-
Mətta 14:15—21Müqəddəs Kitab
-
-
15 Axşam düşəndə şagirdlər ona yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, qoy kəndlərə gedib özlərinə yeməyə bir şey alsınlar».+ 16 İsa onlara dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin». 17 Şagirdlər dedilər: «Burada cəmi beş çörək və iki balıq var». 18 İsa dedi: «Onları mənə gətirin». 19 Sonra camaata dedi ki, otun üstündə otursunlar. O, beş çörəyi və iki balığı götürdü, göyə baxıb dua elədi.+ Sonra çörəkləri bölüb şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar. 20 Beləliklə, hamı yeyib doydu. Artıq qalmış tikələrdən on iki dolu səbət yığıldı.+ 21 Qadınları və uşaqları çıxmaqla çörək yeyən kişilərin sayı təxminən beş min nəfər idi.+
-
-
Mark 6:35—44Müqəddəs Kitab
-
-
35 Gün batana yaxın şagirdləri İsaya yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb.+ 36 Camaatı burax, ətraf kəndlərə, obalara gedib özləri üçün yeməyə bir şey alsınlar».+ 37 İsa dedi: «Siz onlara yemək verin». Şagirdlər dedilər: «İndi deyirsən gedib camaat üçün iki yüz dinarlıq* çörək alaq?»+ 38 İsa onlara dedi: «Gedin görün neçə çörəyiniz var». Onlar öyrənib dedilər: «Beş çörək var, ikicə dənə də balıq».+ 39 İsa camaata dedi ki, otluqda dəstə-dəstə əyləşsinlər.+ 40 Onlar dəstələrə bölünüb yüz-yüz, əlli-əlli oturdular. 41 İsa beş çörəyi və iki balığı əlinə aldı və göyə baxıb dua elədi.+ Çörəkləri böldü və camaata paylamaq üçün şagirdlərə verdi. Sonra iki balığı da hamı üçün böldü. 42 Camaat yeyib doydu. 43 Balığı çıxmaq şərtilə, artıq qalmış çörək tikələrindən on iki səbət yığıldı.+ 44 Çörək yeyən kişilərin sayı isə beş min nəfər idi.
-
-
Yəhya 6:5—13Müqəddəs Kitab
-
-
5 İsa başını qaldırıb gördü ki, yanına çoxlu adam gəlir. O, Filipə dedi: «Bu adamlar üçün haradan çörək alaq?»+ 6 İsa nə edəcəyini bilirdi, bunu sadəcə Filipi sınamaq üçün dedi. 7 Filip cavab verdi: «Bu qədər adama heç iki yüz dinarlıq* çörək də bəs eləməz ki, heç olmasa hərəsi bir tikə yesin». 8 Şagirdlərdən biri, Şimon Butrusun qardaşı Andreas dedi: 9 «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var. Amma bu qədər adam üçün bunlar nədir ki?»+
10 İsa dedi: «Camaatı yerə oturdun». Ora otluq idi. Adamlar oturdular. Kişilərin sayı təxminən beş min nəfər olardı.+ 11 İsa çörəkləri götürüb Allaha şükür etdi və sonra oturanlara payladı. Eləcə də hər kəsə istədiyi qədər balıq payladı. 12 Camaat yeyib doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın». 13 Şagirdlər artıq qalan tikələri yığdılar, beş arpa çörəyindən on iki dolu səbət yığıldı.
-