Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr24 noyabr s. 1—9
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2024
  • Başlıqlar
  • 4—10 NOYABR
  • 11—17 NOYABR
  • 18—24 NOYABR
  • 25 NOYABR — 1 DEKABR
  • 2—8 DEKABR
  • Minnətdarlıqla qəbul et, ürəkdən ver
  • 9—15 DEKABR
  • 16—22 DEKABR
  • 23—29 DEKABR
  • 30 DEKABR — 5 YANVAR
  • Göz yaşı ilə əkənlər sevinə-sevinə biçdilər
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2024
mwbr24 noyabr s. 1—9

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania

4—10 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 105

«O, əhdini əbədiyyət boyu... xatırlar»

w23.04 s. 28, abz. 11, 12

Yeni dünya vədinə imanınızı möhkəmləndirin

11 Gəlin keçmişdə baş vermiş bir-iki hadisəyə nəzər salaq. Yehova xalqına mümkünsüz kimi görünən vədlər vermişdi. Məsələn, İbrahim peyğəmbərlə Saraya demişdi ki, qoca yaşlarında oğul sahibi olacaqlar (Yar. 17:15—17). Həmçinin vəd etmişdi ki, onun nəsli Kənan diyarını miras alacaq. İbrahimin nəsli, yəni israillilər uzun illər Misirdə qul olduqları üçün Yehovanın bu vədinin yerinə yetəcəyi ağlasığmaz görünə bilərdi. Amma bu vəd yerinə yetdi. Daha sonra Yehova qoca yaşlarında olan İlsəbaya demişdi ki, uşağı olacaq. Həmçinin Yehova bakirə olan Məryəmə bildirmişdi ki, Onun Oğlunu dünyaya gətirəcək. Bununla da Yehovanın min illər öncə Ədən bağında verdiyi söz həyata keçəcək. Yehovanın dediyi kimi də oldu (Yar. 3:15).

12 Yehovanın verdiyi və yerinə yetirdiyi vədlər barədə düşünəndə imanımız artır. Əmin oluruq ki, O, yeni dünya yaratmağa qadirdir. (Yuşə 23:14; Əşiya 55:10, 11 ayələrini oxuyun.) Bunun sayəsində biz həmçinin başqalarına da izah edə bilirik ki, yeni dünyanın olacağı xülya deyil. «Yeni göy və yeni yer» haqda verdiyi vədlə bağlı Yehova şəxsən belə deyib: «Bu sözlər doğru və etibarlıdır» (Vəhy 21:1, 5).

it-2-E s. 1201, abz. 2

Söz

Xilqət, canlı və cansız aləm Allahın sözünə tabedir və O onlardan niyyətini həyata keçirmək üçün istifadə edə bilir (Zb 103:20; 148:8). Onun sözü etibarlıdır; Allah verdiyi vədi yerinə yetirməyi unutmur (Qn 9:5; Zb 105:42—45). Onun Özünün də dediyi kimi sözü əbədi qalacaq; niyyətini həyata keçirmədən geri qayıtmayacaq (Əş 40:8; 55:10, 11; 1Bt 1:25).

Hikmət xəzinəsindən incilər

w16.08 s. 23, abz. 13

Ruhani cəhətdən tərəqqi edin

13 Qoy Yehova sizi saflaşdırsın. Kimsə sizinlə haqsız davranarsa, nə edərsiniz? Ola bilsin, məsələni dərhal yoluna qoymaq istəyəcəksiniz. Ancaq hərdən özünüzü müdafiə etmək vəziyyəti gərginləşdirə bilər. Yusifin qardaşları onunla pis rəftar edirdilər, amma o, onlara qarşı kin saxlamırdı. Sonralar Yusifə böhtan atıb haqsız yerə zindana salmışdılar. Lakin o, bütün bu çətinliklərdə Yehovaya arxalanırdı. Nəticədə «Allahın sözü onu saflaşdırdı» (Zəb. 105:19). Yusifin başına gələnlər onda sonralar aldığı təyinatda lazım olan gözəl keyfiyyətlər yetişdirdi (Yar. 41:37—44; 45:4—8). Siz də haqsızlıqla üzləşmisinizsə, dua edib Yehovadan hikmət diləyin, həlimliklə davranın, sakit danışın və Yehovadan güc istəyin. O, mütləq sizə kömək edəcək. (1 Butrus 5:10 ayəsini oxuyun.)

11—17 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 106

«Allahı, xilaskarlarını unutdular»

w18.07 s. 20, abz. 13

Kim Yehovanın tərəfindədir?

13 Qara bulud, göy gurultusu və Yehovanın göstərdiyi digər əsrarəngiz əlamətlər israilliləri vahiməyə salır. Buna görə də camaat Musa peyğəmbərdən xahiş edir ki, Yehova ilə o danışsın. Beləcə, peyğəmbər Sina dağına qalxır (Çıx. 20:18—21). O, dağda uzun müddət qalır. İsraillilər indi səhrada başçısız qalmışdılar? Görünür, xalqın imanı Musa peyğəmbərin onların arasında olmasına bağlı idi. Əl-ayağa düşən xalq Haruna deyir: «Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik» (Çıx. 32:1, 2).

Hikmət xəzinəsindən incilər

w06 1/8 s. 23, abz. 9

«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər

106:36, 37. Bu ayələr bütpərəstliklə cinlərə qurban gətirmək arasında bağlılıq olduğunu göstərir. Bu ona işarə edir ki, bütlərə və ya təsvirlərə sitayiş edən insan cinlərin tə’sirinə düşə bilər. Müqəddəs Kitab bizi təşviq edir: «Övladlarım, özünüzü bütlərdən qoruyun!» (1 Yəhya 5:21).

18—24 NOYABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 107, 108

«Yehovaya şükür edin, çünki kəramətlidir»

w07 1/5 s. 8, abz. 2

Qoy yığıncaq Yehovaya həmd etsin

2 Yığıncaq sosial qruplaşma, ictimai birlik deyil. Bu, həmçinin eyni mənşəli, eyni idman növü ilə maraqlanan, yaxud eyni hobbisi olan insanların yığışdığı klub da deyil. Yığıncaq, əsas e’tibarilə, Yehova Allaha həmd etmək üçün təşkil olunub. «Zəbur» kitabında göstərildiyi kimi, ta qədim zamanlardan Allahın xidmətçiləri bu məqsədlə bir yerə yığılırdılar. Məzmur 35:18 ayəsində oxuyuruq: «Böyük toplantıda Sənə şükür edəcəyəm, çoxsaylı yığıncaqda Sənə həmd edəcəyəm». Məzmur 107:31, 32 ayələri də bizi təşviq edir: «Rəbbə məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər! Qoy Onu xalqın toplantısında ucaltsınlar!»

w15 15/1 s. 9, abz. 4

Yehovaya şükür edin və xeyir-dualı olun

4 Daxilimizdə minnətdarlıq hissini yetişdirib onu qorumaq istəyiriksə, Yehovanın bizə verdiyi xeyir-duaları və qayğısını görməli, eləcə də onların üzərində dərindən düşünməliyik. Məzmurçu bunu etdikdə Yehovanın sayı-hesabı olmayan xariqəli işləri onu heyrətə gətirmişdi. (Məzmur 40:5; 107:43 ayələrini oxuyun.)

Hikmət xəzinəsindən incilər

w23.10 s. 17, abz. 20

Yehova sizi güclü edəcək

12 Biz zəif olsaq da, «Allahdan güc» alacağıq (Zəb. 108:13). Yehova bu gücü almağımız üçün lazım olan hər şeyi verib. Ola bilər ki, təyinatınızı yerinə yetirmək, sınağa tab gətirmək, ya da sevincinizi qorumaq sizə çətin olsun. Bu zaman Yehovaya hərarətlə dua edin və Onun köməyini görmək üçün fərdi mütaliə edin. Bacı-qardaşların dəstəyini qəbul edin. Ümidinizi ağlınızda daima canlı tutun. Onda «hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc» alacaqsınız (Kol. 1:11).

25 NOYABR — 1 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 109—112

İsa Məsihi, Padşahı dəstəkləyin!

w06 1/9 s. 13, abz. 6

«Zəbur» kitabının beşinci hissəsindən diqqətəlayiq fikirlər

110:1, 2 — ‘[Davudun] Ağası’ İsa Məsih Allahın sağında oturarkən nə edirdi? Dirildikdən sonra İsa göylərə qalxdı və 1914-cü ildə Padşahlıq etməyə başlayanadək Allahın sağında oturub gözlədi. Bu arada İsa məsh olunmuş davamçıları üzərində hakimiyyət sürürdü. O, təbliğ və şagird hazırlamaq işinə rəhbərlik edir, o cümlədən, onları Padşahlıqda özü ilə birlikdə hökmranlıq etmək üçün hazırlayırdı (Matta 24:14; 28:18-20; Luka 22:28-30).

w00-E 1/4 s. 18, abz. 3

Allahla savaşanlar məğlub olacaq!

3 XX əsrin əvvəllərindən bu yana Yehovanın xalqı hücumlara məruz qalır. Bir çox ölkələrdə şər insanlar Allahın Padşahlığı haqda müjdənin yayılmasına əngəl olmağa, onu susdurmağa çalışıblar. Onları buna təhrik edən baş düşmənimiz İblisdir; o, «nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Butrus 5:8). 1914-cü ildə «xalqlara verilən vaxt» başa çatandan sonra Allah Öz oğlunu Yerin yeni Padşahı təyin etdi və ona belə bir əmr verdi: «Get, düşmənlərinin arasında hakimiyyət sür» (Luka 21:24; Zəbur 110:2). Məsih ona verilən səlahiyyətlərdən istifadə edərək Şeytanı göydən qovdu və onu yerin hüdudlarına atdı. Vaxtının az olduğunu bilərək İblis qəzəbini məsh olunmuş məsihilərin və onların əməkdaşlarının üzərinə tökür (Vəhy 12:9, 17). Allahın düşmənlərinin ard-arda hücumları nə ilə nəticələndi?

be s. 76, abz. 2

İrəliyə can ataraq tərəqqi et

Aldığın ənamdan istifadə etmək özünə təşəbbüs göstərməyi də daxil edir. Xidmətdə başqaları ilə əməkdaşlıq etmək üçün özün təşəbbüs göstərirsənmi? Yığıncağınızdakı yeni, gənc, yaxud sağlamlığı zəif olan təbliğçilərə kömək etmək üçün fürsət axtarırsanmı? Padşahlıq Zalının yığışdırılmasında və ya konqreslərlə bağlı müxtəlif işlərdə könüllü olaraq iştirak edirsənmi? Vaxtaşırı köməkçi pioner kimi xidmət edə bilərsənmi? Daimi pioner kimi xidmət etməyə və ya təbliğçiyə daha çox ehtiyac olan yığıncaqda kömək etməyə şəraitin yol verirmi? Əgər qardaşsansa, xidməti köməkçilər və ağsaqqallar üçün tələblərə cavab verməyə can atırsanmı? Kömək etməyə və üzərinə məsuliyyət götürməyə hazır olmağın tərəqqi etməyinin əlamətidir (Məz. 110:3).

Hikmət xəzinəsindən incilər

w14 15/10 s. 11, abz. 15—17

Padşahlığa imanını sarsılmaz et

15 İbrahimlə və Davudla bağlanan əhddən görünür ki, qadının övladı padşah vəzifəsini icra edəcək. Ancaq bütün millətlərin tam xeyir-dualanması üçün bu vəzifə kifayət deyil. Bunun üçün bəşəriyyət günahdan təmizlənib Yehovanın vahid ailəsinə daxil olmalıdır. Bu tələblərin təmin edilməsi üçün övlad kahin mövqeyində də fəaliyyət göstərməlidir. Dahi Yaradanımız bunu digər bir qanuni saziş — Məliksadiq timsallı kahin üçün bağlanan əhd vasitəsilə təmin etdi.

16 Yehova Davud padşah vasitəsilə açıqlamışdı ki, O, İsa ilə ikiməqsədli şəxsi əhd bağlayacaq. Birincisi, İsa düşmənlərini məğlub edənə qədər Allahın sağında oturacaq. İkincisi, «Məliksadiq timsallı əbədi kahin» olacaq. (Məzmur 110:1, 2, 4 ayələrini oxu.) Bəs nəyə görə məhz «Məliksadiq timsallı»? Çünki İbrahimin nəsli Vəd edilmiş diyara ayaq basmazdan hələ uzun illər öncə Səlim padşahı Məliksadiq «Allah-Taalanın kahini» kimi xidmət edirdi (İbr. 7:1—3). O, bu vəzifəyə birbaşa Yehova tərəfdən seçilmişdi. İbranicə Müqəddəs Yazılarda yalnız onun padşah və kahin kimi xidmət etdiyindən bəhs edilir. Üstəlik, onun nə sələfi, nə də xələfi olmadığı üçün onu «əbədilik kahin» adlandırmaq olar.

17 İsa Məsih Yehovanın onunla bağladığı şəxsi əhdin sayəsində birbaşa kahin təyin olunub və o, «Məliksadiq timsallı əbədi kahin» olacaq (İbr. 5:4—6). Bu əhd aydın göstərir ki, Yehova bəşəriyyətlə bağlı əzəli niyyətini həyata keçirmək üçün Öz üzərinə qanuni öhdəçilik götürüb və bunu Padşahlıq vasitəsilə edəcək.

2—8 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 113—118

Yehovaya minnətdarlığımızı necə göstərə bilərik?

w01 1/1 s. 21, abz. 13

Məhəbbətlə inkişaf edin

13 İsanın sözlərindən mə’lum olur ki, biz ilk növbədə Yeqovanı sevməliyik. Lakin biz, Yeqovaya münasibətdə tam formalaşmış məhəbbətlə doğulmuruq. Bu məhəbbəti inkişaf etdirmək lazımdır. Allah haqqında ilk dəfə eşidəndə, bizi Onun şəxsiyyəti cəlb etdi. Vaxt keçdikcə, Onun insanlar üçün yer üzünü necə hazırladığını öyrəndik (Təkvin 2:5—23). Onun insanlarla necə davrandığını gördük: günah dünyaya daxil olanda, O, bizi rədd etmədi, xilasımız üçün tədbirlər gördü (Təkvin 3:1—5, 15). Sadiq insanlarla xeyirxahlıqla davranırdı və nəticədə, günahlarımızın bağışlanması üçün yeganə Oğlunu qurban verdi (Yəhya 3:16, 36). Yeqova haqqında biliklərimiz, bununla yanaşı minnətdarlıq hissimiz də artdı (İşaya 25:1). Davud padşah, Yeqovanı, Onun qayğıkeşliyinə görə sevirdi (Məzmur 116:1—9). Yeqova bu gün bizə də qayğı göstərir: O, bizə yol göstərir, bizi qüvvətləndirir və ruhlandırır. Onun haqqında daha çox öyrəndikcə məhəbbətimiz daha da artır (Məzmur 31:23; Tsefanya 3:17; Romalılara 8:28).

w09 15/7 s. 29—30, abz. 4, 5

Minnətdarlıqla qəbul et, ürəkdən ver

Məzmurçu soruşurdu: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?» (Məz. 116:12). Yehovanın məzmurçuya comərdliklə verdiyi xeyir-dualar hansılar idi? «Dərd-bəlalar» içində olanda Yehova ona arxa olmuşdu. Üstəlik, ‘canını ölümdən qurtarmışdı’. İndi isə onun ürəyindən etdiyi yaxşılıqların əvəzində Yehovaya nəsə vermək arzusu keçirdi. Məzmurçu bunu necə edə bilərdi? O, «Yehovaya dediyim nəzirləri yerinə yetirərəm» deyir (Məz. 116:3, 4, 8, 10-14). O, Yehovaya verdiyi bütün vədləri və Yehovanın onun üzərinə qoyduğu bütün öhdəçilikləri yerinə yetirmək qətiyyətində idi.

Daim Allahın qanunlarına və prinsiplərinə uyğun həyat tərzi sürməklə biz də məzmurçu kimi davrana bilərik. Vaxtaşırı özümüzdən soruşmalıyıq: «Yehovaya ibadət həyatımda ən vacib yeri tuturmu? Allahın ruhunun etdiyim hər bir işdə mənə rəhbərlik etməsinə yol verirəmmi?» (Vaiz 12:13; Qalat. 5:16-18). Əlbəttə, Yehovanın bizim üçün etdiklərinin altından heç vaxt çıxa bilmərik. Buna baxmayaraq, Yehova bizim Ona sidq-ürəkdən xidmət etdiyimizi görəndə ‘qəlbi sevinir’ (Sül. məs. 27:11). Yehovanın ürəyini bu cür sevindirmək bizim üçün necə də böyük şərəfdir!

w19.11 s. 22—23, abz. 9—11

Lavililər kitabından çox şey öyrənmək olar

9 İkinci dərs. Biz Yehovaya minnətdarlıq hissindən irəli gələrək xidmət edirik. Qədim İsraildə həqiqi ibadətin digər vacib hissəsi olan ünsiyyət qurbanları minnətdarlıq hissindən irəli gələrək xidmət etməyin vacibliyini başa düşməyimizə kömək edir. Lavililər kitabından öyrənirik ki, israillilər ünsiyyət qurbanlarını «minnətdarlıq ifadəsi olaraq» gətirirdilər (Lav. 7:11—13, 16—18). İsrailli bu qurbanı tələb olduğu üçün yox, ürəyindən keçdiyi üçün təqdim edirdi. Belə ki, bu, hər bir israillinin Yehovaya sevgisindən irəli gələrək gətirdiyi könüllü qurban idi. Qurban ətindən onu təqdim edən kəs, ailəsi və kahin yeyirdi. Lakin heyvanın müəyyən hissələri yalnız Yehovaya təqdim olunurdu. Bunlar hansı hissələr idi?

10 Üçüncü dərs. Məhəbbətdən irəli gələrək Yehova üçün əlimizdən gələnin ən yaxşısını edirik. Yehovanın gözündə heyvanın ən yaxşı hissəsi piy hesab olunurdu. O, heyvanın böyrəyi və qaraciyəri də daxil, bəzi hissələrinin xüsusilə dəyərli olduğunu bildirmişdi. (Lavililər 3:6, 12, 14—16 ayələrini oxuyun.) Odur ki, israilli öz istəyilə heyvanın piyini və bu hissələrini təqdim edəndə Yehova xüsusilə məmnun qalırdı. Bu qurbanı verməklə israilli Allahı Yehova üçün əlində olanın ən yaxşısını vermək istədiyini göstərirdi. Eynilə, İsa Məsih də könül xoşluğu ilə Yehovaya əlində olanın ən yaxşısını təqdim etmişdi — sevgidən irəli gələrək Ona canla-başla xidmət etmişdi (Yəh. 14:31). İsa Məsih Allahın qanunlarını ürəkdən sevirdi, Onun iradəsini yerinə yetirməkdən zövq duyurdu (Zəb. 40:8). Sözsüz ki, Məsihin cani-dildən xidmət etdiyini görmək Yehovaya çox xoş idi!

11 Bizim Yehovaya xidmətimizi də ünsiyyət qurbanına bənzətmək olar; xidmətimiz Yehovanı nə qədər sevdiyimizi göstərir. Yehovaya əlimizdən gələnin ən yaxşısını veririk, çünki Onu bütün qəlbimizlə sevirik. Milyonlarla xidmətçisinin Ona məhəbbətdən irəli gələrək xidmət etdiyini görmək Yehovanın qəlbini fərəhləndirir! Yehovanın təkcə Onun üçün etdiklərimizi yox, həmçinin hansı niyyətlə etdiyimizi görməsi insana rahatlıq verir. Məsələn, əgər siz yaşlısınızsa və artıq əvvəlki qədər xidmət edə bilmirsinizsə, əmin olun ki, Yehova məhdudiyyətlərinizi anlayır. Bəlkə də, Yehova üçün çox şey edə bilmədiyinizi düşünürsünüz, amma Yehova görür ki, qəlbinizdəki məhəbbət sizi bacardığınız qədərini etməyə təşviq edir. Əlinizdən gələnin ən yaxşısını etməyiniz Onu məmnun edir.

Hikmət xəzinəsindən incilər

w12 15/5 s. 22, abz. 1, 2

Oxucuların sualları

Məzmurçu Allahdan ilham alaraq oxuyurdu: «Sadiq bəndələrinin ölümü Yehova üçün bahadır» (Məz. 116:15, YD). Hər bir həqiqi xidmətçisinin həyatı Yehovanın gözündə çox qiymətlidir. Lakin indicə sitat gətirdiyimiz 116-cı məzmurdakı ayədə Allahın ayrı-ayrı xidmətçilərinin ölümü nəzərdə tutulmur.

Allahın xidmətçisi sadiq bir məsihçi kimi ölsə belə, dəfn mərasimində məruzə söylənilərkən Məzmur 116:15 ayəsini ona tətbiq etmək düzgün deyil. Niyə? Çünki məzmurçu bu ifadəni geniş mənada istifadə etmişdi. Bu, o deməkdir ki, Yehova sadiq xidmətçilərinin bir qrup şəklində ölümünü həddən artıq baha qiymət hesab etdiyi üçün bunun baş verməsinə heç vaxt yol verməyəcək. (Məzmur 72:14; 116:8 ayələrinə bax.)

9—15 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 119:1—56

«Cavan adam yolunu necə pak saxlaya bilər?»

w87-E 1/11 s. 18, abz. 10

Hər cəhətdən təmizliyi qoruyursunuz?

10 Efeslilərə 5:5 ayəsində Bulus xəbərdarlıq etmişdi: «Axı siz yaxşı bilirsiniz və başa düşürsünüz ki, nə əxlaqsız, nə natəmiz, nə də acgöz adamın, başqa sözlə, bütpərəstin Məsihin və Allahın Padşahlığında payı yoxdur». Elə buna görə də hər il «öz bədəninə qarşı günah» işləyən, yəni əxlaqsızlıq edən minlərlə insan ya töhmət alır, ya da yığıncaqdan kənar edilir (1 Korinflilərə 6:18). Adətən buna səbəb insanın Allahın sözünə baxmaması və özünü gözləməməsidir (Zəbur 119:9). Məsələn, bir çox dindaşlarımız tətildə olanda əxlaqi cəhətdən sayıqlığı itirirlər. Məsihilərlə oturub-durmaq əvəzinə bu dünyanın insanları ilə dostluğa can atırlar. Onların «əslində yaxşı insan» olduqlarını düşünən bəzi məsihilər münasib olmayan fəaliyyətlərdə onlara qoşulublar. Başqaları isə iş yoldaşları ilə həddindən artıq qaynayıb-qarışırlar. Bir ağsaqqal iş yoldaşı olan qadınla o qədər vaxt keçirirdi ki, axırda ailəsini atıb onunla yaşamağa başladı. Buna görə də yığıncaq kənar edildi. Müqəddəs Kitabda yazılan bu sözlər necə də doğrudur: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33).

w06 1/7 s. 17, abz. 1

«Öyüdlərindən zövq alıram»

YAŞADIĞI çətin günlərin öhdəsindən gəlmək üçün Yehova Allah öyüdlərini Öz xalqına daima xatırladır. Allah bunu şəxsi öyrənmə, yığıncaq görüşlərində eşitdiyimiz mə’ruzələr və şərhlər vasitəsilə edir. Çox vaxt oxuduğumuz və eşitdiyimiz fikirlər bizim üçün yeni deyil. Amma unutqanlığa meylliliyimizdən, Yehovanın niyyəti, qanun və nəsihətlərini daima yaddaşımızda təzələməliyik. Qanunlarını bizə təkrarən xatırlatdığına görə Ona minnətdar olmalıyıq, çünki onlar bizi ruhlandırır, Allahın yoluna nə üçün qədəm basdığımızı yaddan çıxarmağa qoymur. Məzmurçu Yehovaya oxuyurdu: «Öyüdlərindən zövq alıram» (Məzmur 119:24).

w10 15/4 s. 20, abz. 2

Gözlərinizi fani şeylərdən çəkin!

2 Ancaq gözlə gördüyümüz şeylər bizə zərər də gətirə bilər. Gözlərlə beyin arasındakı əlaqə o qədər güclüdür ki, gördüyümüz şeylər ürəyimizdə arzu və istəklərin yaranmasına təkan verə, eləcə də onları gücləndirə bilər. Şeytan İblisin idarə etdiyi pozğun və xudbin dünyada yaşadığımız üçün ətrafımız, gözucu baxsaq belə, bizi asanlıqla poza biləcək təsvirlərlə doludur, üstəlik, biz hər gün Şeytanın güclü təbliğat atəşinə məruz qalırıq (1 Yəh. 5:19). Buna görə də təəccüblü deyil ki, məzmurçu: «Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et»,— deyə yalvarırdı (Məz. 119:37).

Hikmət xəzinəsindən incilər

w05 1/7 s. 4, abz. 2

Yehovanın sözünə güvənin

2 Yüz on doqquzuncu məzmurun əsas mövzusu — Allahın sözünün, yə’ni xəbərinin dəyərli olmasıdır. Ehtimal ki, bu məzmurun yadda yaxşı qalması üçün o akrostix (hər misrasının baş hərfləri bir söz və ya cümlə əmələ gətirən şe’r) formasında yazılmışdır. Bu poetik əsərin 176 ayəsinin baş hərfləri ardıcıllığına görə qədim ibrani əlifbasını əmələ gətirəcək formada bəstələnmişdir. İbranicə orijinal mətndə məzmurun 22 bəndindən hər biri eyni hərflə başlanan 8 misradan ibarətdir. Bu məzmurda Allahın sözü, qanunları, öyüdləri, yə’ni xatırlatmaları, yolları, qayda-qanunları, əmrləri, hökmləri və və’dləri haqqında danışılır. Bu və növbəti məqalədə 119-cu məzmur İbranicə Müqəddəs Yazıların dəqiq tərcüməsi əsasında müzakirə olunacaq. Yehovanın qədimdəki və bugünkü xidmətçilərinin nümunələri üzərində düşünmək, bu ilhamlanmış mahnını daha çox qiymətləndirməyə və Allaha Onun yazılı Kəlamı olan Müqəddəs Kitaba görə minnətdarlığımızı artırmağa kömək edəcək.

16—22 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 119:57—120

Çətinliklərə necə dözə bilərik?

w06 1/7 s. 12, abz. 2

«Qanununu nə qədər sevirəm!»

2 Siz soruşa bilərsiniz: «Allahın qanunu məzmurçuya təskinlik mənbəyi necə ola bilərdi?» Məzmurçu əmin idi ki, Yehova onunla şəxsən maraqlanır və bu əminlik onu möhkəmləndirirdi. Düşmənlərinin onun başına açdığı oyunlara baxmayaraq, məzmurçu özünü xoşbəxt hiss edirdi. O, Qanuna riayət etməyin faydalı olduğunu və Yehovanın onunla həmişə xeyirxahlıqla davrandığını bilirdi. Üstəlik, Allahın qanunundakı rəhbərliyə riayət etməklə o, düşmənlərindən daha müdrik olur, həm də həyatını qoruyurdu. Allahın qanununa tabe olmaq ona əmin-amanlıq hissi gətirir və təmiz vicdan verirdi (Məzmur 119:1, 9, 65, 93, 98, 165).

w01 1/3 s. 24—25, abz. 3

Yeqovanın xatırlatmalarını çoxmu sevirsiniz?

3 Allahın xatırlatmaları, məzmurçu üçün dəyərli idi, o oxuyurdu: “Əmrlərini tutmaq üçün tələsdim və gecikmədim. Əxlaqsızların torları məni sarıdı; fəqət sənin şəriətini unutmadım” (Məzmur 119:60, 61). Yeqovanın xatırlatmaları tə’qiblərə tab gətirməkdə bizə kömək edir, çünki əminik ki, düşmənlərin bizi sarıdıqları torları səmavi Atamız parçalaya bilər. Padşahlıq haqqındakı müjdəni təbliğ edə bilməyimiz üçün, O, yolumuzdakı maneələri münasib bildiyi vaxtda aradan qaldırır (Mark 13:10).

w06 1/9 s. 14, abz. 4

«Zəbur» kitabının beşinci hissəsindən diqqətəlayiq fikirlər

119:71 — Əzab çəkməyin nə xeyri ola bilər? Çətinliklər bizə Yehovaya daha çox e’tibar etməyi, səmimi dua etməyi, Müqəddəs Kitabı daha sə’ylə öyrənməyi və onun dediklərini həyata keçirməyi öyrədə bilər. Bundan başqa, çətinlik zamanı üzə çıxan nöqsanlarımızı düzəldə bilərik. Əgər əzabların bizi təmizləməsinə yol veririksə, onlar bizi hiddətləndirməyəcək.

w17.07 s. 13, abz. 3, 5

«Ağlayanlarla ağlayın»

3 Şübhəsiz, insana ən böyük təsəllini mərhəmətli və rəhmli Allahımız Yehova verə bilər. (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.) O, xalqını əmin edib deyir: «Sənə təsəlli verən Mənəm» (Əşy. 51:12; Zəb. 119:50, 52, 76).

5 Əmin ola bilərik ki, Yehova bizə dayaq olacaq. Buna görə də dərdimizi Yehova ilə bölüşməliyik. Onun keçirdiyimiz hissləri başa düşdüyünü və bizə təsəlli verəcəyini bilmək insanın ürəyinə rahatlıq gətirir. Bəs Yehova Allah təsəllini necə verir?

Hikmət xəzinəsindən incilər

w06 1/9 s. 14, abz. 5

«Zəbur» kitabının beşinci hissəsindən diqqətəlayiq fikirlər

119:96 — «Hər kamil şeyin qarşısına bir hədd qoyulur» nə deməkdir? Məzmurçu kamillikdən insan nöqteyi-nəzərindən danışır. Yəqin ki, o insanın kamillik anlayışının məhdud olduğunu nəzərdə tuturdu. Bunun əksinə olaraq Allahın qanunlarında belə bir məhdudiyyət yoxdur. Onun rəhbərliyi həyatın hər sahəsində tətbiq ediləndir. «Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır», deyə məzmurçu oxuyur.

23—29 DEKABR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 119:121—176

Peşmançılıq çəkməmək üçün nə etməliyik?

w18.06 s. 17, abz. 5, 6

Qoy ilahi qanun və prinsiplər vicdanımıza hakim olsun

5 Allahın qanunlarının bizə fayda gətirməsi üçün onları oxumaq və ya onlardan sadəcə xəbərdar olmaq kifayət deyil. Biz bu qanunları sevməyi və onlara hörmət etməyi öyrənməliyik. Kəlamda yazılıb: «Yaxşılığı sevin, pisliyə nifrət edin» (Ams. 5:15). Bəs bunu necə edə bilərik? İlk növbədə hər şeyə Yehovanın gözü ilə baxmağı öyrənmək lazımdır. Məsələn, təsəvvür edin ki, gecələr yaxşı yata bilmirsiniz. Həkiminiz sizə pəhriz saxlamağı, idmanla məşğul olmağı və həyat tərzinizdə dəyişiklik etməyi məsləhət görür. Onun göstərişlərinə əməl etdikdən sonra bunun faydasını görürsünüz. Sözsüz ki, normal həyata qayıtmağa kömək etdiyi üçün həkiminizə minnətdar olarsınız.

6 Eynilə, Yaradanımız bizi günahın acı nəticələrindən qorumaq və yaşayışımızı yaxşılaşdırmaq üçün müəyyən qanunlar verib. Məsələn, bizi yalan, hiyləgərlik, oğurluq, cinsi əxlaqsızlıq, zorakılıq və cindarlıqdan çəkindirən qanunların faydası haqda düşünək. (Məsəllər 6:16—19 ayələrini oxuyun; Vəhy 21:8). Yehovanın buyurduğu kimi davranmağın xeyrini görəndə təbii olaraq Ona və verdiyi qanunlara məhəbbətimiz birə-beş artır.

w93-E 15/4 s. 17, abz. 12

Gənclər, nəyə can atırsınız?

12 Əvvəla, siz pisliyə nifrət etməli, ondan ikrah etməlisiniz (Zəbur 97:10). Bəs ilk baxışdan xoş, əyləncəli görünən şeylərə necə nifrət edə bilərsiniz? Onun nə ilə nəticələnəcəyi barədə düşünməklə. «Aldanmayın, Allaha istehza edilməz; insan nə əkərsə, onu da biçəcək. Günahlı bədəni üçün əkən bədənindən məhv biçəcək» (Qalatiyalılara 6:7, 8). Ehtirasınıza təslim olmaq üzrə ikən bunun ağır nəticələri olacağı barədə, Yehovanın qəlbini necə incidəcəyi haqda düşünün. (Zəbur 78:41 ayəsi ilə əlaqələndirin.) Həmçinin arzuolunmaz hamiləlik və ya QİÇS kimi xəstəliyə yoluxma ehtimalının olduğunu da nəzərinizdə saxlayın. Eləcə də mənəvi iztirab keçirə və özünüzü dəyərsiz hiss edə bilərsiniz. Üstəlik, bunun uzunmüddətli fəsadları da ola bilər. Bir məsihi qadın bölüşür: «Yoldaşım və mən bir-birimizi tanımazdan əvvəl cinsi həyatımız olmuşdu. Hazırda ikimiz də məsihiyik, amma keçmişdə cinsi həyat sürməyimiz nikahımızda hələ də qısqanclığa və mübahisələrə səbəb olur». Unutmayın ki, bu halda teokratik məsuliyyətlərinizi itirə, yaxud yığıncaqdan kənar edilə bilərsiniz! (1 Korinflilərə 5:9—13). Heç bir anlıq həzdən ötrü bu böyüklükdə bədəl ödəməyə dəyər?

Hikmət xəzinəsindən incilər

w23.01 s. 2, abz. 2

«Özünüzü Allahın məhəbbətində saxlayın»

2 Yehovanın xidmətçisi olan bizlər tamamilə əminik ki, «Yehova haqq Allahı»dır və həmişə rifahımızı düşünür (Zəb. 31:5; Əşy. 48:17). Biz həmçinin Müqəddəs Kitabdan oxuduqlarımıza etibar edirik. İnanırıq ki, Allahın «sözünün bünövrəsi həqiqətdir». (Zəbur 119:160 ayəsini oxuyun.) Bir Müqəddəs Kitab alimi yaxşı deyib: «Allahın dediyi sözlərdə zərrə qədər də yalan yoxdur və Onun sözü heç vaxt boşa çıxmaz. Allahın xalqı Onun sözünə etibar edə bilər, çünki bu sözü deyən Varlığa, Allaha etibar edirlər».

30 DEKABR — 5 YANVAR

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 120—126

Göz yaşı ilə əkənlər sevinə-sevinə biçdilər

w04 1/8 s. 25, abz. 10

Allaha izzət verənlər xeyir-dua alır

10 Biz şagirdlik boyunduruğu daşımaqla, Şeytana qarşı mübarizə aparırıq. Müqəddəs Kitab Yaqub 4:7 ayəsində və’d edir: “İblisə... qarşı durun və o, sizdən qaçacaqdır”. Heç kim bunu etməyin asan olduğunu söyləmir. Allaha xidmət çox böyük sə’y tələb edir (Luka 13:24). Lakin Müqəddəs Kitabda, Məzmur 126:5 ayəsində belə bir və’d var: “Göz yaşları ilə əkənlər sevinclə biçəcəklər”. Bəli, biz yaxşılıq bilən Allaha xidmət edirik. Allah, “Onu axtaranlara mükafat verir” və Ona izzət verənlərə xeyir-dua verir (İbranilərə 11:6).

w21.11 s. 24—25, abz. 17

İmanınız nə qədər güclü olacaq?

17 Yaxınınız vəfat etdiyinə görə yas içindəsiniz? Onda dirilmə ümidinə imanınızı möhkəmləndirmək üçün Müqəddəs Kitabda yazılmış dirilmə hadisələrini oxuyun. Bəlkə, ailə üzvünüz yığıncaqdan kənar edildiyi üçün kədər içindəsiniz? Mütaliə edərək əminliyinizi artırın ki, Yehovanın tərbiyə üsulu həmişə ən yaxşı üsuldur. Hansı problemlərlə üzləşirsinizsə üzləşin, yaranan vəziyyətdən istifadə edib imanınızı möhkəmləndirin. Dua edib ürəyinizi Yehovaya boşaldın. Özünüzü təcrid etməyin, əksinə, bacı-qardaşlara yaxın olun (Məs. 18:1). Sizə çətinliyə dözməyə kömək edəcək işlərlə məşğul olun, hətta bunu göz yaşları içində etməli olsanız da (Zəb. 126:5, 6). Yenə də yığıncaq görüşündə, təbliğ işində iştirak etməyə, Müqəddəs Kitabı oxumağa davam edin. Həmçinin diqqətinizi Yehovanın gələcəkdə sizlərə hazırladığı möhtəşəm nemətlərə cəmləyin. Yehovanın sizə dayaq olduğunu gördükcə, imanınız çox möhkəmlənəcək.

w01 1/10 s. 15, abz. 13, 14

Sə’ylə biçin!

13 Allahın biçinçiləri, xüsusilə də tə’qiblərə mə’ruz qalanlar Məzmur 126:5, 6 ayələrindəki sözlərdən böyük təsəlli alırlar: “Göz yaşları ilə əkənlər sevinclə biçəcəklər. Əkəcəyi toxumu daşıyıb ağlayaraq gedən, əlbəttə taylarını daşıyaraq sevinclə gələcəkdir”. Məzmurçunun əkin və biçin haqqındakı sözlərində, Yeqovanın, qədimdə Babil əsirliyindən qayıdan yəhudilərin qalığının qeydinə qalması və onlara xeyir-dua verməsi əyani olaraq əks etdirilir. Yəhudilər azad edildikləri üçün sevinirdilər, ancaq əsirdə olduqları 70 il müddətində becərilməmiş qalan sahələri əkərkən, onlar yəqin ki, ağlayırdılar. Lakin əkməyə və tikməyə davam edənlərin əməyi bəhrə və məmnunluq hissi gətirdi.

14 Biz və ya həmimanlılarımız çətin anlarla qarşılaşanda, salehlik uğrunda əziyyət çəkəndə, bunlar bizim göz yaşlarımıza səbəb ola bilər (1 Peter 3:14). Biçinə yeni başladığımız zaman, çətin anlar yaşaya bilərik. Bizə elə gələ bilər ki, xidmətdə göstərdiyimiz bütün cəhdlər əbəsdir. Ancaq əkməyə və məhsulu suvarmağa davam ediriksə, Allah onu mütləq böyüdür və çox vaxt bu artım gözlədiklərimizdən də artıq olur (1 Korinflilərə 3:6). Bu sözlərə əyani sübut — Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri paylamağımız sayəsində əldə etdiyimiz səmərələrdir.

Hikmət xəzinəsindən incilər

w18.07 s. 12, abz. 1, 2

Gözünüz kimə dikilib?

BİZ «son dərəcə çətin» bir vaxtda yaşayırıq. Yehova bu pis sistemi məhv edib yer üzündə sülhü bərqərar edəcəyi vaxta qədər həyatımız daha da çətinləşəcək (2 Tim. 3:1). Odur ki, özümüzə növbəti sualı vermək yerinə düşər: «Məsləhət və kömək üçün gözümü kimə dikmişəm?» Əgər biz dərhal «Yehovaya» deyə cavab veririksə, deməli, doğru yoldayıq.

2 Gözümüzü Yehovaya dikmək deyiləndə nə nəzərdə tutulur? Çətin sınaqlarla üzləşən zaman gözümüzü Yehovadan çəkmədiyimizə necə əmin ola bilərik? Əsrlər öncə yaşamış bir məzmurçu çətin anlarda kömək üçün Yehovaya üz tutmağın vacibliyini vurğulamışdı. (Zəbur 123:1—4 ayələrini oxuyun.) O qeyd etmişdi ki, nökər ağasına baxdığı kimi, biz də Allahımız Yehovaya baxmalıyıq. Məzmurçu bu sözlərlə nəyi nəzərdə tuturdu? Adətən, nökər müdafiə olunmaq və dolanışıq üçün gözünü ağasına dikir. Həmçinin ağasının nə istədiyini bilmək və bu istəyi yerinə yetirmək üçün də nökərin diqqəti daima onda olmalıdır. Eynilə, biz də hər gün Müqəddəs Kitabı oxuyaraq Yehovanın bizdən nə gözlədiyini öyrənməli və Onun göstərdiyi yolla getməliyik. Yalnız bu təqdirdə Yehovanın çətin anlarımızda bizə lütf göstərəcəyinə əmin ola bilərik (Efes. 5:17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş