Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 1 s. 7—13
  • Valideynlərimlə necə söhbət edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Valideynlərimlə necə söhbət edim?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Təslim olma!
  • Aydın danış
  • Valideynlərimlə necə söhbət edim?
    Gənclərin 10 sualına cavab
  • Niyə valideynlərim məni əylənməyə qoymur?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Niyə valideynlərim əylənməyə imkan vermir?
    Gənclərin sualları
  • Daha çox sərbəstliyi necə əldə edə bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 1 s. 7—13

Fəsil 1

Valideynlərimlə necə söhbət edim?

«Mən hisslərimi valideynlərimlə bölüşməyə çalışdım, amma heç nə alınmadı — onlar ağzımı açmağa belə imkan vermədilər. Onsuz da söhbətə başlamaq mənim üçün asan deyildi!» Roza

SƏN balaca olanda, yəqin, bir şey olan kimi tez valideynlərinin yanına qaçıb hər şeyi onlara danışardın. Çəkinmədən fikirlərini və hisslərini bölüşərdin, heç ağlına belə gəlməzdi ki, onlar hansısa problemi həll edə bilməsinlər.

İndi isə sənə elə gəlir ki, onlar səni başa düşmürlər. Elza adlı bir qız deyir: «Bir gün axşam şam yeməyində ağlayıb ürəyimi boşaltdım. Valideynlərim mənə qulaq asırdılar, amma elə bil başa düşmürdülər. Mən də gedib otağımda ağladım!»

Ancaq insan hər dəqiqə ürəyindəkiləri valideynlərinə demək istəmir. Emin adlı 14 yaşlı oğlan deyir: «Valideynlərimlə, demək olar ki, hər şey haqqında danışıram. Ancaq hərdən sevinirəm ki, onlar ağlımdan keçənlərin hamısını bilmirlər».

Bəs hər şeyi danışmaq mütləqdir? Əlbəttə, əgər yalana gətirib çıxarmayacaqsa, hər şeyi danışmaq şərt deyil (Süleymanın məsəlləri 3:32). Ola bilər, valideynlərin səni başa düşmür, yaxud sən özün onlara heç nə danışmaq istəmirsən; bütün bunlara baxmayaraq, sən valideynlərinlə danışmalısan, onlar da səninlə nə baş verdiyini bilməlidirlər.

Təslim olma!

Valideynlərlə ünsiyyəti, müəyyən mənada, maşın sürməyə bənzətmək olar. Yolun bağlı olması, adətən, sürücünü yolundan saxlamır, o, gedəcəyi yerə çatmaq üçün başqa yol axtarır. Gəl iki nümunəyə nəzər salaq.

MANEƏ 1 Sən danışmaq istəyirsən, valideynlərin isə sənə qulaq asmır. Leyla adlı bir qız deyir: «Atamla danışmaq mənim üçün çətindir. Bəzən elə olur ki, mən danışıram, danışıram, birdən atam qayıdıb soruşur: “Bağışla, sən nəsə dedin?”»

SUAL: Bəs əgər Leylanın, doğrudan da, problemi varsa və o, bu barədə mütləq danışmalıdırsa? Onun ən azı üç variantı var.

Variant A

Atasına əsəbiləşir. Leyla: «Ata, qulaq as da! Vacibdir axı!» — deyə qışqırır.

Variant B

Fikrindən daşınır. Problemləri haqda danışmağa bir daha cəhd göstərmir.

Variant C

Münasib vaxtı gözləyir və yenidən danışır. Atası ilə üz-üzə söhbət edir və ya problemi haqda məktub yazır.

Səncə, Leyla hansı variantı seçməlidir? ․․․․․

Gəl görək, bu variantlardan hər biri nə ilə nəticələnəcək.

Leylanın atasının fikri başqa yerdədir, buna görə də qızının qanıqara olduğunu görmür. Əgər Leyla A variantını seçib səsinin tonunu qaldırarsa, ola bilsin, atası onunla nə baş verdiyini anlamayacaq. Üstəlik, belə etməklə o, atasına hörmətsizlik göstərmiş olacaq (Efeslilərə 6:2). Aydındır ki, bu variant heç bir fayda gətirməyəcək.

B variantı ən asan üsul olsa da, vəziyyətdən ən yaxşı çıxış yolu deyil. Nəyə görə? Çünki «etibarlı söhbət olmazsa, niyyət boşa çıxar» (Süleymanın məsəlləri 15:22, Yeni dünya tərcüməsi). Leylaya kömək etmək üçün atası onun problemini və həyatında nələr baş verdiyini bilməlidir. Söhbət etmək fikrindən daşınmaqla isə heç nəyə nail olmaq mümkün deyil.

C variantına gəldikdə isə, Leyla yol verməyəcək ki, yaranmış vəziyyət atası ilə söhbət etməsinə əngəl olsun. O, atası ilə başqa bir vaxt söhbət etməyə cəhd göstərəcək. Əgər o, məktub yazmaq qərarına gələrsə, çox ehtimal ki, həmin an özündə yüngüllük hiss edəcək, ürəyindəkiləri məktub vasitəsilə aydın ifadə edə biləcək. Atası məktubu oxuduqdan sonra qızının nə demək istədiyini biləcək və onun vəziyyətini daha yaxşı anlayacaq. Beləliklə, həm Leyla, həm də atası üçün C variantı ən əlverişli variantdır.

Səncə, Leylanın başqa hansı variantları var? Aşağıda öz variantını və onun mümkün nəticələrini yaz.

․․․․․

MANEƏ 2 Valideynlərin səninlə söhbət etmək istəyir, sənin isə heç həvəsin yoxdur. Sara adlı bir qız deyir: «Məktəbdən yorğun-arğın gələndə sual atəşinə tutulmaqdan dəhşətli heç nə ola bilməz. Mən məktəbdə olanları unutmağa çalışıram, onlar isə evə girən kimi suallar yağdırmağa başlayırlar: “Günün necə keçdi? Heç bir problemin olmadı ki?”». Əlbəttə, Saranın valideynləri bu cür sualları yaxşı niyyətdən irəli gələrək verirlər. Ancaq o, gileylənərək deyir: «Evə gələndə məktəb haqda danışmağa heç halım olmur».

SUAL: Belə halda Sara nə edə bilər? Əvvəlki nümunədə olduğu kimi, onun da üç variantı var.

Variant A

Danışmaq istəmir. Sara deyir: «Əl çəkin məndən. İndi danışmaq istəmirəm!»

Variant B

Könülsüz danışır. Kefsiz olmasına baxmayaraq, valideynlərinin suallarına birtəhər cavab verir.

Variant C

Məktəb söhbətini bir kənara qoyub başqa şeylərdən danışır. Sara təklif edir ki, məktəb haqda başqa vaxt, kefi olanda danışsınlar. Sonra da səmimi maraq göstərib deyir: «Yaxşısı budur, siz danışın görüm gününüz necə keçib? İşləriniz necədir?»

Səncə, Sara hansı variantı seçməlidir? ․․․․․

Gəl yenidən bu variantlardan hər birinin nə ilə nəticələnəcəyinə nəzər salaq.

Saranın heç kefi yoxdur. Danışmağa həvəsi olmadığından A variantını seçir, bununla belə kefi düzəlmir. Üstəlik, valideynlərinə qarşı kobudluq etdiyi üçün peşmandır (Süleymanın məsəlləri 29:11).

Bu zaman Saranın özündən çıxması, sonra da susması onun valideynlərinə çox pis təsir edə bilər. Onlara elə gələ bilər ki, qızları nə isə gizlədir və ondan hər şeyi danışmağı tələb edə bilərlər. Bu da, öz növbəsində, vəziyyəti daha da gərginləşdirəcək. Sonda bu variantın heç bir faydası olmayacaq.

Sözsüz ki, B variantı A variantından yaxşıdır. Ən azından Sara ilə valideynləri söhbət edirlər. Ancaq söhbət səmimi olmadığından nə Sara, nə də valideynləri istədikləri kimi sərbəst və açıq ünsiyyət edə bilmirlər.

C variantında isə məktəb haqqında söhbət sonraya saxlanıldığından Sara özünü daha yaxşı hiss edəcək. Valideynlərinə də qızlarının onlarla maraqlandığını görmək xoş olacaq. Göründüyü kimi, bu ən yaxşı variantdır, çünki hər iki tərəf Müqəddəs Kitabın Filipililərə 2:4 ayəsindəki: «Yalnız öz xeyrinizi güdməyin, başqalarının da xeyrini düşünün» prinsipinə əməl edir.

Aydın danış

Unutma ki, sən bir şey deyə bilərsən, valideynlərin isə tamamilə başqa şey başa düşə bilərlər. Tutalım, valideynlərin səndən nəyə görə kefsiz olduğunu soruşurlar. Sən də: «Bu haqda danışmaq istəmirəm», — deyə cavab verirsən. Ancaq onlar: «Mən hisslərimi bölüşmək üçün sizə kifayət qədər etibar etmirəm. Problemlərimi dostlarıma danışaram, amma sizə yox» kimi başa düşə bilərlər. İndi aşağıdakı tapşırığı yerinə yetir. Təsəvvür et ki, çətin problemlə üzləşmisən, valideynlərin isə sənə kömək etmək istəyirlər.

Sən deyirsən: «Narahat olmayın, mən bunun öhdəsindən gələrəm».

Valideynlərin belə başa düşə bilər: ․․․․․

Belə cavab vermək daha yaxşı olardı: ․․․․․

Yadda saxla: sözlərinə və səs tonuna fikir vermək, hörmətcil tərzdə danışmaq olduqca vacibdir (Koloslulara 4:6). Axı onlar sənin düşmənin deyil, valideynlərindir. Özün də yaxşı bilirsən ki, çətin bir vəziyyətin öhdəsindən gəlmək üçün sənə kömək gərəkdir.

NÖVBƏTİ FƏSİLDƏ

Əgər problem valideynlərinlə danışmaqda yox, hər dəfə söhbətin mübahisəyə çevrilməsindədirsə, onda necə?

AÇAR AYƏ

“Sözlərim səmimi ürəkdən gəlir, dodaqlarım biliyi doğru söyləyir” Əyyub 33:3

MƏSLƏHƏT

Əgər oturub valideynlərinlə problemin haqda danışmaq sənin üçün çətindirsə, məsələni gəzməyə çıxanda, maşında gedəndə və ya alış-veriş edəndə müzakirə et.

BİLİRSƏN... ?

Valideynlərinlə ciddi mövzularda söhbət etmək sənə çətin olduğu kimi, bu haqda danışmaq, ola bilsin, onlar üçün də asan deyil və özlərini narahat hiss edirlər.

HƏRƏKƏT PLANI!

Gələn dəfə valideynlərimlə danışmaq istəməyəndə mən... ․․․․․

Valideynlərim istəmədiyim mövzu barədə söhbət etməyə çalışanda belə deyəcəyəm: ․․․․․

Bu mövzü ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Söhbət üçün düzgün vaxt seçmək nəyə görə vacibdir? (Süleymanın məsəlləri 25:11).

● Nəyə görə valideynlərinlə söhbət etmək üçün səy göstərməyə dəyər? (Əyyub 12:12).

[10–cu səhifədəki yazı]

“Valideynlərimlə danışmaq həmişə asan olmur, ancaq ürəyimdəkiləri açıb danışanda, elə bil, üstümdən ağır yük götürülür” Deveni

[8–ci səhifədəki yazı]

Yol bağlı olanda başqa yollar axtarıb-tapdığın kimi, valideynlərinlə də dil tapa bilərsən!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş