Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr24 yanvar s. 1—11
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2024
  • Başlıqlar
  • 1—7 YANVAR
  • 8—14 YANVAR
  • 15—21 YANVAR
  • 22—28 YANVAR
  • 29 YANVAR — 4 FEVRAL
  • 5—11 FEVRAL
  • 12—18 FEVRAL
  • 19—25 FEVRAL
  • Allahın verdiyi ənamları qiymətləndirək
  • 26 FEVRAL — 3 MART
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2024
mwbr24 yanvar s. 1—11

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

1—7 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 32, 33

Narahatlıqla mübarizə aparan insanlara təsəlli verin

it-1-E s. 710

Əlihu

Əlihu qərəzsiz insan idi. O kiməsə yaltaqlanmaq üçün təriflər yağdırmırdı. Əlihu başa düşürdü ki, Əyyub kimi o da gildən düzəldilib və Külli-İxtiyar onun Yaradanıdır. Əlihunun məqsədi Əyyubu qorxutmaq deyildi. O, Əyyuba əsl dost kimi yanaşırdı. Həmçinin Əlifəz, Bildad və Söfərdən fərqli olaraq Əyyuba adı ilə müraciət edirdi (Əy 32:21, 22; 33:1, 6).

w14 15/6 s. 25, abz. 8—10

İnsan zəifliyinə Yehovanın gözü ilə bax?

8 Bacı-qardaşlarımızın xəstəlik, həyat yoldaşından ayrı qalmaq və ya depressiya kimi vəziyyətlər ucbatından zəiflədiklərini anlamağa çalışsaq, onda onların dərdinə şərik ola biləcəyik. Kim bilir, bəlkə, biz də nə vaxtsa belə bir vəziyyətə düşdük. Misirdə yoxsullaşmış və əldən düşmüş israillilərə Vəd edilmiş diyara girməzdən öncə xəbərdarlıq edilmişdi ki, ehtiyac içində olan soydaşlarına qarşı «daşürəkli» olmasınlar. Yehova onlardan kasıblara əl tutmağı gözləyirdi (Qanun. t. 15:7, 11; Lev. 25:35—38).

9 Çətin vəziyyətə düşən həmimanlımızı qınamaq və ya etibarsız yanaşmaq əvəzinə, yaxşı olar ki, ona ruhani cəhətdən dəstək olaq (Əyy. 33:6, 7; Mat. 7:1). Tutalım, bir motosikletçi qəzaya uğrayır və xəstəxanaya aparılır. Səncə, belə vəziyyətdə tibb işçiləri qəzanın səbəbini öyrənməyə çalışacaqlar, yoxsa vaxt itirmədən ona tibbi yardım göstərəcəklər? Eynilə, həmimanlımız şəxsi problemləri ucbatından zəifləyibsə, ilk görəcəyimiz iş ona ruhani köməklik göstərmək olmalıdır. (1 Salonikililərə 5:14 ayəsini oxu.)

10 Həmimanlımızın düşdüyü vəziyyətə yanlış qiymət versək, onun zəifliyinə də başqa gözlə baxacağıq. Məsələn, götürək illər ərzində ailə üzvləri tərəfindən təqib olunan bacıları. Onlardan bəziləri zəif və qorxaq görünsələr də, məgər hər zaman möhkəm iman və polad iradə göstərən onlar deyillər? Uşaqları ilə müntəzəm yığıncaqlara gələn bacının imanı və qətiyyəti səni riqqətə gətirmir? Bəs məktəbdə pis təsirlərə məruz qalmasına baxmayaraq, həqiqətdən möhkəm yapışan yeniyetmələr haqda nə deyə bilərsən? Etiraf edək ki, zəif kimi görünənlər yaxşı vəziyyətdə olan bizlər qədər «imanda zəngin»dirlər (Yaq. 2:5).

w20.03 s. 23, abz. 17, 18

Nə vaxt danışmalıyıq?

17 Əyyubu ziyarət edən dördüncü kişi İbrahimin qohumu olan Əlihu idi. O, həm Əyyubun, həm də digər üç kişinin dediklərinə qulaq asdı. Əlihunun verdiyi mülayim və birbaşa məsləhətdən aydın görünür ki, o, Əyyubu diqqətlə dinləmişdi. Onun məsləhəti Əyyuba düşüncə tərzini dəyişməyə kömək etdi (Əyy. 33:1, 6, 17). Əlihunun əsas məqsədi özünü və ya hər hansı insanı yox, Yehovanı ucaltmaq idi (Əyy. 32:21, 22; 37:23, 24). Onun nümunəsindən gördüyümüz kimi, bəzən susub qarşı tərəfi dinləmək lazımdır (Yaq. 1:19). Həmçinin öyrənirik ki, məsləhət verərkən məqsədimiz özümüzə yox, Yehovaya şərəf gətirmək olmalıdır.

18 Allahın bizə bəxş etdiyi danışmaq qabiliyyətini qiymətləndirdiyimizi Müqəddəs Kitabın nə vaxt və necə danışmaqla bağlı məsləhətlərinə əməl etməklə göstərə bilərik. Müdrik Süleyman padşah Allahdan ilham alaraq yazmışdı: «Məqamında deyilən söz gümüş qabda qızıl almalara bənzər» (Məs. 25:11). Başqalarına diqqətlə qulaq assaq və danışmazdan öncə düşünsək, sözlərimiz qızıl almalara bənzəyəcək, həm dəyərli, həm də gözəl olacaq. Onda az, ya da çox danışmağımızdan asılı olmayaraq, sözlərimiz başqalarını möhkəmləndirəcək, Yehova da bizimlə fəxr edəcək (Məs. 23:15; Efes. 4:29). Yehovanın bəxş etdiyi bu ənama görə minnətdarlığımızı bildirməyin bundan gözəl yolu nə ola bilər?!

Hikmət xəzinəsindən incilər

w13 15/1 s. 19, abz. 10

Yehova ilə yaxın münasibətlərini qoru

10 Eynilə, xarici görünüşün qayğısına qalmaq da münasibdir. Ancaq biz yaşlılığın bütün əlamətlərini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxmamalıyıq. Onlar yetkinliyin, ləyaqətin və daxili gözəlliyin əlamətləridir. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, «ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır» (Sül. məs. 16:31). Yehova bizim xarici görünüşümüzdən çox, daxili varlığımızın vacib olduğunu düşünür. Biz də özümüzə bu cür baxmağı öyrənməliyik. (1 Peter 3:3, 4 ayələrini oxu.) Buna görə də, sadəcə daha cəlbedici görünmək üçün cərrahi əməliyyatlara və tibbi prosedurlara məruz qalaraq özümüzü lazımsız təhlükələrə atmaq nə dərəcədə müdrik hərəkətdir? Yaşından asılı olmayaraq, əsil gözəlliyin mənbəyi «Rəbbin verdiyi sevinc»dir (Neh. 8:10). Biz yalnız yeni dünyada mükəmməl sağlamlığa qovuşacaq və gözəlləşəcəyik (Əyy. 33:25; Yeşaya 33:24). O vaxtacan biz müdrik seçimlər etməli və Yehovanın vədlərinə iman təzahür etdirməliyik. Bu, hal-hazırda həyatdan həzz almaqda və sağlamlığımıza görə həddən artıq narahat olmamaqda bizə kömək edəcək (1 Tim. 4:8).

8—14 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 34, 35

Haqsızlığa məruz qaldığımızı düşünəndə

wp19.1 s. 8, abz. 2

Allah hansı xüsusiyyətlərə sahibdir?

Allah həmişə ədalətlə davranır. «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10). Onun hökmləri haqdır. Zəbur kitabında Yehova barədə deyilir: «Sən ümmətləri ədalətlə mühakimə edəcəksən» (Zəbur 67:4). Yehova ürəyi gördüyü üçün heç vaxt riyakarlığa aldanmır. O, həmişə həqiqəti görür və düzgün hökm çıxarır (1 İşmuil 16:7). Bundan başqa, Allah yer üzündəki hər ədalətsizlikdən, haqsızlıqdan agahdır. O vəd edir ki, tezliklə «pislərin... kökü yer üzündən kəsiləcək» (Məsəllər 2:22).

w17.04 s. 10, abz. 5

Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?

5 Yehova şər insanlarla nə edəcək? Bu gün Yehova şər insanlara yollarından dönmək üçün imkan verir (Əşy. 55:7). Bu dünyanın hökmü artıq verilib, amma insanlara ayrı-ayrılıqda hələ ki hökm kəsilməyib. Bəs böyük müsibətə qədər dəyişmək istəməyən və bu dünyanın işlərindən əl çəkməyən insanlarla nə baş verəcək? Yehova söz verib ki, pis insanları yer üzündən yerli-dibli yox edəcək. (Zəbur 37:10 ayəsini oxuyun.) Bu gün şər insanlar törətdiyi əməlləri ört-basdır edir və çox vaxt cəzasız qalır. Onlar düşünə bilər ki, Allah hökmünü icra edəndə də canlarını qurtara biləcəklər (Əyy. 21:7, 9). Lakin Müqəddəs Kitabda yazılıb: «Allah insanın yollarına baxır, atdığı hər addımı görür. Elə bir qaranlıq, elə bir zülmət yoxdur ki, bədəməl adam orada gizlənə bilsin» (Əyy. 34:21, 22). Yehova Allahdan gizlin heç nə yoxdur. İnsan nə qədər hiyləgər olsa da, Onu aldada bilməz. Elə bir qatı qaranlıq və zülmət yoxdur ki, Allahın gözləri orada baş verənləri görə bilməsin. Armageddondan sonra şər insanları axtarsanız da, tapa bilməyəcəksiniz. Onlar əbədilik məhv olacaqlar! (Zəb. 37:12—15).

w21.05 s. 7, abz. 19, 20

Məsihlə bağlı şübhələri aradan qaldırın

19 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Bu gün çoxları görəndə ki, biz siyasi məsələlərə qarışmırıq, büdrəyirlər. Onların fikrincə, biz də seçkilərdə iştirak etməliyik. Amma biz başa düşürük ki, bizi idarə etməsi üçün hansısa insana səs vermək Yehovadan imtina etmək deməkdir (1 İşm. 8:4—7). Həmçinin bəziləri düşünür ki, biz məktəblər, xəstəxanalar tikməliyik və digər xeyriyyə işləri ilə məşğul olmalıyıq. Onlar bizim bütün gücümüzü dünyanın mövcud problemlərinin həllinə yox, təbliğ işinə sərf etdiyimizi görüb müjdəni qəbul etmək istəmirlər.

20 Şübhələrə qapılmamaq üçün nə etməliyik? (Mətta 7:21—23 ayələrini oxuyun.) Əsas diqqətimizi İsanın bizə tapşırdığı işə cəmləməliyik (Mət. 28:19, 20). Biz yol verməməliyik ki, başımız bu dünyanın siyasi və ictimai problemlərinə qarışsın. Düzdür, insanları sevirik və onların problemlərinə görə narahat oluruq. Ancaq başa düşürük ki, insanlara kömək etməyin ən yaxşı yolu onlara Allahın Padşahlığı haqda öyrətmək və Yehova ilə dostluq münasibəti qurmağa vəsilə olmaqdır.

Hikmət xəzinəsindən incilər

w17.04 s. 29, abz. 3

Yehova Allahın yolunda fədakar olun!

3 Əyyubun Əlihu adlı digər bir dostu demişdi: «Saleh olsan, Ona [Allaha] nə vermiş olarsan? O, səndən nə alar?» (Əyy. 35:7). Amma Allah Əlihunu bu sözlərə görə danlamadı. Çünki Əlihu insanın xidmətinin Allahın gözündə dəyərsiz olduğunu iddia etmirdi. O, demək istəyirdi ki, Yehova bizim ibadətimizə möhtac deyil. Onun heç nəyə ehtiyacı yoxdur. Bəndənin etdiyi heç bir şey Allahı varlı və imkanlı etməz, Onun gücünə-güc qatmaz. Əksinə, nəyimiz varsa, O, bizə bəxş edib, bizdə olan gözəl nemətlər, bacarıq və xüsusiyyətlər Onun hədiyyəsidir. Onlardan necə istifadə etməyimiz Yaradanımız üçün əhəmiyyətlidir.

15—21 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 36, 37

Allahın əbədi həyatla bağlı vədinə nəyə görə etibar edə bilərsiniz?

w15 1/10 s. 13, abz. 1, 2

Allahla tanışlıq

ALLAHIN ƏBƏDİ MÖVCUDLUĞU. Müqəddəs Kitab Allahın «əzəldən əbədiyyətə» qədər mövcud olduğunu öyrədir (Zəbur 90:2). Başqa sözlərlə, Allahın nə başlanğıcı, nə də sonu var. İnsan nöqteyi-nəzərincə Onun «illəri dərkedilməzdir» (Əyyub 36:26).

Sizə aidiyyəti. Allah vəd edir ki, Onu tanısanız, sizə əbədi həyat verəcək (Yəhya 17:3). Sizcə, Allah Özü əbədi mövcud olmasaydı, bu vədi necə verə bilərdi? Yalnız əbədiyyət Hökmdarı belə bir vədi gerçəkləşdirməyə qadirdir (1 Timutiyə 1:17).

w20.05 s. 22, abz. 6

Allahın verdiyi ənamları qiymətləndirək

6 Suyun yer üzündə maye halında mövcud olmasına səbəb planetimizin Günəşdən mükəmməl məsafədə yerləşməsidir. Əgər planetimiz Günəşə bir az yaxın olsa idi, bütün su buxarlanar və yer üzü ins-cins olmayan səhralığa dönərdi. Əgər Günəşdən bir az uzaq olsa idi, bütün sular donar və Yer kürəsi nəhəng buz topuna çevrilərdi. Bəli, Yehova Yer kürəsini ideal məkanda yerləşdirib, buna görə də su dövranı yer üzündə həyatın mövcudluğunu təmin edə bilir. Günəş okeanlardakı və yerin səthindəki suları isidir və onların buxarlanması nəticəsində buludlar yaranır. Hər il Günəş təxminən 500 000 kub kilometr suyu buxarlandırır. Buxarlanan su yağış və ya qar formasında yerə düşənə qədər təxminən on gün ərzində atmosferdə qalır. Nəhayətdə, okeanlara və başqa su hövzələrinə qayıdır və beləcə, su dövranı təkrarlanır. Bu önəmli, həyativacib su dövranı Yehova Allahın hikmətindən və qüdrətindən xəbər verir (Əyy. 36:27, 28; Vaiz 1:7).

w22.10 s. 28, abz. 16

Ümidinizi möhkəm saxlayın

16 Əbədi həyat ümidi Yehovanın bizə verdiyi qiymətli bəxşişdir. Bu möhtəşəm həyatı həsrətlə gözləyirik. Bu vədin gerçəkləşəcəyinə əmin ola bilərik. Ümid bir lövbər kimi bizə sınaqlarla, təqiblərlə və ölüm təhlükəsi ilə üzləşəndə möhkəm qalmağa kömək edir. Həmçinin o, dəbilqə kimi düşüncəmizi qoruyur, yanlış əməllərdən uzaq olub, düzgün davranmağa kömək edir. Müqəddəs Kitaba əsaslanan ümidimiz sayəsində biz Yehovaya yaxınlaşırıq. Həmçinin bu ümid Yehovanın bizə olan dərin məhəbbətini göstərir. Əgər ümidimizi möhkəm saxlasaq, bunun böyük xeyrini görəcəyik.

Hikmət xəzinəsindən incilər

w22.12 s. 3, abz. 4

Yehova əbədidir

Yehovanın «əbədiyyən» var olduğunu dərk etmək, bəlkə də, sizə çətin gəlir (Əşy. 40:28). Ancaq siz tək deyilsiniz, bunu başa düşmək çoxlarına çətindir. Məsələn, Əlihu Allah barədə demişdi ki, Onun «illəri dərkedilməzdir» (Əyy. 36:26). Amma biz nəyisə dərk etmiriksə, bu, o demək deyil ki, o, həqiqət deyil. Məsələn, işığın nə olduğunu tam qavraya bilmirik. İndi bu, o deməkdir ki, işıq mövcud deyil? Əlbəttə ki, yox. Yehovanın həmişə var olduğu və var olacağını da insan zəkası tam dərk etməyə qadir deyil. Amma bu, o demək deyil ki, Allah əbədi deyil. Biz başa düşsək də, düşməsək də bu, həqiqətdir (Rom. 11:33—36). Kainat, günəş və ulduzlar mövcud olmazdan əvvəl Allah var idi. Biz əminik ki, «Odur yeri qüdrəti ilə xəlq edən». Bəli, göylər yaranmazdan əvvəl O, mövcud idi (Ərm. 51:15; Həv. 17:24). Bəs başqa hansı səbəbə görə əmin ola bilərik ki, əbədi yaşamağımız mümkündür?

22—28 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 38, 39

Yaradılışı müşahidə etmək üçün vaxt ayırırsınız?

w21.08 s. 9—10, abz. 7

Yehovanı səbirlə gözləyəcəksiniz?

7 Yehovanın dünyanı yaratması ilə bağlı Müqəddəs Kitabda deyilir ki, ona «ölçü verib», «təməli»ni yerləşdirib, «guşə daşını» qoyub (Əyy. 38:5, 6). Hətta Yehova işlərinə nəzər salmaq üçün vaxt ayırırdı (Yar. 1:10, 12). Təsəvvür edirsiniz, mələklər Yehovanın yaratdıqlarının bir-bir ərsəyə gəldiyini görəndə hansı hissləri keçirirdi? Şübhəsiz, sevinclərinin həddi-hüdudu yox idi! Hətta onlar «hayqırıb alqış» oxumuşdular (Əyy. 38:7). Bundan hansı nəticəni çıxarırıq? Yehovanın xilqəti xəlq etməsi minlərlə ilə ərsəyə gəldi. Amma O, hər xırdalığına qədər düşünərək yaratdığı xilqətə baxanda demişdi ki, «hər şey çox yaxşıdır» (Yar. 1:31).

w20.08 s. 14, abz. 2

Dirilmə vədi — Allahın məhəbbətinin, hikmətinin, səbrinin təcəssümü

2 Əvvəlcə, Yehova İsanı yaratdı. Sonra onun vasitəsilə hər şeyi, o cümlədən milyonlarla şüurlu ruhani varlıq yaratdı (Kol. 1:16). Allahla birgə çalışmaq İsaya sevinc bəxş edirdi (Məs. 8:30). Allahın yaratdığı mələklər də sevinirdilər, onların gözü qarşısında Allah İsa ilə birgə yeri və göyü yaradırdı. Mələklər sevinclərini necə göstərirdilər? Yer kürəsi yarananda onlar hayqırıb alqış oxumuşdu, şübhəsiz, Yehovanın yaratdığı hər bir şeydən sonra da, o cümlədən şah əsəri insanı yaradanda da onlar alqış oxudu (Əyy. 38:7; Məs. 8:31). Yehovanın xəlq etdiyi xilqət Onun məhəbbətinin və hikmətinin təzahürü idi (Zəb. 104:24; Rom. 1:20).

w23.03 s. 17, abz. 8

Xilqətə baxıb Yehovanı tanıyın

8 Yehova etibara layiq Allahdır. Yehova Əyyuba kömək etdi ki, Ona olan etibarını daha da artırsın (Əyy. 32:2; 40:6—8). O, Əyyubla söhbətində yaratdığı şeylərdən danışdı, məsələn, ulduzlardan, buludlardan, şimşəkdən. O həmçinin heyvanlar barədə, çöl öküzü, atlar barədə danışdı (Əyy. 38:32—35; 39:9, 19, 20). Bu şeylər nəinki Yehovanın güclü olduğunu, həmçinin Onun məhəbbətli, hikmətli olduğunu göstərirdi. Bu söhbətin sayəsində Əyyubun Yehovaya etibarı daha da artdı (Əyy. 42:1—6). Eynilə, biz də yaradılışı seyr edəndə anlayırıq ki, Yehova bizdən sonsuz dərəcədə hikmətli və güclüdür. O, bütün çətinliklərimizə son qoymağa qadirdir və bunu edəcək. Bu bizim Ona olan etibarımızı möhkəmləndirir.

Hikmət xəzinəsindən incilər

it-2-E s. 222

Qanunverən

Yehova Qanunverəndir. Əslində bütün Kainatda yeganə həqiqi Qanunverən Yehovadır. Cansız aləmi təsis edən (Əy 38:4—38; Zb 104:5—19) və heyvanların həyatını nizamlayan (Əy 39:11—30) fiziki qanunları O təsis edib. Yehovanın əl işi olan insan da bu qanunlara tabe olur. Bundan savayı, insan ağıla, əxlaqi keyfiyyətlərə, düşüncə qabiliyyətinə malikdir və ruhani şeyləri dərk edə bilir, buna görə də o, fiziki qanunlarla yanaşı Allahın əxlaq qanunlarına da tabe olmalıdır (Rm 12:1; 1Kr 2:14—16). Həmçinin Yehovanın qanunları ruhani aləmdə, yəni mələklər üçün də qüvvədədir (Zb 103:20; 2Bt 2:4, 11).

Yehovanın qoyduğu fiziki qanunları heç kim poza bilməz (Ər 33:20, 21). Onun qanunları Kainatın bütün görünən hissəsində son dərəcədə sabit və dəqiq şəkildə fəaliyyət göstərir. Bunun sayəsində alimlər onlara məlum olan fiziki qanunlara əsasən Ayın, planetlərin və digər göy cisimlərinin hərəkətini saniyəsinə qədər dəqiqliklə müəyyən edə bilirlər. Təbiət qanunlarını pozan şəxs onun əks-təsirini dərhal öz üzərində hiss edir. Bunu Yehovanın əxlaq qanunlarına da aid etmək olar. Bu qanunlar dəyişilməzdir. Onları pozub və ya onlardan yan keçib cəzasız qalmaq mümkün deyil, hətta cəza dərhal tətbiq olunmasa da. Fiziki qanunlar kimi əxlaq qaydalarına da mütləq riayət olunmalıdır. «Allaha istehza edilməz; insan nə əkərsə, onu da biçəcək» (Qt 6:7; 1Tm 5:24).

29 YANVAR — 4 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 40—42

Əyyubun başına gələnlərdən nə öyrənirik?

w10 15/10 s. 3—4, abz. 4—6

«Kim Yehovanın əqlini dərk edib?»

4 Yehovanın işləri üzərində düşünərkən Onun barəsində insan nöqteyi-nəzəri ilə mühakimə yürütmək meylindən qaçınmalıyıq. Yehova bu meyil haqda Məzmur 50:21 ayəsində deyir: «Məgər Məni özün kimi sanırsan?» Təxminən 175 il bundan əvvəl bir Müqəddəs Kitab alimi buna bənzər sözlər demişdi: «İnsanlar Allah haqqında öz meyarları əsasında mühakimə yürütməyə və özlərinin qoyduğu qayda-qanunlara Allahın da riayət etməli olduğunu düşünməyə meyillidirlər».

5 Ehtiyatlı olmalıyıq ki, Yehova haqqında təsəvvürlərimiz şəxsi meyarlarımız və arzularımız əsasında formalaşmasın. Bundan qaçınmaq nəyə görə vacibdir? Müqəddəs Yazıları araşdıran zaman məhdud və qeyri-kamil nöqteyi-nəzərə malik olan bizlərə elə gələ bilər ki, Yehovanın bəzi işləri bir o qədər də düzgün deyil. Qədimdə israillilər bu cür düşünməyə başlamış və Yehovanın onlara münasibəti ilə bağlı yanlış nəticəyə gəlmişdilər. Görün Yehova onlara nə demişdi: «Siz “Xudavəndin yolu düz deyil” deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?» (Yez. 18:25).

6 Yehova haqda şəxsi meyarlarımız əsasında mülahizə yürütmək tələsinə düşməmək üçün baxışlarımızın məhdud, bəzən isə tamamilə səhv olduğu faktını qəbul etməliyik. Əyyub da bunu öyrənməli idi. Bəlalarla üzləşən Əyyub məyusluqla mübarizə aparmalı olmuşdu. Diqqətini müəyyən mənada özünə cəmlədiyindən daha vacib olan məsələlər onun nəzərindən qaçmışdı. Buna baxmayaraq, Yehova məhəbbətdən irəli gələrək Əyyuba hərtərəfli baxışa yiyələnməyə kömək etdi. Yehova Əyyuba bir-birindən fərqli 70-dən çox sual verməklə ona hər şeyi tam başa düşmədiyini göstərdi. Bu sualların birinə də olsun cavab verə bilməyən Əyyub təvazökarlıq göstərib düşüncə tərzini dəyişdi. (Əyyub 42:1—6 ayələrini oxu.)   

w17.06 s. 25, abz. 12

Mühüm məsələni unutmayın

12 Bəs Əyyub bu qədər sınaqlara tab gətirəndən sonra Yehova birbaşa məsləhət verməklə ona qarşı sərt davranmamışdı ki? Xeyr. Heç Əyyub da belə düşünmürdü. Peyğəmbər Yehovanın məsləhətini qəbul etdi. O hətta belə demişdi: «Sözlərimi geri götürürəm, torpaq içində, kül içində tövbə edirəm» (Əyy. 42:1—6). Bu sözlər Yehovanın birbaşa, amma düşündürücü məsləhətinin təsiri idi. Bundan bir müddət əvvəl Əlihu da Əyyub peyğəmbərə düşüncə tərzini dəyişməsi ilə bağlı məsləhət vermişdi (Əyy. 32:5—10). Əyyub Yehovanın məsləhətinə qulaq asıb düşüncə tərzini dəyişdi. Sınaqlar qarşısında sadiq qaldığına görə Yehova onu başqalarının yanında təriflədi (Əyy. 42:7, 8).

w22.06 s. 25, abz. 17, 18

«Ümidini Yehovaya bağla»

17 Əyyub peyğəmbər ağır sınaqlar zamanı cəsarətli və möhkəm qalan Yehovanın xidmətçilərindən sadəcə biridir. Həvari Bulus ibranilərə məktubunda «böyük şahidlər buludu» adlandırdığı bir çox Yehovanın xidmətçisinin adını çəkmişdi (İbr. 12:1). Onlar ağır sınaqlardan keçmişdilər, buna baxmayaraq, həyatları boyu Yehovaya sədaqətlərini qorumuşdular (İbr. 11:36—40). Görəsən, onların gördüyü işlər, göstərdikləri dözüm əbəs yerə idi? Qətiyyən yox! Onlar sağ olduqları müddətdə Yehovanın bütün vədlərinin həyata keçdiyini görməsələr də, ümidlərini həmişə Yehovaya bağlamışdılar. Onlar Yehovanın razılığını qazandıqlarına əmin olduqları üçün Onun vədlərinin yerinə yetdiyini görəcəklərinə də əmin idilər (İbr. 11:4, 5). Onların nümunəsi bizə güc verir ki, bundan sonra da ümidimizi Yehovaya bağlayaq.

18 Yaşadığımız bu dünya get-gedə daha betər hala düşür (2 Tim. 3:13). Şeytan Allahın xalqını sınamağa hələ də davam edir. Gələcəkdə hansı çətinliklə üzləşiriksə-üzləşək, Yehovanın yolunda var gücümüzlə çalışmağa qətiyyətli olmalıyıq. Çünki biz «ümidimizi... var olan Allaha bağlamışıq» (1 Tim. 4:10). Yadda saxlayın ki, Əyyubun sonda aldığı nemətlər göstərir ki, «Yehova çox mehriban və mərhəmətlidir» (Yaq. 5:11). Gəlin biz də Yehovaya sadiq qalaq və əmin olaq ki, Yehova «Onu cidd-cəhdlə axtaranlara mükafat» verəcək. (İbranilərə 11:6 ayəsini oxuyun.)

Hikmət xəzinəsindən incilər

it-2-E s. 808

Rişxənd

Əyyub saleh insan idi və rişxəndlərə baxmayaraq, sadiqliyini qorudu. Amma o, baş verənlərə yanlış nöqteyi-nəzərdən yanaşırdı, buna görə də ona düzəliş edilmişdir. Əlihu onun haqda belə sözlər demişdi: «Əyyub kimisi varmı? O, rişxəndləri su kimi qurtum-qurtum içir» (Əy 34:7). Əyyub daha çox öz adının təmizə çıxması haqda düşünürdü, nəinki Allahın və öz salehliyini ucaltmağa çalışırdı (Əy 35:2; 36:24). Üç «dostunun» rişxəndlərini isə Allaha yox, özünə aid edirdi. O sanki söylənilən rişxəndləri suyu iştahla, qurtum-qurtum içən adam kimi qəbul edirdi. Sonradan Yehova Əyyuba izah etdi ki, əslində həmin rişxəndçilər Allah haqda yalan deyirdilər (Əy 42:7). Buna oxşar sözləri xalq yeni padşah tələb edəndə Yehova İşmuil peyğəmbərə demişdi: «Onlar səni rədd etmirlər, bir padşah kimi Məni rədd edirlər» (1İş 8:7). İsa şagirdlərinə demişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək, [sizin adınıza görə yox]» (Mt 24:9). Bütün bunları yadda saxlamaqla məsihi bütün rişxəndlərə düzgün əhval-ruhiyyə ilə tab gətirə biləcək və göstərdiyi dözümünün mükafatını alacaq (Lk 6:22, 23).

5—11 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 1—4

Allahın Padşahlığının tərəfini tutun

w21.09 s. 15—16, abz. 8

«Bütün xalqları silkələyəcəyəm»

8 Bəs insanlar buna necə münasibət göstərir? Əksəriyyət bu xəbəri qəbul etmir. (Zəbur 2:1—3 ayələrini oxuyun.) Xalqlar vurnuxur, onlar Yehovanın məsh etdiyi Hökmdarı qəbul etmirlər. Aydındır ki, onlar Padşahlıq haqda təbliğ etdiyimiz xəbərin «müjdə» olduğunu düşünmürlər. Hətta bəzi hökumətlər öz ərazilərində təbliğ fəaliyyətimizi qadağan edib! Bu xalqların başçılarının çoxu Allaha ibadət etdiklərini iddia etsələr də, öz səlahiyyətlərindən vaz keçmək istəmirlər. Birinci əsrdəki kimi, bu gün də hökmdarlar İsanın sadiq davamçılarına hücum edirlər, bununla onlar İsaya, Yehovanın məsh etdiyinə qarşı çıxmış olurlar (Həv. 4:25—28).

w16.04 s. 29—30, abz. 11

Parçalanmış dünyada bitərəf qalın

11 Malpərəstlik. Əgər biz əmlakımıza bağlı olsaq, onda çox ehtimal ki, sınaq vaxtı bitərəfliyi pozacağıq. Malavidə yaşayan Rut danışır ki, 1970-ci illərdə yaşanan təqiblər zamanı bir neçə Şahidlə bu baş vermişdi. O deyir: «Onlar öz rahat şəraitlərindən əl çəkə bilmirdilər. Bəziləri bizimlə birgə sürgünə getdilər. Lakin sonradan qaçqın düşərgəsindəki çətin həyata tab gətirə bilməyib siyasi partiyaya daxil oldular və evə qayıtdılar». Ancaq Allahın xalqının içində əksəriyyət çətin iqtisadi vəziyyətə və bütün əmlaklarının əllərindən çıxmasına baxmayaraq, bitərəfliyi qorumuşdu (İbr. 10:34).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 425

Saman

Arpa və buğda kimi dənli bitkilərin üstündəki qoruyucu incə qabıq. Saman Müqəddəs Kitabda əsasən məcazi mənada istifadə olunur. Bunun sayəsində qədimdə buğdanın necə döyüldüyündən məlumatımız olur. Biçindən sonra taxıl dənələrindən ayrılan saman yeyilmirdi və yararsız hesab olunurdu. Buna görə də saman yüngül, dəyərsiz, arzuolunmaz bir şeyi təmsil etmək üçün uyğun ifadədir. Bundan başqa, «saman» sözü dəyərli şeylərdən ayrılıb məhv ediləcək şeyləri təmsil etmək üçün də istifadə olunurdu.

İlk olaraq, xırman prosesi zamanı taxıl samandan təmizlənirdi. Daha sonra taxıl üyüdüləndə külək yüngül samanları toz kimi uçururdu. Bu nümunə Yehovanın dönükləri və şər insanları Öz xalqı arasından çıxarıb necə məhv edəcəyini çox yaxşı təsvir edir (Əy 21:18; Zb 1:4; 35:5; Əş 17:13; 29:5; 41:15; Hş 13:3). Allahın Padşahlığı düşmənlərini əzib toza döndərəcək. Onlar küləkdə sovrulub gedən saman kimi olacaqlar (Dn 2:35).

Adətən heç bir işə yaramayan samanlar bir yerə yığılıb yandırılırdı. Əks halda külək onları yenidən taxılın arasına gətirə bilərdi. Vəftizçi Yəhya pis din xadimlərinin alacaqları cəzanı təsvir etmək üçün bu nümunədən istifadə etmişdi. İsa Məsih buğdanı yığacaq, «samanı isə sönməz oda atıb yandıracaq» (Mt 3:7—12; Lk 3:17).

12—18 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 5—7

Başqalarının əməllərinə baxmayaraq, sadiq qalın

w21.03 s. 14, abz. 7, 8

Müqəddəs Kitabdan güc alaq

7 Heç olubmu ki, dostunuz, yaxud ailə üzvünüz etibarınızı sarsıtsın? Onda Davud padşahın başına gələn hadisələri oxumağınızın sizə çox köməyi olacaq. Oğlu Absalam ona satqın çıxmışdı, taxtını ələ keçirmək istəyirdi (2 İşm. 15:5—14, 31; 18:6—14).

8 1) Dua edin. Bu hadisəni oxumazdan əvvəl Yehovaya dua edin. Üzləşdiyiniz pis rəftara görə hansı hissləri keçirdiyinizi Ona danışın (Zəb. 6:6—9). Nə hiss edirsinizsə, hər şeyi deyin. Sonra Yehovadan xahiş edin ki, oxuduğunuz parçadan bu çətinliyin öhdəsindən gəlməyinizə kömək edəcək prinsipləri tapmağa kömək etsin.

w20.07 s. 8—9, abz. 3—4

Həqiqətdə olduğunuza əmin olun

3 İmanımız yalnız Allahın xalqının təzahür etdirdiyi məsihi məhəbbətinə əsaslanmamalıdır. Nəyə görə? Təsəvvür edin ki, dindaşınız, bəlkə də, ağsaqqal və ya öncül ciddi günah işləyir. Yaxud hansısa bacı və ya qardaş sizin xətrinizə dəyir. Ya da kimsə dönük çıxır, yolumuzun həqiqət olmadığını iddia edir. Belə şeylər baş versə, siz büdrəyib, Yehovaya xidməti dayandıracaqsınız? Məğz budur: əgər imanınız Yehova ilə münasibətləriniz əsasında yox, sırf başqalarının davranışı üzərində qurulubsa, möhkəm olmayacaq. Tikdiyiniz ev, başqa sözlə, imanınız yumşaq materiallardan, yəni təkcə hisslərdən, emosiyalardan ibarət olmamalıdır, əsaslı dəlil və güclü məntiq kimi möhkəm materiallardan da olmalıdır. Siz özünüz əmin olmalısınız ki, Müqəddəs Kitabda Yehova haqqında həqiqət yazılıb (Rom. 12:2)

4 İsa Məsih demişdi ki, bəziləri həqiqəti sevinclə qəbul edəcək, amma çətinliklərlə üzləşəndə imanları zəifləyəcək. (Mətta 13:3—6, 20, 21 ayələrini oxuyun.) Ola bilsin, onlar Məsihin ardınca gedənlərin çətinliklərlə üzləşəcəyini dərk etmirdilər (Mət. 16:24). Yaxud elə düşünürdülər ki, məsihi olmaqla dərdi-sərsiz, nemətlərlə dolu, şad-xürrəm ömür sürəcəklər. Amma yaşadığımız bu dünyada problemlərin olmaması mümkün deyil. İstənilən an vəziyyət dəyişə bilər və sevincimizi itirə bilərik (Zəb. 6:6; Vaiz 9:11).

Hikmət xəzinəsindən incilər

it-1-E s. 995

Qəbir

Romalılara 3:13 ayəsində həvari Bulus Zəbur 5:9 ayəsini sitat gətirərək şər insanların və yalançıların boğazını «açıq qəbir»ə bənzədir. Açıq qəbir ölmüş və çürümüş cəsədlərlə dolu olduğu kimi, belə insanların boğazları da ölümcül və çürük sözlərlə doludur. (Mt 15:18—20 ayələri ilə əlaqələndirin.)

19—25 FEVRAL

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 8—10

«Səni mədh edərəm, ey Yehova»!

w21.08 s. 3, abz. 6

Yehovanın ailəsində qiymətli yeriniz var

6 Yehova bizə gözəl ev bəxş edib. Yehova ilk insanı yaratmazdan xeyli əvvəl Yer kürəsini yaşayış üçün hazırladı (Əyy. 38:4—6; Ərm. 10:12). Yehova xeyirxah və səxavətli olduğu üçün bizə bolluca naz-nemət verib (Zəb. 104:14, 15, 24). O, vaxtaşırı yaratdıqlarına nəzər salırdı və görürdü ki, «bu, yaxşıdır» (Yar. 1:10, 12, 31). Yehova insana yaratdığı heyrətamiz şeylər üzərində «ağalıq» verməklə onu ucaltdı (Zəb. 8:6). Allahın niyyəti odur ki, kamil insanlar əbədiyyən Onun yaratdıqlarının qayğısına qalıb, sevinc duysunlar. Bu möhtəşəm vədə görə Yehovaya daima minnətdarlığınızı bildirirsiniz?

w20.05 s. 23, abz. 10

Allahın verdiyi ənamları qiymətləndirək

10 Danışmaq ənamını qiymətləndirdiyimizi necə göstərə bilərik? Bunun bir yolu təkamül nəzəriyyəsinə inananlara nəyə görə Allahın varlığına iman etdiyimizi izah etməkdir (Zəb. 9:1; 1 But. 3:15). Təkamül nəzəriyyəsini yayanlar iddia edir ki, yer və yer üzündəki həyat təsadüf nəticəsində əmələ gəlib. Müqəddəs Kitabın və bu məqalədəki bəzi fikirlərin vasitəsilə səmavi Atamız haqda şahidlik verə bilərik. Həmçinin bizi dinləməyə meyilli olanlara izah edə bilərik ki, Yehovanın yerin və göyün Yaradanı olduğuna nəyə görə inanırıq (Zəb. 102:25; Əşy. 40:25, 26).

w22.04 s. 7, abz. 13

Danışıqda nümunəsiniz?

13 Nəğmələrimizi ürəkdən oxuyun. Nəğmələrimizi oxuyan zaman məqsədimiz Yehovanı vəsf etmək olmalıdır. Sara adlı bacı yaxşı oxumağı bacardığını düşünmür. Amma yenə də onun ürəyində Yehovanı nəğmələrdə tərənnüm etmək istəyi var. Bunun üçün o, yığıncağın digər bəndlərinə hazırlaşdığı kimi, nəğmələrə də hazırlaşır. O, nəğmələri məşq edir və sözlərinin yığıncaqda müzakirə olunacaq mövzu ilə əlaqəsini görməyə çalışır. O deyir: «Fikrimi nəğmənin sözlərinə cəmləyəndə yaxşı oxumağı bacarmadığıma görə çox narahat olmuram».

Hikmət xəzinəsindən incilər

w23.03 s. 18—19, abz. 14

Xilqətə baxıb Yehovanı tanıyın

14 Davud Yehovanın yaratdıqları barədə dərin düşüncələrə dalırdı. O, Yehovaya demişdi: «Xəlq etdiyin göylərə, əllərinin işinə, yaratdığın aya, ulduzlara baxanda düşünürəm: fani insan nədir ki, onu xatırlayırsan?» (Zəb. 8:3, 4). Davud gecə ulduzlu səmanı seyr edərkən sadəcə Kainatın gözəlliyinə valeh olmurdu. O həmçinin ulduzlardan Yehova barədə nə öyrəndiyi üzərində düşünürdü. O, Yehovanın necə əzəmətli Allah olduğunu öyrəndi. Bir dəfə isə Davud ana bətnində necə formalaşdığı barədə düşünmüşdü. Necə heyrətamiz şəkildə yaradıldığı barədə düşüncələrə dalmaq ona Yehovanın hikmətini qiymətləndirməyə kömək etdi (Zəb. 139:14—17).

26 FEVRAL — 3 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 11—15

Özünüzü sülh içində olan yeni dünyada təsəvvür edin

w06 1/6 s. 8, abz. 4

«Zəbur» kitabının birinci hissəsindən diqqətəlayiq fikirlər

11:3—Bu ayədə söhbət hansı təməllərin dağıdılmasından gedir? İnsan cəmiyyəti aşağıdakı təməllər üzərində dayanıb: qanun, intizam və ədalət məhkəməsi. Bütün bunlar nizamsız halda olanda cəmiyyətdə qatma-qarışıqlıq yaranır, haqq-ədalət yerinə ədalətsizlik hökm sürür. Belə şəraitdə «salehlər» Allaha bütün ürəkləri ilə güvənməlidirlər (Məzmur 11:4-7).

wp16.4 s. 11

Zorakılığın olmayacağı dünya

Müqəddəs Kitabda deyilir ki, Allah yer üzündən bütün zorakılığı siləcək. Bu zalım dünyanın sonu, «allahsızların məhv ediləcəyi» hökm günü yaxınlaşır (2 Butrus 3:5—7). Daha başqalarına zülm çəkdirən zalım insanlar olmayacaq. Necə əmin ola bilərik ki, Allah zorakılığı aradan qaldırmaq istəyir?

Müqəddəs Kitabda yazılıb ki, Allah «zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5). Yaradanımız sülhü və ədaləti sevir (Zəbur 33:5; 37:28). Buna görə də O, zülmkar insanlara əbədiyyən dözməyəcək.

w17.08 s. 6, abz. 15

Səbirlə gözləməyə əzmlisiniz?

15 Davud peyğəmbər nə üçün səbirlə gözləməyə hazır idi? O, dörd dəfə «nə vaxtadək» ifadəsini işlətdiyi məzmurda bu suala cavab verir: «Sənin məhəbbətinə güvənirəm, ürəyim verdiyin qurtuluşdan şadlanacaq. Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib» (Zəb. 13:5, 6). Davud peyğəmbər Yehovanın məhəbbətinə güvənirdi. O, qurtuluşunu şadyanalıqla gözləyirdi və Yehovanın ona verdiyi gözəl nemətlər üzərində düşünürdü. Bəli, Davud peyğəmbər əbəs yerə gözləmədiyinə əmin idi.

kr s. 236, abz. 16

Padşahlıq yer üzündə Allahın iradəsini yerinə yetirir

16 Əmin-amanlıq. Əvvəl-axır Əşiya 11:6—9 ayələrində bədii dillə təsvir olunan və ürəyi isindirən sözlər hərfi mənada yerinə yetəcək. Həm kişilər, həm qadınlar, həm də uşaqlar dünyanın istənilən yerində təhlükəsizlikdə və əmin-amanlıqda olacaqlar. Heç bir canlı varlıq — nə insanlar, nə də heyvanlar təhlükəli olmayacaq. Bir anlıq düşünün: elə bir vaxt gəlib ki, planetin hər yerində özünüzü evinizdəki kimi hiss edirsiniz. Siz qorxu-hürkü bilmədən çaylarda, göllərdə və dənizlərdə üzür, dağlarda, təpələrdə gəzir, çəmənlikləri seyrə çıxırsınız. Gecələr arxayınlıqla başınızı yastığa qoyursunuz. Bəli, Hizqiyal 34:25 ayəsindəki sözlər gerçəkləşəcək və Allahın xalqı çöllükdə asudə yaşayacaq və meşələrdə yatacaq.

Hikmət xəzinəsindən incilər

w13 15/9 s. 19—20, abz. 12

Büsbütün dəyişmisənmi?

12 Təəssüflər olsun ki, bu gün bizim də əhatəmizdə Pavelin təsvir etdiyi kimi insanlar var. Görünür, onlar düşünürlər ki, müəyyən norma və standartlara uyğun yaşamaq artıq dəbdən düşüb və ya fanatiklikdir. Bir çox müəllim və valideynlər sərbəstliyə üstünlük verirlər. Onların fikrincə, hər şey nisbidir, mütləq heç nə yoxdur. Hətta dindar olduqlarını iddia edənlərin əksəriyyəti düşünür ki, doğru hesab etdikləri işləri görməkdə sərbəsdirlər və bu məsələdə Allahın göstəriş və əmrlərinə tabe olmağa borclu deyillər (Məz. 14:1). Bu cür əhval-ruhiyyə məsihçilər üçün əsil təhlükə ola bilər. Əgər məsihçi ehtiyatlı olmasa, bu kimi düşüncə tərzi teokratik işlərə olan münasibətinə təsir göstərə bilər. O, yığıncaqla ayaqlaşmaq istəməyə, hətta ürəyincə olmayan hər şeyə görə şikayətlənə bilər. Yaxud o, əyləncəyə, İnternetdən istifadə etməyə, ali təhsil almağa dair Müqəddəs Kitaba əsasən verilən məsləhətlərlə tam razılaşmaya bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş