Lavililər
24 Yehova sözünə davam edib Musaya dedi: 2 «İsrail oğullarına əmr et, çıraqların aramsız yanması üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər.+ 3 Harun Hüzur çadırında, Şəhadət sandığının qarşısında olan pərdənin bayır tərəfindəki çıraqları axşamdan səhərə qədər Yehovanın önündə yanar saxlamalıdır. Bu, bütün nəsilləriniz üçün həmişə qüvvədə qalacaq qanundur. 4 O, həmişə Yehovanın önündə çıraqları xalis qızıldan olan çıraqdanın+ üstünə düzməlidir.
5 Narın undan on iki halqavarı çörək bişir. Çörəklərin hər biri efanın* onda ikisi qədər undan hazırlanmalıdır. 6 Onları Yehovanın önündə, xalis qızıldan olan masanın üstünə altı-altı olmaqla üst-üstə yığ.+ 7 Hər qalağın üstünə xalis kündür qoy. O, Yehovaya odda yandırılaraq gətirilən xatirə təqdiməsi+ üçün çörək əvəzi olacaq. 8 Hər şənbə Yehovanın önündəki çörəklər təzələnməlidir.+ Bu, Mənim İsrail oğulları ilə bağladığım həmişəlik əhddir. 9 Çörəklər Harunla oğullarının olacaq.+ Onlar müqəddəs yerdə yeyilməlidir,+ çünki kahinə çatan bu çörəklər Yehova üçün odda yandırılan təqdimələrin içində son dərəcə müqəddəsdir. Bu, həmişəlik qaydadır».
10 İsraillilərin içində anası israilli, atası isə misirli olan bir nəfər var idi.+ Bir gün düşərgədə onunla başqa bir israillinin arasında dava düşdü. 11 İsrailli qadının oğlu Allahın adına küfr edib, onu lənətləməyə başladı.+ Onu Musanın yanına gətirdilər.+ Yeri gəlmişkən, onun anası Dan qəbiləsindən olan Dibrinin qızı Səlimət idi. 12 Yehovanın hökmü bəlli olanacan onu həbsdə saxladılar.+
13 Yehova Musaya dedi: 14 «Lənət edəni düşərgədən çıxarın. Lənəti eşidənlərin hamısı əllərini onun başına qoysun, sonra isə bütün icma onu daşqalaq etsin.+ 15 İsrail oğullarına söylə: “Kim Allaha lənət etsə, günahına görə cavab verməli olacaq. 16 Yehovanın adına küfr edən hökmən öldürülməlidir.+ Bütün icma onu daşqalaq etməlidir. Yerli olsun, yadelli olsun, fərq etməz, Allahın adına küfr edən öldürülməlidir.
17 İnsan həyatına qəsd edən hökmən öldürülməlidir.+ 18 Ev heyvanını döyüb öldürən can əvəzinə can olaraq zərəri ödəməlidir. 19 Kim başqasına zədə yetirərsə, onun özünə də həmin şey edilməlidir+ 20 Sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; başqasına hansı zədəni yetiribsə, ona da eyni zədə yetirilməlidir.+ 21 Heyvanı döyüb öldürən zərəri ödəməlidir,+ insan öldürəni isə öldürmək lazımdır.+
22 İstər yadelli olsun, istər yerli, qanun hamı üçün eyni olmalıdır,+ çünki Mən sizin Allahınız Yehovayam”».
23 Musa bunları İsrail oğullarına söylədi. Onlar lənət oxuyan adamı düşərgədən kənara çıxarıb daşqalaq etdilər,+ beləliklə də, Yehovanın Musaya verdiyi əmri yerinə yetirdilər.