Salehlik uğrunda tə’qib edilənlər
“Salehlik uğrunda tə’qib edilənlər nə bəxtiyardırlar!” (MATTA 5:10).
1. İsa Ponti Pilatın qarşısına hansı səbəbdən gətirilmişdi və o nə dedi?
“MƏN bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim” (Yəhya 18:37). İsa Məsih bu sözləri Yəhudeyanın hakimi olan romalı Ponti Pilatın qarşısında olarkən demişdir. İsa oraya öz iradəsi ilə gəlməmişdir, onu Pilat da də’vət etməmişdir. İsa oraya yəhudi din rəhbərlərinin onu ölümə layiq olan cinayətlərdə ittiham etdikləri üçün gətirilmişdir (Yəhya 18:29-31).
2. İsa özünü necə apardı və bu nəyə səbəb oldu?
2 İsa çox yaxşı başa düşürdü ki, onu ya azad etmək, ya da e’dam etmək Pilatın ixtiyarında idi (Yəhya 19:10). Buna baxmayaraq, o, Pilata Padşahlıq haqqında cəsarətlə danışdı. İsanın həyatı təhlükə altında olsa da, həmin ərazinin ən yüksək rütbəli şəxsiyyətinə şahidlik etmək imkanından istifadə etdi. İsanın verdiyi şahidliyə baxmayaraq, onu mühakimə edib, işgəncə dirəyində əzablı ölümlə qətlə yetirdilər (Matta 27:24-26; Mark 15:15; Luka 23:24, 25; Yəhya 19:13-16).
Şahid, yoxsa şəhid?
3. Müqəddəs Kitabın yazıldığı dövrlərdə mártis sözü hansı mə’nanı daşıyırdı və “şəhidlərə” bu gün necə münasibət bəsləyirlər?
3 Bu gün bir çoxları şəhid olmağa çalışan adamlara — xüsusilə də dini əqidələri naminə əzab çəkməyə və ya ölməyə hazır olanlara — şübhə ilə yanaşır və onları fanatik hesab edirlər. Belə bir fikir geniş yayılıb ki, onlar terrorçu olmasalar da, hər halda cəmiyyət üçün təhlükəlidirlər. Lakin maraqlıdır ki, “şəhid” sözü bir sıra dillərdə yunanca mártis sözündən əmələ gəlir ki, bu sözlə də Müqəddəs Kitabın yazıldığı dövrlərdə, inandığı şeyə dair, ehtimal ki, məhkəmədə şahidlik verən adamı şahid adlandırırdılar. Və yalnız sonradan bu söz, hətta həyatı bahasına şahidlik verən və ya “şahidlik uğrunda canından keçən kəs” mə’nasını daşımağa başladı.
4. İsa yer üzünə əsas e’tibarı ilə nəyə görə gəlmişdir?
4 İsa şəhid olmağa can atmırdı. Pilata dediyi kimi, o, ‘həqiqətə şəhadət etməyə’ gəlmişdi. Onun şahidliyi insanlarda olduqca müxtəlif reaksiyalar doğururdu. Sadə insanlardan bə’zilərinə eşitdikləri və gördükləri dərin tə’sir göstərmiş və onlar İsaya iman gətirmişdilər (Yəhya 2:23; 8:30). Ümumilikdə xalq, ayrılıqda isə dini rəhbərlər onun yaydığı xəbərə ancaq mənfi reaksiya göstərirdilər. İsa iman gətirməyən qohumlarına dedi: “Dünya sizə nifrət edə bilməz, Mənə isə edir; çünki Mən dünyanın işlərinin pis olduğuna şəhadət edirəm” (Yəhya 7:7). Həqiqət haqqında şahidlik edərək İsa xalq rəhbərlərinin hiddətini qazandı, bu isə onun ölümünə səbəb oldu. O, həqiqətən də “sadiq və həqiqi Şahid (mártis)” idi (Vəhy 3:14).
“Sizə nifrət edəcək”lər
5. İsa xidmətinin əvvəlində tə’qiblər barəsində nə dedi?
5 Yalnız İsanın özü sərt tə’qiblərə mə’ruz qalmırdı, o, şagirdlərinin də aqibətinin bu cür olacağını xəbərdar edirdi. Xidmətinin əvvəlində özünün Dağüstü təbliğini söyləyərkən üzünü dinləyicilərinə tutub dedi: “Salehlik uğrunda tə’qib edilənlər nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət [Padşahlıq] onlarındır. Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür” (Matta 5:10-12).
6. İsa 12 həvarisini təbliğ etməyə göndərərkən nə barədə xəbərdarlıq etdi?
6 Bir qədər vaxtdan sonra 12 həvarisini təbliğ etməyə göndərərkən İsa onlara dedi: “İnsanlardan isə özünüzü gözləyin; çünki onlar sizi məhkəmələrə verəcək, sinaqoqlarında döyəcəklər; onlara və digər xalqlara şəhadət üçün Mənə görə valilərin və hökmdarların yanına aparılacaqsınız”. Lakin şagirdlər yalnız din rəhbərləri tərəfindən tə’qib olunmalı deyildilər. İsa xəbərdarlıq etdi: “Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək, övladlar ata-analarına baş qaldıracaq və onları öldürəcəklər. Və Mənim adıma görə hamı sizə nifrət edəcək. Lakin axıra qədər səbr edən xilas olacaqdır” (Matta 10:17, 18, 21, 22). I əsrin məsihçilərinin tarixi bu sözlərin həqiqət olduğunu sübut edir.
Sadiqlik və təhəmmül nümunələri
7. Stefanın şəhid olmasına səbəb nə oldu?
7 İsanın ölümündən sonra, Stefan həqiqət haqqında şahidlik etdiyinə görə öldürülən ilk məsihçi oldu. O, “iman və qüdrətlə dolu olaraq xalq arasında böyük xariqələr və əlamətlər göstərirdi”. Onun dini düşmənləri “onun sözündəki hikmətə və Ruha qarşı dura bilmədilər” (Həvarilərin işləri 6:8, 10). Qısqanclıqdan partlayaraq, onlar Stefanı tutub Sinedriona — yəhudilərin ali məhkəməsinə gətirdilər, o isə, yalan ittihamlara baxmayaraq, əsaslı şahidlik verdi. Lakin nəhayətdə, düşmənlər bu sadiq şahidi qətlə yetirdilər (Həvarilərin işləri 7:59, 60).
8. Stefanın ölümündən sonra tə’qiblərlə qarşılaşanda Yerusəlimdəki şagirdlər nə etdilər?
8 Stefanın qətlindən sonra “Yerusəlimdəki imanlılar cəmiyyətinə qarşı böyük tə’qib başlandı. Həvarilərdən başqa hamı Yəhudeya və Samariyanın ayrı-ayrı yerlərinə dağıldı” (Həvarilərin işləri 8:1). Tə’qiblər ucbatından şahidlik işi dayandımı? Əksinə olaraq, Müqəddəs Kitabda deyilir ki, “dağılanlar Allahın kəlamını müjdələyərək dolaşırdılar” (Həvarilərin işləri 8:4). Onlar, ehtimal ki, Peterin bir qədər əvvəl dediyi sözlərdəki nöqteyi-nəzərə şərik idilər: “İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir” (Həvarilərin işləri 5:29). Tə’qiblərə baxmayaraq, həmin sadiq və mərd şagirdlər, hətta bunun onlara çoxlu çətinliklər törədəcəyini bilsələr də, həqiqət barəsində şahidlik etməyi mətanətlə davam etdirirdilər (Həvarilərin işləri 11:19-21).
9. İsanın davamçıları daha hansı tə’qiblərlə qarşılaşdılar?
9 Əslində məsihçilərə göstərilən tə’qiblər zəifləmədi. Əvvəlcə Şaul — Stefanın daşa basılmasını dəstəkləyən şəxs — “Rəbbin şagirdlərinə qarşı ölüm və təhdidlərlə nəfəs alaraq, baş kahinin yanına gəldi; ondan Dəməşq sinaqoqlarına verilmək üçün məktublar yazılmasını istədi ki, bu Yola sadiq olan kimi taparsa, kişi və qadın olmasına baxmayaraq, qollarını bağlayıb Yerusəlimə gətirsin” (Həvarilərin işləri 9:1, 2). Sonra isə, təxminən b. e. 44-cü ilində “hökmdar Hirod əl qaldırdı ki, cəmiyyətə aid olanların bə’zilərinə zülm etsin. Yəhyanın qardaşı Yaqubu qılıncla öldürtdürdü” (Həvarilərin işləri 12:1, 2).
10. “Həvarilərin işləri” və “Vəhy” kitablarında hansı tə’qiblər barəsində oxuyuruq?
10 “Həvarilərin işləri” kitabının qalan hissəsi, vaxtilə tə’qibçi, sonra isə həvari olan və ehtimal ki, eramızın 65-ci ilində Roma imperatoru Neronun əmri ilə şəhid kimi öldürülən Pavel kimi sadiq məsihçilərin payına düşən sınaqlar, həbslər və tə’qiblər barəsində olan mə’lumatlarla doludur (2 Korinflilərə 11:23-27; 2 Timoteyə 4:6-8). Nəhayət, I əsrin sonunda yazılan “Vəhy” kitabında “Allahın kəlamı və İsa Məsihin şəhadəti üçün” Patmos adasına sürgün edilmiş yaşlı həvari Yəhya haqqında oxuyuruq. “Vəhy” kitabı həm də özündə belə bir mə’lumat saxlayır: “Antipa... Mənim sadiq şahidim idi. O... sizin aranızda [Perqamada] öldürüldü” (Vəhy 1:9; 2:13).
11. İsanın tə’qiblər barəsində söylədiyi sözlər ilk məsihçilərin üzərində necə yerinə yetirdi?
11 Bununla da İsanın şagirdlərinə söylədiyi sözlər yerinə yetirdi: “Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər” (Yəhya 15:20). İlk sadiq məsihçilər Rəbb İsa Məsihin verdiyi tapşırığı — “Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız” tapşırığını yerinə yetirmək üçün ən sərt sınaqları, ölümü, hətta əziyyətli ölümü, məsələn, arenada vəhşi heyvanlarla üzləşərək ölümü qarşılamağa belə hazır idilər (Həvarilərin işləri 1:8).
12. Nəyə görə məsihçilərin tə’qib edilmələri yalnız keçmişdə qalan məsələ deyil?
12 İsanın davamçıları ilə bu cür sərt davranışların yalnız keçmişdə baş verdiyini düşünən kəslər böyük səhvə yol verirlər. Gördüyümüz kimi, payına çoxlu sınaqlar düşən Pavel yazırdı: “Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır” (2 Timoteyə 3:12). Tə’qiblər haqqında Peter də danışırdı: “Ona görə ki, Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək” (1 Peter 2:21). Həmin vaxtlardan bu sistemin ‘axır günlərinə’ kimi Yehovanın Şahidləri nifrət və düşmənçiliklə qarşılaşırlar (2 Timoteyə 3:1). Dünyanın hər yerində, diktator və demokratiya rejimli ölkələrdə Yehovanın Şahidləri — istər fərdi şəxslər, istərsə də bütünlüklə təşkilat — vaxtaşırı olaraq tə’qiblərə mə’ruz qalıb.
Onlar nəyə görə nifrət və tə’qibə mə’ruz qalırlar?
13. Yehovanın müasir xidmətçiləri tə’qiblərə dair nəyi başa düşməlidirlər?
13 Bizlərdən əksəriyyəti nisbətən azad şəraitdə təbliğ edib, müştərək görüşləri dinc şəraitdə keçirə bilsə də, biz Müqəddəs Kitabın “bu dünyanın indiki surəti keçib gedir” xəbərdarlığına ciddi yanaşmalıyıq (1 Korinflilərə 7:31). Hər şey elə sür’ətlə dəyişə bilər ki, biz özümüzü əqli, mə’nəvi və ruhani cəhətdən qabaqcadan hazırlamasaq, asanlıqla büdrəyə bilərik. Belə isə, özümüzü necə müdafiə edə bilərik? Bizim üçün yaxşı müdafiə, sülhsevər və qanunpərvər məsihçilərin nəyə görə nifrət və tə’qibə mə’ruz qalmalarının səbəbini aydın başa düşməyimiz olar.
14. Məsihçilərin tə’qib olunmalarının səbəbi kimi Peter nəyə işarə edirdi?
14 Roma imperiyasında yaşayan məsihçilərin sınaqlara və tə’qiblərə mə’ruz qaldıqları bir zamanda həvari Peter eramızın təxminən 62-64-cü illərində yazdığı birinci məktubunda bu barədə öz fikrini söyləmişdir. O yazırdı: “Sevimlilərim, sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana təəccüb etməyin”. Fikrini izah edərək Peter davam edirdi: “Qoy sizlərdən heç kim qatil, oğru, cani yaxud başqalarının işinə müdaxilə edən kimi əzab çəkməsin. Lakin əgər insan bir məsihçi kimi əzab çəkirsə, qoy utanmasın. Qoy bu adla Allaha izzət qazandırsın”. Peter qeyd edirdi ki, məsihçilər hansısa pis işlərinə görə deyil, məsihçi olduqlarına görə əzab çəkirdilər. Əgər onlar da, əhatələrində olan insanlar kimi “eyni pozğunluq selinə” qərq olsaydılar, həmin insanlar məsihçiləri özününkülər hesab edərdilər. Lakin onlar, Məsihin davamçılarına layiq tərzdə yaşamağa can atdıqları üçün əzab çəkirdilər. Eyni şey Məsihin həqiqi davamçıları ilə bu gün də baş verir (1 Peter 4:4, 12, 15, 16).
15. Bu gün Yehovanın Şahidlərinə olan münasibətlərdə hansı ziddiyyət görünür?
15 Dünyanın bir çox hissələrində Yehovanın Şahidləri ictimaiyyətin tə’rifini qazanmışlar: onları konqreslərdə və tikinti işlərində göstərdikləri birliyə və əməkdaşlığa görə, doğru və vicdanlı olduqlarına, nümunəvi əxlaqa və ailə həyatına, o cümlədən nümunəvi xarici görünüşlərinə və davranışlarına görə tə’rifləyirləra. Digər tərəfdən isə, ən azı 28 ölkədə (bu məqalənin yazıldığı vaxtda) onların fəaliyyəti qadağa və ya məhdudiyyət altındadır, Şahidlərin çoxu isə imanlarına görə sərt davranışlara və itkilərə mə’ruz qalırlar. Bu cür açıq-aydın ziddiyyətin səbəbi nədədir? Və Allah bunlara nəyə görə yol verir?
16. Allahın Öz xalqının tə’qiblərə mə’ruz qalmasına yol verməsinin əsas səbəbi nədədir?
16 İlk əvvəl Süleymanın məsəlləri 27:11 ayəsindəki sözləri yadda saxlamalıyıq: “Oğlum, hikmətli ol və ürəyimi sevindir ki, məni pisləyənə cavab verim”. Bəli, söhbət hökmranlıq haqqındakı əzəli sualdan gedir. Yüzilliklər ərzində çox insanların Allaha sadiq qalaraq bu suala cavab vermələrinə baxmayaraq, Şeytan saleh Eyubun günlərində etdiyi kimi, bu gün də Yehovanı pisləməyə davam edir (Eyub 1:9-11; 2:4, 5). Şübhəsiz ki, Şeytan indi öz iddialarını sübut etməyə çalışaraq xüsusilə azğınlaşıb, çünki Allahın Padşahlığı artıq idarə edir və yer kürəsinin hər yerində onun vətəndaşları və nümayəndələri var. Lakin paylarına düşən bədbəxtliklərə və çətinliklərə baxmayaraq, onlar Allaha sadiq qalacaqlarmı? Bu suala Yehovanın hər bir xidmətçisi şəxsən cavab verməlidir (Vəhy 12:12, 17).
17. “Bu isə sizə şəhadət üçün bir fürsət olacaqdır” deməklə İsa nəyi nəzərdə tuturdu?
17 İsa şagirdlərinə ‘dövrün sonunda’ baş verəcək hadisələr barədə danışaraq, Yehovanın Öz xidmətçilərinin tə’qib olunmasına yol verməsinin başqa bir səbəbinə işarə etdi. O dedi: “Sizi... hökmdarlar və valilər qarşısına aparacaqlar. Bu isə sizə şəhadət üçün bir fürsət olacaqdır” (Matta 24:3, 9; Luka 21:12, 13). İsanın özü Hirodun və Ponti Pilatın qarşısında şahidlik etmişdir. Həvari Paveli də ‘hökmdarlar və valilər qarşısına aparmışlar’. Rəbb İsa Məsihin göstərişinə riayət edən Pavel, o dövrün ən qüdrətli hökmdarına şahidlik vermək imkanı axtarırdı. O bəyan etmişdi: “Mən qeysərin məhkəməsini tələb edirəm” (Həvarilərin işləri 23:11; 25:8-12). Buna bənzər tərzdə bizim günlərdə də çətin vəziyyətlər çox vaxt onunla nəticələnmişdir ki, həm vəzifəli şəxslərə, həm də ümumilikdə insanlara yaxşı şahidlik verilmişdirb.
18, 19. a) Sınaqlar hansı tərzdə bizə fayda gətirə bilər? b) Növbəti məqalədə hansı suallar müzakirə olunacaq?
18 Və nəhayət, çətinliklər və sınaqlar şəxsən bizə fayda gətirə bilər. Necə? Şagird Yaqub həmimanlılarına xatırladırdı: “Ey qardaşlarım, müxtəlif imtahanlara düşəndə, bunu böyük bir sevinclə qəbul edin. Bilin ki, imanınızın sınanması təhəmmül hasil edir”. Doğrudan da, tə’qiblər imanımızı təmizləyə və təhəmmülümüzü möhkəmlədə bilər. Buna görə də tə’qiblər qarşısındakı qorxu hissindən dəhşətə gəlmirik və bu tə’qiblərdən qaçınmaq və ya onların qarşısını almaq üçün Yazılara zidd olan üsullardan istifadə etməyə çalışmırıq. Biz Yaqubun xəbərdarlığına qulaq veririk: “Təhəmmül isə öz əməlini ikmal etsin ki, siz heç bir nöqsanı olmayan, kamil və tam adamlar olasınız” (Yaqub 1:2-4).
19 Allahın sadiq xidmətçilərinin tə’qib olunmalarının və Yehovanın buna yol verməsinin səbəblərini başa düşməkdə Allahın Kəlamı bizə kömək etsə də, yenə də sınaqlara tab gətirmək asan deyil. Tə’qiblərə dözməkdə bizə nə kömək edər? Tə’qib olunarkən nə edə bilərik? Bu vacib sualları növbəti məqalədə nəzərdən keçirəcəyik.
[Haşiyələr]
a “Gözətçi Qülləsi” jurnalının 1995-ci il 15 dekabr sayının 27-29-cu səhifələrinə (rus.), 1994-cü il 15 aprel sayının 16-cı, 17-ci səhifələrinə (rus.) və “Oyanın!” jurnalının 1994-cü il 8 yanvar sayının 22-29-cu səhifələrinə (rus.) baxın.
b “Oyanın!” jurnalının 2003-cü il 8 yanvar sayının 3-11-ci səhifələrinə (rus.) baxın.
İzah edə bilərsinizmi?
• İsa yer üzünə əsas e’tibarı ilə nəyə görə gəlmişdir?
• Tə’qiblər I əsrin məsihçilərinə necə tə’sir göstərirdi?
• Peter ilk məsihçilərin tə’qib olunmalarının səbəbini necə izah etdi?
• Yehova xidmətçilərinin tə’qib olunmalarına hansı səbəbdən yol verir?
[20 və 21-ci səhifələrdəki şəkillər]
Birinci əsrdə yaşayan məsihçilər hansısa pis işlərinə görə deyil, məsihçi olduqlarına görə əzab çəkirdilər.
PAVEL
YƏHYA
ANTİPA
YAQUB
STEFAN