Tərəqqinizi aşkar edin
“Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun” (1 TİMOTEYƏ 4:15).
1. Meyvənin yetişdiyini və yeməli olduğunu necə müəyyən etmək olar?
ÇOX xoşladığınız meyvəni — əriyi, armudu, şaftalını və ya başqasını təsəvvürünüzə gətirin. Həmin meyvənin yetişdiyini və yeməli olduğunu müəyyən edə bilərsinizmi? Sözsüz. Meyvənin ətri, rəngi, yumşaqlığı — bütün bunlar, sizi qarşıda bir neçə xoş dəqiqə gözlədiyini göstərir. Ondan dişləyəndə, ola bilsin ki, dadından ağzınızı marçıldadırsınız. Necə də şirəlidir! Necə də şirindir! Lap ləzzət verir!
2. İnsanın yetkinliyi necə əks olunur və bu yetkinlik onun başqaları ilə münasibətinə necə tə’sir göstərir?
2 Bu sadə, amma gözəl nümunə həyatın başqa sahələrində də öz əksini tapır. Məsələn, meyvənin dəymiş olduğunu müəyyən edən əlamətlər olduğu kimi, insanın ruhani yetkinliyini də müəyyən edən əlamətlər var. İnsanın düşüncə, anlayış, hikmətlə davrandığını və digər keyfiyyətləri əks etdirdiyini görürüksə, onun ruhən yetkin olduğunu başa düşürük (Eyub 32:7—9). Düşüncə və davranışında bu cür keyfiyyətləri təzahür etdirən adamla ünsiyyətdə olmaq və işləmək, əlbət ki, xoşdur (Süleymanın məsəlləri 13:20).
3. İsa dövrünün adamlarını təsvir edəndə onların yetkinliyi barədə nə aşkar olundu?
3 Digər tərəfdən, insan yaşca böyük ola bilər, amma onun danışığı, eləcə də hərəkəti emosional və ruhani cəhətdən yetkin olmadığını göstərə bilər. Misal üçün, İsa Məsih öz dövrünün inadcıl adamlarından bəhs edərkən dedi: «Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi; və deyirlər ki: “Onda cin var”. İnsan Oğlu gəldikdə yeyir və içir; və deyirlər: “Budur, qarınqulu və şərab düşgünü İnsan”». Həmin adamlar yaşca böyük olsalar da, İsanın sözlərinə görə, özlərini “uşaq” kimi aparırdılar — onlarda yetkinlik çatışmırdı. Buna görə də, İsa əlavə etdi: «Hikmət isə öz övladları tərəfindən [“öz əməlləri ilə”, İ—93] təsdiq olunur» (Matta 11:16—19).
4. Tərəqqimizi və yetkinliyimizi necə aşkar etmək olar?
4 İsanın sözlərindən göründüyü kimi, bir adamın həqiqi hikmətə — yetkinliyin fərqləndirici əlamətinə malik olub-olmadığını onun əməlləri və bu əməllərin nəticələri əsasında müəyyən etmək olar. Bu cəhətdən Pavelin Timoteyə verdiyi məsləhət diqqətə layiqdir. Pavel, Timoteyin can atması lazım olan məqsədləri sadalayaraq, dedi: “Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun” (1 Timoteyə 4:15). Bəli, məsihçinin yetkinliyə doğru irəliləməsi “aşkardır”, daha doğrusu aydın görünür. Məsihçi yetkinliyi, parlaq işıq kimi, daxildə saxlanılması və ya gizlədilməsi mümkün olmayan bir keyfiyyətdir (Matta 5:14—16). Buna görə də tərəqqimizi və yetkinliyimizi aşkar etməyə kömək edən iki üsulu nəzərdən keçirəcəyik: 1) bilikdə, anlayışda və hikmətdə böyümək; 2) ruhun səmərəsini əks etdirmək.
İmanda və dəqiq bilikdə vəhdət
5. Yetkinliyə hansı tə’rifi vermək olar?
5 Lüğətlərin əksəriyyətində yetkinlik sözü tam inkişaf vəziyyəti, yaşca böyüklük, təqdim edilən tələblərə tamamilə müvafiq olmaq kimi təsvir edilir. Artıq bildiyimiz kimi, meyvə təbii inkişaf mərhələsini keçəndə, xarici görünüşü, rəngi, ətri və dadı lazımi səviyyəyə çatanda yetkin, yə’ni dəymiş hesab edilir. Beləliklə, yetkinlik ləyaqət, tamamlıq və mükəmməlliyin sinonimidir (İşaya 18:5; Matta 5:45—48; Yaqub 1:4).
6, 7. a) Nədən görünür ki, Yeqova, Ona ibadət edənlərin ruhən yetkin olmalarına dərindən maraq göstərir? b) Ruhani yetkinlik nə ilə sıx bağlıdır?
6 Yeqova Allah ibadətçilərinin hamısının ruhən yetkin olmalarına dərindən maraq göstərir. Buna görə də O, məsihçi yığıncağına gözəl hədiyyələr verib. Pavel Efesdəki məsihçilərə yazırdı: “O Özü, kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini cəmiyyətin gözətçisi və müəllimi tə’yin etdi ki, müqəddəslər xidmət işini icra etmək və Məsihin bədənini inkişaf etdirmək üçün tə’min edilsinlər. Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan [“imanda və Allahın Oğlunun dəqiq biliyində vəhdətə, yetkin insan”, YD] səviyyəsinə, Məsihin dolğunluq qamətinin ölçüsünə çatacağıq; belə ki, artıq insanların kələkbazlığı ilə, bizi yoldan çıxarmaq üçün hazırladıqları hiylələrlə, hər cür tə’limin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq” (Efeslilərə 4:11—14).
7 Bu ayələrdə Pavel izah edir ki, Allah yığıncağa belə dəyərli ruhani bəxşişləri, xüsusilə, hamının “imanda və dəqiq bilikdə vəhdətə”, “yetkin insan səviyyəsinə” və “Məsihin dolğunluq qamətinin ölçüsünə” çatmasına görə vermişdir. Yalnız belə olarsa, biz, yalan ideyalar və tə’limlər tərəfindən ora-bura sürüklənməkdən qorunacağıq. Bundan, məsihçi yetkinliyinə doğru irəliləməklə “imanda və Allahın Oğlunun dəqiq biliyində vəhdət”in necə bağlı olduğunu görürük. Pavelin məsləhətində, xüsusi diqqət yetirməli olacağımız bir neçə məsələ var.
8. “İmanda və dəqiq bilikdə vəhdəti” qorumaq üçün nə lazımdır?
8 Birincisi, “vəhdətin” qorunması üçün yetkin məsihçi iman və bilik məsələsində həmimanlıları ilə tamamilə razı olmalıdır. Söhbət Müqəddəs Kitab anlayışından gedən zaman, o, şəxsi fikrini müdafiə edib, öz ideyalarının üstündə durmayacaqdır. Yetkin məsihçi, Yeqova Allahın öz Oğlunun — İsa Məsihin, həmçinin “sadiq və ağıllı qul”un vasitəsilə aşkar etdiyi həqiqətə tam əmindir. Əgər biz məsihçi nəşrlərində, yığıncaq görüşlərində və konqreslərdə “vaxtlı-vaxtında” verilən ruhani qida ilə müntəzəm qidalanırıqsa, imanda və dəqiq bilikdə həmimanlılarımızla “vəhdəti” qoruduğumuza əmin ola bilərik (Matta 24:45).
9. Pavelin efeslilərə yazdığı məktubda “iman” sözünü hansı mə’nada işlətdiyini izah edin.
9 İkincisi, “iman” sözü ayrı-ayrılıqda hər bir məsihçinin e’tiqadına deyil, birlikdə bizim hamımızın e’tiqadımıza, onun “genişliyinə, uzunluğuna, ucalığına və dərinliyinə” aiddir (Efeslilərə 3:18; 4:5; Koloslulara 1:23; 2:7). Əgər məsihçi, “imanı” bütöv deyil, onun yalnız müəyyən hissəsini qəbul edirsə, o, həmimanlıları ilə vəhdətdə ola bilərmi? Bu o deməkdir ki, biz, Müqəddəs Kitabın yalnız əsas tə’limlərini öyrənməklə, həqiqətin səthi və ya natamam biliyi ilə kifayətlənməli deyilik. Yeqovanın öz təşkilatı vasitəsilə bizə təqdim etdiyi hər şeydən istifadə etməyə çalışmalıyıq ki, Onun Kəlamını dərindən tədqiq edək. Biz Allahın iradəsini və niyyətini, mümkün qədər dəqiq və tam anlamağa sə’y göstərməliyik. Bunun üçün Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları oxuyub öyrənməyə, kömək və rəhbərlik göstərməsi üçün Allaha dua etməyə, müntəzəm olaraq məsihçi görüşlərinə getməyə, həmçinin Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etməyə və şagirdlər hazırlamağa vaxt ayırmaq lazımdır (Süleymanın məsəlləri 2:1—5).
10. Efeslilərə 4:13 ayəsindəki “bunun nəticəsində hamımız” ifadəsinin mə’nası nədir?
10 Üçüncüsü isə, Pavel üç hissədən ibarət olan məqsədin təsvirini, “bunun nəticəsində hamımız” ifadəsi ilə başlayır. Müqəddəs Kitaba aid olan bir arayış kitabçasında deyilir ki, “hamımız” ifadəsində “hər bir şəxs ayrı-ayrılıqda deyil, hamı birlikdə” nəzərdə tutulur. Başqa sözlərlə desək, qardaşlıqla birlikdə məsihçi yetkinliyinə can atmaq üçün bizlərdən hər birimiz əlindən gələni etməlidir. “İzahlı Müqəddəs Kitab” əsərində deyilir: “Bütöv bədən inkişaf etmədikdə onun üzvlərindən biri özbaşına axıra qədər inkişaf etmədiyi kimi, heç kim təkbaşına ruhani yetkinliyə nail ola bilməz (“The Interpreter’s Bible”)”. Pavel Efes məsihçilərinə xatırlatdı ki, bütöv imana nail olmaq üçün onlar “bütün müqəddəslərlə birlikdə” cəhd göstərməlidirlər (Efeslilərə 3:18a).
11. a) Ruhən böyümək nə deməkdir? b) Ruhən böyümək üçün nə etmək lazımdır?
11 Pavelin sözlərindən aydın olur ki, ruhən böyümək sadəcə olaraq ağılı biliklərlə doldurmaq və alimlik dərəcəsinə çatmaq mə’nasını vermir. Müəyyən sahədə topladığı dərin biliyi ilə başqalarını valeh edən məsihçi yetkin məsihçi deyil. Müqəddəs Kitabda deyilir: “Salehlərin yolu isə, doğan işıq kimidir, tam gün oluncaya qədər get-gedə parlar” (Süleymanın məsəlləri 4:18). Bəli, get-gedə insan deyil, “yol” parlayır. Əgər biz Yeqovanın Kəlamının, Onun özü tərəfindən xalqına tədricən açılan anlayışları ilə ayaq-ayağa yeriməyə çalışırıqsa, ruhən böyüyəcəyik. Belə olduqda ayaq-ayağa yerimək irəliyə doğru addımlamaq deməkdir, bunu isə bizlərdən hər birimiz edə bilərik (Məzmur 97:11; 119:105).
Ruhun səmərəsini” əks etdirin
12. Ruhani inkişafa can atarkən, ruhun səmərəsini əks etdirmək nəyə görə vacibdir?
12 “İmanda və dəqiq bilikdə vəhdətə” can atmağımız vacib olsa da, həyatımızın hər bir sahəsində Allahın ruhunun səmərəsini əks etdirmək az əhəmiyyət kəsb etmir. Nə üçün? Çünki, artıq gördüyümüz kimi, yetkinlik, daxildə saxlanılması və ya gizlədilməsi mümkün olmayan keyfiyyətdir. Bu keyfiyyətin başqalarına fayda gətirən və dəstək olan aşkar təzahürü var. Ruhani inkişafa can atmaq, sadəcə olaraq özünü mədəni və ya tərbiyəli insan kimi göstərmək mə’nasını vermir. Əgər biz Allahın ruhunun rəhbərliyinə riayət edərək ruhən böyüyürüksə, onda düşüncəmizdə və davranışımızda valehedici dəyişikliklər baş verəcəkdir. Həvari Pavel deyirdi: “Ruha görə hərəkət edin və siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz” (Qalatiyalılara 5:16).
13. Hansı dəyişiklik ruhani irəliləyiş barədə aydın şəhadət edir?
13 Bundan sonra Pavel “cismani təbiətin” çoxsaylı və “bəlli” əməllərini sadaladı. İnsan Allahın tələblərinin bütün dəyərini anlayana qədər, dünyanın tələblərinə əsasən yaşayır. Onun həyat tərzinə, ehtimal ki, Pavelin xatırlatdığı: “zina, cinsi əxlaqsızlıq, murdarlıq, səfahət, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, həsəd, qəzəb, ehtiraslılıq, nifaq, təfriqələr, paxıllıq, qatillik, sərxoşluq, eyş-işrətlər və buna bənzər” xüsusiyyətlər xasdır (Qalatiyalılara 5:19—21). Ancaq həmin adam ruhən böyüdükcə, “cismani təbiətin” pis “əməlləri” ilə məşğul olmağa tədricən son qoyur və “ruhun səmərəsi”ni əks etdirməyə başlayır. Kənardan gözə çarpan bu cür dəyişiklik, insanın ruhani yetkinliyə doğru irəlilədiyinə aydın şəhadət edir (Qalatiyalılara 5:22).
14. “Cismani təbiətin əməlləri” və “ruhun səmərəsi” ifadələrini izah edin.
14 Bu iki ifadəyə — “cismani təbiətin əməllərinə” və “ruhun səmərəsinə” diqqət yetirək. “Əməllər”, insanın gördüyü işlərin nəticəsidir. Başqa sözlərlə desək, Pavelin cismani təbiətin əməlləri kimi sadaladığı əməllər, ya insanın şüurlu tərzdə etdiyi seçimin, ya da günahlı cismani təbiətin ona göstərdiyi tə’sirin nəticəsidir (Romalılara 1:24, 28; 7:21—25). Digər tərəfdən, “ruhun səmərəsi” ifadəsi onu göstrir ki, bu ifadə altında sadalanan keyfiyyətlər, insanın öz şəxsiyyətini formalaşdırdığı və ya özünü təkmilləşdirdiyi vaxt sərf etdiyi qüvvə nəticəsində yox, Allahın ruhunun ona göstərdiyi tə’sir nəticəsində əmələ gəlir. Ağaca yaxşı qulluq göstəriləndə bar verdiyi kimi, müqəddəs ruh da insanın həyatına sərbəst tə’sir edəndə, insan bu ruhun səmərəsini əks etdirməyə başlayır (Məzmur 1:1—3).
15. “Ruhun səmərəsini” təşkil edən keyfiyyətlərin hamısına diqqət yetirmək nə üçün vacibdir?
15 Diqqət yetirməyə layiq olan digər cəhət odur ki, xatırlatdığı bütün müsbət keyfiyyətləri təsvir etmək üçün Pavel “səmərə” sözünü istifadə etmişdir. Ruh çox səmərələr hasil etmir ki, onlardan xoşumuza gələni seçək. Pavelin sadaladığı keyfiyyətlərin hamısı — məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq — eyni tərzdə vacibdir və bunlar birlikdə yeni məsihçi şəxsiyyətini xarakterizə edir (Efeslilərə 4:24; Koloslulara 3:10). Olsun ki, xasiyyətimiz və meyllərimiz sayəsində bu keyfiyyətlərdən bə’zisi həyatımızda daha aşkar nəzərə çarpır. Buna baxmayaraq, Pavelin sadaladığı bütün keyfiyyətlərə diqqət yetirmək vacibdir. Bu zaman Məsihi daha tam surətdə təqlid edə bilərik (1 Peter 2:12, 21).
16. Məsihçi yetkinliyinə nə üçün can atırıq və bu məqsədə necə nail ola bilərik?
16 Pavelin sözlərində vacib ibrət dərsi var: məsihçi yetkinliyinə yalnız geniş bilik və mə’lumat toplamaq, həmçinin özümüzdə yaxşı keyfiyyətlər inkişaf etdirmək məqsədilə can atmamalıyıq. Məqsədimiz, Allahın ruhunun həyatımıza maneəsiz olaraq tə’sir göstərməsinə imkan verməkdir. Düşüncə və davranışımızı Allahın ruhunun rəhbərliyinə nə dərəcədə tabe etdiririksə, o dərəcədə də ruhən yetkin oluruq. Bu məqsədə necə nail ola bilərik? Allahın ruhunun ürəyimizə və şüurumuza tə’sir göstərməsinə imkan verməliyik. Bunun üçün müntəzəm olaraq məsihçi görüşlərinə getmək və orada iştirak etmək lazımdır. Biz, həmçinin Allahın Kəlamını müntəzəm olaraq öyrənməli və üzərində dərindən düşünməliyik, başqaları ilə ünsiyyətdə olanda, nə isə seçəndə və ya bir qərar qəbul edəndə bu Kəlamdakı prinsipləri əldə rəhbər tutmalıyıq. Belə olduqda, əlbəttə ki, tərəqqimiz aşkar olacaqdır.
Allahı izzətləndirmək üçün müvəffəqiyyət əldə edin
17. Tərəqqimiz səmavi Atamızın izzətlənməsi ilə necə bağlıdır?
17 Tərəqqimiz aşkar olursa, bu nəhayətdə bizə deyil, səmavi Atamız Yeqovaya izzət və həmd gətirəcəkdir. Axı biz yalnız Onun sayəsində ruhən yetkin ola bilərik. Ölümündən bir qədər əvvəl, gecə İsa şagirdlərinə dedi: “Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız” (Yəhya 15:8). İsanın şagirdləri həm ruhun səmərəsini əks etdirməklə, həm də xidmətlərində Padşahlıq səmərəsi gətirməklə Yeqovanı izzətləndirdilər (Həvarilərin işləri 11:4, 18; 13:48).
18. a) Bizim günlərdə hansı sevindirici biçin işi həyata keçirilir? b) Bu biçinə hansı tapşırıq daxildir?
18 Bu gün Yeqova, bütün yer üzündə keçirilən ruhani biçində iştirak edən xalqına xeyir-dua verir. Artıq bir neçə il ərzində, hər il 300 000 nəfər özünü Yeqovaya həsr edir və buna əlamət olaraq suda vəftiz olunur. Bu bizi və əlbəttə ki, Yeqovanın qəlbini sevindirir (Süleymanın məsəlləri 27:11). Lakin Yeqovanı sevindirməyə və izzətləndirməyə davam etmək üçün, həqiqətdə yeni olanların hamısı “[Məsihin] yolunda yeriməli... Onda kök salıb, inkişaf etməli və öyrədildikləri kimi imanda möhkəmlənməlidirlər” (Koloslulara 2:6, 7). Bu işdə Allahın xalqı qarşısında ikiqat tapşırıq durur. Bir tərəfdən, əgər siz bu yaxınlarda vəftiz olunmusunuzsa, tərəqqinizin “hamıya aşkar” olması üçün bütün qüvvənizi sərf edəcəksinizmi? Digər tərəfdən, əgər siz artıq müəyyən müddət həqiqət yolundasınızsa, təzə gələnlərin ruhani rifahlarının qeydinə qalmaq məs’uliyyətini üzərinizə götürəcəksinizmi? Hər iki halda yetkinliyə can atmağın nə dərəcədə vacib olduğu görünür (Filipililərə 3:16; İbranilərə 6:1).
19. Qarşınızda hansı imkan açılır və tərəqqinizi aşkar edərsinizsə sizi hansı xeyir-dualar gözləyir?
19 Öz tərəqqisini aşkar etməyə sə’ylə çalışan hər bir kəsi çox gözəl xeyir-dualar gözləyir. Timoteyi ruhən böyüməyə də’vət etdikdən sonra, Pavelin dediyi sözləri xatırlayaq: “Özünə və verdiyin tə’limata diqqət yetir və bu işləri davam etdir. Çünki bunu etməklə sən həm özünü, həm də sənə qulaq asanları xilas edərsən” (1 Timoteyə 4:16). Sə’ylə çalışıb tərəqqinizi aşkar etməklə Allahın ismini siz də izzətləndirər və Onun xeyir-dualarını ala bilərsiniz.
Xatırlayırsınızmı?
• Ruhani yetkinlik nədə əks olunur?
• Nəyi bilmək və anlamaq yetkinliyə şəhadət edir?
• “Ruhun səmərəsini” əks etdirmək insanın ruhən böyüməsinə necə şəhadət edir?
• Yetkinliyə can atırıqsa, qarşımızda hansı tapşırıq durur?
[24-cü səhifədəki şəkil]
Yetişkənlik, yə’ni yetkinlik aşkar görünür.
[25-ci səhifədəki şəkil]
Get-gedə açılan həqiqətlə ayaq-ayağa yeriyərək ruhən böyüyürük.
[26-cı səhifədəki şəkil]
Dua, “ruhun səmərəsini” əks etdirməkdə bizə kömək edir.