Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/9 s. 8—12
  • Əyyub — təhəmmül və nöqsansızlıq nümunəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əyyub — təhəmmül və nöqsansızlıq nümunəsi
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Sədaqət məsələsi və nöqsansızlığın sınanması
  • Anlaşılmazlıq və bə’zi yanlış məsləhətlər
  • Bədbəxtliklə üzləşəndə kömək tapırıq
  • «Sadiq qal»
  • Əyyub Yehovanın adına həmd edirdi
    Gözətçi qülləsi 2009
  • «Son nəfəsimədək sadiq qalacağam!»
    İman örnəkləri
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
  • «Əyyub» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/9 s. 8—12

Əyyub — təhəmmül və nöqsansızlıq nümunəsi

«Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır» (ƏYYUB 1:8).

1, 2. a) Əyyubun başına gözlənilmədən hansı faciələr gəldi? b) Faciə baş verməzdən əvvəl Əyyubun necə yaşadığını təsvir edin.

BİR ZAMANLAR yer üzündə heç nədən korluq çəkməyən, var-dövləti, nüfuzu, sağlamlığı və xoşbəxt ailəsi olan bir insan yaşayırdı. Ancaq qısa müddət ərzində onun həyatında bir-birinin ardınca üç faciə baş verdi. Qəfildən var-dövlətini itirdi. Sonra qəribə bir tufan onun bütün uşaqlarının həyatına son qoydu. Çox keçməmiş özü ağır xəstəliyə tutuldu, bütün bədənini çiban basdı. Yəqin ki, Müqəddəs Yazılarda onun adını daşıyan kitabın baş qəhrəmanı Əyyubu tanıdınız (Əyyub 1 və 2-ci fəsillər).

2 «Kaş ki ötən aylar geri dönəydi», deyə Əyyub inləyirdi (Əyyub 3:3; 29:2). Fəlakət üz verəndə kim ötən günlərin həsrətini çəkmir? Əyyuba gəldikdə, o, saleh ömür sürürdü. Sanki o, bütün bəlalardan müdafiə olunmuşdu. Adlı-sanlı adamlar ona hörmət edir və ondan məsləhət alırdılar (Əyyub 29:5-11). O varlı olsa da, pulun yerini bilirdi (Əyyub 31:24, 25, 28). Rastına çıxan yetimlərə, dullara yardım əlini uzadırdı (Əyyub 29:12-16). O, arvadına sadiq idi (Əyyub 31:1, 9, 11).

3. Yehova Əyyubu necə insan hesab edirdi?

3 Əyyub Allaha ibadət etdiyi üçün qüsursuz insan idi. Yehova onun haqqında belə dedi: «Yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır» (Əyyub 1:1, 8). Mə’nəvi nöqsansızlığına baxmayaraq, faciələr Əyyubun rahatlığını pozdu. Zəhməti ilə qazandığı hər şey puç oldu, ağrı, iztirab və mə’yusluq dəyanətini sınağa çəkdi.

4. Əyyubun ağır sınaqlarını nəzərdən keçirmək nə üçün faydalı olacaq?

4 Əlbəttə, Allahın xidmətçiləri arasında həyatında müsibətlər baş verən təkcə Əyyub olmamışdır. Bir çox müasir məsihçilər öz başlarına gələnlərlə Əyyubun hadisəsi arasında bağlılıq görə bilərlər. Bu səbəbdən iki sualı nəzərdən keçirməyə dəyər: fəlakətlərlə üzləşərkən Əyyubun ağır sınaqlarını xatırlamaq bizə necə kömək edə bilər? Bu, əziyyət çəkənlərə daha çox canıyananlıq göstərməyə necə kömək edir?

Sədaqət məsələsi və nöqsansızlığın sınanması

5. Şeytanın iddialarına görə Əyyub Allaha nəyə görə xidmət edirdi?

5 Əyyubun hadisəsi müstəsna hal idi. Əyyubdan xəbərsiz Şeytan onun Allaha təmiz ürəklə xidmət etdiyini şübhə altına aldı. Bir dəfə, ruhani varlıqlar bir yerə toplaşan zaman Yehova Əyyubun gözəl keyfiyyətlərinə diqqət yetirəndə, Şeytan belə cavab verdi: «Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi?» Bununla Şeytan iddia etdi ki, Əyyub, dolayısı ilə, Allahın bütün başqa xidmətçiləri Ona xudbinlikdən irəli gələrək xidmət edirlər. Şeytan Yehovaya dedi: «İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lə’nət edəcək» (Əyyub 1:8-11).

6. Şeytan hansı vacib mübahisəli sualı qaldırdı?

6 Bu mübahisəli sual çox vacib idi. Şeytan Yehovanın hökmranlığını şübhə altına aldı. Doğrudanmı Allah kainatı məhəbbətlə idarə edə bilər? Və ya Şeytanın işarə etdiyi kimi, həmişə sonda xudbinlikmi qələbə qazanacaq? Yehova xidmətçisinin nöqsansızlığına və sədaqətinə əmin olaraq, Şeytana icazə verdi ki, nümunə üçün Əyyubu sınağa çəksin. Beləliklə, Əyyubun üzərinə dalbadal müsibətlər gətirən məhz Şeytan idi. İlk hücumları müvəffəqiyyətsizliyə uğradıqdan sonra, Şeytan Əyyubu üzücü xəstəliyə mübtəla etdi. «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər» deyə Şeytan israr etdi (Əyyub 2:4).

7. Allahın müasir xidmətçiləri, Əyyub kimi, hansı sınaqlara mə’ruz qalırlar?

7 Bu gün məsihçilərin çoxu Əyyub qədər əzablara mə’ruz qalmasalar da, onların da payına müxtəlif fəlakətlər düşür. Çoxları tə’qiblərlə və ya ailə problemləri ilə üzləşirlər. İqtisadi çətinliklər və ya zəif sağlamlıq insanı haldan salır. Kimlərsə imanları uğrunda canlarından keçmişlər. Əlbəttə, biz elə güman etməməliyik ki, başımıza gələn hər faciənin səbəbkarı Şeytandır. Əslində problemlərin bə’zilərinin səbəbi hətta şəxsi səhvlərimiz və ya irsi xəstəliklər də ola bilər (Qalatiyalılara 6:7). Hər birimiz qocalığın və təbii fəlakətlərin gətirdiyi çətinliklərə mə’ruz qalırıq. Müqəddəs Kitab açıqlayır ki, hal-hazırda Yehova mö’cüzəvi şəkildə xidmətçilərini bu fəlakətlərdən mühafizə etmir (Vaiz 9:11).

8. Şeytan uğradığımız fəlakətlərdən necə istifadə edə bilər?

8 Amma Şeytan uğradığımız fəlakətlərdən imanımızı sarsıtmaq üçün istifadə edə bilər. Həvari Pavel ‘bədəninin neştərinin, şeytanın mələyinin’ onu ‘yumruqladığını’ yazırdı (2 Korinflilərə 12:7, İ–93). Ola bilsin, bu, sağlamlıqla bağlı problem, məsələn, gözlərin zəifliyi və ya başqa şey idi, hər halda Pavel başa düşürdü ki, Şeytan bu problemdən və onun gətirdiyi mə’yusluqdan onu sevincdən məhrum etmək və nöqsansızlığını sarsıtmaq üçün istifadə edə bilər (Süleymanın məsəlləri 24:10). Bu gün Şeytan ailə üzvlərini, məktəb yoldaşlarını və ya diktator hökumətləri Allahın xidmətçilərini müxtəlif üsullarla tə’qib etməyə təhrik edə bilər.

9. Nə üçün fəlakət və ya tə’qiblər bizi həddindən artıq təəccübləndirməməlidir?

9 Bu problemlərə uğurla necə sinə gərə bilərik? Biz onlara Yehovaya olan məhəbbətimizin və Onun hökmranlığına itaətimizin dəyişməz olduğunu göstərmək imkanı kimi baxmalıyıq (Yaqub 1:2-4). Bəlalarımızın səbəbi nə olursa-olsun, Allaha sədaqətin vacibliyini anlamaq bizə ruhani tarazlığı qorumağa kömək edəcəkdir. Həvari Peter məsihçilərə yazırdı: «Sevimlilərim, sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana təəccüb etməyin» (1 Peter 4:12). Pavel isə izah edirdi: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır» (2 Timoteyə 3:12). Şeytan Əyyubla etdiyi kimi, Yehovanın müasir Şahidlərinin də nöqsansızlığını indiyədək şübhə altına alır. Ümumiyyətlə, Müqəddəs Kitabda göstərildiyi kimi, Şeytan axır günlərdə Allahın xalqına hücumlarını artırıb (Vəhy 12:9, 17).

Anlaşılmazlıq və bə’zi yanlış məsləhətlər

10. Əyyubun vəziyyəti nə üçün çətin idi?

10 Əyyub başına gələn bəlaların səbəbini bilmədiyi üçün onun vəziyyəti bizimkindən daha çətin idi. Əyyub yanlış olaraq belə bir qənaətə gəldi ki, «verən də Rəbdir, alan da Rəbdir» (Əyyub 1:21). Ola bilsin, Şeytan qəsdən Əyyubda elə təəssürat yaratmağa çalışırdı ki, guya bədbəxtliklərinin səbəbkarı Allahdır.

11. Başına gələn müsibətlərin Əyyubda yaratdığı hissləri təsvir edin.

11 Arvadının onu təhrik etdiyi kimi, Allahı lə’nətləməkdən imtina etsə də, Əyyub tamamilə ruhdan düşmüşdü (Əyyub 2:9, 10). O deyirdi: ‘Pislərin işi mənimkindən yaxşı gətirir’ (Əyyub 21:7-9). Əyyub təəccüb içində idi: ‘Allah məni nə üçün cəzalandırır?’ Elə vaxt olurdu ki, o, sadəcə ölmək istəyirdi. «Kaş ki məni ölülər diyarında gizlədəydin, qəzəbin keçənədək saxlayaydın», deyərək nida edirdi (Əyyub 14:13).

12, 13. Üç dostunun sözləri Əyyuba necə tə’sir göstərdi?

12 Əyyubun üç dostu guya «onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər» (Əyyub 2:11). Ancaq onlar ‘adamincidən təsəlliçilər’ idilər (Əyyub 16:2). Əyyubun ürəyini boşaldaraq yüngüllük tapa biləcəyi dostlara ehtiyacı vardı, lakin bu üç dost onun çaşqınlığını artırdı və onu daha da mə’yus etdi (Əyyub 19:2; 26:2).

13 Məntiqə uyğundur ki, Əyyubda belə suallar yarana bilərdi: «Nə üçün mən? Nə etmişəm ki, bu müsibətlər mənim başıma gəlib?» Dostları onun vəziyyətini tamamilə yanlış izah edirdilər. Onlar güman edirdilər ki, Əyyub ciddi günahlar törədərək özü-özünü bu müsibətlərə düçar edib. Elifaz soruşdu: «Kimdir günahsız məhv olan?... Mənim gördüyümə görə şər sahəsini belləyənlər, əzab toxumu səpənlər, əkdiklərini biçərlər» (Əyyub 4:7, 8).

14. Nəyə görə biz əzabların səhv davranışın nəticəsi olduğu qənaətinə gəlməli deyilik?

14 Düzdür, əgər biz ruh üçün əkmək əvəzinə, cismani təbiətimiz üçün əkiriksə, problemlər yarana bilər (Qalatiyalılara 6:7, 8). Lakin indiki sistemdə necə davranmağmızdan asılı olmayaraq, bizim də başımıza bəlalar gələ bilər. Bundan başqa, qətiyyən demək olmaz ki, günahsız insan bütün bəlalardan müdafiə olunur. «Nöqsansız, günahkarlardan ayrılmış» İsa Məsih işgəncə dirəyində əzabla öldürüldü, həvari Yaqub şəhid oldu (İbranilərə 7:26; Həvarilərin işləri 12:1, 2). Elifaz və digər iki nəfər yanlış mühakimə yürütdüyü üçün, Əyyub özünü müdafiə edir və günahsız olduğunu sübut etməyə çalışırdı. Ancaq dostlarının Əyyubun layiqli olaraq əzab cəkdiyini iddia etmələri onun Allahın ədalətinə olan baxışına tə’sir edə bilərdi (Əyyub 34:5; 35:2).

Bədbəxtliklə üzləşəndə kömək tapırıq

15. Hansı düşüncə tərzi əzablarla üzləşərkən bizə kömək edəcək?

15 Bəs bizim üçün burada ibrət dərsi varmı? Faciə, xəstəlik və ya tə’qiblərlə üzləşəndə, bu bizə ədalətsizlik kimi görünə bilər. Elə təəssürat oyanar ki, başqalarının başına belə problemlər gəlmir (Məzmur 73:3-12). Arabir özümüzə belə vacib sualları verə bilərik: «Allaha olan məhəbbətim məni təşviq edirmi ki, nə olursa-olsun xidməti davam etdirim? Mən Yehovaya Onu ‘utandırana cavab verməsi’ üçün cavab təqdim etməyə çalışırammı?» (Süleymanın məsəlləri 27:11; Matta 22:37). Heç vaxt yol verməməliyik ki, başqalarının düşünülməmiş sözləri ürəyimizdə səmavi Atamıza qarşı şübhə oyatsın. Uzun illər xroniki xəstəlikdən əziyyət çəkən sadiq məsihçi bir dəfə dedi: «Mən bilirəm ki, Yehovanın yol verdiyi hər şeyə tab gətirə biləcəyəm. Mən bilirəm ki, O mənə lazımi gücü verəcəkdir. O bunu həmişə edib».

16. Allahın Kəlamı çətinliklərlə üzləşən insanlara necə kömək edir?

16 Biz Şeytanın fəndləri haqqında Əyyubdan daha çox bilirik. Məkrli planından, yə’ni «onun fitnələrindən xəbərsiz deyilik» (2 Korinflilərə 2:11). Bundan başqa, zəngin praktiki müdriklik bizim üçün əlçatandır. Müqəddəs Kitabda biz hər cür çətinliyə tab gətirən sadiq qadın və kişilərin nümunələrinə rast gəlirik. Məsihçilərin əksəriyyətindən çox əzab çəkən həvari Pavel yazırdı: «Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun» (Romalılara 15:4). İkinci Dünya müharıbəsi zamanı dini e’tiqadına görə həbsə alınmış bir avropalı şahid üç günlük yemək payını Müqəddəs Kitaba dəyişmişdi. O deyir: «Bu, çox böyük xeyir-dua oldu. Ac qalmağıma baxmayaraq, o əziyyətli vaxtda mənimlə bərabər başqalarını da möhkəmləndirən ruhani qida əldə etdim. Həmin Müqəddəs Kitabı indiyədək saxlayıram».

17. Nəyin köməyilə təhəmmül edə bilərik?

17 Müqəddəs Yazılardan aldığımız təsəlli ilə yanaşı, onu anlamağa kömək edən bir çox ədəbiyyatlarımız da vardır. Onların təqdim etdiyi rəhbərlik problemlərin öhdəsindən gəlməyə kömək edir. Əgər «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nə (rus.) baxsan, sənin sınaqlarına bənzər sınaqlarla üzləşən həmimanlılarımızın nümunələrini tapacaqsan (1 Peter 5:9). Həmçinin problemlərini qayğıkeş ağsaqqallar və ya başqa yetkin məsihçilər ilə bölüşməyin də köməyi dəyə bilər. Ən vacibi isə dua edərək Yehovanın və Onun müqəddəs ruhunun köməyinə güvənə bilərsən. Pavel Şeytanın ‘yumruqlarına’ necə tab gətirirdi? O, Allahın gücünə e’tibar etməyi öyrənirdi (2 Korinflilərə 12:9, 10). «Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm» (Filipililərə 4:13, İ–93).

18. Məsihçilər bir-birini necə ruhlandıra bilərlər?

18 Beləliklə, kömək bizim üçün əlçatandır, onu axtarmağa heç vaxt tərəddüd etməməlisiniz. Bir məsəldə deyilir: «Sıxıntı günündə əgər zəifləsən, qüvvətin azdır» (Süleymanın məsəlləri 24:10, KM). Necə ki, qurd taxta evi içəridən yeyib dağıdırsa, eləcə də ruh düşkünlüyü məsihçinin nöqsansızlığını sarsıda bilər. Bu təhlükənin qarşısını almaq üçün Yehova həmimanlılarımız vasitəsilə bizə dayaq olur. Həbs edildiyi gecə mələk İsaya görünüb, onu möhkəmləndirdi (Luka 22:43). Dustaq olan Pavel Romaya gedərkən Appius bazarında və Üç Mehmanxanalarda qardaşları görəndə «Allaha şükür etdi və ruhlandı» (Həvarilərin işləri 28:15). Bir alman Şahidi yeniyetmə ikən Ravensbrük həbs düşərgəsinə gətiriləndə ona edilən köməyi indiyədək xatırlayır. «Həmimanlılar məni dərhal tapdılar və səmimiyyətlə qarşıladılar. Digər bir sədaqətli bacı öz qanadının altına alaraq, mənə ruhani ana oldu» deyə o yada salır.

«Sadiq qal»

19. Şeytanın cəhdlərinə müqavimət göstərməkdə Əyyuba nə kömək etdi?

19 Yehova Əyyubu ‘kamil [«nöqsansız», YD] olaraq qalan’ adam kimi təsvir etdi (Əyyub 2:3). Ruh düşkünlüyünə qapıldığına və əzablarının səbəbini anlamadığına baxmayaraq, Əyyub heç vaxt vacib məsələ olan sadiqlikdə sarsılmadı. O, nöqsansızlığından dönməkdən imtina etdi. Əyyub tə’kid edirdi: «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (Əyyub 27:5).

20. Nə üçün təhəmmül etməyə dəyər?

20 Eyni qətiyyət istənilən şəraitdə, sınaqlar, müqavimətlər və ya fəlakətlər qarşısında nöqsansızlığı qorumaqda bizə kömək edəcək. İsa Smirnadakı yığıncağa deyir: «Çəkəcəyin ələmlərdən qorxma. Budur, iblis sizlərdən bə’zilərini zindana atacaq ki, imtahan olunasınız. Və siz on gün əzab içində olacaqsınız. Ölüm bahasına da olsa sadiq qal, Mən sənə həyat tacını verəcəyəm» (Vəhy 2:10).

21, 22. Fəlakətlərə tab gətirərkən nəyi bilməyimiz bizə təsəlli verə bilər?

21 Şeytanın idarə etdiyi bu sistemdə təhəmmülümüz və nöqsansızlığımız sınağa çəkiləcək. Lakin İsa bizi əmin edir ki, gələcəyə inamla baxdığımız üçün qorxmağa heç bir əsasımız yoxdur. Vacibi sadiq qalmağımızdır. Pavel deyirdi ki, ‘sıxıntı müvəqqətidir’, halbuki «izzət» və ya Yehovanın bizə və’d etdiyi mükafat «heç bir şeylə müqayisə edilməz dərəcədə böyük, əbədi»dir (2 Korinflilərə 4:17, 18). Hətta Əyyubun da sınaqları, sınaqdan əvvəl və sonrakı xoşbəxt illəri ilə müqayisə etdikdə qısamüddətli idi (Əyyub 42:16).

22 Ancaq həyatımızda elə anlar ola bilər ki, sınaqlarımız sonsuz, iztirablarımız isə, demək olar ki, dözülməz görünə bilər. Növbəti məqalədə Əyyubun başına gələnlərin bizə təhəmmülə dair başqa hansı dərsləri verdiyini müzakirə edəcəyik. Həmçinin fəlakətlərlə üzləşənləri hansı yollarla möhkəmləndirə biləcəyimizi öyrənəcəyik.

Necə cavab verərdiniz?

• Əyyubun nöqsansızlığı ilə bağlı Şeytan hansı vacib mübahisəli sualı qaldırdı?

• Nə üçün bədbəxtliklər bizi həddindən artıq təəccübləndirməməlidir?

• Yehova tab gətirməyimiz üçün bizə necə kömək edir?

[10-cu səhifədəki şəkillər]

Araşdırmalar apararaq, yetkin məsihçilərlə söhbət edərək və duada ürəyimizi boşaldaraq tab gətirmək üçün kömək əldə edə bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş