Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 14 s. 98—104
  • Həyatımdan bezəndə...

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatımdan bezəndə...
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Ümidsizliyin arxasında duran səbəblər
  • Heç ümid yeri yoxdur?
  • Vəziyyət dəyişir
  • Duanın gücü
  • Problem sağlamlıqla bağlı olanda
  • Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?
    Gənclərin sualları
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Özünəinam hissini necə artırmaq olar?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Allahla necə dost ola bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 2
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 14 s. 98—104

Fəsil 14

Həyatımdan bezəndə...

«MƏNİM üçün yaşamaqdansa, ölmək yaxşıdır». Bu sözlər kimə aiddir? Allaha inanmayan insana? Allahdan üz döndərən insana? Yaxud Allahın tərk etdiyi bir nəfərə? Heç birinə. Bu sözləri Allaha sadiq olan, ancaq güclü ruh düşkünlüyünə qapılan Yunus demişdir (Yunus 4:3).

Müqəddəs Kitabda Yunusun özünə qəsd etmək fikrində olduğu deyilmir. Bununla belə, onun bu cür çarəsiz halda fəryad etməsi göstərir ki, hətta Allahın sadiq xidmətçiləri belə hərdən güclü sarsıntı keçirə bilərlər (Məzmur 34:19).

Bəzi gənclər o dərəcədə ümidsizliyə qapılırlar ki, yaşamağın mənasız olduğunu düşünürlər. Ola bilsin, onlar da 16 yaşlı Lauranın keçirdiyi hissləri keçirirlər: «Artıq uzun illərdir ki, məndə vaxtaşırı güclü depressiya baş qaldırır. Ağlımdan tez-tez özümü öldürmək keçir». Bəs əgər kiminsə özünə qəsd etmək istədiyini bilirsənsə, yaxud sənin özündə belə bir fikir yaranırsa, nə edə bilərsən? Əvvəlcə gəl görək, bu kimi fikirlərin yaranmasına nə səbəb olur.

Ümidsizliyin arxasında duran səbəblər

İnsan nəyə görə ölmək istəyir? Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, biz «axır günlərdə son dərəcə ağır bir zəmanə»də yaşayırıq və bir çox gənclər müasir həyatın çətinliklərini öz üzərlərində xüsusilə hiss edirlər (2 Timoteyə 3:1). Həmçinin bəzilərində qeyri-kamillik ucbatından ətrafdakılara və özlərinə tənqidi yanaşmaq vərdiş halına çevrilib (Romalılara 7:22—24). Bunu bəzi hallarda pis rəftarla, bəzən də hansısa xəstəliklə izah etmək olar. Üstəlik, bir ölkədə aparılan araşdırmaya əsasən, intihar edən insanların 90 faizi hər hansı psixi xəstəlikdən əziyyət çəkənlərdira.

Əlbəttə, heç kim bədbəxtlik və fəlakətdən sığortalanmayıb. Müqəddəs Kitabda deyilir ki, «bütün xilqət... inildəyib əzab çəkir» (Romalılara 8:22). Gənclər də bura daxildir. Üstəlik, gənclərə aşağıda sadalanan hadisələr güclü təsir göstərə bilər:

● qohumun, dostun və ya sevimli ev heyvanının ölümü;

● ailədəki dava-dalaş;

● məktəbdəki çətinliklər;

● sevgilisindən ayrılmaq;

● amansız rəftar (eləcə də fiziki və cinsi zorakılıq).

Etiraf etmək lazımdır ki, əvvəl-axır bütün gənclər yuxarıda sadalanan vəziyyətlərdən biri ilə üzləşir. Nəyə görə bəziləri digərlərinə nisbətən bu vəziyyəti daha ağır keçirir? Mütəxəssislərin fikrinə görə, əllərini yanlarına salan və mübarizə aparmaq istəməyən gənclər özlərini köməksiz və çarəsiz hiss edirlər, başqa sözlə, onların gələcəyə olan ümid işıqları tamamilə sönüb. Əslində, onlar ölmək istəmirlər; sadəcə əzablardan yaxa qurtarmaq istəyirlər.

Heç ümid yeri yoxdur?

Yəqin, sən elə bir adam tanıyırsan ki, o, artıq iztirablara tab gətirə bilmədiyini, hətta özünə qəsd edəcəyini deyir. Belə olan halda sən nə edə bilərsən?

Ola bilsin, dostun elə vəziyyətdədir ki, ölmək istəyir. Mütləq onu kimdənsə kömək istəməyə təşviq et. Hətta o, bu haqda heç kimə heç nə deməməyi tapşırsa belə, böyüklərdən ona kömək edə biləcək biri ilə danış. Dostunu itirəcəyindən qorxma. Vəziyyətə müdaxilə etməklə dostunun həyatını xilas edə bilərsən!

Bəs əgər sənin özünün ağlından belə bir fikir keçirsə, onda necə? Fikirlərini içində saxlama. Valideynlərinlə, dostunla, yaxud sənə diqqətlə qulaq asacaq və vəziyyətinə başdansovdu yanaşmayacaq biri ilə söhbət et. Ürəyini kiməsə boşaltmaqla sən heç nə itirməyəcəksən, əksinə, çox şey qazanacaqsanb.

Düzdür, təkcə danışmaqla problemi həll etmək olmur. Ancaq məhz etibar etdiyin adamla söhbət öz vəziyyətinə düzgün nöqteyi-nəzərdən baxmağa, hətta müəyyən çıxış yolu tapmağa kömək edə bilər.

Vəziyyət dəyişir

Qəm-qüssə səni boğanda bir şeyi unutma: vəziyyət nə qədər dəhşətli görünsə də, zaman ötdükcə hər şey dəyişəcək. Bir çox əzablar görmüş məzmurçu Davud duada Allaha demişdi: «Yasımı şənliyə çevirdin» (Məzmur 30:11).

Əlbəttə, Davud bütün ömrünün şənliyə çevriləcəyini gözləmirdi. O, öz təcrübəsindən bilirdi ki, pis günün ömrü az olur. Ola bilsin, sən də bunun şahidi olmusan. Bəzi problemlər hələlik həllolunmaz kimi görünə bilər. Ancaq səbirli ol. Vəziyyət çox vaxt yaxşılığa doğru dəyişir. Bəzən problem öz-özünə həll olunur, bəzən də insan özü əvvəllər ağlına gəlməyən çıxış yolu tapır. Hər necə olsa da, unutma ki, problemlər ömürlük deyil (2 Korinflilərə 4:17).

Duanın gücü

Hər şeydən vacib duadır. Davud kimi, sən də dua edə bilərsən: «Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!» (Məzmur 139:23, 24).

Dua sadəcə rahatlıq tapmaq üçün bir vasitə deyil. Bu, səmavi Atanla səmimi ünsiyyətdir. Allah sənin Onun «hüzurunda qəlbini açıb boşalt»mağını istəyir (Məzmur 62:8). Aşağıda Allah haqqında sadalanan vacib həqiqətlərə diqqət yetir:

● O, sənin nəyə görə əzab çəkdiyini bilir (Məzmur 103:14).

● Səni sənin özündən yaxşı tanıyır (1 Yəhya 3:20).

● Sənin qeydinə qalır (1 Peter 5:7).

● Yeni dünyada Allah sənin «gözlərindən bütün yaşları siləcək» (Vəhy 21:4).

Problem sağlamlıqla bağlı olanda

Artıq qeyd olunduğu kimi, intihar etmək fikri çox vaxt hansısa xəstəliklə bağlı olur. Belə halda kömək üçün müraciət etməyə utanma. İsa demişdi ki, xəstələr həkimə möhtacdır (Matta 9:12). Sevindiricidir ki, bir çox xəstəliklərin müalicəsi var. Müalicənin sayəsində sən özünü çox yaxşı hiss edə bilərsənc.

Müqəddəs Kitabda deyildiyi kimi, Allahın vəd etdiyi yeni dünyada heç kim «xəstəyəm» deməyəcək (Yeşaya 33:24). Allah əmin edir ki, «əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək» (Yeşaya 65:17). Ancaq depressiyanın bir daha olmayacağı vaxtı gözlədiyin müddətdə həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün əlindən gələni et (Vəhy 21:1—4).

ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 9-CU FƏSLİNDƏN OXU

NÖVBƏTİ FƏSİLDƏ

Valideynlərin hər addımını nəzarət altında saxlamaq istəyirlər? Nə vaxtsa şəxsi həyatının olacağına ümid edə bilərsənmi?

[Haşiyələr]

a Ancaq qeyd etmək lazımdır ki, psixi xəstəliklərdən əziyyət çəkən gənclərin çoxu özünə qəsd etmir.

b Məyusluğa qapılan məsihçilər kömək üçün yığıncaqlarının ağsaqqallarına da müraciət edə bilərlər (Yaqub 5:14, 15).

c Əlavə məlumatı 13-cü fəsildən oxuya bilərsən.

AÇAR AYƏ

“Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq” Filipililərə 4:6, 7

MƏSLƏHƏT

Məyusluğa qapıldığını hiss edəndə təmiz havada iti addımlarla gəzmək, idman etmək sakitləşməyə və daxili rahatlıq əldə etməyə kömək edir.

BİLİRSƏN... ?

İntiharın qurbanları yalnız həyatlarına son qoyanlar yox, həm də arxada qoyub getdikləri yaxınları və qohumlarıdır.

HƏRƏKƏT PLANI!

Əgər özümü lazımsız hiss etsəm və sevilmədiyimi düşünsəm, onda mən... (etibar etdiyin bir adamın adını yaz) ․․․․․

Mənim üçün əziz olan və minnətdarlıqla üzərində düşündüyüm bir şey: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Hətta ən ağır problemlər belə müvəqqətidir. Bu fikir sənə necə kömək edə bilər?

● Nəyə görə demək olar ki, insan canına qəsd etməklə problemlərini başqalarının üzərinə atmış olur?

[104–cü səhifədəki yazı]

“Bəzən depressiya o dərəcədə dözülməz olurdu ki, ölmək istəyirdim, ancaq durmadan dua etməyin və müalicənin sayəsində, sanki, yenidən həyata qayıtmışam” Heydi

[100–cü səhifədəki çərçivə]

Məyusluq səni çulğayanda

Hətta Müqəddəs Kitabda adları çəkilən Allaha sadiq kişi və qadınlar belə məyusluğa qapılırdılar. Bəzi nümunələrə nəzər salaq:

Rivqa: «Əgər belədirsə, daha mən niyə yaşayıram?» (Yaradılış 25:22, Yeni Dünya tərcüməsi).

Musa: «Nə olar, məni öldür ki, belə əzabı görməyim» (Saylar 11:15).

İlyas: «Ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm» (1 Padşahlar 19:4).

Əyyub: «Kaş ki məni ölülər diyarında gizlədəydin,.. mənə möhlət verəydin, sonra məni yada salaydın» (Əyyub 14:13).

Onlardan hər birinin vəziyyəti yaxşılığa doğru dəyişdi, özü də heç özlərinin ağıllarına gəlməyəcək bir tərzdə. Əmin ol ki, səndə də hər şey öz yoluna düşəcək!

[102–ci səhifədəki şəkil]

Çarəsizlik hissi insanın başının üstünü alan qara buludlar kimidir — bir vaxtdan sonra çəkilib gedir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş