«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
5—11 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 11, 12
«Yehova xalqının Ona necə ibadət etməsini istəyir?»
it-2-E s. 1007, abz. 4
Varlıq
Bütün varlığı ilə qulluq etmək. İnsanın bütün varlığı deyiləndə onun gücü, arzu-istəkləri də nəzərdə tutulur. Bununla belə, müəyyən ayələrdə deyilir ki, biz bütün qəlbimizlə və bütün varlığımızla Allahı axtarmalıyıq, sevməliyik və Ona qulluq etməliyik (Qn 4:29; 11:13, 18). Qanunun təkrarı 6:5 ayəsində yazılıb: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən». İsa Məsih isə bütün varlığıyla, bütün gücüylə sözlərinə bütün ağlıyla sözlərini də əlavə etmişdi (Mr 12:30; Lk 10:27). Sual yaranır ki, əgər varlıq bunların hamısını özünə daxil edirsə, onda nəyə görə bunlar bir-bir sadalanır. Belə bir nümunə çəkək: İnsan özünü (varlığını, vücudunu) qul kimi sata bilərdi. Beləcə o, başqasının əmlakı olurdu. Amma ola bilsin, o, ağasına bütün qəlbi ilə, həvəslə qulluq etməyəcəkdi, onu razı salmağa çalışmayacaqdı. Buna görə də ağasına xeyir vermək üçün bütün gücünü, bütün ağlını işlətməyəcəkdi. (Əlaqələndir: Ef 6:5; Kl 3:22.) Deməli, görünür, digər məqamlar da ayrıca vurğulanır ki, onları unutmayaq və Allaha xidmət edərkən onları nəzərə alaq. Çünki biz Allaha və həyatını fidyə verib bizi satın almış İsaya məxsusuq. Bütün varlığımızla Allaha xidmət etmək bütün bədənimizi, bacarığımızı və arzularımızı xidmət üçün səfərbər etmək deməkdir. (Əlaqələndir: Mt 5:28—30; Lk 21:34—36; Ef 6:6—9; Fp 3:19; Kl 3:23, 24.)
it-1-E s. 84, abz. 3
Qurbangah
İsraillilərə bütpərəstlərin bütün qurbangahlarını dağıtmaq, adətən onların yanında qoyulan dik daşlarını sındırmaq və Aşera bütlərini kəsmək əmr olunmuşdu (Çx 34:13; Qn 7:5, 6; 12:1—3). İsraillilər bütpərəstlərin əməllərini təkrarlamamalı, övladlarını kənanilər kimi odda yandırmamalı idilər (Qn 12:30, 31; 16:21). İsraildə çoxlu qurbangah olmamalı idi. Əksinə, tək olan Allaha ibadət etmək üçün təkcə bir qurbangah olmalı idi. Üstəlik, bu qurbangah Yehovanın seçdiyi yerdə tikilməli idi. (Qn 12:2—6, 13, 14, 27; Müqayisə üçün, Babildə təkcə İştar ilahəsinə həsr olunmuş 180 qurbangah var idi.) Əvvəlcə onlara buyurulmuşdu ki, İordan çayını keçəndə yonulmamış daşlardan qurbangah düzəltsinlər (Qn 27:4—8). Yuşə Eybal dağında bu qurbangahı düzəltdi (Yş 8:30—32). Ölkə bölünəndən sonra Rubən, Cad və Mənəssə qəbiləsinin yarısı İordanın yaxınlığında möhtəşəm qurbangah tikdilər. Bunu eşidəndə digər qəbilələr arasında çaxnaşma yarandı. Ancaq araşdırılandan sonra məlum oldu ki, onlar bu qurbangahı Yehovaya asi çıxdıqları üçün yox, tək olan Allah Yehovaya ibadət etdiklərinin nişanəsi kimi tikiblər (Yş 22:10—34).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 925—926
Qərizim dağı
Musanın verdiyi əmrə əsasən, Ay şəhərini istila etdikdən sonra Yuşənin başçılığı altında İsrail qəbilələri Qərizim və Eybal dağının qabağında yığışdı. Yuşə orada xalq üçün oxudu ki, Yehovaya itaət etsələr, hansı nemətləri alacaqlar, itaət etməsələr, hansı lənətlərə düçar olacaqlar. Şəmun, Lavi, Yəhuda, Yəsakir, Yusif və Binyamin qəbilələri Qərizim dağının qabağında durdu. Lavililər əhd sandığı ilə birgə dərədə, digər altı qəbilə isə Eybal dağının qabağında durdu (Qn 11:29, 30; 27:11—13; Yş 8:28—35). Görünür, xeyir-dualar üzü Qərizim dağına oxunurdu və dağın qabağında duran qəbilələr xeyir-dualara hay verirdi. Lənətlər isə Eybal dağı istiqamətində oxunurdu və digər qəbilələr də onlara hay verirdi. Qayalı, çılpaq dağ olan Eybaldan fərqli olaraq, Qərizim çox gözəl, barlı-bəhərli dağ idi. Belə bir fərziyyə irəli sürülür ki, elə buna görə xeyir-dualar üzü Qərizim dağına tərəf oxunurdu. Amma Müqəddəs Kitabda bununla bağlı heç bir məlumat yoxdur. Tövrat «qadınlar və aralarında yaşayan yadellilər də daxil olmaqla, bütün İsrail icmasının qarşısında ucadan» oxundu (Yş 8:35). Hər iki dağın qabağında duran camaat oxunanları eşidirdi. Görünür, bu ərazidə səsin yaxşı yayılması buna kömək etmişdi.
12—18 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 13—15
«Tövratdan Yehovanın kasıbların qeydinə qaldığı necə görünür?»
it-2-E s. 1110, abz. 3
Ondabir
Görünür, hər il ikinci ondabir də ayrılırdı. Ancaq bu, lavili kahinlərə kömək məqsədilə edilmirdi, baxmayaraq ki, lavililərə də ondan pay çatırdı. Adətən bu ondabirdən ailə böyük bayramlara gedəndə istifadə edirdi. Yerusəlimdən uzaqda qalan ailələr bu ondabiri ora apara bilməyəcəkdisə, onda məhsulu pula çevirirdilər, Yerusəlimdə bayram vaxtı ailə üçün yemək -içmək, yaxud könülləri istəyən başqa şeyləri alırdılar (Qn 12:4—7, 11, 17, 18; 14:22—27). Ancaq hər yeddi ilin üçüncü və altıncı ilinin sonunda bu ondabir bayram vaxtı xərclərin ödənilməsinə xərclənmirdi, xalqın arasındakı lavililər, qəriblər, dullar və yetimlər üçün ayrılırdı (Qn 14:28, 29; 26:12).
it-2-E s. 833
Şənbə ili
Şənbə ili «borclardan azad etmək ili» [«haşşemittah»] adlanırdı (Qn 15:9; 31:10). Həmin il torpaq dincə qoyulurdu, yəni becərilmirdi (Çx 23:11). Həmçinin borclular da borclardan azad edilirdi. Bu, «Yehovanın eşqinə», yəni onu şərəfləndirmək üçün edilirdi. Çoxları başqa fikirdə olsa da, bəzi şərhçilər deyir ki, borclar ləğv edilmirdi, sadəcə, borc yiyəsi ibrani soydaşını borcu verməyə məcbur etməməli idi, çünki həmin il o, torpaqdan gəlir götürmürdü. Ancaq yadellini borcunu qaytarmağa məcbur edə bilərdi (Qn 15:1—3). Bəzi ravvinlərin fikrincə, kasıblara kömək etmək üçün alınan borclar ləğv edilirdi, iş qurmaq üçün alınan borclar isə ləğv edilmirdi. Onların dediyinə görə, eramızın birinci əsrində Hillal belə bir qayda qoydu ki, borc yiyəsi pulunun batmaması üçün məhkəməyə gedib müəyyən şərtlər irəli sürə bilər («The Pentateuch and Haftorahs», J. Hertz, London, 1972, s. 811—812).
it-2-E s. 978, abz. 6
Qul
Ağa-qul münasibətlərini nizamlayan qanunlar. İsraillilərdə ibrani qulun mövqeyi yadelli, qərib və ya gəlmə olan qulun mövqeyindən fərqlənirdi. Qeyri-israilli ağasının əmlakı olaraq qalırdı və atadan oğula irs verilirdi (Lv 25:44—46), ibrani qullar isə ya altı il qulluq edəndən sonra, yeddinci ildə, ya da Azadlıq ilində azad edilirdi. Baxır hansı birinci gəlirdi. Qulluq etdikləri müddətdə ibrani qullarla muzdur kimi rəftar olunmalı idi (Çx 21:2; Lv 25:10; Qn 15:12). Özünü yadelliyə, yadellinin ailə üzvünə, yaxud gəlməyə qul kimi satan ibranini hər vaxt satın almaq olardı. Onu ya özü, ya da buna haqqı çatan şəxs geri satın ala bilərdi. Onun qiyməti ya Azadlıq ilinə, ya da xidmətinin yeddinci ilinə qədər qalan illərin sayına müvafiq olmalı idi (Lv 25:47—52; Qn 15:12). İbrani qulu azadlığa buraxanda ağası ona pay verməli idi ki, azad insan kimi yaşamağa başlayanda çətinlik çəkməsin (Qn 15:13—15). Qul arvadı ilə gəlsəydi, arvadı onunla birlikdə azadlığa çıxırdı. Yox əgər ağası ona arvad (ehtimal ki, köləliyinin yeddinci ilində azad edilmək haqqı olmayan yadelli qadın) alardısa, qadın və övladları ağanın əmlakı olaraq qalırdı. Belə olan halda, ibrani qul da ağası ilə qalmağı seçə bilərdi. Bu zaman onun qulağını bizlə deşirdilər. Bu isə onu göstərirdi ki, o, ömürlük qul olacaq (Çx 21:2—6; Qn 15:16, 17).
Hikmət xəzinəsindən incilər
w06-E 1/4 s. 31
Oxucuların sualları
Çıxış 23:19 ayəsindəki «oğlağı anasının südündə bişirməyin» qadağasından nə öyrənirik?
Müqəddəs Kitabda bu əmrə üç dəfə rast gəlinir. Bu əmrdən Yehovanın necə insaflı, şəfqətli və həssas olduğu, həmçinin bütpərəstlikdən ikrah etdiyi görünür (Çıxış 34:26; Qanunun təkrarı 14:21).
Oğlağı, yaxud başqa heyvanı anasının südündə bişirmək Yehovanın qoyduğu qaydalara zidd olardı. Allah anaya südü verib ki, balasını bəsləyib böyütsün. Bir alimin sözlərinə görə, balanı anasının südündə bişirmək «Allahın qoyduğu və müqəddəs tutduğu ana-bala münasibətinə xor baxmaq» demək idi.
Bundan başqa, bəzi alimlərin fikrincə, balanı anasının südündə bişirmək, ehtimal ki, bütpərəstlərin dini ayini idi. Onlar bu ayini icra edirdilər ki, yağış yağsın. Əgər bu, həqiqətən də, belə idisə, o zaman bu qadağa israilliləri ətraf xalqların ağılsız və qəddar dini ayinlərindən qoruyurdu. Tövratda israillilərə həmin xalqların qayda-qanunları ilə getmək qadağan olunurdu (Lavililər 20:23).
Ən nəhayət, bu qanun Yehovanın şəfqətli olduğunu göstərir. Tövratda heyvanlarla amansızcasına rəftar etməyi qadağan edən, həmçinin təbiətin qaydalarına zidd gedən əməllərdən çəkindirən əmrlər var. Məsələn, bala ən azı yeddi gün anası ilə qalmamış onu qurban gətirmək, heyvanı balası ilə eyni gündə öldürmək, ana quşu yumurtalarla, yaxud balalarla bir yerdə yuvadan götürmək qadağan olunurdu (Lavililər 22:27, 28; Qanunun təkrarı 22:6, 7).
Deməli, Tövrat sadəcə mürəkkəb qanunlar və qadağalar toplusu deyildi. Bu qanunların arxasında duran prinsiplər bizə Yehovanın gözəl xüsusiyyətlərini əks etdirməyə, nəcib mənəvi dəyərlərə yiyələnməyə kömək edir (Zəbur 19:7—11).
19—25 İYUL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 16—18
«Ədalətlə hökm etmək üçün prinsiplər»
it-1-E s. 343, abz. 5
Kor olmaq
Məhkəmə işlərində ədaləti tapdalamaq korluğa bənzədilir. Tövratda rüşvətin, hədiyyə almağın, qərəzin pisləndiyi çoxlu öyüd-nəsihətlər yer alır, çünki bu kimi şeylər hakimin gözünü kor edir və tərəfkeşlik etmədən, ədalətli qərar çıxarmasına mane olur. «Rüşvət iti gözü kor edər» (Çx 23:8). «Rüşvət hikmətlinin gözünü kor edər» (Qn 16:19). Hakim nə qədər adil və ağıllı olursa-olsun, heç özü də hiss etmədən hədiyyənin təsiri altında qərar verə bilər. Allahın qanununda göstərilir ki, təkcə hədiyyə yox, hisslər də insanı kor edə bilər. Orada deyilir: «Nə kasıbın tərəfini saxlayın, nə də varlıya üstünlük verin» (Lv 19:15). Beləliklə, hakim nə hisslərə qapılaraq, nə də xalq arasında ad-san qazanmaq məqsədilə, sadəcə, varlı olduğu üçün insanın əleyhinə qərar verməməli idi (Çx 23:2, 3).
it-2-E s. 511, abz. 7
Say, rəqəm
İki. İki rəqəminə tez-tez hüquqi məsələlərdən bəhs edən kontekstdə rast gəlinir. İki şahidin dediyi üst-üstə düşəndə bu onların sözünü inandırıcı edirdi. Məsələni hakimlərin qarşısına gətirmək üçün iki, hətta üç şahid tələb olunurdu. Məsihi yığıncağında da bu prinsipə riayət olunur (Qn 17:6; 19:15; Mt 18:16; 2Kr 13:1; 1Tm 5:19; İb 10:28). Allah Oğlunu bəşəriyyətin xilaskarı kimi təqdim edəndə də bu prinsipə əməl etmişdi. İsa demişdi: «Bundan əlavə, sizin Qanunda da yazılıb: “İki nəfərin şəhadəti doğrudur”. Mən özüm də özüm haqda şəhadət edirəm, məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir» (Yh 8:17, 18).
it-2-E s. 685, abz. 6
Kahin
Allahın qanununu izah etmək ilk növbədə kahinlərin məsuliyyəti idi. Onlar İsraildə hüquq sferasında da böyük rol oynayırdılar. Kahinlər onlara verilmiş şəhərlərdə hakimlərə kömək edirdilər, həmçinin yerli məhkəmələrin hökm çıxara bilmədiyi çətin məsələlərə hakimlərlə birgə baxırdılar (Qn 17:8, 9). Qatilin kim olduğu bilinməyən qətl hadisəsi baş verəndə onlar şəhər ağsaqqalları ilə birgə məsələyə baxmalı və nəzarət etməli idilər ki, şəhəri tökülən qanın günahından təmizləmək üçün lazımi qaydalara riayət edilsin (Qn 21:1, 2, 5). Əgər hansısa kişidə qısqanclıq baş qaldırardısa və arvadını gizli xəyanətdə ittiham edərdisə, onu müqəddəs məkana gətirməli idi. Kahin Allahın buyurduğu ayini icra etməli idi. Bu mərasim zamanı Yehovadan xahiş olunurdu ki, qadının məsum, yoxsa günahkar olduğunu birbaşa hökm çıxararaq bildirsin (Sy 5:11—31). Hər bir halda kahinlərin, yaxud təyin olunmuş hakimlərin çıxardığı hökmə riayət olunmalı idi. Bilərəkdən hörmətsizlik edən, yaxud itaət etməyən ölümlə cəzalandırılırdı (Sy 15:30; Qn 17:10—13).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 787
Qovulma
Tövrata əsasən, ölüm hökmünün icra edilməsi üçün iddia ən azı iki şahidin sözü ilə təsdiq olunmalı idi (Qn 19:15). Günahkara daşı birinci şahidlər atmalı idilər (Qn 17:7). Bununla onlar Allahın qanununun və İsrail icmasının təmizliyinin qeyrətini çəkdiklərini göstərəcəkdilər. Həmçinin bu onları yalandan, başdansovdu, yaxud tələsik şahidlik etməkdən saxlayacaqdı.
26 İYUL — 1 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 19—21
«İnsan həyatı Yehova üçün dəyərlidir»
Allahın ədalət və mərhəmətini təqlid edək
4 Yehova Allah sığınacaq şəhərləri İordan çayının hər iki tayında bərabər şəkildə ayırmağı buyurmuşdu. Bunun sayəsində təsadüfən qətl törədən insan sığınacaq şəhərə tez bir zamanda və rahat çata bilərdi (Say. 35:11—14). Bu şəhərlərə aparan yollar yaxşı vəziyyətdə saxlanılırdı (Qan. 19:3). Bir yəhudi rəvayətinə görə bu yollarda yol nişanları qoyulurdu. Beləliklə, təqsirkara sığınacaq şəhəri tapmaq rahat olur və o, canını qurtarmaq üçün yad ölkəyə qaçmağa məcbur qalmırdı. Axı orada o, bütpərəstliyin təsirinə məruz qala bilərdi.
Allahın ədalət və mərhəmətini təqlid edək
9 Sığınacaq şəhərlər haqqında qanunu verməkdə Yehovanın əsas məqsədi israilliləri qan tökməkdən qorumaq idi (Qan. 19:10). Yehova üçün insan həyatı olduqca dəyərlidir. Onun «günahsız qan tökən əllər»dən zəhləsi gedir (Məs. 6:16, 17). Yehova ədalətli və müqəddəs Allah olduğu üçün hətta təsadüfən törədilən qətl hadisələrinə belə biganə qalmırdı. Düzdür, təqsirkara mərhəmət göstərilirdi, amma o, məsələni ağsaqqallara danışmalı və əməlinin təsadüfi olduğu müəyyən ediləndən sonra baş kahinin ölümünə qədər sığınacaq şəhərdə qalmalı idi. Bu isə o demək idi ki, ola bilsin, təqsirkar bu şəhərdə ömürlük qalsın. Bu ciddi ölçülər xalqa insan həyatının nə qədər dəyərli olduğunu aşılayırdı. Həyatın mənbəyi olan Yehova Allaha ehtiramlarını nümayiş etdirmək üçün onlar insanın ölümünə səbəb ola biləcək hərəkətlərdən və ya hərəkətsizlikdən özlərini qorumalı idilər.
it-1-E s. 344
Qan
Allahın verdiyi həyatı yaşamağa hər kəsin ixtiyarı var. İnsanı bu həyatdan məhrum edən kəs Allaha cavab verməlidir. Bunu Allahın qatil Qabilə dediyi sözlərdən görmək olar: «Qardaşının qanı torpaqdan Mənə fəryad edir!» (Yr 4:10). Hətta qardaşına nifrət edib ona ölüm arzulayan, yaxud şər ataraq, ona qarşı yalandan şahidlik edərək həyatını təhlükəyə atan kəs onun qanını tökməkdə günahkar olur (Lv 19:16; Qn 19:18—21; 1Yh 3:15).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 518, abz. 1
Məhkəmə
Şəhərlərdə yerli məhkəmə şəhər darvazasında yerləşirdi (Qn 16:18; 21:19; 22:15, 24; 25:7; Rt 4:1). Darvaza deyiləndə şəhərin içində darvazanın yanında olan meydan nəzərdə tutulurdu. Darvazanın qarşısında xalqa Tövratı oxuyurdular, fərmanları car çəkirdilər (Nə 8:1—3). Darvazanın yanında alqı-satqı və sairə mülki məsələlər üçün şahidlər tapmaq asan idi, çünki gün ərzində darvazadan çox adam girib-çıxırdı. Həmçinin darvazanın yanında keçirilən məhkəmədə camaatın çox olduğunu görəndə hakimlər həm işin gedişatında, həm də çıxardıqları hökmlərdə daha diqqətli və ədalətli olurdu. Görünür, hakimlərin rahat əyləşməsi üçün darvazanın yanında yer hazırlayırdılar (Əy 29:7). İşmuil hər il Beytelə, Gilqala və Mispaha gedir, bütün bu yerlərdə, o cümlədən evinin yerləşdiyi Ramada «İsrailə hakimlik edirdi» (1İş 7:16, 17).
2—8 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 22, 23
«Tövratdan Yehovanın heyvanların qeydinə qaldığı necə görünür?»
it-1-E s. 375—376
Yük
Qədimdə heyvanlardan yük daşımaq üçün geniş istifadə edirdilər. İsraillilərə buyurulmuşdu ki, onlara düşmən kəsilən adamın eşşəyini yük altında yıxılıb qalmış görəndə ötüb keçməsinlər, heyvanın üstündən yükü açıb götürsünlər (Çx 23:5).
it-1-E s. 621, abz. 1
Qanunun təkrarı
«Qanunun təkrarı» kitabında heyvanlara xüsusi qayğı göstərilir. İsraillilərə yuvanın üstündə oturmuş quşu götürmək qadağan idi. Çünki balalarını qorumaq instinktinə görə o uçub gedə bilmirdi. Onu buraxmaq lazım idi, amma balalarını götürmək olardı. Beləliklə, ana quş başqa balalar böyüdə bilərdi (Qn 22:6, 7). Əkinçi eşşəyi öküzlə bir kotana qoşa bilməzdi. Əks halda zəif heyvana güc düşərdi (22:10). Xırman çəkən öküzə buruntaq taxmaq olmazdı. Çünki heyvan bir tərəfdən gücünü sərf edib xırman çəkərdi, digər tərəfdən isə taxıl gözünün qabağında ola-ola aclıq çəkərdi (25:4).
w03-E 15/10 s. 32, abz. 1, 2
«İmansızlarla eyni boyunduruğa girməyin»
BƏLİ, eyni kotana qoşulmuş dəvə və öküz əziyyət çəkir. Onları birləşdirən boyunduruq eyni ölçüdə və gücdə olan heyvanlar üçündür, buna görə də bu heyvanlar əziyyət çəkir. Allah yük heyvanlarının qeydinə qaldığı üçün israillilərə tapşırmışdı: «Öküzlə eşşəyi bir kotana qoşmayın» (Qn 22:10). Eyni prinsip öküzə və dəvəyə də aiddir.
Adətən əkinçilər heyvanlara belə əziyyət vermirdilər. Amma əkinçinin iki öküzü yox idisə, özündə olan iki fərqli heyvanı eyni boyunduruğa salırdı. Görünür, şəkildə təsvir olunan, XIX əsrdə yaşayan əkinçi də belə etmək qərarına gəlmişdi. Ölçüləri və çəkiləri fərqli olduğundan zəif heyvan güclünün sürətinə çata bilmirdi, buna görə də yükün çox hissəsi güclü heyvanın üstünə düşürdü.
Hikmət xəzinəsindən incilər
it-1-E s. 600
Borc, borclu
Kimdənsə götürülmüş və qaytarılmalı olan şey, nəyisə ödəmək və ya icra etmək məsuliyyəti. Qədim İsraildə əsasən maddi çətinlik ucbatından borc götürürdülər. İsraillinin borca girməsi onun üçün bədbəxtlik idi. O, borc aldığı adamın bir növ nökəri olurdu (Ms 22:7). Buna görə də Allah xalqına əmr etmişdi ki, kasıb dindaşlarına borc verərkən səxavətli olsunlar, onların çətin vəziyyətindən mənfəət əldə etməyə çalışmasınlar, onlardan sələm almasınlar (Çx 22:25; Qn 15:7, 8; Zb 37:26; 112:5). Amma əcnəbidən sələm almağa icazə var idi (Qn 23:20). Yəhudi şərhçilərinin fikrincə, bu icazə kasıblara borc verilən hallara yox, hansısa iş qurmaq üçün alınan borclara aid idi. Adətən əcnəbilər müvəqqəti olaraq İsraildə olurdular, çox vaxt da ticarətlə məşğul olurdular. Buna görə də onlardan sələm almaq yerində idi, xüsusən də ona görə ki, onlar da başqalarına sələmlə borc verirdilər.
9—15 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 24—26
«Tövratdan Yehovanın qadınların qeydinə qaldığı necə görünür?»
it-2-E s. 1196, abz. 4
Qadın
Yeni ailə qurmuş kişini bir il müddətinə ordudan azad edən qanunlar həm ərin, həm də arvadın xeyrinə idi. Bunun sayəsində cütlük övlad sahibi ola bilərdi. Bu isə əri uzaqda olan və ya döyüşdə həlak olan qadın üçün böyük təsəlli olardı (Qn 20:7; 24:5).
it-1-E s. 963, abz. 2
Başaq
Ölkənin kasıbları üçün nəzərdə tutulan bu tədbir israilliləri səxavətli, fədakar olmağa, Yehovanın bərəkət verəcəyinə inanmağa təşviq edirdi. Amma bu o demək deyildi ki, kimlərisə tənbəlliyə öyrədirdi. Bu tədbir Davudun növbəti sözlərinə aydınlıq gətirir: «Cavanlığımdan bəri, bu qoca yaşımadək, nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zb 37:25). Kasıblar Tövratda onlar üçün nəzərdə tutulan bu tədbirin sayəsində alın təri ilə çalışıb özlərini dolandıra bilirdilər, nə özləri, nə də övladları çörək üçün dilənmək məcburiyyətində qalmırdılar.
w11-E 1/3 s. 23
Bilirsiniz?
Qədim İsraildə kişi oğulsuz ölərdisə, qardaşı onun dul qalmış arvadı ilə evlənib onun nəslini davam etdirməli idi (Yaradılış 38:8). Bu qayda sonralar Tövrata da daxil edildi və qayınlıq borcu adlandı (Qanunun təkrarı 25:5, 6). «Rut» kitabında Buəzin məsələni necə yoluna qoymasından görünür ki, əgər mərhumun qardaşı yox idisə, bu məsuliyyət onun nəslindəki digər kişilərin üzərinə düşürdü (Rut 1:3, 4; 2:19, 20; 4:1—6).
Mark 12:20—22 ayələrində saddukilər qayınlıq borcunun yerinə yetirilməsindən danışmışdılar. Bu göstərir ki, İsanın dövründə bu qanun qüvvədə idi. Birinci əsrdə yaşamış yəhudi tarixçisi İosif Flavi demişdi ki, bu qanunun sayəsində həm nəsil davam etdirilirdi, həm də mülk ailənin özünə qalırdı. Bu isə dul qalmış qadının rifahına xidmət edirdi. Həmin vaxtlar qadının ərin mülkü ilə bağlı heç bir vərəsəlik hüququ yox idi. Amma qayınlıq borcunun icra edilməsi sayəsində doğulan uşaq vəfat etmiş kişinin mülkünə sahib olurdu.
Hikmət xəzinəsindən incilər
it-1-E s. 640, abz. 5
Boşanma
Talaq kağızı. Tövratda boşanmağa icazə verilməsindən sonralar sui-istifadə etsələr də, belə qənaətə gəlmək düzgün olmazdı ki, bu qanun israilli kişi üçün arvadını boşamağı asanlaşdırırdı. Boşanmaq üçün o, müəyyən addımlar atmalı idi. Sənəd, yəni talaq kağızı yazmalı idi. Kağızı arvadının əlinə verməli və buraxmalı idi (Qn 24:1). Müqəddəs Yazılarda bu barədə başqa heç nə yazılmasa da, görünür, bu zaman o, səlahiyyətli şəxslərlə də məsləhətləşməli idi. Onlar isə, yəqin ki, əvvəlcə ərlə arvadı barışdırmağa çalışacaqdı. Talaq kağızını hazırlamaq və qanuni şəkildə boşanmaq üçün lazım olan işləri görmək bir müddət çəkəcəkdi. Bu vaxt ərzində ər öz qərarını bir də götür-qoy edə bilərdi. Boşanmaq üçün əsas olmalı idi. Həmçinin qayda-qanuna düzgün şəkildə əməl etdikdə bu, tez-tələsik boşanmanın qarşısını alacaqdı. Beləliklə, qadının hüquqları və maraqları qorunurdu. Müqəddəs Kitabda talaq kağızının məzmunu barədə heç nə yazılmayıb.
16—22 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 27, 28
«Bütün bu nemətlər başınızdan töküləcək»
Yehovanın ruhu ilə fəaliyyət göstərən Padşah sizə xeyir-dualar bəxş edəcək!
18 Allahı ‘dinləməyə’ Onun Kəlamına və təqdim etdiyi ruhani qidaya ciddi yanaşmaq daxildir (Mat. 24:45). Bu həmçinin Allaha və Onun Oğluna itaət etməyi nəzərdə tutur. İsa demişdir: «Mənə: “Ağam, Ağam”,— deyən hər kəs səmavi padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək» (Mat. 7:21). Üstəlik, Allahı ‘dinləmək’ Onun təsis etdiyi quruluşa — «insanlar timsalında hədiyyələr» olan ağsaqqallar başda olmaqla, məsihçi yığıncağına sidq-ürəkdən tabe olmaq mənasını daşıyır (Efes. 4:8).
Yeqovanın xeyir–duası sənin üzərində yerinə yetəcəkmi?
2 Təsniyə 28:2 ayəsində “qulaq asmaq” kimi tərcümə edilən qədim ibrani fe’li, fasiləsiz hərəkəti bildirir. Yeqovanın xalqı Ona hərdənbir yox, daima qulaq asmalıdır. Allahın xeyir–duaları yalnız o zaman bu xalqın üzərində yerinə yetəcəkdir. “Yerinə yetmək” və “çatmaq” kimi tərcümə edilən qədim ibrani fe’li ovçuluqla bağlı olub, daha çox “çatmaq” və ya “yaxalamaq” mə’nasını daşıyır.
Yehovanın xeyir-dualarını səylə axtarın
4 İsraillilər Allaha hansı əhval-ruhiyyə ilə itaət etməli idilər? Musanın Qanununda deyilirdi ki, xalq Yehovaya ‘sevinclə və xoşluqla itaət etməsə’, bu, Onun narazılığına səbəb olacaq. (Qanunun təkrarı 28:45—47 ayələrini oxu.) Heyvanlar və cinlər qeyri-iradi şəkildə itaətkarlıq göstərirlər, lakin Yehova bundan daha böyük itaətkarlığa layiqdir (Mark 1:27; Yaq. 3:3). Allaha ürəkdən itaətkarlıq göstərmək məhəbbətin təzahürüdür. Belə itaətkarlığın səciyyəvi cəhəti Yehovanın əmrlərinin ağır olmamasına və «Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə» iman etməkdən irəli gələn sevincdir (İbr. 11:6; 1 Yəh. 5:3).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 360
Sərhəd nişanı
Yehovanın qanununda sərhəd nişanını yerindən tərpətmək qadağan olunurdu (Qn 19:14; həmçinin bax: Ms 22:28). Qonşusunun sərhədini dəyişdirən lənətlənirdi (Qn 27:17). Torpaq sahibləri öz torpaq paylarının məhsulundan asılı idilər, buna görə də sərhədi dəyişmək başqasının çörəyinə bais olmaq demək idi. Bu, oğurluğa bərabər idi. Qədimdə buna elə belə də baxırdılar (Əy 24:2). Amma bəzi mənəviyyatsız adamlar bu işə əl atırdılar. Huşənin dövründə Yəhuda bəyləri sərhədi dəyişdirən adamlara bənzədilirdi (Hş 5:10).
23—29 AVQUST
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 29, 30
«Yehovaya ibadət etmək ağır deyil»
w09-E 1/11 s. 31, abz. 2
Yehova bizə seçim verir
Yehovanın bizdən nə tələb etdiyini bilmək və onlara əməl etmək çətindir? Musa yazmışdı: «Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil» (11-ci ayə). Yehova bizdən qeyri-mümkün şeylər istəmir. Onun tələbləri ağır deyil, onlara riayət etmək mümkündür. Həmçinin onlar barədə öyrənmək də mümkündür. Bunun üçün göyə çıxmaq, yaxud dənizin o tayına getmək lazım deyil (12 və 13-cü ayələr). Müqəddəs Kitabda aydın şəkildə yazılıb ki, biz necə yaşamalıyıq (Mikə 6:8).
w09-E 1/11 s. 31, abz. 1
Yehova bizə seçim verir
«MƏNİ tez-tez əsassız qorxu bürüyürdü ki, birdən Yehovaya xəyanət edərəm». Bu, bir məsihi qadının sözləridir. Uşaqlıqda başına gələn xoşagəlməz hadisələr ucbatından o düşünürdü ki, ondan məsuliyyətli adam çıxmayacaq. Amma bu belədir? Biz sadəcə vəziyyətin aciz qullarıyıq? Xeyr. Yehova Allah bizə azad iradə verib, odur ki, necə yaşayacağımızı özümüz seçə bilərik. Yehova istəyir ki, biz düzgün seçimlər edək və Öz Kəlamı vasitəsilə bizə bildirir ki, bunu necə edə bilərik. Gəlin «Qanunun təkrarı» kitabının 30-cu fəslindən Musanın sözlərini oxuyaq.
w09-E 1/11 s. 31, abz. 4
Yehova bizə seçim verir
Bizim hansı yolu seçməyimizin Yehova üçün fərqi var? Əlbəttə ki var. Musa Allahın ilhamı ilə yazmışdı: «Həyatı seçin» (19-cu ayə). Bəs biz həyatı necə seçə bilərik? Musa izah etmişdi ki, Allahımız Yehovanı sevməklə, sözünə qulaq asmaqla və Ona bağlanmaqla (20-ci ayə). Yehovanı sevsək, nəyin bahasına olursa olsun Ona itaət etmək, sadiq qalmaq istəyəcəyik. Bu cür yaşamaqla biz həyatı seçəcəyik. Bu isə ən yaxşı həyat yoludur, çünki Allahın vəd etdiyi yeni dünyaya, əbədi həyata aparır (2 Butrus 3:11—13; 1 Yəhya 5:3).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 665, abz. 3
Qulaq
Yehova peyğəmbərləri vasitəsilə inadkar, itaətsiz israillilər barədə demişdi ki, onların qulaqları sünnət edilməyib (Ər 6:10; Hv 7:51). Onlar sanki qulaqlarını nə iləsə tıxamışdılar, eşitmirdilər. Yehova onların qulaqlarını açmamışdı. Çünki Yehova Onu axtaran insanlara dərrakəli, itaətkar qulaq verir, amma itaətsiz insanların qulaqlarının kar olmasına izin verir (Qn 29:4; Rm 11:8). Həvari Bulus demişdi ki, gün gələcək özünü məsihi adlandıran insanlar həqiqi imandan dönəcək, Allahın Kəlamındakı həqiqəti eşitmək istəməyəcək, qulaqlarına xoş gələni eşitməyi arzulayacaq, buna görə də yalançı müəllimlərə qulaq asacaqlar (2Tm 4:3, 4; 1Tm 4:1). Bundan başqa, insan qorxulu, xüsusən də fəlakət xəbəri eşitdiyi üçün qulağı cingildəyə bilər (1İş 3:11; 2Pd 21:12; Ər 19:3).
30 AVQUST — 5 SENTYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | QANUNUN TƏKRARI 31, 32
«Allahdan ilham almış nəğmədəki bədii ifadələrdən nə öyrənirik?»
«Ürəyimi bütöv et ki, adından qorxum»
8 İsraillilər Vəd edilmiş diyara daxil olmaq üzrə idi. Yehova Musa peyğəmbərə bir nəğmə öyrətdi (Qan. 31:19). Peyğəmbər də bu nəğməni xalqa öyrətməli idi. (Qanunun təkrarı 32:2, 3 ayələrini oxuyun.) İkinci və üçüncü ayələrdən aydın görünür ki, Yehova Öz adının gizli qalmasını, yaxud adını dilimizə gətirməklə bu adın müqəddəsliyinə xələl yetirdiyimizi fikirləşməyimizi istəmir. Yehova istəyir ki, bütün xilqət Onun adını bilsin! Musa peyğəmbərin Yehova və Onun ehtişamlı adı haqda dediklərini eşitmək İsrail xalqı üçün necə də böyük şərəf idi! Bitkiləri suvaran narın yağış kimi, peyğəmbərin öyrətdiyi nəğmə də, xalqı möhkəmləndirdi və ruhlandırdı. Verdiyimiz təlimlərin insanlara bu cür təsir etməsi üçün nə edə bilərik?
9 Ev-ev təbliğ edəndə, yaxud ictimai şahidlik verəndə Müqəddəs Kitabdan insanlara Allahın adının Yehova olduğunu göstərə bilərik. Həmçinin onlara Yehova Allahı ucaldan maraqlı nəşrlər vermək, videolar göstərmək, eləcə də onları saytımızdakı materiallarla tanış etmək olar. İşdə, məktəbdə, yaxud yol gedəndə əziz Allahımız və Onun bəyəndiyi şeylər haqda danışmaq üçün fürsət axtara bilərik. Qarşılaşdığımız insanlara Yehovanın bəşəriyyətlə və yer üzü ilə bağlı necə gözəl niyyəti olduğu barədə danışmaqla onlara Allahı tamamilə yeni yöndən tanımağa kömək edə bilərik. Məhəbbətli Yaradanımız haqda həqiqətləri insanlara öyrədəndə Onun adının müqəddəs tutulmasına töhfəmizi veririk. Onlara Allahın adına atılan yalan və böhtanları görməyə kömək edirik. Biz insanlara Allah haqda ən təravətləndirici təlimləri öyrədirik (Əşy. 65:13, 14).
Müqəddəs Kitabdakı bədii ifadələr. Onları başa düşürsünüzmü?
Həmçinin Müqəddəs Kitab Yehovanı cansız cisimlərə də bənzədir. O, «İsrailin Qayası», ‘qala’, ‘qüllə’ adlanır (2 Şamuel 23:3; Məzmur 18:2; Qanunun təkrarı 32:4). Burada bənzərlik nədədir? Böyük qaya yerində möhkəm durduğu, sarsılmaz olduğu kimi, Yehova Allah da bizim üçün məhz bu cür e’tibarlı Sığınacaq ola bilər.
Uşaqları tərbiyə edərkən Yeqovadan nümunə götürün
7 İsrail xalqı ilə davranışında Yeqovanın necə məhəbbət göstərdiyini nəzərdən keçirək. Yeqovanın yeni təşkil olunmuş İsrail xalqına olan məhəbbətini təsvir edərkən, Musa tə’sirli bənzətmə istifadə etdi: “Yuvasını hərəkətə gətirən, balaları üzərinə qanad çarpan qartal kimi, qanadlarını yayıb onları aldı, qanadları üzərində onları daşıdı. Təkbaşına Rəbb ona [Yaquba] yol göstərdi” (Təsniyə 32:9, 11, 12). Qartal, balalarına uçmağı öyrətmək üçün “yuvasını hərəkətə gətirir”: balalarını yuvanı tərk etməyə çağıraraq, qanadlarını yelləyir və bir–birinə çırpır. Balası, adətən hündür qaya üzərində yerləşən yuvadan atılan zaman, ana qartal onun “üzərinə qanad çarpır”. Əgər balasının yerə dəyəcəyini zənn edirsə, aşağı şığıyıb balanı tutur və onu “qanadları üzərində... daşıyır”. Bunun kimi, Yeqova da yenicə təşkil olunmuş İsrail xalqına məhəbbətlə qayğı göstərdi. Həmin xalqa Musanın vasitəsilə qanunlar verdi (Məzmur 78:5—7). Sonra isə xalqına diqqətlə nəzarət edirdi və əgər xalq bir çətinliyə düşərdisə, tez köməyinə çatmağa həmişə hazır idi.
Hikmət xəzinəsindən incilər
“Təsniyə” kitabından diqqətəlayiq fikirlər
31:12. Yığıncaq görüşlərində uşaqlar böyüklərin yanında oturmalı, diqqətlə qulaq asmalı və öyrənməlidirlər.