Haqq-ədalət üçün fəryad edənlərin səsləri eşidiləcək?
Haqsızlıq sanki insanların canına hopub. Haqsız həbs olunanlara dair iki nümunəyə baxaq.
2018-ci ilin yanvar ayında ABŞ-da təxminən 38 il həbsdə olan bir kişi məhkəmənin qərarı ilə azadlığa buraxıldı. DNT testi onun günahsız olduğunu sübut etdi.
1994-cü ilin sentyabr ayında Afrika ölkələrinin birində üç gənc oğlan əqidəyə görə hərbi xidmətdən imtina etdiklərinə görə həbs olundu. 2020-ci ilin sentyabr ayında onların həbsə salınmalarının 26-cı ili tamam oldu.
Əgər siz də ədalətsizliklə üzləşmisinizsə, çox ehtimal ki, qədim dövrdə yaşayan Əyyubun hissləri sizə tanışdır: «İmdad diləyirəm, haqq-ədalət yoxdur» (Əyyub 19:7). Bu gün əsl haqq-ədalət bir xülya kimi görünsə də, Müqəddəs Kitabda vəd olunur ki, bütün dünyada haqq-ədalət bərqərar olacaq. Üstəlik, Müqəddəs Kitabdakı hikmət bizə ədalətsizliklə üzləşəndə bunun öhdəsindən gəlməyə kömək edə bilər.
Ədalətsizliyin səbəbləri
Ədalətsizlik Allahın rəhbərliyini inkar edən insanlardan, əsl ədalət isə, Müqəddəs Kitaba əsasən, Allahdan gəlir (Əşiya 51:4). Müqəddəs Kitabda «ədalət» və «salehlik» kimi tərcümə olunan sözlər bir-birilə sıx bağlıdır (Zəbur 33:5). Saleh əməllər, yəni Allahın normalarına görə düzgün olan əməllər ədalət yaradır. Ədalətsizlik isə günahın nəticəsidir. Günah Allahın saleh normalarının pozulması deməkdir. Üç nümunəyə baxaq.
Xudbinlik. Xudbin istəklər və günah bir-birilə sıx bağlıdır (Yaqub 1:14, 15). İstədiklərini əldə etmək üçün çoxları başqaları ilə ədalətsiz davranaraq onlardan öz xeyirləri üçün istifadə edirlər. Allah isə istəyir ki, biz ilk növbədə öz xeyrimizi yox, başqalarının xeyrini düşünək (1 Korinflilərə 10:24).
Cahillik. Bəziləri özlərinin də xəbəri olmadan başqaları ilə ədalətsiz davrana bilər. Bununla belə, bu əməllər də Allahın gözündə günahdır (Romalılara 10:3). Cahillik ucbatından hətta dünyada ən böyük ədalətsizlik — İsa Məsihin edamı baş vermişdi (Həvarilərin işləri 3:15, 17).
Uğursuz insan sistemləri. Dünyanın siyasi, kommersiya və dini sistemləri sözdə ədalətli rəftar və sosial ədalət tərəfdarı olduqlarını bildirir. Əslində isə məhz onlar ədalətsizliyə səbəb olan səhvlərin, korrupsiyanın, qərəzin, tamahkarlığın, maddi bərabərsizliyin və dözümsüzlüyün mənbəyidir. Bu sistemləri dəstəkləyən bəzi insanların niyyəti pis deyil. Lakin ümumilikdə Allahın rəhbərliyinə məhəl qoymayan insanların bütün cəhdləri uğursuzluğa məhkumdur (Vaiz 8:9; Ərəmya 10:23).
Allah ədalətsizliyə göz yumur?
Yox, O, ədalətsizliyə və ədalətsizliyə səbəb olan münasibət və əməllərə nifrət edir (Məsəllər 6:16—18). Allahın ilhamı ilə Əşiya peyğəmbər yazmışdır: «Mən Yehovaa ədaləti sevirəm, soyğunçuluğa, nadürüstlüyə nifrət edirəm» (Əşiya 61:8).
Allahın qədim İsrail xalqına verdiyi qanunlardan görünür ki, O, insanların ədalətli olmasını istəyir. O, təyin olunmuş hakimlərdən tələb edirdi ki, heç kəsdən rüşvət almasınlar və haqq-ədalətin tapdalanmasına səbəb olacaq başqa əməllər etməsinlər (Qanunun təkrarı 16:18—20). O, kasıbların və məzlumların haqlarını tapdalayan və bununla da Onun sözündən çıxan israilliləri mühakimə edirdi. Onun normalarına uyğun yaşamadıqlarına görə sonda onları rədd etdi (Əşiya 10:1—3).
Allah ədalətsizliyə son qoyacaq?
Bəli. Allah İsa Məsihin vasitəsilə ədalətsizliyin kökündə duran günahı aradan qaldıracaq və bütün insanları kamilliyə çatdıracaq (Yəhya 1:29; Romalılara 6:23). O həmçinin Öz Padşahlığını təsis edib. Bu Padşahlıq ədalətli yeni dünya quracaq və hər kəs üçün ədaləti bərqərar edəcək (Əşiya 32:1; 2 Butrus 3:13). Bu səmavi Padşahlıq haqqında daha çox öyrənmək üçün «Allahın Padşahlığı nədir?» adlı videoya baxın.
Ədalətli yeni dünyada həyat necə olacaq?
Bütün dünyada haqq-ədalət hökm sürəndə hər kəs sülh və təhlükəsizlikdə yaşayacaq (Əşiya 32:16—18). Allah üçün hər bir insanın həyatı dəyərlidir, ona görə hamı ilə ədalətlə rəftar ediləcək. Ədalətsizliyin gətirdiyi kədər, fəryad və ağrı həmişəlik yox olacaq, hətta ədalətsizliklə bağlı acı xatirələr belə tədricən insanların yaddaşından silinəcək (Əşiya 65:17; Vəhy 21:3, 4). Əlavə məlumat üçün «Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?» adlı məqaləyə baxın.
Allahın ədalətli dünya quracağı vədinə inanmaq olar?
Bəli. Müqəddəs Kitab etibarlı kitabdır. Orada yazılmış müxtəlif peyğəmbərliklər, onun tarixi və elmi cəhətdən dəqiq olması və ziddiyyətlərin olmaması buna sübutdur. Əlavə məlumat üçün növbəti məqalələrə baxın:
Bəs indi ədalətsizliklə mübarizə aparmaq lazımdır?
Qədim zamanlarda Allahın xidmətçiləri ədalətsizliklə mübarizə aparırdı. Məsələn, həvari Bulusa qarşı ədalətsiz məhkəmə qurub onu ölümə məhkum edə bilərdilər. Amma o, bu cür haqsızlıqla barışmadı, əksinə, ona verilən hüquqdan istifadə edərək Sezarın məhkəməsini tələb etdi (Həvarilərin işləri 25:8—12).
Bununla belə, insanların bütün dünyadan ədalətsizliyi aradan qaldırmaq cəhdləri uğursuzluğa məhkumdur (Vaiz 1:15). Allahın ədalətli yeni dünya qurmaq vədinə iman çoxlarına ədalətsizliklə üzləşdikdə narahatçılıqların öhdəsindən gəlməyə və qəlb rahatlığını qorumağa kömək edir.
a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).