Oxucularımız soruşur...
Nə üçün Allah Öz xalqına yalnız dindaşları ilə ailə qurmağı buyurmuşdu?
▪ Allahın İsrail oğullarına verdiyi qanunda ətraf xalqlarla bağlı belə göstəriş var idi: «Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın» (Qanunun təkrarı 7:3, 4). Niyə Allah belə əmr vermişdi?
Birincisi, bu, bütün xalqın gələcəyi üçün idi. Yehova Allah bilirdi ki, Şeytan Onun xalqını yoldan çıxarıb yalançı tanrılara üz tutmağa sövq edəcək. Odur ki, Allah sözünə davam edir: «Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər». Bu, çox ciddi məsələ idi. Əgər israillilər başqa tanrılara tapınsaydılar, Allahın rəğbətini itirəcəkdilər. Bu da öz növbəsində onları düşmən qarşısında əliyalın edəcəkdi. Onda Allahın vəd etdiyi Məsih heç vəchlə bu xalqdan törəyə bilməzdi. Aydın məsələdir ki, Şeytan israilliləri bütpərəstlərlə qohum olmağa təhrik etmək üçün dəridən-qabıqdan çıxacaqdı.
İkincisi, Allahın bu əmri hər bir israillinin rifahına xidmət edirdi. Allah-Taala bilirdi ki, onların hər birinin xoşbəxtliyi və xoş güzəranı Yaradanlarına yaxın olmalarından asılı idi. Bəs bütpərəstlərlə nikah məsələsinə bir belə ciddi yanaşmağa əsas var idi? Gəlin Süleyman padşahın hadisəsinə nəzər salaq. Yehova Allah xalqını xəbərdar edərək demişdi ki, bütpərəst arvadlar onların ürəyini öz tanrılarına tərəf döndərəcəklər. Süleyman bunu çox gözəl bilirdi, ancaq güclü dərrakə sahibi olduğundan yəqin fikirləşirdi ki, Allahın məsləhətinə ehtiyacı yoxdur. O, Allahın məsləhətini qulaqardına vurdu. Bunun nəticəsi nə oldu? «Arvadları onun ürəyini yoldan çıxartdılar... ürəyini başqa allahlara tərəf azdırdılar». Bu, əsil faciə idi! Padşah Allahın gözündən düşdü. Üstəlik, onun xəyanəti ucbatından xalq parçalandı (1 Padşahlar 11:2—4; 9—13).
Kimsə deyə bilər ki, axı əksinə də olub. Misal üçün, israilli Maxlon moavlı Rutla evlənmişdi və bu qadın Yehova Allahın görkəmli xidmətçilərindən biri oldu. İlk növbədə qeyd etmək lazımdır ki, moavlı qadınla izdivaca girmək xatalı iş idi. Həm də Maxlonun moavlı qızla evlənməyi təqdirəlayiq hərəkət kimi təqdim edilmir. O, cavan öldü və Rut bəlkə də onun ölümündən sonra Yehovanı öz Allahı kimi qəbul etdi. Maxlonun qardaşı Kilyon da Orpa adlı bir moavlı qız almışdı. Orpa öz tanrılarından əl çəkməmişdi. Sonradan Boaz Rutu alanda, bu qadın artıq Yehova Allaha ibadət edirdi. Yəhudilər onu ən mükəmməl prozelita adlandırmışdılar. Boazla Rutun nikahı hər ikisi üçün əsil ənam oldu (Rut 1:4, 5, 15—17; 4:13—17).
Bunları nəzərə alsaq, Maxlon və Rutun nümunəsinə bənzər nümunələri əldə bayraq edib Yehovanın ailə qurmaqla bağlı əmrinin ciddiliyini azaltmaq nə dərəcədə doğrudur? Bu cür mülahizələr kiminsə lotereyada cek-pot udduğunu göstərib qumar oyunlarına bəraət qazandırmağa bənzəyir.
Müqəddəs Kitab məsihçilərə yalnız Yehova Allaha ibadət edən insanla nikaha girməyi buyurur. Həmçinin Allah buyurur ki, «imansızlarla eyni boyunduruğa girməyin». Bu göstərişlər subay məsihçilər üçündür. Həyat yoldaşı imanda olmayanlara isə Müqəddəs Kitab başqa məsləhətlər verir. Bu məsləhətlər ailədə mehriban ab-havanı qorumağa kömək edir. (1 Korinflilərə 7:12—16, 39; 2 Korinflilərə 6:14). Bütün bu nəsihətlərdən aydın görünür ki, nikahın banisi olan Yehova Allah subayların da, evlilərin də xoşbəxt olmağını istəyir.
[Haşiyə]
a Prozelit yəhudi dinini qəbul edən insana deyilir.