Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/1 s. 4—7
  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • İztirablar necə başlandı?
  • Məsələnin həlli
  • İztirabların sonu
  • İztirab çəkənlər üçün təsəlli
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Əzabların bizə faydası var
    Gözətçi qülləsi 2007
  • Allah əzablara nə üçün yol verir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Nə üçün pislik indiyədək davam edir?
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/1 s. 4—7

Təsəlli. İztirab çəkənlər üçün təsəlli

ƏSRLƏR boyu, Allah iztirablara nə üçün yol verir sualı bir çox filosof və ilahiyyatçıları narahat etmişdir. Bə’ziləri iddia edirdilər: bir halda ki, Allah hər şeyə Qadirdir, nəticədə iztirablara cavabdeh olan da Odur. II əsrə aid olan “Kliment” adlı apokrif kitabın müəllifinin sözlərinə görə, Allah dünyanı iki əli ilə idarə edir. O, “sol əli ilə”, yə’ni İblis vasitəsilə iztirab və kədər verir, “sağ əli ilə” isə, yə’ni İsa Məsih vasitəsilə xilas edir və xeyir-dua verir.

Başqaları isə hətta iztirabların Allahdan olmadığını güman edərək, Onun buna yol verməsi ilə heç cür razılaşa bilmirlər. Buna görə də onlar iztirabların mövcudluğunu inkar edirlər. Meri Beyker Eddi yazırdı: “Pislik illüziyadan başqa bir şey deyil, onun həqiqi təməli yoxdur. Əgər günah, xəstəliklər və ölüm mövcud olmayan bir şey kimi güman edilsəydi, onlar qeyb olardılar” (“Science and Health With Key to the Scriptures”).

Keçmişin faciəli hadisələri, xüsusilə də Birinci Dünya müharibəsindən e’tibarən baş vermiş və davam edən hadisələr sayəsində bir çoxları belə bir nəticəyə gəlmişlər ki, Allah sadəcə olaraq iztirabların qarşısını almaq qüvvəsində deyil. Yəhudi din alimi David Volf Silverman yazırdı: “Adama elə gəlir ki, kütləvi qırğından sonra Allahın hər şeyə Qadir olması haqqında danışmağa dəyməz. Allahı hansı üsullasa dərk etmək üçün, Onun mərhəmətini pisliklərin mövcudluğu ilə bir araya gətirmək lazımdır, bu da yalnız o şərtlə mümkündür ki, O, hər şeyə qadir deyil”.

Lakin Allahın bu və ya digər tərzdə iztirablara yol verməsi, iztirabların qarşısını ala bilməməsi, yaxud iztirabların yalnız xəyallarımızın bəhrəsi olması barədə deyilən sözlər iztirab çəkənlər üçün az təsəllivericidir. Daha vacibi odur ki, bu ideyalar Müqəddəs Kitabda ədalətli, fəal və qayğıkeş kimi qələmə verilən Allaha uyğun deyil (Eyub 34:10, 12; Yeremya 32:17; 1 Yəhya 4:8). Allahın iztirablara nə üçün yol verməsi haqda Müqəddəs Kitab nə deyir?

İztirablar necə başlandı?

Allah insanları iztirab üçün yaratmadı. Əksinə O, ilk insan cütü olan Adəmlə Həvvaya kamil düşüncə və bədən bəxş etdi, onların yaşamaları üçün çox gözəl bağ hazırladı, onlara maraqlı və məmnunluq gətirən iş verdi (Təkvin 1:27, 28, 31; 2:8). Lakin xoşbəxt olaraq qalmaq üçün, onlar Allahın rəhbərliyini və nəyin yaxşı, nəyin pis olduğunu qərara almaq hüququnu qəbul etməli idilər. Bu müstəsna hüququn simvolu “yaxşılığı və pisliyi bilmə ağacı” idi (Təkvin 2:17). Adəm və Həvva, Allaha itaətli olduqlarını bu ağacın meyvəsindən yeməmək tapşırığına riayət etməklə göstərə bilərdiləra.

Bədbəxtlikdən, Adəm və Həvva Allaha itaət etmədilər. Sonradan Şeytan İblis adlanan üsyançı ruhani varlıq, Həvvanı əmin etdi ki, Allaha itaətkar olmaq, onun xeyrinə deyil. Guya Allah Həvvanı çox arzu olunan bir şeydən — müstəqil olmaqdan, nəyin yaxşı, nəyin pis olduğunu seçmək hüququndan məhrum edib. Şeytan iddia etdi ki, əgər o ağacdan yeyərsə, ‘gözləri [onun və Adəmin] açılacaq və yaxşını və pisi bilərək Allah kimi olacaqlar’ (Təkvin 3:1-6; Vəhy 12:9). Müstəqillik ümidi ilə aldanan Həvva, qadağan olunan meyvədən yedi və tezliklə Adəm də ona qoşuldu.

Elə həmin gün Adəm ilə Həvva öz üsyanlarının nəticəsini hiss etməyə başladılar. Allahın hökmranlığını rədd edərək, onlar Allaha tabe olmağın gətirdiyi müdafiədən və xeyir-dualardan məhrum oldular. Allah onları cənnətdən qovdu və Adəmə dedi: “Sənə görə torpaq lə’nətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki ondan götürülmüsən; ona görə ki yerin torpağısan, torpağa da çevriləcəksən” (Yaradılış 3:17, 19 MKŞ). Adəm və Həvva xəstəliklərə, ağrıya, qocalığa və ölümə mə’ruz qaldılar. İztirablar insan həyatının ayrılmaz bir hissəsinə çevrildi (Təkvin 5:29).

Məsələnin həlli

Kim isə soruşa bilər: Allah Adəm ilə Həvvanın günahını sadəcə olaraq unuda bilməzdimi? Xeyr, çünki bu, Onun hakimiyyətinə olan ehtiramı daha çox nüfuzdan salardı. Bu isə yeni üsyanlara və nəticə e’tibarilə daha böyük iztirablara gətirib çıxarardı (Vaiz 8:11). Bundan başqa, itaətsizliyə göz yummaqla, Allah da cinayətkarlığın şəriki olardı. Musa isə bizə xatırladır: “[Allah] qayadır, onun işi tamdır; çünki bütün yolları haqdır; sədaqət Allahıdır və haqsızlıq etməz, sadiq və doğru olan odur” (Təsniyə 32:4). Öz təbiətinə xas prinsiplərə müvafiq davranmaq üçün, Allah Adəm ilə Həvvanın öz itaətsiz davranışlarının aqibətini hiss etmələrinə yol verməli idi.

Nəyə görə Allah ilk insan cütünü, onların qaldırdıqları üsyanın gözəgörünməz səbəbkarı olan Şeytan ilə birlikdə məhv etmədi? Allah bunu etmək iqtidarında idi. Adəmlə Həvva, iztirab və ölümü miras alacaq nəsil dün­ya­ya gətirməzdilər. Lakin Allahın gücünün bu cür təzahürü, şüurlu məxluqlar üzərində Onun hakimiyyətinin qanuni olduğunu sübut etməzdi. Bundan əlavə, əgər Adəmlə Həvva övladları olmadan ölsəydilər, Allahın dünyanı onların kamil nəsilləri ilə doldurmaq niyyəti baş tutmazdı (Təkvin 1:28). Lakin “Allah insan deyil... O söylər və onu etməzmi? Yaxud söz verər və icra etməzmi?” (Saylar 23:19).

Yehova Allah mükəmməl müdrikliyi ilə yol verdi ki, üsyan bir müddət davam etsin. Qiyamçıların Allahdan asılı olmadan yaşamağın aqibətini duymaq üçün çoxlu imkanları olacaqdı. Tarix daha əsaslı surətdə göstərəcəkdi ki, insanların yuxarıdan gələn rəhbərliyə ehtiyacları var və Allahın rəhbərliyi insanların, yaxud Şeytanın rəhbərliyindən üstündür. Eyni zamanda Allah Yerə aid olan ilk niyyətinin icra olunmasının qayğısına qaldı. O və’d etdi ki, “[Şeytanın] başını əzəcək” bir “zürriyyət” gələcək, üsyana və onun törətdiyi zərərli nəticələrə birdəfəlik son qoyacaqdır (Təkvin 3:15).

Və’d edilmiş həmin Zürriyyət İsa Məsih oldu. 1 Yəhya 3:8 ayəsində oxuyuruq: “Allahın Oğlu da buna görə zühur etdi ki, iblisin əməllərini puç etsin”. O bunu, kamil insan həyatını qurban verib, fidiyəni ödəməklə etdi ki, Adəmin övladları miras aldıqları günah və ölümdən azad olsunlar (Yəhya 1:29; 1 Timoteyə 2:5, 6). İsanın qurbanlığına iman etdiklərini əməllərində göstərənlərə və’d edilir ki, onlar əbədi olaraq iztirablardan azad olacaqlar (Yəhya 3:16; Vəhy 7:17). Bu nə zaman baş verəcək?

İztirabların sonu

Allahın hakimiyyətini qəbul etməmək istəyi hədsiz iztirablarla nəticələndi. Buna görə də təəccüblü deyil ki, insan iztirablarına son qoymaq və yerə aid olan ilk niyyətini yerinə yetirmək üçün, Allah öz hakimiyyətini xüsusi şəkildə icra etməli oldu. Allahın buna nəyin vasitəsilə nail olacağını, İsa Məsih davamçılarına dua etməyi öyrədərkən dedi: “Ey göylərdə olan Atamız... Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:9, 10, İ–93).

İnsanların özlərini idarə etmələri üçün, Allahın onlara ayırdığı sınaq vaxtı sona çatmaq üzrədir. Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, Allahın Padşahlığı İsa Məsihin rəhbərliyi altında 1914-cü ildə göydə qurulmuşdurb. Tezliklə bu padşahlıq, bütün insan hakimiyyətlərini “parçalayacaq və məhv edəcək” (Daniel 2:44).

İsanın yer üzündəki qısamüddətli xidməti, Allahın bərpa olunmuş hakimiyyətinin bəşəriyyətə gətirəcəyi xeyir-dualar haqqında bə’zi təsəvvürlər verir. Müjdələr göstərir ki, İsa yoxsullara və hüquqları tapdalanan insanlara şəfqət göstərirdi. O, xəstələrə şəfa verir, acları yedirir və ölüləri dirildirdi. Onun səsinə, hətta təbii qüvvələr də tabe olurdu (Matta 11:5; Mark 4:37-39; Luka 9:11-16). İsa Allaha itaətkar olan bütün insanların rifahı üçün öz qurbanlığının qiymətini tətbiq edən zaman, onun hansı işlər görəcəyini təsəvvür edin! Müqəddəs Kitab və’d edir ki, Məsihin hakimiyyəti vasitəsilə Allah “[insanların] gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır” (Vəhy 21:4).

İztirab çəkənlər üçün təsəlli

Məhəbbətli və Qadir Allahımız Yehovanın qayğımızı çəkdiyini və tezliklə bəşəriyyətə rahatlıq gətirəcəyini bilmək bizi necə də ruhlandırır! Adətən ağır xəstə olan adam, hətta çox ağrılı olsa da effektli müalicəyə könüllü razılaşır. Eynilə, Allahın hərəkət tərzinin bizim əbədi rifahımıza xidmət etdiyini bilmək, hər hansı müvəqqəti çətinliklərlə qarşılaşsaq da bizə kömək edəcəkdir.

Əvvəlki məqalədə xatırlanan Rikardo, Müqəddəs Kitab və’dlərində təsəlli tapanlardan biridir. O xatırlayır: “Arvadımın ölümündən sonra özümə qapılmağı və tənha olmağı çox istəyirdim, lakin tez sonra anladım ki, bununla arvadımı geri qaytarmaq mümkün deyil və mən sadəcə olaraq özümü pis vəziyyətə salıram”. Bunun əvəzinə, Rikardo məsihçi görüşlərinə getməyə və başqalarına Müqəddəs Kitabda yazılanlar haqqında danışmağa davam etdi. Rikardo deyir: “Yehovanın mənə yardım etdiyini və hətta əhəmiyyətsiz görünən şeylərdə belə dualarıma cavab verdiyini görürdüm. Bu məni Allahla yaxınlaşdırırdı. Allahın məhəbbətini duymağım, həyatda mənim üçün ən ağır olan sınağa dözməkdə kömək etdi”. O e’tiraf edir: “Mən hələ də arvadım üçün darıxıram, ancaq indi qətiyyətlə inanıram ki, Yehova düzəldilməsi mümkün olmayan dərəcədə zərər çəkməyimizə yol vermir”.

Rikardo və milyonlarla başqa insanlar kimi, siz də bugünkü iztirabların ‘anılmayacağı və fikrə gəlməyəcəyi’ vaxtın həsrətini çəkirsinizmi? (İşaya 65:17). Sizi əmin edirik ki, əgər Müqəddəs Kitabın “Rəbbi tapıla bilərkən arayın; yaxın ikən Onu cağırın” məsləhətinə riayət etsəniz, Allahın Padşahlığının xeyir-dualarını siz də ala biləcəksiniz (İşaya 55:6).

Bu işdə sizə Allahın Kəlamını oxumaq və diqqətlə tədqiq etmək kömək edər. Qoy Allahın Kəlamını oxumaq, sizin ən vacib işlərinizdən birinə çevrilsin. Allahı və Onun göndərdiyi İsa Məsihi tanıyın. Allahın normalarına uyğun yaşamağa çalışın və bununla da Onun hakimiyyətinə tabe olduğunuzu göstərin. Bu sizi, sınaqlara rəğmən, artıq indidən daha xoşbəxt edəcək. Gələcəkdə isə bu sizə, iztirabların olmayacağı bir dünyada yaşamaq imkanı verəcəkdir (Yəhya 17:3).

[Haşiyələr]

a “Yeni Yerusəlim Müqəddəs Kitabı”nda Təkvin 2:17 ayəsinə aid olan haşiyədə izah edilir ki, “yaxşılığı və pisliyi bilmə” “insanın nəyin yaxşı, nəyin pis olduğunu sərbəst qərara almaq və buna müvafiq davranmaq qabiliyyətinin və əxlaqi cəhətdən tam sərbəstlik iddiasında olub, kim tərəfindənsə yaradıldığını inkar etmək” deməkdir. Sonra əlavə edilir: “İlk günah Allahın hökmranlığına üsyan etməkdən ibarət idi”.

b 1914-cü ilə aid olan Müqəddəs Kitab peyğəmbərlikləri, Yehovanın Şahidləri tərəfindən nəşr olunan “Əbədi həyata aparan bilik” kitabının 10-cu və 11-ci fəsillərində təfsilatı ilə müzakirə olunur.

[6 və 7-ci səhifələrdəki çərçivə]

İztirabların öhdəsindən necə gələ bilərik?

“Bütün qayğınızı Onun [Allahın] üzərinə qoyun” (1 Peter 5:7). İztirab çəkdiyimiz zaman və ya bizə əziz olan kəslərin iztirab çəkdiyini görəndə qarışıqlıq, qəzəb və tənhalıq hissi keçirmək tam təbiidir. Lakin əmin olun ki, Yehova bizim hisslərimizi başa düşür (Çıxış 3:7; İşaya 63:9). Qədim dövrün sadiq adamları kimi biz də ürəyimizi Ona açıb, şübhələrimiz, həyəcanlarımız barədə danışa bilərik (Çıxış 5:22; Eyub 10:1-3; Yeremya 14:19; Habaqquq 1:13). O, bizi sınaqlardan mö’cüzə vasitəsilə qurtarmağı və’d etmir, lakin onların öhdəsindən gəlmək üçün səmimi dualarımıza cavab olaraq bizə hikmət və qüvvə verə bilər (Yaqub 1:5, 6).

“Sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana təəccüb etməyin” (1 Peter 4:12). Burada həvari Peter tə’qiblərdən danışsa da, onun sözlərini, iman gətirən insanın payına düşən istənilən iztirablara aid etmək olar. İnsanlar ehtiyac içində yaşayır, xəstələnir və əzizlərini itirirlər. Müqəddəs Kitab deyir ki, “vaxt və təsadüf” bütün insanların başına gələ bilər (Vaiz 9:11). Bu vəziyyət insan həyatının qaçılmaz hissəsidir. Bunları dərk etmək, iztirabların və fəlakətlərin öhdəsindən gəlməkdə bizə kömək edəcək (1 Peter 5:9). Lakin ‘Rəbbin gözlərinin salehlərə, qulaqlarının onların fəryadlarına açıq’ olduğunu xatırlamaq xüsusilə təsəllivericidir (Məzmur 34:15; Süleymanın məsəlləri 15:3; 1 Peter 3:12).

“Ümidlə sevinin” (Romalılara 12:12). Bütün günü itirilmiş xoşbəxtlik haqqında fikirləşmək əvəzinə, Allahın bütün iztirablara son qoymaq və’di haqqında düşünmək olar (Vaiz 7:10). Möhkəm əsası olan bu ümid, başı müdafiə edən dəbilqə kimi bizi qoruyacaq. Ümid həyatın zərbələrini yüngülləşdirir. Ümidin sayəsində bu zərbələr bizim mə’nəvi və ruhani sağlamlığımıza məhvedici tə’sir göstərmir (1 Saloniklilərə 5:8).

[5-ci səhifədəki şəkil]

Adəm və Həvva Allahın hakimiyyətini rədd etdilər.

[7-ci səhifədəki şəkil]

Allah iztirabların olmayacağı bir dünya və’d edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş