«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
*** nwtsty-E Mt 26:17—20 ayələri üçün media ***
Pasxa yeməyi
Pasxa süfrəsində olan əsas yeməklər: 1) bütöv qızardılmış quzu (heyvanın heç bir sümüyü sındırılmamalı idi); 2) mayasız çörək; 3) acı otlar (Çx 12:5, 8; Sy 9:11). Qədim yəhudi qeydlərindən olan «Mişna»ya əsasən, acı otlara kahı, kasnının bir neçə növü, bozalaq, həmçinin acıqovuq daxil ola bilərdi. Görünür, bu, israillilərə Misirdə keçirdikləri acı köləlik illərini xatırladırdı. İsa mayasız çörəyin onun kamil insan bədənini təmsil etdiyini bildirmişdi (Mt 26:26). Həvari Bulus da İsanı «Pasxa quzumuz» adlandırmışdı (1Kr 5:7). Artıq birinci əsrdə Pasxa süfrəsinə (4) şərab da qoyulurdu. İsa demişdi ki, şərab fidyə olaraq axıdılacaq qanının rəmzidir (Mt 26:27, 28).
*** nwtsty-E Mt 26:26 ayəsi üçün şərh ***
Təmsil edir: Yunan dilindən estin feilini (dilimizdə -dır, -dir, -dur, -dür şəkilçisinə müvafiqdir) «nəyisə bildirmək», «nəyinsə mənasını kəsb etmək», «simvolizə etmək» kimi də tərcümə etmək olar. Həvarilər üçün bu sözün mənası aydın idi, çünki İsa bu sözləri deyərkən həm onun kamil bədəni, həm də yeyəcəkləri mayasız çörək gözlərinin qarşısında idi. Buna görə də, çörək hərfən onun bədəni ola bilməzdi. Qeyd etmək lazımdır ki, Mt 12:7 ayəsində də həmin yunan sözü işlənmişdir və bir çox Müqəddəs Kitab tərcümələrində «məna», «kəsb etmək» kimi tərcümə olunmuşdur.
*** nwtsty-E Mt 26:28 ayəsi üçün şərh ***
Əhd qanı: İsanın qurbanlığı Yehova ilə məsh olunmuşlar arasında bağlanmış yeni əhdi qüvvəyə mindirdi (İb 8:10). İsa burada Musa peyğəmbərin Sina dağında Qanun əhdini qüvvəyə mindirərkən işlətdiyi eyni ifadəni işlədir (Çx 24:8; İb 9:19—21). Öküzlərin və keçilərin qanı Allahla İsrail xalqı arasında Qanun əhdini qüvvəyə mindirdiyi kimi, İsanın qanı da Yehovanın ruhani İsraillə bağlayacağı yeni əhdə hüquqi qüvvə verdi. Yeni əhd eramızın 33-cü ilinin Əllinci gün bayramında qüvvəyə mindi (İb 9:14, 15).
*** nwtsty-E Mt 26:17 ayəsi üçün şərh ***
Mayasız çörək bayramının ilk günü: Mayasız çörək bayramı Pasxadan (14 nisan) sonrakı gün nisan ayının 15-də başlayırdı və düz yeddi gün davam edirdi (B15 əlavəsinə baxın). Artıq birinci əsrdə Pasxa ilə Mayasız çörək bayramı birləşərək bir bayram kimi qeyd olunurdu və nisanın 14-dən başlayaraq səkkiz gün davam edən bayram ümumilikdə «Mayasız çörək bayramı» adını almışdı (Lk 22:1). Bu kontekstdə «ilk günü» ifadəsi həmçinin «bir gün əvvəl» kimi də tərcümə oluna bilər (Yh 1:15, 30 ayələri ilə müqayisə edin; «ilk» sözünün ekvivalenti olan yunan sözü protos bu ayələrdə «əvvəl» kimi tərcümə olunub — «məndən əvvəl [protos] var olub»). Beləcə, orijinal yunan mətninə, habelə yəhudi ənənəsinə görə demək olar ki, şagirdlər bu sualı İsaya nisan ayının 13-də vermişdilər. Nisanın 13-ü günorta vaxtı şagirdlər Pasxa üçün lazımi hazırlıqları gördülər, «axşam düşəndə» isə, yəni nisanın 14-ü təzəcə başlayanda bu bayramı qeyd etdilər (Mr 14:16, 17).
*** nwtsty-E Mt 26:39 ayəsi üçün şərh ***
Bu camı məndən kənar et: Müqəddəs Yazılarda «cam» sözü çox vaxt məcazi mənada işlədilərək Allahın insan üçün iradəsini, yəni insanın payına düşən bir şeyi bildirir (Mt 20:22 ayəsinə verilən şərhə baxın). İsa, şübhəsiz ki, küfr danışmaqda və qiyama başçılıq etməkdə ittiham olunduğuna görə həyəcan keçirirdi. O, narahat olurdu ki, bu cür ölüm Allahın adını bədnam edə bilər. Buna görə də Allaha «bu camı» ondan kənar etməsi üçün dua etmişdi.
*** nwtsty-E Mt 28:19 ayəsi üçün şərh ***
Bütün xalqların içində: Hərfən «bütün xalqları». Ancaq kontekstdən bəlli olur ki, bu ifadə bütün xalqlardan olan ayrı-ayrı adamlara aiddir, çünki «onları... vəftiz edin» ifadəsindəki «onları» əvəzliyi yunan dilində kişi cinsindədir və xalqlara yox, insanlara aiddir. «Xalqlar» sözü isə yunanca orta cinsdədir. «Bütün xalqların içində» təbliğ etmək yeni bir əmr idi. Müqəddəs Yazılar göstərir ki, İsanın xidmətindən əvvəl qeyri-yəhudilər İsrailə Yehovaya ibadət etmək üçün gələ bilərdilər (1Pd 8:41—43). Ancaq bu əmri verməklə İsa şagirdlərinə tapşırdı ki, müjdəni qeyri-yəhudilərə də çatdırsınlar. Beləcə, o, şagird hazırlamaq işinin beynəlxalq miqyasda icra olunacağını göstərdi (Mt 10:1, 5—7; Vh 7:9; Mt 24:14 ayəsi üçün verilən şərhə baxın).
Şagird hazırlayın: Yunan feli matetevo şagird hazırlamaq niyyətilə öyrətməyi, təlim verməyi bildirir (Mt 13:52 ayəsi ilə müqayisə edin; burada bu söz «öyrənib» kimi tərcümə olunub). Orijinal mətndə «öyrədin» və «vəftiz edin» sözlərinin qrammatik forması («öyrədərək», «vəftiz edərək») şagird hazırlamaq işinin nədən ibarət olduğunu göstərir.
*** nwtsty-E Mt 28:20 ayəsi üçün şərh ***
Onlara öyrədin: «Öyrətmək» kimi tərcümə olunmuş yunan sözü təlim verməyi, nəyisə başa salmağı, hər hansı bir fikri əsaslandırmağı, dəlil-sübut gətirməyi bildirir (Mt 3:1 və Mt 4:23 ayələri üçün verilən şərhə baxın). Yeni şagirdlərə İsanın əmr etdiyi hər şeyə riayət etməyi öyrətmək davamlı prosesdir. Buraya İsanın təlimlərini, bu təlimləri tətbiq etməyi və onun nümunəsini izləməyi öyrətmək daxildir (Yh 13:17; Ef 4:21; 1Bt 2:21).
*** nwtsty-E Mt 27:51 ayəsi üçün şərh ***
Məbədin: Yunan sözü naos burada bütün məbəd binasının Müqəddəs yer və Ən müqəddəs yer adlı otaqlardan ibarət mərkəzi hissəsini nəzərdə tutur.
Pərdə: Məbəddəki naxışlı gözəl pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı. Yəhudi ənənəsinə əsasən, hesab olunur ki, bu ağır pərdənin uzunluğu təqribən 18 m, eni 9 m, qalınlığı isə 7 sm olub. Pərdənin yuxarıdan aşağıya cırılması ilə Yehova Oğlunun qatillərinə qarşı böyük qəzəb duyduğunu göstərdi. Həmçinin bu, artıq göylərə yolun açıq olduğunu bildirirdi (İb 10:19, 20).
*** nwtsty-E Mt 28:7 ayəsi üçün şərh ***
Şagirdlərə onun dirildiyini söyləyin: Bu qadınlar nəinki İsanın dirilməsindən xəbər tutan ilk şagirdlərdir, həmçinin məhz onlara bu xəbəri başqa şagirdlərə çatdırmaq tapşırığı verilmişdi. (Mt 28:2, 5, 7). Müqəddəs Yazılara əsaslanmayan yəhudi ənənəsinə görə qadına məhkəmədə şəhadət verməyə icazə verilmirdi. Yehovanın mələyi isə bu şad xəbəri çatdırmaq tapşırığını qadınlara həvalə etməklə qadınların Yehovanın gözündə dəyərli olduğunu göstərmişdi.
*** nwtsty-E Mr 2:9 ayəsi üçün şərh ***
Asandır: «Mən günahları bağışlaya bilirəm» demək asandır, bunu əsaslandırmaq üçün heç bir aşkar sübut lazım deyil. Ancaq «ayağa qalx... get» demək üçün möcüzə göstərmək lazım idi, beləcə, hamı açıq-aşkar görəcəkdi ki, İsanın günahları bağışlamağa səlahiyyəti var. Bu parça və Əş 33:24 ayəsi xəstəliklərin insanın günahlı təbiətindən irəli gəldiyini göstərir.
*** nwtsty-E Mr 1:11 ayəsi üçün şərh ***
Göydən bir səs gəldi: Müjdələrdə Yehovanın insanlarla birbaşa danışdığı üç hadisə qeyd edilib. Bu, onlardan birincisidir (Mr 9:7 və Yh 12:28 ayələri üçün verilən şərhə baxın).
Sən Mənim... Oğlumsan: İsa bir ruhani varlıq kimi, Allahın şəxsən yaratdığı «yeganə Oğlu» idi (Yh 3:16). Yer üzündə doğulandan sonra İsa kamil Adəm kimi «Allahın oğlu» oldu (Lk 1:35; 3:38). Bu ayədə Allah sadəcə İsanın kimliyini təsdiqləmir. Bu sözləri deməklə və sonra müqəddəs ruhu tökməklə Allah açıq-aşkar işarə etdi ki, insan olan İsa indi Onun ruhani Oğlu kimi dünyaya gəldi, o, göylər həyatına qayıtmaq ümidi alaraq «yenidən doğuldu»; ruhla məsh olunması göstərdi ki, Allah onu Padşah və Baş Kahin təyin etdi (Yh 3:3—6; 6:51; növbəti ayələrlə müqayisə edin Lk 1:31—33; İb 2:17; 5:1, 4—10; 7:1—3).
Səndən çox razıyam: Yaxud «səninlə fəxr duyuram». Eyni ifadə Mt 12:18 ayəsində də işlənib, orada Əş 42:1 ayəsindən vəd olunmuş Məsihə aid sitat gətirilir. Müqəddəs ruhun tökülməsi və Allahın İsanı Öz Oğlu adlandırması İsanın vəd edilmiş Məsih olduğunu aydın göstərdi (Mt 3:17; 12:18 ayələri üçün verilən şərhə baxın).
*** nwtsty-E Mr 2:28 ayəsi üçün şərh ***
Şənbənin... ağası: İsa bu ifadəni özünə aid işlədərək (Mt 12:8; Lk 6:5) göstərdi ki, səmavi Atasının ona tapşırdığı işi görmək üçün şənbə günü belə, onun ixtiyarındadır (Yh 5:19; 10:37, 38 ayələri ilə müqayisə edin). Şənbə günlərində İsa ən görkəmli möcüzələrini göstərmişdi, məsələn, xəstələri sağaltmışdı (Lk 13:10—13; Yh 5:5—9; 9:1—14). Bu, şübhəsiz, şənbə istirahətinə bənzəyəcək Padşahlığın hökmranlığı zamanı İsanın bəşərə rahatlıq gətirəcəyinə işarə edir (İb 10:1).
*** nwtsty-E Mr 3:5 ayəsi üçün şərh ***
Bərk kədərləndi. Qəzəblə: Din rəhbərlərinin ürəyinin küt olduğunu görəndə İsanın göstərdiyi reaksiyanı yalnız Mark qələmə almışdır (Mt 12:13; Lk 6:10). Ola bilsin, İsanın o vaxt keçirdiyi bu hissləri emosional insan olan həvari Butrus Marka danışmışdı («Mark kitabı ilə tanışlıq» adlı videoya baxın).
*** nwtsty-E Mr 3:29 ayəsi üçün şərh ***
Müqəddəs ruha qarşı küfr danışan: Küfr Allaha və ya müqəddəs şeylərə qarşı söylənilən şərəfsiz, böhtançı, təhqiramiz danışığa deyilir. Müqəddəs ruhun mənbəyi Allah olduğu üçün onun fəaliyyətinə qəsdən müqavimət göstərmək və ya onu inkar etmək Allaha qarşı küfr danışmağa bərabərdir. Mt 12:24, 28 və Mr 3:22 ayələrindən göründüyü kimi, yəhudi din başçıları başa düşürdülər ki, Məsih möcüzələrini Allahın ruhu sayəsində göstərir, bununla belə, onlar iddia edirdilər ki, bu möcüzələrin arxasında Şeytan durur.
Günah əbədiyyən boynunda qalacaq: Bilərəkdən edilmiş bu günah heç vaxt bağışlanmayacaq; bu günahı yuyacaq qurban mövcud deyil (Bu ayədəki müqəddəs ruha qarşı küfr danışan sözlərinə və paralel ayə olan Mt 12:31 ayəsinə verilən şərhə baxın).
*** nwtsty-E Mr 5:39 ayəsi üçün şərh ***
Ölməyib, yatır: Müqəddəs Kitabda ölüm çox vaxt yuxuya bənzədilir (Zb 13:3; Yh 11:11—14; Hv 7:60; 1Kr 7:39; 15:51; 1Sk 4:13). İsa qızı həyata qaytarmağa hazırlaşırdı. Görünür, bu sözləri deməklə o göstərmək istədi ki, yatan adamı dərin yuxudan oyatmaq mümkün olduğu kimi, ölüləri də, eləcə ölüm yuxusundan oyadıb həyata qaytarmaq olar. İsa qızı «ölülərə həyat verən, var olmayanı varmış kimi adlandıran» Atası Allahın gücü ilə diriltdi (Rm 4:17).
*** nwtsty-E Mr 5:19 ayəsi üçün şərh ***
Onlara danış: Adətən İsa möcüzələrinin şahidi olmuş adamlara deyirdi ki, gördükləri şeylər haqda aləmə danışmasınlar, (Mr 1:44; 3:12; 7:36), amma bu halda kişiyə dedi ki, gedib baş verənləri qohumlarına danışsın. Yəqin buna səbəb o idi ki, İsadan o yerləri tərk etməyi xahiş etmişdilər və daha onun o yerin camaatına şəhadət vermək imkanı olmayacaqdı; həm də yeni xəbər donuz sürüsünün tələf olmasına görə gəzən xoşagəlməz söz-söhbətin təsirini bir qədər yüngülləşdirəcəkdi.
*** nwtsty-E Mr 6:11 ayəsi üçün şərh ***
Ayaqlarınızın tozunu çırpın: Bu hərəkətlə şagirdlər göstərirdilər ki, onlar şəhərin müjdəyə hay vermədiyinə görə məsuliyyətdən azaddırlar, Allah qarşısında təmizdirlər. Eyni ifadəyə Mt 10:14 və Lk 9:5 ayələrində də rast gəlmək olar. Mark və Luka bu sözlərə «onlara şəhadət olsun deyə» və «onlara qarşı şəhadət olaraq» ifadəsini də əlavə ediblər. Bulus və Barnəba Pisidiya bölgəsindəki Antakyada bu göstərişə əməl etmişdilər (Hv 13:51). Bulus Korinfdə buna oxşar hərəkət etmişdi, o, paltarını silkələyib bu sözləri demişdi: «Qoy qanınız öz boynunuzda qalsın. Mən təmizəm» (Hv 18:6). Görünür, bu hərəkətlər şagirdlərə tanış idi; dindar yəhudilər bütpərəst məmləkətlərdən İsrailə qayıdanda murdar hesab etdikləri tozu səndəllərindən çırpırdılar. Amma İsa şagirdlərinə bu göstərişi fərqli məqsədlə vermişdi.