Fəsil 11
Mən nə geyinim axı?
Aydan evdən çıxmağa hazırlaşır. Valideynləri gözlərinə inana bilmirlər.
— Bu nə paltardır, geyinmisən? — deyə atası təəccüblə soruşur.
— Burada nə var ki? Uşaqlarla gəzməyə gedirik də.
— Bu paltarda getməyəcəksən! — anası deyir.
— Ana, axı indi hamı belə geyinir. Həm də ki, mənim xoşuma gəlir! — deyə Aydan mızıldanır.
— Amma bizim xoşumuza gəlmir! — deyə atası sərt şəkildə cavab verir. — Get, bu dəqiqə paltarını dəyiş, yoxsa heç hara getməyəcəksən!
GEYİM üstündə mübahisələrin düşməsi heç də yeni bir şey deyil. Ola bilsin, vaxtilə valideynlərinin də öz valideynləri ilə geyimlə bağlı problemləri olub. Çox ehtimal ki, onlar da hal-hazırda sənin keçirdiyin hissləri keçiriblər. Lakin artıq rollar dəyişib. İndi sən öz mövqeyini müdafiə etməli olursan.
Sən: Rahatdır.
Onlar: Səliqəsizdir.
Sən: Məncə, superdir!
Onlar: Çox ədəbsizdir.
Sən: Yarı qiymətədir.
Onlar: Olacaq da... Paltarın yarısı yoxdur!
Bu davada «atəşkəsə» nail olmaq mümkündürmü? Bəli, mümkündür! 23 yaşlı Meqan bunu necə etməyin sirrini bölüşür: «Dava etmək yox, razılığa gəlmək lazımdır». Razılığa gəlmək? Bu o deməkdir ki, sən 40 yaşındakı adam kimi geyinməlisən? Heç də yox! Razılığa gəlmək o deməkdir ki, valideynlərinlə birlikdə məsələni müzakirə etməli, həm səni, həm də onları qane edən variantlar axtarıb tapmalısınız. Bununla sən nə əldə edəcəksən?
1. Gözəl görünəcəksən. Bu, hətta həmyaşıdlarının da xoşuna gələcək.
2. Valideynlərin geyimini, yəqin ki, bir o qədər də tənqid atəşinə tutmayacaqlar.
3. Valideynlərin geyim sahəsində etibaralayiq olduğunu görüb başqa sahələrdə də sənə sərbəstlik verəcəklər.
Gəl baxaq, bunu necə edə bilərsən. Məsələn, təsəvvür et ki, İnternetdə və ya mağazada bir paltar xoşuna gəlib və o, mütləq səndə də olmalıdır. İlk növbədə...
Müqəddəs Kitab prinsipləri üzərində düşün
Təəccüblüdür ki, Müqəddəs Kitabda geyim haqda az danışılır. Birbaşa bu mövzu ilə bağlı olan məsləhətləri bir neçə dəqiqəyə oxuyub qurtarmaq olar. Ancaq həmin vaxt ərzində sən dəyərli rəhbərlik alacaqsan. Məsələn:
● Müqəddəs Kitab qadınlara özlərini «həya və ədəb-ərkanla» bəzəməyi məsləhət görür (1 Timoteyə 2:9, 10)a.
«Həya» sözünü görüb təəccüblə deyə bilərsən: «İndi elə çıxır, mən çadra geyinməliyəm?» Təbii ki, yox! Bu kontekstdə «həya və ədəb-ərkanla» dedikdə özünə və başqalarına hörmət nəzərdə tutulur (2 Korinflilərə 6:3). Bu cür geyimə gəldikdə isə paltar seçimi heç də az deyil. 23 yaşı olan Diana deyir: «Düzdür, asan olmasa da, ifrata varmadan dəbə uyğun geyinmək mümkündür».
● Müqəddəs Kitabda deyilir ki, xarici görünüş haqda düşünərkən «daxili aləm», yaxud başqa bir tərcüməyə əsasən, «ürəyin gizli insanı» (İncil, 1993) barədə unutmaq olmaz (1 Peter 3:4).
Ədəbli olmayan geyim sadəcə bir anlıq diqqəti cəlb edə bilər, ancaq daxili gözəlliyin sayəsində həm böyüklərin, həm də gənclərin daimi hörmətini qazanmaq mümkündür. Gənclərin? Bəli, hətta onlar belə həddən artıq dəbdəbəli geyimin ağılsızlıq olduğunu düşünə bilər. 16 yaşlı Britani deyir: «Qadınların öz geyimləri ilə kişiləri abırsızcasına özlərinə cəlb etməyə çalışdıqlarını görəndə adam lap nifrət edir!» Keyt də onun sözləri ilə razılaşır. Görün o, keçmiş rəfiqəsi barədə nələr deyir: «O, geyindiyi bütün paltarlarla, sanki: “Mənə baxın!” — deyirdi. Ürəyi gedirdi ki, bütün oğlanlar ona baxsın, bunun üçün də ən cəlbedici paltarları geyinirdi».
Valideynlərinə qulaq as
Geyinmək istədiyin paltarı çantana qoyub məktəbdə dəyişmək heç də yaxşı fikir deyil. Sən valideynlərinə qarşı hətta onların xəbər tutmayacaqlarını düşündüyün hallarda belə dürüst olsan, daha çox etibar qazanacaqsan. Əslində, paltar seçərkən onların fikrini öyrənsən, yaxşı olar (Süleymanın məsəlləri 15:22). (82 və 83-cü səhifələrdəki «Sənin qarderobun» adlı çərçivədən istifadə et.)
Bəlkə də, sən düşünəcəksən: «Onlardan soruşmağın nə mənası var? Onsuz da xoşuma gələn şeylərin heç birini bəyənən deyillər». Bu heç də belə deyil. Düzdür, ata-ananın fikirləri səninkindən fərqlənə bilər, amma bəzən bu lap yerinə düşür. 17 yaşlı Natali deyir: «Mən həmişə valideynlərimdən məsləhət alıram, çünki qapıdan çölə çıxanda biabır olmaq və ya başqalarının arxamca danışıb gülmələrini istəmirəm».
Açıq danışsaq, əslində, nə qədər ki, valideynlərinlə bir damın altında yaşayırsan, onların fikirlərini nəzərə almaq sənin borcundur (Koloslulara 3:20). Eyni zamanda, bir-birinizin düşüncə tərzini başa düşdükdən sonra nə qədər çox şeylərdə asanlıqla razılığa gəldiyinizi görüb təəccüblənəcəksən. Və nəhayət, paltar məsələsində söz-söhbətə və dava-dalaşa son qoyulacaq!
Məsləhət. Hər hansı paltarı geyinərkən təkcə güzgüdə gördüklərinlə kifayətlənmə. Hətta ilk baxışdan ədəbli görünən paltar belə oturanda və ya əyiləndə ədəbsiz paltara çevrilə bilər. Əgər mümkündürsə, valideynlərindən və ya yetkin dostlarından məsləhət al.
Özün-özünə düşmən kəsilmisən? Əgər özündən xoşun gəlmirsə, nə edə bilərsən?
[Haşiyə]
a Müqəddəs Kitabın bu məsləhəti qadınlara ünvanlansa da, oradakı prinsip kişilərə də aiddir.
AÇAR AYƏ
“Özünüzü... dəbdəbəli libaslarla bəzəməyin. Qoy bəzəyiniz... daxili aləminiz olsun” 1 Peter 3:3, 4
MƏSLƏHƏT
Seksual arzular oyadan paltar geyinməkdən qaçın. Bu cür paltar ətrafdakılara sənin çarəsiz halda özünə diqqət cəlb etmək istədiyini və ifrat dərəcədə özünə qapıldığını göstərir.
BİLİRSƏN... ?
Sənin haqqında yaranan ilk təəssürat geyimdən asılıdır. Əbəs yerə deməyiblər ki, insanı geyiminə görə qarşılayarlar.
HƏRƏKƏT PLANI!
Paltar alarkən məsləhətləşə biləcəyim ailəmin üzvü və ya yetkin dostum: ․․․․․
Paltar alarkən növbəti amilləri nəzərə alacağam: ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə valideynlərlə uşaqlar arasında tez-tez paltar üstündə mübahisə düşür?
● Bu məsələdə valideynlərinlə dil tapmağa çalışdıqca hansı faydalı təcrübəyə yiyələnəcəksən?
[81–ci səhifədəki yazı]
“Ədəbsiz geyinən qızlar o dəqiqə gözümdən düşür. Ədəb-ərkanla, eyni zamanda zövqlə geyinən görəndə isə öz-özümə deyirəm, bax mən də insanlarda belə təəssürat oyatmaq istəyirəm” Natali
[82 və 83–cü səhifələrdəki çərçivə/şəkillər]
Çərçivə
Sənin qarderobun
Təlimat: Bu səhifələrin sürətini çıxart. Valideynlərindən xahiş et ki, sağ tərəfdəki suallara cavab yazsınlar, özün isə soldakılara cavab yaz. Sonra vərəqləri dəyişdirin və cavabları müzakirə edin. Sizi nə isə təəccübləndirdi? Bir-birinizin nöqteyi-nəzərləri barədə yeni nə isə öyrəndiniz?
Sənin üçün Sən hansı paltarı almaq/geyinmək istəyirsən?
Bu paltar nəyə görə xoşuna gəlir? Aşağıda gətirilən amilləri vaciblik dərəcəsinə görə nömrələ.
․․․․․ Firma
․․․․․ Əks cinsin diqqətini cəlb etmək
․․․․․ Həmyaşıdların fikirləri
․․․․․ Rahatlıq
․․․․․ Qiymət
․․․․․ Digər ․․․․․
Valideynlərimin göstərəcəkləri ilk reaksiya:
□ «Qətiyyən!»
□ «Pis deyil».
□ «Yaxşıdır».
Seçimimi bəyənməmələrinin səbəbi:
□ «Çox cəlbedicidir».
□ «Həddən artıq səliqəsizdir».
□ «Çox əcaib və şitdir».
□ «Bir valideyn kimi onları biabır edir».
□ «Çox bahalıdır».
□ Digər ․․․․․
Ortaq məxrəcə gələ bilərikmi?
Valideynlərinə haqq verməyə çalış. Səncə, onlar nədə haqlıdırlar?
․․․․․
Paltarın münasib olması üçün nə etmək olar?
․․․․․
Valideynlərin üçün Uşağınız hansı paltarı almaq/geyinmək istəyir?
Bu paltar nəyə görə onun xoşuna gəlir? Aşağıda gətirilən amilləri uşağınızın nöqteyi-nəzərindən vaciblik dərəcəsinə görə nömrələyin.
․․․․․ Firma
․․․․․ Əks cinsin diqqətini cəlb etmək
․․․․․ Həmyaşıdların fikirləri
․․․․․ Rahatlıq
․․․․․ Qiymət
․․․․․ Digər ․․․․․
Mənim ilk reaksiyam:
□ «Qətiyyən!»
□ «Pis deyil».
□ «Yaxşıdır».
Onun seçimini bəyənməməyimin səbəbi:
□ «Çox cəlbedicidir».
□ «Həddən artıq səliqəsizdir».
□ «Çox əcaib və şitdir».
□ «Bir valideyn kimi bizi biabır edir».
□ «Çox bahalıdır».
□ Digər ․․․․․
Ortaq məxrəcə gələ bilərikmi?
Bəlkə, bu, sadəcə zövq məsələsidir?
□ Bəli □ Ola bilsin □ Xeyr
Paltarın münasib olması üçün nə etmək olar?
․․․․․
Qərar ․․․․․
[84–cü səhifədəki çərçivə]
Oğlanlara
Bu fəsildə müzakirə olunan Müqəddəs Kitab prinsipləri oğlanlara da aiddir. Ədəb-ərkanla geyin. Qoy hər kəs ürəyinin gizli insanını — daxili gözəlliyini görsün. Paltar alarkən özündən soruş: «Bu paltar mənim haqqımda nə deyəcək? Əslində, kim olduğumu aydın göstərəcəkmi?» Unutma ki, paltar insanın özünüifadə formasıdır. Çalış, geyimin sənin nəyə inandığını və dəyər verdiyini əks etdirsin!
[80–ci səhifədəki şəkil]
Geyindiyin paltar, sanki, sənin haqda hər şey deyən lövhəcikdir. Geyimim mənim haqqımda nə deyir?