qiymətləndirə bilməsələr də, öyrənmədə iştirak etməli və cavablar verməyə təşviq olunmalıdırlar. Müdrik valideynlər ayrı-ayrılıqda hər uşağın ehtiyacına, onun dərketmə qabiliyyətinə, diqqətini nə dərəcədə cəmləşdirə bildiyinə və fikirlərini ifadə etmək bacarığına diqqət yetirirlər. Məhəbbətli sə’ylərinin nəticəsində ailənin birliyinə və ruhani cəhətdən inkişaf etməsinə nail olacaqsınız.
Təslim olma!
6 Ailəvi öyrənmənin keçirilməsində nə üçün qətiyyətlilik göstərmək lazımdır? Çünki ailəvi öyrənmə cədvəlini pozan bir çox səbəblər vardır. Lakin onların maneəyə çevrilməsinə yol verməyin.
7 Müntəzəm ailəvi öyrənmə uşaqları həyatda üzləşəcəkləri müxtəlif problemlərin öhdəsindən gəlməyə hazırlayır. Siz valideynlər, Allahın üzərinizə qoyduğu məs’uliyyəti yerinə yetirdikdə uşaqlarınıza ən yaxşı köməyi göstərirsiniz. Əgər ailəvi öyrənmənin müntəzəm keçirilməsi üçün əlinizdən gələni edirsinizsə, Yehovanın sizə xeyir-dua verəcəyinə əmin ola bilərsiniz.
-
-
Köməyə ehtiyac olan yerdə xidmət etməyə hazırsanmı?Müqəddəs ibadətimiz 2006 | yanvar
-
-
Köməyə ehtiyac olan yerdə xidmət etməyə hazırsanmı?
1 Təbliğçi çatışmayan əraziyə köçmək haqqında heç düşünmüsənmi? Əgər kömək etmək üçün səndən belə yerə köçməyi xahiş etsəydilər, həvari Pavel kimi, bu çağırışa hay verərdinmi? (Həv. iş. 16:9, 10). Bir çox yığıncaqlarda ruhani cəhətdən yetkin ailələr azdır, sahələri işləmək üçün pionerlərin köməyinə ehtiyac var, həmçinin ağsaqqallar və xidməti köməkçilər də tələb olunur. Bizim sahədə bu tələbat hətta böyük şəhərlərdə də müşahidə olunur. Bə’zən belə yığıncağın sahəsi geniş kənd ərazisinə səpələnmiş bir neçə yaşayış məntəqələrindən ibarət olur. Ən yaxın Padşahlıq Zalı belə çox uzaqda yerləşə bilər. İş tapmaq çox çətindir. Hava həmişə yaxşı olmur. Sən belə bir əraziyə köçə bilərdinmi? Bunu necə uğurla həyata keçirmək olar?
2 İman və e’tibar tələb olunur. Allahın göstərişilə İbram doğma şəhəri Uru tərk edərək, arvadı, qardaşı oğlu və qoca atası Terah ilə birlikdə 1 000 kilometr uzaqlıqda yerləşən Xarana yola düşdü (Yar. 11:31, 32; Neh. 9:7). Terahın ölümündən sonra, Yehova 75 yaşlı İbrama qohumlarını və Xaranı tərk etməyi və göstərəcəyi yerə getməyi əmr etdi. İbram, Saray və Lut itaətkarlıq göstərərək yola düşdülər (Yar. 12:1, 4, 5). Əlbəttə, İbram evini daha çox ehtiyac olan yerdə xidmət etmək üçün tərk etməmişdi. Bəs ona belə fədakarlıq göstərməyə nə kömək etdi?
3 Belə bir qətiyyətli addımı atmağa İbrama iman və e’tibar kömək etdi. O, həyat tərzini və baxışlarını dəyişməyə hazır idi. İbram qohumlarının tə’min etdiyi təhlükəsizlikdən imtina etməli oldu. Lakin o inanırdı ki, Yehova onun və ailəsinin qeydinə qalacaqdır. Bu gün də eyni tərzdə, bir çox bacı və qardaşlar Yehovaya e’tibar edirlər.
4 Qısamüddətli tə’yinat. Tə’yin olunmamış ərazidə xidmət etdiyin üçün Yehovanın xeyir-duasını hiss etmisənmi? Məsələn, keçən il Rusiyada təxminən 600 qrup təbliğ etmək üçün tə’yin olunmamış ərazidə xidmət etmişdi. Cəmi bir il ərzində bu xidmətdə 4 177 təbliğçi iştirak etdi. Bu tapşırığı yerinə yetirmək üçün bə’ziləri çox böyük məsafəni qət etməli olmuşdu. Göstərilən sə’ylər özlərini doğrultdumu?
5 Biz təbliğçilərdən çoxlu minnətdarlıq məktubları almışıq. Onların bir neçəsinə nəzər salaq: «Biz təxminən 250 evdən ibarət sahədə təbliğ etməyə tə’yin olunduq. Ərazi böyük olmasa da, onu əsaslı surətdə işlədik... Oradan qayıdanda bizi dostcasına yola saldılar və yenidən oraya gəlməyimizi xahiş etdilər. Kim isə hətta ağlayırdı. Yaşadığımız küçənin sakinlərinin, demək olar ki, hamısı bizi yola salmağa çıxmışdı. Ümumiyyətlə, biz çox böyük sevinc əldə etdik və ruhlandıq, həm də çoxlu təzə dostlar tapdıq». «Xidmət etdiyimiz zaman çoxları məktublaşmağa razı oldu. Bu üsulla biz 77 Müqəddəs Kitab öyrənməsinə başladıq... Şəxsən mənim üçün bu iki həftə qeyri-müəyyən, uzun bir zamana bərabərdir. Bu unudulmaz bir vaxt idi, çünki bu müddət ərzində mən Yehovaya daha çox güvənməyi, Onun rəhbərliyinə e’tibar etməyi və dualarıma cavab verdiyini hiss etməyi öyrəndim». Təbliğçilərin əksəriyyəti hesab edir ki, ehtiyac olan ərazidə hətta qısa müddət ərzində təbliğ etmək, xidməti daha çox qiymətləndirməkdə onlara kömək etmişdi. Bu cür xidmət növündə iştirak edənlərlə söhbət etsən görəcəksən ki, onlar ruhani canlanma hiss etmişlər və yəqin ki, belə bir imkan yaranarsa, yenə də uzaq ərazilərə getməyə hazırdırlar.
6 Təbliğçilər çatışmayan ərazidə xidmət etmək üçün qısa müddətli tə’yinatı qəbul etsən, yaxşı bir məqsədə nail olarsan. Gələcəkdə ölkənin başqa hissəsinə köçmək üçün ‘oturub məsrəfləri hesablamaqda’ sənin daha çox təcrübən olacaq (Luka 14:28).
7 Yehovanın niyyətinə əsasən, son gəlməzdən əvvəl Müjdə «bütün dünyada təbliğ olunacaqdır» (Mat. 24:14). Bunları nəzərə alaraq, əgər şərait imkan verirsə, yaşayış yerini dəyişərək, köməyə ehtiyac olan yerə köçməyə hazırsanmı? Köməyə isə çox yerdə ehtiyac vardır.
8 Köməyə daha çox ehtiyac olan yerə köçmək. Əgər sən doğrudan da köçmək haqqında düşünürsənsə, xidməti komitədən hansı şəhərlərdə təbliğçiyə ehtiyac olduğunu soruş. Xidməti komitə ofis vasitəsilə sənə bu barədə mə’lumat verəcək. Təqaüdə çıxmısanmı? Stabil gəlir mənbəyin varmı? Xidmət sahəsində işləməyə hazırsanmı? Kompüterdə işləməyi bacarırsanmı? Dalandar, bərbər, çəkməçi işləyərək özünü dolandıra bilərsənmi? Bütün ailə ilə birlikdə başqa yerə köçmək haqqında düşünmüsənmi? Əgər özünün köçmək imkanın yoxdursa, ailə üzvlərindən uzaq yerdə xidmət etmək istəyənə kömək edə bilərsənmi?
9 Əgər dua edərək düşündükdən sonra ehtiyac çox olan yerə köçmək imkanının olduğunu görürsənsə, bunu ailə üzvləri və yığıncağın ağsaqqalları ilə müzakirə et. Sonra məktub yazıb, ağsaqqallara ver ki, filiala göndərməzdən əvvəl ona zəmanət məktubunu əlavə etsinlər.
10 Məktubda nəyi qeyd etmək lazımdır? Yaşını, vəftiz olunduğun tarixi, yığıncaqda malik olduğun məs’uliyyətlərini, ailə vəziyyətini və həmçinin həddi-büluğa çatmamış uşaqlarının olub-olmadığını. Şəraitindən asılı olaraq, hansı bölgələrdə xidmət etmək istədiyini qeyd et. Məsələn, isti, rütubətli və ya dağlıq yerlərdə yaşaya, yaxud şaxtalı qışa tab gətirə bilərsənmi? Başqa hansı dilləri bilirsən? Ofis həmin əraziyə baxan yığıncaqla əlaqə saxlamağa sənə kömək edəcək.
11 Sən fəal və çalışqan təbliğçisənmi? Şəraitin sənə köçməyə imkan verirmi? Əgər belədirsə, o zaman öz şəxsi təcrübəndə Yehovanın, Ona inanaraq fədakarlıq ruhu nümayiş etdirənlərə necə daima bol-bol xeyir-dua verdiyinin şahidi ol! (Məz. 34:8; Mal. 3:10).
-
-
Sual verməklə və dinləməklə səmimi maraq göstərMüqəddəs ibadətimiz 2006 | yanvar
-
-
Sual verməklə və dinləməklə səmimi maraq göstər
1 İnsanların çoxu öz fikirlərini söyləməyi sevirlər, lakin onlara ağıl öyrədəndə və ya sorğu-suala tutanda xoşları gəlmir. Buna görə bir məsihçi kimi biz insanların düşüncə tərzini suallar vasitəsilə öyrənmək bacarığına yiyələnməliyik (Sül. məs. 20:5).
2 Bizim suallarımız insanları pis vəziyyətdə qoymamalı, əksinə, düşünməyə təşviq etməlidir. Evdən-evə təbliğ edərkən bir qardaş belə bir sualla müraciət edir: «Necə fikirləşirsiniz, elə vaxt olacaqmı ki, insanlar bir-birilə hörmət və ləyaqətlə rəftar etsinlər?» Cavabdan asılı olaraq o, davam edir: «Sizcə, bunun həyata keçməsi üçün nə lazımdır?» və ya «Siz nə üçün bu fikirdəsiniz?» Qeyri-rəsmi və ya ictimai yerlərdə təbliğ edərkən başqa bir qardaş uşaqlılara belə bir sual verir: «Valideyn olmaqda sizi ən çox nə sevindirir?» Sonra o, soruşur: «Bəs sizi ən çox narahat edən nədir?» Əgər sən diqqət yetirdinsə, bu suallar insanı pis vəziyyətdə qoymur, ona sadəcə olaraq öz fikirlərini ifadə etməyə imkan verir. Şəraitlər müxtəlif olduğu üçün sualın mövzusunu və tonunu ərazimizdə olanlara uyğunlaşdıra bilərik.
3 İnsanların düşüncə tərzini öyrənirik. Əgər insan öz fikirlərilə bölüşməyə hazırdırsa, səbirlə, ehtiyac olmadıqda sözunu kəsməyərək onu dinlə (Yaq. 1:19). Cavabına görə nəzakətlə minnətdarlığını bildir (Kolos. 4:6). Sən sadəcə olaraq deyə bilərsən: «Çox maraqlıdır. Çox sağ olun ki, mənimlə bunu bölüşdünüz». Əgər səmimiliklə edə biləcəksənsə, onu tə’riflə və nəyə görə belə düşündüyünü bilmək üçün nəzakətlə əlavə suallar ver. Ümumi mövzu tap. Onun diqqətini Müqəddəs Kitab ayəsinə yönəltmək istədikdə deyə bilərsən: «Siz bunun mümkün olduğu barədə heç düşünmüsünüzmü?» İnadkar və ya mübahisə etməyə meylli olma (2 Tim. 2:24, 25).
4 Başqalarının suallarımıza necə cavab vermələri daha çox bizim onları necə dinləməyimizdən asılı ola bilər. Əgər biz səmimiliklə onları dinləyiriksə, insanlar söhbət etməyə meylli ola bilərlər. Səyyah nəzarətçi öz müşahidələri ilə bölüşərək deyir: «İnsanları səbirlə dinləməyə hazır olmaq təəccüb doğuracaq dərəcədə cəlbetmə qüvvəsinə malikdir və dərin, səmimi marağın gözəl ifadəsidir». Diqqətlə dinləməklə başqalarına hörmət göstərmiş oluruq və bu da öz növbəsində onları bölüşmək istədiyimiz xoş xəbərə qulaq asmağa təşviq edə bilər (Rom. 12:10).
-