«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
4—10 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 16, 17
Yehova yaxşılığımızın mənbəyidir
Gənclər, gəncliyinizi gözəl yaşayın!
ƏSL DOSTLAR QAZANIN
11 Zəbur 16:3 ayəsini oxuyun. Davud əsl dostlar qazanmağın sirrini bilirdi. O, Yehovanı sevənlərin əhatəsində olmağı zövqü-səfa adlandırırdı. Davud dostlarının «müqəddəs bəndələr» olduğunu söyləməklə onların təmiz əxlaqlı, düzgün insanlar olduğunu qeyd edirdi. Başqa bir məzmurçu da dost seçimi haqda oxşar fikirlər söyləmişdi. O demişdi: «Səndən qorxanlarla, buyruqlarına əməl edənlərlə dostam» (Zəb. 119:63). Ötən məqalədə araşdırdığımız kimi, siz Yehovaya itaət edən, Ondan qorxan insanlar arasında çoxlu yaxşı dostlar tapa bilərsiniz və vacib deyil ki, onlar sizinlə eyni yaşda olsunlar.
Yehovanın camalına baxın
Davud oxuyurdu: «Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü» (Məz. 16:5, 6). Davud öz payı, yəni Yehova ilə sıx münasibətlərə və Ona xidmət etmək üstünlüyünə malik olduğu üçün minnətdarlığını bildirmişdi. Davud kimi, biz də çətinliklərə tab gətirməli oluruq, amma bizim çoxlu xeyir-dualarımız olur! Buna görə də gəlin həqiqi ibadətdən zövq almağa davam edək və həmişə Yehovanın ruhani məbədinə pərəstiş edək.
Daima Yehovaya üz tutun
2 Hamımız Müqəddəs Kitabdakı məşhur şəxslərdən — İbrahim, Sara, Musa, Rut, Davud, Ester, həvari Pavel və başqalarından çox şey öyrənə bilərik. Ancaq az tanınan adamların hadisəsindən də faydalanmaq mümkündür. Müqəddəs Kitabdakı hadisələr üzərində düşünmək, məzmurçunun «Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram» sözlərinə müvafiq davranmağımıza kömək edə bilər (Məz. 16:8). Bu sözlərin mənası nədir?
3 Əsgər qılıncını adətən sağ əlində tuturdu və sol əlindəki qalxanı ilə sağ tərəfini qoruya bilmirdi. Lakin sağ tərəfində dostu olardısa, onu qoruyurdu. Yehovanı daima yadımızda saxlasaq və Onun iradəsini yerinə yetirsək, O bizi qoruyacaq. Buna görə də gəlin görək, Müqəddəs Kitab hadisələrini nəzərdən keçirməyimiz Yehovaya ‘əbədilik üz tutmağımız’ üçün imanımızı necə möhkəmləndirə bilər.
Hikmət xəzinəsindən incilər
Gənclər, gəncliyinizi gözəl yaşayın!
16 Zəbur 16:2, 4 ayələrini oxuyun. Ötən məqalədən gördüyümüz kimi, Allahın qanun və prinsipləri əsasında yaşamaq bizə azadlıq bəxş edir. Onların sayəsində yaxşını sevməyi, pisə isə nifrət etməyi öyrənirik (Ams. 5:15). Məzmurçu Davud Yehovanı «yaxşılığımın mənbəyi» adlandırmışdı. Yaxşılıq sözü yüksək mənəviyyat, ləyaqət deməkdir. Davud yaxşılıq etməkdə Yehovaya bənzəmək üçün əlindən gələni edirdi. O həmçinin Yehovanın gözündə pis olan şeylərə nifrət etməyi öyrənirdi. Bunlardan biri bütpərəstlik idi. Bütpərəstlik insanın ləyaqətini alçaldır və Yehovanın layiq olduğu şərəfi bir başqasına verir (Əşy. 2:8, 9; Vəhy 4:11).
11—17 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 18
«Yehova... mənim nicatımdır»
Yehovanın verdiyi sevinc bizə qaladır
Həmçinin Müqəddəs Kitab Yehovanı cansız cisimlərə də bənzədir. O, «İsrailin Qayası», ‘qala’, ‘qüllə’ adlanır (2 Şamuel 23:3; Məzmur 18:2; Qanunun təkrarı 32:4). Burada bənzərlik nədədir? Böyük qaya yerində möhkəm durduğu, sarsılmaz olduğu kimi, Yehova Allah da bizim üçün məhz bu cür e’tibarlı Sığınacaq ola bilər.
5 «Zəbur» kitabı Yehovanın şəxsiyyətinin müxtəlif yönlərini təsvir edən bədii ifadələrlə zəngindir. Məsələn, Yehova həyat, işıq, qüvvə mənbəyi olduğu və müdafiə təqdim etdiyi üçün Onun haqqında Məzmur 84:11 ayəsində ‘günəş və sipər’ kimi danışılır. Digər tərəfdən isə Məzmur 121:5 ayəsində deyilir ki, Yehova «sağ tərəfindədir, sənə kölgədir». Kölgə insanı qızmar günəşdən qoruduğu kimi, Yehova da Öz xidmətçilərini fəlakət vaxtı ‘əlinin’ və ya «qanadlarının» kölgəsində müdafiə edə bilər (Yeşaya 51:16; Məzmur 17:8; 36:7).
Yehova bizi dinləyir
5 Bu gün biz növbəti sözlərdən təsəlli tapa bilərik: «Sən fəryad edəndə O, sənə lütf göstərəcək» (Əşy. 30:19). Əşiya bizi arxayın edir ki, biz fəryad edəndə Yehova bizi diqqətlə dinləyəcək və fəryadımıza dərhal cavab verəcək. Əşiya həmçinin əlavə edir: «Səsini eşitcək sənə hay verəcək». Bu sözlər bizi əmin edir ki, Atamız ondan imdad diləyənlərin dadına yetməyə hazırdır. Bunu bilmək bizə sevinclə dözməyə kömək edir.
Dua ənamını qiymətləndirək
BİZİM heyrətamiz bir ənamımız var — yerin və göyün Yaradanına dua edə bilərik. Bir düşünün: biz istənilən vaxt, istənilən dildə ürəyimizi Allaha boşalda bilərik, bunun üçün növbəyə yazılmaq lazım deyil. İstər xəstəxanada, istər həbsxanada dua edək, biz əminik ki, harada olsaq da, səmavi Atamız bizi eşidir. Biz bu ənama əhəmiyyətsiz yanaşmırıq.
Narahatlığın öhdəsindən rahat gələ bilərsiniz
2. Düşünün. Həyatınızda elə çətinliklər olubmu ki, onlara yalnız Yehovanın köməyi sayəsində tab gətirə bilmisiniz? Yehovanın şəxsən bizə, həmçinin keçmişdəki xidmətçilərinə dayaq olduğu haqda düşünəndə özümüzdə güc tapırıq və Yehovaya etibarımız artır (Zəb. 18:17—19). Coşua adlı bir ağsaqqal deyir: «Yehova dualarıma cavab verdikcə onları bir siyahıya yazıram. Bu mənə kömək edir ki, Yehovanın konkret dualarıma necə dəqiqliklə cavab verdiyi vaxtları unutmayım». Doğrudan da, Yehovanın bizdən ötrü indiyə qədər etdikləri haqda düşünəndə narahatlığa üstün gəlmək üçün yenidən güc tapırıq.
Hikmət xəzinəsindən incilər
it-1-E s. 432, abz. 2
Kərrub
Bəziləri bu təsvirlərin bütpərəst xalqların sitayiş etdiyi vəhşi qanadlı məxluqlara bənzədiyinə inanırlar, lakin bu belə deyil. Bütün qədim yəhudi ənənələrinə görə bu kərrublar insana bənzəyirdilər (Müqəddəs Kitabda bu haqda heç nə yazılmayıb). Bunlar mələklərin heyrətamiz gözəlliyini təsvir edən sənət əsərləri idi və eynilə Yehovanın Musaya göstərdiyi nümunə əsasında hazırlanmışdı (Çx 25:9). Həvari Bulus onları «sandığın üstündə şanlı kərrublar» kimi təsvir edir (İb 9:5). Bu kərrublar Yehovanın zühuru ilə əlaqələndirilir: «Mən qapağın üstündə sənə görünüb oradan səninlə danışacağam. İsraillilərə çatdıracağın bütün fərmanları sənə Şəhadət sandığının üstündəki kərrubların arasından bildirəcəyəm» (Çx 25:22; Sy 7:89). Buna görə də Yehova «kərrubların üstündə [və ya kərrubların arasında] oturan» kimi təsvir olunur (1İş 4:4; 2İş 6:2; 2Pd 19:15; 1Sm 13:6; Zb 80:1; 99:1; Əş 37:16). Məcazi mənada kərrublar Yehovanın mindiyi araba idi (1Sm 28:18) və onların qanadları isə müdafiəni və sürəti təmin edirdi. Buna görə də, Davud poetik bir mahnıda Yehovanın ona dərhal kömək etdiyini vurğulamaq üçün Allahın sanki «kərruba minib uçaraq gəldi»yini, hətta «mələyin qanadı üzərində zühur etdi»yini söylədi (2İş 22:11; Zb 18:10).
18—24 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 19—21
«Göylər Allahın əzəmətini bəyan edir»
Hamı Yehovanın izzətini bəyan etsin
YESSE oğlu Davud gənc yaşlarından Beytlehemin ətrafında qoyun otarırdı. O, atasının uzaq örüşlərdəki qoyun sürülərinə növbə çəkərkən, ehtimal ki, gecənin sükunətində ucsuz-bucaqsız ulduzlu səmaya necə də tez-tez nəzər salırdı! Allahın müqəddəs ruhu vasitəsilə ilhamlanaraq 19-cu məzmurdakı növbəti sözləri yazarkən, şübhəsiz ki, həmin aydın təəssüratlar onun xəyalında canlanırdı: “Göylər Allahın izzətini bəyan edər; və göy qübbəsi əllərinin işini e’lan eylər. Onların ahəngi bütün dünyaya və sözləri yerin ucuna varmışdır” (Məzmur 19:1, 4).
2 Dil bilmədən, söz söyləmədən və hətta səs çıxarmadan belə, Yehovanın yaratdığı ehtiram oyadan göylər gündən-günə, gecədən-gecəyə Onun izzətini bəyan edir. Yaradılmış şeylər Allahın izzətini susmadan bəyan edir və onların səssiz şahidliyinin ‘bütün dünya’ sakinlərinə çatdığına yalnız həlimliklə nəzər yetirmək olar. Lakin yaradılmış şeylərin səssiz şahidlik etməsi kifayət deyil. Bu şahidliyə sadiq insanların da səsi qoşulmalıdır. Adı çəkilməyən məzmurçu Yehovanın sadiq xidmətçilərinə bu sözlərlə müraciət etmişdir: “İzzəti və qüdrəti Rəbbə verin. İsminin izzətini Rəbbə verin” (Məzmur 96:7, 8). Yehova ilə yaxın münasibətlərə malik olanlar bu də’vətə sevinclə hay verirlər. Bəs Allaha izzət vermək nə deməkdir?
Yaradılan varlıqlar Allahın izzətini bəyan edir!
8 Sonra Davud Yehovanın yaratdığı başqa bir xariqəni təsvir edir: “Allah günəş üçün göylərdə çadır qurur, günəş gərdəyindən bəy kimi çıxır, qaçışa çıxan bir igid kimi şad olur. Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, heç nə istisindən gizlənə bilmir” (Məzmur 19:4-6, MKŞ).
9 Başqa ulduzlarla müqayisədə Günəş yalnız kiçik ölçüyə malikdir. Buna baxmayaraq, Günəş təəccüb doğuran ulduzdur və onun orbitində fırlanan planetlərdən olduqca kiçikdir. Bir mənbəyə əsasən, Günəşin kütləsi “2 milyard milyard milyard tondur” — bu, bütün Günəş sistemi kütləsinin 99,9 faizidir! Günəşin cazibə qüvvəsi sayəsində, Yer Günəşdən uzaqlaşmadan və ona yaxınlaşmadan 150 milyon kilometr radiuslu orbitdə dayanır. Günəş enerjisinin yalnız iki milyarddan bir hissəsi yerə gəlib çatır, lakin həyatın davam etməsi üçün bu kifayətdir.
10 Məzmurçu Günəşi məcazi dillə təsvir edərək, onun haqqında gün ərzində göyün bir ucundan digər ucuna qaçan, gecə vaxtı isə öz “çadırına” qayıdan “bəy” kimi danışır. Günəş üfüqə doğru enəndə, yerdəki müşahidəçiyə elə gəlir ki, o, sanki istirahət etmək üçün öz “çadırına” qayıdır. Səhər göy üzü yenidən işıqlanır; Günəş “gərdəyindən bəy kimi çıxır”. Davud bir çoban kimi, axşamlar bərk soyuq olduğunu bilirdi (Təkvin 31:40). O, Günəş şüalarının onu və ətrafındakı ərazini necə tez isitdiyini xatırlayırdı. Aydındır ki, Günəş öz səyahətindən yorulmurdu, lakin qüvvətli bir “igid” kimi öz yolunu təkrar etməyə hazır idi.
«Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir»
Yehovanın əl işlərinə «fikir verin». İsa bizi «göy quşlarına» fikir verməyə və «zanbaqların necə boy atdığına baxıb» ibrət almağa təşviq edir (Mat. 6:26, 28). Bu, bizim imanımızı gücləndirə və Yaradana etibarımızı möhkəmləndirə bilər, eləcə də Yehovanın müdrikliyinə, Öz xalqını xilas etmək qüvvəsinə və məhəbbətinə görə minnətdarlığımız artıra bilər. Həddən artıq bu dünyanın işlərinə aludə olmaqdansa, Yehovanın yaradılış möcüzələrini seyr etmək və onların bizə Allah haqqında dedikləri üzərində düşünmək üçün vaxt ayırmaq və səy göstərmək daha yaxşı olardı (Məz. 19:1).
Hikmət xəzinəsindən incilər
Yehovanın niyyəti mütləq çin olacaq!
5 Yehova Allah Kainatdakı hər bir şey üçün qanun qoyub. O, həm təbiət, həm də əxlaq qanunları təsis edib ki, xilqət arasında həmahənglik olsun (Zəb. 19:7—9). Varlıq aləmindəki nizama diqqət yetirdikdə aydın olur ki, hər şey öz yerində qərar tutub və yarandığı məqsədə xidmət edir. Xilqətin həmahəng şəkildə fəaliyyət göstərməsi üçün Yehova müəyyən qanunlar qoyub. Məsələn, cazibə qanunu atmosferin Yer səthinə yaxın olmasını, okean və dəniz sularının qabarma və çəkilməsini təmin edir, həmçinin insan həyatı üçün son dərəcə əhəmiyyətli rol oynayır. Bütün xilqət, eləcə də insanlar bu qanunlara tabe olur. Allahın təsis etdiyi qanunlar sübut edir ki, O, Yeri və insanları gözəl məqsədlə yaradıb. Gəlin təbliğ etdiyimiz insanlara bu əsrarəngiz Kainatın Yaradanı ilə yaxından tanış olmağa kömək edək (Vəhy 4:11).
25—31 MART
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 22
İsa Məsihin ölümü haqda peyğəmbərliklər
Onlar Məsihi tapdılar!
16 Bəziləri Allahın Məsihi tərk etdiyini düşünəcəkdilər. (Məzmur 22:1 ayəsini oxu.) Peyğəmbərliyə müvafiq olaraq, «saat üçdə İsa ucadan: “Eli, Eli, lama sabaxtani?” — yəni “Allahım, Allahım, niyə məni tərk etdin?” — dedi» (Mark 15:34). İsanın səmavi Atasına olan imanı sarsılmadı. Allah Məsih İsadan müdafiəsini çəkərək onu düşmənlərinə təslim etdi ki, nöqsansızlığı axıradək sınansın. İsa ölümqabağı həmin sözləri ucadan deməklə Məzmur 22:1 ayəsindəki peyğəmbərliyi yerinə yetirdi.
Onlar Məsihi tapdılar!
13 Davud Məsihin təhqirlərə məruz qalacağını söyləmişdi. (Məzmur 22:7, 8 ayələrini oxu.) İsa işgəncə dirəyində əzab çəkərkən təhqirlərə məruz qaldı. Matta yazır: «Oradan keçənlər başlarını bulaya-bulaya onu söyür və deyirdilər: “Məbədi dağıdıb üç günə tikənə bax! Özünü niyə xilas etmirsən? Əgər Allahın oğlusansa, işgəncə dirəyindən düş!”» Böyük kahinlər, mirzələr və ağsaqqallar da onu ələ salırdılar: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Əgər o, İsrailin Padşahıdırsa, qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”,— deyirdi» (Mat. 27:39—43). Lakin İsa bütün bunlara ləyaqətlə tab gətirdi. Bu, bizim üçün necə də gözəl nümunədir!
Onlar Məsihi tapdılar!
14 Məsihin paltarı üçün püşk atılacaqdı. Məzmurçu yazırdı: «Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar» (Məz. 22:18). Bu sözlər yerinə yetdi: Roma əsgərləri İsanı «dirəyə mıxladılar və püşk atıb əbasını aralarında böldülər». (Mat. 27:35; Yəhya 19:23, 24 ayələrini oxu.)
Hikmət xəzinəsindən incilər
Müqəddəs görüşlərimizə hörmətlə yanaşırıq
7 Görüşlərimizə olan hörmət müxtəlif şeylərdə əks olunur. Bunlardan biri Padşahlıq mahnılarını oxuyan zaman zalda olmaqdır. Mahnılardan çoxu dua formasında yazıldığı üçün ehtiramla ifa edilməlidir. 22-ci məzmurdan sitat gətirərək həvari Pavel İsa haqqında yazırdı: «Sənin adını Mənim qardaşlarıma agah edəcəyəm; camaat içində Sənə nəğmə ilə həmd edəcəyəm» (İbranilərə 2:12). Buna görə də aparıcı mahnının nömrəsini e’lan etməmiş artıq yerimizdə olmalı, oxuyanda diqqətimizi mahnının mə’nasına cəmləşdirməliyik. Gəlin biz də məzmurçu kimi bu mahnıları eyni hisslərlə oxuyaq: «Əməlisalehlər məclisində, icma arasında Rəbbə bütün qəlbimlə şükür edəcəyəm» (Məzmur 111:1). Bəli, Yehovaya həmd nəğmələri oxumaq görüşlərə vaxtında gəlmək və axıra kimi qalmaq üçün vacib səbəblərdən biridir.
«Toplantı içində» Yehovanı mədh edin
12 Hər birimizin yığıncaqda nəğmə oxumaq, şərhlər vermək imkanı var (Zəb. 22:22). Amma bəzilərinə hamının içində bunu etmək çox çətindir. Bəs sizə? Əgər sizə də çətindirsə, yəqin, bilmək istəyərdiniz, başqaları bunun öhdəsindən necə gəlib.
1—7 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 23—25
«Yehova mənim Çobanımdır»
br1 s. 22—23, abz. 9, 10
Yehova bizim çobanımızdır
9 Birincisi, Yehova Öz xalqını aparır. Davud yazırdı: «O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, ismi şərəfinə salehlik yolu ilə aparır» (Məzmur 23:2, 3). Burada Davud əmin-amanlıq, rahatlıq və məmnunluq mənzərəsini təsvir edir: qoyunlar yaşıl çəmənlikdə dincəlir. «Çəmənlik» kimi tərcümə olunan ibrani sözü, həm də «gözəl yer» mə’nasını daşıyır. Çox güman ki, qoyunlar rahat yata biləcəkləri yaxşı çəmənliyi özləri tapa bilməzdilər. Onları belə «gözəl yerə» çoban gətirməli idi.
10 Bəs bu gün Yehova bizi necə aparır? İlk öncə Öz nümunəsi ilə. Onun Kəlamı «Allahı təqlid edin» deyə, bizi təşviq edir (Efeslilərə 5:1). Bu sözlərin kontekstində şəfqət, bağışlamaq və məhəbbət xatırladılır (Efeslilərə 4:32; 5:2). Əlbəttə, bu gözəl xüsusiyyətlərə dair ən yaxşı nümunəni Yehova verir. Bəs bizdən Onu təqlid edə biləcəyimizi gözləməsi qeyri-realdırmı? Xeyr. Əslində bu məsləhəti verməklə, Yehova bizə e’tibar etdiyini göstərir. Hansı mə’nada? Biz Allahın surətində yaradılmışıq, yə’ni bizə mə’nəvi xüsusiyyətlər və ruhani şeyləri qəbul etmək qabiliyyəti bəxş edilib (Yaradılış 1:26). Buna görə də Yehova bilir ki, qeyri-kamil olsaq da, Onun təzahür etdirdiyi xüsusiyyətləri inkişaf etdirmək bacarığımız var. Bir təsəvvür et: məhəbbətli Allahımız əmindir ki, biz Onun kimi ola bilərik! Əgər Onun nümunəsini izləyəriksə, məcazi dildə desək, O bizi «gözəl yerə» aparacaq. Bu amansız dünyada biz «əmin-amanlıqda» yaşayacağıq və Allahın bizdən razı qaldığını bilərək, rahatlıq hiss edəcəyik (Məzmur 4:8; 29:11).
br1 s. 24—25, abz. 13—15
Yehova bizim çobanımızdır
13 Davud öz əminliyinin ikinci səbəbini göstərir: Yehova Öz qoyunlarını qoruyur. Biz oxuyuruq: «Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir» (Məzmur 23:4). Bu ayədən başlayaraq, Davudun Allaha «Sən» deyə müraciət etməsi, onun Yehova ilə yaxın münasibətdə olduğunu göstərir. Bu təəccüblü deyil, çünki Davud çətin anlarda Allahın ona necə kömək etdiyindən danışır. Davud dəfələrlə «qaranlıq dərədən» keçmişdi, yə’ni həyatı üçün təhlükəli olan çətinliklərlə qarşılaşmışdı. Lakin Allahın onunla olduğunu hiss etdiyi üçün qorxuya qapılmamışdı. Davud rahat idi və Allahın, məcazi dildə desək, Öz «əsa» və «dəyənəyini» əlində hazır tutub lazım olan məqamda onu qoruya biləcəyini bilirdi. Belə əminlik, şübhəsiz ki, onu Yehovaya yaxınlaşdırırdı.
14 Yehova Öz qoyunlarını bu gün necə qoruyur? Müqəddəs Kitab bizi əmin edir ki, heç bir düşmən nə cinlər, nə də insanlar Allahın xalqını yer üzündən silməyə müvəffəq olmayacaq. Yehova heç vaxt buna yol verməyəcək (Yeşaya 54:17; 2 Peter 2:9). Lakin bu o demək deyil ki, Çobanımız bizi bütün fəlakətlərdən mühafizə edəcəkdir. Bütün insanların qarşılaşdığı bəlalara biz də düçar oluruq və bundan başqa, həqiqi məsihçi olduğumuza görə də tə’qib edilirik (2 Timoteyə 3:12; Yaqub 1:2). Necə deyərlər, hərdən biz də «qaranlıq dərədən» keçməli oluruq. Məsələn, tə’qiblər və ya ağır xəstəlik ucbatından ölümlə üz-üzə gələ bilərik. Əzizlərimizdən kim isə ölüm ayağında ola bilər, hətta ölə bilər. Amma həyatımızın ən kədərli anlarında belə, Çobanımız bizimlədir və bizi qoruyur. O bunu necə edir?
15 Yehova mö’cüzəli şəkildə xilas edəcəyini və’d etmir. Ancaq bir şeyə əmin ola bilərik: hansı çətinliklərlə qarşılaşsaq da, onların öhdəsindən gəlməkdə Yehova bizə kömək edəcək. ‘Müxtəlif imtahanları’ dəf etmək üçün Yehova bizə müdriklik verəcək (Yaqub 1:2-5). Çoban dəyənəyini yalnız vəhşi heyvanları qovmaq üçün deyil, qoyunları lazımi istiqamətə yönəldərək yüngülcə itələmək üçün də istifadə edir. Hərdən Yehova da bizi həmimanlılarımız vasitəsilə ‘yüngülcə itələyə’ bilər ki, biz, lazımi köməyi təqdim edən Müqəddəs Kitab məsləhətini tətbiq edək. Bundan əlavə, təhəmmül edə bilməyimiz üçün Yehova bizi möhkəmləndirir (Filipililərə 4:13). Özünün müqəddəs ruhu vasitəsilə O bizə «ən üstün qüdrət» verə bilər (2 Korinflilərə 4:7). Allahın ruhu bizi elə möhkəmləndirə bilər ki, biz, Şeytanın başımıza yağdırdığı hər bir imtahana tab gətirə bilərik (1 Korinflilərə 10:13). Məgər Yehovanın bizə hər zaman kömək etməyə hazır olduğunu bilmək təsəlliverici deyilmi?
br1 s. 25—26, abz. 17, 18
Yehova bizim çobanımızdır
17 İndi isə Davud, öz Çobanına əmin olduğunun üçüncü səbəbini açıqlayır: Yehova Öz qoyunlarını bəsləyir və onlara bol qida verir. Davud yazır: «Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan» (Məzmur 23:5). Davud bu ayədə öz Çobanını, yemək-içməyi bol-bol verən səxavətli ev sahibi kimi təsvir edir. Qayğıkeş çobanla və səxavətli ev sahibi ilə müqayisə bir-birinə zidd deyil. Əlbəttə yaxşı çoban yaşıl otlu çəmənləri, su yerlərini yaxşı tanıyır və onun sürüsü ‘heç nəyə möhtac olmaz’ (Məzmur 23:1, 2).
18 Bəs bizim Çobanımız səxavətli ev sahibinə oxşayırmı? Buna əsla şübhə ola bilməz! Əldə etdiyimiz ruhani qidanın keyfiyyətini, miqdarını və müxtəlifliyini sadalamaq kifayətdir. Yehova «sadiq və ağıllı qul» sinfinin vasitəsilə bizə yığıncaq görüşləri və konqreslərdə qiymətli nəşrlər və zəngin proqram təqdim edir, bütün bunlar isə, ruhani tələbatlarımızı tə’min etməyimizə kömək edir (Matta 24:45-47). Biz ruhani qidadan korluq çəkmirik. «Sadiq və ağıllı qul» milyonlarla Müqəddəs Kitab və onu öyrənmək üçün vəsaitlər nəşr edir, belə nəşrlər isə 413 dildə çap olunur. Yehovanın verdiyi ruhani qida «süddən», yə’ni Müqəddəs Kitabın əsas tə’limlərindən tutmuş «qüvvətli yeməyə» dərin ruhani fikirlərədək böyük rəngarəngliyi ilə fərqlənir (İbranilərə 5:11-14). Buna görə də, çətinliklərlə qarşılaşanda, yaxud bir seçim qarşısında duranda, adətən məhz bizə lazım olan şeyləri tapa bilirik. Belə ruhani qida olmasaydı, biz nə edərdik?! Çobanımız, doğrudan da, səxavətli ev sahibidir! (Yeşaya 25:6; 65:13).
Hikmət xəzinəsindən incilər
Bütün ürəyinlə salehliyi sev
YEHOVA Kəlamı və müqəddəs ruhu vasitəsilə xalqını «salehlik yolları ilə aparır» (Məz. 23:3). Lakin biz qeyri-kamil olduğumuzdan asanlıqla bu yoldan kənara çıxa bilərik. Yenidən bu yola qayıtmaq, yəni düzgün olanı etmək üçün qətiyyətli addımlar atmaq tələb olunur. Buna necə nail ola bilərik? İsa kimi, biz də salehlik yollarını sevməliyik. (Məzmur 45:7 ayəsini oxu.)
2 «Salehlik yolları» deyildikdə nə başa düşülür? Bu «yollar» Yehovanın salehlik normaları ilə müəyyən edilir. İbrani və yunan dillərində «salehlik» sözü altında «doğru olan» nəzərdə tutulur; bu isə əxlaqi və mənəvi prinsiplərə dəqiq riayət etmək deməkdir. Müqəddəs Kitabda Yehova ‘doğruluq [və ya salehlik] yurdu’ adlanır, buna görə də Ona ibadət edənlər mənəvi baxımdan düzgün olan və getməli olduqları yolu müəyyən etmək üçün sevinclə Ona üz tuturlar (Yer. 50:7, «Kitabı Mukaddes»).
3 Yalnız Allahın salehlik normalarına bütün ürəkdən riayət etməyə çalışdığımız təqdirdə biz Onu tam razı salacağıq (Qanun. t. 32:4). Bunun üçün, ilk növbədə, Müqəddəs Kitabda Yehova Allah barədə yazılanları öyrənmək üçün bacardığımız qədər səy göstərməliyik. Yehova haqqında Onun Kəlamından nə qədər çox öyrənsək, Ona yaxınlaşacaq və salehliyini daha çox sevəcəyik (Yaq. 4:8). Üstəlik, həyatda vacib qərarlar qəbul edəndə Onun müqəddəs ruhunun təsiri altında yazılan Kəlamındakı rəhbərliyə riayət etməliyik.
8—14 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 26—28
Davud kamilliyini qorudu
Nöqsansızlıq yolu ilə yeri
8 Davud dua edirdi: «Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, qəlbimi, fikirlərimi [«böyrəklərimi», YD] saf et» (Məzmur 26:2). Böyrəklər bədənin dərinliklərində yerləşir. Onlar ən gizlin fikirləri və hissləri təmsil edir. «Ürək» altında isə insanın daxili varlığı — niyyətləri, hissləri və düşüncələri nəzərdə tutulur. Davud, Yehovanın onu diqqətlə sınaqdan keçirməsini xahiş etməklə istəyirdi ki, Allah onun gizlin fikirlərini və hisslərini tədqiq etsin.
9 Davud Allahdan xahiş edirdi ki, onun böyrəklərini və ürəyini saf etsin. Yehova bizim daxili varlığımızı necə saf edir? Davud tərənnüm edirdi: «Mənə nəsihət verən Rəbbə alqış edirəm, hətta gecələr də vicdanım [«böyrəklərim», YD] mənə ağıl öyrədir» (Məzmur 16:7). Bu nə deməkdir? Bu o deməkdir ki, Allahın məsləhətləri Davuda güclü tə’sir bağışlayır, daxilində yaşayır, onun ən gizlin fikirlərini və hisslərini islah edərək, ona öyüd-nəsihət verirdi. Əgər biz Müqəddəs Kitabın, Allahın nümayəndələrinin və ya təşkilatının vasitəsilə aldığımız nəsihətlərin üzərində minnətdarlıqla düşünürüksə və Allahın məsləhətlərini bütün qəlbimizlə qəbul ediriksə, eyni şey bizimlə də ola bilər. Yehovadan bizi saflaşdırmasını müntəzəm olaraq xahiş etməyimiz nöqsansızlıq yolu ilə getməyimizə kömək edəcək.
Nöqsansızlıq yolu ilə yeri
12 Davud nöqsansızlığı qorumaqda ona daha nəyin kömək etdiyini xatırlatdı: «Yalançı insanlarla oturmuram, ikiüzlülərlə yoldaşlıq etmirəm, yaramazların məclisinə nifrət edirəm, pislərlə oturmuram» (Məzmur 26:4, 5). Davud hətta pislərlə oturmurdu da. O, pis dostluqlara nifrət edirdi.
13 Bəs biz? Elə alınmırmı ki, biz televiziya verilişlərinə, filmlərə və İnternet səhifələrinə tamaşa edərkən yalançı insanlarla oturub-dururuq? İç üzlərini gizlədən insanlardan uzaq qaçırıqmı? Məktəbdə və ya işdə kim isə hiyləgər niyyətdən irəli gələrək yalandan özünü bizə dost kimi göstərə bilər. Məgər biz Allahın həqiqətində yeriməyən kəslərlə yaxın dostluq yaratmaq istəyirikmi? Hələ özlərini səmimi kimi göstərib, bizi Yehovaya xidmət yolundan azdırmaq istəyən dönüklər də var. Bəs məsihçi yığıncağında ikili həyat sürənlər haqda nə demək olar? Onlar da özlərinin əsl mahiyyətlərini gizlədirlər. Hazırda xidməti köməkçi kimi xidmət edən Ceysonun gənclik dostları məhz belə olmuşlar. O xatırlayır: «Bir dəfə onlardan biri mənə dedi: “Bizim indi necə yaşamağımız vacib deyil, çünki yeni dünya gələnədək biz hamımız öləcəyik. Nəyi əldən verdiyimizi də heç zaman bilməyəcəyik”. Onun sözləri məni ayıltdı. Yeni dünya gələn zaman mən ölü olmaq istəmirəm». Ceyson həmin gənclərlə dostluğu kəsməklə müdrik davrandı. Həvari Pavel xəbərdarlıq edirdi: «Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar» (1 Korinflilərə 15:33). Pis dostluqlardan uzaq durmaq necə də vacibdir!
Nöqsansızlıq yolu ilə yeri
17 Qurbangahla birgə çadır İsraildə Yehovaya ibadətin mərkəzi idi. Davud fərəh içində tərənnüm edirdi: «Ya Rəbb, məskənin olan evi, cəlalının sakin olduğu yeri sevirəm» (Məzmur 26:8).
18 Biz Yehova haqqında daha çox öyrənmək məqsədilə yığışmağı sevirikmi? Bizim dövrümüzdə həqiqi Allaha ibadətin mərkəzi — müntəzəm olaraq ruhani tə’lim keçirilən Padşahlıq Zallarıdır. Bundan əlavə, ildən-ilə vilayət, rayon və xüsusi birgünlük konqreslər keçirilir. Bu görüşlərin hamısında Yehovanın nəsihətləri səslənir. Əgər biz onları ‘çox seviriksə’, onda böyük arzu ilə görüşlərə gələcək və proqrama diqqətlə qulaq asacağıq (Məzmur 119:167). Səmimi olaraq bizim qayğımıza qalan, nöqsansızlıq yolundan möhkəm yapışmaqda bizə kömək edən həmimanlılarla birlikdə olmaq necə də xoşdur! (İbranilərə 10:24, 25).
Hikmət xəzinəsindən incilər
Yehova iztirab çəkənləri qurtarır
15 Məzmurçu Davud oxuyurdu: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Məzmur 27:10). Yehovanın məhəbbətinin istənilən valideynin məhəbbətindən qat-qat artıq olduğunu bilmək necə də təsəllivericidir! Valideynlərinin laqeydliyi, pis rəftarı, səndən imtina etmələri nə dərəcədə ağır olsa da, bu Yehovanın sənə olan qayğısına əsla tə’sir etmir (Romalılara 8:38, 39). Yadda saxla ki, Yehova sevdiyi adamları Özünə cəlb edir (Yəhya 3:16; 6:44). İnsanların səninlə necə rəftar etmələrindən asılı olmayaraq, səmavi Atan səni sevir!
15—21 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 29—31
Tərbiyə Allahın məhəbbətinin ifadəsidir
it-1-E s. 802, abz. 3
Üz
«Üzünü gizlətmək» ifadəsinin bir neçə mənası var. Yehova üzünü gizlətməklə çox vaxt kimdənsə əlini çəkdiyini və ona dəstək olmadığını bildirirdi. O, çox vaxt bunu bir insan və ya bir qrup insan, məsələn, İsrail xalqı Ona itaət etməyəndə edə bilərdi (Əy 34:29; Zb 30:5—8; Əş 54:8; 59:2). Bəzi vəziyyətlərdə bu, Yehovanın Özünü hər hansısa hərəkətlə və ya sözlə göstərmək istəmədiyini, münasib vaxtı gözlədiyini bildirir (Zb 13:1—3) «Günahlarımdan üzünü yan çevir» deyərək Davud Allahdan onun təqsirlərini silməsini xahiş edirdi (Zb 51:9; müqayisə et: Zb 10:11).
Qoy Yehova sizi ovutsun
Düzəlişi qəbul edin. Yehova Natan peyğəmbəri Davudun günahını ifşa etməyə göndərəndə Davud nə özünə haqq qazandırdı, nə də günahının ciddiliyini azaltmağa çalışdı. O, Badsəbanın ərinə qarşı, ən əsası isə Yehovaya qarşı günah işlədiyini dərhal boynuna aldı. Davud Yehovanın verdiyi tərbiyəni qəbul etdi, Yehova da onu bağışladı (2 İşm. 12:10—14). Əgər ciddi günaha yol vermişiksə, Yehovanın bizə rəhbərlik etməyə təyin etdiyi kəslərlə danışmalıyıq (Yaq. 5:14, 15). Özümüzə bəraət qazandırmağa çalışmamalıyıq. Bizə verilən düzəlişi nə qədər tez qəbul edib ona uyğun davransaq, sevinc və qəlb rahatlığını da bir o qədər tez duyacağıq.
Əsl tövbə nədir?
18 Yığıncaqdan kənar edilən şəxs ürəkdən tövbə etdiyini göstərmək üçün daima yığıncaqlarda iştirak etməli və ağsaqqalların məsləhətinə riayət edərək duaya və mütaliəyə müntəzəm vaxt ayırmalıdır. O, var gücü ilə çalışmalıdır ki, günah etməsinə səbəb olan vəziyyətlərdən uzaq dursun. Əgər o, Yehova ilə münasibətini bərpa etmək üçün əlindən gələni etsə, əmin ola bilər ki, Yehova onu tamamilə bağışlayacaq və ağsaqqallar onu yığıncağa bərpa edəcək. Əlbəttə ki, hər vəziyyət fərqlidir, buna görə də ağsaqqallar günah işləyən adamın işinə baxarkən məsələyə fərdi yanaşır və sərtliklə mühakimə etmir.
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının birinci hissəsindən diqqətəlayiq fikirlər
31:23 — Təkəbbürlü insan hansı mə’nada layiq olduğunu alır? ‘Layiq olduğunu almaq’ cəza almaq deməkdir. Saleh insan bilmədən etdiyi səhvinə görə cəzanı Yehovadan öyüd-nəsihət formasında alır. Səhv yoldan dönməyən təkəbbürlü insan isə ‘layiq olduğunu’, yə’ni ciddi cəzanı artıqlaması ilə alır (Süleymanın məsəlləri 11:31; 1 Peter 4:18).
22—28 APREL
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 32, 33
Ciddi günahı nəyə görə etiraf etmək lazımdır?
Taqətdən düşməyin
16 Ciddi günaha yol vermişiksə, nə etməliyik? Dərhal kömək istəməliyik. Günahımızı ört-basdır etsək, nəticəsi ağır olacaq. Günahlarını gizlətdiyi zaman Davudun hansı hissləri keçirdiyi yadımıza salaq. O demişdi: «Bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü» (Məz. 32:3). Bəli, günahları ört-basdır etmək insanı mənəvi və ruhani cəhətdən əldən sala bilər, amma «onu etiraf edərək tərk edən mərhəmət tapar» (Sül. məs. 28:13).
Qoy Yehova sizi ovutsun
17 Dua edib əfv diləyin. Nəhayət, Davud Yehovaya üz tutub dua etdi. Dərin peşmanlıq hissi ilə günahlarını etiraf etdi. (Zəbur 51:1—4 ayələrini oxuyun.) Və yenidən qəlb rahatlığı duydu! (Zəb. 32:1, 2, 4, 5). Əgər ciddi günaha yol vermisinizsə, onu gizlətməyə çalışmayın. Əksinə, dua edib günahınızı Yehovaya etiraf edin. Onda günahınız ucbatından çəkdiyiniz vicdan əzabı azalacaq. Amma Yehova ilə dostluğunuzu bərpa etmək istəyirsinizsə, dua etmək kifayət deyil.
Vicdan əzabı. «Günahımdan pak et»
Bunun ən böyük xeyri o idi ki, Davud yenidən sevinc tapmışdı. O yazmışdı: «Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur» (Zəbur 32:1). Həmçinin belə dua etmişdi: «Yehova, nə olar, dodaqlarımı aç, dilim Sənə təriflər söyləsin» (Zəbur 51:15). Bağışlandığı üçün vicdan əzabından qurtulan Davud Yehovaya minnətdar idi və bu, onu başqalarına Yehova haqda danışmağa sövq etmişdi.
Yehova sənin də vicdan əzabından qurtulub rahat nəfəs almağını istəyir. O istəyir ki, sən Onun haqqında, niyyətləri barədə başqalarına danışasan. Həm də bunu vicdan əzabı içində qovrularaq yox, ürəkdən, sevinclə edəsən (Zəbur 65:1—4). Unutma, Yehova sənin günahlarını bağışlamaq istəyir ki, Ondan sənə təravət mövsümü gəlsin (Həvarilərin işləri 3:19).
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının birinci hissəsindən diqqətəlayiq fikirlər
33:6, (KM) — Yehovanın ‘ağzının nəfəsi’ ifadəsi nə deməkdir? Nəfəs Allahın fəal qüvvəsinə və ya müqəddəs ruhuna işarədir. Fiziki səmanı yaratmaq üçün Allah bu qüvvədən istifadə etmişdir (Yaradılış 1:1, 2). Qüvvətlə üfürülən nəfəs tək, Allah Öz müqəddəs ruhunu müəyyən işləri görmək üçün uzaq məsafəyə göndərə bilər.
29 APREL — 5 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 34, 35
«Hər zaman Yehovaya şükür edərəm»
Gəlin Yehovanın ismini birgə ucaldaq
11 «Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək» (Məzmur 34:1). Yurdundan didərgin düşmüş Davudun yəqin ki, maddi baxımdan çox şeyə ehtiyacı var idi. Ancaq bu sözlərdən görünür ki, onun gündəlik qayğıları Yehova Allaha həmd etmək qətiyyətini heç vaxt kölgədə qoymurdu. Gəlin biz də dara düşdüyümüz zaman Davuddan nümunə götürək. Məktəbdə, işdə, həmimanlılarla və ya xidmətdə olarkən bizim ən ümdə arzumuz Yehovaya həmd etmək olmalıdır. Bunun üçün saysız-hesabsız səbəblərimiz var. Misal üçün, Yehova Allahın Yaradan kimi gördüyü e’cazkar işlər haqqında bir düşünün. Biz heç vaxt bu işləri sona qədər araşdırıb qurtara bilməyəcəyik, onların gətirdiyi sevincin isə heç vaxt sonu olmayacaq. Allahın Öz təşkilatının yer üzündəki hissəsi vasitəsilə nələri həyata keçirdiyi barəsində də düşünün! Xidmətçiləri qeyri-kamil olsalar da, bütün bunlara nail olmaq üçün Yehova məhz bu sadiq insanlardan istifadə edir. Heç bu dünyada pərəstiş edilən adamların işləri Allahın işləri ilə müqayisə oluna bilərmi? Məgər «Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, əməllərin kimi əməl yoxdur» deyən Davudla siz də razılaşmırsınızmı? (Məzmur 86:8).
Gəlin Yehovanın ismini birgə ucaldaq
13 «Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!» (Məzmur 34:2). Davud burada şəxsi nailiyyətləri ilə fəxr etmirdi. Misal üçün, o, Qat padşahını aldatdığına görə özünü öymürdü. O dərk edirdi ki, Qatda olanda onu qoruyan Yehova idi və Onun köməyi olmasa idi, bu şəhərdən qaça bilməzdi (Süleymanın məsəlləri 21:1). Beləliklə, Davud özü ilə deyil, Yehova Allahla fəxr edirdi. Bunun nəticəsində məzlumlar Allaha can atırdılar. İsa Məsih də Yehova Allahın ismini müqəddəs tutduğu üçün həlim, öyrənməyə can atan insanlar Allaha yaxınlaşmaq istəyirdilər. Bu gün bütün millətlərdən olan «məzlumlar» Başı İsa Məsih olan məsh olunmuşların beynəlxalq məsihçi yığıncağına axışırlar (Koloslulara 1:18). Həlim xidmətçilərin Allahın adını izzətləndirdiyini eşidəndə, habelə, Allahın müqəddəs ruhunun köməyi ilə xoş xəbəri dərk edəndə onların ürəyi riqqətə gəlir (Yəhya 6:44; Həvarilərin işləri 16:14).
Gəlin Yehovanın ismini birgə ucaldaq
15 «Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi» (Məzmur 34:4). Yalvarışlarına cavab alması Davud üçün böyük əhəmiyyət kəsb edirdi. Bu səbəbdən o davam edirdi: «Bu məzlum çağırdı və Rəbb eşitdi və bütün sıxıntılarından onu qurtardı» (Məzmur 34:6, KM). Çətinliklərə tab gətirmək üçün Yehovanın bizə necə kömək etdiyini həmimanlılarımıza danışa bilərik. Davudun sözləri onun yoldaşlarının imanını möhkəmləndirdiyi kimi, bu cür söhbətlər də həmimanlılarımızın imanını möhkəmləndirir. Davudun yoldaşları ‘Rəbbə baxıb nur saçır, onların üzləri qızarmırdı’ (Məzmur 34:5). Onlar Şaul padşahdan qaçdıqlarına görə xəcalət çəkmirdilər. Çünki arxayın idilər ki, Rəbb Davuda dayaqdır. Elə buna görə də üzləri ‘nur saçırdı’. Bizim günlərdə də, istər həqiqətlə yenicə maraqlananlar, istərsə də, Allaha uzun müddət xidmət edənlər Yehovaya bel bağlayırlar. Yehovanın köməyini şəxsən duyduqları üçün onların nur saçan üzü göstərir ki, bu yolu sədaqətlə davam etdirmək əzmindədirlər.
Hikmət xəzinəsindən incilər
«Zəbur» kitabının birinci hissəsindən diqqətəlayiq fikirlər
35:19 — Davudun ‘qoyma mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun’ xahişi nə deməkdir? Düşmənlərin bir-birinə göz vurması, Davuda qarşı qurduqları məkrli planlarının həyata keçməsindən ləzzət almalarına işarədir. Davud Allahdan xahiş edirdi ki, bu baş verməsin.