Hizqiyal
6 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü İsrail dağlarına tutub onlara qarşı peyğəmbərlik et. 3 Onlara belə söylə: “Ey İsrail dağları, Külli-İxtiyar Yehovanın sözünü dinləyin. Külli-İxtiyar Yehovanın dağlara, təpələrə, çaylara, dərələrə sözü budur: “Mən üstünüzə qılınc göndərəcəyəm, səcdəgahlarınızı* darmadağın edəcəyəm. 4 Qurbangahlarınız yerlə yeksan olacaq, buxurdanlarınız sındırılacaq,+ gəbərdilənlərinizi iyrənc bütlərinizin qabağına sərəcəyəm.+ 5 İsraillilərin cəsədlərini iyrənc bütlərinin qabağına sərəcəyəm, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm.+ 6 Məskunlaşdığınız hər yerdə şəhərləriniz xarabazara dönəcək,+ səcdəgahlarınız dağıdılacaq, viranə qalacaq.+ Qurbangahlarınız uçurulacaq, daşı-daş üstdə qalmayacaq, iyrənc bütləriniz yox olacaq, buxurdanlarınız sındırılacaq, əlinizin işi heç olub gedəcək. 7 Gözünüzün qabağında camaatı gəbərdib yerə sərəcəklər.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+
8 Amma bəzilərinizi sağ saxlayacağam. Ölkələrə səpələnəndə bəziləriniz qılıncdan canını qurtaracaq.+ 9 Sağ qalanlar əsir aparıldıqları xalqların arasında yaşayanda Məni yada salacaqlar.+ Başa düşəcəklər ki, Məndən dönən xəyanətkar ürəkləri, iyrənc bütlərinə şəhvətlə baxan gözləri+ qəlbimə necə yara vurub.+ Onda etdikləri şər əməllərdən, murdar işlərdən iyrənəcək, utanıb yerə girəcəklər.+ 10 Biləcəklər ki, Mən Yehovayam, başlarına bu müsibəti gətirəcəyimi deyəndə onları əbəs yerə hədələmirdim”.+
11 Külli-İxtiyar Yehova belə deyir: “Əlinizlə başınızı tutun*, ayaqlarınızı yerə çırpın. İsrail evinin etdiyi bütün şər işlərə, murdar əməllərə görə inləyib-sızlayın. Çünki onlar qılıncdan keçiriləcəklər, aclıqdan, xəstəlikdən qırılacaqlar.+ 12 Uzaqda olanın amanını xəstəlik kəsəcək, yaxında olan qılınca tuş gələcək. Bunlardan qurtulub sağ qalanlarınsa axırına aclıq çıxacaq. Mən bütün qəzəbimi onların üstünə tökəcəyəm.+ 13 Gəbərənlərin cəsədləri qurbangahlarının ətrafında,+ hündür təpələrin başında, dağların zirvəsində, gur yarpaqlı ağacların altında, böyük ağacların budaqları altında — iyrənc bütlərini razı salmaq üçün ətirli təqdimələr gətirdikləri hər yerdə həmin bütlərin arasında yerə səriləcək.+ Onda biləcəksiniz ki, Mən Yehovayam.+ 14 Əlimi onlara qarşı qaldırıb ölkələrini viranə qoyacağam, bütün yaşayış yerləri Diblah yaxınlığındakı səhradan da boş, kimsəsiz qalacaq. Onda biləcəklər ki, Mən Yehovayam”».