“İblisə... qarşı durun”
“İblisə... qarşı durun və o, sizdən qaçacaqdır” (YAQUB 4:7).
1. Müasir dünya haqqında nə demək olar və nəyə görə məsh edilmişlərə və onların həmkarlarına oyaq olmaq gərəkdir?
“ALLAH qeyb olmuş, İblis isə qalmışdır”. Fransız müəllifi Andre Malronun bu sözləri, yaşadığımız dünyanın vəziyyətinə tamamilə uyğundur. İnsanların əməllərində Allahın iradəsindən çox İblisin hiylələri təzahür olunur. Şeytan insanları “tam qüdrətlə, əlamətlər və yalançı xariqələrlə və həlak olanları aldadan hər növ pisliklə” düz yoldan çıxarır (2 Saloniklilərə 2:9, 10). Ancaq o, bu “axır günlərdə” “Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan” məsh edilmiş məsihçilərlə vuruşaraq, bütün qüvvəsini Allahın həsr olunmuş xidmətçilərinə qarşı yönəldir (2 Timoteyə 3:1; Vəhy 12:9, 17). Deməli, Allahın bu məsh edilmiş xidmətçilərinə və onların yer üzündə yaşamaq ümidinə malik olan həmkarlarına oyaq olmaq gərəkdir.
2. Şeytan Həvvanı necə yoldan çıxardı və həvari Pavel nədən qorxduğunu bildirdi?
2 Şeytan başdan ayağa yalançıdır. O, ilandan istifadə edərək, Həvvanı hiyləgərliklə inandırdı ki, Allahdan asılı olmamaq onu daha xoşbəxt edəcəkdir (Təkvin 3:1-6). Təxminən dörd min il keçdikdən sonra, Pavel Korinfdə yaşayan məsh edilmiş məsihçilərin Şeytanın hiyləgərliyinin qurbanı ola biləcəklərinə dair təşvişini bildirdi. Pavel yazırdı: “İlan Həvvanı öz hiyləgərliyi ilə necə aldatdısa, qorxuram ki, sizin düşüncələriniz, necə olursa-olsun, Məsihə olan sadə və təmiz sədaqətinizdən uzaqlaşaraq, pozulsun” (2 Korinflilərə 11:3). Şeytan insanların ağlını korlayır, onların düşüncələrini təhrif edir. O, Həvvanı yoldan çıxartdığı kimi, məsihçiləri də yanlış nəticəyə gəlməyə təşviq edə bilər ki, guya onların xoşbəxtliyi Yehovanın və Oğlunun bəyənmədikləri şeydən asılıdır.
3. Yehova İblisdən qorunmaq üçün hansı müdafiəni təqdim edir?
3 Şeytanı, heç nədən xəbərsiz olan qurbanı tutmaq üçün tələlər quran ovçu ilə müqayisə etmək olar. Şeytanın tələlərindən qaçınmaq üçün, biz “Uca Olanın örtüyündə” — Yehovanın hökmranlıq hüququnu e’tiraf etdiklərini əməllərində göstərən kəslərə Onun verdiyi simvolik sığınacaqda yaşamalıyıq (Məzmur 91:1-3). “İblisin hiylələrinə qarşı dura bilmək üçün” Allahın öz Kəlamı, müqəddəs ruhu və təşkilatı vasitəsilə təqdim etdiyi hər cür müdafiəyə ehtiyac duyuruq (Efeslilərə 6:11). “Hiylə” kimi tərcümə edilmiş yunan sözü, həmçinin “fənd”, “kələk” mə’nalarını da verə bilər. Şübhəsiz ki, Yehovanın xidmətçilərini tələyə salmağa çalışaraq, İblis müxtəlif fənd və kələklərdən istifadə edir.
Şeytanın ilk məsihçilər üçün qurduğu tələlər
4. İlk məsihçilər necə mühitdə yaşayırdılar?
4 Eramızın birinci və ikinci əsrinin məsihçiləri Roma imperiyasının çiçəklənən dövründə yaşayırdılar. “Pax Romana”, yə’ni Roma dünyası ticarətin inkişafı üçün şərait yaratmışdı. Bu inkişafın sayəsində idarə orqanlarının çoxlu boş vaxtı yaranmışdı və rəhbərlər üsyanın qarşısını almaq məqsədilə, xalq kütlələrinin kifayət qədər əyləncələri olmasının qeydinə qalmışdılar. Bir müddət bayramların sayı iş günlərinin sayına bərabər olmuşdu. Rəhbərlər dövlətin hesabına xalqın çörəyə və tamaşalara olan tələbatını ödəyirdi, beləliklə, xalqın qarnı tox, özü də heç nəyin dərdini çəkmirdi.
5, 6. a) Nəyə görə Romanın teatr və amfiteatrlarına getmək məsihçilərə yaraşmırdı? b) Şeytan hansı tələyə əl atırdı və məsihçilər ondan necə qaçına bilərdilər?
5 Belə bir vəziyyət ilk məsihçilər üçün təhlükə yaradırdımı? Həvarilərin ölümündən sonra yazılan əsərlərdəki xəbərdarlıqlara görə (məsələn, Tertullianın əsərlərində), o zaman asudə vaxtlarda keçirilən əyləncələrin çoxu məsihçilər üçün əxlaqi və ruhani cəhətdən müxtəlif təhlükələr yaradırdı. Misal üçün, bayram və oyunların əksəriyyəti bütlərin şərəfinə keçirilirdi (2 Korinflilərə 6:14-18). Teatrlara gəldikdə isə, hətta klassik pyeslərin çoxu ifrat dərəcəsinə çatmış əxlaqsızlıqla, yaxud qəddarlıq və qan tökülməsi ilə müşayiət olunan səhnələrlə dolu idi. Vaxt keçdikcə klassikaya olan tamaşaçı marağı nəzərə çarpacaq dərəcədə azaldı və klassik pyeslər açıqca göstərilən iyrənc tamaşalarla — pantomimalarla əvəz olundu. Tarixçi Jerom Karkopino “Qədim Romanın gündəlik həyatı” (“Daily Life in Ancient Rome”) adlı kitabında yazır: “Bu cür pyeslərdə oynayan aktrisalara büsbütün soyunmağa icazə verilirdi... Qan su yerinə axırdı. [...] Paytaxtın sakinlərini fəth edən pozğunluğun [pantomimalarda] həddi-hüdudu yox idi. Amma bütün bunlar insanlar üçün iyrənc deyildi, çünki amfiteatrlarda qan tökülməsi ilə müşayiət olunan dəhşətli səhnələr artıq çoxdan onların hisslərini dondurmuş və insani duyğularını öldürmüşdü” (Matta 5:27, 28).
6 Amfiteatrlarda qladiatorlar ya bir-birləri ilə, ya da heyvanlarla ölüncəyə qədər vuruşurdular. Məhkum edilmiş cinayətkarları yırtıcı heyvanların ağzına atırdılar, sonralar bir çox məsihçilər də buna mə’ruz qalmışlar. Artıq keçmişdə Şeytanın tələsi ondan ibarət idi ki, insanların əxlaqsızlığa və zorakılığa nifrətini o dərəcədə kütləşdirsin ki, geniş tamaşaçı kütləsi üçün bütün bunlar adi və arzu olunan hal olsun. Bu tələdən qaçınmağın yeganə yolu, ümumiyyətlə teatr və amfiteatrlara getməmək idi (1 Korinflilərə 15:32, 33).
7, 8. a) Araba yarışlarına getmək nəyə görə məsihçilər üçün ağılsızlıq olardı? b) Şeytan Roma hamamlarından məsihçilər üçün tələ kimi necə istifadə edə bilərdi?
7 Sirk adlanan böyük uzunsov meydanlarda keçirilən araba yarışları, şübhəsiz ki, olduqca maraqlı idi, ancaq bu əyləncələr məsihçilər üçün münasib deyildi, çünki tamaşaçılar əksər hallarda özlərindən çıxırdılar. III əsrdə yaşamış bir müəllifin yazdığına görə tamaşaçılar arasında dava düşürdü. Tarixçi Karkopinonun təsdiq etdiyinə görə isə, sirkin pərdəsi altında “münəccimlər və fahişələr öz xidmətlərini təklif edirdilər”. Aydındır məsələdir ki, Roma sirkləri məsihçilərin yeri deyildi (1 Korinflilərə 6:9, 10).
8 Bəs məşhur Roma hamamları haqqında nə demək olar? Əlbəttə ki, yuyunmağın özü heç də pis deyildi. Lakin nəzərə almaq lazımdır ki, Roma hamamlarının çoxu özünə masaj otaqları, idman zalları, qumarxanalar və aşxanalar daxil edən böyük mərkəzlər idi. Baxmayaraq ki, nəzəri olaraq qadınlar və kişilər üçün müxtəlif vaxtlar tə’yin edilmişdi, çox vaxt kişi və qadınların birlikdə çimməklərinə də yol verilirdi. İskəndəriyyəli Kliment yazırdı: “Hamamların qapısı həm kişilərin, həm də qadınların üzünə açıq idi; orada onlar çılpaq gəzir və əxlaqsızlıqla məşğul olurdular”. Beləliklə, Şeytan ləyaqətli yerləri Allahın xidmətçiləri üçün asanlıqla tələyə döndərirdi. Müdrik məsihçilər bu cür yerlərə getmirdilər.
9. İlk məsihçilər hansı tələlərdən qaçınmalı idilər?
9 Roma imperiyasının çiçəklənən dövründə romalıların ən sevimli əyləncələrindən biri qumar oyunları idi. İlk məsihçilər araba yarışlarında ortaya pul qoymaqdan qaçınmaq üçün sadəcə olaraq sirklərə getməli deyildilər. Aşxana və meyxanalarda qanunsuz qumar oyunları üçün nəzərə çarpmayan otaqlar mövcud idi. Oyunçular, oyunun iştirakçılarından birinin əlində tutduğu daşların və ya aşıqların cüt və tək sayları üçün ortaya pul qoyurdular. Qumar oyunları asan gəlir və’d etdiyi üçün həyata dad verirdi (Efeslilərə 5:5). Bundan əlavə, belə meyxanalarda işləyən qadınlar əksərən fahişələr olurdu; yə’ni hər şey qırağa, belə yerlər özünə cinsi əxlaqsızlıq təhlükəsini də daxil edirdi. Bütün bunlar, Roma imperiyasının şəhərlərində yaşayan məsihçilər üçün Şeytanın qurduğu bə’zi tələlərdir. Demək olarmı ki, bizim günlərdə hər şey tamam başqa cürdür?
Şeytanın müasir tələləri
10. Bugünkü şərait Roma imperiyası dövründə yaranmış vəziyyəti necə xatırladır?
10 Yüzilliklər ötmüş, lakin Şeytanın kələkləri ümumilikdə dəyişməmişdir. Şeytan Korinf şəhərində yaşayan məsihçilərə “üstün gəlməsin” deyə, həvari Pavel onlara, düşünməyə vadar edən növbəti sözlərlə müraciət edib dedi: “Onun [Şeytanın] fitnələrindən xəbərsiz deyilik” (2 Korinflilərə 2:11). Bu gün bir çox inkişaf etmiş ölkələrin vəziyyəti, Roma imperiyasının çiçəklənən dövründə yaranan vəziyyətə oxşayır. Bir çox insanların həmişə olduğundan daha çox boş vaxtları var. Dövlət lotereyaları, hətta kasıblara belə az da olsa ümid verir. İnsanların beyni dəyərsiz əyləncələrlə məşğuldur. Stadionlar ağzına kimi doludur, camaat qumar oyunlarına qurşanıb. Hərdən tamaşaçılar, çox vaxt isə oyunçular da özlərindən çıxırlar. Hər tərəfdən təhqiredici musiqi eşidilir, teatr səhnələrindən, televiziya ekranlardan və kinoteatrlardan iyrənc tamaşalar əskik olmur. Hələ çılpaqlar üçün çimərliklər bir yana, bə’zi ölkələrdə ümumi saunalar və qaynar çeşmələrdə cimmək geniş yayılıb. Birinci əsrin məsihçilik dövründə olduğu kimi, Şeytan bu dünyada qəbul edilən istirahət növlərinin vasitəsilə Allahın xidmətçilərini yoldan çıxarmağa çalışır.
11. İstirahət etmək istəyi özünə hansı tələləri daxil edir?
11 Stressin adi hal olduğu bir dünyada yaşayarkən, istirahətə, gündəlik qayğılardan uzaqlaşmağa tələbat duymaq tamamilə təbiidir. Ancaq ilk məsihçilər üçün təhlükə yaradan Roma hamamları kimi, bə’zi istirahət və kurort yerləri də tələyə çevrilib, belə ki, bu cür yerlərdə Şeytan müasir məsihçiləri əxlaqsızlığa və spirtli içkilərdən sui-istifadə etməyə vadar edir. Pavel Korinfdəki məsihçilərə yazırdı: “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar. Necə lazımsa, ayılın və günah işlətməyin... bə’ziləri Allahı heç tanımır” (1 Korinflilərə 15:33, 34).
12. Yehovanın xidmətçilərini tələyə salmaq üçün bu gün Şeytan hansı kələklərə əl atır?
12 Şeytanın Həvvanın düşüncəsini hiyləgərliklə pozduğunu gördük (2 Korinflilərə 11:3). Bu gün İblis daha bir tələdən istifadə edir. O, məsihçiləri inandırmağa çalışır ki, insanların həqiqəti qəbul etmələri üçün, onlar Yehovanın Şahidlərinin başqalarından fərqlənmədiyini göstərməyə çalışmalıdırlar. Bə’zən bu cür məsihçilər həddindən artıq sə’y göstərir və hər şey əksinə alınır (Haqqay 2:12-14). Şeytanın daha bir tələsi, Allaha həsr edilmiş həm gənc, həm də yaşlı məsihçiləri ikili həyat sürməyə və bununla da ‘Allahın Müqəddəs Ruhunu kədərləndirməyə’ təhrik etməkdir (Efeslilərə 4:30). Bə’ziləri İnternetdən sui-istifadə edərək bu tələyə düşüblər.
13. İblisin kələklərinə daha hansı maskalanmış tələ daxildir və “Süleymanın məsəlləri” kitabında buna aid hansı məsləhət var?
13 Şeytanın daha bir tələsi — maskalanmış okkultizmdir. Əlbəttə, İsanın həqiqi davamçılarından heç kim bilə-bilə Satanizmlə, yaxud spiritizmlə məşğul olmayacaqdır. Lakin bə’ziləri heç özləri də dərk etmədən, filmlərdə, seriallarda, video oyunlarında və hətta uşaqlar üçün kitablarda və komik jurnallarda əks olunan zorakılığa və sehirbazlığa gəldikdə ehtiyatı əldən buraxırlar. Okkultizm “qoxusu” verən hər şeydən uzaq durmaq gərəkdir. Müdrik bir məsəl belə səslənir: “Şər yol tikanlıdır, orada tələ var, canını qoruyan bundan uzaqlaşar” (Süleymanın məsəlləri 22:5, MKŞ). Şeytan “bu əsrin tanrısı” olduğu üçün, çox populyar olan hər bir şeyin arxasında əslində onun tələlərindən biri dura bilər (2 Korinflilərə 4:4; 1 Yəhya 2:15, 16).
İsa İblisə qarşı durdu
14. İsa İblisin ilk imtahanına necə qarşı durdu?
14 İsa İblisə qarşı durmağa və onu qaçmağa məcbur etməyə dair gözəl nümunə verdi. İsa vəftiz olunub 40 gün ərzində oruc tutduqdan sonra Şeytan onu imtahan etdi (Matta 4:1-11). İlk imtahan İsanın orucdan sonra duyduğu təbii aclıq hissi üçün nəzərdə tutulmuşdu. Şeytan İsaya fiziki tələbatını ödəmək üçün ilk mö’cüzəsini göstərməyi təklif etdi. Ancaq İsa Təsniyə 8:3 ayəsini sitat gətirərək, imkanlarından şəxsi məqsədlərində istifadə etməkdən imtina etdi və ruhani qidanın fiziki qidadan vacib olduğunu göstərdi.
15. a) Şeytan İsanı imtahana çəkən zaman onun hansı təbii hissləri ilə oynayırdı? b) Şeytanın bu gün Allahın xidmətçilərinə qarşı ən çox tətbiq etdiyi əsas hiyləgər üsullardan biri hansıdır, lakin biz ona necə qarşı dura bilərik?
15 Bu imtahanla bağlı maraqlı olan odur ki, İblis İsanı cinsi əxlaqsızlığa təhrik etməyə çalışmadı. Bu vəziyyətdə qidaya olan ən zəruri ehtiyac, yə’ni aclıq hissi, Şeytana İsanı imtahan etmək üçün istifadə edilən ən güclü istək göründü. Bəs İblis bu gün Allahın xalqını tələyə salmaq üçün hansı imtahanlardan istifadə edir? Onlar çoxlu və müxtəlifdir, lakin Yehovanın xidmətçilərinin nöqsansızlığını pozmaq üçün onun istifadə etdiyi əsas sınaqlardan biri cinsi əxlaqsızlıqdır. İsanı təqlid edərək, biz İblisə qarşı durar və sınaqlara müqavimət göstərə bilərik. Müqəddəs Yazılardan müvafiq ayələri xatırlayaraq Şeytanın təklifini rədd edən və onun sübutlarını yalana çıxaran İsa kimi, imtahanlarla qarşılaşan zaman biz də Təkvin 39:9 və 1 Korinflilərə 6:18 ayələrini xatırlaya bilərik.
16. a) Şeytan ikinci dəfə İsanı necə imtahana çəkdi? b) Yehovanı sınamağa təşviq edərək, Şeytan bizi necə imtahan edə bilər?
16 Sonra İblis İsanı təşviq etdi ki, Allahın onu mələklər vasitəsilə müdafiə edib-etməyəcəyini sınamaq üçün özünü mə’bədin qülləsindən atsın. İsa Təsniyə 6:16 ayəsini sitat gətirərək Atasını sınamaqdan imtina etdi. Çətin ki, Şeytan bizi mə’bədin qülləsindən atılmağa təhrik etsin, lakin o, bizi Yehovanı başqa yollarla sınamağa təşviq edə bilər. Heç bir məsləhət almadan geyim və xarici görünüşdə dünyanın keçici dəbinə uyğunlaşmağa həvəs duyuruqmu? Yoxsa şübhəli əyləncələrə aludə olmağa meylliyik? Bu zaman, ola bilsin, Yehovanı sınayırıq. Əgər bizdə bu cür həvəslər varsa, Şeytan bizdən uzaqlaşmaq əvəzinə, bizimlə qalacaq və durmadan bizi öz tərəfinə əyməyə çalışacaqdır.
17. a) İblis İsanı üçüncü dəfə necə imtahan etdi? b) Bizimlə əlaqədar Yaqub 4:7 ayəsi özünü necə doğrulda bilər?
17 Şeytan İsaya yeganə ibadəti dünyanın bütün padşahlığına dəyişməyi təklif etdikdə, İsa Müqəddəs Yazıları sitat gətirib, yalnız və yalnız öz Atasına ibadət etməyə qətiyyətli olduğunu göstərərək yenidən ona qarşı durdu (Təsniyə 5:9; 6:13; 10:20). Çətin ki, Şeytan dünyanın bütün padşahlığını bizə təklif etsin, lakin maddi rifahın parlaqlığı ilə, sanki kiçik padşahlığımızı göstərərək, bizi həmişə imtahan edir. Biz Yehovaya sonsuz sədaqət göstərərək İsa kimi davranırıqmı? Əgər elədirsə, onda İsanın yaşadığını biz də yaşayacağıq. Mattanın Müjdəsində deyilir: “O vaxt iblis Onu tərk etdi” (Matta 4:11). Bu və ya digər hadisədə Müqəddəs Kitabdan müvafiq prinsipləri yadımıza salıb, həyatda onlara riayət edərək Şeytana qətiyyətlə qarşı dursaq, o, bizi tərk edəcəkdir. Şagird Yaqub yazırdı: “İblisə... qarşı durun və o, sizdən qaçacaqdır” (Yaqub 4:7). Bir məsihçi Fransada Yehovanın Şahidlərinin filialına yazmışdı: “Şeytan həqiqətən də hiyləgərdir. Gözəl niyyətlərim olsa da, hisslərimi və istəklərimi cilovlamaq mənə çox çətindir. Bununla belə, cəsarətliliyin, səbrin, başlıcası isə Yehovanın köməyinin sayəsində hər şeyə tab gətirmək və həqiqətdən möhkəm yapışmaq mənə müyəssər olur”.
İblisə qarşı durmaq üçün tam təchiz edilmişlər
18. İblisə qarşı durmaq üçün hansı ruhani zirehlər bizə kömək edir?
18 Yehova, “İblisin hiylələrinə qarşı” dura bilməmiz üçün bizə bütün ruhani zirehləri verir (Efeslilərə 6:11-18). Həqiqətə olan məhəbbətimiz belimizə qurşaqdır. Belə məhəbbət bizi məsihçi fəaliyyətinə hazırlayır. Yehovanın tə’yin etdiyi ədalət normalarına riayət etməyə olan qətiyyətimiz ürəyimizi qoruyan zireh olacaqdır. Əgər ayaqlarımız sülh Müjdəsini geyərsə, bizi ruhən möhkəmləndirən və müdafiə edən təbliğ işində müntəzəm olaraq iştirak edəcəyik. Möhkəm imanımız ‘şeytanın qızmar oxlarından’, yə’ni onun hiyləgər hücum və imtahanlarından müdafiə edən böyük qalxana bənzər olacaq. Yehovanın və’dlərinin yerinə yetəcəyinə olan möhkəm ümidimiz, düşüncəmizi qoruyan və bizə könül rahatlığı gətirən dəbilqə kimi olacaqdır (Filipililərə 4:7). Əgər biz Müqəddəs Kitabı ustalıqla istifadə etməyi öyrənsək, Allahın Kəlamı, insanların Şeytanın ruhani köləliyindən azad olmalarına kömək etmək üçün qılınca çevriləcəkdir. İsa imtahanla qarşılaşanda etdiyi kimi, biz də bu qılıncdan özümüzü müdafiə etmək üçün istifadə edə bilərik.
19. ‘İblisə qarşı durmaqdan’ savayı daha nə lazımdır?
19 Əgər həmişə ‘Allahın bütün zirehlərini geyiniriksə’ və daima dua ediriksə, Şeytan bizə hücum etdikdə, Yehovanın müdafiəsinə əmin ola bilərik (Yəhya 17:15; 1 Korinflilərə 10:13). Lakin Yaqub göstərir ki, ‘İblisə qarşı durmaqla’ hər şey bitmir. Biz, həmçinin qayğımıza qalan ‘Allaha tabe olmalıyıq’ (Yaqub 4:7, 8). Bunu necə edə biləcəyimiz haqqında söhbət növbəti məqalədə gedəcəkdir.
Siz necə cavab verərdiniz?
• İlk məsihçilər Şeytanın hansı tələlərindən qaçınmalı idilər?
• Yehovanın xidmətçilərini tələyə salmaq üçün Şeytan bu gün hansı kələklərdən istifadə edir?
• İsa İblisin imtahanlarına necə qarşı durdu?
• İblisə qarşı durmaq üçün hansı ruhani zirehlər bizə kömək edir?
[8 və 9-cu səhifələrdəki şəkil]
İsa qətiyyətlə İblisə qarşı durdu.
[10-cu səhifədəki şəkillər]
Birinci əsrin məsihçiləri qəddarlıqla dolu, əxlaqsız əyləncələri rədd edirdilər.
[İcazə ilə]
The Complete Encyclopedia of Illustration/J. G. Heck