Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Qanunun təkrarı 1:1—34:12
  • Qanunun təkrarı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qanunun təkrarı
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Qanunun təkrarı

QANUNUN TƏKRARI

1 Musa İordan bölgəsində, Suf qarşısındakı səhrada, Fəran, Tofel, Laban, Həseyrut və Dizhab yaxınlığında* israillilərə xitab etdi. 2 (Sair dağına gedən yol ilə Huribdən Qədis-Barniyə+ on bir günlük yoldur.) 3 Qırxıncı ilin+ on birinci ayının birinci günü Musa Yehovanın israillilərlə bağlı tapşırdığı hər şeyi onlara çatdırdı. 4 Həşbunda yaşayan amori padşahı Sihunu+ yenəndən və Əştərutda yaşayan Başan padşahı Oqu+ Əzrəydə+ məğlub edəndən sonra 5 Musa İordan bölgəsində, Muab torpağında Qanunun izahına başlayıb dedi:+

6 «Allahımız Yehova Huribdə bizə demişdi: “Bu dağlıq yerdə qaldığınız kifayətdir.+ 7 Amorilərin+ dağlıq bölgəsinə və bütün qonşu bölgələrə: Ərəbəyə+, dağlıq bölgəyə, Şəflaya, Negevə və sahilyanı bölgəyə gedin.+ Kənanilərin torpağına daxil olun, Livana+ və böyük çaya, Fərat çayına+ qədər irəliləyin. 8 Budur, torpaq qarşınızdadır. Gedin, Yehovanın atalarınız İbrahimə, İshaqa+, Yaquba+ və onların gələcək övladlarına* verməyi vəd etdiyi torpağı tutun”.+

9 Həmin vaxt mən sizə demişdim: “Mən təkbaşına sizi daşıya bilmərəm.+ 10 Allahınız Yehova sizi o qədər çoxaldıb ki, sayınız göydəki ulduzlar qədərdir.+ 11 Qoy Allahınız Yehova sizi indikindən də min dəfə çox eləsin+ və necə ki vəd edib, sizi nemət sahibi etsin.+ 12 Amma mən tək canımla sizin yükünüzü necə daşıyım, dərd-sərinizi necə çəkim, dava-dalaşınıza necə dözüm?+ 13 Qəbilələrinizdən müdrik, bəsirətli, dünyagörmüş adamlar seçin. Mən onları üstünüzdə başçı qoyacağam”.+ 14 Onda siz: “Çox yaxşı”, — dediniz. 15 Mən də qəbilələrinizdəki başçıları, müdrik, dünyagörmüş adamları üzərinizdə başçı: minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və nəzarətçi təyin etdim.+

16 O vaxt hakimlərinizə belə göstəriş verdim: “Aralarında münaqişə düşən soydaşlarınızın*, istər israilli ilə israillinin, istərsə də israilli ilə yadellinin işinə+ ədalətlə baxın+. 17 Hökm çıxaranda tərəfkeşlik etməyin.+ Adi adamı da böyük adamı dinlədiyiniz kimi dinləyin.+ Adamlardan qorxmayın,+ hökm Allahındır.+ Çox müşkül məsələləri isə mənə təqdim edin, onlara mən baxaram”.+ 18 Nə etməli olduğunuzu o vədə sizə bildirdim.

19 Sonra biz Huribdən yola düşdük. Allahımız Yehovanın bizə əmr etdiyi kimi, amorilərin+ dağlıq bölgəsinə gedən yolla, özünüzün də şahidi olduğunuz o ucsuz-bucaqsız, vahiməli səhranı+ adladıq və bu minvalla gəlib Qədis-Barniyə+ çatdıq. 20 Onda mən sizə dedim: “Yehovanın bizə vermək istədiyi yerə, amorilərin dağlıq bölgəsinə gəlib çatdınız. 21 Allahınız Yehova buranı sizə verib. Odur ki, gedin atalarınızın Allahı Yehovanın sizə söylədiyi kimi, bu torpağa yiyələnin.+ Qorxmayın, təlaşa düşməyin”.

22 Siz isə hamılıqla yanıma gəlib dediniz: “Qoy özümüzdən qabaq adamlar göndərək ki, hansı yolla gedəcəyimiz, necə şəhərlərlə rastlaşacağımız haqda bizə məlumat gətirsinlər”.+ 23 Bu təklif mənə ağlabatan göründü, ona görə də mən aranızdan on iki nəfər, hər qəbilədən bir nəfər seçdim.+ 24 Onlar yola düşüb dağlıq bölgəyə+ qalxdılar və Əşqul vadisinə çatıb oranı gözdən keçirdilər. 25 Sonra o torpağın barından götürüb bizə gətirdilər və xəbər verdilər ki, Allahımız Yehovanın bizə vermək istədiyi ölkə gözəl ölkədir.+ 26 Siz isə Allahınız Yehovanın əmrini rədd edib oraya getmək istəmədiniz.+ 27 Öz çadırlarınızda deyinib söyləndiniz: “Yehovanın bizdən zəhləsi gedir, ona görə də bizi Misirdən çıxarıb ki, amorilərin əlinə verib kökümüzü kəssin. 28 Axı biz hara gedirik? “Oranın camaatı bizdən güclü, bizdən hündürdür. Şəhərləri böyükdür, istehkamları göylərə dirənir.+ Orada Anaq oğullarını+ gördük”, — deyərək qardaşlarımız bizdə ürək-göbək qoymadı”.+

29 Onda mən sizə dedim: “Təşvişə düşməyin, qorxmayın onlardan.+ 30 Allahınız Yehova sizin önünüzdə gedəcək. O, Misirdə gözünüzün qabağında sizin üçün necə döyüşmüşdüsə,+ indi də elə döyüşəcək.+ 31 Səhrada olanda da gördünüz ki, Allahınız Yehova oğlunu qucağında gəzdirən ata tək sizi hər yerə qucaqda apardı, ta bu yerə gəlib çıxana qədər”. 32 Amma buna baxmayaraq, siz Allahınız Yehovaya iman gətirmədiniz.+ 33 Halbuki O, qabağınızca gedirdi ki, düşərgə salmağa sizə yer tapsın. Sizə yol göstərmək üçün gecələr alovda, gündüzlər isə buludda zühur edirdi.+

34 Yehova dediklərinizin hamısını eşidirdi. Buna görə də O qəzəblənib and içdi:+ 35 “Bu şər nəsildən bir nəfər də olsun atalarına verməyi and içdiyim o gözəl diyarı görməyəcək,+ 36 təkcə Yufənna oğlu Kalibdən başqa. Bəli, Kalib oranı görəcək, üstündə gəzdiyi o torpağı ona və oğullarına verəcəyəm, çünki o, bütün qəlbilə Yehovaya itaət etdi.+ 37 (Hətta sizə görə Yehovanın mənə də acığı tutdu və O, mənə dedi: “Sən də ora getməyəcəksən.+ 38 Oraya sənin qulluğunda duran Nun oğlu Yuşə+ gedəcək.+ Onu ürəkləndir*,+ çünki İsraili həmin diyara o aparacaq”.) 39 Əsir düşəcəyini dediyiniz övladlarınız,+ hələ yaxşını pisdən ayıra bilməyən oğullarınız oraya gedəcək, o diyarı onlara verəcəyəm.+ 40 Siz isə geriyə, Qırmızı dəniz yolu ilə səhraya qayıdın”.+

41 Onda siz mənə: “Yehovanın qarşısında günahkarıq. Elə indi gedib Allahımız Yehovanın əmr etdiyi kimi döyüşəcəyik!” — deyib silahlandınız. Sizə elə gəlirdi ki, dağa çıxmaq asan olacaq.+ 42 Ancaq Yehova mənə dedi: “Onlara söylə, döyüşməyə getməsinlər, çünki Mən onlara kömək olmayacağam.+ Getsələr, düşmənlərinə yeniləcəklər”. 43 Mən çox dedim, siz az eşitdiniz. Yehovanın əmrinə məhəl qoymadınız. Özbaşınalıq edib dağa çıxmağa üz tutdunuz. 44 Dağda yaşayan amorilər qabağınıza çıxdılar, arı kimi dalınızca düşdülər, sizi Sairə, Hormaya qədər qovub pərən-pərən saldılar. 45 Siz qayıdıb Yehovanın önündə ağlayıb-sızlamağa başladınız. Yehova isə sizə qulaq asmadı, sizə məhəl qoymadı. 46 Elə bu səbəbdən Qədisdə o qədər qaldınız.

2 Sonra, Yehovanın mənə əmr etdiyi kimi, dönüb Qırmızı dəniz yolu ilə səhra tərəfə getdik.+ Xeyli müddət Sair dağının ətrafında dolaşandan sonra 2 Yehova mənə dedi: 3 “Bu dağın ətrafını gəzib-dolaşmağınız kifayətdir, indi şimala dönün. 4 Həm də xalqa belə əmr elə: “Sairdə yaşayan qardaşlarınızın, Eys oğullarının+ sərhədinin yanından keçəcəksiniz.+ Düzdür, onlar sizdən qorxacaqlar,+ ancaq siz hərəkətlərinizə fikir verin. 5 Onlarla işiniz olmasın, onların torpağından bir qarış da olsun sizə verməyəcəyəm, çünki Sair dağını Eysə vermişəm.+ 6 Onlara yediyiniz yeməyin, içdiyiniz suyun pulunu verməlisiniz.+ 7 Allahınız Yehova hər işinizi avand edib. Bu böyük səhrada atdığınız hər addım Ona agahdır. Bu qırx il ərzində Allahınız Yehova sizinlə olub, siz heç nədən korluq çəkməmisiniz”.+ 8 Beləliklə, biz Ərəbə yoluna, Elata və Əzyun-Qəbərə yaxınlaşmayaraq Sairdə yaşayan qardaşlarımız Eys oğullarının yanından ötüb keçdik.+

Sonra dönüb Muab səhrası yolu ilə səfərimizə davam etdik.+ 9 Yehova mənə dedi: “Muaba dəyib-dolaşmayın, onlarla döyüşməyin. Mən onların torpağından bir parça da sizə verməyəcəyəm, çünki Arı Lut övladlarına vermişəm.+ 10 (Vaxtilə orada güclü, çoxsaylı, anaqlar kimi hündürboy xalq olan emlər+ yaşayırdı. 11 Rəfalar+ da anaqlara+ bənzəyirdi və muabilər onları da em adlandırırdı. 12 Sairdə isə əvvəllər xurilər+ yaşayırdı. Eys övladları oranı ələ keçirib xuriləri qırmış və yerlərində məskunlaşmışdı.+ İsrail də özünə məxsus torpaqda, Yehovanın onlara verəcəyi torpaqda belə edəcək.) 13 İndi isə gedin, Zarəd vadisini keçin”. Biz də Zarəd vadisini keçdik.+ 14 Qədis-Barnidən çıxdığımız vaxtdan Zarəd vadisini keçənə qədər otuz səkkiz il keçmişdi. Bu vaxt ərzində, Yehovanın and içdiyi kimi, o nəslin döyüşə yararlı bütün kişiləri ölüb xalqın içindən yox olmuşdu.+ 15 Düşərgədə axırlarına çıxanadək Yehovanın əli onlara qarşı oldu.+

16 Elə ki xalqın içindən o döyüşçülərin kökü kəsildi,+ 17 Yehova mənə dedi: 18 “Bu gün siz Muab ərazisindən, Ardan keçməlisiniz. 19 Əmunilərə yaxınlaşanda onlara dəyib-dolaşmayın. Əmunilərin torpağından sizə bir parça da verməyəcəyəm, çünki oranı Lut övladlarına vermişəm.+ 20 Bura da rəfaların ölkəsi hesab olunurdu.+ (Əvvəllər burada rəfalar yaşayırdı. Əmunilər onları zamzum adlandırırdı. 21 Onlar güclü, çoxsaylı, anaqlar kimi hündürboy xalq idilər.+ Lakin Yehova əmunilərə görə onların kökünü kəsdi və əmunilər onların torpağını zəbt edib orada məskunlaşdılar. 22 Hazırda Sairdə yaşayan Eys övladları+ üçün də O, belə etmişdi. Eys övladlarına görə xurilərin kökünü kəsmişdi ki, onlar xurilərin torpağını zəbt edib ta bugünkü günə qədər orada məskun olsunlar.+ 23 Qəzzə bölgəsində+ yaşayan avların da başına eyni şey gəlmişdi. Kəfturdan* gələn kəfturlar+ onları qırıb yerlərində məskən salmışdılar.)

24 Qalxın, Ərnun vadisini keçin.+ Həşbun padşahı amori Sihunu sizin əlinizə verirəm.+ Gedin onunla müharibəyə başlayın, ölkəsini istila edin. 25 Bu gündən elə edəcəyəm ki, göylər altında olan bütün xalqlar sizin haqqınızda eşidəndə ürəklərini vahimə, qorxu saracaq. Sizə görə onların canına lərzə düşəcək, təlaş içində vurnuxacaqlar”.+

26 Onda Kədimutdan+ Həşbun padşahı Sihuna xoşməramlı sözlərlə qasidlər göndərib dedim:+ 27 “İzin ver, ölkəndən keçim. Yoldan nə sağa, nə də sola bir addım belə, atmayacağam.+ 28 Mənə pulla satdığın yeməyi yeyib, pulla satdığın suyu içəcəyəm. Sadəcə ölkəndən keçməyə mənə icazə ver. 29 Sairdə yaşayan Eys övladları və Arda yaşayan muabilər bizimlə belə davrandılar. İordanı keçib Allahımız Yehovanın bizə verməyi vəd etdiyi ölkəyə gedənə qədər sən də bizim üçün bunu et”. 30 Lakin Həşbun padşahı Sihun bizə ölkəsindən keçməyə icazə vermədi. Çünki Yehova onun ürəyini daşa döndərmiş, inadkar etmişdi ki,+ onu sizin əlinizə versin, necə ki verdi.+

31 Onda Yehova mənə dedi: “Artıq Sihunu da, ölkəsini də sizin əlinizə vermişəm. Başlayın istilaya!”+ 32 Sihun döyüşmək üçün bütün adamlarını yığıb Yahasa, bizim qarşımıza çıxanda+ 33 Allahımız Yehova onu bizim əlimizə verdi. Biz də onu, oğullarını və adamlarını məğlub etdik. 34 O vaxt onun bütün şəhərlərini zəbt edib yerlə yeksan etmişdik. Qadın, kişi, uşaq deməyib, hamısını məhv etmiş, bir nəfəri belə, sağ buraxmamışdıq.+ 35 Təkcə mal-heyvanı və zəbt etdiyimiz şəhərlərdən ələ keçirdiyimiz talan malını özümüzə qənimət götürmüşdük. 36 Ərnun vadisinin kənarında yerləşən Aruirdən+ (vadiyə aid şəhər də daxil olmaqla) tutmuş Gilada qədər elə şəhər qalmamışdı ki, əlimiz ora çatmasın. Allahımız Yehova hamısını bizə təslim etmişdi.+ 37 Ancaq əmunilərin ölkəsinə, nə Yəbbuq vadisinin qırağına,+ nə dağlıq bölgədəki şəhərlərə, nə də Allahımız Yehovanın qadağan etdiyi başqa yerə yaxın getmədiniz.+

3 Sonra biz dönüb Başan yolu ilə yuxarı getdik. Başan padşahı Oq bizə qarşı vuruşmaq üçün adamlarını yığıb Əzrəyə gəldi.+ 2 Yehova mənə dedi: “Ondan qorxma. Onun özünü də, adamlarını da, torpağını da sənin əlinə təslim edəcəyəm. Həşbunda yaşayan amori padşahı Sihunun başına gətirdiyini bunun da başına gətirəcəksən”. 3 Beləcə, Allahımız Yehova Başan padşahı Oqu və onun bütün adamlarını bizim əlimizə verdi və biz bir nəfəri də sağ buraxmadan hamını qılıncdan keçirdik. 4 Sonra onun bütün şəhərlərini zəbt etdik. Elə şəhər qalmadı ki, əlimizə keçməsin. Altmış şəhər, bütün Arqub bölgəsi, Oqun Başandakı səltənəti istila olundu.+ 5 Şəhərlərin hamısının hündür divarları, cəftəli darvazaları var idi. Üstəlik, orada çoxlu kiçik şəhərlər var idi. 6 Lakin biz Həşbun padşahı Sihunun ölkəsindəki kimi, burada da şəhərlərin hamısını yerlə yeksan etdik,+ kişi, qadın, uşaq deməyib, hamını qırdıq.+ 7 Bütün heyvanları özümüzə götürdük, şəhərləri talan etdik.

8 O vaxt biz Ərnun vadisindən tutmuş Hərmun dağına kimi olan ərazini, İordan bölgəsindəki iki amori padşahının ölkəsini+ 9 (sidonilər Hərmun dağını Şiryun, amorilər isə Sənir adlandırırdılar), 10 yayladakı bütün şəhərləri, bütün Giladı, Başanda Oqun səltənətinə aid şəhərlər olan Səlxə və Əzrəyədək bütün Başanı tutduq.+ 11 Başan hökmdarı Oq rəfalardan sonuncusu idi. Onun mafəsini dəmirdən* düzəltmişdilər. Bu mafə hələ də əmunilərin Rabbah şəhərindədir. Onun uzunluğu adi qulacla* doqquz qulac, eni dörd qulacdır. 12 O vaxt biz bu yeri tutduq: Ərnun vadisinin yanında yerləşən Aruirdən+ başlayan ərazini, Gilad dağlıq bölgəsinin yarısını. Mən onun şəhərlərini rubənlilərə və cadlılara verdim.+ 13 Giladın o biri yarısını və Oqun səltənəti olan Başanı bütünlüklə Mənəssə qəbiləsinin yarısına verdim.+ Başanda olan Arqub bölgəsi rəfaların ölkəsi kimi tanınırdı.

14 Mənəssə oğlu Yair+ qəşurilərin və məkatilərin sərhədinədək+ bütün Arqub bölgəsini+ tutub Başanın o kəndlərinə öz adını verdi. Bu günədək də oralar Havvut-Yair* adlanır.+ 15 Giladı Mahirə verdim.+ 16 Rubənlilərlə cadlılara+ Giladdan tutmuş Ərnun vadisinə qədər (vadinin ortası sərhəddir), Əmunilərin sərhədi olan vadiyə, Yəbbuqa qədər, 17 Ərəbə, İordan və onun sahili olan sərhədə qədər, Kinarətdən Ərəbə dənizinə, yəni şərq tərəfdəki Fizqə ətəklərində yerləşən Şor dənizə* qədər ərazini verdim.+

18 Onda sizə bu əmri verdim: “Allahınız Yehova bu ölkəni sizə verib ki, ona sahib olasınız. Qoy bütün ərənləriniz silahlanıb qardaşlarınız israillilərin qarşısında o taya keçsin.+ 19 Təkcə qadınlar, uşaqlar və heyvanlarınız (bilirəm ki, mal-heyvan sarıdan bolsunuz) sizə verdiyim bu şəhərlərdə qalsın. 20 Yehova qardaşlarınızı da sizin kimi dincliyə çıxarandan sonra, onlar da İordanın o tayında Yehovanın onlara verdiyi torpağı tutandan sonra hər kəs geriyə, ona verdiyim mülkə qayıda bilər”.+

21 Həmçinin mən Yuşəyə+ əmr edib dedim: “Yehovanın bu iki padşaha nə etdiyini öz gözlərinlə gördün. O taydakı bütün padşahlıqları da Yehova eyni aqibətə düçar edəcək.+ 22 Onlardan qorxmayın, sizin üçün döyüşən Allahınız Yehovadır!”+

23 O vaxt mən Yehovaya yalvarıb dedim: 24 “Ey Külli-İxtiyar Yehova, Sən bu quluna əzəmətini, güclü qolunu+ görməyi nəsib etmisən. Göylərdə, yer üzündə olan hansı allah Sənin kimi qüdrətli işlər görür?+ 25 Nə olar, izin ver, İordanın o tayına keçib o gözəl diyarı, o füsunkar dağları, Livanı görüm”.+ 26 Amma sizin ucbatınızdan Yehova hələ də mənə qəzəbli idi,+ buna görə də məni eşitmək istəmədi. Yehova mənə dedi: “Bəsdir, yetər! Bir də Mənimlə bu haqda danışma. 27 Fizqənin təpəsinə çıx,+ oradan qərbə, şimala, cənuba, şərqə bax, diyarı seyr elə, çünki İordanın o tayına keçməyəcəksən.+ 28 Yuşəni öz yerinə təyin elə,+ onu ürəkləndirib qoluna qüvvət ver, çünki çayın o tayına xalqın başında o gedəcək+ və seyr edəcəyin diyarı onlara məhz o verəcək”. 29 Bütün bunlar biz Beyt-Faur qarşısındakı vadidə qalanda baş vermişdi.+

4 İndi isə, ey İsrail, sizə çatdırdığım qanun və hökmləri dinləyin ki, sağ qalasınız+ və atalarınızın Allahı Yehovanın sizə verəcəyi diyara daxil olub ona sahib olasınız. 2 Sizə dediyim sözlərə bir kəlmə də artırıb-əskiltməyin.+ Allahınız Yehovanın əmrlərinə — sizə verdiyim əmrlərə riayət edin.

3 Özünüz gördünüz ki, Yehova Faur Baalı əhvalatında nə etdi. Allahınız Yehova aranızdan Faur Baalının arxasınca gedən hər kəsi tələf etdi.+ 4 Lakin Allahınız Yehovaya vəfalı qalan sizlər bu gün sağsınız. 5 Mən sizə, Allahım Yehovanın buyurduğu kimi, bütün qanun və hökmləri çatdırdım ki,+ sahib olacağınız ölkədə onlarla yaşayasınız. 6 Onlara diqqətlə əməl edin.+ Belə davranmağınız başqa xalqlara sizin müdrik+, aqil+ olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”.+ 7 Allahımız Yehovanı çağıranda Onun bizə yaxın olduğu qədər, hansı böyük xalqın allahları ona elə yaxın olur?+ 8 Hansı böyük xalqın bu gün sizə verdiyim bu Qanun kimi adil hökmləri və qanunları var?+

9 Amma siz ehtiyatlı olun, diqqət edin ki, gözünüzlə şahid olduğunuz şeyləri unutmayasınız, nə qədər ki sağsınız, onlar ürəyinizdən silinməsin. Onları oğullarınıza da, nəvələrinizə də danışın.+ 10 Huribdə Allahınız Yehovanın qarşısında durduğunuz gün Yehova mənə demişdi: “Xalqı bir yerə topla, qoy deyəcəyim sözləri eşitsinlər ki,+ ömürlərinin hər gününü Allah qorxusu+ ilə yaşamağı öyrənsinlər, övladlarına da öyrətsinlər”.+

11 Onda siz yaxın gəlib dağın ətəyində dayandınız. Dağ od içində idi, ondan qalxan alov göyə yüksəlirdi. Hər yanı zülmət qaranlıq, qara buludlar bürümüşdü.+ 12 Yehova alovun içindən sizinlə danışmağa başladı.+ Siz deyilən sözləri eşidir, amma heç bir surət görmürdünüz.+ Yalnız səs eşidirdiniz.+ 13 O, sizə Öz əhdini — on əmri*+ bəyan edib bu əhdə əməl etməyi tapşırdı.+ Sonra onları iki daş lövhə üzərinə yazdı.+ 14 Onda Yehova mənə buyurdu ki, bütün qanunları və hökmləri sizə anladım. Siz həmin o qanunları sahib olacağınız ölkədə rəhbər tutub yaşamalısınız.

15 Yehova Huribdə alovun içindən sizinlə danışan gün heç bir surət görməmişdiniz. Buna görə də diqqətli olun ki, 16 rəzillik edib nəyinsə surətində oyma büt düzəltməyəsiniz.+ Nə kişinin, nə qadının, 17 nə yer üzündəki hər hansı bir heyvanın, nə səmada uçan quşun,+ 18 nə torpaqda sürünən canlının, nə də suda yaşayan balığın surətini düzəltməyin.+ 19 Gözlərinizi göylərə qaldırıb baxanda, asimandakı ordunu — günəşi, ayı, ulduzları görəndə aldanıb onlara səcdə qılmayın, onlara sitayiş etməyin.+ Allahınız Yehova onları göylər altında yaşayan bütün bəşərə ərməğan edib. 20 Lakin sizləri Yehova dəmirəridən sobadan, Misirdən çıxartdı ki, bugünkü kimi Onun məxsusi xalqı+ olasınız.

21 Yehovanın sizə görə mənə acığı tutmuşdu.+ O and içmişdi ki, İordanı keçib Allahınız Yehovanın sizə irs olaraq verdiyi o gözəl diyara qədəm basmayacağam.+ 22 Bəli, mən burada öləcəyəm, İordanı keçməyəcəyəm.+ Siz isə o taya keçib o gözəl diyara sahib olacaqsınız. 23 Baxın, Allahınız Yehovanın sizinlə bağladığı əhdi unutmayın.+ Allahınız Yehovanın qadağan etdiyi heç nəyin surətində özünüz üçün oyma büt düzəltməyin.+ 24 Çünki Yehova, sizin Allahınız yandırıb-yaxan alovdur,+ tam sədaqət tələb edən Allahdır.+

25 Ölkədə xeyli yaşayandan, oğul-uşaq, nəvə-nəticə sahibi olandan sonra rəzillik edib büt düzəltsəniz,+ Allahınız Yehovanın gözündə şər iş görüb Onu təhqir etsəniz,+ 26 bu gün göyü və yeri sizə qarşı şahid tuturam ki, İordanı keçib alacağınız ölkədən yox olacaqsınız, özü də çox tez bir zamanda. Bəli, orada çox qalmayacaqsınız, büsbütün tələf olacaqsınız.+ 27 Yehova sizi xalqlar arasına səpələyəcək.+ Yehovanın sizi torpaqlarına sürgün etdiyi xalqların arasında içinizdən tək-tük adam sağ qalacaq.+ 28 Orada insan əllərinin ağacdan, daşdan düzəltdiyi,+ görüb-eşitməyən, iy, dad bilməyən allahlara qulluq etməli olacaqsınız.

29 Amma əgər orada Allahınız Yehovanı axtarsanız, bütün qəlbinizlə, bütün varlığınızla Onun harayında olsanız, mütləq Onu tapacaqsınız.+ 30 Bütün bunlar başınıza gələndən sonra əzab içində qıvrılanda Allahınız Yehovaya dönəcək, Ona itaət edəcəksiniz.+ 31 Çünki Allahınız Yehova rəhmli Allahdır.+ O, sizi atmaz, qoymaz ki, tamamilə məhv olasınız, and içərək atalarınızla bağladığı əhdi unutmaz.+

32 Dünyanın bu başından o başına soraqlayıb öyrənin, görün heç sizdən əvvəlki dövrlərdə, Allahın yerdə insanı xəlq etdiyi gündən bu yana bu cür böyük işlər baş verib, yaxud belə bir şey eşidən olub?+ 33 Hansı bir xalq sizin kimi alovun içindən Allahın səsini eşidib və sağ qalıb?+ 34 Ya da Misirdə gözünüzün qabağında sizin üçün etdiklərini Allahınız Yehova başqa hansı xalq üçün edib? Hökmlər verərək, əlamət və möcüzələr göstərərək+, cəng edərək+, əlinin gücünü+, qolunun qüvvətini nümayiş etdirərək, dəhşət doğuran işlər+ görərək hansı xalqı başqa xalqın içindən çıxarıb Özününkü edib? 35 Bütün bunlar sizə ondan ötrü göstərilib ki, biləsiniz: Yehovadır Allah, Ondan başqa allah yoxdur.+ 36 Sizi düz yola çəkmək üçün O, sizinlə göydən danışıb. Yerdə sizə Öz böyük alovunu göstərib. Alovun içindən Onun sözlərini eşitmisiniz.+

37 O, ulu babalarınızı sevdiyinə, onların övladlarını seçib Öz xalqı+ etdiyinə görə sizi böyük qüdrəti ilə, Öz nəzəri altında Misirdən çıxardı. 38 Sizdən böyük, sizdən güclü xalqları qarşınızdan qovdu ki, sizi onların ölkəsinə gətirsin və bugünkü kimi, onların torpaqlarını sizə irs versin.+ 39 Buna görə bilin və ürəyinizə həkk edin: yuxarıda — göydə və aşağıda — yerdə tək bir Allah var, o da Yehovadır.+ Ondan başqası yoxdur.+ 40 Onun bu gün sizə çatdırdığım qanun və əmrlərinə əməl edin ki, siz də, övladlarınız da xeyir tapasınız, Allahınız Yehovanın sizə verdiyi ölkədə uzun müddət yaşayasınız».+

41 Həmin vaxt Musa İordanın şərq tərəfində üç şəhər ayırdı.+ 42 Əgər kimsə ədavət bəslədiyinə görə deyil, təsadüfən adam öldürərdisə,+ bu şəhərlərdən birinə qaçıb sağ qala bilərdi.+ 43 Rubənlilər üçün yayladakı səhrada Bəsər+ şəhərini, cadlılar üçün Giladda Ramut+ şəhərini, mənəssəlilər üçün Başanda Qulan+ şəhərini ayırdı.+

44 Musanın israillilər üçün təsis etdiyi Qanun+ bu idi. 45 Bu öyüdləri, qanun və hökmləri Musa israillilərə Misirdən çıxandan sonra+ 46 İordan bölgəsində, Beyt-Faurla üzbəüz vadidə,+ Həşbunda yaşayan amori padşahı Sihunun ölkəsində vermişdi.+ Misirdən çıxan Musa ilə israillilər Sihunu məğlubiyyətə uğradıb+ 47 ölkəsini tutmuş, eləcə də Başan padşahı Oqun ərazisini ələ keçirmişdilər.+ Beləliklə, onlar İordanın şərqində iki amori padşahının torpaqlarını, 48 Ərnun vadisinin kənarındakı Aruirdən+ tutmuş Siyun, yəni Hərmun dağına qədər ərazini istila etmişdilər.+ 49 İstila olunmuş torpaqlara Fizqə ətəklərindəki Ərəbə dənizinə* qədər İordanın şərqində yerləşən bütün Ərəbə bölgəsi də daxil idi.+

5 Musa bütün israilliləri çağırıb onlara söylədi: «Ey İsrail, bu gün sizə bəyan etdiyim qanun və hökmlərə qulaq ver. Onları öyrən və onlara dəqiqliklə əməl et. 2 Allahımız Yehova bizimlə Huribdə əhd bağlayıb.+ 3 Yehova bu əhdi ulu babalarımızla deyil, bizimlə, bu gün sağ olub burada duranlarla bağlamışdı. 4 Yehova alovun içindən sizinlə üz-üzə, göz-gözə danışmışdı.+ 5 Mən həmin vaxt Yehova ilə sizin aranızda durub+ Yehovanın sözünü sizə çatdırırdım, çünki siz alovdan qorxub dağa yaxın getmirdiniz.+ O demişdi:

6 “Mən sizi Misirdən, köləlik evindən çıxaran Allahınız Yehovayam.+ 7 Məndən başqa allahınız olmamalıdır.+

8 Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin.+ 9 Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən,+ Allahınız Yehova tam sədaqət tələb edən Allaham.+ Mənə asi kəsilən ataların günahlarının cəzasını oğullarına, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirərəm.+ 10 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.

11 Allahınız Yehovanın adını nalayiq şəkildə dilinizə gətirməyin,+ çünki Yehova Onun adını nalayiq şəkildə dilə gətirəni cəzasız qoymaz.+

12 Şənbə gününə riayət edib onu Allahınız Yehovanın əmr etdiyi kimi, müqəddəs tutun.+ 13 Nə işiniz varsa, altı gün ərzində edin.+ 14 Yeddinci gün Allahınız Yehovaya həsr olunmuş Şənbədir.+ Həmin gün heç bir iş görməməlisiniz.+ Nə özünüz, nə oğlunuz, nə qızınız, nə qulunuz, nə qarabaşınız, nə öküzünüz, nə ulağınız, nə başqa heyvanınız, nə də şəhərlərinizdə yaşayan yadelli heç bir iş görməməlisiniz.+ Bəli, qul-qarabaşınız da sizin kimi dincəlməlidir.+ 15 Unutmayın ki, bir vaxtlar siz Misirdə qul idiniz, Allahınız Yehova da sizi oradan güclü əli, qüvvətli qolu ilə çıxartdı.+ Məhz buna görə Allahınız Yehova sizə şənbə gününə riayət etməyi buyurmuşdur.

16 Allahınız Yehovanın əmr etdiyi kimi, atanıza və ananıza hörmət edin ki,+ Allahınız Yehovanın sizə verdiyi torpaqda uzun ömür sürüb firavan yaşayasınız.+

17 Adam öldürməyin.+

18 Zina etməyin.+

19 Oğurluq etməyin.+

20 Heç kimə qarşı yalandan şahidlik etməyin.+

21 Heç kimin arvadına tamah salmayın.+ Heç kimin heç nəyində — nə evində, nə torpağında, nə qulunda, nə qarabaşında, nə öküzündə, nə də eşşəyində gözünüz olmasın”.+

22 Bu əmrləri Yehova sizin bütün icmanıza dağda, alovun, buludun və zülmət qaranlığın içərisindən uca səslə söyləmişdi.+ Bunlardan başqa heç nə deməmişdi. Sonra isə onları iki daş lövhə üzərinə yazıb mənə vermişdi.+

23 Dağ od-alov içində ikən qaranlıqdan gələn səsi eşidəndə qəbilələrinizin başçıları və ağsaqqallarınız mənim yanıma gəlmişdilər.+ 24 Siz onda mənə belə demişdiniz: “Allahımız Yehova Öz calalını və əzəmətini bizə göstərdi, biz alovun içindən Onun səsini eşitdik.+ Bu gün biz gördük ki, Allah insanla danışanda insan sağ qala bilər.+ 25 Ancaq bu güclü alov bizi yandırıb külə döndərəcək. Bəs biz yazıq deyilik? Əgər Allahımız Yehovanın səsini bir az da eşitsək, mütləq tələf olacağıq. 26 Axı hansı bəşər övladı bizim kimi alovun içindən var olan Allahın səsini eşidib sağ qalıb? 27 Sən özün get, Allahımız Yehovanın nə dediyinə qulaq as, sonra isə Allahımız Yehovanın sənə söylədiyi sözləri bizə çatdırarsan. Biz də qulaq asıb hər şeyə əməl edərik”.+

28 Yehova sizin mənə dediyiniz sözlərin hamısını eşidirdi. Onda Yehova mənə dedi: “Camaatın sənə nə dediyini eşitdim. Çox pakizə.+ 29 Kaş həmişə onların ürəyində Mənim vəhmim olsun,+ həmişə Mənim əmrlərimə riayət etsinlər.+ Onda özləri də, övladları da əbədiyyən xeyir taparlar.+ 30 Get, onlara de ki, hər kəs öz çadırına qayıtsın. 31 Sən isə burada, Mənim hüzurumda qal. İsrailə öyrətmək üçün sənə Öz əmrlərimi verəcək, qanun və hökmlərimi bildirəcəyəm. Verəcəyim ölkədə onlar bütün bu qanunlarla yaşamalıdırlar”. 32 Buna görə, ey camaat, fikir verin ki, Allahınız Yehovanın sizə buyurduqları ilə oturub-durasınız,+ nə sağa, nə sola bir addım belə, atmayasınız.+ 33 Allahınız Yehovanın göstərdiyi yolla gedin ki,+ sağ qalıb xoş gün görəsiniz, sahib olacağınız ölkədə uzun ömür sürəsiniz.+

6 Bunlar Allahınız Yehovanın sizə öyrətmək üçün mənə verdiyi əmrlər, qanun və hökmlərdir. Gedib sahib olacağınız ölkədə onlara riayət etməlisiniz. 2 Özünüz də, övladlarınız da, nəvələriniz də həyatınız boyunca Allahınız Yehovadan qorxub,+ sizə verdiyim qanun və əmrlərinə riayət edin ki, ömrünüz uzun olsun.+ 3 Ey İsrail, qulaq as və onlara dəqiqliklə əməl et ki, atalarının Allahı Yehovanın vəd etdiyi kimi, firavan yaşayasan və süd-bal axan diyarda get-gedə artıb çoxalasan.

4 Dinlə, ey İsrail: Allahımız Yehova tək olan Yehovadır.+ 5 Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən.+ 6 Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, 7 onları övladına* aşıla*, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış.+ 8 Onları nişan kimi əlinə bağla, qoy alın bağı kimi alnında olsun.+ 9 Onları evinin qapısının yan taxtalarına, şəhər darvazalarına yaz.

10 Allahınız Yehova sizi ulu babalarınız İbrahimə, İshaqa və Yaquba sizə verməyi and içdiyi diyara gətirəndə,+ özünüzün inşa etmədiyiniz böyük, gözəl şəhərləri,+ 11 zəhmətini çəkmədiyiniz hər cür naz-nemətlə dolu evləri, qazmadığınız hovuzları, salmadığınız üzümlükləri, zeytunluqları sizə bəxş edəndə və siz də yeyib doyanda,+ 12 baxın ki, sizi Misir diyarından, köləlik evindən çıxaran Yehovanı unutmayasınız.+ 13 Siz Allahınız Yehovadan qorxmalı,+ Ona qulluq etməli,+ Onun adı ilə and içməlisiniz.+ 14 Başqa allahların, ətrafınızdakı xalqların allahlarının arxasınca getməməlisiniz,+ 15 çünki aranızda olan Allahınız Yehova tam sədaqət tələb edən Allahdır.+ Əks təqdirdə, Allahınızın, Yehovanın sizə qəzəbi püskürəcək+ və yer üzündən kökünüzü kəsəcək.+

16 Masahdakı kimi, Allahınız Yehovanı sınağa çəkməyin.+ 17 Allahınız Yehovanın sizə verdiyi bütün əmrlərə, qanun və göstərişlərə can-dildən riayət edin. 18 Yehovaya xoş gələn, Onun düzgün saydığı əməlləri edin ki, xeyir tapasınız, Yehovanın ata-babalarınıza and içib vəd etdiyi torpağa gedib ora sahib olasınız,+ 19 Yehovanın vəd etdiyi kimi, bütün düşmənlərinizi önünüzdən qovasınız.+

20 Gələcəkdə övladınız sizdən soruşanda ki, Allahımız Yehovanın verdiyi bu göstərişlər, qanun və hökmlər nə deməkdir, 21 onda belə cavab verərsiniz: “Biz Misirdə fironun köləsi idik, lakin Yehova Öz güclü əli ilə bizi Misirdən çıxardı. 22 Yehova gözümüzün qarşısında böyük əlamətlər, möcüzələr göstərərək Misirin, fironun və onun ev əhlinin başına fəlakətlər gətirdi.+ 23 Bizi oradan çıxardı ki, bura gətirsin, ata-babalarımıza and içib vəd etdiyi bu diyarı bizə versin.+ 24 Sonra Yehova bütün bu qanunlara riayət etməyi, Allahımız Yehovadan qorxmağı əmr etdi ki,+ həmişə xeyir tapaq və bugünkü kimi, sağ-salamat olaq.+ 25 Əgər Allahımız Yehovanın tapşırdığı kimi, Ona itaət edib bütün bu əmrlərə riayət etsək, bu, bizim üçün savaba yazılacaq”.+

7 Allahınız Yehova tezliklə daxil olub ələ keçirəcəyiniz diyara+ sizi gətirib çıxaranda sizdən böyük, sizdən güclü yeddi xalqı+ — hetləri, girqaşiləri, amoriləri+, kənaniləri, fəriziləri, hiviləri və yəbusiləri+ qarşınızdan qovacaq.+ 2 Yehova Allahınız onları sizə təslim edəcək, siz də onları məğlub edəcəksiniz.+ Onları mütləq məhv edin.+ Onlarla nə sazişə girin, nə də onlara bir iltifat göstərin.+ 3 O xalqlarla qohum olmayın, nə onlara qız verin, nə onlardan qız alın.+ 4 Çünki onlar övladlarınızı Mənim yolumdan döndərib başqa allahlara qulluq etməyə sövq edəcəklər.+ Onda Yehovanın sizə qəzəbi kükrəyəcək və O, sizi tez bir zamanda məhv edəcək.+

5 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdın, dik daşlarını*+ sındırın, Aşera bütlərini*+ kəsin, oyma bütlərini yandırın.+ 6 Siz Allahınız Yehovanın müqəddəs xalqısınız. Yehova Allah yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız.+

7 Yehova sizi digər xalqlardan sayca çox olduğunuza görə sevib seçməyib,+ əslində siz xalqlar arasında ən kiçiyisiniz.+ 8 Əksinə, Yehovanın sizə olan məhəbbəti, ata-babalarınıza içdiyi anda sədaqəti Yehovanı sövq etdi ki, güclü əli ilə sizi köləlik evindən, Misir padşahı fironun əlindən qurtarsın.+ 9 Yaxşı bilirsiniz ki, Allahınız Yehova bir olan Allahdır, əhdinə sadiq qalan, Onu sevib əmrlərinə riayət edənlərin minlərlə nəslinə məhəbbət göstərən etibarlı Allahdır.+ 10 Ona nifrət edənlərə isə açıq-açığına əvəzini verib onları məhv edər.+ Bəli, belələrindən tərəddüdsüz və açıqdan-açığa qisasını alar. 11 Buna görə bu gün sizə verdiyim əmrlərə, qanun və hökmlərə cidd-cəhdlə əməl edin.

12 Əgər bu hökmlərə həmişə qulaq assanız və onları yerinə yetirsəniz, Allahınız Yehova ata-babalarınıza and içib verdiyi əhdə vəfa edəcək, vəd etdiyi kimi, məhəbbətini sizdən əsirgəməyəcək. 13 Sizi sevəcək, sizə xeyir-bərəkət verəcək, sayınızı çoxaldacaq. O, sizə çoxlu övlad nəsib edəcək,+ torpağınızın məhsulunu, taxılınızı, təzə şərabınızı, yağınızı bərəkətli edəcək, mal-qaranızın, qoyun-keçilərinizin balası çox olacaq.+ 14 Siz xalqların ən mübarəki olacaqsınız,+ aranızda nə bir sonsuz kişi, nə bir sonsuz qadın olacaq. Heyvanlarınızdan biri də qısır olmayacaq.+ 15 Yehova sizdən hər cür azar-bezarı uzaq edəcək, sizi Misirdə eşidib-gördüyünüz dəhşətli xəstəliklərə düçar etməyəcək.+ Onları yağılarınızın canına salacaq. 16 Yehova Allahın sizə təslim etdiyi bütün xalqları yox etməlisiniz.+ Onlara yazığınız gəlməsin.+ O xalqların allahlarına sitayiş etməməlisiniz,+ çünki bu, sizin üçün tələ olacaq.+

17 Ürəyinizdən “bu xalqlar sayca bizdən çoxdur, onları necə qova bilərik?”+ fikri keçərsə, 18 qorxuya düşməyin,+ Allahınız Yehovanın fironun və bütün Misirin başına gətirdiklərini yadınıza salın.+ 19 Şahidi olduğunuz möhtəşəm hökmləri, Allahınız Yehovanın əlamətlər, möcüzələr göstərərək,+ Öz güclü əli, qüdrətli qolu ilə sizi Misirdən çıxardığını xatırlayın.+ Allahınız Yehova bütün bunları qorxduğunuz xalqların qabağına çıxaracaq.+ 20 Yehova Allahınız onların ruhunu sındırıb* güc-təpərlərini əllərindən alacaq, ta o vaxta qədər ki, sizdən gizlənib sağ qalanlar da məhv olsun.+ 21 Qoy onlar sizi vahiməyə salmasın, çünki Allahınız Yehova, böyük və zəhmli Allah sizinlədir.+

22 Allahınız Yehova bu xalqları önünüzdən tədricən qovacaq.+ Onların hamısını birdən qırmayacaqsınız, yoxsa vəhşi heyvanlar çoxalıb üstünüzə hücum çəkər. 23 Allahınız Yehova onları sizə təslim edəcək, onları tar-mar edib yerli-dibli yox edəcək.+ 24 Padşahlarını əlinizə verəcək,+ göylər altından onların adını siləcəksiniz.+ Onların kökünü kəsənəcən heç kim qarşınızda duruş gətirə bilməyəcək.+ 25 Bu xalqların allahlarının oyma bütlərini yandırın.+ Üstlərindəki qızıl-gümüşə tamah salmayın, onlardan özünüzə götürməyin,+ yoxsa tora düşərsiniz. Bütün bunlar Allahınız Yehovanın gözündə iyrənc şeylərdir.+ 26 İyrənc şeyləri evinizə gətirməməlisiniz, yoxsa onlarla bir yerdə məhv olarsınız. Belə şeylərdən ikrah etməli, iyrənməlisiniz, çünki onlar məhv edilməli şeylərdir.

8 Bu gün sizə verdiyim bütün əmrlərə dəqiqliklə əməl edin ki, sağ qalıb+ çoxalasınız, Yehovanın ata-babalarınıza and içib vəd etdiyi diyara gedib ora sahib olasınız.+ 2 Allahınız Yehovanın sizi qırx il boyunca səhrada gəzdirdiyi o uzun yolu yadınızdan çıxarmayın.+ Bunu ona görə etdi ki, sizə təvazökarlığı öyrətsin, sizi sınağa çəkib+ ürəyinizdəkiləri bilsin,+ görsün Onun əmrlərinə riayət edəcəksiniz, ya yox. 3 Bəli, O, sizə təvazökarlığı öyrətdi, sizi ac saxladı,+ nə özünüzün, nə də atalarınızın görmədiyi manna+ ilə qidalandırdı ki, biləsiniz: insanı yaşadan yalnız çörək deyil, Yehovanın ağzından çıxan hər kəlmədir.+ 4 Bu qırx il ərzində əyninizin paltarı süzülmədi, ayaqlarınız şişmədi.+ 5 Çox yaxşı bilirsiniz ki, ata oğlunu necə tərbiyə edirsə, Allahınız Yehova da sizi elə tərbiyə etdi.+

6 Allahınız Yehovanın əmrlərinə riayət edin, Onun yolu ilə gedin, Ondan qorxun. 7 Çünki Allahınız Yehova sizi gözəl diyara+ — qoynunda çaylar çağlayan, dağlarında, düzlərində bulaqlar, çeşmələr qaynayan, 8 buğdası, arpası, meynəsi, ənciri, narı,+ balı və zeytun yağı bol olan,+ 9 yemək qıtlığı nədir bilməyən, sizə heç nədən korluq çəkdirməyəcək diyara aparır, o diyara ki, daşından dəmir çıxır, dağlarında mis yatır.

10 Orada yeyib doyanda bu gözəl diyarı sizə verdiyi üçün Allahınız Yehovaya şükür edin.+ 11 Diqqətli olun ki, Yehovanı, Allahınızı unutmayasınız, bu gün sizə verdiyim əmrlərindən, hökm və qanunlarından kənara çıxmayasınız. 12 Yeyib doyanda, gözəl-gözəl evlər tikib orada sakin olanda,+ 13 mal-qaranız, qoyun sürüləriniz artanda, qızıl-gümüşünüz çoxalanda, bolluğa yetişəndə 14 qoymayın ki, ürəyiniz qürrələnsin,+ Allahınız Yehovanı sizə unutdursun. O Allahı ki sizi Misir diyarından, köləlik evindən çıxarıb,+ 15 böyük, vahiməli səhrada, zəhərli ilanların, əqrəblərin arasında, susuzluqdan cadar-cadar olmuş torpaqda dolaşdırıb,+ sərt qayadan su çıxarıb,+ 16 gələcək rifahınız naminə təvazökarlıq öyrətmək üçün,+ sınağa çəkmək üçün sizi səhrada, nə özünüzün, nə də atalarınızın görmədiyi manna+ ilə qidalandırıb.+ 17 Əgər ürəyinizdə: “Bu var-dövləti öz gücümlə, öz əlimin zəhmətilə qazanmışam”,+  — deyə fikirləşsəniz, 18 onda yadınıza salın ki, sizə bu varı, bu dövləti qazanmaq üçün güc verən Allahınız Yehovadır.+ O, bunu ona görə edib ki, and içib ata-babalarınızla bağladığı əhdi yerinə yetirsin, necə ki bu gün edir.+

19 Ancaq əgər Allahınız Yehovanı unudub başqa allahların dalınca getsəniz, onlara səcdə qılıb qulluq etsəniz, bu gün sizə qarşı şahid dururam ki, hökmən məhv olacaqsınız.+ 20 Yehovanın önünüzdə məhv etdiyi xalqlar kimi, siz də yox olacaqsınız, çünki Allahınız Yehovanın səsinə qulaq asmadınız.+

9 Dinlə, ey İsrail! Siz özünüzdən böyük, özünüzdən güclü xalqları qovmaq, onların möhtəşəm, istehkamları göylərə dirənən şəhərlərini ələ keçirmək üçün İordanı keçmək üzrəsiniz.+ 2 O xalqların adamları, Anaq oğulları+ cüssəli, hündür adamlardır. Bunu yaxşı bilirsiniz. Özünüz də eşitmisiniz ki, onlar haqqında: “Kimin Anaq oğullarının qarşısına çıxmağa hünəri çatar?” — deyirlər. 3 Amma bilin ki, Allahınız Yehova sizin qarşınızda gedəcək.+ O yandırıb-yaxan alovdur,+ onların hamısını külə döndərəcək. Gözlərinizin önündə onları məğlub edəcək və siz Yehovanın vəd etdiyi kimi, tez bir zamanda onların torpağını tutacaq, özlərini isə məhv edəcəksiniz.+

4 Allahınız Yehova onları önünüzdən qovanda ürəyinizdə: “Yehova bizi saleh olduğumuz üçün gətirib bu torpağa sahib edib”, — deyə fikirləşməyin.+ Yox, bu xalqların şər əməllərinə görə Yehova onları sizin önünüzdən qovur.+ 5 O torpağı tutmağınız saleh olduğunuza, ürəyinizin düzlüyünə görə deyil. Əksinə, Allahınız Yehova şər əməllərinə görə o xalqları önünüzdən qovur.+ Həm də Yehova bunu ulu babalarınız İbrahimə,+ İshaqa+ və Yaquba+ içdiyi anda görə edir. 6 Bilin ki, Allahınız Yehovanın bu gözəl diyarı sizə mülk olaraq verməyinə səbəb sizin salehliyiniz deyil, əslində, siz dikbaş xalqsınız.+

7 Allahınız Yehovanı səhrada necə qəzəbləndirdiyinizi heç vaxt yadınızdan çıxarmayın.+ Misirdən çıxdığınız gündən bu yerə gəlib çatanadək Yehovaya asi oldunuz.+ 8 Hətta Huribdə də Yehovanı qəzəbləndirdiniz. Onda Yehova elə qəzəblənmişdi ki, az qala sizi məhv edəcəkdi.+ 9 Mən daş lövhələri, Yehovanın sizinlə bağladığı əhdin lövhələrini almaq üçün dağa qalxıb qırx gün-qırx gecə ac-susuz orada qalmışdım.+ 10 Yehova Öz əli ilə üstündə yazdığı iki daş lövhəni mənə verdi. O lövhələrin üstündə dağın ətəyində toplaşdığınız gün Yehovanın alovun içindən sizə dediyi sözlər yazılmışdı.+ 11 Qırx gün-qırx gecənin tamamında Yehova iki daş lövhəni, əhd lövhələrini mənə verdi. 12 Sonra Yehova dedi: “Tez ol, düş aşağı. Misirdən çıxardığın xalq rəzillik edir.+ Buyurduğum yoldan yaman tez döndülər. Odur, özləri üçün tökmə büt düzəldiblər”.+ 13 Sonra Yehova mənə dedi: “Görürəm, bu xalq dikbaş xalqdır.+ 14 Burax onları məhv edim, göylər altından adlarını silim, səndən isə onlardan da güclü, onlardan da böyük bir xalq yaradım”.+

15 Mən dağdan endim. Dağ od tutub yanırdı.+ Əhd lövhələri də əlimdə idi.+ 16 Gördüm ki, Allahınız Yehovaya qarşı günah etmisiniz. Özünüz üçün tökmə dana düzəltmisiniz. Yehovanın buyurduğu yoldan çox tez dönmüşdünüz.+ 17 Onda mən əlimdəki iki daş lövhəni gözünüzün qabağında yerə çırpıb parça-parça elədim.+ 18 Sonra birinci dəfə olduğu kimi, yerə döşənib qırx gün-qırx gecə Yehovanın önündə sərili qaldım. Etdiyiniz günaha görə — Yehovanın gözündə şər iş tutub Onu təhqir etdiyinizə görə nə ağzıma çörək aldım, nə dilimə su vurdum.+ 19 Yehovanın kükrəyən qəzəbi, sizi məhv etmək istəməsi+ məni qorxuya salmışdı. Amma Yehova bu dəfə də mənim sözümü yerə salmadı.+

20 Yehova Haruna elə hirslənmişdi ki, onu öldürmək istəyirdi.+ Mən onda Harun üçün də yalvarıb-yaxardım. 21 Sonra sizin günah edib düzəltdiyiniz dananı+ yandırdım, əzib toza döndərdim və dağdan axan çaya axıtdım.+

22 Siz Təbirədə+, Masahda+ və Həbrut-Həttəvada+ da Yehovanı qəzəbləndirmişdiniz. 23 Yehova: “Qalxın, sizə verəcəyim diyara sahib olun!” — deyib Qədis-Barnidən+ sizi göndərəndə yenə də Allahınız Yehovanın əmrindən çıxdınız+, Ona iman gətirib itaət etmədiniz.+ 24 Mən sizi tanıyandan siz Yehovaya asilik edirsiniz.

25 Beləcə, mən qırx gün-qırx gecə Yehovanın önündə yerə sərili qaldım,+ çünki Yehova demişdi ki, sizi məhv edəcək. 26 Yehovaya yalvarıb deyirdim: “Ey Külli-İxtiyar Yehova, nə olar, məhv etmə xalqını. Məxsusi xalqına+, əzəmətinlə qurtardığın, güclü əlinlə Misirdən çıxardığın bu camaata rəhmin gəlsin.+ 27 Qulun İbrahimi, İshaqı, Yaqubu+ yadına sal. Bu xalqın dikbaşlığına, asiliyinə, günahına nəzər salma.+ 28 Yoxsa bizi çıxardığın ölkənin camaatı deyəcək ki, Yehova onları vəd etdiyi diyara apara bilmədi. Onlara nifrət etdiyi üçün aparıb səhrada qırdı.+ 29 Axı bu camaat Sənin xalqındır,+ böyük qüdrətinlə, qüvvətli əlinlə Misirdən çıxardığın əmlakındır”.+

10 O vaxt Yehova mənə dedi: “Özün üçün əvvəlkilər kimi iki daş lövhə yon,+ dağa, Mənim yanıma qalx. Bir dənə də taxta sandıq düzəlt. 2 Sındırdığın lövhələrdəki sözləri bu lövhələrə yazacağam. Onları sandığa qoyarsan”. 3 Onda mən akasiya ağacından sandıq düzəltdim, əvvəlkilər kimi iki daş lövhə yondum. Lövhələri əlimə alıb dağa qalxdım.+ 4 Allah əvvəl yazdığı sözləri, on əmri* lövhələrin üstünə yazdı.+ Həmin sözləri dağın ətəyində toplaşdığınız gün Yehova alovun içindən sizə demişdi.+ Sonra Yehova lövhələri mənə verdi. 5 Mən dağdan endim+ və Yehovanın əmr etdiyi kimi, lövhələri düzəltdiyim sandığın içinə qoydum. Onlar indiyə kimi oradadır.

6 Sonra israillilər Biirot-Bəni-Yaqandan yola düşüb Məsirəyə gəldilər. Harun orada öldü və dəfn edildi.+ Oğlu Əlyazar onun yerinə kahin oldu.+ 7 Oradan Qudqidə, Qudqiddən Yütbətə+, axar çaylar diyarına gəldilər.

8 Həmin vaxt Yehova Lavi qəbiləsini ayırdı+ ki, bugünkü kimi, Yehovanın Əhd sandığını daşısınlar,+ Yehovanın önündə xidmət etsinlər və xalqa Onun adı ilə xeyir-dua versinlər.+ 9 Buna görə də lavililərə qardaşları arasında pay, yaxud irs verilməyib. Onların irsi Yehovadır. Çünki Allahınız Yehova lavililərə belə buyurmuşdu.+ 10 Mən birinci dəfə olduğu kimi, qırx gün-qırx gecə dağda qaldım.+ Onda da Yehova xahişimi eşitdi.+ Yehova sizi məhv etmək fikrindən vaz keçdi. 11 Sonra Yehova mənə dedi: “Get xalqı yola hazırla, qoy ata-babalarına verməyi and içdiyim diyara daxil olub ona sahib olsunlar”.+

12 Beləliklə, ey İsrail, Allahın Yehova səndən başqa nə istəyir ki?!+ İstəyir ki, Allahın Yehovadan qorxasan,+ Onun yolu ilə gedəsən,+ Onu sevəsən, Allahın Yehovaya bütün qəlbinlə, bütün varlığınla xidmət edəsən,+ 13 Yehovanın sənin yaxşılığın üçün verdiyi, bu gün sənə çatdırdığım bütün əmr və qanunları yerinə yetirəsən.+ 14 Budur, göylər, göylərin göyləri, yer və yerdə olan hər şey Allahınız Yehovaya məxsusdur.+ 15 Ancaq Yehova yalnız sizin ata-babalarınıza mehrini salıb onlarla ülfət bağlayıb. Sizi, onların övladlarını xalqların arasından seçib.+ Bugünkü gün siz Ona məxsus bir xalqsınız. 16 Buna görə də ürəyinizi saf etməli*+, dikbaşlığa+ son qoymalısınız. 17 Çünki Allahınız Yehova allahlar Allahı,+ ağalar Ağası, böyük, qüdrətli, zəhmli Allahdır. O tərəfkeşlik etməz+, rüşvət almaz. 18 Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər,+ qəribi sevər,+ ona ruzi, geyim yetirər. 19 Siz də qəribi sevməlisiniz, çünki bir zamanlar özünüz də Misir diyarında qərib olmusunuz.+

20 Siz Allahınız Yehovadan qorxmalı, Ona qulluq etməli,+ Ona bağlanmalısınız. Onun adı ilə and içməlisiniz. 21 Təkcə Onu mədh etməlisiniz.+ O, sizin Allahınız, öz gözlərinizlə gördüyünüz möhtəşəm və heyrətamiz işləri sizin üçün edən Allahdır.+ 22 Ata-babalarınız cəmi-cümlətanı yetmiş nəfərlə Misirə getmişdilər.+ İndi isə Allahınız Yehova sizi göydəki ulduzlar qədər saysız-hesabsız edib.+

11 Siz Allahınız Yehovanı sevməli,+ Onun qarşısında borcunuzu həmişə yerinə yetirməli, Onun qanunlarına, hökmlərinə və əmrlərinə riayət etməlisiniz. 2 Sizə bəllidir ki, mən bu gün oğullarınıza, Yehovanın təlim-tərbiyəsini+ görməyən, Onun böyüklüyünün+, güclü əlinin+, qüdrətli qolunun şahidi olmayan övladlarınıza yox, sizin özünüzə xitab edirəm. 3 Onlar Allahın Misir hökmdarı firona və onun bütün məmləkətinə etdiklərinin, orada göstərdiyi əlamətlərin şahidi olmayıblar.+ 4 Misir qoşunlarını, atlarını və cəng arabalarını nə günə qoyduğunu, sizi təqib edəndə Yehovanın onları Qırmızı dənizin sularına necə qərq etdiyini, hamısını tamamilə məhv etdiyini görməyiblər.+ 5 Bu yerə gəlib çıxana qədər sizin üçün səhrada nələr etdiyinə, 6 Rubən oğullarından Əlyabın oğulları Datanla Abiramın başına gətirdiklərinə, bütün İsrailin gözü qarşısında yerin necə aralanıb onları külfətləri, çadırları, yanlarındakı adamlar və heyvanlar qarışıq udduğuna onlar şahid olmayıblar.+ 7 Yehovanın etdiyi bütün möhtəşəm işləri öz gözləri ilə görən siz olmusunuz.

8 Bu gün sizə verdiyim bütün əmrlərə riayət etməlisiniz ki, möhkəmlənəsiniz, çayı keçib o taydakı torpağı tutasınız, 9 Yehovanın ata-babalarınıza, onların övladlarına verməyi and içdiyi ölkədə,+ süd-bal axan diyarda+ uzun ömür sürəsiniz+.

10 Tutacağınız ölkə çıxıb gəldiyiniz Misir ölkəsi kimi deyil. Orada siz toxum əkdiyiniz torpağı bostan kimi əziyyətlə* suvarırdınız. 11 Lakin çayı keçib tutacağınız diyar dağlar, dərələr diyarıdır.+ O, göydən yağış suyu içir.+ 12 O torpağa Allahınız Yehovanın Özü baxır. Allahınız Yehovanın nəzəri daima, ilin əvvəlindən sonuna kimi onun üstündədir.

13 Əgər bu gün sizə verdiyim əmrlərə dəqiqliklə əməl etsəniz, Allahınız Yehovanı sevib bütün qəlbinizlə, bütün varlığınızla Ona qulluq etsəniz,+ 14 O*, torpağınızı vaxtlı-vaxtında payız yağışı və yaz yağışı ilə sulayacaq, siz isə taxılınızı yığacaq, təzə şərab, yağ götürəcəksiniz.+ 15 Mal-qaranız üçün sizə yamyaşıl örüşlər verəcək. Beləcə, siz həmişə doyunca yemək yeyəcəksiniz.+ 16 Ancaq diqqətli olun ki, ürəyiniz aldanmasın, yolunuzu azıb başqa allahlara sitayiş etməyəsiniz, onlara səcdə qılmayasınız.+ 17 Yoxsa Yehovanın sizə qəzəbi alovlanacaq və O, göylərin bəndlərini bağlayacaq. Yağış yağmayacaq,+ torpağınız məhsul verməyəcək. Və siz çox tez bir zamanda Yehovanın verdiyi o gözəl diyardan yox olub gedəcəksiniz.+

18 Mənim bu sözlərimi ürəyinizə həkk edin, qoy onlar canınıza hopsun. Onları nişan kimi əlinizə bağlayın, qoy alın bağı kimi alnınızda olsunlar.+ 19 Onları həm də övladınıza öyrədin, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danışın.+ 20 Onları evinizin qapısının yan taxtalarına, şəhərlərinizin darvazalarına yazın ki, 21 Yehovanın ata-babalarınıza and içib verməyi vəd etdiyi diyarda+ özünüz də, övladlarınız da uzun ömür sürəsiniz,+ göylər yer üzərində durduqca orada yaşayasınız.

22 Əgər sizə verdiyim bu əmrə dəqiqliklə əməl etsəniz, Allahınız Yehovanı sevsəniz,+ Onun yolu ilə gedib Ona bağlansanız,+ 23 Yehova sizin qarşınızdan bütün bu xalqları qovacaq,+ siz özünüzdən güclü, özünüzdən böyük olan bu xalqların torpaqlarını tutacaqsınız.+ 24 Ayağınızı hara bassanız, o yer sizin olacaq.+ Sərhədiniz səhradan tutmuş Livana kimi, Fərat çayından tutmuş qərbdəki dənizə* kimi uzanacaq.+ 25 Heç kim qarşınızda duruş gətirə bilməyəcək.+ Yehova Allah söz verdiyi kimi, elə edəcək ki, gedəcəyiniz hər yanda adamları sizin zəhminiz basacaq, dəhşət bürüyəcək.+

26 Budur, bu gün qarşınıza xeyir-dua və lənət qoyuram.+ 27 Allahınız Yehovanın əmrlərinə, bu gün sizə çatdırdığım əmrlərə tabe olsanız, xeyir-dua alacaqsınız.+ 28 Yox əgər Allahınız Yehovanın əmrlərinə boyun əyməsəniz, sizə göstərdiyim yoldan sapsanız, tanıyıb-bilmədiyiniz allahlara qulluq etsəniz, lənət yiyəsi olacaqsınız.+

29 Yehova Allahınız sizi gedib tutacağınız diyara gətirəndə xeyir-duanı Qərizim dağında, lənəti isə Eybal dağında oxuyarsınız.+ 30 Bu iki dağ qərbdə, İordanın o biri sahilində, Ərəbədə yaşayan kənanilərin diyarında, Gilqalın qarşısında, Möhrənin böyük ağacları+ yanındadır. 31 Tezliklə İordanı keçib Allahınız Yehovanın sizə verdiyi diyarı zəbt edəcəksiniz.+ Oranı tutub məskən salanda 32 bu gün sizə buyurduğum qanun və hökmlərə dəqiqliklə riayət edin.+

12 Ata-babalarınızın Allahı Yehovanın mülk olaraq sizə verəcəyi diyarda yaşayanda bütün ömrünüz boyu bu qanunlara və hökmlərə dəqiqliklə riayət edin. 2 Qovacağınız xalqların uca dağlarda, təpələrdə, yaxud gur yarpaqlı ağaclar altında öz allahlarına ibadət etdikləri bütün yerləri darmadağın edin.+ 3 Onların qurbangahlarını dağıdın, dik daşlarını parça-parça edin,+ Aşera bütlərini yandırın, allahlarının oyma bütlərini kəsin,+ adlarını o yerdən silin.+

4 Siz Allahınız Yehovaya o cür ibadət etməməlisiniz.+ 5 Siz Allahınız Yehovanın qəbilələrinizdən birinin ərazisində Öz adını qoymaq üçün seçdiyi, məskun olduğu yerə getməlisiniz.+ 6 Yandırma qurbanlarınızı+ və qalan qurbanları, ondabirlərinizi+, bəxşişlərinizi+, nəzirlərinizi, könüllü təqdimələrinizi+, mal-qaranızın və qoyun-keçinizin birinci balasını+ ora aparmalısınız. 7 Özünüz də, ev əhliniz də orada, Allahınız Yehovanın önündə yemək yeyəcək,+ gördüyünüz hər işdən sevinc duyacaqsınız,+ çünki Allahınız Yehova sizə xeyir-bərəkət verəcək.

8 Onda indiki kimi etməməlisiniz. İndi hər kəs öz bildiyini edir, 9 çünki hələ Allahınız Yehovanın sizin üçün hazırladığı mirasa, rahatlaşacağınız yerə+ gedib çıxmamısınız. 10 İordanı keçib+ Allahınız Yehovanın sizə mülk olaraq verəcəyi diyarda yurd salanda O, sizi ətrafınızdakı bütün düşmənlərinizin əlindən qurtarıb sizə dinclik verəcək. Siz əmin-amanlıq içində yaşayacaqsınız.+ 11 Sizə buyurduğum hər şeyi — yandırma qurbanlarınızı və qalan qurbanları, ondabirlərinizi+, bəxşişlərinizi, Yehovaya etdiyiniz nəzirləri Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerə aparmalısınız.+ 12 Qoy hər kəs Allahınız Yehovanın hüzurunda sevinib-şadlansın,+ siz də, oğullarınız da, qızlarınız da, qul-qarabaşınız da, sizinlə birlikdə pay, yaxud irs almadığı üçün şəhərlərinizdə məskən salan lavililər də.+ 13 Baxın, hər gördüyünüz yerdə yandırma qurbanı gətirməyin.+ 14 Yandırma qurbanını ancaq Yehovanın qəbilələrinizdən birinin ərazisində seçdiyi yerdə gətirməlisiniz. Sizə əmr etdiyim hər şeyi həmin yerdə yerinə yetirməlisiniz.+

15 Allahınız Yehovanın verdiyi bərəkətə görə, ürəyinizdən keçən vaxt yaşadığınız şəhərdə heyvan kəsib yeyə bilərsiniz.+ Pak adam da, murdar adam da ceyran, maral əti kimi ondan yeyə bilər. 16 Lakin qan yemək olmaz.+ Onu su kimi torpağa axıtmalısınız.+ 17 Taxılınızın, yeni şərabınızın, yağınızın onda birini, qaramalınızın və qoyun-keçinizin birinci balasını, nəzirlərinizi, könüllü təqdimələri və bəxşişlərinizi yaşadığınız şəhərdə yeməməlisiniz.+ 18 Hamınız, özünüz də, oğullarınız da, qızlarınız da, qul-qarabaşınız da, şəhərinizdə məskən salan lavililər də bunları Allahınız Yehovanın hüzurunda, Yehova Allahın seçdiyi yerdə yeyəcək,+ gördüyünüz hər işə görə Allahınız Yehovanın önündə sevinib-şadlanacaqsınız. 19 O diyarda yaşayanda heç vaxt lavililərə etinasız yanaşmayın.+

20 Allahınız Yehova vəd etdiyi kimi, ərazinizi genişləndirəndə,+ nə vaxt könlünüzdən ət keçib, “ürəyim ət istəyir” desəniz, ət yeyə bilərsiniz.+ 21 Əgər Allahınız Yehovanın Öz adını qoymaq üçün seçdiyi yer+ sizdən uzaq olsa, onda Yehovanın sizə verdiyi qaramaldan və ya qoyun-keçidən istədiyiniz vaxt buyurduğum qaydada heyvan kəsib yaşadığınız şəhərdə yeməlisiniz. 22 Pak adam da, murdar adam da ceyran, maral əti kimi bu heyvanın ətindən yeyə bilər.+ 23 Lakin qan yeməkdən qəti surətdə çəkinin,+ çünki can qandadır.+ Heç bir heyvanı onun canı ilə birlikdə yeməməlisiniz. 24 Qanı yemək olmaz. Onu su kimi torpağa axıtmalısınız.+ 25 Qan yeməyin, onda Yehovanın gözündə düz əməl sahibi olar, özünüz də, uşaqlarınız da xeyir taparsınız. 26 Yehovanın seçdiyi yerə gələndə yalnız müqəddəs bəxşişləri və nəzirlərinizi gətirin. 27 Orada, Allahınız Yehovanın qurbangahında yandırma qurbanlarınızı, qurbanların ətini və qanını təqdim edin.+ Qurbanlarınızın qanını Allahınız Yehovanın qurbangahının dibinə axıdın,+ ətini isə yeyə bilərsiniz.

28 Diqqətli olun ki, sizə verdiyim bütün bu əmrlərə riayət edəsiniz. Onda Allahınız Yehovanın gözündə yaxşı və düz iş gördüyünüz üçün həm özünüz xeyir taparsınız, həm də övladlarınız.

29 Allahınız Yehova torpaqlarını tutub yerində məskən salacağınız xalqları qıranda+ 30 ehtiyatlı olun ki, onlar önünüzdən yox olandan sonra tələyə düşməyəsiniz, onların allahları ilə maraqlanıb deməyəsiniz: “Görəsən, o xalqlar öz allahlarına necə ibadət edirdilər? Mən də elə edim”.+ 31 Siz Allahınız Yehovaya o cür ibadət etməməlisiniz, çünki Yehova onların öz allahları üçün etdiyi şeylərə, o murdar əməllərə nifrət edir. Onlar hətta oğullarını və qızlarını da allahları üçün odda yandırırlar.+ 32 Bu gün sizə verdiyim bütün əmrlərə diqqətlə əməl edin.+ Onlara bir kəlmə belə, artırıb-əskiltməyin.+

13 Aranızda bir peyğəmbər və ya yuxularla gələcəyi söyləyən adam peyda olub sizə hansısa əlamət ya da nişanə verərsə, 2 onun dediyi əlamət və nişanə yerinə yetərsə, ancaq o, eyni zamanda: “Gəlin başqa allahların, (tanıyıb-bilmədiyiniz allahların) dalınca gedək, onlara qulluq edək”, deyərsə, 3 həmin peyğəmbərə, yuxu görənə qulaq asmayın,+ çünki Allahınız Yehova sizi sınayır,+ görsün Yehovanı, Allahınızı bütün qəlbinizlə, bütün varlığınızla sevirsiniz, ya yox.+ 4 Siz yalnız Allahınız Yehovanın yolu ilə getməli, Ondan qorxmalı, Onun sözünə qulaq asmalı, tək Ona qulluq etməli və Ona bağlanmalısınız.+ 5 Həmin peyğəmbər və ya yuxu görən isə öldürülməlidir,+ çünki o, sizi Allahınız Yehovaya qarşı üsyana təhrik edərək sizi Misir diyarından çıxarmış, köləlik evindən qurtarmış Allahınız Yehovanın buyurduğu yoldan döndərmək istəyirdi. Aranızdan şəri yox etməlisiniz.+

6 Əgər qardaşınız, ananızın oğlu, yaxud öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız*, ya da sizinlə can bir qəlbdə olan dostunuz xəlvətcə sizi dilə tutub “gəl gedək başqa allahlara qulluq edək” deyərsə,+ sizi nə özünüzün, nə də ata-babalarınızın tanımadığı allahlara, 7 dünyanın bu başından tutmuş o biri başına qədər olan xalqların, yaxında və ya uzaqda yaşayan ətraf xalqların allahlarına sitayiş etməyə sövq edərsə, 8 ona uymayın, dediklərinə qulaq asmayın,+ ona rəhminiz, yazığınız gəlməsin, şər əməlini ört-basdır etməyin; 9 tərəddüd etmədən onu öldürün.+ Onu daşqalaq edib öldürəndə daşı birinci siz atmalısınız, sonra qalan camaat.+ 10 Onu ölənə qədər daşqalaq etməlisiniz,+ çünki o, sizi Allahınız Yehovanın, sizi Misirdən, köləlik evindən çıxaran Allahın yolundan döndərmək istəyirdi. 11 Onda bütün İsrail bunu eşidəcək və gözü qorxacaq. Bundan sonra bir də heç kim belə şər iş tutmayacaq.+

12 İşdir-şayəd, eşitsəniz ki, zəbt etdiyiniz, Allahınız Yehovanın sizə verdiyi şəhərlərdən birində söz-söhbət gəzir ki, 13 yaramaz adamlar peyda olub və “gedək başqa allahlara qulluq edək” deyərək şəhər əhlini yoldan azdırmağa çalışır, onları tanıyıb-bilmədikləri allahlara ibadət etməyə sövq edir, 14 onda məsələni araşdırıb tədqiq edin, yaxşı-yaxşı soruşub öyrənin.+ Əgər deyilənlər düz çıxsa, görsəniz ki, doğrudan da, aranızda belə alçaq iş tutulub, 15 həmin şəhərin əhalisini tərəddüd etmədən qılıncdan keçirin.+ Şəhəri, şəhərdə nə varsa, hər şeyi heyvan qarışıq məhv edin.+ 16 Şəhərin bütün var-dövlətini şəhər meydanının ortasına toplayın, sonra isə şəhərə od vurub yandırın. Şəhərdəki qənimət Allahınız Yehova üçün yandırma qurbanı kimi olacaq. Şəhər həmişəlik xarabazara çevrilməlidir və heç vaxt bərpa olunmamalıdır. 17 Məhv edilmək üçün ayrılmış şeylərdən heç nə götürməməlisiniz,+ onda Yehovanın kükrəyən qəzəbi yatar və Onun sizə rəhmi gələr, sizə mərhəmət edər, ata-babalarınıza and içdiyi kimi, sizi çoxaldıb sayınızı artırar.+ 18 Allahınız Yehovanın əmrlərinə, bu gün sizə verdiyim bütün əmrlərə riayət edərək Ona itaətkar olun. Beləcə, Allahınız Yehovanın gözündə düz əməl sahibi olarsınız.+

14 Siz Allahınız Yehovanın oğullarısınız. Ölüyə görə bədəninizdə yara açmayın,+ qaşlarınızı* qırxmayın.+ 2 Çünki siz Allahınız Yehovaya məxsus müqəddəs xalqsınız+. Yehova yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız.+

3 İyrənc heç nə yeməyin.+ 4 Sizə halal buyrulan heyvanlar bunlardır:+ öküz, qoyun, keçi, 5 maral, ceyran, cüyür, çöl keçisi, antilop, çöl qoyunu, dağ qoyunu. 6 Dırnağı ikiyə bölünüb ortasında ara olan və gövşəyən bütün heyvanların ətini yeyə bilərsiniz. 7 Lakin gövşəyən, yaxud dırnağı ikiyə bölünən heyvanlardan bunların əti sizə haramdır: dəvənin, dovşanın, qayadovşanının. Çünki onlar gövşəsələr də, dırnaqları tam bölünməyib. Onlar sizin üçün napak sayılır.+ 8 Donuz da haramdır, çünki dırnağı ikiyə bölünsə də, gövşəmir. O, sizin üçün napak sayılır. Onun ətini yeməyin, leşinə toxunmayın.

9 Suda yaşayan canlılardan üzgəcləri və pulcuqları olanlar sizə halal buyurulur.+ 10 Üzgəcləri və pulcuqları olmayanlar isə haramdır. Onlar sizin üçün napak sayılır.

11 Bütün pak quşların ətini yeyə bilərsiniz. 12 Lakin bunlar sizə haramdır: qartal, çay qaraquşu, qara kərkəs,+ 13 qırmızı çalağan, qara çalağan, bütün çalağan növləri, 14 bütün quzğun növləri, 15 dəvəquşu, bayquş, qağayı, bütün şahin növləri, 16 dam yapalağı, qulaqlı bayquş, qu quşu, 17 qutan, kərkəs, qarabatdaq, 18 hacıleylək, bütün vağ quşu növləri, şanapipik, yarasa. 19 Bütün qaynaşan qanadlı məxluqlar* da sizin üçün napak sayılır. Onları yemək olmaz. 20 Bütün qanadlı pak məxluqların ətini isə yeyə bilərsiniz.

21 Ölmüş heyvanın ətini yeməyin.+ Onu şəhərlərinizdə yaşayan yadelliyə verə bilərsiniz, o, həmin heyvanın ətindən yeyə bilər. Yaxud da əcnəbiyə sata bilərsiniz. Siz isə Allahınız Yehovaya məxsus müqəddəs xalqsınız.

Oğlağı anasının südündə bişirməyin.+

22 Hər il torpağa əkdiyiniz toxumdan bitən məhsulun onda bir hissəsini ayırın.+ 23 Taxılınızın, yeni şərabınızın, yağınızın onda birini, mal-qaranızın və qoyun-keçinizin birinci balasını Allahınız Yehovanın önündə, Onun Öz adına məskən seçdiyi yerdə yeməlisiniz.+ Belə etməklə Allahınız Yehovadan daima qorxmağı öyrənəcəksiniz.+

24 Lakin Allahınız Yehovanın Öz adını daşıması üçün seçdiyi yer+ sizdən çox uzaq olsa və Allahınız Yehova sizə bol bərəkət verdiyindən bəxşişlərinizi ora apara bilməsəniz, 25 onda onları pula çevirin və pulu götürüb Allahınız Yehovanın seçdiyi yerə gedin. 26 Orada həmin pula ürəyiniz istəyəni — qaramal, qoyun, keçi, şərab ya da başqa içki, könlünüzdən nə keçirsə alın, ev əhlinizlə birlikdə Allahınız Yehovanın önündə yeyib şadlanın.+ 27 Şəhərinizdə yaşayan lavililəri yaddan çıxarmayın,+ çünki onların sizin aranızda payı yoxdur, onlara sizin aranızda pay, yaxud irs verilməyib.+

28 Hər üç ilin sonunda üçüncü ilin məhsulunun onda bir hissəsinin hamısını yaşadığınız şəhərdə bir yerə toplayın.+ 29 Qoy aranızda pay, yaxud irs almayan lavililər, şəhərlərinizdə yaşayan yadellilər, yetimlər, dullar gəlib ondan doyunca yesin.+ Belə edin ki, Allahınız Yehova əl atdığınız hər işdə sizə yar olsun.+

15 Hər yeddinci il borcdan azad etmə ili olacaq.+ 2 Alacağı olan hər kəs borclu adamı borcdan azad etməlidir. O, soydaşından, yaxud qardaşından borcunu tələb etməməlidir, çünki Yehovanın eşqinə borclardan azad edilmə elan ediləcək.+ 3 Yadellidən+ borcunuzu tələb edə bilərsiniz, soydaşınızısa borcdan azad etməlisiniz. 4 Əslində, aranızda yoxsulluğa düşən olmamalıdır, çünki Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda Yehova sizə xeyir-bərəkət verəcək,+ 5 amma yalnız o şərtlə ki, hər şeydə Allahınız Yehovanın sözünə qulaq asıb bu gün sizə çatdırdığım bütün bu əmrlərə dəqiqliklə əməl edəsiniz.+ 6 Allahınız Yehova vəd etdiyi kimi, sizə xeyir-bərəkət verəcək. Siz xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız.+ Bir çox xalqlara ağalıq edəcəksiniz, sizinsə üstünüzdə ağalıq edən olmayacaq.+

7 Allahınız Yehovanın sizə verəcəyi diyardakı şəhərlərdən birində soydaşlarınızdan kimsə kasıblasa, ürəyiniz daşa dönməsin, ona qarşı xəsislik etməyin.+ 8 Əlinizi səxavətlə açıb+ möhtac olduğu, korluq çəkdiyi şeyi ona borca verin. 9 Məbada ürəyinizdən “yeddinci il, borclardan azad etmə ili yaxınlaşır”+ kimi pis fikir keçirəsiniz və kasıblamış soydaşınızdan səxavətinizi əsirgəyib ona kömək əli uzatmayasınız. Əgər o, sizə görə Yehovaya nalə etsə, günah qazanacaqsınız.+ 10 Ona qarşı səxavətli olun,+ nə isə verəndə candərdi verməyin, onda Allahınız Yehova əməyinizə, əl atdığınız hər işə xeyir-bərəkət verəcək.+ 11 Çünki ölkədə həmişə kasıblar olacaq.+ Buna görə də sizə deyirəm: ölkənizdəki fağır-füqəraya qarşı əliaçıq olun.+

12 Özünü qul kimi sizə satan soydaşınızı, ibrani kişi və ya qadını, altı il qulluğunuzda durandan sonra, yeddinci il azadlığa buraxın.+ 13 Onu azadlığa buraxanda əliboş yola salmayın. 14 Sürünüzdən, xırmanınızdan, zeytunsıxanınızın və üzümsıxanınızın məhsulundan səxavətlə ona pay verin. Allahınız Yehova sizə bərəkət verdiyi kimi, siz də ona qarşı əliaçıq olun. 15 Unutmayın ki, siz də Misirdə qul idiniz və Allahınız Yehova sizi oradan qurtardı. Elə buna görə sizə bu gün bu əmri verirəm.

16 Ancaq qulunuz sizi və evinizdəkiləri sevdiyi üçün, sizdə günü xoş keçdiyi üçün: “Mən sənin yanından getmək istəmirəm!” — desə,+ 17 onda bir biz götürün, onun qulağını qapıya söykəyib bizlə deşin. Beləcə, o, ömürlük sizin qulunuz olacaq. Qarabaşla da eyni cür edin. 18 Qulunuzu azadlığa buraxmaq, onun çıxıb getməsi sizə ağır gəlməsin, çünki onun altı il ərzində gördüyü iş sizə muzdur işindən ikiqat artıq fayda gətirib, Allahınız Yehova da bütün işlərdə sizə kömək olub.

19 Qaramalınızın və qoyun-keçinizin birinci erkək balasını Allahınız Yehova üçün ayırın.+ Qaramalınızın birinci balasını işlətməyin, qoyun-keçinizin birinci balasını qırxmayın. 20 Onları ilbəil ev əhlinizlə birlikdə Yehovanın seçdiyi yerdə, Allahınız Yehovanın önündə yeyin.+ 21 Ancaq heyvan qüsurludursa, topal və ya kordursa, yaxud başqa ciddi qüsuru varsa, onu Allahınız Yehovaya qurban gətirməyin.+ 22 Onu şəhərinizdə yeyin. Pak adam da, murdar adam da ceyran və maral əti kimi ondan yeyə bilər.+ 23 Ancaq qanını yeməməlisiniz.+ Onu su kimi torpağa axıtmalısınız.+

16 Əviv* ayını yaddan çıxarmayın və Allahınız Yehovanın şərəfinə Pasxanı qeyd edin,+ çünki məhz əviv ayında Allahınız Yehova sizi gecəylə Misirdən çıxartmışdı.+ 2 Yehovanın Öz adına məskən seçdiyi yerdə+ Allahınız Yehovaya mal-qaranızdan və qoyun-keçinizdən+ Pasxa qurbanı təqdim etməlisiniz.+ 3 Qurban ətilə mayalı heç nə yeməməlisiniz.+ Misirdən tələm-tələsik çıxanda+ yediyiniz çörək kimi, yeddi gün mayasız çörək, əziyyət çörəyi yeməlisiniz. Belə edin ki, Misirdən çıxdığınız gün bütün ömrünüz boyu yadınızda olsun.+ 4 Yeddi gün ölkənizin heç bir yerində mayalıq xəmir olmamalıdır.+ Birinci gün axşam qurban kəsdiyiniz heyvanın ətindən səhərə saxlamamalısınız.+ 5 Pasxa qurbanını Allahınız Yehovanın sizə verdiyi şəhərlərin hansında gəldi kəsməməlisiniz. 6 Qurbanı Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə kəsməlisiniz. Pasxa qurbanı Misirdən çıxdığınız vaxt, axşam, gün batan kimi kəsilməlidir.+ 7 Onu Allahınız Yehovanın seçəcəyi yerdə+ bişirib yeməlisiniz+. Səhər isə çadırlarınıza qayıda bilərsiniz. 8 Altı gün mayasız çörək yeməlisiniz, yeddinci gün Allahınız Yehovaya həsr olunmuş təntənəli məclis qurulacaq. Həmin gün heç bir iş görməməlisiniz.+

9 Tarlanızdakı zəmilərə oraq vurduğunuz ilk gündən başlayaraq, yeddi həftə sayın.+ 10 Sonra Allahınız Yehovanın sizə verdiyi bərəkətə görə+ könüllü təqdimə gətirib Allahınız Yehovanın şərəfinə Həftələr bayramı keçirin+. 11 Hamınız Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə, Allahınız Yehovanın önündə sevinib-şadlanın, özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, aranızda olan yadelli də, yetim də, dul da.+ 12 Unutmayın ki, bir zamanlar Misirdə qul idiniz,+ ona görə də bu qanunlara əməl edin.

13 Xırmanınızdan, zeytunsıxanınızdan və üzümsıxanınızdan məhsul götürəndən sonra yeddi gün Çardaqlar bayramını qeyd edin+. 14 Bayram vaxtı hamınız sevinib-şadlanın,+ özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, yadelli də, yetim də, dul da. 15 Yeddi gün Yehovanın seçdiyi yerdə Allahınız Yehovanın şərəfinə bayram keçirin,+ çünki Allahınız Yehova bütün məhsulunuza bərəkət verəcək, əl atdığınız hər işi avand edəcək,+ siz də sevinib-şadlanacaqsınız+.

16 İldə üç dəfə — Mayasız çörək bayramında+, Həftələr bayramında+ və Çardaqlar bayramında+ bütün kişilər Allahınız Yehovanın seçdiyi yerdə Onun hüzuruna gəlməlidir. Heç kim əliboş gəlməməlidir. 17 Hər kəs Allahı Yehovanın ona verdiyi bərəkətə görə bəxşiş gətirməlidir.+

18 Allahınız Yehovanın verdiyi bütün şəhərlərdə hər qəbilə üçün hakimlər+ və məmurlar təyin edin. Onlar xalqa ədalətlə hakimlik etməlidirlər. 19 Haqq-ədaləti tapdalamayın,+ tərəfkeşlik etməyin,+ rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər,+ dürüst adamın fikrini dəyişdirər. 20 Ədalətə, yalnız ədalətə can atmalısınız ki,+ sağ qalıb Allahınız Yehovanın sizə verdiyi diyara sahib olasınız.

21 Allahınız Yehovanın adına düzəldəcəyiniz qurbangahın yanında ibadət etmək üçün* ağac əkməyin.+

22 Özünüz üçün dik daşlar qoymayın,+ Allahınız Yehova onlardan ikrah edir.

17 Allahınız Yehovaya qüsurlu, yaxud hansısa eyibi olan buğa və ya qoyun qurban gətirməyin. Bu, Allahınız Yehova üçün iyrəncdir.+

2 Ola bilsin, aranızda, Allahınız Yehovanın sizə verdiyi şəhərlərdən birində bir kişi və ya qadın Allahınız Yehovanın gözündə pis iş görsün, Allahın əhdini pozsun,+ 3 yolunu azaraq Onun əmrlərinin ziddinə başqa allahlara ibadət etsin, o allahlara, yaxud günəşə, aya, səmadakı orduya səcdə qılsın.+ 4 Bu haqda sizə xəbər verəndə, yaxud özünüz bundan xəbər tutanda məsələni yaxşı-yaxşı araşdırın. Əgər deyilənlər düz çıxsa,+ görsəniz ki, doğrudan da, İsraildə belə bir murdar hərəkətə yol verilib, 5 onda bu rəzilliyi edən qadını və ya kişini şəhər darvazasının yanına gətirib ölənəcən daşqalaq edin.+ 6 Kimisə öldürmək üçün iki, ya da üç nəfərin şahidliyi lazımdır.+ Bir nəfərin şahidliyi ilə heç kimi öldürmək olmaz.+ 7 Daşqalaq edib öldürəndə ona daşı birinci şahidlər atmalıdır, sonra isə qalan camaat. Aranızdan pisliyi yox edin.+

8 Əgər şəhərlərinizdən birində olmuş qətl+, şikayət, təcavüzkarlıq, yaxud da başqa mübahisəli məsələ barədə hökm çıxarmağa çətinlik çəksəniz, onda Allahınız Yehovanın seçdiyi yerə gedin.+ 9 Lavili kahinlərin və həmin vaxt hakimlik edən hakimin yanına gedin,+ məsələni onlara danışın. Onlar hökmü sizə bildirəcəklər.+ 10 Yehovanın seçdiyi yerdə sizə bildirdikləri hökmə müvafiq davranın. Hər şeyi onlar deyən kimi edin. 11 Siz onların göstərdiyi qanuna uyğun, elan etdikləri hökmə müvafiq davranmalısınız.+ Onların verdiyi hökmdən nə sağa, nə sola dönməməlisiniz.+ 12 Allahınız Yehovaya xidmət edən kahinə, yaxud hakimə qulaq asmayıb öz bildiyi kimi hərəkət edən adam ölməlidir.+ İsraildən pisliyi yox etməlisiniz.+ 13 Onda bütün camaat eşidəcək, hamının gözü qorxacaq və bir də heç kim özbaşına hərəkət etməyəcək.+

14 Allahınız Yehovanın sizə verdiyi ölkəyə daxil olanda, oraya sahib olub məskunlaşanda belə deyəcəksiniz: “Gəlin ətrafımızdakı xalqlar kimi biz də özümüz üçün padşah seçək”.+ 15 Bu halda siz yalnız Allahınız Yehovanın seçdiyi adamı padşah qoymalısınız.+ Padşah soydaşlarınızdan* olmalıdır. Soydaşınız olmayan adamı, əcnəbini üstünüzdə padşah qoya bilməzsiniz. 16 Padşah atlarının sayını çoxaltmamalı,+ ilxısını böyütməkdən ötrü camaatı Misirə getməyə məcbur etməməlidir,+ çünki Yehova sizə: “Bir də heç vaxt bu yolla geri qayıtmamalısınız”, — deyib. 17 Padşah çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər.+ Özü üçün çoxlu qızıl-gümüş də yığmamalıdır.+ 18 Taxta çıxanda lavili kahinlərin saxladığı bu Qanunun surətini özü üçün köçürməlidir.+

19 Bu nüsxə onda qalmalıdır. O, bütün ömrü boyu, hər gün onu oxumalıdır+ ki, Allahı Yehovadan qorxmağı öyrənsin, Qanunun bütün sözlərinə və bu qaydalara əməl etsin.+ 20 Beləcə, ürəyi qürrələnib özünü soydaşlarından üstün tutmayacaq, bu əmrlərdən nə sağa, nə sola dönməyəcək. Bunun sayəsində onun özü də, oğulları da İsraildə uzun müddət səltənət sürəcək.

18 Lavili kahinlərə, ümumiyyətlə, bütün Lavi qəbiləsinə israillilərlə birgə pay, yaxud irs verilməyəcək. Onlar Yehova üçün odda yandırılan təqdimələrlə, Onun payı ilə dolanacaqlar.+ 2 Beləliklə, onlara qardaşları arasında irs verilməyəcək. Yehova necə ki söz vermişdi, Özü onların irsi olacaq.

3 Kahinlərə çatacaq şeylər bunlardır: buğa, yaxud qoyun qurban gətirən adam onun kürəyini, çənəsini, qarnını kahinə verməlidir. 4 Taxılınızın, şərabınızın, yağınızın nübarını, qoyunlarınızdan ilk dəfə qırxdığınız yunu ona verməlisiniz.+ 5 Allahınız Yehova bütün qəbilələrinizin içindən lavililəri seçib ki, həmişə Yehovanın adından xidmət etsinlər.+

6 Əgər lavili İsraildə yaşadığı şəhərdən+ çıxıb Yehovanın seçdiyi yerə*+ getmək istəsə, 7 orada Yehovanın hüzurunda duran qardaşları lavililər kimi Allahı Yehovanın adından xidmət edə bilər.+ 8 O, ata-baba mülkünün satışından əldə etdiyi vəsaitlə yanaşı, onlara düşən qədər yemək payı da alacaq+.

9 Allahınız Yehovanın sizə verəcəyi diyara daxil olanda oradakı xalqların iyrənc əməllərini götürməyin, onları təkrar etməyin.+ 10 Aranızda oğlunu və ya qızını odda yandıran*+, rəmmal+, sehrbaz+, fala baxan+, cadugər+, 11 ovsunçu, cindar yanına gedən+, gələcəyi deyən+, ölüləri çağıran+ olmamalıdır. 12 Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur və bu iyrənc əməllərə görədir ki, Allahınız Yehova o xalqları önünüzdən qovur. 13 Siz Allahınız Yehovanın qarşısında ləkəsiz olmalısınız.+

14 Torpaqlarını tutacağınız xalqlar sehrbazlara, falçılara qulaq asırlar,+ lakin sizə Allahınız Yehova belə şeyləri qadağan edir. 15 Allahınız Yehova sizə soydaşlarınızın* arasından mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asmalısınız.+ 16 Çünki Huribdə, dağın ətəyində toplaşdığınız gün+ Allahınız Yehovadan xahiş edib demişdiniz: “Qoy bir də Allahımız Yehovanın səsini eşitməyək, bu böyük alovu görməyək, yoxsa ölərik”. + 17 Onda Yehova mənə dedi: “Çox pakizə. 18 Mən onlara soydaşlarının arasından sənin kimi bir peyğəmbər göndərəcəyəm.+ Sözlərimi onun dilinə qoyacağam.+ O əmr etdiyim hər şeyi onlara çatdıracaq.+ 19 Mənim sözlərimə, Onun Mənim adımla söylədiklərinə qulaq asmayan adam Mənə cavab verməli olacaq.+

20 Əgər bir peyğəmbər özbaşınalıq edib Mənim adımdan ona buyurmadığım sözləri söyləyərsə, yaxud başqa allahların adından danışarsa, həmin peyğəmbər ölməlidir.+ 21 Ancaq siz fikirləşə bilərsiniz: “Bəs biz haradan biləcəyik ki, bu, Yehovanın sözü deyil?” 22 Əgər peyğəmbərin Yehovanın adından dedikləri yerinə yetməzsə, sözləri düz çıxmazsa, deməli, həmin sözü Yehova deməyib. Peyğəmbər özbaşınalıq edib. Ondan qorxmayın”.

19 Allahınız Yehovanın sizə verdiyi ölkədəki xalqları Allahınız Yehova məhv edəndə və siz onların torpaqlarını tutanda, onların şəhərlərində, evlərində məskunlaşanda+ 2 Allahınız Yehovanın sizə verdiyi o diyarda üç şəhər ayırmalısınız.+ 3 Allahınız Yehovanın sizə verdiyi ölkənin ərazisini üç hissəyə bölün və adam öldürənin bu şəhərlərin birinə qaça bilməsi üçün yol salın.

4 Adam öldürən və qaçıb sağ qalmaq istəyən üçün qayda belədir: əgər o, soydaşını ədavət bəslədiyinə görə deyil, təsadüfən vurubsa,+ 5 yaxud odun yarmaq üçün soydaşı ilə meşəyə gedib və qolaylanıb balta ilə ağacı kəsmək istəyəndə baltanın başı sapından çıxıb soydaşına dəyibsə və soydaşı ölübsə, onda qoy o sağ qalmaq üçün bu şəhərlərdən birinə qaçsın.+ 6 Amma yol uzaq olsa, ölənin intiqamçısı+ beyni qan ikən qatilin dalınca düşər və onu tutub öldürər. Əslində isə, adam öldürən ölümə layiq deyildi, çünki soydaşına ədavəti olmamışdı.+ 7 Buna görə sizə üç şəhər ayırmağı əmr edirəm.

8 Allahınız Yehova ata-babalarınıza and içdiyi kimi, ərazilərinizi genişləndirəndə+ və onlara söz verdiyi kimi, bütün ölkəni sizə verəndə+ 9 (bir şərtlə ki, Allahınız Yehovanı sevəsiniz, bu gün sizə verdiyim əmrlərə sədaqətlə əməl edib daim Onun yolu ilə gedəsiniz)+ bu üç şəhərdən başqa üç şəhər də ayırmalısınız.+ 10 Onda Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkədə günahsız qan tökülməyəcək+ və siz qan tökməkdə təqsirkar olmayacaqsınız.+

11 Amma əgər kiminsə soydaşına ədavəti olar+, pusqu qurub ona hücum edərsə, onu ölümcül yaralayar və həmin adam ölərsə, sonra da qatil bu şəhərlərdən birinə qaçarsa, 12 şəhərin ağsaqqalları onu oradan çıxarıb ölənin intiqamçısının əlinə verməlidir. O adam ölməlidir.+ 13 Ona rəhminiz gəlməsin. İsraili nahaq tökülən qanın günahından təmizləyin+ ki, xeyir tapasınız.

14 Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda torpaq payınızı alanda qonşunuzun sərhədini, dədə-babalarınızın çəkdiyi sərhədi dəyişməyin.+

15 Kiminsə hansısa xətanı və ya günahı işlədiyini sübut etmək üçün bir nəfərin şahidliyi kifayət deyil.+ Hər iddia iki, ya da üç şahidin sözü ilə təsdiq olunmalıdır.+ 16 Əgər kimsə bir nəfərin üzünə durub onu nədəsə təqsirləndirərsə,+ 17 aralarında mübahisə düşmüş həmin iki nəfər Yehovanın hüzuruna, kahinlərin və həmin günlərdə xidmət edən hakimlərin önünə gəlməlidir.+ 18 Hakimlər məsələni hərtərəfli araşdırmalıdır.+ Əgər məlum olsa ki, şahidin iddiaları yalandır, o, soydaşına qarşı yalan ittiham irəli sürüb, 19 onda soydaşının başına gətirmək istədiyini onun özünə edin.+ Aranızdan pisliyi yox edin.+ 20 Başqaları bunu eşidib qorxacaq və bir də aranızda heç kim belə yamanlıq etməyəcək.+ 21 Ona yazığınız gəlməsin:+ can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq verilməlidir.+

20 Düşmənlərinizlə müharibəyə gedəndə görsəniz ki, onların atı, arabası sizinkindən çox, qoşunu sizinkindən böyükdür, qorxmayın, çünki sizi Misirdən çıxaran Allahınız Yehova sizinlədir.+ 2 Döyüşə getməzdən əvvəl kahin xalqa xitab edib desin:+ 3 “Dinlə, ey İsrail! Bu gün düşmənlərinizlə döyüşə gedirsiniz. Cəsur olun. Onlardan qorxub təlaşa düşməyin, ürəyiniz əsməsin. 4 Çünki Allahınız Yehova düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə birlikdə gedir”.+

5 Məmurlar da döyüşçülərə müraciət edib deməlidir: “Kim təzə ev tikib, amma hələ içinə girməyib, qoy evinə qayıtsın. Yoxsa döyüşdə həlak olar, evində başqası yaşayar. 6 Kim təzə üzümlük salıb amma hələ barını götürməyib, qoy qayıdıb getsin evinə. Yoxsa döyüşdə həlak olar, bağının barını başqası götürər. 7 Kim nişanlanıb, amma hələ evlənməyib, qoy evinə qayıtsın.+ Yoxsa döyüşdə həlak olar, nişanlısı başqasına qismət olar”. 8 Məmurlar həm də döyüşçülərə deməlidir: “Kimin ürəyində qorxu varsa, cəsarəti çatmırsa, evinə qayıtsın.+ Yoxsa qardaşlarının da ürəyinə qorxu salar”.+ 9 Məmurlar danışıb qurtarandan sonra orduya rəhbərlik etmək üçün sərkərdələr təyin etsinlər.

10 Hansısa şəhərə yaxınlaşıb ora yürüş etmək istəyəndə əvvəlcə sülh təklif edib şərtlərinizi bildirin.+ 11 Əgər şərtlərinizi qəbul edib darvazaları üzünüzə açsalar, oradakı bütün adamlar sizin qulunuz olacaq, xidmətinizdə duracaqlar.+ 12 Lakin şərtlərinizi qəbul etməyib sizinlə müharibəyə başlamaq istəsələr, şəhəri mühasirəyə alın. 13 Allahınız Yehova oranı sizin əlinizə verəcək. Şəhərin bütün kişilərini qılıncdan keçirin. 14 Ancaq qadınları, uşaqları, mal-heyvanı və şəhərdə olan hər şeyi qənimət kimi götürə bilərsiniz.+ Allahınız Yehovanın sizə təslim etdiyi düşmənlərin malı halalınız olacaq.+

15 Bu, sizin yaxınlığınızdakı xalqların şəhərlərinə yox, sizdən uzaqda yerləşən şəhərlərə aiddir. 16 Allahınız Yehovanın sizə irs olaraq verəcəyi şəhərlərə gəlincə isə, onlarda bir canlını belə, sağ qoymamalısınız.+ 17 Allahınız Yehovanın əmr etdiyi kimi, hetlərin, amorilərin, kənanilərin, fərizilərin, hivilərin və yəbusilərin kökünü kəsməlisiniz.+ 18 Yoxsa onlar allahları üçün etdikləri iyrənc əməlləri sizə də öyrədib Allahınız Yehovanın qarşısında sizi günaha batıracaqlar.+

19 Hansısa bir şəhəri ələ keçirmək üçün onu mühasirəyə alanda və ona qarşı uzun müddət döyüşlər aparanda oradakı aǧacları baltalayıb qırmayın. Ağacların meyvələrindən yeyə bilərsiniz, amma özlərini kəsməyin.+ Məgər ağac adamdır ki, onu mühasirəyə alasınız? 20 Yalnız meyvəsi yeyilməyən ağacları qıra bilərsiniz. Sizinlə vuruşan şəhər ələ keçənə kimi onları kəsib mühasirə qurğuları düzəldə bilərsiniz.

21 Əgər Allahınız Yehovanın sizə verdiyi ölkədə şəhərdən kənarda* meyit tapılsa, amma onu kimin öldürdüyü bilinməsə, 2 onda qoy ağsaqqallarla hakimlər+ meyitin tapıldığı yerə gedib həmin yerlə ətraf şəhərlərin arasındakı məsafəni ölçsünlər. 3 Həmin yerə yaxın olan şəhərin ağsaqqalları hələ işə qoşulmamış, boyunduruq altına salınmamış bir cavan inək seçsinlər 4 və aparıb şumlanmamış, toxum səpilməmiş axar sulu dərədə boynunu sındırsınlar.+

5 Sonra lavili kahinlər gəlsinlər. Allahınız Yehova məhz onları seçib ki, Ona xidmət edib+ Yehovanın adı ilə xeyir-dua oxusunlar+. Onlar zorakılıq hallarına necə baxılmasına dair göstəriş verəcəklər.+ 6 Ölünün tapıldığı yerə yaxın olan şəhərin ağsaqqalları dərədə boynu sındırılmış inəyin üstündə əllərini yusunlar+ 7 və belə desinlər: “Bizim əlimiz bu adamın qanına batmayıb, gözlərimiz onun qanının tökülməsinin şahidi olmayıb. 8 Ey Yehova Allah, bu günahı fidyə verib qurtardığın xalqın+ ayağına yazma. Qoyma ki, günahsız qanın babalı xalqın İsrailin boynunda qalsın”.+ Onda tökülən qanın günahı xalqın ayağına yazılmayacaq. 9 Beləcə, Yehovanın dediyini edib günahsız qanın babalından azad olacaqsınız.

10 Müharibə vaxtı Allahınız Yehovanın köməyilə düşmənlərinizi məğlub edib əsir götürəndə+ 11 əsirlərin arasında gözəl qız görüb ona vurulsanız və onu almaq istəsəniz, 12 həmin qızı evinizə gətirə bilərsiniz. Qız başını qırxıb dırnaqlarını kəsməli, 13 əsirlik paltarını çıxarıb evinizdə qalmalıdır. Qoy o, bir ay ata-anası üçün yas tutsun.+ Bundan sonra onunla yaxınlıq edə bilərsiniz. Siz onun əri, o isə sizin arvadınız olacaq. 14 Ancaq işdir, qız sonradan xoşunuza gəlməsə, buraxın istədiyi yerə getsin.+ Onu satmaq, onunla qəddar davranmaq olmaz, çünki onun ləyaqətinə təcavüz etmisiniz.

15 Əgər bir kişinin iki arvadı olarsa və o, arvadlarından birini digərindən çox sevərsə, qadınların hər ikisi ona oğul doğarsa, lakin ilk oğlu istəmədiyi arvaddan olarsa,+ 16 mirası oğullar arasında bölüşdürmək vaxtı gələndə kişi sevmədiyi qadının oğluna, ilkininə xor baxıb ilk oğulluq haqqını sevdiyi qadının oğluna verməməlidir. 17 O, sevmədiyi qadının oğlunu ilk oğul kimi tanımalı, hər şeydən ona iki pay verməlidir, çünki bu oğul onun kişilik gücünün nübarıdır. İlk oğulluq haqqı ona məxsusdur.+

18 Əgər kiminsə oğlu tərs, dikbaşdırsa, ata-anasının sözünü saymırsa,+ ona verdikləri öyüd-nəsihəti vecinə almırsa,+ 19 qoy valideynləri onu şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirib desinlər: 20 “Bizim bu oğlumuz tərs və dikbaşdır, sözümüzü saya salmır. Gününü qarınqululuqla+, əyyaşlıqla+ keçirir”. 21 Onda şəhər camaatı onu daşqalaq edib öldürməlidirlər. Bəli, aranızdan pisliyi yox edin ki, bütün İsrail eşidib qorxsun.+

22 Ölümə layiq günah işləyən adam öldürülüb+ dirəkdən asılarsa,+ 23 onun cəsədi gecəni dirəkdə qalmamalıdır.+ O, həmin gün basdırılmalıdır, çünki dirəkdən asılan adam Allahın lənətinə düçar olub.+ Allahınız Yehovanın sizə irs olaraq verdiyi ölkəni murdarlamayın.+

22 Əgər soydaşınızın azmış öküzünü ya da qoyununu görsəniz, özünüzü görməməzliyə vurmayın.+ Onu mütləq aparıb soydaşınıza qaytarın. 2 Lakin yiyəsi sizdən uzaq yaşayırsa və ya onu tanımırsınızsa, heyvanı aparıb özünüzdə saxlayın, yiyəsi axtaranda qaytararsınız.+ 3 Kiminsə azmış ulağını görəndə, paltarını, yaxud başqa bir şeyini tapanda da eyni cür davranmalısınız. Özünüzü görməməzliyə vurmayın.

4 Soydaşınızın ulağının, yaxud öküzünün yolda yıxılıb qaldığını görəndə yan keçməyin. Mütləq yiyəsinə heyvanı qaldırmağa kömək edin.+

5 Qadın kişi paltarı, kişi qadın paltarı geyinməməlidir. Allahınız Yehova belə adamdan ikrah edir.

6 Əgər ağacda, yaxud yerdə içində bala və ya yumurta olan quş yuvasına rast gəlsəniz və görsəniz ki, ana quş yuvanın üstündə oturub, balalarla bərabər ananı da götürməyin.+ 7 Ana quşu buraxın, balaları isə götürə bilərsiniz. Belə edin ki, güzəranınız xoş, ömrünüz uzun olsun.

8 Ev tikəndə damına məhəccər çəkin+ ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın.

9 Üzümlüyünüzə iki növ toxum səpməyin.+ Əks halda, bu toxumdan götürdüyünüz məhsul da, üzümlüyün məhsulu da bütünlüklə müqəddəs məkana məxsus olacaq.

10 Öküzlə eşşəyi bir kotana qoşmayın.+

11 Yunla kətandan toxunmuş parçadan paltar geyinməyin.+

12 Bürüncəyinizin hər dörd küncünə qotaz tikin.+

13 Əgər kimsə arvad alıb onunla yaxınlıq edəndən sonra ondan zəhləsi getsə* 14 və onu əxlaqsızlıqda ittiham edərək: “Mən bu qızı aldım, ancaq onunla yaxınlıq edəndə gördüm ki, bakirə deyil”, — deyib adını bədnam etsə, 15 onda qoy qızın ata-anası qızın zifaf ağını şəhərin darvazasına, ağsaqqalların yanına gətirsinlər. 16 Qızın atası ağsaqqallara belə desin: “Qızı bu adama verdim, o isə onu bəyənmir*, 17 “qızın bakirə deyil” deyib onu pozğunluqda günahlandırır. Amma, budur, bu da qızımın zifaf ağı”. Sonra ağı şəhərin ağsaqqallarına açıb göstərsinlər. 18 Ağsaqqallar+ həmin adamı cəzalandırmalıdır+. 19 İsraildə qız xeylağının adını ləkələdiyi üçün cəza olaraq ondan yüz şekel* gümüş alınıb qızın atasına verilməlidir.+ Qız onun arvadı olaraq qalacaq, ömrü boyu onu boşaya bilməz.

20 Yox əgər ittiham düzdürsə, qızın bakirəliyinə sübut yoxdursa, 21 qızı ata evinin qapısı ağzına gətirsinlər və şəhərin kişiləri onu daşqalaq edib öldürsünlər. Qız ata evində əxlaqsızlıq* etməklə İsraili rüsvay edib.+ Aranızdan pisliyi yox etməlisiniz.+

22 Kimsə başqasının arvadı ilə bir yerdə tutulsa, onların hər ikisini, qadınla yatan kişini də, qadını da öldürmək lazımdır.+ İsraildən pisliyi yox etməlisiniz.

23 Əgər bir kişi nişanlı qızla şəhərdə rastlaşıb onunla yaxınlıq etsə, 24 onları həmin şəhərin darvazasına gətirmək, daşlayıb öldürmək lazımdır. Qızı ona görə ki, şəhərin içində ola-ola qışqırmayıb, kişini isə ona görə ki, başqasının arvadını ləkələyib.+ Aranızdan pisliyi yox etməlisiniz.

25 Lakin kişi nişanlı qızla çölün düzündə rastlaşıb zor gücünə onunla yaxınlıq etsə, onda təkcə qızı zorlayan kişi ölməlidir. 26 Qıza heç nə etməyin. O, ölümə layiq bir iş tutmayıb. Bu, kiminsə başqa bir adamın üstünə hücum çəkib onu öldürməsinə bənzəyir.+ 27 Kişi qıza çöldə rast gəlib və qız qışqırsa da, imdadına çatan olmayıb.

28 Əgər kimsə nişanlı olmayan bakirə qızla rastlaşar, qızı tutub onunla yaxınlıq edərsə və bu işin üstü açılarsa,+ 29 qızla yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş verməli, qızı da almalıdır.+ Qızı ləkələdiyinə görə ömrü boyu onu boşaya bilməz.

30 Heç kim atasının arvadını alıb atasının şərəfinə ləkə gətirməməlidir.+

23 Xayaları əzilmiş, yaxud cinsiyyət üzvü kəsilmiş adam Yehovanın icmasına daxil ola bilməz.+

2 Qeyri-qanuni doğulan oğul Yehovanın icmasına daxil ola bilməz.+ Onun hətta onuncu nəslindən olan övladı Yehovanın icmasına daxil ola bilməz.

3 Nə əmuni, nə muabi Yehovanın icmasına daxil ola bilməz.+ Onların hətta onuncu nəslindən olan övladları da Yehovanın icmasına daxil ola bilməz, 4 çünki siz Misirdən çıxıb gələrkən onlar çörəyi və suyu sizə qıymamışdılar,+ üstəlik, İkiçayarasındakı* Fəturdan olan Baur oğlu Bələmi muzdla tutmuşdular ki, sizi lənətləsin.+ 5 Amma Allahınız Yehova Bələmə qulaq asmadı,+ Allahınız Yehova lənəti xeyir-duaya çevirdi,+ çünki Allahınız Yehova sizi sevir.+ 6 Heç vaxt onların rifahı və firavanlığı üçün heç nə etməyin.+

7 Ədumiyə nifrətlə yanaşmayın, o, sizin qardaşınızdır.+

Misirliyə də ikrahla yanaşmayın, çünki onun ölkəsində qərib olmusunuz.+ 8 Onların üçüncü nəslindən olan övladları Yehovanın icmasına daxil ola bilərlər.

9 Düşmənlərinizə qarşı çıxmaq üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.+ 10 Kimsə gecə toxumu axdığı üçün murdarlanıbsa,+ ordugahdan çıxmalı və ora girməməlidir. 11 Axşam düşəndə o yuyunmalıdır, gün batandan sonra isə ordugaha qayıda bilər.+ 12 Ordugahdan kənarda ayaqyolu üçün bir yer ayırın, bayıra gedəndə ora gedin. 13 Silah-sursatınızın arasında bel də olmalıdır. Ordugahdan kənarda bayıra gedəndə çuxur qazın, sonra nəcisin üstünü torpaqla örtün. 14 Çünki Allahınız Yehova sizi xilas etmək və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızda gəzir.+ Ordugah müqəddəs olmalıdır+ ki, O, aranızda murdar bir şey görüb sizi tərk etməsin.

15 Ağasından qaçıb sizə sığınmış qulu sahibinə qaytarmayın. 16 O, seçdiyi yerdə, istədiyi şəhərdə sizinlə birlikdə yaşaya bilər. Onunla pis rəftar etməyin.+

17 Heç bir israilli qız məbəd fahişəsi olmamalıdır;+ heç bir israilli oğlan məbəd fahişəliyi ilə məşǧul olmamalıdır.+ 18 Qadının və ya kişinin fahişəliklə əldə etdiyi qazanc hansısa nəzirin yerinə yetirilməsi üçün Allahınız Yehovanın evinə gətirilməməlidir, çünki bu, Yehova Allahın gözündə iyrəncdir.

19 Soydaşınıza borca pul, ərzaq, yaxud sələm götürə biləcəyiniz başqa nə isə verəndə ondan sələm almayın+. 20 Əcnəbidən sələm ala bilərsiniz.+ Lakin soydaşınızdan sələm almayın.+ Onda Allahınız Yehova sahib olacağınız diyarda hər işinizi avand edəcək.+

21 Allahınız Yehovaya nəzir edəndə+ onu yerinə yetirməyi uzatmayın,+ çünki Allahınız Yehova bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, günah sahibi olacaqsınız.+ 22 Amma nəzir deməkdən qaçınırsınızsa, bu, günah deyil.+ 23 Ağzınızdan çıxan sözün üstündə durun+ və Allahınız Yehovaya öz dilinizlə könüllü təqdimə olaraq nə nəzir etmisinizsə, yerinə yetirin.+

24 Qonşunuzun üzümlüyünə girəndə ürəyiniz istəyən qədər üzüm yeyə bilərsiniz, amma səbətə yığıb aparmayın.+

25 Qonşunuzun zəmisinə girəndə əlinizlə sünbül dərib yeyə bilərsiniz, amma zəmiyə oraq vurmayın.+

24 Əgər kimsə arvad alar, lakin sonradan onda bir ləyaqətsizlik görər və buna görə də arvad gözündən düşərsə, talaq kağızını yazıb onun əlinə verməli və buraxmalıdır.+ 2 Qadın onun evindən çıxandan sonra başqasına ərə gedə bilər.+ 3 İkinci əri də ondan narazı olar* və talaq kağızını verib onu evindən çıxararsa, yaxud bu əri ölərsə, 4 qadın artıq ləkələndiyi üçün birinci əri təzədən onu ala bilməz. Belə şey Yehovanın gözündə iyrəncdir. Yehova Allahınızın sizə irs olaraq verdiyi diyarda bu cür günah etməyin.

5 Təzə evlənən adam orduya getməməlidir və onun üstünə heç bir başqa məsuliyyət qoyulmamalıdır. O, bir il sərbəst olmalı, evində qalıb arvadının könlünü şad eləməlidir.+

6 Heç kim başqasının əldəyirmanını, yaxud dəyirmanının üst daşını girov götürməməlidir,+ çünki bununla o, həmin adamın canını girov götürmüş olur.

7 Kim israilli soydaşını oğurlayar, onunla amansız rəftar edər və onu satarsa,+ ölməlidir.+ Aranızdan pisliyi yox etməlisiniz.+

8 Cüzam* xəstəliyi baş qaldıranda lavili kahinlərin dediyi hər şeyi olduğu kimi yerinə yetirin.+ Onlara nə buyurmuşamsa, hamısına dəqiqliklə əməl edin. 9 Allahınız Yehovanın Misirdən çıxıb gələndə yolda Məryəmə nə etdiyini unutmayın.+

10 Qonşunuza nə isə borc verəndə,+ boyun olduğu girovu almaq üçün evinə girməyin. 11 Bayırda gözləyin, qoy borc alan girovu özü gətirsin. 12 Əgər o, ehtiyac içindədirsə, girovu sizdə ola-ola yatağa girməyin.+ 13 Gün batanda girovu yiyəsinə qaytarın ki, yatanda əynində paltar olsun və sizin canınıza dua etsin.+ Belə etsəniz, Allahınız Yehovanın önündə savab qazanarsınız.

14 Dara düşən yoxsul muzduru aldatmayın, istər soydaşınız olsun, istərsə də ölkənizdə, şəhərlərinizdə yaşayan yadelli.+ 15 Onun haqqını elə həmin gün, gün batmamışdan əvvəl verin,+ çünki ehtiyac içindədir, gözünü zəhmət haqqına dikib. Əks təqdirdə, o, sizin əlinizdən Yehovaya fəryad edər və siz günahkar sayılarsınız.+

16 Ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir.+ Hər kəs öz günahına görə öldürülməlidir.+

17 Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın.+ Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın.+ 18 Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz və Allahınız Yehova sizi oradan qurtardı.+ Bu şeyləri sizə ona görə buyururam.

19 Tarlanı biçəndə yaddan çıxıb tarlada qoyduğunuz dərzi götürmək üçün geri qayıtmayın. Qoy qərib, yetim, dul üçün qalsın.+ Belə etsəniz, Allahınız Yehova hər işinizi avand edər.+

20 Zeytun ağacını çırpandan sonra qayıdıb budaqları ikinci dəfə çırpmayın. Qoy yerdə qalan qəribin, yetimin və dulun olsun.+

21 Bağınızdakı üzümü yığandan sonra tənəklərdə qalanı yığmağa qayıtmayın. Qoy o, qəribin, yetimin və dulun olsun. 22 Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz. Elə buna görə sizə bu şeyləri buyururam.

25 Aralarında söz-söhbət düşən iki nəfər hakimlərə müraciət edə bilər.+ Hakimlər onları mühakimə edib haqlı tərəfə bəraət qazandırmalı, təqsirkarı isə günahkar elan etməlidirlər.+ 2 Təqsirkar döyülmə cəzasına layiq olarsa,+ qoy hakim əmr etsin, onu yerə uzatsınlar və hakimin gözü önündə ona günahının ağırlığına müvafiq çubuq vursunlar. 3 Ona ən çoxu qırx çubuq vurmaq olar,+ artıq yox. Əgər qırxdan çox çubuq vurulsa, gözünüzün qabağında soydaşınız ləyaqətini itirər.

4 Xırman çəkən öküzə buruntaq taxmayın.+

5 Bir yerdə yaşayan qardaşlardan biri oğlu olmadan ölərsə, ölən qardaşın arvadı qırağa ərə getməməlidir. Qaynı onunla evlənib öz qayınlıq borcunu yerinə yetirməlidir.+ 6 Qadının dünyaya gətirdiyi ilk oğul ölən qardaşın adına olacaq ki,+ mərhumun adı İsraildən silinməsin.+

7 Əgər qayın qardaşının arvadı ilə evlənmək istəməsə, onda dul qalmış qadın şəhər darvazasına, ağsaqqalların yanına gedib deməlidir: “Mənim qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. O, qardaşının dul qalan arvadını alıb qayınlıq borcunu yerinə yetirmək istəmir”. 8 Onda şəhərin ağsaqqalları qadının qaynını çağırıb onunla danışsınlar. Əgər o israr edib “onu almaq istəmirəm” deyərsə, 9 onda qadın ağsaqqalların gözü qarşısında ona yaxınlaşmalı, onun ayağından səndəlini çıxarmalı+ və üzünə tüpürüb deməlidir: “Qardaşının nəslini yaşatmayan adama belə edərlər”. 10 Bundan sonra İsraildə onun soyuna “səndəli çıxarılmışlar soyu*” deyiləcək.

11 İki kişi dalaşanda döyülən kişinin arvadı ərini qurtarmaq üçün əl atıb o biri kişinin məhrəm yerindən yapışsa, 12 qadının əli kəsilməlidir. Ona yazığınız gəlməsin.

13 Heybənizdə biri balaca, biri böyük, iki cür çəki daşı olmasın.+ 14 Evinizdə biri balaca, biri böyük, iki cür ölçü qabı olmasın.+ 15 Çəki daşınız, ölçünüz düz və dəqiq olmalıdır. Belə olsa, Allahınız Yehovanın sizə verəcəyi torpaqda ömrünüz uzun olar.+ 16 Allahınız Yehova belə işlə məşğul olan əyri adamlardan ikrah edir.+

17 Misirdən çıxıb gələrkən Əmalikin sizə nə etdiyini,+ 18 siz yorulub əldən düşmüş halda ikən sizi yolda necə qarşıladığını, dalda qalanlara necə hücum çəkdiyini yadınızdan çıxarmayın. Onlar Allahdan qorxmadılar. 19 Allahınız Yehovanın irs olaraq verəcəyi diyarda Allahınız Yehova sizi düşmənlərinizin əlindən qurtarıb dinclik bəxş edəndə Əmalikin adını göylər altından silin.+ Unutmayın.

26 Allahınız Yehovanın irs olaraq verdiyi diyara daxil olub onu tutanda və orada məskən salanda 2 Allahınız Yehovanın sizə verdiyi torpaqdan götürdüyünüz bütün məhsulun nübarından səbətə yığıb Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerə getməlisiniz.+ 3 Həmin günlərdə xidmət edən kahinin yanına gəlib deməlisiniz: “Bu gün mən bildirirəm ki, Allahımız Yehovanın vədi, həqiqətən də, yerinə yetdi. Mən artıq Yehovanın ata-babalarımıza bizə verəcəyinə and içdiyi torpaqdayam”.+

4 Kahin səbəti əlinizdən alıb Allahınız Yehovanın qurbangahının önünə qoyacaq. 5 Onda siz Allahınız Yehovanın önündə ərz etməlisiniz: “Mənim atam köçəri* arami+ idi. O, az adamla Misirə+ köçüb orada qərib kimi yaşayırdı.+ Orada ondan böyük, qüdrətli və çoxsaylı bir xalq əmələ gəldi.+ 6 Misirlilər bizə zülm edib qan uddurur, kölə edib ağır işlərdə işlədirdilər.+ 7 Onda biz ata-babalarımızın Allahı Yehovaya ah-nalə etməyə başladıq, Yehova səsimizi eşitdi və bizim əzab-əziyyətimizə, çəkdiyimiz sitəmlərə nəzər saldı.+ 8 Yehova güclü əli,+ qüdrətli qolu ilə, zəhmli işləri, möcüzə və əlamətlərilə bizi Misirdən çıxardı.+ 9 Sonra O, bizi bu yerə gətirdi və bu məmləkəti, süd-bal axan diyarı bizə verdi.+ 10 Mən də indi Yehovanın verdiyi torpağın məhsulunun nübarını gətirmişəm”.+

Səbəti Yehovanın, Allahınızın önünə qoymalı və Allahınız Yehovanın qarşısında səcdə qılmalısınız. 11 Beləliklə, hamınız, siz də, lavililər də, aranızda yaşayan yadellilər də Allahınız Yehovanın özünüzə və ailənizə verdiyi bütün nemətlərə görə sevinib-şadlanacaqsınız.+

12 Ondabirlər+ ili olan üçüncü ildə bütün məhsulunuzun onda birini ayırandan sonra onu aranızda yaşayan lavililərə, qəriblərə, yetimlərə və dullara verin. Qoy onlar da yeyib doysunlar.+ 13 Onda Allahınız Yehovanın önündə belə deyin: “Evimdə müqəddəs paydan heç nə saxlamadım, hamısını əmr etdiyin kimi, lavililərə, qəriblərə, yetimlərə və dullara+ payladım. Sənin əmrlərindən çıxmadım, onların heç birini pozmadım. 14 Yas saxlayanda ondan yemədim, murdar halda ona toxunmadım, ondan ölü üçün işlətmədim. Mən Allahım Yehovanın səsinə qulaq asdım və Onun əmr etdiyi hər şeyi yerinə yetirdim. 15 İndi isə, ey Allahım, Öz müqəddəs məskənindən, göylərdən bizə nəzər sal,+ ata-babalarımıza and içdiyin kimi,+ verdiyin bu torpağa, süd-bal axan diyara+ və xalqın İsrailə ruzi-bərəkət bəxş elə”.

16 Bu gün Allahınız Yehova sizə bu qanun və hökmlərə əməl etməyi tapşırır. Onları bütün qəlbinizlə+, bütün varlığınızla yerinə yetirməlisiniz. 17 Bu gün Yehova sizə bəyan etdi ki, Onun yolları ilə getsəniz,+ Onun əmrlərinə,+ qanun və hökmlərinə riayət etsəniz,+ sözünə qulaq assanız, O, sizin Allahınız olacaq. 18 Siz də, öz növbənizdə, Yehovaya bildirdiniz ki, vəd etdiyi kimi, Onun xalqı, xüsusi mülkü+ olacaq, Onun bütün əmrlərinə riayət edəcəksiniz. 19 Allahınız Yehovanın müqəddəs xalqı olaraq qalsanız,+ O vəd etdiyi kimi, sizi yaratdığı bütün xalqlardan üstün tutacaq,+ siz Ona tərif, şan-şöhrət gətirəcəksiniz».

27 Sonra Musa İsrail ağsaqqalları ilə birlikdə xalqa tapşırdı: «Bu gün sizə verdiyim hər bir əmrə riayət edin. 2 İordanı keçib Allahınız Yehovanın sizə verdiyi torpağa qədəm basanda iri daşlar seçib üstünə əhəng çəkin.+ 3 O taya keçəndə bu Qanunun bütün sözlərini həmin daşların üstünə yazın ki, ata-babalarınızın Allahı Yehovanın söz verdiyi kimi, süd-bal axan diyara, Allahınız Yehovanın verdiyi ölkəyə daxil ola biləsiniz.+ 4 İordanı keçəndə bu gün sizə əmr etdiyim kimi, bu daşları Eybal+ dağında qoyub üstünü əhəngləyərsiniz. 5 Həmçinin orada Allahınız Yehovanın adına daşlardan qurbangah düzəldərsiniz. Amma daşlara dəmir alət dəyməməlidir.+ 6 Allahınız Yehovanın adına olan bu qurbangahı yonulmamış daşlardan düzəltməli, üstündə Allahınız Yehovaya yandırma qurbanları təqdim etməlisiniz. 7 O yerdə ünsiyyət qurbanları+ da kəsib yeyin və Allahınız Yehovanın önündə sevinib-şadlanın.+ 8 Qanunun bütün sözlərini daşların üstünə aydın yazın».+

9 Sonra Musa və lavili kahinlər bütün İsrailə xitab edib dedi: «Ey İsrail, sus və dinlə! Bu gün siz Allahınız Yehovanın xalqı oldunuz.+ 10 Siz Allahınız Yehovanın sözünə qulaq asmalı, bu gün sizə çatdırdığım əmrlərinə+ və qanunlarına riayət etməlisiniz».

11 Həmin vaxt Musa xalqa tapşırıb dedi: 12 «İordanın o tayına keçəndə Şəmun, Lavi, Yəhuda, Yəsakir, Yusif və Binyamin qəbilələri xalqa xeyir-dua vermək üçün Qərizim+ dağında durmalıdırlar. 13 Rubən, Cad, Aşir, Zəbulun, Dan və Niftalı qəbilələri lənətləri bəyan etmək üçün Eybal+ dağında durmalıdırlar. 14 Lavililər isə ucadan bütün israillilərə söyləməlidirlər:+

15 “Yehovanın ikrah etdiyi,+ sənətkarın əl işi olan oyma+ büt, tökmə+ büt düzəldənə və gizlədənə lənət olsun! (Hamı “amin” deyə cavab versin.)

16 Ata-anasına sayğısızlıq göstərənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

17 Qonşusunun sərhədini dəyişdirənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

18 Koru azdırana lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

19 Qəribin, yetimin, dulun+ işinə baxarkən ədaləti+ pozana lənət olsun! (Hamı “amin” deyə cavab versin.)

20 Atasının arvadı ilə yaxınlıq edib atasının şərəfini ləkələyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

21 Heyvanla cinsi əlaqəyə girənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

22 Doğma bacısıyla, atabir bacısıyla, anabir bacısıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

23 Qayınanasıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

24 Pusqu qurub soydaşını öldürənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

25 Rüşvət alıb günahsız qan tökənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)

26 Bu Qanunda deyilənlərə riayət etməyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)”

28 Əgər bu gün sizə verdiyim əmrlərin hamısına dəqiqliklə əməl edib Allahınız Yehovanın sözünə qulaq assanız, Allahınız Yehova sizi bütün xalqlardan üstün edəcək.+ 2 Allahınız Yehovanın sözünə həmişə qulaq assanız, bütün bu nemətlər başınızdan töküləcək:+

3 Şəhərdə də, tarlada da xeyir-bərəkətiniz aşıb-daşacaq.+

4 Övladlarınız çox,+ torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək.+

5 Səbətləriniz, xəmir təknələriniz bərəkətli olacaq.+

6 Hər işiniz avand olacaq.

7 Yehova üstünüzə qalxan düşmənlərinizi qarşınızda darmadağın edəcək.+ Onlar bir istiqamətdən hücum çəkəcək, yeddi istiqamətdə qaçacaqlar.+ 8 Yehova anbarlarınızı bərəkətli,+ əl atdığınız hər işi xeyirli edəcək. Allahınız Yehova sizə verdiyi diyarda üstünüzə bolluca xeyir-bərəkət yağdıracaq. 9 Allahınız Yehovanın əmrlərinə riayət edib Onun yolu ilə getsəniz, Yehova söz verdiyi kimi,+ sizi Özünə məxsus müqəddəs xalq edəcək.+ 10 Yer üzündəki bütün xalqlar Yehovanın adı ilə adlandığınızı+ görüb sizdən qorxacaqlar.+

11 Yehova ata-babalarınıza and içib sizə verməyi vəd etdiyi diyarda sizi çoxlu oğul-uşaq sahibi edəcək.+ Yehova mal-heyvanınızı birə-beş artıracaq, torpağınızı məhsuldar edəcək.+ 12 Yehova Öz ruzi-bərəkət anbarının, göylərin qapısını açıb torpağınıza vaxtlı-vaxtında yağış yağdıracaq,+ əlinizin hər işinə bərəkət verəcək. Siz bir çox xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız.+ 13 Əgər Allahınız Yehovanın əmrlərinə, sizə tapşırdığım əmrlərə həmişə boyun əysəniz, Yehova sizi quyruq deyil, baş edəcək, siz aşağıda deyil, yuxarıda olacaqsınız.+ 14 Bu gün sizə əmr etdiyim heç bir sözdən nə sağa, nə də sola bir addım belə, atmayın,+ başqa allahların dalınca gedib onlara qulluq etməyin.+

15 Yox əgər Allahınız Yehovanın sözünə qulaq asmasanız, bu gün sizə verdiyim bütün əmrlərinə və qanunlarına dəqiqliklə əməl etməsəniz, bu lənətlər sizi qarabaqara izləyib yaxanızdan yapışacaq:+

16 Şəhərdə də, tarlada da lənətli olacaqsınız.+

17 Səbətləriniz+, xəmir təknələriniz lənətli olacaq.+

18 Övladlarınız da, torpağınızın bəhəri də, mal-heyvanınızın balaları da lənətli olacaq.+

19 Hər işiniz nəhs gətirəcək.

20 Bəd əməllərinizə, Yehovanı atdığınıza görə gördüyünüz hər işdən lənət, çaşqınlıq, cəza biçəcəksiniz, tez bir zamanda məhv olub yer üzündən yox olacaqsınız.+ 21 Tutmağa getdiyiniz diyardan kökünüz tamamilə kəsilənəcən Yehova canınıza azar salıb sizi qıracaq.+ 22 Axırınıza çıxana qədər Yehova canınıza vərəm, titrətmə, iltihab, qızdırma salacaq, üstünüzə qılınc göndərəcək.+ Səmum yelindən məhsulunuz yanacaq, onu kif basacaq.+ 23 Başınızın üstündəki göylər misə, ayağınızın altındakı torpaq dəmirə dönəcək.+ 24 Yehova başınıza yağış əvəzinə toz-torpaq yağdıracaq, siz məhv oluncaya qədər ölkənizdə belə olacaq. 25 Yehova sizi düşmənlərinizə məğlub edəcək.+ Onlara bir istiqamətdən hücum çəkəcək, yeddi istiqamətdə qaçacaqsınız. Yer üzündəki bütün məmləkətlər üçün dəhşət rəmzi olacaqsınız.+ 26 Meyitinizi göydəki quşlar didəcək, yerdəki heyvanlar parçalayacaq, onları ürküdüb qovan olmayacaq.+

27 Yehova sizi Misirdəki çibanlarla, babasillə, sövda* ilə cəzalandıracaq, bədəninizə yara salacaq, dərdinizə dərman tapılmayacaq. 28 Yehova ağlınızı alacaq, gözünüzü kor edəcək,+ sizi çaşqınlığa salacaq. 29 Günün günorta çağı, zülmət məhbusu olan kor kimi,+ əllərinizi sürtə-sürtə gəzəcəksiniz. Bütün işləriniz tərs gətirəcək. Daim sizə fırıldaq gələcək, soyacaqlar, qahmar çıxanınız olmayacaq.+ 30 Nişanlandığınız qızı gəlib başqa kişi zorlayacaq. Ev tikəcəksiniz, içində yaşamayacaqsınız.+ Üzümlük salacaqsınız, bəhrəsindən dadmayacaqsınız.+ 31 Öküzünüzü gözünüzün qabağında kəsəcəklər, amma ətindən bir tikə də yeməyəcəksiniz. Gözünüz görə-görə eşşəyinizi oğurlayacaqlar, geri qaytaran olmayacaq. Qoyun-quzunuzu düşmənlər aparacaq, hayınıza gələn olmayacaq. 32 Gözünüz baxa-baxa oğlunuzu, qızınızı yadellilər aparacaq.+ Onların həsrəti sizi üzəcək, amma əliniz heç yana çatmayacaq. 33 Torpağınızın bəhrəsini, yığdığınız bütün məhsulu yadlar yeyəcək.+ Daim aldanacaq və sıxışdırılacaqsınız. 34 Gördüklərinizdən başınıza hava gələcək.

35 Yehova dizlərinizdə, ayaqlarınızda, təpədən dırnağadək bütün bədəninizdə ağrılı, sağalmaz çibanlar çıxaracaq. 36 Yehova sizi də, üzərinizdə qoyduğunuz padşahı da, nə özünüzün, nə də ata-babalarınızın tanımadığı xalqın torpağına sürgün edəcək.+ Orada ağacdan, daşdan düzəldilmiş allahlara qulluq edəcəksiniz.+ 37 Siz dəhşət rəmzi olacaq, dillərdə zərbi-məsələ dönəcəksiniz, Yehovanın sizi sürgün etdiyi ölkələrin camaatı içində məsxərəyə qoyulacaqsınız.+

38 Çox səpib, az biçəcəksiniz.+ Məhsulunuzu çəyirtkələr yeyəcək. 39 Üzümlüklər salıb becərəcəksiniz, şərabındansa içməyəcəksiniz, barından bir gilə belə, dərməyəcəksiniz.+ Qurdlar onun axırına çıxacaq. 40 Torpağınızın hər yerində zeytun ağacları olsa da, bədəninizə sürtməyə yağ tapmayacaqsınız, çünki bütün zeytunlar töküləcək. 41 Oğullarınız, qızlarınız olacaq, amma onları gözüdolusu görməyəcəksiniz, çünki əsir aparılacaqlar.+ 42 Ağaclarınıza, torpağınızın bəhərinə həşəratlar daraşacaq. 43 Aranızda yaşayan yadelli yüksəldikcə yüksələcək, sizsə alçala-alçala gedəcəksiniz. 44 Siz ona yox, o, sizə borc verəcək.+ O, baş olacaq, siz isə quyruq.+

45 Allahınız Yehovanın sözünə qulaq asmadığınız, sizə buyurduğu qayda və qanunlara riayət etmədiyiniz üçün bütün bu lənətlər+ yaxanızdan yapışıb sizə zərbələr endirəcək, ta o vaxta qədər ki, tam məhv olasınız.+ 46 Bu lənətlər sizin də, övladlarınızın da üstündə bir nişan, bir əlamət olacaq.+ 47 Ona görə ki, bolluqda yaşayanda Allahınız Yehovaya sevinclə, könül xoşluğu ilə qulluq etmədiniz.+ 48 Yehova düşmənlərinizi üstünüzə göndərəcək. Ac-susuz+, yarıçılpaq, hər şeydən korluq çəkə-çəkə onlara qulluq edəcəksiniz.+ O, boynunuza dəmir boyunduruq salacaq. Siz məhv olmayınca bu boyunduruq boynunuzdan çıxmayacaq.

49 Yehova uzaqdan, dünyanın o tayından sizə qarşı bir xalq+, dilini bilmədiyiniz bir xalq qaldıracaq.+ Onlar qartal kimi üstünüzə şığıyacaq.+ 50 Bu xalq vəhşi görkəmli, qocaya hörmət qoymayan, uşağa rəhmi gəlməyən bir xalqdır.+ 51 Onlar sizin axırınıza çıxanadək mal-heyvanınızın balalarını, torpağınızın bəhərini yeyəcəklər. Onların əlindən nə taxıl, nə şərab, nə yağ, nə bir buzov, nə də bir quzu qalacaq.+ Axırda məhv olub gedəcəksiniz. 52 Onlar ölkənizin bütün şəhərlərini mühasirəyə alıb sizi orada dustaq edəcək, axırda güvəndiyiniz hündür, möhkəm divarlarınızı yerlə yeksan edəcəklər. Bəli, Allahınız Yehovanın sizə verdiyi ölkədəki bütün şəhərləri mühasirəyə alacaqlar.+ 53 Düşmən mühasirəsində ikən çəkdiyiniz zillətə görə Allahınız Yehovanın sizə verdiyi övladlarınızı, oğul və qızlarınızı yeyəcəksiniz.+

54 Hətta aranızdakı ən ürəyiyumşaq, ən həssas kişinin belə, qardaşına, qoynundakı arvadına, sağ qalan övladlarına rəhmi gəlməyəcək, 55 yediyi övladlarının ətindən onlara verməyəcək, çünki düşmən mühasirəsində olan şəhərdəki ağır vəziyyətə görə yeməyə başqa heç nəyi olmayacaq.+ 56 Həmçinin aranızdakı ən zərif+, ən həssas, ədasından yalın ayağını yerə basmayan qadının belə, sevgili ərinə, oğluna, qızına rəhmi gəlməyəcək, 57 düşmən mühasirəsində çəkdikləri zillət elə güclü olacaq ki, dünyaya gətirdiyi övladının ətindən, hətta bətnindən çıxan ciftdən belə, onlara verməyəcək, özü xəlvətcə yeyəcək.

58 Əgər bu kitabda yazılan Qanunun sözlərinə dəqiqliklə əməl etməsəniz,+ Allahınız Yehovanın+ əzəmətli, zəhmli adından+ qorxmasanız, 59 Yehova sizi və övladlarınızı dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə,+ sağalmaz, əzablı xəstəliklərə mübtəla edəcək. 60 O, Misirin qorxduğunuz bütün xəstəliklərini təzədən başınıza gətirəcək, onlardan yaxa qurtara bilməyəcəksiniz. 61 Üstəlik, Yehova bu kitabda adı çəkilməyən xəstəlik və bəlaları da canınıza salıb sizi qıracaq. 62 Göydəki ulduzlar qədər çox+ olsanız da, cəmi-cümlətanı bir neçə nəfər qalacaqsınız,+ çünki Allahınız Yehovanın sözünə qulaq asmadınız.

63 Bir zamanlar Yehova sizi firavanlığa çatdırmaqdan, sayınızı artırmaqdan necə zövq alırdısa, sizi məhv edib adınızı yer üzündən silməkdən də Yehova elə zövq alacaq. Alacağınız torpaqdan köklü-köməcli qoparılıb atılacaqsınız.

64 Yehova sizi yerin bir ucundan o biri ucunadək yaşayan xalqların arasına səpələyəcək.+ Orada nə özünüzün, nə də ata-babalarınızın tanıdığı, ağacdan, daşdan düzəldilən allahlara qulluq edəcəksiniz.+ 65 O xalqlar arasında yaşayarkən dinclik tapmayacaqsınız,+ ayağınızı uzadıb dincəlməyə yeriniz olmayacaq. Yehova orada ürəyinizi həyəcanla dolduracaq,+ gözlərinizin nurunu alacaq, sizi çarəsizliyə düçar edəcək.+ 66 Həyatınız tükdən asılı olacaq, gecəniz-gündüzünüz səksəkə içində keçəcək, bu gündən sabaha ümidiniz olmayacaq. 67 Qorxu ürəyinizi elə yeyib-parçalayacaq, gözləriniz elə şeylər görəcək ki, səhər açılanda “kaş axşam olaydı”, axşam düşəndə isə “kaş səhər olaydı” deyəcəksiniz. 68 Sizə “bu yolu bir də getməyəcəksiniz” dediyim yolla Yehova sizi gəmilərdə Misirə geri qaytaracaq. Orada özünüzü qul-qarabaş kimi düşmənlərinizə satacaqsınız, amma alan olmayacaq».

29 Huribdə bağladığı əhddən başqa Muab ölkəsində Yehovanın Musaya israillilərlə bağlamağı əmr etdiyi əhdin sözləri bunlardır.+

2 Musa bütün israilliləri toplayıb onlara xitab etdi: «Yehovanın Misir torpağında firona, onun adamlarına və bütün o məmləkətə nələr etdiyini,+ 3 çıxardığı böyük hökmləri, göstərdiyi möcüzə və əlamətləri öz gözlərinizlə görmüsünüz.+ 4 Ancaq Yehova bu günə qədər sizə anlamağa ağıl, görməyə göz, eşitməyə qulaq verməyib.+ 5 “Sizə səhrada bələdçilik etdiyim bu qırx il+ ərzində əyninizin paltarı süzülmədi, ayağınızın səndəli cırılmadı.+ 6 Nə çörək yediniz, nə mey-şərab içdiniz. Amma Mən sizin qayğınıza qaldım ki, Allahınız Yehova olduğumu biləsiniz”. 7 Axırda bura gəlib çıxdınız. Həşbun padşahı Sihun+ və Başan padşahı Oq+ qarşımıza çıxıb bizimlə vuruşdu, amma biz onları məğlub etdik.+ 8 Sonra ölkələrini ələ keçirib irs olaraq rubənlilərə, cadlılara və Mənəssə qəbiləsinin yarısına verdik.+ 9 Odur ki, bu əhdin sözlərinə tabe olub onlara əməl edin. Onda hər işiniz uğurlu olar.+

10 Bu gün hamınız, qəbilə başçıları, ağsaqqallar, məmurlar, İsrailin bütün kişiləri, 11 uşaqlar, qadınlar,+ aranızda yaşayan, odun yarandan su daşıyana kimi bütün yadellilər+ Allahınız Yehovanın qarşısında dayanmısınız ki, 12 Allahınız Yehova and içərək sizinlə əhd bağlasın. Allahınız Yehova sizinlə bu gün əhd bağlayır ki,+ 13 sizə söz verdiyi və ulu babalarınız İbrahimə+, İshaqa+, Yaquba+ and içdiyi kimi, siz Onun xalqı olasınız+, O da sizin Allahınız+.

14 Mən andla təsdiq edilən bu əhdi yalnız sizinlə deyil, 15 həm də hazırda bizimlə birgə Allahımız Yehovanın önündə dayananlarla və bu gün bizimlə burada olmayanlarla bağlayıram. 16 (Misirdə nə gündə yaşadığımızı, yol boyu müxtəlif xalqların içindən necə keçdiyimizi+ yaxşı bilirsiniz. 17 Bu xalqlarda olan iyrənc şeyləri, onların ağacdan, daşdan, gümüşdən və qızıldan düzəldilmiş murdar bütlərini gözlərinizlə gördünüz+.) 18 Diqqətli olun ki, aranızda ürəyi Allahımız Yehovadan dönüb bu xalqların allahlarına qulluq edən kişi, qadın, ailə, yaxud qəbilə olmasın.+ İçinizdə zəhərli meyvə verən, yovşan yetirən kök gizlənməsin.+

19 Bu andı eşidənlərdən kimsə ürəyində qürrələnər, “ürəyim nə istəyir onu da edəcəyəm, mənə heç nə olan deyil” deyib qarşısında hər şeyi məhv edərsə, 20 Yehova həmin adamı bağışlamayacaq.+ Əksinə, ona qarşı Yehovanın qəzəbi alovlanacaq, bu kitabda yazılan lənətlər hökmən onu yaxalayacaq,+ Yehova onun adını göylər altından siləcək. 21 Yehova həmin adamı İsrail qəbilələrindən ayıracaq, bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan bütün lənətlərə düçar edib bəlaya salacaq.

22 Övladlarınızın övladları, uzaq diyarlardan gələn yadellilər bu ölkənin başına gələn müsibətləri, Yehovanın onu düçar etdiyi bəlaları, 23 torpağın kükürdlə, duzla örtülüb yandığını, bir qarışının belə, əkilmədiyini, cücərti vermədiyini, orada heç ot-ələfin belə, bitmədiyini, Yehovanın qeyz-qəzəblə alt-üst etdiyi Sədumla Əmurənin,+ Adma ilə Səbuyimin+ gününə düşən bu ölkəni görəndə 24 onlar da, onlarla bir yerdə bütün xalqlar da deyəcəklər: “Nəyə görə Yehova bu ölkəni bu kökə salıb?+ Onu bu cür qəzəbləndirən nə olub görəsən?” 25 Onda onlara belə cavab verəcəklər: “Ata-babalarının Allahı Yehova onları Misir diyarından çıxaranda onlarla əhd bağlamışdı.+ Onlar həmin əhdi pozublar.+ 26 Gedib tanımadıqları yad allahlara qulluq ediblər, səcdə qılıblar, halbuki O, bu allahlara ibadət etməyi onlara qadağan etmişdi.+ 27 Yehovanın da bu ölkəyə qəzəbi kükrəyib və ölkəni onların kitabında yazılan bütün lənətlərə düçar edib.+ 28 Yehova qeyzindən, şiddətli qəzəbindən onları yaşadıqları torpaqdan köklü-köməcli qoparıb qürbətə sürgün edib.+ Onlar indiyə kimi də oradadırlar”.+

29 Bütün qeybləri bilən Allahımız Yehovadır,+ amma O açmaq istədiyini bizə və övladlarımıza həmişəlik etibar edib ki, Qanununun hər kəlməsinə əməl edək.+

30 Bütün bu sözlər, qarşınıza qoyduğum xeyir-dua və lənətlər+ gerçəkləşəndə və Allahınız Yehovanın sizi səpələdiyi+ xalqların arasında bunları yadınıza salanda+ 2 özünüz və övladlarınız bütün qəlbinizlə, bütün varlığınızla+ Allahınız Yehovaya sarı dönüb+ Onun sözünə, bu gün sizə buyurduğum əmrlərə itaət etsəniz, 3 Allahınız Yehova əsir düşənlərinizi geri qaytaracaq.+ Allahınız Yehova rəhm edib+ sizi pərən-pərən saldığı xalqların arasından toplayacaq.+ 4 Hətta dünyanın qurtaracağında da olsanız, Allahınız Yehova sizi yığıb geri qaytaracaq.+ 5 Yehova Allahınız sizi ata-babalarınızın sahib olduğu ölkəyə gətirəcək, ora sizin olacaq. O, sizi ağ günə çıxaracaq, sayınızı ata-babalarınızın sayından da çox edəcək.+ 6 Allahınız Yehova sizin də, övladlarınızın da ürəyini saf edəcək*+ ki, Allahınız Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və sağ qalıb yaşayasınız.+ 7 Allahınız Yehova sizə nifrət edib zülm verən düşmənlərinizi bütün bu lənətlərə düçar edəcək.+

8 Onda siz düz yola gəlib Yehovanın sözünə qulaq asacaq və bu gün sizə çatdırdığım əmrlərinə riayət edəcəksiniz. 9 Allahınız Yehova əlinizin zəhmətinə xeyir-bərəkət verəcək,+ övlad sarıdan bol olacaqsınız. Mal-heyvanınız artımlı, torpağınızın məhsulu zəngin olacaq. Bəli, Yehova ata-babalarınızı firavanlıqda yaşatmaqdan necə zövq alırdısa, sizi də firavanlığa çıxarmaqdan elə zövq alacaq.+ 10 Çünki onda siz Allahınız Yehovanın sözünə qulaq asacaq, bu Qanun kitabında yazılmış əmrlərinə və qanunlarına riayət edəcək, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Yehovaya sarı dönəcəksiniz.+

11 Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil.+ 12 O, göydə deyil ki, deyəsiniz: “Kim göyə çıxıb onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?”+ 13 Yaxud da dənizin o tayında deyil ki, deyəsiniz: “Kim dənizin o tayına gedib onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?” 14 Qanunun sözü sizin lap yanınızda, dilinizdə, ürəyinizdədir+ ki, onu yerinə yetirəsiniz.+

15 Budur, bu gün qarşınıza həyatla xoşbəxtlik, ölümlə bədbəxtlik qoyuram.+ 16 Əgər Allahınız Yehovanın bu gün sizə çatdırdığım əmrlərinə qulaq asıb Onu sevsəniz,+ Allahınız Yehovanın yolu ilə getsəniz, əmrlərinə, qanun və hökmlərinə riayət etsəniz, onda yaşayacaq,+ günü-gündən çoxalacaqsınız. Allahınız Yehova tutacağınız ölkədə sizi çoxlu nemət sahibi edəcək.+

17 Amma əgər ürəyiniz Allahdan dönərsə,+ Onun sözünə qulaq asmayıb başqa allahlara səcdə qılar, onlara qulluq edərsinizsə,+ 18 onda bilin və agah olun, hökmən məhv olacaqsınız.+ İordanı keçib tutacağınız diyarda çox yaşamayacaqsınız. 19 Bu gün göyü və yeri sizə qarşı şahid tuturam ki, qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum.+ Həyatı seçin ki, özünüz də, övladlarınız da sağ qalasınız,+ 20 Allahınız Yehovanı sevib,+ sözünə qulaq asıb, Ona bağlanıb yaşayasınız.+ Çünki Yehova sizin həyatınızdır. Ulu babalarınız İbrahimə, İshaqa və Yaquba sizə verməyi and içdiyi diyarda uzun zaman yaşamağınız məhz Ondan asılıdır».+

31 Bundan sonra Musa israillilərin qarşısına çıxıb onlara bu sözlərlə xitab etdi: 2 «Yaşım yüz iyirmini haqlayıb.+ Sizə artıq başçılıq edə bilməyəcəyəm. Yehova mənə deyib ki, İordanın o tayına keçməyəcəyəm.+ 3 Çayı keçəndə başınızın üstündə Allahınız Yehova gedəcək, qarşınızdakı xalqları O Özü məhv edəcək, siz də onların torpaqlarını ələ keçirəcəksiniz.+ Yehovanın dediyi kimi, sizi o taya Yuşə keçirəcək.+ 4 Yehova amori padşahları Sihunla+ Oqu+ məhv edərkən onların və məmləkətlərinin başına nələr gətirmişdisə, bu xalqların da başına eyni şeyi gətirəcək.+ 5 Yehova onları qarşınızda darmadağın edəcək. Onlarla necə buyurmuşamsa, elə rəftar etməlisiniz.+ 6 Cəsur olun, möhkəm olun!+ Onlardan qorxmayın, təlaş etməyin.+ Allahınız Yehova sizinlə gedir. O, sizi atmayacaq».+

7 Musa Yuşəni çağırıb bütün İsrailin qarşısında ona dedi: «Cəsur ol, möhkəm ol!+ Bu xalqı Yehovanın ata-babalarına onlara verməyi and içdiyi ölkəyə sən aparacaqsan, ölkəni irs olaraq onlara sən verəcəksən.+ 8 Yehova qarşında gedəcək. O, həmişə səninlə olacaq,+ heç vaxt səni atmayacaq. Qorxma, təlaşa düşmə».+

9 Sonra Musa bu Qanunu yazıb+ Yehovanın Əhd sandığını daşıyan lavili kahinlərə və İsrailin bütün ağsaqqallarına verdi. 10 Musa onlara əmr edib dedi: «Hər yeddi ilin sonunda, borcdan azad etmə ilində təyin olunmuş vaxtda,+ Çardaqlar bayramında+ 11 bütün İsrail Allahınız Yehovanın hüzurunda durmaq üçün+ Onun seçdiyi yerə gələndə Qanunu xalqa oxuyun, qoy hamı eşitsin.+ 12 Kişiləri, qadınları, uşaqları, şəhərlərinizdə yaşayan yadelliləri bir yerə yığın+ ki, hamı qulaq asıb Allahınız Yehovadan qorxmağı öyrənsin və bu Qanunun bütün sözlərinə diqqətlə əməl etsin. 13 Onda onların bu Qanunu bilməyən övladları qulaq asıb+ Allahınız Yehovadan qorxmağı öyrənər və İordanı keçib sahib olacağınız ölkədə ömürlərinin hər gününü Allah qorxusu ilə yaşayarlar».+

14 Sonra Yehova Musaya dedi: «Ölüm günün yaxınlaşıb.+ Yuşəni çağır, birlikdə Hüzur çadırına girin. Onu başçı təyin edəcəyəm».+ Musa ilə Yuşə Hüzur çadırına girdilər. 15 Bu zaman Yehova bulud sütununda çadırın yanında zühur etdi. Bulud sütunu çadırın girəcəyində durdu.+

16 Yehova Musaya dedi: «Bir azdan gözlərini həyata yumacaqsan. Bu xalq gedəcəkləri ölkədə qonşu xalqların allahlarına sitayiş etməyə* başlayacaq.+ Məni atacaq,+ onlarla bağladığım əhdi pozacaqlar.+ 17 Onda qəzəbim püskürəcək,+ bu xalqı atacağam,+ onlardan üz döndərəcəyəm.+ Hamısı məhv olub gedəcək. Başları daşdan-daşa dəyəndən sonra, çox müsibətlər çəkəndən sonra+ deyəcəklər: “Allahımız bizimlə deyil, ona görə başımıza bu müsibətlər gəlir”. + 18 Lakin başqa allahlara üz tutub gördükləri şər işlərə görə Mən onlara tərəf belə, baxmayacağam.+

19 İndi isə bu nəğməni yazıb+ israillilərə öyrədin.+ Qoy bu nəğməni öyrənsinlər. Nəğmə İsrail xalqına qarşı Mənim şahidim olacaq.+ 20 Onları ata-babalarına vəd etdiyim ölkəyə,+ süd-bal axan diyara+ gətirib çıxaranda, orada qarınları tox, şad-xürrəm yaşayanda+ başqa allahlara üz tutub onlara qulluq edəcəklər, Mənə hörmətsizlik edəcək, əhdimi pozacaqlar.+ 21 Başları çox müsibətlər, fəlakətlər çəkəndə+ bu nəğmə onlara qarşı şahidlik edəcək (onların övladları bu nəğməni unutmamalıdırlar). Çünki and içdiyim torpağa gedib çıxmamışdan nəyə meyil saldıqları Mənə yaxşı məlumdur».+

22 Musa elə həmin gün bu nəğməni yazdı və israillilərə öyrətdi.

23 O*, Nun oğlu Yuşəyə+ tapşırıb dedi: «Cəsur və möhkəm ol!+ Çünki israilliləri and içib vəd etdiyim torpağa sən aparacaqsan.+ Mən səninlə olacağam».

24 Musa Qanunun bütün sözlərini kitaba yazıb+ qurtaran kimi 25 Yehovanın sandığını daşıyan lavililərə göstəriş verib dedi: 26 «Bu Qanun kitabını+ aparıb Allahınız Yehovanın Şəhadət sandığının yanına qoyun.+ O, sizə qarşı şahidlik edəcək. 27 Çünki mən sizin asiliyinizə,+ dikbaşlığınıza+ yaxşı bələdəm. Əgər mən sağ ola-ola Yehovaya qarşı belə asilik edirsinizsə, gör mən öləndən sonra nələr edəcəksiniz! 28 Qəbilələrinizin bütün ağsaqqallarını, məmurları yanıma çağırın. Bütün bu sözləri onlara söyləyib yeri və göyü onlara qarşı şahid tutacağam.+ 29 Çünki bilirəm ki, mən öləndən sonra azğınlaşacaq,+ sizə buyurduğum yoldan dönəcəksiniz və Yehovanın gözündə şər iş gördüyünüz, əllərinizin işi ilə Onu təhqir etdiyiniz üçün axırda başınız müsibətlər çəkəcək».+

30 Sonra Musa nəğmənin sözlərini bütün İsrail icmasının qarşısında başdan-axıradək söylədi:+

32 «Qulaq verin, ey göylər, görün nə deyirəm;

Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri.

 2 Nəsihətim yağmur olub yağacaq,

Sözlərim şeh olub damacaq,

Çəmənliyə çisələyən narın yağışlar kimi,

Yaşıllığa tökülən leysanlar kimi.

 3 Yehovanın adını bəyan edərəm.+

Allahımızın böyüklüyünü vəsf edin!+

 4 Qayadır O, hər işi mükəmməl,+

Bütün yolları haqq,+

Nahaq iş görməyən+ etibarlı+ Allah.

Adildir, haqdır O.+

 5 Onlar isə rəzillik etdilər;+

Yox, onlar Onun övladları deyil. Özləri qüsurludur.+

Yolunu azmış, pozğun nəsil!+

 6 Budur sizin Yehovaya şükranınız,+

Ey axmaq, səfeh qövm?+

Məgər sizi yoxdan var edən Atanız O deyil?+

O deyilmi sizi xəlq edən, ayağa qaldıran?

 7 Keçmiş çağları yada salın,

Ötən nəsillərin yaşadığı illərə boylanın,

Atalarınızdan xəbər alın, sizə desinlər,+

Ağsaqqallarınızdan sorun, danışsınlar.

 8 Haqq-Taala xalqlara miras verəndə,+

Adəm övladlarını* bir-birindən ayıranda,+

Sərhədlərini elə cızdı ki,+

İsrail oğulları saylarına görə pay alsın.+

 9 Axı bu xalq Yehovanın payıdır,+

Yaqub Onun irsidir.+

10 Onu çöl-biyabanda gördü,+

Kimsəsiz, qurd-quş ulaşan səhrada tapdı.+

Onun başına dolandı, nazını çəkdi,+

Göz bəbəyi kimi qorudu.+

11 Yuvasını silkələyən,

Balalarının üstündə süzən,

Qanadlarını gərib onları tutan,

Pərlərinin üstündə aparan qartal kimi,+

12 Yehova onu apardı.+

Tək apardı, Onunla özgə bir allah olmadı.+

13 Yer üzünün hündür zirvələrini ona ram etdi,+

Onu zəmilərin neməti ilə bəslədi,+

Qayalardan süzülən bal,

Daşlardan çəkilən yağ canına qüvvət verdi,

14 Naxırın yağı ilə, qoyun-keçi südü ilə,

Piyli qoyunlarla,

Başan qoçları ilə, təkələrlə,

İri dənli buğdalarla onu bəslədi.+

Üzümün qanından, şərabdan içdin.

15 Yeşurun* piy bağlayanda sahibinə asi çıxıb şıllaq atdı.

Piy bağlamısan, şişib dərinə sığmırsan!+

O, Yaradanını, Allahı atdı,+

Onu xilas edən Qayaya xor baxdı.

16 Onlar yabançı allahlarla Onu acıqlandırdılar.+

İyrənc əməllərlə Onu təhqir etdilər.+

17 Allaha yox, cinlərə,

Tanımadıqları allahlara,

Təzəlikcə peyda olmuş,

Ata-babalarınızın eşidib-bilmədiyi allahlara qurban gətirdilər.+

18 Sənə atalıq edən Qayanı unutdun,+

Sənə həyat verən Allahı yada salmadın.+

19 Yehova bunu görüb onları rədd eylədi,+

Axı oğul-qızları Onu təhqir elədi.

20 O dedi: “Onlardan üzümü döndərəcəyəm,+

Onda görəcəyəm aqibətlərini.

Pozğun nəsil,+

Vəfasız övladlar.+

21 Məni allah olmayan şeylərlə acıqlandırdılar.+

Puç bütləri ilə məni təhqir etdilər.+

Mən də onları xalq adına layiq olmayanlarla pərt edəcəyəm,+

Axmaq bir xalqla təhqir edəcəyəm.+

22 Qəzəbim od püskürür,+

Bu odun atəşi Məzarın* dərinliklərinədək çatır,+

Yeri, onun bütün bəhrəsini yandırıb-yaxacaq,

Dağların özülü zəbanə çəkərək yanacaq.

23 Bəlalarının üstünə bəla göndərəcəyəm,

Oxdanımı onların üstünə boşaldacağam.

24 Aclıq onlarda hal qoymayacaq,+

Qızdırma içində qovrulacaqlar, tar-mar ediləcəklər.+

Onları yırtıcı heyvanların dişinə verəcəyəm,+

Torpaqda sürünənlərin zəhərli dişinə tuş edəcəyəm.

25 Bayırda qılınc əhədlərini kəsəcək,+

Evdə dəhşət tüğyan edəcək.+

Gənc oğlanın da, cavan qızın da,

Çağanın da, ahılın da payı bu olacaqdır.+

26 Mən çoxdan deyərdim: “Qalxıb onları pərən-pərən edəcəyəm,

Adlarını yaddaşlardan siləcəyəm”.

27 Ancaq düşmənlərin rişxəndini göz önünə gətirdim,+

Yağıların yanlış yerə yozmağını istəmədim.+

Yoxsa deyərdilər: “Biz güclü çıxdıq,+

Bu işdə Yehovanın əli yoxdur”.

28 Onlar düşüncəsiz* xalqdır,

Hamısı qanmazdır.+

29 Kaş ki ağılları olaydı!+ Onda bir az düşünərdilər.+

Axırlarını fikirləşərdilər.+

30 Bir nəfər min nəfəri necə təqib edə bilər?

İki nəfər on min adamı necə qova bilər?+

Çün onların Qayası onları atdı,+

Yehova onları tərk etdi.

31 (Yağıların qayası Qayamıza tay deyil,+

Bunu özləri də dərk edirlər.)+

32 Tənəkləri Sədum tənəklərindən,

Əmurə bağlarındandır.+

Üzümlərinin hər giləsi zəhər tuluğu,

Salxımları zəqqumdur.+

33 Şərabları zəhrimar,

Amansız ilan* ağısı.

34 Bunu möhür altında,

Anbarımda saxlayıram.+

35 Qisas Mənimdir, əvəzi Mən çıxacağam,+

Vaxtı çatanda ayaqları sürüşəcək.+

Onların fəlakət günü yaxındır.

Aqibətləri astanadadır”.

36 Yehova Öz xalqını sorğu-suala çəkəcək.+

Lakin güclərinin tükəndiyini,

Yalnız biçarələrin, zavallıların qaldığını görəndə

Qullarına rəhmi gələcək.+

37 Sonra deyəcək: “Hanı allahları,+

Pənah apardıqları qayalar,

38 Qurbanlarının piyi ilə bəslədikləri,

Şərab təqdimələrini içirdikləri allahlar?+

Qoy qalxıb dadınıza yetişsinlər,

Pənahgahınız olsunlar.

39 İndi bilin, Allah Mənəm.+

Məndən başqa yoxdur allah.+

Öldürən də Mənəm, həyat verən də.+

Yaralayan da,+ şəfa verən də.+

Əlimə düşəni qurtaran olmaz.+

40 Əlimi göylərə qaldırıb

Əbədi varlığıma and içirəm,+

41 Əgər parlayan qılıncımı itiləyirəmsə,

Əlim hökmün icrası üçün qalxıbsa,+

Demək, düşmənlərimi intiqam haqlayacaq,+

Mənə asi düşənlərdən əvəz çıxacağam.

42 Oxlarımı qanla məst edəcəyəm,

Ölənlərin, əsirlərin qanı ilə.

Qılıncımı doyuracağam

Düşmən rəhbərlərinin başı ilə, cismi ilə”.

43 Ey xalqlar, Onun xalqı ilə şadlanın.+

O, qullarının qanını yerdə qoymayacaq.+

Düşmənlərindən qisas alacaq,+

Xalqının torpağı üçün kəffarə verəcək*».

44 Beləcə, Musa gəlib Nun oğlu Huşə*+ ilə birlikdə bu nəğmənin sözlərini bütün xalqa söylədi.+ 45 Söyləyib qurtarandan sonra 46 dedi: «Bu gün sizə söylədiyim xəbərdarlıq sözlərini ürəyinizə həkk edin+ ki, övladlarınıza qanunun bütün tələblərinə cidd-cəhdlə əməl etməyi aşılayasınız.+ 47 Bu, boş söz deyil, ölüm-dirim məsələsidir.+ Bu sözün sayəsində İordanı keçib tutacağınız torpaqda uzun ömür sürəcəksiniz».

48 Elə həmin gün Yehova Musa ilə danışıb dedi: 49 «Əriha ilə üzbəüz, Muab ölkəsində olan Abarimdəki+ Nəba dağına+ qalx, israillilərə verəcəyim Kənan diyarını seyr elə.+ 50 Sonra Harun Hur dağında+ ölüb ata-babalarına qovuşduğu* kimi, sən də bu dağda gözlərini həyata yumub ata-babalarına qovuşacaqsan. 51 Çünki Sin səhrasında, Qədisdəki Məriba suyunun+ yanında ikiniz də İsrail xalqının qarşısında Mənə hörmətsizlik etdiniz, israillilərin önündə müqəddəsliyimi uca tutmadınız.+ 52 İsrail xalqına verəcəyim diyarı uzaqdan görəcəksən, amma ayağını ora basmayacaqsan».+

33 Allah adamı Musa ölümündən qabaq israillilərə xeyir-dua verib+ 2 dedi:

«Yehova! O, Sinadan gəldi,+

Sairdən üstlərinə şəfəq saçdı,

Fəran dağlarından həşəmətlə nur saçdı,+

Yanında müqəddəs ordusu*,+

Sağ tərəfində cəngavərləri.+

 3 Xalqını əziz tutdu.+

Xalqın müqəddəsləri Onun əlindədir,+

Dizinin yanında oturublar,+

Sözlərini dinləyirlər.+

 4 (Musa bizə buyruq verdi, qanun verdi,+

Bunu Yaqub icmasına miras qoydu.)+

 5 Xalqın başçıları toplaşanda,+

Cəmi İsrail qəbilələri bir yerə yığılanda,+

O, Yeşuruna+ hökmdar oldu.

 6 Rubən min yaşasın, ölüm görməsin.+

Adamlarının sayı əskilməsin».+

7 Yəhudaya isə bu sözlərlə xeyir-dua verdi:+

«Eşit, ey Yehova, Yəhudanın səsini,+

Onu xalqına geri qaytar.

Özününkünü öz əlləri qoruyur,

Düşmənini yenməyə ona kömək ol».+

8 Lavi üçün dedi:+

«Tummim və Urimin+ Sənin sadiq qulundadır,+

Masahda sınağa çəkdiyin bəndəndədir.+

Məriba suyu yanında Sən onunla çəkişdin.+

 9 Ata-ana bilmədi,

Qardaş tanımadı,+

Öz belindən gələn oğullarından keçdi,

Çünki Sənin sözlərinlə yaşadı,

Sənin əhdinə vəfadar oldu.+

10 Yaquba Sənin hökmlərini,+

İsrailə Qanununu öyrədəcək.+

Qoy Sənə xoş ətir kimi buxur təqdim etsin,+

Qurbangahında yandırma qurbanı yandırsın.+

11 Ey Yehova, onun gücünü birə-beş artır,

Əllərinin işindən razı qal.

Onun üstünə qalxanların ayaqlarını qır,

Qoy ona nifrət edənlər bir də baş qaldırmasın».

12 Binyamin üçün dedi:+

«Qoy Yehovanın sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın.

Bütün günü Onun kölgəsinə sığınsın,

Kürəyinin ortasında məskən salsın».

13 Yusif üçün belə dedi:+

«Qoy Yehova onun torpağına bərəkət versin+

Göyün neməti ilə,

Şehlə, şəbnəmlə, qaynayan bulaqların suyu ilə,+

14 Günəşin böyütdüyü ən gözəl barlarla,

Hər ay yetişən ən nəfis bəhərlərlə,+

15 Ulu dağların* lətif töhfələrilə,+

Qocaman təpələrin ruzisilə,

16 Yer üzünün naz-nemətilə, cəmi sərvətilə,+

Kolda zühur Edənin+ xeyir-duasıyla.

Qoy bunlar Yusifin başından tökülsün,

Qardaşlarından seçilib ayrılanın başından yağsın.+

17 İlk doğulan buğa kimi əzəmətlidir.

Buynuzları vəhşi öküz buynuzlarıdır.

Onlarla xalqları buynuzlayacaq,

Hamısını dünyanın qurtaracağına qovacaq.

Onlar Əfraimin on minləri,+

Mənəssənin minləridir».

18 Zəbuluna belə dedi:+

«Şadlan, ey Zəbulun, hər yola çıxanda,

Sən də, ey Yəsakir, çadırında şad-xürrəm yaşa.+

19 Onlar xalqları “haydı dağa” deyib səsləyəcəklər.

Orada salehlik qurbanları kəsəcəklər.

Onlar dəryaların sərvətini,

Qumda gizlədilmiş xəzinələri çəkib çıxaracaqlar».

20 Cada dedi:+

«Cadın sərhədlərini genişləndirənə alqış olsun!+

O, şir kimi marığa yatıb,

Şikarının qolunu, başını qoparmağa hazırdır.

21 Ən yaxşı yeri özünə götürür,+

Qanunverənin ayırdığı pay oradadır.+

Xalqın başçıları bir yerə cəm olacaq.

O, İsrail üçün Yehovanın ədalətini bərqərar edəcək,

Onun hökmlərini həyata keçirəcək».

22 Dana dedi:+

«Dan bala şirdir.+

Başandan sıçrayıb çıxacaq».+

23 Niftalı üçün dedi:+

«Yehovanın lütfü,

Nemətləri başından tökülən Niftalı,

Qərbə, cənuba sahib ol!»

24 Aşir üçün dedi:+

«Oğullarından yarıyan Aşir...

Qoy qardaşları ona hüsn-rəğbət göstərsin.

Qoy o, ayaqlarını yağda yusun*.

25 Darvazanın kilidi misdir, dəmirdir.+

Dincliyin ömrünün günləri ilə qoşa addımlayacaq.

26 Sənə kömək etmək üçün göyləri yarıb keçən,+

Buludlara əzəmətlə süvar olan Allahın,

Yeşurunun+ Allahının+ tayı-bərabəri yoxdur.

27 Ta bineyi-qədimdən Allah pənah yeridir,+

Səni əbədi qolları üstündə gəzdirir.+

Önündən düşmənlərini qovacaq,+

“Yox edin onları!” hayqıracaq.+

28 İsrail arxayınçılıq içində yaşayacaq.

Taxıl, şərab diyarında,+

Göylərindən şeh daman torpaqda+

Yaqubun çeşməsinə dəyib-dolaşan olmayacaq.

29 Nə bəxtəvərsən, ey İsrail!+

Hanı sənin kimisi?+

Qurtuluşun Yehovadandır,+

O, sənin qalxanındır,+

Möhtəşəm qılıncındır.

Düşmənlərin önündə diz çökəcək+,

Onların kürəyini* tapdalayacaqsan».

34 Musa Muab çöllüyündən Nəba dağına+ gedib, Əriha+ ilə üzbəüz olan Fizqənin təpəsinə çıxdı.+ Yehova ona bütün ölkəni, Giladdan tutmuş Dana+ qədər hər yanı, 2 bütün Niftalı, Əfraim, Mənəssə torpaqlarını, qərbdəki dənizə* qədər uzanan bütün Yəhuda torpağını,+ 3 Negevi+, xurma ağacları şəhəri Ərihanın yerləşdiyi düzənliyi, ta Sohara+ qədər bütün İordan bölgəsini+ göstərdi.

4 Yehova ona dedi: «İbrahimə, İshaqa, Yaquba and içib “övladlarına* verəcəyəm” dediyim diyar budur.+ Bu diyarı görməyə sənə izin verdim, ancaq ora qədəm basmayacaqsan».+

5 Bundan sonra Yehovanın qulu Musa Yehovanın dediyi kimi, Muab diyarında vəfat etdi.+ 6 O, Musanı Muab diyarındakı vadidə, Beyt-Faurun qarşısında torpağa tapşırdı. Onun qəbrinin yeri bu günə qədər heç kimə məlum deyil.+ 7 Musa dünyadan köçəndə yüz iyirmi yaşında idi.+ Onun gözləri nurunu itirməmişdi, canı hələ gümrah idi. 8 İsrail xalqı otuz gün Muab çöllüyündə Musanı ağladı.+ Axırda, Musa üçün tutulan yas və ağlaşma günləri başa çatdı.

9 Nun oğlu Yuşə dərin hikmətə sahib idi*, çünki Musa əlini onun üzərinə qoymuşdu.+ İsraillilər ona tabe olmağa başladılar. Yehova Musaya necə əmr etmişdisə, onlar elə də etdilər.+ 10 Lakin İsraildə daha heç vaxt Musa kimi,+ Yehovanın üzbəsurət tanıdığı+ peyğəmbər peyda olmadı. 11 Musa Misirdə firona, xidmətçilərinə və ölkəsinə Yehovanın tapşırdığı bütün möcüzə və əlamətləri göstərmişdi.+ 12 O həm də bütün İsrailin gözü qarşısında güclü əli ilə möhtəşəm, heyrətamiz işlər görmüşdü.+

Hərfən: arasında.

Hərfən: toxumlarına.

Hərfən: qardaşlarınızın.

Digər variant: Allah onu ürəkləndirib.

Krit adası.

Digər variant: qara bazaltdan.

Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.

Mənası: Yairin çadır obaları.

Ölü dəniz.

Hərfən: on sözü.

Şor dəniz, yəni Ölü dəniz.

Hərfən: oğluna.

Yaxud təkrarla; təlqin et.

Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.

Lüğətə bax.

Digər variant: onları təlaşa salıb, onları dəhşətə salıb.

Hərfən: on sözü.

Hərfən: sünnət etməli.

Hərfən: ayağınızla. Ola bilsin, burada ayaqla su çarxını fırlatmaq, su arxları qazmaq və ya suyun qabağını açmaq nəzərdə tutulur.

Hərfən: Mən. Allaha istinad edilir.

Böyük dəniz, yəni Aralıq dənizi.

Yaxud sevimli arvadınız.

Hərfən: gözlərinizin arasını. Bura alın nahiyəsi də daxil ola bilər.

Yaxud qanadlı həşəratlar.

B15 əlavəsinə bax.

Hərfən: Aşera bütü olaraq.

Hərfən: qardaşlarınızdan.

Yəni Yehovanın ibadət ocağı kimi seçdiyi yerə.

Hərfən: oddan keçirən.

Hərfən: qardaşlarınızın.

Hərfən: çöldə.

Hərfən: ona nifrət etsə.

Hərfən: ona nifrət edir.

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.

Yaxud fahişəlik.

Mesopotamiya.

Hərfən: onu rədd edər.

Cüzam kimi tərcümə olunan ibrani sözü geniş məna daşıyır və görünür, müxtəlif yoluxucu dəri xəstəliklərini, həmçinin paltara və evə düşən infeksiyaları özünə daxil edir.

Hərfən: evi.

Digər variant: fani.

Ekzema.

Hərfən: sünnət edəcək.

Hərfən: allahları ilə zina etməyə.

Görünür, Allah.

Digər variant: bəşəri.

Mənası: dürüst. İsrailə verilən şərəfli ad.

İbr. şeol. Lüğətə bax.

Digər variant: nəsihətə kar.

Hərfən: kobra.

Yaxud torpağını təmizləyəcək.

Yuşənin əsil adı. Huşə Yahın xilas etdiyi, Yah xilas etdi mənasını verən Huşiyyə adının qısa formasıdır.

İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.

Yaxud on minlərlə müqəddəsi.

Digər variant: şərqdəki dağların.

Yaxud yağa salsın.

Digər variant: səcdəgahlarını.

Böyük dəniz, yəni Aralıq dənizi.

Hərfən: toxumlarına.

Hərfən: ruhun hikməti ilə dolu idi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş