Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Dünya hara gedir?
    Oyanın! 2017 | № 6
    • Qiyamət günü saatı

      ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYA HARA GEDİR?

      Dünya hara gedir?

      2017-ci il elmi ictimaiyyətin bəd bəyanatı ilə başladı. Yanvar ayında bir qrup alim dünyanın görünməmiş fəlakətin düz astanasında olduğunu elan etdi. Alimlər bəşəriyyətin qlobal fəlakətə nə qədər yaxın olduğunu göstərmək üçün simvolik Qiyamət günü saatının əqrəbini 30 saniyə önə çəkdi. Hal-hazırda Qiyamət günü saatı gecəyarısına cəmi 2 dəqiqə 30 saniyə qaldığını göstərir. Bu isə o deməkdir ki, dünya qlobal fəlakətə son 60 il ərzində heç vaxt bu qədər yaxın olmayıb!

      Alimlər dünyanın sonuna nə qədər qaldığını 2018-ci ildə yenidən hesablamağı planlaşdırır. Görəsən, Qiyamət günü saatı yenə də misilsiz fəlakətin yaxınlaşdığına işarə edəcək? Siz bu barədə nə düşünürsünüz? Dünya hara gedir? Bəlkə də, sizə bu sualları cavablandırmaq çətindir. Bu təbiidir, hətta alimlər də bununla bağlı ortaq fikirdə deyillər. Ümumiyyətlə, hamı dünyanın dağılacağını düşünmür.

      Misal üçün, milyonlarla insan gələcəyə ümidlə baxır. Onlar Yer kürəsinin heç vaxt dağılmayacağına və yaşayışın yaxşılaşacağına dair dəlillərinin olduğunu iddia edirlər. Bəs onların dəlilləri əsaslıdır? Görəsən, dünyanı idarə edən var, yoxsa o, başlı-başına qalıb?

      «Bir çox ölkələr tərəfindən qəbul olunmuş simvolik Qiyamət günü saatı özümüzün ixtira etdiyi təhlükəli texnologiyaların cəmiyyətimizi məhv etməyə nə qədər yaxın olduğunu göstərir. Bu texnologiyalar sırasına başlıca olaraq nüvə silahları daxildir. Bununla belə, iqlim dəyişikliyinə səbəb olan texnologiyalar, yeni biotexnika və kibertexnika da həyatımıza və planetimizə səhv hesablamalar nəticəsində, məqsədyönlü və ya təsadüfi şəkildə bərpaolunmaz zərər vurmağa qadirdir» («Bulletin of atomik sayentists»).

  • Cavab axtarışında
    Oyanın! 2017 | № 6
    • ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYA HARA GEDİR?

      Cavab axtarışında

      EŞİTDİYİNİZ bəd xəbərlər sizi təlaşa sala bilər. Bu hissləri keçirən tək siz deyilsiniz. Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama 2014-cü ildə öz çıxışında qeyd etmişdi ki, məhz mətbuatın verdiyi dəhşətli xəbərlərə görə çox adam «dünyanın başlı-başına qaldığını... heç kimin vəziyyəti düzəldə bilməyəcəyini» düşünür.

      Elə bu sözləri deyəndən sonra o, dünyanın problemlərini düzəltmək yolunda edilən bir çox tədbirlər haqda inamla söz açmışdı. Cənab prezident dövlətin gördüyü müəyyən təşəbbüsləri «xoş xəbər» adlandıraraq, vəziyyətə «tam nikbin» və «olduqca ümidlə» baxdığını bəyan etmişdi. Onun sözlərinə əsasən, insan cəhdləri yer üzündəki vəziyyəti ələ almağa və qlobal fəlakətin qarşısını almağa qadirdir.

      Çox adam Barak Obama kimi nikbin baxışa sahibdir. Məsələn, bəziləri ümidlərini elmə bağlayır. Onlar dünyanı düzəltməyə qadir olan texnologiyaların sürətlə inkişaf edəcəyini proqnozlaşdırır. Rəqəmsal texnologiya və ixtiralar üzrə bir mütəxəssis əminliklə deyir ki, «2030-cu ilə kimi bizim texnologiya min dəfə, 2045-ci ilə kimi isə milyon dəfə daha güclü olacaq». O əlavə edir: «Vəziyyətimiz çox yaxşıdır. Bu gün problemlərimiz əvvəlkindən böyük olsa da, onların qarşısını almaq qabiliyyətimiz daha çoxdur».

      Dünyadakı vəziyyəti nə dərəcədə acınacaqlı hesab etmək olar? Doğrudanmı, dəhşətli qlobal fəlakətin astanasındayıq? Bəzi alim və siyasətçilər parlaq gələcək vəd etsə də, çox adam hələ də gələcəyə görə narahatdır. Səbəb nədir?

      Nüvə partlayışı

      KÜTLƏVİ QIRĞIN SİLAHLARI. Birləşmiş Millətlər və digər təşkilatlar nüvə tərk-silahı üçün əlindən gələni etsə də, cəhdləri uğursuzluqla nəticələndi. Bir sıra dikbaş ölkə rəhbərləri bu kimi cəhdləri dəstəkləmək əvəzinə, silah nəzarəti qanunlarını gülünc hesab edir. Nüvə silahına malik olan ölkələr silahlarını təkmilləşdirir və daha öldürücülərini yaradır. Bir zamanlar kütləvi qırğın vasitələri olmayan ölkələr isə hal-hazırda insan cəmiyyətinin böyük hissəsini məhv etməyə qadirdir.

      Nüvə müharibəsinə son dərəcə hazırlıqlı olan dünya hətta sülh şəraitində belə təhlükə saçır. «Misal üçün, insan iştirakı və nəzarəti olmadan “öldürmək” əmri verən avtonom silah sistemləri xüsusilə böyük narahatçılıq doğurur» («Bulletin of atomik sayentists»).

      Kişi xəstə çarpayısında

      SAĞLAMLIĞIMIZ TƏHLÜKƏDƏDİR. Elm insanlara mükəmməl sağlamlıq verməyə qadir deyil. Müxtəlif xəstəliklərə səbəb olan yüksək qan təzyiqi, piylənmə, havanın çirklənməsi, narkotik maddələrdən sui-istifadə və sairə kimi riskli amillər sürətlə artır. Getdikcə daha çox insan yoluxucu olmayan xəstəliklərdən, məsələn, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabetdən həyatını itirir. Əqli xəstəliklər də daxil olmaqla, insanları iflic edən cürbəcür xəstəliklərin sayı artır. Son illər ərzində Ebola və Zika kimi təhlükəli epidemiyalar peyda olub. Xülasə: İnsanlar xəstəliklərin qarşısını almaqda acizdir və görünür, bu, belə də davam edəcək.

      Havanın və suyun çirklənməsi

      İNSANLAR TƏBİƏTİ MƏHV EDİR. Zavod və fabriklər hələ də atmosferi çirkləndirir. Hava çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur.

      Fərdi insanlar, yerli əhali, eləcə də dövlət müəssisələri okeanları çirkab suları, tibbi və təsərrüfat tullantıları ilə, həmçinin plastik və digər tullantılarla çirkləndirir. «Bu tullantılar dənizdə yaşayan canlıların və bu canlılarla qidalanan insanların zəhərlənməsinə səbəb olur» («Encyclopedia of Marine Science»).

      İçməli su ehtiyatı tükənmək üzrədir. Robin Makki adlı britaniyalı alim xəbərdarlıq edir: «Dünyanı qlobal su qıtlığı gözləyir». Siyasətçilərin sözlərinə görə, su çatışmazlığı olduqca böyük təhlükədir və bunun səbəbkarı elə insanların özüdür.

      Tornado

      TƏBİƏT İNSANLARI MƏHV EDİR. Fırtına, qasırğa, tornado, tayfun və zəlzələlər ucbatından güclü daşqın, torpaq sürüşməsi və sairə dağıntılar yaranır. Təbii fəlakətlər nəticəsində ölənlərin və ciddi xəsarət alanların sayı heç vaxt bu həddə çatmamışdı. ABŞ-ın Kosmik Fəzanın Tədqiqi və Aeronavtika üzrə Milli İdarəsi (NASA) tərəfindən dərc olunan bir məqalədə «daha şiddətli fırtınaların, ölümcül isti dalğaların və dəhşətli daşqınların» gözlənildiyi qeyd olunur. Görəsən, təbiət bəşəriyyəti məhv edəcək?

      Əlbəttə, həyati təhlükə daşıyan amilləri sadalamaqla bitməz. Amma bütün bu təhlükələri götür-qoy etməklə gələcəyimizlə bağlı suallara qaneedici cavab tapmaq mümkün deyil. Bəzilərinin fikrincə, buna siyasətçilərin və alimlərin danışdıqlarını izləməklə də nail olmaq mümkün deyil. Lakin əvvəlki məqalədə qeyd olunduğu kimi, bir çox insan dünyanın gedişatı və gələcəklə bağlı suallarına əsaslı cavablar tapıb. Bəs sualların cavabı haradadır?

  • Müqəddəs Kitabda nə deyilir?
    Oyanın! 2017 | № 6
    • Kişi Allahın vəd etdiyi yeni dünyadadır

      Qiyamət günü saatının proqnozları yerinə yetməyəcək, çünki Yaradan bəşəriyyət və Yer kürəsi ilə bağlı gözəl gələcək vəd edir

      ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYA HARA GEDİR?

      Müqəddəs Kitabda nə deyilir?

      DÜNYANIN vəziyyətinin belə acınacaqlı olacağı Müqəddəs Kitabda əsrlər öncə qələmə alınıb. Ən əsası isə orada vəd olunur ki, bəşəriyyəti parlaq gələcək gözləyir. Müqəddəs Kitabda deyilənlərə dırnaqarası yanaşmamalıyıq, çünki orada yazılmış peyğəmbərliklərin demək olar ki, hamısı ən xırda təfsilatına qədər yerinə yetib.

      Misal üçün, Müqəddəs Kitabın növbəti peyğəmbərliklərinə diqqət yetirək:

      • «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:7).

      • «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Timutiyə 3:1—4).

      Bu peyğəmbərliklərdə dünyanın get-gedə daha betər vəziyyətə, idarəolunmaz hala düşəcəyi təsvir olunub. Doğrudan da, dünya nəzarətdən — insan nəzarətindən çıxıb. Müqəddəs Kitaba əsasən, dünyanın dərdinə birdəfəlik əlac qılmaq üçün insan ağlı və gücü yetməz. Növbəti ayələr bunu aydın göstərir:

      • «Yol var ki, adama düz görünür, amma axırı ölümdür» (Məsəllər 14:12).

      • «Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9).

      • «İnsanın yolu öz əlində deyil, addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).

      Hər kəs öz bildiyi kimi davranmağa davam etsə, dünya qlobal fəlakətlə üzləşə bilər. Lakin bu, baş verməyəcək! Çünki Müqəddəs Kitabda deyilir:

      • «[Ey Allahım], Yeri möhkəm təməllər üzərində qurmusan, heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5).

      • «Bir nəsil gedir, o biri nəsil gəlir, amma Yer əbədi durur» (Vaiz 1:4).

      • «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

      • «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

      Müqəddəs Kitabın bu ayələri suallarımıza aydın cavab verir. Bəşəriyyət nə ətraf mühitin çirklənməsindən, nə su və ərzaq qıtlığından, nə də epidemiyadan məhv olmayacaq. Hətta nüvə müharibəsi də dünyanı məhv edə bilməyəcək. Bəs bu əminliyimiz haradandır? Yer kürəsinin gələcəyi Yaradanın nəzarəti altındadır. Düzdür, Allah insanlara iradə azadlığı verib. Bununla belə, hər kəs öz verdiyi qərarın nəticəsini biçəcək (Qalatiyalılara 6:7). Dünya nəzarətsiz şütüyən və qəzaya doğru irəliləyən qatara bənzəmir. Allah bəşəriyyətin özünü tamamilə məhv etməməsi üçün müəyyən sərhəd və məhdudiyyətlər qoyub (Zəbur 83:18; İbranilərə 4:13).

      Bundan əlavə, Allah bəşəriyyətə əmin-amanlığın bolluğunu bəxş edəcək (Zəbur 37:11). Bu məqalədə yazılanlar milyonlarla Yehovanın Şahidinin Müqəddəs Kitabdan parlaq gələcəklə bağlı öyrəndiklərinin bir zərrəsidir.

      Yehovanın Şahidləri müxtəlif yaş həddinə və müxtəlif milliyyətə mənsub insanlardan ibarət ümumdünya təşkilatdır. Onlar Müqəddəs Kitaba əsasən, adı Yehova olan tək gerçək Allaha ibadət edirlər. Bu insanlar gələcəyə görə təlaşa düşmürlər, çünki Müqəddəs Kitabda yazılıb: «Göyləri yaradan, var olan Allah, Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq, onu boş yerə deyil, yaşayış üçün yaradan Yehova belə deyir: “Yehova Mənəm, başqası yoxdur”» (Əşiya 45:18).

      Bu məqalədə bəşəriyyətin və Yer kürəsinin gələcəyi ilə bağlı Müqəddəs Kitabın bəzi təlimlərini araşdırdıq. Ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «İlahi müjdə» kitabçasının 5-ci dərsinə baxa bilərsiniz. Kitabçanı www.jw.org saytından onlayn oxumaq və ya yükləmək olar.

      Həmçinin www.jw.org saytında «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxa bilərsiniz. (NƏŞRLƏR > VİDEO bölməsinə daxil olun.)

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş