Fəsil 19
İsa Məsih samariyalı qadına təlim verir
YƏHUDEYADAN Qalileyaya gedərkən İsa Məsih və şagirdlər Samariya bölgəsindən keçməli olurlar. Onlar günorta vaxtı dincəlmək üçün Sixar şəhəri yaxınlığındakı bir quyunun yanında dayanırlar. Əsrlər öncə Yaqub peyğəmbərin qazdığı həmin quyu indi də durur və müasir Nablus şəhərinin yaxınlığındadır.
İsa Məsih dincəlmək üçün orada qalır, şagirdlər isə yeməyə bir şey almaqdan ötrü şəhərə gedirlər. Bu vaxt samariyalı bir qadın su üçün quyu başına gəlir. İsa ona müraciət edir: «Mənə içməyə su verərsən?»
Maraqlısı budur ki, yəhudilərlə samariyalılar güclü ədavət ucbatından bir-biriləri ilə danışmırlar. Buna görə də qadın təəccüblə soruşur:
— Necə olur ki, sən yəhudi ola-ola məndən — samariyalı bir qadından su istəyirsən?
— Səndən su istəyən adamın kim olduğunu bilsəydin, özün ondan su istəyərdin, o da sənə həyat suyu verərdi.
— Ağa, quyu dərindir, sənin isə su çəkməyə heç vedrən də yoxdur. Səndə həyat suyu haradandır? Məgər sən bu quyunu bizə vermiş, bütün oğulları və mal-qarası ilə birlikdə bu quyunun suyundan içmiş atamız Yaqubdan da böyüksən?
— Bu suyu içən hər bir adam yenə də susayacaq, ancaq mənim verəcəyim sudan içən adam əsla susamayacaq. Bu su onun içində qaynayan və əbədi həyat verən bir çeşmə olacaq.
— Ağa, mənə də bu sudan ver ki, bir də susamayım və bura su dalınca gəlməyim.
— Get, ərini də çağır, bura gəl.
— Mənim ərim yoxdur.
— Düz dedin, ərin yoxdur. Sənin beş ərin olub, ancaq indi yaşadığın kişi ərin deyil.
— Ağa, görürəm sən peyğəmbərsən. Bizim əcdadlarımız Allaha bu dağda [yaxınlıqdakı Gerizim dağı] ibadət ediblər, siz [yəni yəhudilər] isə deyirsiniz ki, Allaha Yerusəlimdə ibadət etmək lazımdır.
Lakin İsa Məsih aydınlaşdırır ki, ibadət üçün yer vacib deyil. O deyir: «Elə bir vaxt gəlir ki, həqiqi ibadətçilər Ataya ruhla və həqiqətlə ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır. Allah Ruhdur və Ona ibadət edənlər ruhla və həqiqətlə ibadət etməlidirlər».
İsanın bu sözlərindən qadının ürəyi riqqətə gəlir. O deyir:
— Mən bilirəm ki, Məsih deyilən bir adam gələcək. O gələndə hər şeyi bizə açacaq.
— Həmin adam mənəm.
Bir fikir verin! Ola bilsin, həyat tərzinə görə bu qadına qonşu qadınlar pis gözlə baxırlar. Onların gözünə dəyməmək üçün suya günorta vaxtı gələn həmin qadına İsa Məsih şərəf göstərir! O, hələ heç kimə özünün kimliyini belə açıq-aşkar bildirməmişdi. Bu, nə ilə nəticələnir?
Xeyli samariyalı iman gətirir
Şagirdlər Sixar şəhərində azuqə alıb geri qayıdırlar. Onlar görürlər ki, İsa quyunun başında bir samariyalı qadınla söhbət edir. Şagirdlər gəldikdə qadın səhəngini oradaca qoyub şəhərə gedir.
İsa Məsihlə söhbətdən təəssüratlanan qadın şəhər əhlinə deyir: «Ay camaat, gedin, gördüyüm bütün işləri mənə danışan adama baxın». Qadın onların marağını oyatmaq üçün əlavə edir: «Bəlkə, Məsih elə odur?» Bu sözlər lap hədəfə dəyir. Adamlar hər şeyi öz gözləri ilə görmək üçün durub ora gedirlər.
Bu arada şagirdlər İsaya yemək təklif edirlər, lakin İsa onlara deyir: «Mənim öz yeməyim var. Sizin ondan xəbəriniz yoxdur».
Şagirdlər təəccüblə bir-birindən soruşurlar: «Məgər ona kimsə yemək gətirib?» İsa onlara izah edir: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini tamamlamaqdır. Məgər özünüz demirsiniz ki, biçinə hələ dörd ay var?» İsa ruhani biçini vurğulayaraq deyir: «Başınızı qaldırın və tarlalara baxın, məhsul yetişib və biçinə hazırdır. Biçinçi artıq əmək haqqını alır və əbədi həyat üçün məhsul yığır ki, əkən də, biçən də qoşa sevinsinlər».
Bəlkə də İsa Məsih qadınla etdiyi söhbətin bolluca bəhrə verdiyini artıq görür — bu qadının şəhadəti nəticəsində xeyli adam İsaya iman gətirir. Qadın şəhər əhlinə: «O, gördüyüm bütün işləri mənə danışdı», — deyərək şəhadət verir. Buna görə də Sixar camaatı İsanın yanına gəlib xahiş edir ki, o, yanlarında qalsın və onlarla ətraflı söhbət etsin. İsa dəvəti qəbul edir və iki gün onların yanında qalır.
Samariyalılar İsanı dinləyir və çoxlu adam ona iman gətirir. Onlar qadına deyirlər: «Biz indi yalnız sənin dediklərinə görə ona inanmırıq. Çünki onun sözlərini öz qulaqlarımızla eşitdik və bilirik ki, o, doğrudan da, dünyanın xilaskarıdır». İsa Məsihin işləri haqqında danışarkən samariyalı qadın kimi, biz də adamlarda maraq oyadıb onları daha çox öyrənməyə təşviq edə bilərik.
Onu da xatırladaq ki, İsa biçinə hələ dörd ay qaldığını deyir. Yəqin ki, Fələstində yazda başlayan arpa biçini nəzərdə tutulur. İndi haradasa noyabr, yaxud dekabr ayıdır. Deməli, 30-cu ilin Pasxa bayramından sonra İsa şagirdləri ilə təxminən səkkiz ay ərzində Yəhudeyada adamları öyrədir və vəftiz edirlər. Hal-hazırda onlar doğma Qalileya bölgəsinə gedirlər. Görəsən, orada onları nə gözləyir? Yəhya 4:3—43.
▪ Nə üçün samariyalı qadın İsanın onunla danışmağına təəccüblənir?
▪ İsa Məsih həyat suyu və ibadət yeri haqqında qadına nələri izah edir?
▪ İsa Məsih özünün kim olduğunu qadına necə bildirir? Bunu həmin qadına açıqlaması nə üçün qəribə haldır?
▪ Samariyalı qadın necə şəhadət verir və bu necə qarşılanır?
▪ İsa Məsih yeməyini biçinlə necə əlaqələndirir?
▪ Otuzuncu ilin Pasxa bayramından sonra İsanın Yəhudeyada neçə ay xidmət etdiyini necə bilmək olar?