Ərəmya
28 Həmin il, Yəhuda padşahı Sidqiyyənin+ hakimiyyətinin başlanğıcında, dördüncü ilin beşinci ayında gibyonlu+ Azzur oğlu Hənaniyyə peyğəmbər Yehovanın evində kahinlərin və xalqın önündə mənə dedi: 2 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mən Babil padşahının boyunduruğunu qıracağam.+ 3 Babil padşahı Navuxodonosorun bu yerdən Babilə apardığı Yehovanın evinin əşyalarını iki ilin içində geri gətirəcəyəm.+ 4 Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı, Babilə sürgün edilən əsirləri+ bura geri qaytaracağam,+ — bəyan edir Yehova, — Mən Babil padşahının boyunduruğunu qıracağam”».
5 Ərəmya peyğəmbər Yehovanın evində duran bütün camaatın və kahinlərin önündə Hənaniyyə peyğəmbərə cavab verdi. 6 Ərəmya peyğəmbər ona dedi: «Amin! Təki Yehova belə eləsin. Təki Yehova peyğəmbərlik etdiyin sözləri həyata keçirsin, əsirliyə aparılmış xalqı, Yehovanın evinin əşyalarını Babildən geri gətirsin! 7 Amma indi qulaq as, gör sənə və xalqa nə deyirəm. 8 Səndən, məndən çox-çox əvvəl yaşamış peyğəmbərlər də çoxlu ölkələrin, böyük səltənətlərin üzərinə müharibə, fəlakət və mərəz gələcəyini peyğəmbərlik etmişlər. 9 Əgər bir peyğəmbər əmin-amanlıq olacağını deyirsə və sözü düz çıxırsa, onda məlum olur ki, bu peyğəmbəri, doğrudan da, Yehova göndərib».
10 Onda Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırdı.+ 11 Sonra camaatın önündə dedi: «Yehova belə deyir: “Babil padşahı Navuxodonosorun xalqların boynuna taxdığı boyunduruğu iki ilin içində bax beləcə çıxarıb qıracağam”».+ Bundan sonra Ərəmya peyğəmbər çıxıb getdi.
12 Hənaniyyə peyğəmbər Ərəmya peyğəmbərin boynundan boyunduruğu çıxarıb qırandan sonra Ərəmyaya Yehovanın sözü nazil oldu: 13 «Get, Hənaniyyəyə söylə ki, Yehova belə deyir: “Taxta boyunduruğu qırdın,+ indi onun yerinə dəmir boyunduruq düzəldəcəksən”. 14 Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bütün bu xalqların boynuna dəmir boyunduruq keçirəcəyəm, hamısı Babil padşahı Navuxodonosora qulluq edəcək, bəli, onlar ona qulluq edəcək.+ Vəhşi heyvanları da ona verəcəyəm”».+
15 Sonra Ərəmya peyğəmbər Hənaniyyə+ peyğəmbərə dedi: «Hənaniyyə, mənə qulaq as, səni Yehova göndərməyib. Sənə görə bu xalq yalana inanır.+ 16 Buna görə Yehova deyir: “Budur, səni yer üzündən yox edirəm. Elə bu il öləcəksən. Çünki xalqı Yehovaya qarşı qaldırırsan”».+
17 Hənaniyyə peyğəmbər həmin il, ilin yeddinci ayında öldü.