Fəsil 15
Mənim şəxsi həyatım ola bilməz?
Aşağıda təsvir olunan vəziyyətlər yarananda sən ən çox necə reaksiya verirsən? Cavabının yanında ✔ işarəsi qoy.
1. Sən öz otağındasan, qapı örtülüdür. Birdən bacın və ya qardaşın qapını döymədən otağına girir.
□ «Problem deyil. Hərdən mən özüm də belə edirəm».
□ «Mədəniyyətin olsun! Bəlkə, paltarımı dəyişirdim?!»
2. Evə girən kimi, valideynlərin səni sual atəşinə tuturlar. «Hara getmişdin? Kiminlə getmişdin? Nə işlə məşğul idin?»
□ «Problem yoxdur. Onsuz da həmişə hər şeyi onlara deyirəm»
□ «İşə düşdük də! Onlar mənə heç etibar etmir!»
ÇOX GÜMAN Kİ, balaca olanda şəxsi həyat məsələsi sənin üçün elə də böyük problem deyildi. Bacı və ya qardaşın qaçaraq otağına gələndə sevinərdin, çünki birlikdə oynayardınız. Valideynlərin nə isə soruşanda dərhal cavab verərdin. Demək olar ki, həyatın açıq kitab kimi idi. Ancaq indi sən onu bağlamaq istəyirsən. 14 yaşlı Koray deyir: «Özümlə bağlı nəyisə gizlədəndə çox xoşuma gəlir». Gəl iki sahəyə nəzər salaq görək, nəyə görə insanlar şəxsi həyatlarının olmasını istəyirlər.
Tək qalmaq istəyəndə
Təkliyə çəkilmək istəməyinin bir neçə səbəbi ola bilər. Ola bilsin ki, bir az dincini almaq istəyirsən (Mark 6:31). Yaxud da İsanın «otağına gir və qapını bağlayıb gözəgörünməz Atana dua et» məsləhətinə uyğun olaraq təklikdə dua etmək istəyirsən (Matta 6:6; Mark 1:35). Ancaq, ola bilsin, sən otağına girib qapını bağlayanda dua etməyin heç valideynlərinin ağlına gəlməsin. Bacı-qardaşların isə nə vaxt tək qalmaq istədiyini başa düşməyə bilərlər.
Nə edə bilərsən? Otağını döyüş meydanına çevirməkdənsə, aşağıdakıları həyata keçir:
● Özünə vaxt ayırmaq istəyəndə bacı-qardaşların səni narahat etməsinlər deyə bir neçə praktiki qaydalar təsis et. Əgər lazımdırsa, valideynlərindən kömək istəyə bilərsəna.
● Valideynlərini başa düşməyə çalış. Gör 16 yaşlı Rebeka nə deyir: «Valideynlərim vaxtaşırı məni yoxlayırlar. Düzünü desəm, mən valideyn olsam, uşaqlarımı heç bir dəqiqə də gözdən qoymaram, xüsusilə də gənclərin üzləşdiyi bugünkü vəziyyəti gördüyüm halda!» Rebeka kimi, sən də valideynlərinin narahatçılıqlarını başa düşürsənmi? (Süleymanın məsəlləri 19:11)
● Dürüst olaraq özündən soruş: «Mən valideynlərimə otağıma girib qapını bağlayaraq içəridə nə isə səhv bir işlə məşğul olduğumdan şübhələnmələrinə əsas verirəm? Hər şeyi gizlətməyə çalışdığım üçün onlar məni güdmək məcburiyyətində qalmırlar ki?» Əgər bu suallara «yox» cavabını verdiyin halda valideynlərin hələ də sənə etibar etmirlərsə, onda hörmətcil və mülayim şəkildə özünü necə hiss etdiyini onlara izah et. Diqqətlə qulaq as və onların narahatçılığının səbəbini başa düşməyə çalış (Yaqub 1:19).
Dostluq quranda
Yeniyetməlik dövründə ailəndən kənarda dostluq qurmaq istəyi təbiidir. Həmçinin valideynlərinin kiminlə dostluq etdiyini və nə işlə məşğul olduğunu bilmək istəməsi də normaldır. Lakin bəzən sənə elə gələ bilər ki, onlar həddən artıq narahat olurlar. 16 yaşlı Emi deyir: «Mən telefonla danışan və e-mail yazan zaman valideynlərimin hər 10 dəqiqədən bir başımın üstünü kəsdirərək kiminlə danışdığımı və yazışdığımı soruşmalarını istəmirəm».
Nə edə bilərsən? Dostların səninlə valideynlərin arasında sədd olmasın deyə aşağıdakı məsləhətləri tətbiq etməyə çalış:
● Kiminlə dostluq etdiyini gizlətmə və onları valideynlərinlə tanış et. Əlbəttə, valideynlərinin səndən xəbərsiz dostlarının kim olduğunu öyrənməyə çalışması sənin xoşuna gəlməyə bilər. Ancaq əgər dostlarını onlardan gizlətməyə çalışsan, səncə, onların başqa əlacı qalacaq? Unutma ki, valideynlərin birgə vaxt keçirdiyin uşaqlar barədə nə qədər çox bilsələr, bir o qədər də sənin dost seçimindən arxayın olarlar.
● Özünə qarşı dürüst ol. Əslində nə istəyirsən: şəxsi həyatının olmasını, yoxsa valideynlərindən nə isə gizlətməyi? 22 yaşlı Britani deyir: «Ailənlə birlikdə yaşayırsansa və atanla anan sənə görə narahatdırsa, öz-özünə fikirləşməlisən: “Əgər pis bir iş görmürəmsə, onda niyə gizlətməliyəm?” Yox, əgər gizlədirsənsə, deməli, nə isə var».
Atacağın addımlar
İndi isə gəl keçək əsas məsələyə. Aşağıda gətirilən suallara öz cavablarını yaz:
1-ci addım: problemi müəyyən et. Hansı sahədə şəxsi həyatının olmasını istərdin?
․․․․․
2-ci addım: valideynlərinin fikirlərini nəzərə al. Səncə, onların narahatçılıqlarının əsil səbəbi nədir?
․․․․․
3-cü addım: problemin həllini tap. Elə olurmu ki, sən istəmədən problemi daha da gərginləşdirirsən? Əgər olursa, necə? Verdiyin cavaba əsasən, nəyi dəyişdirə bilərsən? Bu problemin həllində valideynlərin sənə necə kömək edə bilərlər?
․․․․․
4-cü addım: valideynlərinlə danış. Şəxsi həyatınla bağlı söhbətə necə başlaya biləcəyini yaz.
․․․․․
Atan və ya anan vəfat edib? Təsəllini haradan tapa bilərsən?
[Haşiyə]
a Əlavə məlumat üçün bu kitabın 6-cı fəslinə bax.
AÇAR AYƏ
“Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi bir adam, həqiqət sözünü düzgün öyrədən, alnıaçıq bir işçi kimi çıxasan” 2 Timoteyə 2:15
MƏSLƏHƏT
Valideynlərindən şəxsi həyatına hörmət etmələrini xahiş edəndə yaxşı olar ki, şikayətlənməyəsən, sadəcə hisslərini bölüşəsən. Bəs bunların arasında fərq nədədir? Şikayətlənəndə diqqəti valideynlərinin, sənin fikrincə, düz etmədikləri şeylərə yönəltmiş olursan. Ancaq hisslərini bölüşsən, bu, sizə diqqətinizi problemin həllinə cəmləməyə kömək edəcək.
BİLİRSƏN... ?
Valideynlərinlə nə qədər açıq olsan, onlar da səndən bir o qədər az şübhələnərlər.
HƏRƏKƏT PLANI!
Valideynlərimin etibarını qazanmaq (və ya yenidən qazanmaq) üçün mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə valideynlərinin sənin həyatınla bağlı hər şeyi bilməyə ixtiyarı var?
● Valideynlərinlə ünsiyyət qurmaq bacarığı başqaları ilə də dil tapmaqda sənə necə kömək edə bilər?
[108–ci səhifədəki yazı]
“Valideynlərimiz başımıza bir iş gəlməsini istəmirlər. Bununla belə hərdən bizə elə gələ bilər ki, onlar şəxsi həyatımıza qarışırlar. Bu isə heç kimin xoşuna gəlmir. Ancaq düzünü desəm, mən özüm valideyn olsam, mən də eyni şeyi edərdim” Alina
[109 səhifədəki şəkil]
Etibar əməkhaqqı kimidir — onu qazanmaq lazımdır