Maksimalist olmağa dəyərmi?
Siz, hər bir şeyi olduqca yaxşı etməyə çalışırsınızmı? Əlbəttə, sizin bu xüsusiyyətiniz həm sizə, həm də ətrafınızda olanlara çox şeydə faydalıdır. Digər tərəfdən, bə’ziləri ifratçılığa qapılır və maksimalist olurlar. Bu nə deməkdir?
MAKSİMALİST sözünün bir mə’nası, həddindən artıq tələbkar olan insan deməkdir və belə insan, bir iş mükəmməl surətdə başa çatdırılmadıqda hövsələdən çıxır. Yəqin ki, siz bu cür xasiyyətli insanlarla qarşılaşmısınız. Sir deyil ki, başqalarına qarşı həddindən artıq tələbkar olmaq, məmnuniyyətsizlik və mə’yusluğa səbəb olan bir çox problemlər yarada bilər. Müvazinətli insanların əksəriyyəti başa düşürlər ki, lazımsız və əsassız tələbkarlıq kimi, maksimalizm həyatın bütün sahələrində arzu olunmayan xasiyyətdir. Onunla mübarizə aparmaq lazımdır. Lakin məsələ ondadır ki, biz özümüzü və ya xasiyyətimizi yoxladığımız zaman, bizdə belə xüsusiyyətin olduğunu qəbul etmək bə’zən çətin olur və buna görə də onun öhdəsindən gəlmək asan deyil.
Nelsonun çox mə’suliyyətli vəzifəsi var və o, çoxlu məsələlərin həlli ilə məşğuldur. O, müntəzəm olaraq statistikaları tədqiq edir və istehsalat onun bütün diqqətini cəlb edir. Çoxlarının fikrincə, belə maksimalizm əmək bazarında müvəffəqiyyət əldə etmək üçün lazımdır. Bə’ziləri Nelsonu qiymətləndirsələr də, tələbkarlıq onun sağlamlığına pis tə’sir göstərir, baş ağrılarına və gərginliyinə səbəb olur. Siz Nelsonun bu xüsusiyyətini özünüzdə görürsünüzmü?
Maksimalizm gənclərə də xas olan xüsusiyyətdir. Rio-de-Janeyrodan Rita adlı bir qız, uşaqlıqda məktəbdə oxumağı xoşlayırdı. O, şöhrətpərəst olmamağa çalışırdı, ancaq “ə’ladan” aşağı qiymət alanda bunu bir fəlakət kimi qəbul edirdi. Rita deyir: “Uşaqlıqda mən özümü başqa uşaqlarla müqayisə edəndə, onların kifayət qədər boş vaxtları olduğunu görürdüm, mən isə daima gərginlik içindəydim və həmişə harasa tələsirdim. Elə hiss edirdim ki, dincəlməyə heç vaxtım yoxdur, çünki həmişə ediləsi işlərim olurdu”.
Mariya balaca olanda, başqaları kimi qəşəng şəkil çəkə bilmədiyi üçün ümidsizlikdən ağlayırdı. Daha sonra o, özünün musiqi məharətini mükəmməl dərəcəyə çatdıraraq, çalıb-oxumağından həzz almaq əvəzinə, çox vaxt əsəbləşir və həyəcanlanırdı. Rəqabətçilikdən qaçınmaq üçün ehtiyatlı olmağa çalışan Tanya adlı braziliyalı bir qız e’tiraf edir ki, məktəbdə və evdə özünə qarşı həddindən artıq yüksək tələblər qoyurdu. Ona elə gəlirdi ki, hər şeyi mükəmməl surətdə etməzsə, insanlar onu çox sevməyəcəklər. Bundan əlavə, Tanya bə’zən başqalarından da çox şey gözləyirdi, nəticədə ümidi boşa çıxır və çox kədərlənirdi.
Bacarıqlı, çalışqan olmaq və özündən məmnun qalmaq hissinin vacib olmasına baxmayaraq, əgər bir insan qarşısına həyata keçirilməz məqsədlər qoyarsa, həmin insanda nailiyyətsizliyə uğramaq qorxusu kimi mənfi hisslər yarana bilər. Valideynlər və ətrafdakılar, uşaqlardan dərslərində və idmanda mükəmməl olmağı tələb edə bilərlər, uşaqlar isə onların ümidini doğrulda bilməyəndə əziyyət çəkirlər. Məsələn, Rikardonun anası oğluna böyük ümidlər bəsləyirdi: onun həkim olmağını, fortepianoda çalmağını və bir neçə dildə danışmağını istəyirdi. Məgər belə yüksək tələblərin, problemlərlə və ya ümidsizliklə nəticələnəcəyi aydın deyilmi?
Nə üçün maksimalist olmaqdan çəkinmək lazımdır?
Keyfiyyətli əmək, işdə yüksək dəqiqlik və ustalıq hər vaxt tələb olunur. Buna görə də, insanlar əmək bazarında rəqabət aparırlar. İnsanları daha çox çalışmağa məcbur edən başqa bir səbəb, qidalanmaq üçün vəsaitsiz qalmaq qorxusudur. Bə’zi işçilər, yeni rekord üçün hər cür fədakarlığa gedən idmançıya bənzəyirlər. Lakin o, güclü rəqiblə qarşılaşaraq, daha artıq məşq etmək, bəlkə də, yaxşı nəticələr əldə etmək və ümid etdiyi kimi qalib gəlmək üçün, hətta narkotik maddələr də qəbul etmək məcburiyyətində qalır. Bir kitabda deyilir ki, məntiqə uyğun olan mükəmməlləşmək arzusu maksimalizmə çevriləndə, insanı ya “uğursuzluq qarşısında qorxu”, ya da “birinci olmaq arzusu” idarə etməyə başlayır (“The Feeling Good Handbook”).
Əlbəttə, bə’ziləri hesab edirlər ki, incəsənətdə və ya idmanda öz nailiyyətlərini həmişə mükəmməlləşdirə bilərlər. Lakin doktor Robert Eliotun sözlərinə görə “maksimalizm, heç zaman həyata keçməyəcək bir ümiddir”. O, əlavə edir: “Buraya, taqsırkarlıq, müdafiə olunmaq istəyi və rişxəndlər qarşısında qorxu hissləri daxildir”. Buna görə də, müdrik Süleyman padşahın sözləri necə də düzgündür: “Hər əməyi və yaxşı gedən işi gördüm ki, bir kimsənin qonşusu tərəfindən qısqanılması buna görədir. Bu da boşdur və yeli tutmağa çalışmaqdır” (Vaiz 4:4).
Əgər hər şeydə mükəmməllik axtarmağa meyllisinizsə, nə etmək olar? Məgər düz deyilmi ki, siz nə qədər çox sə’y göstərirsinizsə, bir o qədər də ümidləriniz boşa çıxır? Siz, daha az tələbkar olmaq və hər şeyə rahat yanaşmaq istəyərdinizmi? Kamil olmaq nə deməkdir? Məgər maksimalist olmaqdan çəkinərək, öz imkanlarınızdan tam mə’nada istifadə etmək istəmirsinizmi? Əgər qeyri-kamil insanlar Allahın verdiyi qabiliyyətlərdən, başqalarının rifahı naminə kəşflər etmək üçün istifadə edirlərsə, onda Allahın rəhbərliyi altında bəşəriyyətin mükəmməl şəraitlərdə nələrə nail olacaqlarını təsəvvür edin!
[4-cü səhifədəki şəkil]
Valideynlər və ətrafdakılar uşaqlardan, onların nail ola bilmədikləri mükəmməlliyi tələb edə bilərlər