Dərs 4. Müqəddəs Kitab kanonu
«Bibliya» sözünün mənşəyi; Müqəddəs Yazılara daxil olan kitabların kanonik olub-olmamasının müəyyən edilməsi; apokriflər.
ALLAHDAN ilham almış Müqəddəs Yazılar adətən Bibliya adlandığı üçün, «Bibliya» sözünün mənşəyini və mə’nasını tədqiq etmək faydalı olardı. Bu söz yunanca biblia sözündən əmələ gəlir, mə’nası isə «balaca kitablar» deməkdir. Öz növbəsində isə biblia sözü papirus bitkisinin daxili hissəsini bildirən biblos sözündən əmələ gəlir. Qədimdə bitkinin bu hissəsindən yazı üçün kağız hazırlayırdılar. (Misir papirusunun ixracı üçün istifadə olunan Finikiyanın dəniz limanı Gebal, Yunanıstanda Bibl kimi tanınırdıa.) Papirus üzərində yazılan hər şeyi biblia adlandırmağa başladılar. Beləliklə, biblia dedikdə hər cür məktublar, tumarlar, kitablar, sənədlər, əlyazmalar və hətta kitablar toplusu nəzərdə tutulurdu.
2 Nə qədər təəccüblü olsa da, «Bibliya» sözünə əvvəllər Müqəddəs Yazıların tərcümə edilmiş mətnlərində rast olunmurdu. Lakin b. e. ə. II əsrə yaxın İbranicə Müqəddəs Yazıların Allah tərəfindən ilhamlanmış kitablar külliyyatını yunanca ta biblia adlandırmağa başladılar. Daniel 9:2 ayəsində bu cür sözlər oxuyuruq: «Mən, Daniel... kitablardan anladım». Septuaqintada bu yerdə biblos sözünün yönlük halının cəm forması olan biblois sözü istifadə olunur. 2 Timoteyə 4:13 ayəsində Pavel yazırdı: «Gələrkən... kitabları da [yun. biblia] gətir». Biblion və biblos kimi yunan sözlərinin müxtəlif qrammatik formalarına Yunanca Müqəddəs Yazılarda 40 dəfədən artıq rast gəlinir və adətən tumar(lar) və ya kitab(lar) kimi tərcümə olunur. Sonradan biblia sözü tək halın forması kimi latın dilinə, latın dilindən isə bir çox başqa dillərə, o cümlədən Azərbaycan dilinə keçdi.
3 Allahın Kəlamıdır. Allahdan ilham almış kitabların insanlar tərəfindən yazılmasına və insanlar tərəfindən də orijinalın dillərindən müasir dillərə tərcümə edilməsinə baxmayaraq, əslində Bibliya, yə’ni Müqəddəs Kitab Allahın Kəlamı, insanlar üçün Yaradanın Özü tərəfindən ilhamlanmış vəhydir. Müqəddəs Kitabı yazan kişilər bu fikirlə razı olduqları üçün «Rəbbin ağzından çıxan... kəlmə» (Qanun. 8:3); «Rəbbin... sözləri» (Yeşua 24:27); «Rəbbin əmrləri» (Ezra 7:11); «Rəbbin qanunu» (Məz. 19:7); «Rəbbin sözü» (Yeşaya 38:4); «Allahın ağzından çıxan... söz» (Mat. 4:4) və «Rəbbin kəlamı» (1 Salon. 4:15) kimi ifadələrdən istifadə edirdilər.
«İLAHİ KİTABXANA»
4 Bu gün Müqəddəs Kitab kimi tanıdığımız kitab əslində Allahın ilhamı altında yazılmış qədim əlyazmalar toplusudur. Bu əlyazmalar 16 əsrdən artıq bir müddət ərzində yazılmış və toplanmışdır. Onların hamısı birlikdə Yeronimin münasib olaraq latınca «Bibliotheca Divina», yə’ni «İlahi kitabxana» adlandırdığı şeyi təşkil edir. Bu «kitabxananın» kataloqu, yə’ni siyahısı onun mövzusu ilə məhdudlaşan kitabların rəsmi sayı var və müəyyən tələblərə cavab verməyən hər hansı başqa kitablar bu «kitabxanaya» daxil ola bilməz. Bu tələbləri Dahi Kitabxanaçı olan Yehova Allah müəyyən edir. Buna görə də Müqəddəs Kitaba Allahın müqəddəs ruhunun tə’siri altında yazılmış yalnız 66 kitab daxildir.
5 Həqiqi qəbul olunmuş və Allahdan ilham almış Müqəddəs Yazılara məxsus olan kitablar toplusunu və ya siyahısını çox vaxt Müqəddəs Kitab kanonu adlandırırlar. Qədim dövrlərdə ölçü çubuğu timsalında taxta çubuq əvəzinə qamışdan (ibr. qane) istifadə edə bilərdilər. Həvari Pavel yunan dilində olan kanon sözünü «qayda», həmçinin xidmət etmək üçün Allahın ona tə’yin etdiyi «iş sahəsi» mə’nasında tətbiq etmişdi (Qalat. 6:16; 2 Kor. 10:13). Kanonik kitablar həqiqidir, Allah tərəfindən ilhamlanıb və düzgün imanı, təmiz tə’limi tapmaq və davranış qaydalarını müəyyən etmək üçün «ölçü çubuğu» kimi xidmət edə bilər. Əgər şaqul timsalında «düzgün olmayan» kitablardan istifadə etsək, «binamız» əyri olacaq, Baş Me’mar da onu qəbul etməyəcək.
6 Kanonik olub-olmadığını müəyyənləşdirmək. Müqəddəs Kitaba daxil olan 66 kitabın kanonik olduğunu göstərən əlamətlərdən bə’ziləri hansılardır? Birincisi, kanonik kitablar Yehovanın işləri barədə danışmalı, insanları Ona ibadət etməyə təşviq etməli və Onun adına, Yerə dair niyyətlərinə dərin hörmət hissi aşılamalıdır. Həm də bu kitabların ilhamlandığına, daha doğrusu, onların müqəddəs ruhun tə’siri altında yazıldığına dair sübutları olmalıdır (2 Pet. 1:21). Bu kitablar mövhumata və bütpərəstliyə təşviq etməli deyil, lakin Allaha məhəbbətə və Ona xidmətə səsləməlidir. Ayrılıqda götürülmüş hər bir kitab Müqəddəs Kitabın daxili uyğunluğuna ümumilikdə zidd getməməli, əksinə, onların hamısı vahid bir kitab kimi yeganə Müəllifin — Yehova Allahın xeyrinə şahidlik etməlidir. Bundan əlavə gözlənilir ki, kanonik kitablar hətta ən kiçik təfsilatlarda belə dəqiqliyi ilə fərqlənməlidir. Bu başlıca əlamətlərdən başqa, kitabların ilhamlanmış, yə’ni kanonik olduğuna dair başqa sübutlar da mövcuddur. Bu sübutlar «“Hər Müqəddəs Yazı” doğru və faydalıdır» silsiləsindən olan əvvəlki broşüralarda çap olunan Müqəddəs Kitabın ayrı-ayrı kitablarına verilmiş şərhlərdə, həm də «Hər Müqəddəs Yazı Allahdan ilham almış... faydalıdır» (ing.) kitabında göstərilir. Və nəhayət, Müqəddəs Kitab kanonunu müəyyən etməkdə bə’ziləri İbranicə Müqəddəs Yazılara, digərləri isə Yunanca Müqəddəs Yazılara aid olan xüsusi şəraitlər kömək edir.
İBRANİCƏ MÜQƏDDƏS YAZILAR
7 Kitablardan hansınısa Allahdan ilham almış Müqəddəs Yazıların bir hissəsi kimi qəbul etmək üçün heç də b. e. ə.V əsri, İbranicə kanonun bütünlüklə yazılıb qurtardığı vaxtı gözləmək lazım deyildi. İsraillilər ilk gündən Musanın kitablarının ilhamlanmış olduğunu, daha doğrusu, Allahın ruhunun tə’siri altında yazıldığını qəbul edirdilər. Yazılıb başa çatdığı vaxt üçün, Tövrat artıq kanonu təşkil edirdi. Yehovanın Öz iradəsinə dair verdiyi növbəti vəhylər Tövratın məntiqli davamı olmalı və onda yazılmış prinsiplərə tamamilə müvafiq gəlməli idi. Bu fikir, Müqəddəs Kitabın bütün kitablarına, xüsusən də birbaşa onun əsas mövzusuna — və’d olunmuş Zürriyyətin, Məsihin başçılığı altında olan Padşahlığın vasitəsilə Yehovanın adının izzətlənməsi və hökmranlığına haqq qazandırılması barəsində doğrudur.
8 İbranicə Müqəddəs Yazılarda çoxlu peyğəmbərliklər var. Yehovanın Özü Musanın vasitəsilə həqiqi peyğəmbərliklərin doğrudan da Allahdan olub-olmadığına dair əlamətləri təsvir etdi, bu isə, peyğəmbərlik kitablarının kanonik olub-olmadığını müəyyən etməkdə kömək edir (Qanun. 13:1-3; 18:20-22). İbranicə Müqəddəs Yazıların hər bir peyğəmbərlik kitabının ayrılıqda, həmçinin bütövlükdə tədqiq edilməsi və tarixi hadisələrin analizdən keçirilməsi, onlarda yazılan «sözün» «Allahın adından» deyildiyinə dair bütün şübhələri aradan qaldırır. Bu «söz» ya tam surətdə yerinə yetib, ya da ki, əgər olacaq şeylərə aiddirsə, kiçik miqyasda və ya qismən icra olunub. Bundan əlavə, bu «söz» insanları Allaha doğru dönməyə səsləyir. Əgər peyğəmbərlik bütün bu tələblərə cavab verərdisə, deməli, həqiqi idi və Allah tərəfindən ilhamlanmışdı.
9 İbranicə Müqəddəs Yazılara daxil olan kitabların əksəriyyətinin kanonik olması şübhə doğurmadan onun əsasında müəyyən olunub ki, onları İsa və müqəddəs ruhun tə’siri altında Yunanca Müqəddəs Yazıları yazanlar sitat gətirirdilər, halbuki, «Ester» və «Vaiz» kimi elə kitablar var ki, Yunanca Müqəddəs Yazılarda xatırlanmır. Hansısa kitabın kanonik olduğunu nəzərdən keçirərkən, Müqəddəs Kitabın bütün kanonu üçün tətbiq olunan vacib bir amili nəzərə almaq zəruridir. Yehova sözlərinin insanlara nəsihət kimi xidmət etməsi üçün yazılmasının qayğısına qalıb. Bu sözlər insanları möhkəmləndirməli və Ona xidmət etməyə təşviq etməli idi. Deməli, Yehova Müqəddəs Kitab kanonunun formalaşmasına da şəxsən nəzarət etməli idi. Yehova qayğı göstərməli idi ki, hər bir kəs Onun həqiqət Kəlamına daxil olan və özlüyündə həqiqi ibadət üçün möhkəm «ölçü çubuğunu» təşkil edən kitabı səhvsiz olaraq müəyyən etsin. Yalnız belə olan halda yerdəki varlıqlar ‘Allahın kəlamı vasitəsilə yenidən doğula’ və Yehovanın ‘kəlamının əbədi qaldığını’ müjdələyə bilərdilər (1 Pet. 1:23, 25).
10 İbranicə kanonun formalaşması. Yəhudi rəvayətinə görə, İbranicə Müqəddəs Yazılar kanonunun tərtibi üzrə işi Ezra başlamış, Nehemya isə başa çatdırmışdır. Şübhəsiz ki, Ezra bu işin öhdəsindən daha yaxşı gələ bilərdi, çünki o özü Allahın Kəlamının yazılmasında iştirak etmiş, həm də kahin, alim və müqəddəs kitabların bacarıqlı köçürücüsü olmuşdur (Ezra 7:1-11). İbranicə Müqəddəs Yazılar kanonunun b. e. ə. V əsrin sonuna yaxın tamamlandığına dair ümumi qəbul olunmuş fikri şübhə altına almaq üçün heç bir əsas yoxdur.
11 Bu gün İbranicə Müqəddəs Yazılar 39 kitabdan ibarətdir. Həmin 39 kitab ən’ənəvi İbranicə kanonun kitablarının tərkibinə daxil olsa da, onların sayı 24-ə bərabərdir. Bə’zi nüfuzlu mənbələrdə 22 kitab xatırlanır, lakin onlar həmin kanonik kitablardır, sadəcə olaraq «Rut» və «Hakimlər», həmçinin «Mərsiyələr» və «Yeremya» kitabları birləşdirilibb. Bu ona görə edilir ki, ilhamlanmış kitabların sayı İbrani əlifbasındakı hərflərin sayına bərabər olsun. Aşağıda ən’ənəvi İbranicə kanona müvafiq olan 24 kitabın siyahısı verilir:
Qanun (Tövrat)
1. Yaradılış
2. Çıxış
3. Levililər
4. Saylar
5. Qanunun təkrarı
Peyğəmbərlər
6. Yeşua
7. Hakimlər
8. Şamuel (1-ci və 2-ci vahid bir kitab kimi)
9. Padşahlar (1-ci və 2-ci vahid bir kitab kimi)
10. Yeşaya
11. Yeremya
12. Yezekel
13. On iki peyğəmbər (Huşə, Yoel, Amos, Avdiya, Yunus, Mikeya, Nahum, Habaqquq, Sefanya, Haqqay, Zəkəriyyə və Malaki, birlikdə vahid bir kitab kimi)
Yazılar (Agioqraflar)
14. Zəbur
15. Süleymanın məsəlləri
16. Əyyub
17. Nəğmələr nəğməsi
18. Rut
19. Mərsiyələr
20. Vaiz
21. Ester
22. Daniel
23. Ezra (Nehemyanı da özünə daxil edir)
24. Salnamələr 1-ci və 2-ci birlikdə vahid bir kitab kimi)
12 Bu siyahı, yə’ni kanon İsa Məsih və erkən məsihçi yığıncağı tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunurdu. Yunanca Müqəddəs Yazılarda yalnız bu kitablardan sitatlar gətirilir. Bu cür sitatlar çox vaxt «necə ki, yazılmışdır» sözləri ilə başlanır, bu isə onu göstərir ki, bu sözləri işlədənlər həmin kitabları Allahın Kəlamı hesab edirdilər (Rom. 15:9). İsa, onun xidmət etdiyi dövrdə mövcud olan ilhamlanmış kitabların hamısı haqqında danışarkən, «Musanın Qanununda, peyğəmbərlərin yazılarında və Məzmurlarda» yazılanlara əsaslanırdı (Luka 24:44). Burada «Məzmurlar» adı altında Agioqraflar nəzərdə tutulur, belə ki, «Zəbur» İbranicə Müqəddəs Yazıların bu hissəsinin birinci kitabıdır. İbranicə kanona daxil olan sonuncu tarixi kitab «Nehemya» kitabı oldu. Şübhəsiz ki, bu, Allahın ruhunun rəhbərliyi altında baş vermişdir, çünki Danielin «Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından» Məsihin gəlişinə kimi 69 həftənin keçməsi haqqındakı vacib peyğəmbərliyinin dayaq nöqtəsi məhz bu kitabda xatırlanır (Dan. 9:25; Neh. 2:1-8; 6:15). Bundan əlavə, Nehemya sonuncu peyğəmbərlik kitabı olan «Malaki» kitabı üçün tarixi zəmin kimi xidmət edən hadisələri təsvir etmişdir. «Malaki» kitabının kanonik olması heç bir şübhə oyatmır, çünki Allahın Oğlu olan İsanın özü bu kitabdan bir neçə dəfə sitat gətirmişdir (Mat. 11:10, 14). Yunanca Müqəddəs Yazılarda İbranicə kanonun kitablarının çoxundan sitatlar gətirilir. Onların hamısı Nehemya və Malakiyə qədər yazılmışdır, lakin orada Nehemya və Malakidən sonra, amma Məsihə qədər peyda olan, ilhamlanmış adlanan kitablardan bir dənə də olsun sitat yoxdur. Bu dəlillər ən’ənəvi İbrani kanonunu təsdiq edir, həm də eramızın I əsrinin məsihçi yığıncağının İbranicə Müqəddəs Yazıların Nehemya və Malaki kitabları ilə başa çatmasına dair fikrini təsdiq edir.
İBRANİCƏ MÜQƏDDƏS YAZILARIN APOKRİF KİTABLARI
13 Apokriflər nədir? Bu, Allah tərəfindən ilham aldığına dair dəlillər olmadığı üçün Müqəddəs Kitabın bə’zilərinə daxil olan, digərlərində isə daxil olmayan kitablardır. Yunan sözü apókrifos «gizli, məxfi» mə’nasını daşıyır (Mark 4:22; Luka 8:17; Kolos. 2:3). Namə’lum və ya şübhəli mənşəyə malik olan, həmçinin şəxsi tədqiqat üçün müəyyən maraq oyadan, lakin ilhamlandığına dair heç bir sübutu olmayan kitablara da apokriflər deyilir. Bu cür kitabların ayrı saxlandığı və xalq arasında oxunmadığı üçün onları «məxfi» adlandırırdılar. Eramızın 397-ci ilində Karfagen müşavirəsində İbranicə Müqəddəs Yazılara yeddi apokrif, həmçinin kanonik olan «Ester» və «Daniel» kitablarına əlavələr daxil etmək təklif olunmuşdur. Lakin bu əlavələr Müqəddəs Kitab siyahısına yalnız 1546-cı ildə, Trento müşavirəsində Roma Katolik kilsəsi bu əlavələri bütünlüklə qəbul edəndən sonra daxil oldu. Həmin əlavələrə Tovit, Yudif, Ester kitabına əlavələr, Süleymanın müdrikliyi, Sirax oğlu İsanın müdrikliyi, Baruk, Daniel kitabına üç əlavə, birinci və ikinci Makkaveylər kitabları daxildir.
14 Birinci Makkaveylər kitabı heç bir vəchlə ilhamlanmış kitablara aid deyil, lakin orada çox maraqlı tarixi mə’lumatlar var. Bu kitabda bizim eradan əvvəl II əsrdə Makkaveylərin kahin ailəsinin başçılığı altında yəhudilərin müstəqillik uğrunda apardıqları mübarizə təsvir olunur. Qalan apokriflər isə əfsanələr, mövhumatlar və müxtəlif yanlışlıqlarla doludur. Nə İsa, nə də ki, Yunanca Müqəddəs Yazıların yazılmasında iştirak edənlər onları heç zaman sitat gətirməmiş və xatırlatmamışlar.
15 Eramızın I əsrinin yəhudi tarixçisi İosif Flavi özünün «Apiona qarşı» (I, 39-42 [8]) əsərində yəhudilərin müqəddəs saydıqları bütün kitabları sadalayır. O yazırdı: «Bizim, öz aralarında uyğunlaşmayan və bir-birinə zidd gedən kitablarımızın sayı bir o qədər də çox deyil, tariximizin bütün hadisələrini özünə daxil edən yalnız iyirmi iki kitabdır [bunlar bu gün mövcud olan və 11-ci abzasda izah edildiyi kimi, 39 kitabdan ibarətdir] və onlar haqlı olaraq ilhamlanmış hesab olunur. Onlardan beşi — qanunları və insanın yaradılmasından Musanın ölümünə qədərki rəvayətləri daxil edən Musanın kitablarıdır. [...] Musanın ölümündən, Kserksin sələfi olan Fars padşahı Artaxşastanın hökmranlığına qədər Musadan sonra yaşayan peyğəmbərlər hadisələrin təsvirindən ibarət daha on üç kitab yazmışdılar. Qalan dörd kitaba isə Allaha həmd nəğmələri və insanlar üçün gündəlik həyatlarında nəsihətlər daxildir». İosif Flavinin sözləri təsdiq edir ki, İbranicə Müqəddəs Yazıların kanonu eramızdan əvvəl I əsrdən çox qabaqlar yaradılmışdır.
16 Müqəddəs Kitab alimi, eramızın təxminən 405-ci ilində başa çatmış Vulqatanın — Müqəddəs Kitabın latın dilinə tərcüməsinin müəllifi Yeronim apokriflərə münasibətdə öz mövqeyində olduqca qəti idi. İosif Flavi kimi o da İbranicə Müqəddəs Yazıların 39 kitabının daxil olduğu 22 ilhamlanmış kitabın siyahısını sadalamış, Vulqatanın «Şamuel» və «Padşahlar» kitablarına ön sözdə isə qeyd etmişdir: «Buraya iyirmi iki kitab daxildir. [...] Bu proloq, ibrani dilindən latın dilinə tərcümə etdiyimiz bütün kitabların bərkidilmiş başlanğıcı ola bilər, beləliklə bizə mə’lum olsun ki, bundan artıq olanların hamısını apokriflər hesab etmək olar».
YUNANCA MÜQƏDDƏS YAZILAR
17 Roma Katolik kilsəsi Müqəddəs Kitab kanonunun tərtib edilməsindəki böyük rolu özünə aid edir və Müqəddəs Yazıların kataloqunun təsdiq olunduğu Karfagen müşavirəsinə (eramızın 397-ci ili) istinad edir. Lakin bu heç də belə deyil, çünki kanon, o cümlədən Yunanca Müqəddəs Yazıların siyahısı həmin vaxt artıq tərtib edilmişdi və bu iş ümumdünya kilsə məclisinin fərmanı sayəsində deyil, Allahın müqəddəs ruhunun — bu kitabların yazılmasına tə’sir göstərən ruhun rəhbərliyi sayəsində həyata keçmişdir. Kanonun öz üzərlərində müqəddəs ruhun tə’sirini hiss etməyən bir qədər sonrakı tərtibçilərinin fikirləri, Allahın ruhu tərəfindən müəyyən edilmiş Müqəddəs Kitab kanonunun əlavə təsdiqi kimi xidmət edir.
18 Erkən kataloqlar. Müşayiətedici cədvəldən görünür ki, Yunanca Müqəddəs Yazılardakı kitabların sayı eramızın IV əsrinin bir çox kataloqlarında, yə’ni yuxarıda xatırlanan müşavirələrə qədər müəyyən edilmiş sayı, müasir kanona bütünlüklə müvafiq gəlir, bə’zi kataloqlarda isə yalnız «Vəhy» kitabı buraxılmışdır. Eramızın II əsrinin sonuna yaxın hər yerdə dörd Müjdəni, Həvarilərin işlərini və həvari Pavelin məktublarından 12-ni qəbul edirdilər. Bir sıra vilayətlərdə, görünür, əvvəlcə bu və ya digər səbəblərdən geniş yayılmadıqları üçün ancaq bə’zi qısa məktubları şübhə altına alırdılar, bunun üçün də onlar bir qədər sonradan kanonlaşdırıldı.
19 Diqqəti xüsusilə cəlb edən kataloqlardan biri — L. A. Muratori tərəfindən Milanın Ambroziana (İtaliya) kitabxanasında tapılmış və onun 1740-cı ildə çap olunmuş sənəddir. Bu sənədin əvvəli itirilmişdir, lakin Lukanın Müjdəsi orada üçüncü sadalanır, deməli, birinci olaraq Mattanın və Markın Müjdələri xatırlanmalı idi. Latın dilində yazılan və bizim eranın II əsrinə aid edilən, hal-hazırda «Muratori fraqmenti» kimi tanınan bu sənəd böyük maraq doğurur. Bir parçanın tərcüməsinə baxaq: «Müjdənin üçüncü kitabı Luka tərəfindən yazılmışdır. Tanınmış həkim olan Luka... bu kitabı öz adından yazmışdır. [...] Dördüncü Müjdə şagirdlərdən [birinə], Yəhyaya məxsusdur. [...] Beləliklə, Müjdədən müxtəlif konkret şeylər haqqında nə oxuya biləcəklərinə baxmayaraq, bu, məsihçilərin imanına tə’sir etmir, çünki bütün [Müjdələrdə] bəyan olunanların hamısı bir Ruh ilə söylənib: doğulmağa, ehtiraslara, dirilməyə, şagirdlərlə yaşamasına, onun ikiqat gəlişinə; birincisi — hörmətsizlikdə, iztirablara tab gətirərkən, ikincisi — izzətdə, gələcəkdə olacaq padşahlıq şərəfində. Təəccüblü olan odur ki, əgər Yəhya bütün bunları öz məktublarında bu cür dəqiqliklə xatırladırsa və eyni zamanda özü «gözümüzlə gördüyümüzü və qulaqlarımızla eşitdiyimizi və əllərimizin hiss etdiyini, — biz sizə bütün bunları yazdıq» deyirsə, o, [özünü] yalnız hər şeyi görən və eşidən deyil, həm də Rəbbin bütün mö’cüzəli işlərini ardıcıllıqla yazan şəxs adlandırır. Bundan əlavə, bütün həvarilərin gördükləri işlər bir kitabda yazılıb. Möhtərəm Teofil üçün Luka ayrı-ayrı hadisələri toplamışdır. [...] Pavelin məktublarına gəlincə isə, onların özü necə əmələ gəldiyini, kim tərəfindən yazıldığını və hansı məqsədlə göndərildiyini başa düşmək istəyən hər bir kəsə izah edir. Birincisi, Korinflilərə — onların bid’ətçi ayrılığını qadağan edən; növbəti Qalatiyalılara — sünnət edilməyə qarşı; sonra Romalılara məktubunda Yazıların ardıcıllığını, həm də onların əsas mövzusunun Məsih olduğunu ətraflı izah etmişdir. Biz onları bir-birinin ardınca müzakirə etməliyik, çünki xeyir-dua almış həvari Pavel sələfi olan Yəhyanın nümunəsini təqlid edərək adbaad ancaq yeddi cəmiyyətə növbəti ardıcıllıqla müraciət edir: Korinflilərə birinci, Efeslilərə ikinci, Filipililərə üçüncü, Koloslulara dördüncü, Qalatiyalılara beşinci, Saloniklilərə altıncı, Romalılara yeddinci. O da doğrudur ki, Korinflilərə və Saloniklilərə nəsihət vermək üçün bir də yazmışdır, lakin yenə də aydın görünür ki, bütün dünyaya yayılmış yeganə Cəmiyyət var. Çünki Yəhya hələ Apokalipsisdə də yeddi cəmiyyətə yazsa da, hamıya müraciət edir. [Pavel də ] bağlılığından və məhəbbətindən birini Filimona, birini Titusa, ikisini isə Timoteyə yazmışdır; onların da hamısı ümumdünya cəmiyyət məclisi tərəfindən müqəddəs kimi tanınmışdır... [...] Bundan əlavə, həm də Yəhudanın məktubu və yuxarıda adı çəkilən Yəhyanın iki məktubu... Biz yalnız Yəhyanın apokalipsisini və Peteri qəbul edirik, halbuki bizlərdən bə’ziləri axırıncının cəmiyyətdə oxunmasını istəmir» (Metsger, «Əhdi-Cədid kanonu», 1999, s. 300-303).
20 Muratori fraqmentində Yəhyanın yalnız iki məktubu xatırlanır. Buna dair bir dini ensiklopediyada qeyd olunur ki, Yəhyanın xatırlanan iki məktubu «yalnız ikinci və üçüncü ola bilər, çünki onları yazan özünü “ağsaqqal” adlandırır. Müəllif bir qədər əvvəl birinci məktubu ötəri olaraq dördüncü Müjdə ilə əlaqədar xatırlatmaqla işarə edir ki, onun yazılması üçün izzət, sözsüz ki, Yəhyaya aiddir, buna görə də burada müəllif yalnız iki kiçik məktubu xatırlatmaqla kifayətlənmək qərarına gəlir» («The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge», 1956, c. VIII, s. 55). Peterin birinci məktubuna dair buraxılan hansısa xatırlatma barəsində isə ensiklopediyada deyilir: «Daha çox ehtimal edilən fərziyyə ondan ibarətdir ki, 1 Peterin və Yəhyanın Apokalipsisinin qəbul edilməsindən bəhs edən bir neçə söz, ehtimal ki, hətta bütöv bir sətir itirilmişdir». Həmən ensiklopediyanın 56-cı səhifəsində Muratori fraqmentinin məzmunundan irəli gələrək belə bir nəticə hasil olur: «Ona əsasən Əhdi-Cədidin tərkibinə dörd Müjdə; Həvarilərin işləri; Pavelin on üç məktubu; Yəhyanın Apokalipsisi və çox ehtimal ki, üç məktubu; Yəhuda, həmçinin ehtimal ki, 1 Peter kitabı daxildir, halbuki Peterin digər əlyazmalarına dair mübahisələr hələ də sakitləşməyib».
21 Eramızın təxminən 230-cu ilində Origen e’tiraf etmişdir ki, Allahdan ilham almış Yazıların tərkibinə Muratori fraqmentində xatırlanmayan «İbranilərə» və «Yaqub» kitabları da daxildir. Origen bu kitabların kanonik olduğuna dair bə’zilərinin şübhə etdiyini gizlətmirdi, lakin bu faktın özü də şahidlik edir ki, Yunanca Müqəddəs Yazıların çox hissəsinin kanonik olduğu həmin vaxt artıq müəyyən edilmişdir və yalnız az sayda adamlar az tanınmış bə’zi məktublara şübhə ilə yanaşırdılar. Bir qədər sonradan isə İsgəndəriyyəli Afanasiy, Yeronim və Avqustin daha erkən siyahıları tamamladılar və bu gün malik olduğumuz 27 kitabdan ibarət kanonu təsdiq etdilərc.
22 Cədvəldə göstərilən kataloqların əksəriyyəti kanonik kitablar kimi tanınan kitabların xüsusi siyahısından ibarətdir. Lionlu İrineyin, İsgəndəriyyəli Klimentin, Tertullianın və Origenin kataloqları, istinad etdikləri kitablara olan münasibətlərini göstərən sitatların əsasında tərtib olunmuşdur. Bu kataloqlar qədim tarixçi Yevsevinin qeydlərindən irəli gələrək tamamlanmışdır. Lakin əgər bu alimlər hər-hansı kanonik kitabı ümumiyyətlə xatırlatmamışlarsa, bu heç də o demək deyil ki, onların kanonik olması şübhə doğurur. Sadəcə olaraq, müəyyən səbəbdən, məsələn, müzakirə olan predmetin xüsusiyyəti ucbatından onlar öz əsərlərində bu kitablara istinad etmirdilər. Belə isə, nəyə görə Muratori fraqmentindən əvvəl tərtib olunmuş dəqiq siyahılar tapılmayıb?
23 Eramızın II əsrinin ortalarınadək Müqəddəs Kitabın Markion kimi tənqidçiləri meydana çıxana qədər məsihçilərin hansı kitabları qəbul etməli olduqları haqda sual qaldırılmırdı. Markion öz tə’limlərinə müvafiq gələn şəxsi kanonunu tərtib etmiş və oraya həvari Pavelin ancaq bə’zi məktublarını və Lukanın Müjdəsinin qısaldılmış formasını daxil etmişdir. Həmin dövr üçün artıq geniş yayılmış bu kanon və çoxlu sayda apokriflər ona gətirib çıxardı ki, kataloqların tərtibçiləri kanonik hesab etdikləri kitabları göstərməyə başladılar.
24 Apokriflər. Kitabların məzmunu Allah tərəfindən ilhamlanmış Yunanca Müqəddəs Yazılarla, Allahdan ilham aldığını yalandan iddia edən uydurmalar arasındakı fərqi aydın sübut edir. Apokriflər az tutarlığı ilə fərqlənir və çox vaxt əfsanələr, sadəlövh fantaziyalarla və çoxsaylı qeyri-dəqiqliklərlə dolu olurd. Kanonik olmayan kitablar barəsində bə’zi Müqəddəs Kitab alimləri bunları demişlər:
«Onları Əhdi-Cədiddən çıxarmağa ehtiyac yox idi: bunu onlar özləri etdilər» (James M. R. The Apocryphal New Testament. P. XI, XII).
«Bizim Əhdi-Cədidlə ona bənzər kitablar arasındakı uçurumun nə qədər böyük olduğunu başa düşmək üçün, sadəcə olaraq onları bir-biri ilə müqayisə etmək lazımdır. Düzgün qeyd edirlər ki, kanonik olmayan müjdələr əsl Müjdələrin kanonik olduğuna gözəl sübutdur» (Milligan G. The New Testament Documents, p. 228).
«Erkən Cəmiyyətin günlərindən bizə gəlib çatan və Əhdi-Cədidə aid olmayan əlyazmalar arasında bu gün haqlı olaraq Kanona daxil ola biləcək biri də yoxdur» (Aland K. The Problem of the New Testament Canon. p. 24).
25 Allahın ilham verdiyi adamlar. Diqqətəlayiq olan odur ki, Yunanca Müqəddəs Yazıların yazılmasında iştirak edənlərin hamısı, bu və ya digər tərzdə özünə Məsihin şəxsən seçdiyi həvariləri daxil edən məsihçi yığıncağının ilk rəhbərlik şurası ilə sıx bağlı idilər. 12 həvaridən birinciləri Matta, Yəhya və Peter olmuşdur, Paveli isə sonradan həvari seçmişlər, lakin o, onikilərin sayına daxil edilmədie. Pentikost günündə müqəddəs ruh xüsusi tərzdə töküləndə Pavel orada yox idi, amma Matta, Yəhya və Peter, həmçinin Yaqub, Yəhuda və ehtimal ki, Mark orada idilər (Həv. iş. 1:13, 14). Peter Pavelin məktublarını birbaşa «digər Müqəddəs Yazılara» aid edirdi (2 Pet. 3:15, 16). Mark ilə Luka, Pavel və Peterlə sıx ünsiyyət edir və onları səyahətləri zamanı müşayiət edirdilər (Həv. iş. 12:25; 1 Pet. 5:13; Kolos. 4:14; 2 Tim. 4:11). Müqəddəs ruhun tə’siri sayəsində onların hamısı ya Pentikost günü, ya da Pavellə baş verdiyi kimi, dinlərini dəyişərkən (Həv. iş. 9:17, 18), yaxud da həvarilər onların üzərlərinə əllərini qoyandan sonra fövqəltəbii qabiliyyətə malik olmuşlar. Luka müqəddəs ruhu məhz bu yolla almışdır (Həv. iş. 8:14-17). Yunanca Müqəddəs Yazıların bütün kitabları ruhun xüsusi ən’amları fəaliyyət göstərdiyi vaxtda yazılmışdır.
26 Öz Kəlamının yazılmasını ilhamlandıran və onu dəyişməz olaraq qoruyub saxlayan qadir Allaha iman gətirərək biz zərrə qədər də şübhə etmirik ki, O, Kəlamının ayrı-ayrı hissələrinin bir kitabda cəmlənməsinə nəzarət etmişdir. Buna görə də biz Müqəddəs Kitaba daxil olan Yunanca Müqəddəs Yazıların 27 və İbranicə Müqəddəs Yazıların 39 kitabını tam əminliklə bir Müəllifin, Yehova Allahın kitabı kimi qəbul edirik. Onun Kəlamının 66 kitabı bizim üçün rəhbərlik kimi xidmət edir, onların uyğunluğu və bütövlüyü isə Müqəddəs Kitabın yazılmasının tamamlandığına şahidlik edir. Tayı-bərabəri olmayan kitabın Yaradanına, Yehova Allaha izzət verin! Həyat yoluna qədəm qoymaq üçün bizə lazım olan hər şeyi bu kitabda tapmaq olar. Gəlin hər bir fürsətdən istifadə edərək Allahın Kəlamından müdriklik əldə edək!
[7-ci səhifədə olan cədvəl]
Yunanca Müqəddəs Yazıların tanınmış erkən kataloqları
(Nəşrin özündə baxın)
[10-cu səhifədə olan cədvəl]
Müqəddəs Kitabın tərkibindəki kitabların cədvəli
(Nəşrin özündə baxın)
[Haşiyələr]
a Bibl onunla məşhur idi ki, orada yazı üçün papirusdan kağız hazırlayırdılar. Vaxt ötdükcə hər cür məktubları, tumarları, kitabları və ən nəhayətdə Müqəddəs Kitaba daxil olan balaca kitablar toplusunu biblia adlandırmağa başladılar.
b Encyclopaedia Judaica. 1973, vol. 4, cols. 826, 827.
c Bruce F. F. The Books and the Parchments. 1963, p. 112.
d «Müqəddəs Yazıların dərk edilməsi», c. I, s. 122-125, ing.
e «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 129, 130, ing.