Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 iyun s. 20—25
  • Şagirdinizə həqiqət yolunda qəti addım atmağa kömək edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şagirdinizə həqiqət yolunda qəti addım atmağa kömək edin
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • ŞAGİRDƏ İNKİŞAFINA ƏNGƏL OLAN MANEƏLƏRİ GÖRMƏYƏ KÖMƏK EDİN
  • ŞAGİRDİNİZƏ YEHOVAYA MƏHƏBBƏTİNİ ARTIRMAĞA KÖMƏK EDİN
  • ŞAGİRDİNİZƏ İBADƏTİ HƏYATINDA BİRİNCİ YERƏ QOYMAĞA KÖMƏK EDİN
  • ŞAGİRDİNİZƏ TƏQİBLƏRƏ SİNƏ GƏRMƏYƏ KÖMƏK EDİN
  • ŞAGİRDİNİZƏ ONA İNANDIĞINIZI BİLDİRİN
  • Şagirdin vəftiz olunmasına kömək edin
    Gözətçi qülləsi 2021
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)
    Gözətçi qülləsi 2020
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (I hissə)
    Gözətçi qülləsi 2020
  • «Gedin... şagird hazırlayın»
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2025
w25 iyun s. 20—25

TƏLİM MƏQALƏSİ 27

NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək

Şagirdinizə həqiqət yolunda qəti addım atmağa kömək edin

«İman yolunda dəyanətli olun,.. möhkəmlənin» (1 KOR. 16:13).

ƏSAS FİKİR

Görək şagirdimizə iman və cəsarət yetişdirməyə və həqiqət yolunda qəti addım atmağa necə kömək edə bilərik.

1, 2. a) Nəyə görə bəzi şagirdlərə Yehovaya ibadət etmək qərarını vermək çətin olur? b) Bu məqalədə nə haqda danışacağıq?

SİZİ Yehovanın Şahidi olmaqdan saxlayan nəsə olub? Bəlkə də iş yoldaşlarınızın, dostlarınızın və ya ailə üzvlərinizin sizə qarşı çıxacağından qorxurdunuz. Yaxud Allahın normalarına uyğun yaşaya bilməyəcəyinizi düşünürdünüz. Onda Yehovaya ibadət etmək üçün qəti addım atmağa tərəddüd edən şagirdlərin hisslərini başa düşərsiniz.

2 İsa bilirdi ki, insanda bu cür qorxuların olması onun Yehovaya ibadət etməyə qərar verməsinə mane ola bilər (Mət. 13:20—22). Buna baxmayaraq, İsa yenə də onun davamçısı olmağa tərəddüd edən insanlara kömək etməyə çalışırdı. O bu cür insanlara 1) inkişaflarına əngəl olan maneələri görməyə, 2) Yehovaya məhəbbətlərini artırmağa, 3) ibadəti həyatlarında birinci yerə qoymağa, 4) təqiblərə sinə gərməyə kömək edirdi. Bəs «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə şagirdimizə həqiqət yolunda qəti addım atmağa kömək edərkən İsanın nümunəsini necə izləyə bilərik?

ŞAGİRDƏ İNKİŞAFINA ƏNGƏL OLAN MANEƏLƏRİ GÖRMƏYƏ KÖMƏK EDİN

3. Nikodemə İsanın şagirdi olmağa nə mane ola bilərdi?

3 Nikodem nüfuzlu yəhudi rəhbəri idi. Bir şey onu İsanın davamçısı olmaqdan saxlayırdı. İsa xidmətinə başlayandan cəmi altı ay sonra Nikodem başa düşmüşdü ki, o, Allah tərəfindən göndərilib (Yəh. 3:1, 2). Amma o, «yəhudilərin qorxusundan» İsa ilə qaş qaralanda görüşmüşdü (Yəh. 7:13; 12:42). Bəlkə də, o düşünürdü ki, İsanın davamçısı olsa, çox şeyini itirəcəka.

4. İsa Nikodemə nəyi izah etdi?

4 Nikodem Musanın qanununu yaxşı bilirdi. Amma Yehovanın ondan nə gözlədiyini kimsə ona izah etməli idi. İsa Nikodemə kömək etdi. O, gecə vaxt ayırıb Nikodemlə söhbət etdi. Həmçinin Nikodemə şagird olmaq üçün nə etməli olduğunu açıq dedi: o, günahlarından tövbə etməli, suda vəftiz olunmalı və Allahın Oğluna iman gətirməli idi (Yəh. 3:5, 14—21).

5. Şagirdinizə ruhani inkişafına mane olan amilləri görməyə necə kömək edə bilərsiniz?

5 Ola bilsin, şagirdiniz Müqəddəs Kitabı yaxşı başa düşür. Bununla belə, ona inkişafına mane olan amilləri görməyə kömək etmək lazım gələ bilər. Bəlkə də, işi onun çox vaxtını alır, yaxud ailə üzvləri onun Yehovaya xidmət etməsini istəmir. Ona kömək etmək üçün vaxt ayırın. Məsələn, birlikdə haradasa çay içə bilərsiniz, yaxud gəzintiyə çıxa bilərsiniz. Belə səmimi mühitdə, ola bilsin, ona öz çətinlikləri haqqında açıq danışmağa kömək edə biləcəksiniz. Şagirdinizə hansı sahədə dəyişiklik etməli olduğunu izah edin və başa salın ki, bunu sizin xatirinizə yox, Yehovanı razı salmaqdan ötrü etsin.

6. Şagirdinizə öyrəndiklərinə əməl etmək üçün özündə cəsarət tapmağa necə kömək edə bilərsiniz? (1 Korinflilərə 16:13).

6 Şagirdiniz əmin olsa ki, Yehova ona Müqəddəs Kitab normalarına uyğun yaşamağa kömək edəcək, onda o öyrəndiklərinə əməl etməyə özündə cəsarət tapacaq. (1 Korinflilərə 16:13 ayəsini oxuyun.) Bu məsələdə sizin rolunuzu məktəb müəlliminin roluna bənzətmək olar. Məktəb vaxtlarınızı yadınıza salın. Hansı müəllimi daha çox sevirdiniz? Yəqin ki, səbirlə sizdə öz bacarıqlarınıza inam aşılayan müəllimi. Eynilə yaxşı Müqəddəs Kitab müəllimi təkcə Yehovanın buyruqlarını öyrətmir, həmçinin əmin edir ki, Yehova ona bu buyruqlara əməl etməyə kömək edəcək. Bəs bunu necə etmək olar?

ŞAGİRDİNİZƏ YEHOVAYA MƏHƏBBƏTİNİ ARTIRMAĞA KÖMƏK EDİN

7. İsa insanlara Yehovaya sevgilərini artırmağa necə kömək etmişdi?

7 İsa bilirdi ki, insan Allahı sevsə, onda öyrəndiklərinə əməl etmək istəyəcək. Buna görə də o, adətən şagirdlərinə Yehovaya sevgilərini artıran şeylərdən danışırdı. Məsələn, o, Yehovanın necə Allah olduğunu göstərmək üçün uşaqlarına yaxşı şeylər verən atanı nümunə çəkmişdi (Mət. 7:9—11). İsanı dinləyənlərdən bəziləri ola bilsin, bu cür məhəbbətli ataya həsrət idilər. Təsəvvür edin, İsa onlara rəhmli ata haqda bir məsəl çəkəndə onlar hansı hissləri keçirmişdilər! Oğlu nə qədər pis həyat sürsə də, geri qayıdanda atası onu bağışlayır. Bu yolla İsa insanlara başa salırdı ki, Yehova onları çox sevir və kömək etmək istəyir (Luka 15:20—24).

8. Şagirdinizə Yehovaya məhəbbətini artırmağa necə kömək edə bilərsiniz?

8 Siz də şagirdinizin Yehovaya sevgisini artıra bilərsiniz. Bunun üçün Yehovanın xüsusiyyətlərindən tez-tez söz açın. Hər dəfə dərs keçəndə ona öyrəndiklərindən Yehovanın sevgisini görməyə kömək edin. Məsələn, fidyə haqda mövzunu araşdıranda ona izah edə bilərsiniz ki, Yehova bu qurbanlığı nəinki bütün bəşəriyyəti, həmçinin onu sevdiyi üçün verib (Rom. 5:8; 1 Yəh. 4:10). Şagird Yehovanın şəxsən onu çox sevdiyini anlasa, ehtimal ki, Ona məhəbbəti daha da artacaq (Qal. 2:20).

9. Maykla həyatında dəyişikliklər etməyə nə kömək etdi?

9 İndoneziyada yaşayan Mayklın hadisəsinə baxaq. O, həqiqəti uşaqlıqdan bilirdi, amma hələ vəftiz olunmamışdı. 18 yaşı olanda o, xaricə gedib tır sürücüsü kimi işləyir. Bir müddət sonra İndoneziyaya qayıdıb ailə həyatı qurur. Amma Maykl yenə xaricə iş dalınca gedir, ailəsi isə İndoneziyada qalır. Bu vaxt ərzində yoldaşı ilə qızı Müqəddəs Kitabı öyrənməyə başlayır və ruhani cəhətdən inkişaf edir. Anası vəfat edəndən sonra Maykl atasının qeydinə qalmaq üçün vətəninə qayıtmaq qərarına gəlir və Müqəddəs Kitabı öyrənməyə başlayır. «Əbədi xoşbəxt həyat!» kitabının 27-ci dərsinin «Dərinliyə varın» hissəsi Maykla dərin təsir bağışlayır. O, təsəvvüründə canlandırır ki, İsanın əzab çəkdiyini görmək Yehova üçün nə qədər ağır idi. Maykl bunu düşünəndə göz yaşlarını saxlaya bilmir. Onun ürəyində fidyəyə görə minnətdarlıq hissi yaranır və beləcə, o, həyatında dəyişikliklər edib vəftiz olunur.

ŞAGİRDİNİZƏ İBADƏTİ HƏYATINDA BİRİNCİ YERƏ QOYMAĞA KÖMƏK EDİN

10. İsa şagirdlərinə Yehovaya xidməti hər şeydən üstün tutmağa necə kömək etdi? (Luka 5:5—11; həmçinin şəklə baxın.)

10 İsanın təbliğ etdiyi bəzi insanlar onun Məsih olduğunu dərhal başa düşmüşdülər. Amma təbliğ işini həyatda birinci yerə qoymağın vacibliyini onlara izah etmək lazım idi. İsa Butrusla Andreası daima onun ardınca getməyə dəvət edəndə onlar artıq müəyyən müddət idi ki, şagird idilər (Mət. 4:18, 19). Onlar Yaqub və Yəhya ilə birgə balıqçılıqla məşğul olurdular və işləri yaxşı gedirdi (Mark 1:16—20). Amma Butrusla Andreas «torlarını atıb İsanın ardınca getdilər». Hər halda onlar ailələrinin qeydinə qalmaq üçün müəyyən tədbir görmüşdülər. Bəs təbliğ işini hər şeydən üstün tutmağa onlara nə kömək etdi? Lukanın Müjdəsində deyilir ki, İsa bir möcüzə göstərdi və bu möcüzə onları əmin etdi ki, Yehova hər zaman onların ehtiyaclarını ödəyəcək. (Luka 5:5—11 ayələrini oxuyun.)

İsanın «ardımca gəl» dəvətini qəbul edən iki balıqçı qayıqdan çıxır. Digər balıqçılar isə gəmidə qalıb torlarını düzəldirlər.

İsa şagirdlərinə ibadəti birinci yerə qoymağa necə kömək etmişdi və biz bundan nə öyrənə bilərik? (10 və 11-ci abzaslara baxın)b


11. Şagirdimizin imanını möhkəmləndirmək üçün ona nə haqda danışa bilərik?

11 İsadan fərqli olaraq, biz möcüzə göstərə bilmirik. Amma Yehovanın Ona ibadəti həyatında birinci yerə qoyan insanlara necə dəstək olduğu ilə bağlı hadisələr danışa bilərik. Məsələn, siz yığıncaq görüşlərinə gəlməyə başlayanda Yehovanın sizə necə dayaq olduğunu xatırlayırsınız? Ola bilsin, müdirinizlə danışıb ona izah etmişdiniz ki, yığıncağın vaxtı ilə toqquşan günlərdə daha iş saatından artıq qalıb işləyə bilməyəcəksiniz. Şagirdinizə bu hadisədə Yehovanın dəstəyini necə gördüyünüzü və bunun imanınızı necə möhkəmləndirdiyini danışın.

12. a) Nəyə görə Müqəddəs Kitab dərsinə fərqli bacı-qardaşları dəvət etməliyik? b) Şagirdinizin ibadəti həyatında birinci yerə qoyması üçün başqa nə edə bilərsiniz? Nümunə çəkin.

12 Digər məsihilərin də hadisəsini eşitmək şagirdinizə müsbət təsir bağışlaya bilər. Ona görə də müxtəlif bacı-qardaşları Müqəddəs Kitab dərsinə dəvət edin. Onlardan soruşun ki, həqiqətə necə gəliblər və Yehovaya xidməti həyatlarında birinci yerə qoymaq üçün nələr ediblər. Şagirdinizlə birlikdə vaxt ayırıb «Əbədi xoşbəxt həyat!» kitabında ya «Dərinliyə varın», ya da «Əlavə məlumat» hissəsindəki videolara baxın. Məsələn, 37-ci dərsi araşdırarkən «Yehova qayğımıza qalacaq» adlı videodakı prinsipləri vurğulaya bilərsiniz.

ŞAGİRDİNİZƏ TƏQİBLƏRƏ SİNƏ GƏRMƏYƏ KÖMƏK EDİN

13. İsa şagirdlərini təqiblərə necə hazırlamışdı?

13 İsa şagirdlərinə təqib olunacaqlarını, hətta ailə üzvlərinin onlara qarşı çıxacağını dəfələrlə demişdi (Mət. 5:11; 10:22, 36). Xidmətinin sonuna yaxın isə şagirdlərinə hətta ölümlə üzləşə biləcəklərini demişdi (Mət. 24:9; Yəh. 15:20; 16:2). Buna görə də onları təbliğ zamanı ehtiyatlı olmağa təşviq etmişdi. Misal üçün, İsa tapşırmışdı ki, kimsə onlara qarşı çıxanda mübahisə etməsinlər, sözlərinə və hərəkətlərinə diqqət yetirsinlər. Bunun sayəsində təbliğ işini davam etdirə biləcəklər.

14. Şagirdimizi təqiblərə necə hazırlaya bilərik? (2 Timutiyə 3:12).

14 Biz də yaxşı olar ki, şagirdimizi təqiblərə hazırlayaq. Ona Müqəddəs Kitabı öyrəndiyinə görə iş yoldaşlarının, dostlarının və ailə üzvlərinin nə deyə biləcəklərini izah etmək olar. (2 Timutiyə 3:12 ayəsini oxuyun.) Ola bilsin, həyatında etdiyi dəyişikliklərə görə iş yoldaşlarından bəziləri onu ələ salacaq. Onun etiqadı ilə razı olmayanlar olacaq, hətta bu onun ailə üzvləri də ola bilər. Şagirdimizlə təqiblər barədə nə qədər tez danışsaq, bir o qədər hazırlıqlı olacaq. Bu zaman nə deyəcəyini, necə davranacağını daha yaxşı biləcək.

15. Şagirdimiz ailə üzvləri tərəfindən qarşılaşdığı təqibə necə tab gətirə bilər?

15 Şagirdinizin ailə üzvləri onun Müqəddəs Kitabı öyrənməsinə qarşı çıxırsa, ona izah edin ki, burada qeyri-adi bir şey yoxdur. Hətta İsa Məsih də yaxınları tərəfindən pis rəftarla üzləşmişdi (Mark 3:21; Yəh. 7:5). Şagirdinizi ailə üzvlərinin bu münasibətinin səbəbi barədə düşünməyə təşviq edin. Ola bilsin, onlar narahatdırlar ki, kimsə onun başını doldurub. Ya da sadəcə onların Yehovanın Şahidləri haqda yanlış məlumatı var. Buna görə də şagirdinizə öyrədin ki, ailə üzvlərinə və digər insanlara qarşı səbirli və mehriban olsun.

16. Şagirdinizə etiqadını bölüşərkən dərrakəli şəkildə davranmağa necə kömək edə bilərsiniz?

16 Şagirdinizə başa salın ki, öyrəndikləri ailə üzvünə maraqlı gəlsə, bildiklərinin hamısını birdəfəyə danışmasın. Əks halda, həmin insan məlumat çoxluğundan yorular və gələn dəfə bu barədə danışmaq istəməz. Ona görə də şagirdinizi hər dəfə az-az danışmağa və beləcə, növbəti söhbət üçün açıq qapı saxlamağa təşviq edin (Kol. 4:6). O, yaxınlarını jw.org saytı ilə tanış edə bilər. Beləcə, onlar Yehovanın Şahidləri haqda özlərinə lazım olan qədər məlumat ala biləcəklər.

17. Şagirdinizi Yehovanın Şahidləri haqda yanlış fikirlərə cavab verməyə necə hazırlaya bilərsiniz? (Həmçinin şəklə baxın.)

17 Şagirdinizə qohumlarının və iş yoldaşlarının suallarına sadə cavablar hazırlamağa kömək edə bilərsiniz. Bunun üçün jw.org saytında «Yehovanın Şahidləri haqqında tez-tez verilən suallara cavab» bölməsindən istifadə edə bilərsiniz (2 Tim. 2:24, 25). Hər dərsin sonunda «Əbədi xoşbəxt həyat!» kitabında «Bəzi insanlar deyir» və ya «Bəzi insanlar soruşur» çərçivəsinə birlikdə nəzər salın. Cavabları birlikdə məşq edin. Lazım gələrsə, ona başqa necə cavab verə biləcəyini deməkdən çəkinməyin. Bu cür məşqlər ona imanını cəsarətlə müdafiə etməyə kömək edəcək.

Bir bacı şagirdinə dərs keçən vaxt onu təbliğ etməyə hazırlayır. Şagird «Həyati vacib suallara kim cavab verə bilər?» bukleti vasitəsilə təbliğ etməyi bacı ilə məşq edir.

Şagirdinizin təbliğ işində iştirak etməsini asanlaşdırmaq üçün onunla qabaqcadan məşqlər edin (17-ci abzasa baxın)c


18. Şagirdi vəftiz olunmamış təbliğçi olmağa necə təşviq edə bilərsiniz? (Mətta 10:27).

18 İsa şagirdlərinə xoş müjdəni insanlara bəyan etməyi buyurmuşdu. (Mətta 10:27 ayəsini oxuyun.) Şagird təbliğdə iştirak etməyə nə qədər tez başlasa, Yehovaya etibar etməyi də bir o qədər tez öyrənəcək. Bəs şagirdinizə qarşısına belə bir məqsəd qoymağa necə kömək edə bilərsiniz? Xüsusi təbliğ kampaniyası barədə yığıncaqda elan səslənəndə şagirdinizi təbliğçi olmaq haqda düşünməyə təşviq edin. Kampaniyalar zamanı təbliğ etməyə başlamağın daha asan olduğunu izah edin. Şagirdiniz həmçinin həftəiçi görüşlərdə tapşırıqla çıxış etməyi qarşısına məqsəd qoya bilər. Bu məqsədə can atmağın sayəsində o, imanını daha sərbəst şəkildə müdafiə etməyi öyrənəcək.

ŞAGİRDİNİZƏ ONA İNANDIĞINIZI BİLDİRİN

19. İsa şagirdlərinə inandığını necə göstərmişdi və biz onun nümunəsini necə izləyə bilərik?

19 İsa ölməzdən və göyə qalxmazdan əvvəl şagirdlərinə bir gün onlarla qovuşacağını demişdi. Həmin vaxt onlar başa düşmürdülər ki, İsa onların göyə qalxması barədə danışır. Bununla belə, İsa diqqətini şagirdlərinin dərk etmədikləri şeylərə yox, sədaqətlərinə cəmləmişdi (Yəh. 14:1—5, 8). O bilirdi ki, şagirdlərinin göylər həyatı və bu kimi şeyləri başa düşməsi üçün vaxt lazımdır (Yəh. 16:12). Biz də şagirdimizə inandığımızı göstərməliyik. Bunun üçün ona deyə bilərik ki, Yehovanın bəyəndiyi kimi davranmaq onda alınacaq.

Şagird təbliğdə iştirak etməyə nə qədər tez başlasa, Yehovaya etibar etməyi də bir o qədər tez öyrənəcək

20. Malavidəki bir bacı şagirdinə inandığını necə göstərmişdi?

20 Şagirdinizin düzgün davranmaq istədiyinə inamınızı itirməyin. Gəlin Malavidə yaşayan Çifundo aldı bir bacının hadisəsinə baxaq. O, «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə katolik dinindən olan Alinafe adlı bir qadınla dərs keçməyə başlayır. 14-cü dərsin sonunda o, Alinafedən ibadətdə surətlərdən istifadə etmək haqda nə düşündüyünü soruşur. Alinafe bu suala emosional cavab verərək belə deyir: «Bu hər kəsin öz şəxsi işidir!» Çifundo düşünürdü ki, yəqin, Alinafe bundan sonra dərsləri dayandırar. Amma bu baş vermir. Çifundo bir gün Alinafenin bu mövzunu tam dərk edəcəyinə ümid edərək səbirlə dərs keçməyə davam edir. Bir neçə ay sonra onlar 34-cü dərsi keçərkən Çifundo ona oradakı sualı verir: «Müqəddəs Kitabı öyrənməyin və Yehova Allahı tanımağın hansı faydasını görmüsünüz?» Alinafe suala cavab verərkən çoxlu gözəl məqamlara toxunur. Həmçinin deyir ki, Yehovanın Şahidləri Müqəddəs Kitabın qadağan etdiyi əməllərdən uzaq dururlar. Çox keçməmiş Alinafe surətlərdən istifadə etməyə son qoyur və vəftiz olunur.

21. Şagirdimizin Yehovaya ibadət etmək istəyini necə artıra bilərik?

21 «Böyüdən Allah» olsa da, şagirdin inkişafında biz də müəyyən rol oynayırıq (1 Kor. 3:7). Şagirdimizə sadəcə Allahın buyruqlarını öyrətmək azdır. Biz ona həmçinin Allaha sevgi yetişdirməyə kömək edirik. Bundan əlavə, onu Yehovaya sevgisindən irəli gələrək ibadəti həyatında birinci yerə qoymağa təşviq edirik. Ona təqiblərlə üzləşəndə Yehovaya etibar etməyi öyrədirik. Şagirdimizə ona inandığımızı bildirsək, o, Yehovanın normalarına uyğun yaşamağa və həqiqətin tərəfini tutmağa özündə cəsarət tapacaq.

DƏRS KEÇDİYİMİZ ŞAGİRDƏ...

  • inkişafına əngəl olan maneələri görməyə necə kömək edə bilərik?

  • Yehovaya məhəbbətini artırmağa necə kömək edə bilərik?

  • ibadəti həyatında birinci yerə qoymağa necə kömək edə bilərik?

NƏĞMƏ 55 Onlardan qorxma!

a İsa ilə söhbətindən iki il yarım keçsə də, Nikodem hələ də yəhudilərin ali məhkəməsinin üzvü idi (Yəh. 7:45—52). Bir mənbəyə əsasən hesab olunur ki, Nikodem yalnız İsanın ölümündən sonra onun şagirdi oldu (Yəh. 19:38—40).

b ŞƏKLİN İZAHI. Butrus və digər balıqçılar balıqçılıq işini qoyub İsanın ardınca getdilər.

c ŞƏKLİN İZAHI. Bacı şagirdini təbliğdə iştirak etməyə hazırlayır.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş