Hizqiyal
19 «İsrail rəhbərləri üçün mərsiyə 2 oxu:
“Sizin ananız kim idi? Şirlər arasında dişi şir.
Cavan şirlər arasında uzanar, balalarını bəsləyərdi.
3 O, balalarından birini bəsləyib böyütdü. Bala cavan, güclü bir aslan oldu.+
Şikarını parçalamağı öyrəndi.
Hətta adamları da yeməyə başladı.
4 Onun səs-sorağı xalqların qulağına çatanda quyu qazıb onu tutdular,
Onu qarmaqlayıb Misirə apardılar.+
5 Ana şir gözlədi, gözlədi, görəndə ki, balasının qayıtmağına ümid yoxdur,
Başqa balasını güclü aslan kimi yetişdirib üzə çıxardı.
6 O da şirlər arasında gəzməyə başladı.
Bəli, cavan, güclü aslan olmuş bu bala da şikarını parçalamağı öyrəndi və adamları yeməyə başladı.+
7 O, onların qalaları arasında gəzişir, şəhərlərini viranə qoyurdu.
Kimsəsiz qalmış ölkə onun nəriltisindən lərzəyə gəlirdi.+
8 Buna görə ətraf xalqlar onu tora salmaq üçün üstünə hücum çəkdi.
Şir onların hazırladığı quyuya düşdü.
9 Onu qarmaqlayıb qəfəsə saldılar və Babil hökmdarının yanına gətirdilər.
Orada onu qapalı saxladılar ki, bir də İsrail dağlarında sədası eşidilməsin.
10 Sizin ananız su kənarında əkilmiş, qanınızda olan meynə+ kimi idi*.
Bol su içdiyindən bəhərli, qollu-budaqlı oldu.
11 Onun budaqları elə möhkəm idi ki, onlardan hökmdar əsası düzəltmək olardı.
O böyüyüb başqa ağaclardan hündür oldu.
Boyu ilə, sıx yarpaqları ilə diqqəti cəlb etməyə başladı.
12 Amma onu qəzəblə kökündən çıxarıb+ yerə atdılar.
Səmum yeli barını qurudub qaxaca döndərdi.
Möhkəm budaqları qoparılıb qurudu,+ od düşüb onları yandırdı.+
13 İndi o, səhrada,
Susuz, quraq yerdə əkilib.+
14 Alov budaqlarından yayılıb zoğlarını, meyvələrini məhv etdi,
Hökmdar əsası olmaq üçün bir dənə də olsun möhkəm budağı qalmadı.+
Bu, mərsiyədir, gələcəkdə dillərdə dolaşacaq mərsiyə”».