Dərs 6. Yunanca Müqəddəs Yazıların mətni
Yunanca Müqəddəs Yazıların mətninin köçürülməsi; onun bizim günlərə qədər yunan və digər dillərdə verilməsi; müasir mətnin doğruluğu.
ERKƏN məsihçilər Yehovanın yazılı sözünü hər yerdə öyrədir və təbliğ edirdilər. Onlar İsa Məsihin göyə qalxmazdan əvvəl söylədiyi, «müqəddəs Ruh üzərinizə endikdən sonra ancaq qüdrət alacaqsınız. Və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» sözlərinə ciddi yanaşdılar (Yeşaya 40:8; Həv. iş. 1:8). İsanın qabaqcadan söylədiyi kimi, 120 şagird müqəddəs ruh aldı və qeyri-adi qüvvəyə malik oldu. Bu, bizim eranın 33-cü ilinin Pentikost günündə baş verdi. Həmin gün Peter yeni təhsil proqramının başlanğıcını qoydu: o, əsaslı surətdə şahidlik etdi və bir çoxları onun söylədiyi xəbəri bütün ürəkləri ilə qəbul etdilər. Nəticədə yeni yaranmış məsihçi yığıncağına daha 3 000-ə yaxın adam qoşuldu (Həv. iş. 2:14-42).
2 İsa Məsihin hamıdan artıq fəaliyyət göstərməyə can atan erkən şagirdləri, nəticədə o zaman mə’lum olan dünyanın bütün uclarına çatan tə’limləri birinci olaraq yaymağa başladılar (Kolos. 1:23). Bəli, Yehovanın sadiq olan bu şahidləri hazırlıqla evləri, şəhərləri və ölkələri gəzir və «yaxşı şeylər» haqqındakı xoş xəbəri bəyan edirdilər (Rom. 10:15). Onlar Məsihin fidiyə qurbanlığı, dirilməyə olan ümid və Allahın və’d etdiyi Padşahlıq haqqında danışırdılar (1 Kor. 15:1-3, 20-22, 50; Yaq. 2:5). Görünməyən şeylər haqqında əvvəllər heç kim bu qədər çox təbliğ etməmişdir. İndi isə İsanın fidiyə qurbanlığı əsasında Yehovanı Kainatın Hökmdarı kimi qəbul edənlərin hamısı üçün təbliğ görünməyən, lakin mövcud olan şeylərin, yə’ni imanın aşkar təzahürü idi (İbr. 11:1; Həv. iş. 4:24; 1 Tim. 1:14-17).
3 Məsihçi olan bu kişi və qadınlar təhsilli xidmətçilər idilər. Onlar yazmağı və oxumağı bacarır, həm də Müqəddəs Yazıları yaxşı bilirdilər. Onlar dünyada baş verən hadisələrdən mə’lumatlı idilər və çox səyahət edirdilər. Xoş xəbəri hər yerə çatdırmağa sə’y göstərərək, onlar çəyirtkə kimi inadla irəliyə doğru hərəkət edirdilər (Həv. iş. 2:7-11, 41; Yoel 2:7-11, 25). Bizim eranın birinci əsrində məsihçilər, demək olar ki, müasirlərimizdən heç də fərqlənməyən insanların arasında yaşayırdılar.
4 «Həyat kəlamı»nın inkişaf edən təbliğçiləri kimi, erkən məsihçilər əllərinə düşən hər bir Müqəddəs Kitab əlyazmalarından geniş istifadə edirdilər (Filip. 2:15, 16; 2 Tim. 4:13). Yehovadan ilham alaraq Matta, Mark, Luka və Yəhya İsa Məsih haqqındakı xoş xəbəri qələmə almışlar (Mark 1:1; Mat. 1:1). Peter, Pavel, Yəhya, Yaqub və Yəhuda məktublar yazmışlar (2 Pet. 3:15, 16). O biri şagirdlər ilhamlanmış bu məktubları köçürür və surətləri, getdikcə artmaqda olan yığıncaqlara göndərirdilər (Kolos. 4:16). Bir qədər sonra Yerusəlimdəki «həvarilər və ağsaqqallar» Allahın ruhunun rəhbərliyi altında iman məsələlərinə dair qərarlar qəbul edir və bu qərarları yazılı şəkildə qeyd edirdilər. Rəhbərlik edən bu şura müxtəlif göstərişlərdən ibarət olan məktubları ucqar yığıncaqlara göndərirdi (Həv. iş. 5:29-32; 15:2, 6, 22-29; 16:4). Məktubları yığıncaqlara məsihçilərin özləri çatdırırdılar.
5 Müqəddəs Yazıların yayılmasını tezləşdirmək, həmçinin istifadəsini asanlaşdırmaq üçün erkən məsihçilər tumarları formasına görə müasir kitablara bənzəyən kodekslərlə əvəz etdilər. Kodeksdə lazım olan yeri tapmaq üçün, sadəcə vərəqləmək olar. Tumar isə bu baxımdan narahat idi, çünki onu fırladıb açmaq lazım gəlirdi. Kodeks həm də kanonik kitabları bir yerə toplamağa imkan yaradırdı. Tumarlarla isə bir qayda olaraq bu cür davranmaq qeyri-mümkün idi. Erkən məsihçilər kodekslərdən birinci olaraq istifadə etmişlər. Ehtimal var ki, onu məsihçilər icad etmişlər. Qeyri-məsihçi müəlliflərin kodeksə yavaş-yavaş keçdikləri halda, II və III əsrin bir çox məsihçi papirusları kodeks formasındadıra.
6 Koyné (ümumi yunan dili) ünsiyyət dilidir. Qədim yunan dilinin klassik dövrü b. e. ə. IX-IV əsrlərə aid edilir. Bu dövrdə Attika və İoniya dialektləri hökmranlıq edirdi. Məhz bu dövrdə, xüsusən də eramızdan əvvəl V və IV əsrlərdə Yunanıstanda Homer, Herodot, Sokrat, Platon kimi çoxlu iste’dadlı dramaturqlar, şairlər, natiqlər, tarixçilər və alimlər meydana çıxmışdır. Eramızdan əvvəl təxminən IV əsrdən eramızın VI əsrinə qədərki dövrdə ümumi yunan dili, yə’ni koyne formalaşmışdır. Bu dil əsasən Makedoniyalı İsgəndərin Yunanıstanın hər bir yerindən olan insanlardan təşkil olunmuş ordusunun hərbi yürüşləri sayəsində yaranmışdır. Onlar tədricən qarışan və nəticədə ümumi yunan dilinin yaranmasına səbəb olan müxtəlif dialektlərdə danışırdılar. Beləliklə bu dil, koyne, Yunanıstanın yeganə dilinə çevrildi. İsgəndər Misiri zəbt edəndə və şərqə, Hindistana qədər irəliləyəndə, koyne müxtəlif xalqlar arasında yayıldı. Bununla da ümumi yunan dili beynəlxalq ünsiyyət dilinə çevrildi və uzun əsrlər ərzində öz statusunu qoruyub saxladı. Septuaqintada istifadə olunan yunan dili, İsgəndəriyyədə (Misir) eramızdan əvvəl III və II əsrlərdə istifadə olunan koynedir.
7 İsa Məsihin və həvarilərinin vaxtında koyne Roma imperiyasında beynəlxalq ünsiyyət dili idi. Bunu Müqəddəs Kitab da təsdiq edir. İsanın mismarlandığı dirəyin üzərindəki yazı təkcə ibrani dilində deyil, həm də dövlətin rəsmi dili olan latın dilində və Romada, İsgəndəriyyədə, həmçinin Afinada olduğu kimi, Yerusəlimin də küçələrində tez-tez eşidilən yunan dilində idi (Yəh. 19:19, 20; Həv. iş. 6:1). Həvarilərin işləri 9:29 ayəsində deyilir ki, Yerusəlimdə Pavel xoş xəbəri ‘yunanca danışan yəhudilərə’ təbliğ edirdi. Həmin vaxt üçün koyne artıq aydın, ifadəli, tam formalaşmış dil idi. Bu dil geniş yayıldığı üçün, ondan istifadə edərək Allahın Kəlamını insanlara çatdırmaq asan idi.
YUNANCA MÜQƏDDƏS YAZILARIN MƏTNİ VƏ ONUN İFADƏ EDİLMƏSİ
8 Əvvəlki fəsildə biz həqiqətlərin yerləşdiyi İbranicə Müqəddəs Yazıların yazılı mətnlərinin Yehova tərəfindən bizim üçün necə qorunub saxlanıldığını öyrəndik. Bəs İsa Məsihin həvarilərinin və digər şagirdlərinin yazdığı sənədlər haqqında nə demək olar? Yunanca Müqəddəs Yazılar da eyni dəqiqliklə ötürülürdümü? Yunanca və başqa dillərdə olan çoxsaylı əlyazmaların tədqiqi göstərir ki, elədir. Artıq əvvəllər qeyd olunduğu kimi, Müqəddəs Yazıların bu hissəsinə 27 kitab daxildir. Gəlin görək yunanca olan bu kitabların orijinal mətni bizim günlərə qədər necə gəlib çatmışdır.
9 Çoxsaylı yunan əlyazmaları. Yunanca Müqəddəs Yazıların 27 kanonik kitabının hamısı ümumi yunan dilində yazılmışdır. Lakin dördüncü əsrdə yaşamış Müqəddəs Kitabın tərcüməçisi olan Yeronimin sözlərinə görə, «Matta» kitabı əzəldən ibrani dilində yazılmış, sonradan isə yunan dilinə tərcümə edilmişdir. Görünür bu kitabı Mattanın özü tərcümə etmişdir. Matta Roma mə’muru, vergiyığan olduğu üçün, şübhəsiz ki, ibrani, latın və yunan dillərini bilirdi (Mark 2:14-17).
10 Mark, Luka, Yəhya, Pavel, Peter, Yaqub və Yəhuda birinci əsrdə insanların əksəriyyətinin başa düşdükləri geniş yayılmış koyne dilində yazmışdılar. Həmin erkən sənədlərdən sonuncusunu eramızın təxminən 98-ci ilində Yəhya yazmışdır. Mə’lum olduğu kimi, ilk dəfə koynedə yazılmış 27 əlyazmadan heç biri qorunub saxlanılmamışdır. Lakin bizim günlərə qədər orijinalın çoxsaylı surətləri və həmin surətlərin surətləri gəlib çatmışdır.
11 13 000-dən artıq qiymətli əlyazmalar. Bu gün ixtiyarımızda 27 kanonik kitabın hamısının çoxlu qiymətli əlyazmaları var. Bu əlyazmalardan bə’zilərinə Müqəddəs Yazılardan böyük parçalar, digərlərinə isə ancaq fraqmentlər daxildir. Bə’zi hesablamalara görə, yunan dilində 5 000-dən artıq əlyazma, başqa dillərdə isə 8 000-dən artıq əlyazma mövcuddur, yə’ni birlikdə 13 000-dən artıq əlyazma var. Eramızın II–XVI əsrlərinə aid edilən bu əlyazmalar Yunanca Müqəddəs Yazıların orijinal mətnini dəqiqləşdirməyə kömək edir. Bu əlyazmalardan ən qədimi, Mançesterdəki (İngiltərə) Con Raylend adına kitabxanada saxlanan Yəhyanın Müjdəsinin (P52) papirus fraqmentidir. Bu sənəd ikinci əsrin birinci yarısına — bizim eranın təxminən 125-ci ilinə aid edilirb. Deməli, orijinalın yazılması ilə bu surətin yaranması arasından cəmi 25 il keçmişdir. Antik dövrün klassik müəlliflərinin əl işlərinin çoxu yalnız kiçik sayda əlyazmalarla təsdiq olunur, həm də ki, onlar orijinaldan bir neçə əsr sonra yazılmışdır. Biz isə sözün həqiqi mə’nasında qiymətli olan çoxsaylı əlyazmalara malikik ki, onların əsasında Yunanca Müqəddəs Yazıların ilk mətnini dəqiqliklə müəyyən etmək olar.
12 Papiruslar. Septuaqintanın ilk əlyazmaları kimi, Yunanca Müqəddəs Yazıların ilk əlyazmaları da papirus üzərində işlənmişdir. Bu materialdan eramızın IV əsrinə qədər Müqəddəs Kitab manuskriptlərinin hazırlanması üçün istifadə olunurdu. Hər şeydən mə’lum olduğu kimi, yığıncaqlara göndərilən məktublar da papirus üzərində yazılırdı.
13 XIX əsrin ikinci yarısında Misir əyaləti olan Fəyyumda çoxsaylı əlyazmaların arasında Müqəddəs Kitab papirusları tapılmışdır. Papirus əlyazmaları toplusundan ən əhəmiyyətlisi 1931-ci ildə nəşr edilmiş qədim əlyazmalar toplusudur. Bu toplu özünə İbranicə Müqəddəs Yazıların 8, Yunanca Müqəddəs Yazıların isə 15 kitabını daxil edən 11 yunan kodeksindən ibarətdir. Bu papiruslar eramızın II-IV əsrlərinə aid edilir. Bu topludan olan Yunanca Müqəddəs Yazıların çox hissəsi Çester Bittinin kolleksiyasına daxil olmuşdur. Bu papiruslar P45, P46 və P47 işarələri ilə qeyd olunur (latın hərfi «P» «papirus» mə’nasını daşıyır).
14 Məşhur olan başqa bir kolleksiyanın papirusları 1956-1961-ci illərdə Cenevrədə (İsveçrə) dərc edilmişdir. Bodmerin papirusları kimi tanınan bu kolleksiya bizim eranın üçüncü əsrinin əvvəllərinə aid edilən iki Müjdənin (P66 və P75) erkən əlyazmalarından ibarətdir. 20-ci səhifədəki cədvəldə İbranicə və Yunanca Müqəddəs Yazıların ən əhəmiyyətli qədim əlyazmaları sadalanır. Cədvəlin axırıncı qrafasında tərcümə zamanı vacib rol oynamış əlyazmaların «Yeni Dünya Tərcüməsi»ndəki yerləri qeyd olunub.
15 Bu əlyazmaların toplusu Müqəddəs Kitab kanonunun lap çoxdan müəyyən edildiyini sübut edir. Çester Bittinin kolleksiyasında iki kodeks vardır ki, onlardan biri özünə dörd Müjdənin və Həvarilərin işlərinin (P45) parçalarının birləşməsini, digəri Pavelin (P46) 14 məktubundan 9-nu daxil edən topludur. Bu kodekslər ona şahidlik edir ki, Yunanca Müqəddəs Yazılar həvarilərin ölümündən tezliklə sonra tərtib edilmişdir. Həmin əlyazmaların Misirə düşməsindən əvvəl xeyli vaxt keçməli idi. Deməli, bu Müqəddəs Yazılar bizim üçün adi olan halını eramızdan əvvəl II əsrdən gec almamışdır. Beləliklə, II əsrinin sonu üçün Yunanca Müqəddəs Yazıların kanonu müəyyən edilmiş, bununla da bütün Müqəddəs Kitabın yazılması başa çatmışdır.
16 Perqamentlər. Əvvəlki dərsdən öyrəndiyimiz kimi, eramızın təxminən IV əsrində yazı üçün papirus əvəzinə daha möhkəm materialdan — perqamentdən, yə’ni yaxşı aşılanmış dana, qoyun və keçi dərisindən istifadə etməyə başladılar. Müqəddəs Kitabın bizim günə qədər gəlib çıxan çox vacib olan bə’zi əlyazmaları perqament üzərində işlənib. Biz artıq İbranicə Müqəddəs Yazıların perqament əlyazmaları barədə danışmışıq. 21-ci səhifədəki cədvəldə həm Yunanca Müqəddəs Yazıların, həm də İbranicə Müqəddəs Yazıların əhəmiyyətli perqament əlyazmaları sadalanır. Cədvəldə göstərilən Yunanca Müqəddəs Yazıların bütün əlyazmaları böyük hərflərlə yazıldığı üçün unsial əlyazmalar adlanır. «Yeni Müqəddəs Kitab lüğəti»ndə Yunanca Müqəddəs Yazıların eramızın IV-X əsrlərinə aid edilən 274 unsial əlyazmasından bəhs edilir. Həm də sətri hərflərlə işlənmiş 5 000-dən artıq minuskul (sətri) əlyazmalar mövcuddurc. Bu əlyazmalar eramızın IX əsrindən kitab çapı icad olunana qədər hazırlanmışdır. Yunan mətnini olduqca dəqiq tərcümə etməyə çalışan «Yeni Dünya Tərcüməsi» Komitəsi, dəqiqliyi və qədimiliyi ilə fərqləndiyi üçün tez-tez unsial əlyazmalardan istifadə edirdi. Bunu «Ən əhəmiyyətli perqamentlər» cədvəlindəki mə’lumatlar sübut edir.
YUNANCA MƏTNİN TƏNQİDİ VƏ DƏQİQLƏŞDİRİLMƏSİ DÖVRÜ
17 Rotterdamlı Erazmın mətni. Orta əsrlər ərzində Qərbi Avropanın bütün ərazisində qəbul olunmuş ümumi dil latın dili idi. Həmin dövrdə Roma Katolik kilsəsi hökmranlıq edirdi, elm isə tənəzzülə uğrayırdı. Lakin XV əsrdə düzüm şrifti ilə çap üsulunun icad edilməsi və XVI əsrdə Reformasiyanın başlanması ilə azadlıq da artdı və yunan dilinə olan maraq yenidən bərpa olunmağa başladı. Elmin yenidən dirçəldiyi məhz bu dövrdə, tanınmış hollandiyalı alim Rotterdamlı Erazm «Əhdi-Cədid»i yunan dilində ilk dəfə dərc etdi. Erazm bu mətni hazırlayarkən bir neçə əlyazmanı diqqətlə müqayisə edir və çox ehtimal ki, orijinalda olan sözləri qeyd edirdi. Əlyazmaların bütün variantları şərhlərdə öz əksini tapmışdır. Birinci nəşr Almaniyada Reformasiyanın başlanmasından bir il qabaq, 1516-cı ildə Bazeldə (İsveçrə) çap edilmişdir. Çap zamanı çoxlu səhvlərə yol verilmişdir və bu səhvlər 1519, 1522, 1527 və 1535-ci illərin növbəti buraxılışlarında düzəldilmişdir. Erazm yunan mətninin tərtibatı üzərində işləyərkən, onun ixtiyarında bir qədər sonrakı dövrlərə aid olan bir neçə minuskul əlyazmalar vardı.
18 Rotterdamlı Erazmın dəqiqləşdirilmiş yunan mətni qərbi Avropanın bə’zi dillərinə tərcümə olunmuş «Əhdi-Cədid»in əsasını təşkil etmişdir. Keyfiyyətcə bu tərcümələr, əvvəllər latınca Vulqatadan edilən tərcümələrdən üstün idi. Erazmın tərcüməsindən ilk dəfə istifadə edən, Yunanca Müqəddəs Yazıların alman dilinə tərcüməsini 1522-ci ildə başa çatdıran almaniyalı Martin Lüter olmuşdur. Tə’qiblərə baxmayaraq, ingiltərəli Vilyam Tindal Avropada sürgündə olarkən Erazmın mətnini 1525-ci ildə ingilis dilinə tərcümə etdi. İtaliyalı Antonio Bruçoli 1530-cu ildə həmin mətni italyan dilinə tərcümə etdi. Erazmın yunan mətninin meydana çıxması ilə mətnin tənqid dövrü başlandı. Mətnin tənqidi — Müqəddəs Kitabın orijinal mətninin bərpa olunub əvvəlki hala salınması üçün tətbiq edilən üsuldur.
19 Fəsillərə və ayələrə bölünmə. XVI əsrdə yaşamış Robert Etyenn, yə’ni Stefan Parisin tanınmış naşiri və çapçısı idi. O, bir naşir kimi başa düşürdü ki, əgər mətn fəsil və ayələrə bölünərsə, lazım olan yerləri tapmaq asan olacaq. Buna görə də o, 1551-ci ildə «Əhdi-Cədid»i nömrələnmiş ayələrlə yunan və latın dilində dərc etdi. Ayələrə bölünmə ilk dəfə masoretlər tərəfindən İbranicə Müqəddəs Yazılara tətbiq edilmişdir. Lakin Stefan ayələrə bölünmə sisteminin bugünkü formasını 1553-cü ildə bütün Müqəddəs Kitaba tətbiq edən ilk kəs oldu. Sonradan bu sistem Müqəddəs Kitabın ingilis tərcümələrində tətbiq edildi. Ayələrə bölünmə Müqəddəs Kitab simfoniyalarının tərtib edilməsinə səbəb oldu. Məsələn, Aleksandr Krudenin simfoniyaları (1737) və «Kral Yakovun Müqəddəs Kitabı»na biri Robert Yanq tərəfindən hazırlanıb, 1873-cü ildə Edinburqda çıxan, digəri isə Ceyms Srtonqa məxsus olub 1894-cü ildə Nyu–Yorkda çıxan iki tam simfoniya.
20 Textus Receptus, yə’ni ümumi qəbul olunmuş mətn. Stefan yunan dilində «Əhdi-Cədid»in bir neçə nəşrini hazırladı. Bu nəşrlərin mətni Erazmın 1522-ci ildə hazırlanmış Komplüten çoxdilli Müqəddəs Kitabının mətni və sonrakı 15 minuskul əlyazmaların əsasında düzəldilmiş əsərinə əsaslanmışdır. Stefanın üçüncü nəşri (1550) latınca «Textus Receptus» adını daşıyan ümumi qəbul olunmuş «Əhdi-Cədid»in yunan mətni oldu. Bu mətnin əsasında XVI əsrin bir çox ingilis tərcümələri, o cümlədən «Kral Yakovun Müqəddəs Kitabı» (1611) hazırlanmışdır.
21 Dəqiqləşdirilmiş yunan mətnləri. Bir qədər sonradan yunan dili üzrə mütəxəssislər «Əhdi-Cədid» kitabının çox dəqiq yunan mətnlərini hazırladılar. Onlardan ən əhəmiyyətlisi, İohann Qrisbax tərəfindən hazırlanmış mətndir. Qrisbaxın XVIII əsrin sonuna yaxın əldə olan yüzlərlə yunan əlyazmasından istifadə etmək imkanı vardı. Qrisbaxın tam yunan mətninin ən yaxşı nəşri 1796-1806-cı illərdə çap olunmuşdur. Bu mətn Şarpın (1840) ingilis tərcüməsinin əsasını təşkil etmiş, həmçinin 1864-cü ildə bütünlüklə nəşr edilən «Emfetik Dayaqlott»a daxil edilmişdir. Digər dəyərli tərcümələr Konstantin fon Tişendorf (1872) və German fon Zoden (1910) tərəfindən edilmişdir. Fon Zodenin mətni əsasında Moffattın (1913) ingilis tərcüməsi yerinə yetirilmişdir.
22 Vestkottun və Hortun mətni. 1881-ci ildə Kembric universitetinin iki professoru Bruk Vestkott və Fenton Hort geniş nüfuz qazanmış yunan mətni dərc etdilər. Elə həmin ildə bu mətn Britaniya komitəsinin ingilis dilində «Əhdi-Cədid»in yenidən yoxlanmış mətni üzrə işində istifadə edilmişdir. Vestkott və Hort bu komitənin üzvləri idilər. Vestkottun və Hortun mətni, Yunanca Müqəddəs Yazıların «Yeni Dünya Tərcüməsi»nin ingilis dilinə tərcüməsinin əsasını təşkil etmişdir. Bu mətnin özü Müqəddəs Kitabın ingilis dilində olan «The Emphasised Bible», «American Standard Version», «An American Translation» (Smit — Qudspid), «Revised Standard Version» kimi tərcümələri üçün əsas götürülmüşdür. Sonuncu tərcümə üzərində işləyərkən həm də Nestlenin mətnindən istifadə edilmişdir.
23 «Yeni Dünya Tərcüməsi»nin komitəsi də bə’zən Nestlenin yunanca mətninin 18-ci nəşrindən (1948) istifadə etmişdir. Bundan əlavə, mənşəcə yezuit olan Xose Boverin (1943) və Avqustin Merkin (1948) mətnlərindən istifadə olunurdu. Birləşmiş Müqəddəs Kitab Cəmiyyətləri mətni (1975) və Nestle-Alandın (1979) mətni «Qeydlərlə Yeni Dünya Tərcüməsi»nin (1984) haşiyələrini nəzərdən keçirərkən istifadə edilirdid.
24 Yunanca mətnin qədim tərcümələri. Yunan əlyazmalarından əlavə bu gün tədqiqat aparmaq üçün Yunanca Müqəddəs Yazıların müxtəlif dillərdə çoxsaylı tərcümələri mövcuddur. Əski latın dilində 50-dən artıq əlyazmalar və ya onların parçaları və Yeronimin latınca Vulqatasının minlərlə əlyazması mövcuddur. «Yeni Dünya Tərcüməsi» Komitəsi bu mətnlərdən, həmçinin kopt, erməni və Suriya tərcümələrindən istifadə etmişdire.
25 XIV əsrdən Yunanca Müqəddəs Yazıları ibrani dilinə tərcümə etməyə başladılar. Bu tərcümələrdə maraq doğuran odur ki, onlardan bə’zilərində Allahın adı bərpa edilmişdir. «Qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə (ing.) ibrani dilində olan bu tərcümələrə «J» simvolu ilə qeyd olunmuş rəqəmli indekslə çoxlu istinadlar var. Bu barədə daha geniş mə’lumatı ingilis dilində olan «Müqəddəs Yazıların Qeydlərlə Yeni Dünya Tərcüməsi»nə müqəddimədə, 9, 10-cu səhifələrdə və «Allahın adı Yunanca Müqəddəs Yazılarda» adlı 1D əlavəsində oxumaq olar.
MÜXTƏLİF VARİANTLAR VƏ ONLARIN MƏ’NASI
26 Bu gün üçün əldə olan Yunanca Müqəddəs Yazıların 13 000-dən artıq əlyazmalarının müxtəlif variantları mövcuddur. Hətta yunanca əlyazmaların 5 000 nüsxəsində bu cür uyğunsuzluqlar olduqca çoxdur. Tamamilə aydındır ki, erkən əlyazmaların əsasında edilən hər bir surətə səhvlər daxil olurdu. Səhvlərlə olan bu cür əlyazmalar başqa əraziyə düşəndə, həmin səhvlər o ərazidə edilən yeni surətlərə köçürülürdü. Beləcə birtipli əlyazmalar qrupu əmələ gəlirdi. Bəs köçürücülərin bu cür səhvlərinin çoxluğu həyəcan təbili kimi xidmət etmirmi? Bu səhvlər mətnin köçürülməsi zamanı yol verilən e’tinasızlığa şahidlik etmirmi? Əsla yox!
27 Vestkottun və Hortun yunanca mətninin şərik müəllifi olan Fenton Hort yazırdı: «Əhdi-Cədidin sözlərinin böyük əksəriyyəti hər bir tənqiddən kənardır, çünki onlar müxtəlif variantlardan azaddır... [...] Əgər fikrimizi xırda şeylərə cəmləşdirməsək, demək olar ki, şübhə oyadan bə’zi sözlər Əhdi-Cədidin bütün sözlərinin heç mində bir hissəsini təşkil etmir»f.
28 Yunanca mətnin tərcüməsindəki dəqiqlik. Tarixi çox böyük olan yunanca mətnin qorunması və e’tibarlı olması barədə hansı son nəticəyə gəlmək olar? Bu mətnin minlərlə əlyazması bizə gəlib çatmışdır. Bundan əlavə, son açılışlar sayəsində müqayisəli analiz üçün çoxlu əlyazmalar əldə olunub. Ən qədim sənəd eramızın 125-ci ilinə aid edilir, bu isə o deməkdir ki, həmin əlyazma eramızın təxminən 100-cü ilində ölən həvari Yəhyanın vəfatından 25 il sonra yazılıb. Bu əlyazmalar bizim günlərə qədər gəlib çatan yunanca mətnin e’tibara layiq olduğuna gözəl sübutdur. Bu barədə Britaniya muzeyinin keçmiş direktoru və kitabxanaçısı ser Frederik Kenyonun dediklərinə diqqət yetirin:
29 «Orijinal mətnin yazılması ilə tapılan ən qədim əlyazmanın tarixi arasındakı vaxt kəsiyi o qədər cüz’iləşir ki, onu əslində hesaba almamaq olar, bundan əlavə Müqəddəs Yazıların yazıldığı kimi bizə gəlib çatmasına dair hansısa şübhəyə dair sonuncu səbəb də aradan qaldırılmışdır. Əhdi-Cədid kitablarının e’tibarlı və bütöv olması haqqındakı sualı bağlı hesab etmək olar. Lakin bütövlük bir yana, təfsilatlardakı dəqiqlik isə tamamilə başqa şeydir»g.
30 «Təfsilatlardakı dəqiqlik» barəsində isə sözləri 27-ci abzasda sitat gətirilən doktor Hortun sözlərinə görə mühakimə yürütmək olar. Tekstoloqlar mətndəki ayrı-ayrı sahələri dəqiqləşdirməklə məşğuldurlar və bu istiqamətdə böyük nailiyyətlər əldə etmişlər. Məsələn, çoxları Vestkottun və Hortun dəqiqləşdirilmiş yunanca mətninin ən yaxşı əsərlərdən biri olduğunu e’tiraf edirlər. Buna görə də, bu mətnə əsaslanan Yunanca Müqəddəs Yazıların «Yeni Dünya Tərcüməsi»ndə çoxsaylı yunan əlyazmalarının sayəsində bizim günlərə qədər qorunub saxlanan «Rəbbin kəlamı» oxuculara düzgün çatdırılıb (1 Peter 1:24, 25).
31 Həm də ser Frederik Kenyonun «Müqəddəs Kitab və qədim əlyazmalar» kitabındakı sözləri diqqətə layiqdir: «Əhdi-Cədidin mətninin doğru olması müasir tapıntılarla təsdiqlənir. Həmin tapıntılar sayəsində orijinal əlyazmalarla ilk surətlər arasında olan müddət olduqca qısalır ki, bu da bizi məmnun edir. Bu tapıntılar həm də onu göstərdi ki, alimlər üçün maraq doğuran müxtəlif variantlar məsihçiliyin fundamental tə’limlərinə tə’sir göstərmir» («Our Bible and the Ancient Manuscripts. 1962, p. 249»). 17-ci səhifədəki «Yunanca Müqəddəs Yazıların “Yeni Dünya Tərcüməsi”nin əsas mənbələri» sxemindən göründüyü kimi, dəqiq ingilis tərcüməsinin yaranması üçün əsas sənədlərdən başqa çoxlu əlavə sənədlərdən istifadə olunmuşdur ki, onlara verilən əlavələr haşiyələrdə göstərilir. Müqəddəs Kitab üzərində işləyərkən «Yeni Dünya Tərcüməsi» Komitəsi tədqiqatçıların əsrlər ərzində tərtib etdikləri ən yaxşı əsərlərdən istifadə etmişlər. Biz əminik ki, olduğu kimi bizə gəlib çatan Yunanca Müqəddəs Yazılarda həqiqətən də İsa Məsihin şagirdləri tərəfindən yazılan ‘sağlam sözlərin nümunəsi’ var. Gəlin bu qiymətli sözləri həmişə sədaqət və məhəbbətlə hifz edək! (2 Tim. 1:13).
32 Beləliklə, axırıncı iki dərsdə biz Müqəddəs Yazıların əlyazmaları və mətni ilə əlaqəli sualları nəzərdən keçirdik. Bu cür hərtərəfli tədqiqat nə üçün lazımdır? Məqsəd, İbranicə və Yunanca Müqəddəs Yazıların erkən mətninin demək olar ki, dəyişilməz olaraq bizə gəlib çatdığını sübut etmək idi. Müqəddəs Kitabı yazanlar Allahın ruhunun tə’siri altında çalışırdılar. Bunu ən təcrübəli köçürücülər haqqında demək olmaz (Məz. 45:1; 2 Pet. 1:20, 21; 3:16). Buna görə də, Yehovanın bizə verdiyi ilk mətni dəqiq müəyyən etmək üçün, çoxsaylı əlyazma surətlərini diqqətlə tədqiq etmək lazım idi. Yehovaya Onun gözəl hədiyyəsi olan Müqəddəs Kitaba və bu kitabın səhifələrində səslənən Padşahlıq haqqındakı sevindirici xəbərə görə necə də minnətdarıq!
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 354, 355 (ing.).
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 323, (ing.); Douglas J. D. New Bible Dictionary. 1986, p. 1187.
c New Bible Dictionary, p. 1187.
d «Yunanca Müqəddəs Yazılar — Padşahlığın sətri tərcüməsi». 1985, s. 8, 9, (ing.).
e «Qeydlərlə Müqəddəs Kitab»da (ing.) Luka 24:40; Yəhya 5:4; Həvarilərin işləri 19:23; 27:37 və Vəhy 3:16 ayələrinə verilən haşiyələrə baxın.
f The New Testament in the Original Greek. 1974, c. I, s. 561.
g The Bible and Archaeology. 1940, p. 288-289.