Müqəddəs Yazıların kitabı nömrə 21 Vaiz
Yazan: Süleyman
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 1000-ci ilə qədər
«VAİZ» kitabı xüsusi məqsədlə yazılmışdır. Süleyman, Allaha həsr olunmuş xalqın başçısı kimi, xalq arasında birlik yaratmaq və onlara öz həsr olunmalarına müvafiq yaşamağa kömək etmək məs’uliyyətini daşıyırdı. Süleyman bu məqsədə, «Vaiz» kitabında topladığı müdrik məsləhətlərin köməkliyi ilə nail olmağa çalışırdı.
2 Süleyman bu kitabın birinci ayəsində özünü «Vaiz», yə’ni «yığıncaq təşkil edən» (YD) adlandırır. Qədim ibrani dilində bu yerdə kohelet sözündən istifadə edilir, ona görə də İbranicə Müqəddəs Yazılarda bu kitab belə adlanır. Yunanca Septuaqintada bu kitab Ekklesiastes adlanır və mə’nası «ekklesia (yığıncaq) üzvü» deməkdir. Ancaq daha dəqiq söz olan kohelet «yığıncaq təşkil edən» kimi tərcümə edilir. Bu söz Süleymanın mövqeyini təsvir etmək üçün daha çox münasibdir və onun bu kitabı hansı məqsədlə yazdığını izah edir.
3 Padşah Süleyman hansı mə’nada «yığıncaq təşkil edən» idi və yığıncağı nə üçün təşkil edirdi? O öz xalqı israilliləri, həmçinin onlarla yaşayan gəlmələri toplayırdı. Onları öz Allahı Yehovaya xidmət etmək üçün birləşdirirdi. Bundan əvvəl Süleyman Yerusəlimdə Yehovaya mə’bəd tikmişdi və onu Allaha həsr edən zaman, xalqı ibadət etməyə toplamışdı (1 Pad. 8:1). İndi isə «Vaiz» kitabının vasitəsi ilə öz xalqını bu dünyanın boş və mə’nasız işlərini bir kənara qoyub faydalı əməklə məşğul olmağa çağırırdı (Vaiz 12:8-10).
4 Kitabda Süleymanın adı birbaşa xatırlanmasa da, ayrı-ayrı parçalar kitabın yazıçısının məhz o olduğunu lazımi dərəcədə sübut edir. Vaiz özünü «Yerusəlimdə İsrailin padşahı» olan «Davud oğlu» adlandırır. Bu sözlər yalnız Süleyman padşaha aid ola bilərdi, çünki onun varisləri Yerusəlimdə yalnız Yəhuda üzərində padşahlıq edirdilər. Bundan başqa, Vaiz özü haqqında yazırdı: «Mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var» (1:1, 12, 16). Bu sözlər Süleymana çox uyğun gəlir. Vaiz 12:9 ayəsində deyilir ki, bu şəxs «xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi». Padşah Süleyman 3 000 məsəl söyləmişdi (1 Pad. 4:32). Bundan əlavə, Vaiz 2:4-9 ayələrində yazıçının bə’zi fəaliyyətləri: etdiyi tikinti işləri, saldığı üzüm bağları, düzəltdiyi bağlar və bağçalar, suvarma sistemləri, nökərləri və kənizləri, yığdığı qızıl-gümüş və digər nailiyyətləri barədə qeyd edilmişdir. Bütün bunları Süleymana aid etmək olar. Səba mələkəsi Süleymanın müdrikliyinə və zənginliyinə şəxsən əmin olmaq üçün onun yanına gəldikdə, heyrətlə «mənə heç gördüklərimin yarısı danışılmayıb» dedi (1 Pad. 10:7).
5 Kitabda Yerusəlim onun yazıldığı yer kimi təsvir edilir, çünki orada Vaizin «Yerusəlimdə padşahlıq» etdiyi deyilir. Kitabın yazılması b. e. ə. 1000-ci ilə qədər — Süleymanın 40 illik hakimiyyətinin sonuna yaxın, onun kitabda sadalanan işlərinin əksər hissəsini başa vurduğu və hələ bütpərəstliyə düşmədiyi bir dövrə qədər başa çatmalı idi. Süleyman kitabı yazdığı vaxta kimi zəngin həyat təcrübəsi toplamışdı, həmçinin insanların nə ilə məşğul olduqlarını və hansı nailiyyətlərə can atdıqlarını yaxşı bilirdi. O zaman Allahın iltifatı hələ Süleymanın üzərində idi və Onun ruhunun tə’siri altında yazırdı.
6 «Vaiz» kitabının Allahdan ilham aldığına nə üçün əmin olmaq olar? Bə’ziləri, kitabda Allahın adı olan Yehova sözünün olmadığını iddia edərək, kitabın Allahdan ilham aldığını sual altına qoyurlar. Ancaq kitabda Allaha edilən həqiqi ibadətə diqqət yetirilir və dəfələrlə ha Elohim, «həqiqi Allah» ifadəsindən istifadə edilir. «Vaiz» kitabının Allahdan ilham almasını şübhə altına qoyan daha bir fikir, Müqəddəs Kitabın digər hissələrində ona birbaşa istinad edilmədiyi ilə əsaslandırılır. Lakin oradakı tə’limlər və onun əsasını təşkil edən prinsiplər Müqəddəs Yazıların digər kitabları ilə tam harmoniya təşkil edir. Bir əsərdə deyilir: «Yəhudi sinaqoqu və xristian kilsəsi Kohelet [Vaiz] kitabının Külli-İxtiyardan ilham aldığını həmişə qəbul etmişdir; elə buna görə də bu kitab müqəddəs kanonda öz lazımi yerini tutmuşdur»a.
7 Təcrübəli Müqəddəs Kitab tənqidçiləri «Vaiz» kitabının dilini və fəlsəfəsini çox qədim dövrə aid edərək, kitabı Süleymanın yazmadığını və onun «bütün Yazıların» tərkibinə daxil olmadığını iddia edirlər. Lakin onlar, Süleymanın dünya hadisələrini yaxından izlədiyini, xarici ticarətlə fəal məşğul olduğunu, sənətkarlığı inkişaf etdirməyə çalışdığını, əcnəbi ə’yanları qəbul etdiyini və digər xarici əlaqələri saxladığını nəzərə almamışlar (1 Pad. 4:30, 34; 9:26-28; 10:1, 23, 24). Müqəddəs Kitab haqqında bir şərhdə deyilir: «Qədim ibranilərin qüdrətli padşahının gündəlik işləri və məşğuliyyəti, şübhəsiz, xalqının sadə həyat tərzindən, düşüncəsindən və dilindən fərqlənirdi»b.
8 Bəs «Vaiz» kitabının kanonik olduğuna qərar vermək üçün, ümumiyyətlə, kənar mənbələrə ehtiyac varmı? Kitabın özündə aparılan araşdırma yalnız onun daxili uyğunluğuna yox, həmçinin öz münasib yerini tutduğu Müqəddəs Yazıların digər kitabları ilə də uzlaşdığına tam əmin olmağa imkan verir.
BİZƏ FAYDASI
15«Vaiz» kitabını heç də pessimizm adlandırmaq olmaz, çünki o, nadir daş-qaşların parıltısına bənzəyən Allah müdrikliyinin nurunu saçır. Süleyman puç işlər adlandıraraq sadaladığı çoxsaylı işlərin siyahısına Yerusəlimdə Moriya dağında Yehova üçün ucaldılan mə’bədin tikintisini və Yehovaya təmiz ibadəti aid etmir. O, Allahın ən’amı olan insan həyatını puç adlandırmır, əksinə göstərir ki, yaşamağın məqsədi şadlanmaq və yaxşılıq etməkdir (3:12, 13; 5:18-20; 8:15). Allahın iradəsinə e’tinasız yanaşan insanın əməlləri çox zərərlidir. Ata oğlu üçün sərvət toplayır, amma bədbəxtçilik baş verir və varisə bir şey qalmır. Əbədi miras olan ruhani xəzinə yığmaq daha yaxşıdır. Müsibət orasındadır ki, insan mal-mülk yığır, amma ondan həzz almağa imkanı olmur. Yer üzündə xəzinə yığanların hamısının aqibəti fəlakətdir, onlar özləri ilə heç bir şey aparmadan «dünyadan gedir»lər (5:13-15; 6:1, 2).
16 Matta 12:42 ayəsində İsa Məsih özünün ‘Süleymandan daha böyük’ olduğunu bildirir. Madam ki, Süleyman simvolik mə’nada İsanı təmsil edir, bəs Süleymanın «Kohelet» kitabındakı sözləri İsanın tə’limlərinə uyğun gəlirmi? Bəli, bunu sübut edən çoxlu paralellər var. Məsələn, Allahın hədsiz-hüdudsuz işləri barədə danışaraq, İsa bildirdi: «Atam indiyədək işləməkdədir, Məndə işləyirəm» (Yəh. 5:17). Həmçinin Süleyman da Allahın işlərinə istinad edir: «Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər sə’y göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz» (Vaiz 8:17).
17 Həm İsa, həm də Süleyman həqiqi Allahın xidmətçilərini bir yerə toplaşmağa təşviq edirdilər (Mat. 18:20; Vaiz 4:9-12; 5:1). İsanın «dövrün sonuna əlamət» və «digər xalqların vaxtı» barədə söylədiyi peyğəmbərliklər Süleymanın «hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var» sözləri ilə həmahəngdir (Mat. 24:3; Luka 21:24; Vaiz 3:1).
18 Bundan əlavə, Süleyman kimi, İsa və onun şagirdləri də maddi ne’mətlərə can atmağın təhlükəsi barədə xəbərdarlıq edirdilər. Hikmət e’tibarlı müdafiədir, çünki Süleymanın dediyi kimi, hikmət «ona sahib olana həyat verər». İsa da belə təşviq edirdi: «Lakin əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Vaiz 7:12; Mat. 6:33). Vaiz 5:10 ayəsində deyilir: «Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan. Bu da puçdur». Həvari Pavel 1 Timoteyə 6:6-19 ayələrində «hər cür pisliyin kökü pulpərəstlikdir» deməklə buna çox oxşar məsləhət verir. Müqəddəs Kitab nəsihətlərini özündə əks etdirən digər paralel hissələr də var (Vaiz 3:17—Həv. iş. 17:31; Vaiz 4:1—Yaq. 5:4; Vaiz 5:1, 2—Yaq. 1:19; Vaiz 6:12—Yaq. 4:14; Vaiz 7:20—Rom. 3:23; Vaiz 8:17—Rom. 11:33).
19 Bir insan kimi müdrik padşah Süleymanın nəslindən gələn, Allahın sevimli Oğlu İsa Məsih, öz padşahlığı zamanı yer üzündə yeni insan cəmiyyəti tə’sis edəcək (Vəhy 21:1-5). Süleymanın padşahlığı İsa Məsihin rəhbərliyi altında olan Allahın Padşahlığının nümunəsi idi və Süleymanın öz xalqına yazdığı nəsihətlər, Allahın və’d etdiyi yeni dünyasında yaşamağa ümid edən hər kəs üçün olduqca əhəmiyyətlidir. Bu Padşahlıqda bəşəriyyət, Vaizin öz kitabında izah etdiyi həmin müdrik prinsiplər əsasında yaşayacaq və Allahın ən’amı olan xoşbəxt həyatdan əbədiyyən həzz alacaq. Beləliklə, Yehovanın Padşahlığının rəhbərliyi altında bizi gözləyən sevinci bütün ürəyimizlə duymaq üçün, indi Yehovaya ibadətdə birləşərək yığışmağın əsl vaxtıdır (Vaiz 3:12, 13; 12:13, 14).
[Haşiyələr]
a A. Klark, «Commentary», c. III, s. 799.
b F. K. Kuk, «Bible Commentary», c. IV, s. 622.