Fəsil 3
Daha çox sərbəstliyi necə əldə edə bilərəm?
«Kaş valideynlərim mənə bir az da sərbəstlik verəydilər» Sara, 18 yaş
«Valideynlərimdən soruşanda ki, niyə dostlarımla harasa getmək istəyəndə mənə etibar etmirlər, adətən, onlar belə cavab verirlər: “Biz sənə yox, dostlarına etibar etmirik”» Kristin, 18 yaş
OLA BİLSİN, Sara və Kristin kimi, sən də daha çox sərbəstlik istəyirsən. Buna nail olmaq üçün valideynlərinin etibarını qazanmalısan. Lakin etibar pul kimi bir şeydir. Onu qazanmaq çətin, itirmək isə asandır. Nə qədər qazansan da, heç vaxt bəs etmir. 16 yaşlı İlyana belə deyir: «Nə vaxt bir yerə getmək istəsəm, valideynlərim məni sual atəşinə tuturlar: hara gedirsən, kiminlə gedirsən, nə vaxt qayıdacaqsan. Başa düşürəm, onlar mənim valideynlərimdir, amma bu cür suallar məni qıcıqlandırır!»
Valideynlərinin etibarını qazanmaq və daha çox sərbəstlik əldə etmək üçün nə edə bilərsən? Bu suala cavab verməmişdən öncə, gəl görək, nəyə görə valideyn və uşaq arasında etibar məsələsi bu qədər həssas məsələdir.
Keçid dövrünün çətinlikləri
Müqəddəs Kitabda deyilir ki, kişi öz ata-anasını tərk edəcək (Yaradılış 2:24). Bunu eynilə qadınlara da aid etmək olar. Yeniyetməlik dövrü həm qızları, həm də oğlanları yetkinliyə — ata ocağından ayrılmağa və öz ailələrini qurmağa hazırlayıra.
Ancaq bu o demək deyil ki, müəyyən yaş həddinə çatdıqdan sonra sən avtomatik olaraq yetkin insan olacaqsan. Yetkinlik otaqdan-otağa keçməyə yox, pilləkənlə qalxmağa bənzəyir. Təbii ki, nə qədər pillə qalxdığına dair valideynlərinlə aranda fikir ayrılığı ola bilər. Dost seçimində ona etibar olunmadığını düşünən Mariya deyir: «Mənim artıq 20 yaşım var, amma bu problem hələ də davam edir. Valideynlərim düşünür ki, hər hansı təhlükəli vəziyyət yaranarsa, mən onun öhdəsindən gələ bilmərəm. Lakin onlara artıq belə vəziyyətlərdən dəfələrlə baş çıxardığımı desəm də, bunun heç bir xeyri yoxdur».
Mariyanın sözlərindən göründüyü kimi, valideynlərlə uşaqlar arasında etibar məsələsi böyük gərginliyə gətirib çıxara bilər. Sənin ailəndə də vəziyyət belədirmi? Əgər belədirsə, onda valideynlərinin sənə daha çox etibar etməsi üçün nə edə bilərsən? Bəs əgər düşüncəsiz bir hərəkət ucbatından onların etibarını itirmisənsə, onu yenidən necə qazana bilərsən?
Etibarlı olduğunu sübut et
Həvari Pavel birinci əsrdəki məsihçilərə yazmışdı: «Daima... özünüzü sınayın» (2 Korinflilərə 13:5). Düzdür, o, bu sözləri birbaşa yeniyetmələrə ünvanlamamışdı, ancaq bu prinsip onlara da aiddir. Valideynlərinin sənə sərbəstlik verməsi çox vaxt sənin nə dərəcədə etibaralayiq olduğunu sübut etməyindən asılıdır. Bu o demək deyil ki, sən kamil olmalısan. Axı hamı səhvə yol verir (Vaiz 7:20). Beləliklə, hərəkətlərini götür-qoy et və gör onlar valideynlərinin sənə etibar etməməsinə əsas verirmi.
Məsələn, həvari Pavel yazmışdı: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). Özündən soruş: «Valideynlərim məndən harada və nə ilə məşğul olduğumu soruşanda onlara nə dərəcədə dürüst cavab verirəm?» Bu sahədə ciddi düzəlişlər etməli olmuş bir neçə gəncin sözlərinə diqqət yetirək. Onların dediklərini oxuduqdan sonra aşağıda gətirilən suallara cavab ver.
Lori: «Mənim bir oğlandan xoşum gəlirdi və onunla gizlicə İnternetdə yazışırdım. Valideynlərim xəbər tutanda buna son qoymağımı tələb etdilər. Söz verdim ki, bir daha belə şey olmayacaq, amma sözümün üstündə durmadım. Bu hal düz bir il davam etdi; mən oğlanla yazışırdım, çox keçməmiş üstü açılırdı, valideynlərimdən üzr istəyib söz verirdim ki, bir də eləmiyəcəm, amma yenə də edirdim. Axırda iş o yerə gəlib çatdı ki, valideynlərimin mənə olan-qalan etibarı da öldü!»
Səncə, Lori nəyə görə valideynlərinin etibarını itirdi? ․․․․․
Sən Lorinin valideynlərinin yerində olsaydın, necə davranardın və nəyə görə? ․․․․․
Valideynləri ilə ilk söhbətdən sonra Lori necə davransa daha yaxşı olardı? ․․․․․
Aytən: «Valideynlərim oğlan məsələsində mənə etibar etmirdilər, indi bunun səbəbini başa düşürəm. Mən iki yaş özümdən böyük olan iki oğlanın hissləri ilə oynayırdım. Onlarla saatlarla telefonda danışır, dostlarla bir yerə toplaşanda isə, demək olar ki, təkcə onlarla ünsiyyət edirdim. Buna görə də, valideynlərim telefonumu bir aylıq əlimdən aldılar və həmin oğlanların olduğu yerlərə ayaq basmağı qadağan etdilər».
Sən Aytənin valideynlərinin yerində olsaydın, necə davranardın və nəyə görə? ․․․․․
Demək olarmı ki, Aytənin valideynlərinin qoyduğu məhdudiyyətlər əsassız idi? Əgər belədirsə, nə üçün? ․․․․․
Valideynlərinin etibarını yenidən qazanmaq üçün Aytən nə etməli idi? ․․․․․
Etibarı yenidən necə qazanmalı?
Sən də bu gənclər kimi öz davranışınla valideynlərinin etibarını itirmisənsə, ümidini üzmə. Çünki onların etibarını yenidən qazana bilərsən. Bəs necə?
Əgər məsuliyyətli insan olduğunu sübut etsən, təbii ki, valideynlərin də sənə etibar edəcək və daha çox sərbəstlik verəcəklər. Anet buna öz təcrübəsindən əmin olub. O deyir: «Uşaq olanda sənə etibar etmələrinin nə dərəcədə vacib olduğunu bir o qədər qiymətləndirmirsən. Ancaq indi mən daha çox məsuliyyət hiss edirəm və dərk edirəm ki, valideynlərimin etibarını itirməmək üçün hərəkətlərimə fikir verməliyəm». Bundan nə öyrənə bilərik? Valideynlərinin sənə etibar etmədiklərindən gileylənməkdənsə, çalış, etibaralayiq olduğunu hərəkətlərinlə sübut et. Onda daha çox sərbəstlik əldə edə bilərsən.
Məsələn, aşağıda sadalanan sahələrdə sənə etibar etmək olarmı? Üzərində çalışmalı olduğun sahələrin yanında ✔ işarəsi qoy.
□ Evə vaxtında gəlmək
□ Verdiyin sözün üstündə durmaq
□ Dəqiq olmaq
□ Pulu düzgün xərcləmək
□ Tapşırılan işi görmək
□ Səhərlər öz xoşunla durmaq
□ Otağını səliqəli saxlamaq
□ Düzünü danışmaq
□ Telefona və ya kompüterə az vaxt sərf etmək
□ Səhvlərini boynuna alıb üzr istəmək
□ Digər ․․․․․
Niyə də qarşına qeyd etdiyin sahələrdə etibar qazanmaq məqsədini qoymayasan? Müqəddəs Kitabın növbəti məsləhətlərinə əməl et: «Əvvəlki davranış tərzinizə xas olan... köhnə şəxsiyyəti əyninizdən [çıxarın]» (Efeslilərə 4:22). «Qoy “bəliniz” bəli... olsun» (Yaqub 5:12). «Hər kəs yaxınına həqiqəti söyləsin» (Efeslilərə 4:25). «[Hər şeydə] valideynlərinizin sözünə qulaq asın» (Koloslulara 3:20). Vaxt keçdikcə inkişafını hamı, o cümlədən valideynlərin də aydın görəcək (1 Timoteyə 4:15).
Bəs əgər bütün səylərinə baxmayaraq, valideynlərinin sənə layiq olduğun azadlığı vermədiklərini düşünürsənsə, onda necə? Bəlkə, bu barədə onlarla danışasan. Danışarkən şikayətlənmək əvəzinə, onların etibarını qazanmaq üçün nə etməli olduğunu hörmətcil tərzdə soruş. Bu sahədə qarşına hansı məqsədləri qoyduğunu valideynlərinə açıqca bildir.
Valideynlərinin o dəqiqə güzəştə gedəcəklərini gözləmə. Şübhəsiz ki, onlar verdiyin sözün üstündə duracağına əmin olmaq istəyəcəklər. Bu imkandan istifadə edərək etibaralayiq insan olduğunu sübut et. Vaxt keçdikcə valideynlərin sənə daha çox etibar edəcək və sərbəstlik verəcəklər. Yuxarıda sözləri gətirilən Aytənlə də belə olmuşdur. O deyir: «Etibarı qazanmaq daha çətindir, nəinki itirmək. İndi mənə daha çox etibar edirlər və mən buna çox sevinirəm!»
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 22-Cİ FƏSİLİNDƏN OXU
Valideynlərin boşanıb? Daxili dünyanın alt-üst olduğunu hiss edəndə ruhdan düşməmək üçün nə edə bilərsən?
[Haşiyə]
a Bu haqda daha çox məlumat üçün kitabın 7-ci fəslinə bax.
AÇAR AYƏ
“Azadlığınızdan pis əməllər üçün pərdə kimi istifadə etməyin” 1 Peter 2:16
MƏSLƏHƏT
Böyük qardaşına və ya bacına daha çox sərbəstlik verildiyini düşünməkdənsə, indi sənə uşaq yaşlarına nisbətən daha çox sərbəstlik verildiyinə diqqət yetir.
BİLİRSƏN... ?
Hədsiz sərbəstlik vermək valideynlərin məhəbbətinin yox, məsuliyyətlərinə başdansovdu yanaşmalarının göstəricisidir.
HƏRƏKƏT PLANI!
Növbəti sahələrdə daha etibarlı olmalıyam: ․․․․․
Valideynlərimin etibarını itirsəm, onda mən ․․․․․
Bu mövzu barədə valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Valideynlərinin etibarını qazanmaq üçün dəridən-qabıqdan çıxmağına baxmayaraq, nəyə görə onlar sənə daha çox sərbəstlik verməyin tez olduğunu düşünə bilərlər?
● Valideynlərinlə ümumi dil tapmağın daha çox sərbəstlik əldə etməyinə necə müsbət təsir göstərə bilər?
[24–cü səhifədəki yazı]
“Problemlərimi və narahatçılıqlarımı valideynlərimlə açıqca bölüşürəm. Məncə, bu, onların mənə etibar etmələrini asanlaşdırır” Diana
[23–cü səhifədəki diaqram/şəkil]
Etibaralayiq yetkin bir insan olmaq üçün, məcazi dillə desək, yeniyetməlikdən pillə-pillə qalxmaq lazımdır
[Diaqram]
(Diaqrama mətnin özündə baxın)
YETKİNLİK
YENİYETMƏLİK
UŞAQLIQ