Dünyanı yaxşılaşdırmaq bizə müyəssər olacaqmı?
“Siyasət bizim parçalanmış dünyamızı birləşdirməyə qadir deyil. İtirilmiş əxlaq normalarını siyasi yolla geri qaytarmaq olmaz. Heç bir siyasi nəzəriyyə nikahı xilas etmək və tanışlıq zamanı münasibətlərdəki təmizliyi geri qaytarmaq qüvvəsində deyil. Siyasət həmçinin, ataları övladlarının qayğısına qalmağa təşviq edə bilmir. İnsanların bir zamanlar xəcalət çəkib, hiddətləndikləri işlərə qarşı indi eyni reaksiya göstərməyə məcbur etmək iqtidarında deyil... Əxlaqla əlaqədar bizi narahat edən əksər problemləri göstəriş və yaxud qanunla həll etmək olmaz”.
SİZ ABŞ hökumətinin keçmiş dövlət xadiminin söylədiyi bu sözlərlə razısınızmı? Əgər razısınızsa, onda tamahkarlıq, əxlaqsızlıq, ədəbsizlik, əsl qohumluq hisslərinin çatışmazlığı və cəmiyyəti məhv edən başqa nöqsanlar ucbatından yaranan problemlərin həllini harada axtarmalı? Bə’ziləri yaranan vəziyyətdən çıxış yolu görmədikləri üçün yalnız bugünkü günlə yaşayırlar. Başqaları isə, Allahın verdiyi bəxşişə sahib olan, ehtimal ki, dini rəhbərin - görkəmli şəxsiyyətin nə vaxtsa gələcəyini və onlara düzgün yol göstərəcəyini gözləyirlər.
2 000 il bundan əvvəl insanlar İsa Məsihin Allah tərəfindən göndərildiyini və buna görə də gözəl rəhbər olacağını dərk etdikləri üçün onu padşah tə’yin etmək istəyirdilər. Ancaq İsa bu istəklərin hansı səbəbdən irəli gəldiyini bilib, dərhal yanlarından uzaqlaşdı (Yəhya 6:14, 15). Daha sonra o, Roma valisinə: “Mənim Padşahlığım bu dünyadan deyildir” sözlərini söylədi (Yəhya 18:36, İ—93). Lakin bu gün, İsa Məsihin tutduğu mövqeyə sahib olan çox az adama rast gəlmək olar. Belə mövqeyə, hətta özlərini Məsihin davamçısı adlandıran din xadimləri də malik deyillər. Onlardan bə’ziləri yaxşı dünya yaratmaq üçün təşəbbüs göstərərək gah dövlət rəhbərlərinə tə’sir göstərir, gah da siyasi vəzifəyə yiyələnirlər. Gəlin görək 1960-1970-ci illərdə insanlar buna necə nail olmağa çalışırdılar.
Dünyanı yaxşılaşdırmaq üçün dinlərin göstərdiyi cəhdlər
1960-cı illərin sonuna yaxın Latın Amerikasında yaşayan bə’zi ilahiyyatçılar yoxsulların və məzlumların müdafiəsinə qalxdılar. Onlar, bu məqsədlə azadlıq ilahiyyatı yaratdılar və buna əsasən Məsih yalnız Müqəddəs Kitab deyil, eləcə də siyasi və iqtisadi baxımdan Xilaskar hesab edilirdi. Birləşmiş Ştatlarda mə’nəvi dəyərlərin aşağı səviyəyə enməsi ilə əlaqədar narahatçılıq keçirən bə’zi kilsə rəhbərləri isə “Mə’nəvi əksəriyyət” adlı təşkilat yaratdılar. Bu təşkilatın köməkliyi ilə onlar siyasi aparata öz nümayəndələrini tə’yin etməyə və onların vasitəsilə ailə təməlinin qorunması üçün qanunlar qəbul etməyə çalışırdılar. Buna bənzər şəkildə müsəlman ölkələrində də bə’zi qruplar rüşvətxorluq və xidməti vəzifədən sui-istifadə etməklə mübarizədə Qur’ana əsaslanmağa çağırırdılar.
Belə bir fəaliyyət nəticəsində dünyanın yaxşılığa doğru dəyişdiyini güman edirsinizmi? Ümumiyyətlə, faktlar mə’nəviyyatın sür’ətlə aşağı səviyyəyə enməsinə, kasıblarla varlılar arasında olan təzadın isə, hətta azadlıq ilahiyyatının geniş yayıldığı ölkələrdə belə günü-gündən artmasına şəhadət edir.
Birləşmiş Ştatlarda yaradılmış “Mə’nəvi əksəriyyət” adlı təşkilat özünün əsas məqsədlərini həyata keçirə bilmədiyi üçün, banisi Cerri Foluel tərəfindən 1989-cu ildə ləğv edildi. Bu təşkilatın əvəzinə başqa təşkilatlar yaradıldı. Buna baxmayaraq, “Mə’nəvi əksəriyyət” adını fikirləşmiş Pol Veyriç “Kristianiti tudey” jurnalında yazırdı: “Seçkilərdə qalib gəldiyimiz vaxtlarda belə, vacib sandığımız siyasəti yeritmək bizə müyəssər olmur”. O həmçinin qeyd edirdi: “Cəmiyyətin mədəniyyəti günü-gündən çirkli su xəndəyinə bənzəyir. Biz böyük miqyaslı mədəni böhranla üzləşmişik, bu böhran o qədər böyükdür ki, heç bir siyasət onun öhdəsindən gəlmək qüvvəsində deyil”.
Yazıçı və icmalçı Kel Tomas cəmiyyətin problemlərinin siyasi yolla həll edilməsinə xüsusilə nəyin mane olduğuna dair fikrini söylədi: “Bizim əsas problemlərimiz iqtisadi və siyasi cəhətdən deyil, ruhani və mə’nəvi cəhətdəndir. Dünyanı yaxşılığa doğru dəyişmək üçün seçkilərdə namizədləri yox, insanların ürəklərini dəyişmək lazımdır”.
Bəs dürüst normaların olmadığı və insanların nəyin yaxşı, nəyin pis olduğuna dair özləri qərar çıxardığı bir dünyada mə’nəvi və ruhani problemləri necə həll etmək olar? Xoş niyyətlərlə hərəkətə gətirilən görkəmli insanlar - istər din, istərsə də kübar xadimlər - dünyamızı yaxşılığa doğru dəyişmək qüvvəsində deyillərsə, bunu başqa kim edə biləcək?
[İcazə ilə]
Children: UN photo; globe: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.